K. Bünyadzadə Şərq və Qərb



Yüklə 2,52 Mb.
səhifə2/16
tarix05.10.2017
ölçüsü2,52 Mb.
#3121
1   2   3   4   5   6   7   8   9   ...   16

I F ə s i l
İrrasional bilik
problemi




İrrasional bilik nədir?

Fanilər rəmzdir əbədiyyətdən

Sonsuz həqiqətin

Parıltısıtək.

Orda hali olur cəmi məqsəddən

Ağıl irməyənə

Etməyirsən şəkk.

Höte
İnsanın əqli inkişafına təsir göstərən, onu istiqamətləndirib cəmiyyətdə öz yerini tutmağa köməklik göstərən müxtəlif növ biliklər insanın məkanı ilə, ünsiyyətdə olduğu obyektlərlə sıx əlaqəlidir. Ensiklopedik lüğətlərdə bilik «insanın ictimai maddi və mənəvi fəaliyyətinin nəticəsi, dünyanın, təbiətin və bəşərin obyektiv keyfiyyət və əlaqələrinin işarə şəklində ideal ifadəsi» [131] və ya «obyektiv həqiqətə can atan əqlin nəzəri fəaliyyətinə işarə edən ən ümumi ifadəsi» [130] kimi formulə edilir, yəni bilik insanın obyektlə praktiki və nəzəri ünsiyyətinin nəticəsi, təzahürüdür.

Fəaliyyət sahəsinə, mənbəyinə və s. amillərə müvafiq olaraq biliklər müxtəlif növlərə ayrılır: sosial bilik, elmi bilik, məişət biliyi, dini bilik və s. Bununla yanaşı, biliklərin növlərə ayrılması obyektə münasibətdən, baxış prizmasından da irəli gələ bilər, yəni ayrı-ayrı dünyagörüşlərindən qaynaqlanan metodlar eyni məlumatı müxtəlif aspektlərdən açıqlaya bilər. Məsələn, ölüm hadisəsinə bioloqlar zülalların sintezinin dayanması və parçalanması, filosoflar hər canlının təbii sonluğu və substansiyanın, yəni onun varoluşunun təşkil edən mahiyyətin yox olması, ilahiyyatçılar ruhun bədəni tərk etməsi kimi fərqli şərhlər verə bilərlər.

Bilik – subyektdə obyektin inikasıdır, lakin bu, təsadüfi və me­xaniki bir hadisə olmayıb insanın imanının, ağlının, şüurunun və dilinin bilavasitə iştirakı ilə qavranılan, formalaşan və ifadə edilən təsəvvür və ya məlumatdır. Deməli, bilik məhz insana xas bir məfhumdur. Bununla yanaşı, nəzərə alsaq ki, insanın fiziki olduğu kimi, ruhən də obyektlə ünsiyyətdə olmaq imkanı vardır və o, (insan) maddi və mənəvi kimi ikili xüsusiyyətə malikdir, onda onun biliyinin daha iki növünü təyin etmək mümkündür: zahiri və batini və ya rasional (rationalis (lat.) – ağıllı) və irrasional (irrationalis (lat.) – ağılsız, şüursuz).

Məlumat üçün onu da bildirək ki, elmlərin (biliklərin) təsnifatında bəzi mütəfəkkirlər zahir və batin (rasional və irrasional) bilikləri bərabər göstərmişlər. Məsələn, XII əsrin filosofu Şihabəddin Sührəvərdi yazır: «Həqiqi elmlər iki yerə bölünür: zövqi (intuitiv, şüurüstü) və nəzəri, bəhsi» [147, 5]. Sufi mütəfəkkir Sərrac Tusi isə: «Batini elm deyəndə batini əməllərin (ürəyin) elmini, zahiri elm deyəndə isə zahiri əməllərin (bədən üzvlərinin) elmini nəzərdə tuturuq» [149, 43], – deyə bildirir. Hər iki bilik növü arasında isə məhz batini elmin (irrasional biliyin) ilahi həqiqətlərə apardığı iddia edilir.

Terminlərdən də göründüyü kimi, bölgü biliyin əldə edilməsi və dərki prosesində insan ağlının, şüurunun və məntiqinin rolunun dərəcəsinə müvafiqdir. Yəni əgər rasional bilik ağıla, məntiqə əsaslanırsa və onun «yardımı ilə dünyanı başa düşməyə cəhd edirsə» [24, 246-247], irrasional isə əksinə, ağıldan kənar, məntiqdən uzaq bir bilik deməkdir. Maraqlıdır ki, ensiklopedik lüğətlərdə bilik anlamı əksər hallarda yalnız rasional biliklərə şamil edilərək izah edilir. Məsələn onlardan birində yazılıb: «Bilik – gerçəkliyin idrakı prosesinin ictimai-tarixi təcrübə ilə yoxlanan və məntiqlə təsdiqlənən nəticəsidir. Onun adekvat inikası insan şüurunda təsəvvür, anlam, istidlal, nəzəriyyə şəklində olur» [126, 192]. Eyni lüğətdə irrasional «ən ümumi mənada ağılın hüdudlarından kənarda olan, qeyri-məntiqi və ya qeyri-intellektual, rasional təfəkkürlə bir ölçüyə gəlməyən, hətta ona zidd olan» [126, 221] bir anlam kimi təqdim edilir. Başqa bir lüğətdə isə irrasional bilik və irrasionallıq «ağıla zidd xüsusi qüvvə» kimi təqdim edilir və buna əsaslanaraq bildirilir ki, «irrasionallıq gerçəkliyi xaotik, qanunauyğunluqdan uzaq, təsadüfi və kor-korana iradəyə tabe hesab etməkdir». O da əlavə olunur ki, «irrasional təlimlər, bir qayda olaraq, cəmiyyətin inkişafının dönüş dövrlərində yaranır və adətən məntiqlə qurulmuş sistem şəklində deyil, dağınıq ideya və aforizmlərdə təsvir olunmuş hallar formasında təqdim olunur» [99]. Onu da qeyd edək ki, ensiklopedik lüğətlərin verdiyi məlumatlara görə, irrasionallıq həm də «insanın ruhani həyatının bu və ya digər qeyri-rasional aspektlərinin ön plana çəkilməsidir» [126, 221].

Maraqlı bir faktdır ki, riyaziyyat elmində də tam və kəsr ədədlərlə, vahidlə ölçülə bilməyən, «sonsuz qeyri-dövri onluq kəsirlərlə ifadə olunan» [132], yəni insan ağlının çərçivəsini aşan, adi normadan kənar ədədlərə irrasional ədəd deyilir.

Deyilənlərdən belə məlum olur ki, əvvəla, irrasional bilik insanın ruhani, yəni mənəvi həyatı ilə əlaqəlidir, ikincisi, ağılın, məntiqin çərçivəsinə sığmır və bu səbəbdən rasional təfəkkürə zidd qəbul edilir və nəhayət üçüncüsü, daha çox xaotik bir cəmiyyət üçün xarakterikdir. Məlumatların özlərindən özlərinə qarşı bir əks arqument göstərək: məlumatlarda irrasional təfəkkürün və ya biliyin varlığı inkar edilmir. Deməli, insana xas və onun idrak prosesində müəyyən rola malik bir məfhum kimi irrasional biliyin sistemli araşdırmaya və şərhə ehtiyacı vardır və yalnız bundan sonra söylənən fikirlərin nə dərəcədə həqiqətə uyğun olub olmamasını bildirmək olar.

Problemi daha ətraflı şərh etmək məqsədi ilə əvvəlcə Qərb və Şərq fəlsəfi düşüncəsində irrasional bilik anlayışları ilə tanış olaq.

Qərb fəlsəfəsində irrasional bilik əsasən qnosis termini ilə eyni­ləşdirilir və ya yaxın mənalı sözlər kimi qəbul edilir. Qnosis, qnostisizm qədim tarixə malik, mürəkkəb və ziddiyyətli anlamlardır. Bəzi tədqiqatçı alimlər onu Şərq dinləri ilə əlaqələndirir, digərləri sırf ilk xristian mətnlərinə aid edir, bir başqaları isə onun xristianlığa heç bir aidiyyatı olmayıb kökləri ilə platonçuluğa və ya pifaqorçulara gedib çıxdığını iddia edirlər [122, 19-20]. Bəs qnosis nədir? «Ən ali fəlsəfi mistisizmdən ən aşağı sehrə qədər çox müxtəlif formalarda özünü ifadə edən rəngarəng ideyalar» [122, 23] kimi təqdim edilən qnosis «sirli sözlər», «gizli kəlamlardır» [122, 37]. «Özündə yaradılışın və insan hə­ya­tının mənasını daşıyan» [122, 38] bu həqiqət – qnosis «həm bütün var­lı­ğın [çoxluqda reallaşan] vəhdəti, həm [aşağı aləmlə tamamlanan] ali aləm, həm [yalnız yaradılışda zəruri olan] xilas, həm bir insanın [həm də bü­tün dünyanın] yoludur» [122, 36]. Deməli, qnosis müxtəlif şəkillərdə təzahür edə bilən vahid bir həqiqətdir ki, nəinki bir insanın, hətta bütün maddi və qeyri-maddi varlıqların mahiyyətini özündə ehtiva edir. Burada nəzərə çarpan digər məsələ onun bir xilas yolu olmasıdır, yəni qnosis insana öz mahiyyətini açan, ona hissəsi olduğu vəhdəti göstərən bir bilikdir.

Şərq fəlsəfəsində irrasional bilik mə‘rifət kimi məlumdur. Ədəbiyyata ilk dəfə sufi mütəfəkkir Zu‘n-Nun Misri tərəfindən gətirilən mə‘rifət termini yalnız «bilik əldə etmə deyil, həm də irfan (batini məna), kəşf, ilham, intuisiya kimi anlayışları özündə cəmləşdirən» [2, 98] bir anlamdır. Məzmununa görə mə‘rifəti iki yerə ayıraraq yazırlar: «Haqqın mə‘rifəti – Onun (Allahın – K.B.) vahidliyinin bilinib, ad və sifətlərinin açıqlanmasıdır. Həqiqətin mə‘rifətinə isə yol yoxdur, çünki O, əlçatmazdır» [149, 56]. İbn Sina isə belə deyir: «O (mə‘rifət) – sidqlə istənilən (can atılan) Zatın (Allahın – K.B.) haqqının sifətlərinin cəmi olan vahidə çatmaq və sonra da dayanmaqdır» [138, 388]. Deməli, mə‘rifət də ilahi sifətlərin maddi və qeyri-maddi təzahürləri vasitəsilə görülən, dərk edilən vahid həqiqətdir.

Göründüyü kimi, həm qnosis, həm də mə‘rifət eyni mahiyyət daşıyan fərqli terminlərdir. Fərdi və ezoterik xarakterli qnosis və mə‘rifət insanın müəyyən mənəvi inkişafının, yəni fövqəlaləmlə ünsiyyətinin, yaşadığı hal və məqamların nəticəsidir. Hər kəsə deyil, «seçilmişlərə», «kamil» və «ruhani»lərə (mənəviyyata üstünlük verənlərə – K.B.) qismət olan qnosis [Geniş bax: 122, 37] kimi mə‘rifət də «bütün möminlər arasında həqiqətləri, hal və məqamları ilə Allah Təalanın seçdiyi şəxslərə» verilir, yəni irrasional bilik yalnız yüksək şüurlu və əxlaqlı insanlara verilir. Burada belə bir əhəmiyyətli fakt da aydınlaşır: həm qnosis, həm də mə‘rifət Allah tərəfindən verilən bir bilikdir. Bu, irrasional biliyin təməlində iman və sevginin durmasına dəlalət edir. Belə bir sual yarana bilər: niyə məhz sevginin, imanla əlaqəli olan bişqa bir hissin – qorxunun deyil? Çünki hər iki hissdə itaət olsa da, qorxuda durduğun yerdə artıq hərəkət etməmək, sevgidə isə sevdiyin obyektə doğru can atmaq arzusu böyükdür. İrrasional bilik isə subyektin obyektə çatmaq istəyi ilə getdiyi yolda aldığı bilikdir.

Qeyd etdiyimiz kimi, həm qnosis, həm də mə‘rifət mənəvi inkişaf prosesində verilir və bu, hər ikisinin xarakterini təyin etmiş olur. «Qnosisin dörd əsas mövzusu var: yaradılışın ruhani (mənəvi) tarixi, insanın həyat şəraiti, onun kosmosaqədər drama ilə birləşmiş təbiəti və xilas doktrini. Bu mövzuları qnostik edən onların hər birində olan «biliyin əzəmətli anlarıdır» [122, 21]. Mə‘rifət də özündə Məhəmməd peyğəmbərin (s.) həyat tərzinə uyğunlaşma, həm öz mahiyyətinin, yaradılışının mənasını və bununla da ümumiyyətlə yaradılışın həqiqətini dərk etmək, həm bütün var olan və var olacaq yaradılmışların həqiqətlərinin mövcud olduğu qeyb aləminə daxil olmaq, həm də İnsan adının ucalığına aparan doğru yolu anlamaq kimi mövzuları ehtiva edir.

Qnosis və mə‘rifət arasında ümumi cəhətlərdən biri də hər ikisinin səmavi din zəminində yaranması əsas istinad və təsdiq mənbələrinin müqəddəs mətnlərin olmasıdır. Bununla belə, maraqlı bir fakt kimi, göstərək ki, belə biliklərə malik şəxslər din xadimləri tərəfindən ciddi təqiblərə məruz qalmış, hətta edam olunmuşlar. Buna səbəb rəsmi dinin aksiom və ehkam olaraq qəbul etdiyi mövzuların onlar tərəfindən müzakirə obyektinə çevrilməsi olmuşdur.

Göstərilən oxşarlıqlarla yanaşı, qnosis və mə‘rifət arasında müəyyən fərqlər də mövcuddur. Hər iki məfhum elmi ədəbiyyatda hüquq qazansa da, tədqiqatçıların fikrinə görə, «qnostisizmin təşəkkül tapması II əsr Aralıq dənizi sahillərinin mədəni və ictimai həyatının atmosferindən irəli gəlmişdir, o, zamanın ideyası, rəmzi və dil ənənəsidir – bundan kənarda o, təyin edilə bilməz» [122, 51-52]. Müəllif qnosisi müəyyən şərtlərin tələbi ilə yaranmış, məhdud zaman və məkanda təşəkkül tapmış tarixi bir hadisə kimi təqdim etməklə, zənnimizcə, onu yalnız bir termin olaraq məhdudlaşdırmışdır. Təbii ki, eyni şeyi ümumiyyətlə irrasional bilik haqqında demək olmaz. Buna nümunə olaraq orta əsr Qərb filosoflarının görüşlərində fərqli terminlər altında xatırlanan irrasional bilik anlamlarını göstərmək olar.

Qnosisdən fərqli olaraq mə‘rifət ümumiyyətlə İslam fəlsəfəsinə, hətta daha geniş sahəyə nüfuz edə bilmişdir. Bunu təsəvvüf elementlərinin bir çox İslam filosofunun dünyagörüşünə, yaxud İslam mədəniyyətinin müxtəlif sahələrinə təsiri ilə izah etmək olar. İnkişaf prosesindən və fəlsəfə tarixində əhəmiyyətindən çıxış edərək bildirmək olar ki, mə‘rifət zaman və məkan həddini aşa bilmiş və yalnız orta əsrlərə məxsus bir məfhum olmaqdan çıxmışdır. Buna səbəb, zənni­miz­cə, onların (mə‘rifətin və qnosisin) istinad mənbələridir. Belə ki, İslam sonuncu, digər səmavi dinləri də özündə ehtiva edən ümumbəşəri bir dindir. Bu baxından, onun əsl mahiyyətini təşkil edən təsəvvüfün idrak nəzəriyyəsinin əsas prinsipi olan mə‘rifətin də özündən əvvəl mövcud olmuş mahiyyətcə eyni, termincə fərqli məfhumları özündə cəmləş­dir­məsi və bu günə qədər öz mövcudluğunu saxlaması mübahisə doğurmur.

Mənbələrdən irəli gələn digər fərq qnosis və mə‘rifətin son nəticəsi ilə bağlıdır. Əgər qnosis son məqamda Allahın Özü, Zatı haqqında bilik almaqdırsa, Allahın mə‘rifətinə «yol yoxdur, O, əlçatmazdır». «Qnosisin zirvəsində yaradılanla yaradan arasındakı hədd silinir. İsa və dünyanın, İsa və qnostikin, Ata və qnostikin, xaliq və məxluqun, xilaskar və xilas edilənin eyniliyi… qnostи́k yolu fərqləndirən cəhətdir» [122, 49]. Eyni zamanda, «yaradılana və dünyaya mənfi münasibət qnostik və ilahinin eyni mahiyyətli olmalarından yaranan əminliklə çulğalaşır» [122, 51]. Məlum olduğu kimi, Xristianlıqda Tək Allah Müqəddəs Üçlük vasitəsilə təzahür edir ki, onun zirvələrindən biri insandır. Mənəvi inkişafının sonunda insan İsa Məsihə müvəffəq olarsa, yəni bu zirvəyə çata bilərsə, Allahın özü ilə vəhdətə çatmış olar və o, İsa Məsih kimi bəşərilikdən çıxıb ilahiyə çevrilə bilər. Qnosis insanı həmin vəhdətə çatdıran bilikdir.

Qnostiklərdən fərqli olaraq ariflər (mə‘rifət sahibləri) insan və Allahı eyniləşdirmir və Allahı bütün xəlqi sifətlərdən yüksəkdə bilirlər, çünki O, insanın çata biləcəyi ən ali zirvənin də fövqündədir. Sufi mütəfəkkir Mənsur Həllac yazır: «Arif – görəndir, mə‘rifət – əbədi olanladır [Allahladır]. Arif öz irfanı ilədir, çünki o, öz irfanıdır, irfanı da odur. Mə‘rifət isə bunun arxasındadır, Məruf (tanınan, Allah – K.B.) isə bunun arxasındadır. Haqq Haqdır, xəlq – xəlqdir, vəssalam» [142, 77-78], yəni mə‘rifət də insanı vəhdətə aparan bir bilikdir, lakin bu vəhdət Allahın mülkündədir, Onun özü ilə deyil.

Biliyin tərifi verilərkən ilk növbədə onun gerçəkliyin inikası olması vurğulanmışdı. Onu da xatırladaq ki, deyilənlər rasional biliyə şamil edilmişdi. Burada haqlı olaraq belə bir sual yaranır: bəs irrasional bilik nəyin inikasıdır və ya rasional və irrasional bilik necə əlaqəlidir?

İrrasional biliyin Qərb və Şərq fəlsəfə tarixində təzahürləri – qnosis və mə‘rifət – haqqında deyilənlərdən belə məlum oldu ki, o (irrasional bilik), mənəvi təcrübənin nəticəsi kimi subyekt və obyekt arasındakı qarşılıqlı əlaqənin batini tərəfidir. Professor Ə.Məmmədovun bildirdiyi kimi, «rasional formalar kimi, qeyri-rasional əməliyyatlar da insan fəaliyyətindən kənarda deyil, bu fəaliyyətin atributu, zəruri, qanunauyğun momenti və məhsulu kimi mövcuddur» [15, 240]. Məzmun forma ilə, batin zahirlə qarşılıqlı əlaqədə olduğu kimi, irrasional bilik də rasionalla əlaqəlidir və bundan çıxış edərək suala birmənalı olaraq belə cavab vermək mümkündür: irrasional bilik gerçəkliyin qeyri-maddi, batini tərəfinin inikasıdır. Bu o deməkdir ki, insanın intellektual və ruhi inkişafında rasional və irrasional biliklərin hər birinin öz rolu və əhəmiyyəti vardır.

Bundan başqa, əgər nəzərə alsaq ki, irrasional biliyin obyekti olaraq həmçinin Tanrı, ruh, mələk, ilahi aləmlər və digər qeyri-maddi varlıqlar da çıxış edir, onda irrasional biliyin ikinci bir xarakteri də aydınlaşır: o, həm də insan ruhunun ünsiyyətdə ola bildiyi ilahi aləmin və qeyri-maddi varlıqların inikasıdır. Lakin burada əhəmiyyətli bir məsələ də vardır. Dionisiy Areopaqit yazır: «Bizim ağlımız səmavi mərhələlərin yaxınlığına və sezilməsinə yalnız ona məxsus maddi rəhbərliyin vasitəsilə, yəni görünən gözəllikləri görünməyən əzəmətin izləri kimi qəbul etməklə çata bilər» [74, 1/3]. Deməli, insan rasional biliklərlə müəyyən səviyyəyə çatdıqdan sonra irrasional biliyə sahib ola bilər. Xatırladaq ki, irrasional bilik yalnız yüksək şüurlu insanlara verilir. Eyni zamanda, bu biliyin özü də «saflaşma, nurlanma və kamilləşmədir; belə ki, o, müqəddəs sirlərin dərkini layiqincə çatdırır. Bu saflaşdıran ilahi biliklə o, həm də ağılı nurlandırır, ona əvvəllər tanımadıqlarını indi yuxarıdan nurlanma ilə aşkarlayır və müqəddəs sirlərin sabit dərkini çatdırmaqla onu kamilləşdirir» [74].

Deyilənlərdən belə məlum olur ki, insanın irrasional bilik aldığı proses, yəni onun mənəvi təcrübəsi müəyyən rasional biliklər üzərindən başlayır. Bu inkişaf və ya yüksəliş ilahi, maddiyyat fövqündə var olan varlıqlar haqqında bilik verməklə yanaşı maddi aləmə də baxış prizmasını dəyişir, yəni maddi varlıqların zahiri ilə yanaşı, onların batini həqiqətlərindən də agah olmaq imkanı qazanır. Bu, insanın bir sosial varlıq olaraq qalmaqla özünün həm də ruhani bir varlıq olmasını dəyərləndirib maddiyyatdan kənara çıxması və ilahi aləmlə get-gedə daha sıx şəkildə ünsiyyətdə olmasıdır. Bu «keçid mərhələsini» mütəfəkkirlər biliksizlikdən əsl biliyə keçmək adlandırırlar. M.Ekxart (XIV əsr) yazır: «Əsl bilməməzlik cahillik deyil, ona ali biliklə çatırlar, çünki Allahın Kəlamı bilməməzlikdə səslənir» [129, 85]. Əbdülqadir Gilani (XII əsr) isə: «Elmin elmi – elmdən xəbərsizlikdir» [141, 18], – deyə bildirir.

İrrasional biliklər məzmununa və mahiyyətinə görə zaman-məkan, səbəb-nəticə fövqündə olmaqlarına, rasional biliklərin bitdiyi yerdə başladıqlarına və həqiqəti olduğu kimi ifadə etdiklərinə görə irrasional biliklərin «biliksizlikdə ən ali biliklərin olduğu güman edilir» [107, 170].

Göründüyü kimi, söhbət rasional biliyin, ağılın inkarından deyil, onun fövqündə var olan bir aləmdən və həmin aləmi təsvir edə bilən məxsus bilikdən gedir.

İrrasional biliyin təhlilində tədqiqatçılar (bizim də o cümlədən) tərəfindən tez-tez işlədilən terminlərdən biri də mistika və ya mistik təcrübədir. Aralarındakı müəyyən oxşar cəhətləri nəzərə alaraq bəzi elmi ədəbiyyatlarda irrasional və mistik biliklər ya eyniləşdirilir, ya da sinonim anlamlar kimi qəbul edilir. Məsələyə nisbətən açıqlıq gətirmək məqsədi ilə onlar arasında kiçik bir müqayisə aparaq.

«Misteriyaların rolu insana əşyanın içə aid (batini), ilahi biliyi qazandırmaq və onu yenidən əzəliyyətə qovuşdurmaqdır. Bu səbəbdən, mistikin obyekti zaman dünyasından zamansız dünyaya, əzəliyyətə keçməkdir, yəni Allahı doğrudan doğruya qavramaqdır» [64, 4]. Başqa bir alim də deyilənləri təsdiqləyərək bildirir ki, mistika «gerçəkliyin zahiri formasının arxasında gizlənən həyatı görüb, bütün varlıqların simvolik təbiətinin aşkarlandığı sonsuzluğu açmaqdır» [69, 241]. Ensiklopedik lüğətdə isə: «Mistika – ekstaz vəziyyətdə mütləqlə bilavasitə «birləşmə»ni yaşamaq məqsədi ilə olan dini təcrübə, həmçinin bu təcrübəyə haqq qazandıran, onu mənalandıran və təyin edən teoloji və fəlsəfi doktrinaların cəmi» [129, 376] kimi izah edilir. Deyilənlərdən belə məlum olur ki, mistik bilik həm Allahın özü, həm də şeylərin batini mənası haqqında həqiqi biliklərdir.

Bununla yanaşı, mistika insanın yeni idrak imkanları, özünüdərk vasitəsidir, yəni onun fərdiliyini kəşf edən, insanlığın mahiyyətini açıqlayan bir bilikdir: «Mistika insana özünün şüurüstünü istifadə etməyə kömək edir, ona dağılmaz şəxsi avtoritet verir və mistikaya malik hər insan özü özünə rəhbər olur, kütlənin hissəsi olmur» [81]. Alimlər tərəfindən o da vurğulanır ki, «bütün növ mistiklər rasional idrakı aşağı, ilk pillə kimi məhdudlaşdırırlar. Deməli, məntiqi idrakın təməli olan hissi, sensor idrak da məhduddur; idrakın yeni alətləri meydana çıxır – qəlb (iudaizm, xristianlıq, islam, daosizm) diskursiv düşüncənin həddini aşıb prinsipial intuitiv, irrasional səviyyədə əməliyyat apara bilir» [69, 237]. Başqa sözlə desək, mistik bilik rasional düşüncədən kənar yeni idrak vasitələri qazanmaqdır. C.Sunar yazır: «Mistik şüur intellektual şüurdan tamamilə başqa olduğu üçün intellektual şüura aid terminlər içində təhlil edilib tanına bilməz. Onda təsəvvürlərə və qavramlara aid nə varsa atılmışdır. Onda heç bir düşüncə yoxdur… Lakin mistik təcrübə intellekt olmayan bir şüur şəklidir. Bu səbəblə də çox az kimsələrdə görülən belə bir şüur tipi normal psixoloji hədləri aşar» [64, 8]. Deməli, mistik bilik fərqli termin və təhlillərə malik olması ilə yanaşı fövqəlşüurdur və bəzi hallarda anormal (normal deyəndə rasional, intellektual nəzərdə tutulur – K.B.) xarakter daşıyır və o, intellektlə, rasional ağılla heç bir tərəfdən əlaqəsi olmayan bir bilik növüdür.

Xatırladaq ki, bəzi mistik cərəyanların, qrupların başçıları, şamanlar və s. bu kimi şəxslər mistik şüurlarından və rituallardan istifadə edərək müasir elmi-siyasi proseslər fonunda ibtidai hesab edilən mistik biliklərə sahib olurlar və bu həqiqətlər onların həyatının mənası, nəsillikcə müqəddəs bilib qoruyub saxladıqları, qovuşmaq istədikləri məqsədləridir. Onu da vurğulayaq ki, intellektə nisbətdə bəzən primitiv hesab edilən bu həqiqətlər məzmunca dərin və ayrıca tədqiqat mövzusu ola biləcək qədər mürəkkəbdirlər.

Göründüyü kimi, mistik bilik tam anlamı ilə, yəni ezoterikliyinə, qazanılma vasitəsinə, obyektə baxış prizmasına görə irrasionaldır. Bəs hər irrasional biliyi mistik adlandırmaq nə dərəcədə doğrudur? Mistik və irrasional biliklər arasında bir sıra oxşar cəhətlər olsa da, əsaslı fərqlər mövcuddur. Birincisi, qeyd etmişdik ki, irrasional bilik insanın ruhani varlıq kimi öz imkanlarından istifadə edərək əldə etdiyi bilikdir və o, şüur və əxlaqına görə seçilən şəxsərə verilir. Deməli, rasional və irras­i­o­nal biliklər qarşılıqlı şəkildə əlaqədə olub bir-birini tamamlayır. Ona nis­bətən mistik bilik əksinə, rasional biliyi məhdudlaşdırır və ondan ta­ma­milə kənardır. Bu amil bizə irrasional biliyin mistik biliyə nisbətdə daha geniş miqyaslı və daha yüksək səviyyəli olduğunu deməyə əsas verir.

İkincisi, həm mistik, həm də irrasional biliyin təməlində iman və sevgi dursa da, mistik bilik ilk növbədə mistik təcrübə və həyat tərzinə, daşlaşmış ənənəyə söykənir, irrasional biliyin əsasında isə mənəvi təcrübə ilə yanaşı rasional biliklər də durur.

Üçüncüsü, C.Sunarın da bildirdiyi kimi, mistik bilikdə düşüncə yoxdur. Bundan başqa, nəzərə alsaq ki, burada yalnız şərait və konkret vəziyyətlə bağlı ayrı-ayrı, ola bilsin ki, əlaqəsiz həqiqətlərin alınmasından söz gedir, onda bitkin və sistemli bir idrak prosesinin mövcudluğu böyük bir şübhə altına düşür. İrrasional bilik növü isə şüurun üst qatına xas bir hadisə kimi bitkin nəzəriyyəyə və düşüncə sisteminə əsaslanır və idrak prosesində əhəmiyyətli rol oynayır.

Nəhayət, tarixdən də məlum olduğu kimi, mistik təcrübədə biliyi verən Allahla yanaşı, digər qüvvələr də ola bilər. Buna misal olaraq çoxsaylı dini-mistik sektaları, qruplaşmaları göstərmək olar ki, inanclarının başında ayrı-ayrı şəxslərdən tutmuş iblisə qədər dura bilir. Mistik təcrübədə geniş yayılan hallardan biri də fanatizmdir.

İrrasional biliyi verən yalnız Allahdır. Bunu deməyə əsas verən, əvvəla, irrasional biliyin Müqəddəs kitablara istinad etməsidir ki, onlarda da tək yaradan, yaradılanların tək sahibi yalnız Allahdır. İkincisi isə, müqəddəs mətnlərdə, xüsusilə, Qurani Kərimdə insanın irrasional düşüncəsi ilə yanaşı, rasional düşüncəsinə də müraciət edilməsidir. Bu fakt hər bir fanatizmin qarşısının, yəni Allahın özünə belə kor-korana imanın qarşısının alınması deməkdir.

Deyilənləri nəzərə alaraq belə nəticə çıxartmaq olar ki, irrasional bilik mistik biliyi də ehtiva edən daha geniş məfhumdur və hər mistik biliyi müəyyən mənada irrasional adlandırmaq mümkün olduğu halda, hər irrasional biliyə mistik demək olmaz. Hər iki biliyin xarakterini və mahiyyətini nəzərə alaraq onu da bildirmək olar ki, mistik bilik irrasional biliyin ilk mərhələsidir və bəzi mistik biliklər sonradan irrasional səviyyəyə qalxa bildiyi halda, digərləri elə ilk mərhələdə qalır. Ola bilsin ki, bu səbəbdən bir çox mütəfəkkirdə mistik bilik müşahidə etmək mümkündür: «Böyük rasionalist mütəfəkkirlərlərdən heç birinin təlimi mistikadan azad deyildi, Allah və ilahi kəşfi inkar etmir, sona qədər qoyulan problemlərin həllində ardıcıl olmur, hardasa şüurlu yaxud şüursuz şəkildə mövqelər aqnostisizmə, subyektiv və ya obyektiv idealizmə, irrasionalizmə və dinə verilirdi» [106, 47].

İrrasional biliyin təhlilində əhəmiyyətli faktlardan biri də onun sonsuz və dialektik xarakterli olmasıdır. Tədqiqatçılardan birinin fikrinə görə, «Hegel ona qədər mövcud olan vasitəsiz bilik nəzəriyyəsinin qeyri-dialektik bir nəzəriyyə olma fikrini tənqid etmişdir və vasitəsiz bilikdə vasitəli və vasitəsiz biliklərin vəhdətini görmüşdür» və bunun əsasında inkişaf edən təfəkkürü götürmüşdür [99]. Bu sözlərin müəllifi ilə razılaşaraq onu da bildirək ki, Hegeldən fərqli olaraq biz irrasional biliyin sonsuz və dialektik olmasının səbəbini subyektin məhdud (nə qədər geniş imkanlara malik olsa da) təfəkküründə deyil, əbədi yaratma qüdrətinə sahib obyektdə – Allah Təalada görürük. Qeyd etdiyimiz kimi, irrasional bilik bilavasitə Allahdan, Yaradandan alınan bilikdir. Yaradılış daim davam edən və dəyişən bir prosesdir. Məsələn, təsəvvüfdə həqiqətə gedən yolda insanın yaşadığı hal və məqamlar ona mə‘rifətin müxtəlif qatlarını açır və hər yolun sonu onun başlanğıcı olur, yəni bu, daim dəyişən və sonu olmayan bir inkişafdır. İrrasional biliyin verilməsini işraqilik (nurlanma) yolu ilə izah edən Şihabəddin Sührəvərdi yazır: «Feyz (nurlanma) əbədidir, fail (nurlandıran) dəyişmir və əksilmir və aləm Onun davam etməsi ilə davam edir» [147, 181].

Göründüyü kimi, materiya daxilində fəaliyyət göstərən şüur və ağıla sahib subyekt və maddi obyekt arasındakı əlaqənin inikası olan rasional bilikdən fərqli olaraq irrasional bilik daha geniş məfhumdur. Belə ki, burada obyekt sonsuz və əhatəedilməz olmaqla yanaşı, həmçinin maddi aləmə məxsus varlıqların mahiyyətini də özündə ehtiva edir və bu baxımdan, irrasional bilik rasionalı da öz hüdudları arasına almış olur. İkinci tərəfdən, irrasional biliyin əldə edilməsində insan həm özünün rasional bacarıqlarından bir tramplin, hazırlıq mərhələsi kimi istifadə etməli, həm də onları kamilləşdirmək və əsl həqiqətə sahib olmaq üçün özünün ruhi, mənəvi bacarıqlarını ortaya çıxartmalıdır. Yəni rasional və irrasional biliklər paralel şəkildə inkişaf etdirilməli, biri digərinin kölgəsində saxlanılmamalıdır. Nəhayət, rasional bilik bəlli çərçivə və məlum hüdudlar, zaman-məkan, səbəb-nəticə anlamları daxilində mövcud olduğu halda irrasional bilik sonsuz bir aləmdən daim verilən, hər subyektin özünə xas və bu subyektin fərqli hal və məqamlarına müvafiq kəşf olunan vasitəsiz biliklərdir. Bu baxımdan o, dialektik və sonsuzdur.

Beləliklə, irrasional bilik nədir? Bu suala müxtəlif mövqelərdən belə cavab vermək mümkündür.

İrrasional bilik həm insanın çoxluq arasında öz yerini tutması cəhdi, bütövün bir hissəsi olduğunu təsdiqləməsi, həm də məhz insanın bu çoxluqda xüsusi rola və mahiyyətə malik olması deməkdir.

İrrasional bilik – hər insanın Mütləq Varlığa imanından və məhəbbətindən doğan bir zərurətdir, yəni o, insanın inandığı, itaət etdiyi və sevdiyi obyekti tanıyıb dərk etmək istəyi onun təfəkkürünün, ruhunun tələbidir.

İrrasional bilik – maddi və qeyri-maddi, təbii və fövqəltəbii varlıqların gizli, batini həqiqətlərinin insanın şüurüstündə inikasıdır. İnsanın onu əldə etmə vasitəsini və dinin zəminində formalaşdığını nəzərə alaraq irrasional bilik – insanın idrak prosesinin mənəvi inkişafı və təcrübəsi ilə yoxlanan və insanlıqla təsdiqlənən nəticəsidir. Bilik əldə etmə prosesinin fərdi və gizli olmasını və onun Ali qüvvə tərəfindən bəxş edilməsini ön planda tutsaq, irrasional bilik – obyektiv həqiqətin subyektiv inikasıdır deyə bilərik. Nəhayət, irrasional bilik – insanın Mütləq həqiqətin dərki prosesində rasional biliyi tamamlayan və kamilləşdirən, rasional vasitələrlə rəmzi şəkildə ifadə edilən bilik formasıdır.


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə