Azərbaycan Respublikasının Mülki Məcəlləsi
(28 dekabr 1999-cu il tarixli,
779-IQ nömrəli
Qanun ilə təsdiq edilmişdir)
(26 may 2000-ci il tarixli,
886-IQ nömrəli
Qanuna əsasən 2000-ci il sentyabr ayının 1-dən
qüvvəyə minir)
Ümumi hissə
Birinci bölm
ə. Giriş müddəaları
1-ci f
ə
sil. Mülki hüquq sah
ə
sind
ə
qanunvericilik
Maddə 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin məqsəd və vəzifələri
1.1. Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki
dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir.
1.2. Bu Məcəllənin vəzifələri aşağıdakılardır:
mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini
tənzimləmək;
mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək;
fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi
toxunulmazlığının müdafiəsi hüququnu qorumaq;
mülki dövriyyəni təmin etmək;
sahibkarlıq fəaliyyətini dəstəkləmək;
sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq. (
20
)
Maddə 2. Azərbaycan Respublikasının mülki qanunvericiliyi
2.1. Azərbaycan Respublikasının mülki qanunvericiliyi
Azərbaycan Respublikasının
Konstitusiyasına
əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul
edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan
ibarətdir.
2.2. Mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini,
mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata
keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə
sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini
tənzimləyir.
2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi,
müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq,
təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə
tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.
2.4. İnsanın özgəninkiləşdirilməyən hüquq və azadlıqlarının, digər qeyri-maddi
nemətlərin gerçəkləşdirilməsi və müdafiəsi ilə bağlı münasibətlər, əgər bu münasibətlərin
mahiyyətindən ayrı qayda irəli gəlmirsə, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə
tənzimlənir.
2.5. Əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və
başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə
əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə
tətbiq edilmir.
2.6. Qanundan aşağı qüvvəli normativ hüquqi aktlar mülki münasibətlərin tənzimlənməsi
üçün yalnız o halda tətbiq edilir ki, onlar bu Məcəlləyə uyğun gəlsin və ona zidd olmasın.
Maddə 3. Mülki qanunvericilik və beynəlxalq hüquq aktları
3.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr bu Məcəllə
ilə tənzimlənən mülki hüquq münasibətlərinə (beynəlxalq müqavilədən onun tətbiqi üçün
dövlətdaxili normativ hüquqi aktın qəbul edilməsi tələbinin irəli gəldiyi hallar istisna
edilməklə) birbaşa tətbiq edilir.
3.2. Əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilədə
müəyyənləşdirilən normalar mülki qanunvericilikdə nəzərdə tutulan normalardan
fərqlənərsə, onda beynəlxalq müqavilənin normaları tətbiq edilir.
Maddə 4. Mülki hüquq münasibətlərinin obyektləri
Əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış
maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər.
Maddə 5. Mülki hüquq münasibətlərinin subyektləri
5.1. İstər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki
və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər.
5.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə
mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki
qanunvericiliklə tənzimlənir.
5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata
keçirməyə borcludurlar.
Maddə 6. Mülki qanunvericiliyin prinsipləri
6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır:
6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi;
6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi;
6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi;
6.1.4. mülkiyyətin toxunulmazlığı;
6.1.5. müqavilələr azadlığı;
6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi;
6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması;
6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi;
6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi.
6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün
iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq
və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə
şərtləri qoymaqda sərbəstdirlər.
6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və
mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz
adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla
bilər.
6.4. Mallar, xidmətlər və maliyyə vəsaiti Azərbaycan Respublikasının bütün ərazisində
sərbəst hərəkət edir. Əgər insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının və
sağlamlığının müdafiəsi, təbiətin və mədəniyyət sərvətlərinin qorunması üçün zəruridirsə,
malların və xidmətlərin hərəkəti üçün məhdudiyyətlər qanuna müvafiq surətdə tətbiq
edilə bilər. (
20
)
Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi
7.1.
Azərbaycan Respublikası Konstitusiyasının
149-cu maddəsinin VII hissəsində
nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi
yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.
7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola
bilər.
Dostları ilə paylaş: |