Кәрбәлада чахан бир шимшәк


Əmr be mƏruf vƏ nƏhy Əz münkƏr (2)



Yüklə 3,48 Mb.
səhifə11/14
tarix14.04.2018
ölçüsü3,48 Mb.
#38388
1   ...   6   7   8   9   10   11   12   13   14

Əmr be mƏruf vƏ nƏhy Əz münkƏr (2)


Ümumi məna kəsb edən əmr be mərufun aid edildiyi ünvanlar;

Cahilin təlim və tərbiyəsi;

Təzəkkür və nəsihət;

Düşmənin məkirli planlarına qarşı ictimai mübarizə;

Cəmiyyətin oyanış və dirçəlişi üçün edilən cihad.


Keçən bəhsimiz əmr be məruf və nəhy əz münkər barəsində oldu. Soruşulurdu ki, imam Hüseynin (ə) icra etmək istədiyi əmr be məruf necə bir əmr be məruf idi ki, biz onun oxşarına tarixdə rast gəlməmişik və hökmünü da bilmirik? Əvvəlki bəhsimizdə müqəddimə olaraq bəzi sözlərin hərdən ümumi mənada, bəzən də xüsusi mənada işlədilməsinə aid müxtəsər izah vermişdik. Əmr be mərufun Quranda və rəvayətlərdə nəzərdə tutulan mənasına əsasən, belə nəticəyə gəldik ki, əmr be mərufun da iki istilahi mənası var. Onlardan biri ümumi, digəri isə, xüsusi mənadır. Əmr be mərufun xüsusi mənası onun həmin istilahi mənası olub, bizim şəri məsələlərdə rastlaşdığımız əmr be mərufa şamil edilir və onun üçün xüsusi şərtlər nəzərdə tutulur. Əmr be mərufa əməl etməyin şərtlərindən biri də, qarşıda zərər təhlükəsinin olmamasıdır. Amma əmr be mərufun daha geniş mənaları da vardır; onlar həm şəri məsələlərə, həm də digər başqa ünvanlara şamil olur, hətta bəzən cihad məsələlərinə də aid edilir. Hazırkı bəhsimizdə əmr be mərufun aid edildiyi ünvanları yığcam şəkildə izah edəcək, imkan daxilində onların hər birinin hökmləri haqda ayrı- ayrılıqda müxtəsər açıqlamalar verməyə çalışacağıq.


Ümumi mƏna kƏsb edƏn Əmr be mƏrufun aid edildiyi ünvanlar


Ümumi mənada göstərilən əmr be məruf və nəhy əz münkər, bir şəxsin digər şəxsə təsir etməsi üçün göstərdiyi hər cür fəaliyyət sahəsi deməkdir. Bu fəaliyyətdən məqsəd, fərdi və ya vacibi əmrlərə sövq etmək, ya da onu pis əməllərdən çəkindirməkdir. Bu fəaliyyət müxtəlif yollarla məsələn, hökmün təlimi, ya da nəzərdə tutulan əməlin mövzusunun təlimi olaraq həyata keçirilə bilər. Yəni, hər hansı bir şəxsə müəyyən bir əmrin İslamda vacibliyini başa salmaq və ya həmin vacibi həyata keçirməyin necəliyini öyrətmək kimi ola bilər.

Mümkündür, təlim-tərbiyənin özü ümumi məna kəsb edən əmr be mərufun ən mühüm ünvanlarından biri olsun. Başqa bir tərəfdən, ümumi mənada olan əmr be mərufun, imam Hüseynin (ə) Kərbəlada şəhadəti ilə nəticələnən digər bir ünvanını da tanıyırıq. Beləliklə, ünvan baxımından əmr be məruf üçün üç qism başlıq nəzərdə tutmaq olar.


Cahilin tƏlim vƏ tƏrbiyƏsi


Əmr be məruf və nəhy əz münkərin şamil olduğu ünvanlardan biri təlim və tərbiyədir. Bəzən bir fərd müxtəlif səbəblər üzündən öz şəri vəzifəsini bilmir. Və ya həddi-büluğa yaşına yenicə çatıbdır və hələ kifayət qədər İslam qanunları ilə tanışlığı yoxdur; və yaxud da ümumiyyətlə yaşadığı mühütün şəraiti ona bu imkanları verməmişdir. Məsələn, yerləşdiyi ictimai mühit ya İslami mərkəzlərdən uzaq olmuşdur, ya da kafir qüvvələrin təsiri altında düşmüşdür. Bu şəxs İslam hökmlərinə nisbətdə “qasir cahil” adlanır. Yəni, bu şəraitdə olan bir kəs ya hökmü, ya da onun icra yollarını bilmir. Onun üçün İslam maarifini öyrənmək mümkün olmamışdır və bu işdə onun bir günahı da yoxdur. Belə bir adama İslami hökmləri təlim edib öyrətmək vacibdir. Amma bu şəxslərin təlim-tərbiyəsi kimlərə vacibdir, neçə növ təlim yolları var, bu təlimlər fərdi və ya ictimai şəkildə olmalıdır, rəsmi və ya qeyri-rəsmi olmalıdır və s. Bu qəbildən olan suallara cavab vermək bəhsimizin genişlənməsinə gətirib çıxarar və hələlik bu kimi məsələlərə imkan yoxdur.

İcmali olaraq, aydın olan məsələ burdur ki, qasir cahilin təlimi vacibdir. Belə bir təlim olduqca mülayimlik, səbr və mehribanlıqla həyata keçirilməlidir. Çünki, tərbiyə olunan tərəfin öz məlumatsızlığında heç bir təqsiri olmamışdır. Həmçinin, bu təlim-tərbiyədə maarifləndirilən tərəfin yaşına, cinsinə, həyat şəraitinə, istedadına uyğun təlim metodu seçilməlidir. Belə olduqda, yenəyetmə mövzuları daha yaxşı və sürətlə qavrayar. Dediklərim əmr be mərufun bir qismidir. Deməyin ki, biz indiyə qədər belə bir əmr be məruf eşitməmişik.

Qarşıda duran məsələ, ümumi məna kəsb edən əmr be mərufun ünvanlarını araşdırmaqdır. Bu cəhətdən, cahilin təlimi də əmr be mərufa şamil olur.

Başqa bir məsələ da budur ki, cahil öz məlumatsızlığında müqəssir olsun. Yəni öyrənmək, məlumat əldə etmək, maariflənmək imkanları olduğu halda ya tənbəllik, ya da bu elmlərə əhəmiyyət verməmək ucbatından cahillik damğasının alnına vurulmasına razı olub. Bu çox dəhşətli, faciəvi bir haldır. Bu cür insanların maarifləndirilməsi üçün ilk görüləcək iş, diqqəti nəzərdə tutulan məsələlərə yönəltmək, onda elmlərə və bəndə kimi boynunda vacib olduğu hökmlərə qarşı maraq hissi oyatmaqdır. Yəni, müqəssir bilinən cahilin tərbiyələndirilməsindən əvvəl bu iş üçün hazırlıq işləri aparılmalıdır. Müqəssir cahilə edilən əmr be məruf metod baxımından olduqca mürəkkəb bir işdir.

Əmr be mərufun təlim qisminin başqa bir halı da budur ki, bir nəfər öz xəyalında hökmü bildiyini və onun yerinə yetirilməsi qaydalarına da düzgün əməl etdiyini düşünür. Amma həqiqətdə səhv edir. Məsələn, fərdi məsələlərdə bəzi adamlar namazda qiraətləri səhv olduğu halda, onun düzgün olduğunu güman edirlər. Və ya bir başqası ictimai vəzifəsinə düzgün əməl etdiyini güman edir, halbuki səhv yoldadır. Məsələn, götürək üzərində bəhs etdiyimiz əmr be məruf vəzifəsinə necə ynaşılmasına.

Yaxşı xatırlayıram, şah zamanında cəmiyyətin dini, ictimai, mədəni baxışları bu günkündən çox fərqlənirdi. Yadıma bəzi şeylər düşür ki, əlbəttə buna oxşar hadisələri indinin özündə də müşahidə etmək olar. Bəzi adamlar əmr be məruf etdiklərini düşünərək, başqalarına çox acıqla, üz-gözlərini turşudaraq, əsəbi halda yanaşır, bəzən hətta təhqir və söyüşlə pis əməl sahiblərini tutduqları pis yoldan çəkindirməyə çalışırdılar. Bu zavallı, öz vəzifəsinə düzgün əməl etdiyini güman edir, halbuki bilmədən əmr be məruf kimi vacib təklifi yerinə yetirməklə yanaşı, həm də günaha batır. Bu iş mömini alçaltmaq, təhqir etmək sayıldığı üçün haram hesab edilir, hətta həmin mömin şəxs günahkar olsa belə. Belə bir vəziyyətdə - həmin şəxs cəhl- mürəkkəbdədir – deyirlər. Yəni, öz vəzifəsini bilmir və bu məlumatsızlığından da xəbəri yoxdur, şəri hökmləri bildiyini zənn edir. Beləsinin tədrisə ehtiyacı var. Lakin bu cür adamın maarifləndirilməsi yolu, əvvəldə söylədiyimiz iki metoddan daha mürəkkəbdir. Belə şəxslərlə incəliklə, mülayimliklə davranmaq lazımdır ki, qarşı tərəf bu kimi işlərə özündə hazırlıq və maraq hissi etsin. Öncə ehtimal versin ki, səhv etmişdir. Çünki, bizim fərz etdiyimiz məsələdə öz vəzifəsinə düzgün əməl etdiyini zənn edir. Bu səbəbdən əvvəlcədən elə bir iş görülməlidir ki, həmin adam vəzifəsini yerinə yetirdiyi zaman səhvə yol verdiyini ehtimal edə bilsin. Sonra düzgün yolu ona başa salıb, öyrətmək olar.

Hamınız eşitmiş olarsınız. İmam Həsən (ə) və imam Hüseyn (ə) haqqında belə rəvayət edirlər ki, uşaqlıq dövründə qoca bir kişinin düzgün dəstəmaz almadığını müşahidə edirlər. Dəstəmazın düzgün yolunu ona demək istəyirlər. Amma görürlər ki, bu adam yaşlıdır və ona nə isə birbaşa bir şey öyrətmək nəzakətdən kənardır. İslamda ədəb qaydaları vardır; ona əsasən yaşlılara başqalarından daha artıq ehtiram göstərilməlidir. Hər iki qardaş qocanın yanına gedib salam verirlər. Deyirlər: “Biz iki qardaşıq və dəstəmaz almaq istəyirik. Siz baxın görün bizlərdən hansı birimiz daha düzgün dəstəmaz alır.” İmamların qocaya yanaşma üsuluna diqqət yetirin. Əstəğfirullah, kobudluq edərək demirlər, sənin aldığın dəstəmaz səhvdir, niyə bu vaxta qədər öyrənməmisən? Ona ehtiram göstərib, salam verirlər. Sonra deyirlər ki, biz dəstəmaz alaq, siz baxın görün hansımız daha yaxşı dəstəmaz alır. Qoca dayanıb baxır. Yaşlı kişi onların dəstəmazını müşahidə etdikdə, özünün səhv dəstəmaz aldığını başa düşür. Başa düşür ki, onlar bu yolla ona dəstəmazın düzgün qaydasını öyrətmək istəyirlər. Qoca hər iki qardaşa deyir: “Əhsən, siz hər ikiniz çox yaxşı dəstəmaz alırsınız, deyəsən səhv eləyən elə mən özüməm.”

Hər üç məsələnin – qasir, müqəssir və mürəkkəb cahilin təlimə ehtiyacı var. Onlara bu məsələləri öyrtmək lazımdır. Amma təlimin metodları bu üç növə aid olan insanların cinsi, yaşı, istedadı, yaşadıqları ictimai mühit və s. təsiredici amilləri nəzərə alınmaqla tətbiq edilməlidir. Əks təqdirdə, əmr be məruf işində müvəfəqiyyət əldə edilməyəcəkdir.

İslami cəmiyyətdə bu işi öhdəsinə götürmüş xüsusi adamlar və ya orqanlar olmalıdır ki, təlimi münasib metodlarla apara bilsinlər. İşarə edilən məsələlərin hər biri mühit və şəraitə görə fərq edir. Təlim-tərbiyə işini kim aparmalıdır? Kimlərə təlim-tərbiyə edilməlidir? Bu orqanların məsul şəxsləri kimlər olmalıdır? Hansı üsullarla və necə icra edilməlidir?

Hər hansı təşkilat bu işi boynuna götürərsə, bütün deyilən şəraitə riayət etməli, təlim-tərbiyədə hərtərəfli və ümumi bir metod seçməlidir. Bütün bu işlərdən məqsəd öyrənməkdir. Yol düzgün seçilərsə, öyrənən də düzgün öyrənəcəkdir. Hədəf cahilin təlimidir. Yoxsa, insanın bir sözü deyib, höccəti tamamlamaqla işi bitmir. Bunların hər üç qismi əmr be məruf və nəhy əz münkərdir ki, hər üçünün də adı “cahilin təlimi” adlanır. Qasir cahil, müqəssir cahil, mürəkkəb cahil barəsində kəskin, sərt rəftardan, fiziki təzyiqlərdən istifadə etməyə ehtiyac yoxdur. Belə məsələlərdə cahilə kömək göstərib təlim-tərbiyə verilməli və metodoloji qaydalara düzgün riayət edilməlidir.


TƏzƏkkür vƏ nƏsihƏt


Əmr be mərufun digər qisminə dəlalət edən növlərindən biri də, moizə və nəsihət etməkdir. Bu qismin bir neçə forması vardır və onun nümunələri bir-birindən fərqlənir. Məsələn, siz təsadüfən bir nəfərin bilərəkdən, lakin xəlvətdə günah etdiyindən xəbər tutursunuz. Həmin adam əslində heç kəsin onun nə kimi günah iş gördüyündən xəbərdar olmasını istəmir. Hətta əgər onun işindən xəbər tutmanızı bilsə, narahat olub utanar. Belə yerdə siz ona əmr be məruf və nəhy əz münkər etməlisiniz. Amma bu iş elə aparılmalıdır ki, o xəcalət çəkməsin. Çünki, başqasına xəcalət vermək, həmin adama əziyyət etmək kimi bir şeydir və möminə də əziyyət vermək haramdır. Onunla elə rəftar edilməlidir ki, o, sizin onun günahından xəbərdar olduğunuzu bilməsin. Məsələn, ümumi şəkildə danışmaqla ona nəsihət edə bilərsiniz. Lakin siz qətiyyən, əsla onun etdiyi pis əməli başqalarının yanında aşkar etməməlisiniz. Başqasının günahlarını faş edib yaymağın özü böyük günahdır. Və ya onu başqalarının yanında əmr be mərufa dəvət etməklə digərlərini də etdiyi günahdan agah edirsiniz. Bu təqdirdə həmin adam xəcalət çəkəcək ki, bunun özü də digər bir günahdır. İkincisi, başqalarını da onun günahından agah etdiyiniz üçün daha böyük bir günaha batmış olursunuz. Mümkündür ki, o sadə bir günaha batmışdı, amma siz vacib təklifə əməl etmək adı ilə iki böyük günaha mürtəkib oldunuz.

Deməli, əgər bir kəs xəlvətdə günah etmiş olsa, hətta böyük günah olsa belə, əvvəla sizin haqqınız yoxdur onun sirrini faş edib, başqasına deyəsiniz. Hətta sizin haqqınız yoxdur ki, onun sirrini atasına və anasına deyəsiniz. Çünki, həmin adam xəcalət çəkəcək, abır-həyası gedəcəkdir. Möminin abrını aparmaq haramdır. Bu məsələdə ancaq bir istisnai hal ola bilər. O da budur ki, həmin günahkar şəxsin islah yolu, düzəlməsinin çarəsi ancaq başqasına deyilməklə mümkün olsun. Yəni, heç bir yolla günahından əl çəkmək istəməsə və onu bu işdən çəkindirmək başqasının əli ilə mümkün olsa, deyə bilərsiniz, o da aram-aram günahkar şəxsin islahı ilə məşğul olsun. Ancaq bu yerdə bir kəsin günahı başqası üçün açıqlana bilər. Ancaq mümkün qədər səbr edib, özünüz onun islahı ilə məşğul olmalı, onu tutduğu əyri yoldan çəkindirməlisiniz. Amma onun islahına elə məharətlə çalışmalısınız ki, sizin vəziyyətdən xəbərdar olduğunuzu bilməsin. Bununla siz onun abır-həyasını qorumuş olursunuz. Allah-taala «Səttar-əl-uyub»dur (eyibləri örtəndir). Və razı olmaz ki, möminin sirri başqasının yanında faş olsun.

Əksəriyyətin bu məsələdən xəbəri yoxdur. Elə bilirlər ki, bir kəs günaha batmışsa, həmin saat ifşa olunmalıdır. Tez gedib əlaqədar orqanlara xəbər verməli, ya da günahına görə yerindəcə məhkum olunmalıdır. Və ya şəriətdə nəzərdə tutulan qanunlarla cəzalanmalı, tutduğu işə görə xalq arasında məhkum olunmalıdır. Məlum məsələdir ki, fiziki cəzalara səbəb olan günahı bu sadəliklə ifşa etmək caiz deyildir. Bunun üçün həmin günahı dörd nəfər şəxsin bir yerdə görməsi lazımlı şərtlərdən sayılır. Bu halda həmin dörd nəfərin əhvalatı səlahiyyətli orqanlara bildirməyə haqqı çatır. Amma əgər üç nəfər mömin bilsələr ki, bir nəfər günah işi görübdür və bu işə görə də cəza düşür, gedib məhkəmədə məsələni açıqlayıb şəhadət versələr, əgər bunların sözünü təsdiqləyən dördüncü şəxs olmazsa, qazi həmin üç nəfərin özünü cəzalandırmalıdır. İslam bu dərəcədə xalqın sirrinin faş olmasına diqqət yetirir. Əlbəttə, əgər rüsvayçılıq o həddə çatmış olsa ki, günahı dörd nəfər adil şəxs birlikdə görmüş olsalar, özü də elə bir halda ki, dörd nəfərin heç birində azacıq da olsa, şübhə yeri qalmasın, belə olan surətdə günahkar tərəfə ilahi hədd icra olunmalıdır. İlahi hədd və cəza icra edilməlidir.

Əmr be məruf və nəhy əz münkərin başqa bir növü də budur ki, günahkar şəxs ipə-sapa yatmaz bir adamdır. Düzdür ki, indi günahı xəlvətdə edir, amma əgər başqaları da onun işindən xəbər tutsalar, nə həya edər və nə də xəcalət çəkər. Belə adamın haqqında öz günahından xəcalət çəkən adamda olduğu kimi sirri saxlamaq lazım deyil. Amma yenə də onu tutduğu pis işdən elə çəkindirmək lazımdır ki, xəbəri olmayanlar bu işdən agah olmasınlar. Onunla xüsusi şəkildə söhbət edilməlidir. Hay-küy salıb, xəbəri hər tərəfə yaymaq lazım deyil. Düzdür ki, onu belə işlər narahat etmir, amma siz yenə də xəbəri yaymaqdan çəkinməlisiniz. Əvvəlki məsələdə günahkar başqalarının onun tutduğu işdən agah olmasını istəmirdisə və açıqca günaha yol vermirdisə, siz də çalışıb onun sirrini gizli saxlamalısınız. Ehtiramını gözləmək şərti ilə ona nəsihət edib doğru yola yönəltməlisiniz. Məsələn, hədis söyləməklə, əxlaqi məclislərə dəvət etməklə onu tutduğu işin pis bir əməl olmasından agah etməlisiniz.

Amma bir nəfər utanmadan, açıqcasına camaatın gözü qarşısında günah edirsə, belə adam barəsində nəzərdə tutulan əmr be məruf daha kəskin şəkildə qoyulmalıdır. Bununla belə onunla necə rəftar etməyin də müəyyən mərhələləri vardır. Bu yerdə artıq sirrin qorunması əsas məsələ sayılmır. Sözünüzü ona xəlvətdə deməyiniz və ya sizin də onun tutduğu günahı bilməyinizi gizləməniz lazım deyil. Çünki o, günahını aşkar edir, ictimai yerlərdə yaramaz işlər görür; özü öz həyasını aparır. O camaatın hüzürunda günah etməkdən çəkinmir. Burada da əmr be məruf işini mərhələli şəkildə aparmanızı nəzərdən qaçırmamalısınız. Əvvəl mülayimliklə, ehtiramla ona nəsihət edib, tutduğu günahı tərk etməsinə çalışmalısınız. Tutduğu əməlin dünya və axirət təsirlərini ona aydınlatmaqla, aqibətinə diqqət yetirməklə, təşviq vasitəsilə günahının tərkinə səy edilməlidir. Hətta dillə edilən təşviqdən əlavə, əməli yollarla da onu doğru yola cəzb etmək olar. Əlbəttə, bu, hər kəsin bacara biləcəyi iş deyil. Amma bəzi imkanlı şəxslər həmin adama maddi köməklik göstərməklə, müxtəlif əməli təsirlərlə, onu əyri yoldan döndərə bilərlər. Məsələn, qonaq çağırıb könlünü almaqla, səfərə aparmaqla və s.

Bu kimi təşviqlərin özü də ayrı-ayrı şəxslərin hansı növ günaha və məlumata sahib olmalarından asılıdır. Bu tip adamların əmr be məruf və nəhy əz münkər edilməsi birinci mərhələdə çox aram, yumşaqlıqla, ədəbli və təşviqlə yanaşı aparılır.

Əgər birinci mərhələ təsir etməzsə, ikinci mərhələdə nisbətən sərt üsuldan istifadə edilir. Yəni, bu mərhələdə qaş-qabaqlı davranıb, qarşı tərəfə nisbətən sərt etirazını bildirirsən. Əvvəldə qeyd etdiyimiz rəvayətdə oxuduğumuz “ləm yətəməər vəchuhu ğəyzən li qəttu” cümləsi məhz bu kimi şərait üçün nəzərdə tutulur.

Elə ki, gördünüz yumşaq dillə qəbul etmir, qaş-qabaqlı və acıqlı tərzdə ondan tələb edin. Bu kimi yerlərdə günahkar şəxsin qarşısında kəskin mövqe tutmaq lazımdır. Məsələni onlara amiranə şəkildə deməlisiniz. Deyin ki, bu işi etməməlisən! Əgər görsəniz sizin amiranə sözünüz də ona təsir etmir, onu, əməlindən əl götürməzsə, səlahiyyətli orqanlara müraciət edəcəyinizlə hədələyə bilərsiniz. Amma günahı gördüyünüz ilk addımda gedib şikayət etmək lazım deyil. Əvvəl xoş dillə, sonra sərt danlamaqla, daha sonra isə təhdid etməklə xəbərdarlıq edin. Bu tədbirlər nəticə verməsə, onda gedib lazımi yerlərə şikayət edə bilərsiniz. Yəni, əmr be məruf və nəhy əz münkər işində mərhələləri gözləmək lazımdır. Yersiz heç kəsi danlayıb, təhqir etmək olmaz.

Əlbəttdə, işinizdə ifrat və təfritə yol verməməyi yaddan çıxarmamalısınız. Bizim əksər problemlərimiz bu iki məsələyə düzgün əməl edə bilməməyimizdən doğur. Hərdən bəziləri ifrata, başqa bir tərəfdən isə bəziləri təfritə varırlar. Əksər hallarda hadisələr başqa işlərin əks-reaksiyasından yaranır. Buna görə də hərdən birinin ləngiməyi, digərinin sürətli hərəkətinə səbəb olur. Və ya bəzilərinin yersiz rəftarı, qarşı tərəfi vacib sayılan islami əməlin inkarına gətirib çıxarır. Lakin İslam hər şeyi öz həddində qərar vermişdir. Mümkün olduğu qədər sülhlə davranılmalıdır. Amma bu o demək deyil ki, bir nəfər islah olunmaq niyyətində olmayan günahkara görə cəmiyyətin asayişi pozulmalıdır. Cəmiyyətin məsləhət bilinən nizam-intizamı hər şeydən və hər kəsdən üstündür. İslam cəmiyyətində müqəddəs qayda-qanunlar qorunmalıdır. İslam cəmiyyəti elə olmalıdır ki, bu cəmiyyətdə günah iş tutan şəxs xəcalət çəksin. Əgər bu dəyərlərə əməl edilməzsə, İslam cəmiyyətində başqa problemlər ortaya çıxacaqdır. Hər halda söylədiklərimiz təqribən moizə və nəsihətin nümunələridir.

Moizə, bir kəsi dillə yaxşı işlərə dəvət və təşviq etməkdir. Yaxşı işin nəticəsi olaraq, faydası və ya tərk edildiyi surətdə insana verdiyi zərərlərini bəyan etməkdir. Eləcə də, bir çox günah işlərin sonda insanı bədbəxtliyə sürüklədiyini tutarlı dəlillərlə izah etməkdir.

Lakin əmr - təhrik etmək, o şəxsi məcbur etmək mənasına gəlir. Bütün müsəlmanlar xətakar şəxsə əmr verməlidirlər. Bu məsələdə onunla söhbət etməyin, ona moizə oxumağın yeri deyil. Bəlkə bir cümlədə konkret olaraq ona deməlisən ki, bu işi tərk etməlisən. Bu əmr be məruf və nəhy əz münkərin aşkar nümunəsidir. Burada «üluvv» və «istila» şərtdir. «Üluvv» və «istila» yuxarıdan, uca məqamdan, yüksəkdən aşağıya doğru əmr etmək deməkdir. Bu mərhələ başa çatarsa və günahkar şəxs yenə də öz işindən əl götürməzsə, onda məxsus şərtləri olan başqa bir mərhələ başlanır.

DüşmƏnin mƏkirli planlarına qarşı ictimai mübarizƏ


Bəzən şəriətin, İslam cəmiyyətinin ziddinə olan bir iş adi və sadə bir şəkildə, hansısa bir şəxsin fərdi istəyi ilə həyata keçirilir. Bəzən də şəriətin xilafına olan bu işlər fərdi və sadə şəkildə deyil, çox mürəkkəb və planlı şəkildə, məqsədyönlü və düşünülmüş surətdə həyata keçirilir. Söhbət bir nəfərin camaat qarşısında günaha batıb əxlaqız hərəkətlərə qurşanmasından getmir. Bu daha tədbirli bir plan əsasında həyata keçirilir. İslam cəmiyyətini sarsıdıb dağıtmaq üçün məhz bu cür işləri idarə edən, bu kimi dağıdıcı şəraitə zəmin yaradan kəslər var. Məqsəd, İslam dinini və onun qüdrətini zəiflətməkdir. Məsələn, deyirlər ki, əxlaqsız işləri cəmiyyət arasında o qədər yayıb genişləndirin ki, nəhayət bu işlər camaatın gözündə adi hala çevrilsin. Bunu qabaqcadan proqramlaşdırırlar və artıq bu proses fərdi xarakter daşımır.

Ümumiyyətlə, bu növ işləri görənlər İslam dininə bir o qədər də etiqadlı olmurlar; ya münafiqdirlər və imanları yoxdur və ya başqalarına satılmaqla biganələrin muzduruna çevriliblər. Hər nə vasitə ilə olursa-olsun, cəmiyyətdə İslam hakimiyyətinə zərbə vurmaq istəyirlər. Belə olan surətdə İslam cəmiyyəti müxtəlif zərbələrə məruz qalır ki, onlarla da mübarizə aparılmalıdır. Bu zərbələr mümkündür, hansısa mədəniyyət mərkəzlərinin özəyinə və ya iqtisadi-elmi mərkəzlərə və hətta hərbi müəssisələrə yönəldilsin. Bu zaman daha geniş mübarizə növü tələb olunur. Bu artıq əvvəldə izahını verdiyimiz əmr be məruf və nəhy əz münkərin növlərindən deyildir, şəri baxımdan da risalələrdə bu barədə bir şey yazmayıblar. Bu qəbildən olan əmr be məruflar iri həcimli düşmən hücumları qarşısında mübarizə olub, bir nəfərin öhdəsindən xaricdir. Sadə bir üsulla bir nəfər xətakar ünsürə “etmə” deməklə nəticə vermir.

Bu hücumlar şeytancasına düşünülmüş və planlaşdırılmışdır. Qarşılıqlı olaraq bu hücumların dəf edilməsi üçün planlı şəkildə iş aparılmalıdır. Mümkündür bu hücumlar iqtisadi çərçivədə aparılsın. Yəqin ki, «tənbəki» əhvalatını və buna oxşar hadisələri çoxunuz eşitmisiniz. Buna aid çoxlu misallar çəkmək olar ki, hətta onlardan bəziləri olduqca mürəkkəb məsələlərdir; ancaq həmin sahənin mütəxəssisləri bu kimi məkirli planları təhlil edə bilmişlər. Məsələn, belə məkirli oyunlardan biri, bu günlərdə İslam düşmənləri tərəfindən müsəlmanlara iqtisadi təzyiq olsun deyə, neftin qiymətinin dünya bazarlarında aşağı endirilməsidir. Bu məsələ sadə insanların baş çıxara biləcəyi bir iş deyil. Bu məsələ qarşısında necə mövqe tutmalıyıq? Bu iş ictimai, iqtisadi, dünya miqyasında planlaşdırılan bir münkərdir. Hətta bir ölkə təklikdə belə münkərə mütəkib ola bilməz. Müsəlmanlar əleyhinə bu növ iri miqyaslı planı həyata keçirmək üçün gərək müxtəlif ölkələrin “şeytan”ları bir-biri ilə ittifaqa girsinlər. Bu məsələ bir ölkənin xalqına, bəlkə də bütün müsəlmanlara endirilmiş zərbədir və bunun qarşısını almaq lazımdır. Bu münkəri həyata keçirməklə kafirlərin müsəlmanlar üzərindəki üstünlüyü, onların bazarları üzərindəki gücü sübuta yetir. «Allah-taala heç vaxt kafirlərin möminlərə müsəllət olması üçün bir yol qoymamışdır.» Yəni, Allah-taala heç vaxt kafirlərin müsəlmanlar üzərindəki üstünlüyünə icazə vermir.

Bu kimi məsələlərdə bütün müsəlmanlar bir araya gəlib, yekdil qərar çıxarmalıdırlar. Əlbəttə, bu sadə qərar olmamalıdır. Bu qəbildən olan münkərlərin nəhyi elmi araşdırmalara ehtiyac duyur. Münasib yollar tapmaq üçün xüsusi mütəxəssislər uzun müddət tədqiqat aparmalıdırlar. Əgər bu münkərin qarşısında duracaq münasib həlli yolu tapılarsa, bütün müsəlmanlar onun həyata keçirilməsində səy etməlidirlər. Xüsusilə də, bu planın siyasətlə işləndiyi nəzərə alınmalıdır.

Məsələn, bir çıxış yolu budur ki, müsəlmanlar da öz ölkələrində Amerika məhsullarının satışına qadağalar tətbiq etsinlər. Bu əmrin icrası bütün müsəlmanlara vacibdir. Amerika mallarının alınması haram sayılsın. Hətta qadağan edilən malı başqa dövlətdən iki qat qiymətə əldə etsək belə, yenə də düşməndən alınmamalıdır. Bu mühasirəni yaratmaq nəhy münkər ünvanı ilə bütün müsəlmanlara vacib olur. İslami cəmiyyətdə əmr be məruf və nəhy əz münkər bu qədər geniş sahəni əhatə edə bilər.

Hər halda cəmiyyətdə günahla mübarizə aparılmalıdır. Bu iş fərdi deyil, ictimai şəkildə həyata keçirilməlidir. İlk növbədə bu sahənin mütəxəssisləri məşvərət edib, ümumi mübarizə planı hazırlamalıdırlar. Sonra həmin planın icrası İslam dövləti tərəfindən xalqa çatdırılmalıdır. Bu mərhələdən sonra hazırlanmış plana əməl etmək bütün xalqa vacib olur. Bu layihəyə əməl etmək həm nəhy münkər, həm də İslam dövləti və müsəlmanların rəhbərinə itaət etmək deməkdir.

Deməli, müsəlmanlar xarici, ya daxili düşmənlər tərəfindən cəmiyyətin müxtəlif sahələrinə yönəldilmiş təhlükədən agah olduqda, bütün xalq öz alimlərinin elmindən, mütəxəssislərinin təcrübəsindən bəhrələnərək həmin təhlükə qarşısında mübarizəyə qalxmalıdırlar. Bu təhlükələrdən ən qorxulusu, müsəlmanların mədəni-ictimai hücumlara məruz qalmasıdır. Əlbəttə, biz məsələnin adını əcnəbi mədəniyyətlərin hücumu qoymuşuq. Biganə mədəniyyətlərin hücumlarına məruz qalmağımızın əsas səbəblərindən biri, müəyyən dərəcədə öz mədəniyyətimizin zəifliyidir. Bu zəiflik həm özümüzdə, həm də cəmiyyətimizdə mövcuddur. Mədəniyyətə olunan hücum dinə edilən hücum kimi qiymətləndirilməlidir. Vəliyyi-fəqihin buyurduğu kimi, düşmənlər xalqın imanını hədəf götürüblər. Bu zarafat deyil; bu kimi məsələləri hər kəsdən daha yaxşı bilən bir mütəxəssisin sözüdür. Bu şəraitdə mən deyə bilərəm ki, mənə nə var, mən namazımı qılıb, dərsimi oxuyuram! Bu çox səhv bir fikirdir. Bu cür vacib məsələləri tək dövlətin və ya vəliyyi-fəqihin öhdəsinə buraxmaq ədalətsizlikdir. Müsəlmanların rəhbəri nə qədər fəryad edib - ey millət, mədəni-ictimai həyatınıza olan hücumlar barədə düşünün, universitetlərdə yaranmış vəziyyət barədə fikirləşin, bizim təhsil ocaqlarımız hələ də İslami rəng almayıb – deməlidir. Bu qədər təkiddən sonra biz heç bir məsuliyyət hiss etməməliyik? Bilə-bilə özümüzü uçuruma sürükləyirik.

Çox qəribədir, insanlar şəxsi işlərində daha ayıq olurlar. Sadə bir misal çəkmək istərdim. Məsələn, siz evinizdə oturduğunuz vaxt, birdən kimsə məhəllənizdə fəryad çəkib, küçənizi su basdığı və ya zəlzələ baş verəcəyini deyir. Bu anda nə edəcəksiniz? Əlbəttə, məsələyə ciddi yanaşacaqsınız. Tez evlərinizdən çıxaraq təhlükəni sovuşdurmağa, həlli yollarını tapmağa çalışacaqsınız. Daha sonra fəryad çəkib, işin təhlükəsini xəbər verən insana öz təşəkkürünüzü bildirəcəksiniz. Baş verəcək təhlükənin aradan qaldırmasında o şəxsin rolunu etiraf edərək, ona dəyər verəcəksiniz. Bəs nə üçün vəliyyi-fəqih sizə xəbərdarlıq etdiyi təqdirdə bu dəyəri ona vermir, sözlərini qulaqardına vurursunuz? Axı maddi zərərin boşluğunu doldurmaq mümkündür, lakin bu sözləri mənəvi zərərlərə aid etmək olmaz.

Biz mənəvi təhlükələrə qarşı həssas deyilik. Nəzərimdə ancaq möminləri tutmuram. Əslində insanın təbiəti daha çox dünyəvi işlərlə ünsiyyətdədir. İnsan öz hisslərinin fövqündə dayanan şeylərə bu asanlıqla inana bilmir. Bizə deyəndə ki, dinimizə qarşı əks hücuma keçiblər, deyirik hanı? Bir şey olmayıbdır ki! Əgər malımızı aparsalar, o saat inanırıq. Amma əgər desələr dinimizi aparırlar, deyirik: “Xeyr, biz ki, namaz qılırıq, oruc da tuturuq?!” Diqqət etsək görərik ki, keçən ilki imanımız bu ilkindən fərqlənir. Fikirləşirik ki, ola bilər axundların sözü doğru olmasın? Kəmiyyət və keyfiyyətcə olan dəyişikliklərə qarşı tez reaksiya veririk. Çünki, bunu canlı şəkildə müşahidə edirik. Lakin dində və imanda olan dəyişikliklərin, zahirdə olanlar istisna olmaqla, əksəriyyəti gözlə müşahidə edilmir. Bu səbəbdən də insanlar qəflət içərisində olurlar. Ayıldıqda dindən əsər-əlamətin qalmadığı görülür.

Uzaqgörən insanlar isə, düşmənin silahını hansı hədəfə tuşladığını təyin edə, müəyyən qədər də olsa, gələcək fəaliyyəti barədə ehtimal verə bilirlər.

Hər halda bu da nəhy münkərin bir növüdür. Fəryad edənlərin çağırışını hüsnü niyyətlə qarşılamaq və bu çağırışlara qoşulmaq lazımdır. Əks təqdirdə, müəyyən müddətdən sonra iman əldən gedəcək, əxlaqsızlıq cəmiyyətdə vüsət tapacaqdır. Gənclər sərxoşluq, narkomaniya və bu kimi digər bəlalara tutulacaq, beləliklə də, cəmiyyət süqut edəcəkdir.

Bu onların dünyəvi əzablarıdır. Məsələn, ailələrin dağılması, qadın kişi arasında daimi ixtilafların yaranması, uşaqların tərbiyəsiz böyüməsi, murdar adətlər, narkomaniya və neçə-neçə bu cür bədbəxt və çarəsi olmayan bəlalar.

İman əldən gedərsə, ardınca da sadaladığım problemlər gələcəkdir. Cəmiyyətin belə uçurumlara yuvarlanmasını istəmirsinizsə, əvvəldə onun qarşısını almalısınız. Cəmiyyətdə mədəni-ictimai, təlim-tərbiyə işlərinə xüsusi diqqət yetirməlisiniz. Deməyin ki, hər şeyin başında pul durur, hər şey iqtisadi vəziyyətdən asılıdır. İctimai problemlərin həllini ancaq iqtisadi problemlərin aradan qaldırılmasında görənlər, çox böyük səhv edirlər. Əlbəttə, öz yerində iqtisadi məsələlərə də diqqət yetirilməlidir. Çünki, cəmiyyətdə baş verən əxlaqsızlıqlar adətən iki səbəbdən baş verir. Birinci səbəb ehtiyac üzündən yaranır. İnsanlar öz nəfsani, şəhvani və maddi ehtiyaclarını təmin etmək üçün müxtəlif əxlaqsız əməllərə qurşanır, cəmiyyətdə günahın geniş vüsət tapmasına şərait yaradırlar. Digər bir səbəb isə bəzi sərvət, pul meyilli insanların maddi vəziyyətlərini yaxşılaşdırmaq üçün qeyri-qanuni, haram yollardan istifadə etmələridir. Məsələn, kriminal qruplaşmalar, uyuşdurucu maddələrin ticarəti, qadınlardan gəlir mənbəyi kimi istifadə edilməsi və s. Bu mənfi hallar cəmiyyət üzvləri tərəfindən törədilir. Xarici qüvvələrin rolunu yuxarıda qeyd etdiyim üçün bu səbəbin izahına ehtiyac duyulmadığını zənn etdim.

Təəssüflər olsun ki, son zamanlar müxtəlif informasiya vasitələri ilə bizə təlqin edirlər ki, bizim iqtisadi problemlərimiz həll olarsa, qalan problemlərin həlli yollarını tapmaq asan olar. Xeyr, heç də belə deyil. Bu sözləri deyənlər ancaq özlərini aldatmış olurlar; siz aldanmayın. İqtisadi vəziyyətin düzəlməsi bütün çətinliklərin həll olunması demək deyildir. Hamı bilir ki, Amerika dünyada ən dövlətli ölkələrdən biridir. Ölkəsinin illik gəliri əksər dövlətlərdən çoxdur. İqtisadi inkişaf baxımından da bütün dövlətlərdən irəlidədir. Ən azı iqtisadi inkişafına görə Amerika qabaqcıl ölkələrdən biridir. Sizcə bu ölkənin ictimai və əxlaqi problemləri yoxdur? Amerikanın mətbuat xidmətlərinin verdiyi məlumatlara əsasən, bu ölkədə hər saniyədə bir cinayət baş verir. Məktəbli uşaqlar dərsə xüsusi mühafizə dəstəsinin müşayəti ilə gedirlər. Amerikanın bütün məktəblərində silahlı polislər təhlükəsizliyə nəzarət edirlər. Son vaxtlarda zorlama faktlarının çoxalması dediklərimizə əyani bir sübutdur.

Mən bununla əksər ictimai problemlərin maddi çətinliklərdən doğduğunu inkar etmək istəmirəm. Ən azı fəqirlik bu problemləri daha da şiddətli edir. Lakin belə də təsəvvür etməyin ki, iqtisadi çətinliklər həll edilərsə, yerdə qalan problemlər özü-özlüyündə aradan gedəcəklər. Hərdən pulun çoxluğundan da problemlər yaranır.

CƏmiyyƏtin oyanış vƏ dirçƏlişi üçün edilƏn cihad


Tutaq ki, bəzi şəxslər və ya İslam dövləti yuxarıda söhbəti gedən problemlərin həllini öz üzərinə götürdülər. Və ya İslam dövləti olmasa belə, müsəlman xalqın özü bu problemlərin həllinə qalxdı, çətinlikləri aradan qaldırıb İslam düşmənləri ilə mübarizə apardılar və düşmənin planlarını alt-üst etdilər, çox gözəl. Lakin heç bir iş görülməsə, dediyimiz münkərlə mübarizə aparmaq müsəlmanların öhdəsinə düşür. Amma həmişə müsəlmanlar öz vəzifələrini dərk edib onları yerinə yetirirlərmi? Görəsən elə bir gün olacaqmı ki, müsəlmanlar öz İslami vəzifələrinə süst yanaşmasınlar? Məgər bizim tarixdə müsəlmanların vəfasızlığına aid nümunələrimiz azmı olub?

Əmirəl-möminin Əli əleyhissəlamın şəhadətindən İmam Hüseynin (ə) şəhadətinə qədər iyirmi il vaxt çəkdi. Bu müddət ərzində İmam Hüseyn (ə) Mədinədə nə edirdi? Hakimiyyətdə olanlar bütpərəst idilər, ya zahirdə Allahı, Rəsulallahı (s) və şəriəti danırdılar? Xeyr, belə deyildi. Onlar özlərini həzrəti Məhəmmədin (s) xəlifəsi bilirdilər, ibadət edirdilər, cümə günləri cümə namazı qılır, xalqa pişnamaz olurdular. Ancaq bəzən də çaşıb cümə namazını cümə axşamı qılırdılar! Hərdən də camaat namazına kefli halda dayanırdılar! Məlum olan budur ki, namaz qılırdılar. Hətta Aşura günü Ömər ibn Səd əvvəl namaz qılır, sonra deyir: “Ya xəyləllahi irkəbi və bil cənnəti əbşiri.”

İmam Hüseyn (ə) dövründə yaşayan camaatın hamısı namaz qılırdı. Müsəlmançılıq iddiasında idilər. Necə deyərlər hökumət, İslam hökuməti idi. Amma İmam Hüseyn (ə) iyirmi il müsibətlər çəkdi və anlada bilmədi ki, bu hökumət nahaqdır. Az bir dəstə istisna olmaqla, əksəriyyət bu kimi məsələləri anlaya bilmədi.

Digər imamların məsələn, həzrət Musa ibn Cəfər (ə) və İmam Sadiq (ə) və digərlərinin zamanında açıqca deyə bilirdilərmi ki, hökumətimiz batil hökumətdir? Bəs bu böyük şəxsləri nə üçün zindana salır, sürgün edir, şəhadətə yetirirdilər? Xəlifələr dini inkar etsələr də, zahirdə müsəlman görsənir, Allah rəsulunun xəlifəsi adı ilə hakimiyyət edirdilər. Əksər rövzəxanların nəql etdiyi belə bir əhvalatı yəqin ki, eşitmiş olarsınız: “Harun ər-Rəşid Həzrət Musa ibn Cəfəri (ə) zindana salmaq istəyəndə peyğəmbərin (s) qəbri üstünə gəlir və üzürxahlıq edərək deyir: “Ey peyğəmbər, mən sənin övladını zindana salmaq məcburiyyətindəyəm. Bunu məndən İslam cəmiyyətinin əmin-amanlığı tələb edir! Ölkədə əmin-amanlıq olsun, ixtilaf düşməsin deyə, bu işi görməliyəm!” Peyğəmbərdən (s) bu işinə görə üzr istəyirdi.

Elə düşünməyin ki, bu hökumətlər kafir və dinsiz idilər. Yaxşı, belə vəziyyətdə nə etmək lazımdır?

Bəzi pərakəndə ictimai-mədəni fəaliyyətlər sayəsində dinin əslini qorumaq olur. Bu ümidlə ki, bir gün gələr xalqın səviyyəsi yüksələr və daha mühüm işlərə gücləri çatar. İmam Səccadın (ə) vaxtından müxtəlif səbəblər üzündən bütün imamlarımızın proqramı bu tərtiblə olmuşdur. Xüsusi şəkildə hazırlanmış bir qrup müsəlman İmam Hüseynin (ə) qanının bərəkətindən haqqı tanıyıb, İslam ölkələri ətrafında pərakəndə şəkildə yaşayırdılar. Müxtəlif yerlərdə rast gəldiyimiz imamzadələr həmin əhli-beyt məktəbində tərbiyə almış kəslərdir ki, xalqın hidayəti ilə məşğul idilər. Onların əksəriyyəti Peyğəmbər (s) sülaləsindən idilər. Bu şəraitdə ancaq xalqın maarifləndirilməsi işi ilə kifayətlənirdilər. Çünki, başqa sahələrdə fəaliyyət göstərmək imkanı yox idi. Görə biləcəkləri iş ancaq bundan ibarət idi və bununla da dinin əslini qoruyub saxlaya bilirdilər. Lakin Minada İmam Hüseyn (ə) görkəmli şəxsiyyətlərlə görüşəndə, onlara buyurduğu fərmanın bir hissəsi belə idi: “Mən qorxuram haqqın əsli itsin!” Söhbət bir hökmün itməsi məsələsi deyil. Düşünün, mən haqqın özəyinin itməsindən qorxuram. Qorxuram ki, xalq artıq haqla batili bir-birindən ayıra bilməsin. Haqla batili bir-birindən ayıracaq başqa bir yol qalmamışdır!

Bu şərait artıq xüsusi iş tələb edir. Nə təbliğat işləri, nə pulla iş görmək, nə də hərbi qoşun toplamaq mümkündür. Haqq cəbhəsinin tərəfdarı yoxdur, güc batil cəbhənin əlindədir və pul da onların ixtiyarındadır. Saysız-hesabsız təzyiqlər xalqı süst etmişdi. Müxalifət edənləri ya dara çəkir, ya terror edirdilər. Bu səbəbdən də xalqın mübarizə ruhu ölmüşdü. Bir kəsin nə qiyam etməyə cürəti çatırdı və nə də bu işə qüdrəti qalmışdı; təbliğat da təsir etmirdi. Bütün təbliğat mexanizmi əməvilərin əlində idi. Çox az adam imamın fəryadını eşidirdi. Əlbəttə, söhbət etməyə də qoymurdular. İyirmi ildə onu bu imkandan da məhrum etmişdilər.

Belə bir şəraitdə nə etmək lazımdır? İmam Hüseynin (ə) gördüyü iş İslam cəmiyyətində elə bir təəssürat yaratdı ki, qiyamət gününəcən öz təsirini saxlayacaqdır. Bu titrəyiş həmişəlik qalacaq, sakitləşməyəcəkdir. Bu hərəkatı nə təhrif etmək olur, nə də başqa yerə yozmaq. Hədis olsa deyə bilərlər ki, məsələn yalandı və ya qondarmadır. Ya da ən azı deyərlər ki, bu sizin nəzərinizdir! Alimlərə də deyərlər: “Siz öz anlayışlarınızı mütləq şəkildə cilvələndirməyin. Başqa nəzərlər də ola bilər!” Allah yolunda, dinin dirçəlişi üçün bir dəstə insan öz canlarını və əzizlərini fəda etmişdilər. İndiyə qədər nə bir tarixçi, nə alim və nə də bir insaflı şəxs Kərbəla faciəsini başqa cür təfsir etməmişdir.

Bəli, bu günlər mümkündür kimsə Kərbəla hadisəsinə təzə rəng verməyə çalışsın! Nəuzubillah desinlər: ”Hüseyn (ə) çox yersiz iş görübdür! Kərbəla hadisəsi bir çox kobud hərəkətlərin əks-reaksiyası idi! Burda yezidlərin təqsiri yoxdur. Hüseynin (ə) babası vaxtilə onların atasını öldürmüşdü, onlar da Kərbəlada əvəzini çıxıb peyğəmbərin (s) övladını öldürdülər!”

Bu növ izah indiyə kimi Kərbəla hadisəsi haqqında edilən təfsirlərin bəlkə də ən alçağıdır ki, eşidirik. Belə təfsiri ancaq şeytanın özü edə bilər. Belə bir təfsir hələ indiyə qədər görünməmiş bir şeydir. Müsəlman da, kafir də, müşrik və bütpərəst də Kərbəla hadisəsi qarşısında ehtiramla təzim edirlər. Bu səbəbdən Hüseyn (ə) hidayət çırağı olmuşdur. Bu elə bir çırağdır ki, heç vaxt sönməz. Bunun əleyhinə görüləcək bir iş də yoxdur. Bu hadisə İslam cəmiyyətinin nicat tapmasına səbəb oldu.

Bu da ümumi mənada olan nəhy əz münkərin başqa bir nümunəsidir. O həzrət buyurmuşdur: “Mən əmr be məruf və nəhy əz münkər etmək üçün qiyam etdim”. Əgər kimsə, “Öz hədəfinə çatdımı?” sualını versə, cavab budur: Bəli! İstədiyini etdi və niticəyə də çatdı. Bu işin nəticəsi nə oldu? Bu oldu ki, xalq haqla-batili bir-birindən ayıra bildi.

İlahi peyğəmbərlərin və övliyaların əsas vəzifəsi hidayət edib yol göstərməkdir. Hidayətdən sonra xalq hazır olub onların rəhbərliyini qəbul edərsə, hökumət də təşkil olunar. Hökumətin təşkili onların vəzifəsidir, bir şərtlə ki, xalq da yardım etsin. Necə ki, Əli (ə) Şiqşiqiyyə xütbəsində buyurur: “Xalq hazır olub köməklik göstərsə, mən də öz vəzifəmə əməl edəcəyəm.” Hazır olmasalar, hökumət qurmaq vəzifəsi qüvvədən düşür; hidayət vəzifəsi qüvvədə qalır. Hidayət etmək peyğəmbərlərin və övliyaların vəzifəsidir. Onların qeybəti zamanı bu vəzifə başqalarının üzərinə düşür. Onlar (üləmalar) peyğəmbərlərin varisləridir. Bu vəzifə həmişə var və heç bir halda heç kimin üstündən götürülmür.

İmam Hüseynin (ə) şəhidlik məktəbi tədris olunmalıdır. Hər hansı bir insaflı şəxs onu təhlil edə bilsə, bu nəticəyə çatacaq ki, o həzrət öz dini vəzifəsini yerinə yetirmək üçün bu işi görmüşdür. Deməli, əmr be məruf və nəhy əz münkərin belə bir nümunəsi də ola bilər. Amma bu cür hallar çox nadir olur. İkincisi də, belə bir vəzifə borcunu müəyyənləşdirmək olduqca böyük agahlıq tələb edir. İnsanın hər bir şeyindən keçməsi çox böyük fədakarlıq tələb edir ki, vəzifədən boyun qaçırmaqdan ötrü öz işlərinə yalandan şəri don biçməsin, əmr be mərufu tərk etməkdən ötəri bəhanə axtarmasın. Belə bir şəxsiyyət çox nadir hallarda olur. Amma hər halda Allah-taala öz höccətini bizim hamımıza tamam etmişdir. Heç kəs olmasa da, Hüseyn ibn Əli (ə) var idi.

Bizim canımız, övladlarımız sənə qurban, ey Hüseyn! Hidayət çırağını bu dünyada yenidən sən alışdırdın. Dünya durduqca bu çıraq sönməyəcəkdir!



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə