Jan Pol Sartr Ürək bulantısı Roman



Yüklə 0,82 Mb.
səhifə4/12
tarix01.11.2017
ölçüsü0,82 Mb.
#7818
1   2   3   4   5   6   7   8   9   ...   12

-          Həəə, bu sənsən qoca zibil, – o qışqırır. – Hələ ölməmisən? Və siz hər zibili içəri buraxırsınız? – ofisianta deyir.

Hiyləgər baxışları ilə adamcığaza baxır. Belə düz baxışlar hamını yerində oturtmağa qadirdir.

-          Qoca psix- bax o budur.

Həkim Roje hətta zarafat etdiyini göstərmək üçün özünə əziyyət də vermir. O bilir ki, qoca psix hirslənməyəcək, təbəssümün içində batacaq. Elə belə də olur, o alçalmışcasına gülümsəyir. Qoca psix rahatlaşıb, hiss edir ki, onu özündən kənarlaşdırıblar, bu gün onun başına heç nə gəlməyəcək. Ən dəhşətlisi odur ki, mən də rahatlaşmışam. Mənimlə də eyni şey baş verir- mən də sadəcə qoca psixəm. Həkim gülür, mənə yoldaşlıq baxışı atır; şübhəsiz boyuma görə, köynəyim də təmizdir, məni zarafatlarında iştirak etmək üçün çağırmağa hazırdır. Mən gülmürəm və bu oyunlara cavab vermirəm, onda gülməyini saxlamadan gözlərindəki qorxunc alovu mənə tərəf çevirir. Bir neçə an gözlərimizi çəkmədən bir-birimizə baxırıq, baxışlarını qıyıb, necə bir insan olduğumu, mənə qarşı necə davranmalı olduğunu düşünür. Psixlərə aid insanam yoxsa yoldan keçənlərə?

Yenə də gözlərini birinci o qaçırdır- özün fikirləş, hansısa tək, heç bir ictimai statusa malik olmayan adam üçün əziyyət çəkməyə dəyərmi, belə kəslər o dəqiqə unudulur. Həkim siqaretini bükür, çəkir, tərpənmədən, adətən qocalarda olan donmuş və sərt baxışlarla baxır. Üzünün gözəl qırışları var, hər növdə: alnında uzununa qırışlar, gözlərinin yanındakı çuxurlar, ağzının hər tərəfində qırışıqlıq, hələ çənəsinin altındakı sarışın xəttlər. Həkimin bəxti gətirib- onu uzaqdan görən hər kəs deyəcək, bax bu adam əzab çəkib və həyatında bütün zövqləri yaşayıb. Qısacası, həkim üzünə layiqdir, o bir an da keçmişini hansı formada saxlayıb istifadə etməyə şübhə etməyib. Üzünü götürüb, ondan müqəvva düzəldib, qadınlar və gənc insanlarda təəssürat oyatmaq üçün istifadə edib.

Müsyö Axill xoşbəxtdir, özü də deyəsən çoxdan belə xoşbəxt olmayıb. Həzzdən keyləşib, yanaqlarını şişirdib“Birri” içəri ötürür. Həə, həkim ona yol tapdı! Həkim hər an tutması tutacaq qoca psixlərdən çaşacaq adam deyil; yaxşı məzəmmət, üzə şapalaq kimi dəyən bir neçə kobud söz, vəssalam, onun kimilərə bundan artığı heç lazım da deyil. Həkimin təcrübəsi var. Təcrübəsi olmaq, onun ixtisasıdır; həkimlər, keşişlər, hakimlər və zabitlər insanları əzbər tanıyırlar, elə bil ki insanları onlar yaradıblar. Müsyö Axillin yerinə utanıram. Biz onunla ayaqqabının iki tayıyıq, gərək birləşib onlara qarşı olaq. Amma o məni satdı, onların tərəfinə keçdi, təcrübəyə ürəkdən inanır. Nə özünün nə də mənim təcrübəmə, məhz həkim Rojenin təcrübəsinə inanır. Hələ bir az əvvəl müsyö Axill özünü qəribə hiss edirdi, elə bilirdi təkdir, amma indi o bilir ki, onun kimilər çoxdur, lap çoxdur, həkim Roje belə insanlarla çox görüşüb, o müsyö Axillə onların hər birinin həyatını və axırlarının necə olduğunu danışa bilər. Müsyö Axill sadəcə təsadüfdür, bəzi ümumi anlayışlarla üst-üstə düşən xüsusi hadisədir. Ona aldandığını, həkimin lovğalıq oynadığını elə demək istərdim ki… Məgər onlar təcrübə peşəkarlarıdırlar? Onlar bütün həyatlarını mənasız, küt, yarıyuxulu keçiriblər, səbirsizlikdən tələmtələsik evlənirlər, şansa şans uşaq düzəldirlər. Kafelərdə, toylarda başqa insanlarla görüşürlər. Bəzən hansısa burulğana düşüb, onlara nə baş verdiyini başa düşmədən çabalayırlar. Ətraflarında baş verən hər şey onların baxış bucağından kənarda başlayıb, bitir: tutqun uzunsov formalar, hadisələr qəfil uzaqdan gəlib onları vurur, baxıb nə olduğunu başa düşməyə çalışanda isə artıq hər şey bitmiş olur. Budur, qırx yaşlarında kiçik həvəslərini və atalar sözlərinin balaca toplusunu təcrübə adlandırırlar, ticarət avtomatları kimi fəaliyyətə başlayırlar. Sol deşiyə qəpik atırsan- buda sənə gümüşü zərlə bəzədilmiş qutuda həyatın bir-iki nümunəsi, sağ deşiyə qəpik atırsan dişlərə iris kimi yapışan qiymətli məsləhətlər götürürsən.

Mən özüm də bir çox arzu edilən qonaqlar üçün belə qiymətli ola bilərdim, hamısı mənə deyərdilər ki, uca yaradan şahiddir ki mən necə böyük səyahətçiyəm. Tamamilə düzdür ki, müsəlmanlar oturub işəyirlər, Hindistanda mamaçalar qanaxmanın qarşısını almaq üçün mal peyininə batırılmış şüşədən istifadə edirlər, Borneoda qızlar aybaşı olanda üç gün, üç gecəni evlərinin damında keçirirlər. Venesiyada qayıqlarda dəfn, Sevilyada Ehtiraslı həftə bayramını, Oberammerqauda Misteriya gördüm. Əlbəttə ki, bu mənim təxəyyülümün kiçik formasıdır, mən məsələn kresloya yayxanıb, zarafat üçün belə başlaya bilərdim:

“ Əzizim madam, siz Yiqlava haqqında eşitmisiniz? Bu Moraviyada 1924-cü ildə yaşamalı olduğum balaca şəhərdir…”

Və öz vaxtında bir çox hüquqi kazusları həll etmiş məhkəmə sədri hekayəm bitəndə söz alıb deyərdi:

“ Siz tamamilə haqlısınız, əziz müsyö, bu insanlara xasdır. Mən belə hadisə ilə karyeramı təzə başlayanda rastlaşmışam. 1902-ci il idi. Mən Limojda hakim köməkçisi işləyirdim…”

Məsələ ondadır ki, bütün bu söhbətlər hələ cavanlığımda zəhləmi tökmüşdü. Düzdür, mən peşəkarlar ailəsində doğulmamışam. Amma axı həm də həvəskarlar var. Katibələr, qulluqçular, ticarətçilər və s. Kafelərdə başqalarını dinləyirlər, qırx yaşlarında kənara tökə bilmədikləri çoxlu təcrübə sahibi olurlar. Xoşbəxtlikdən, onlar uşaqlar törədiblər, məhz onları bu təcrübəni yerindən tərpənmədən həyata keçirməyə məcbur edirlər. Beynimizə yeritmək istəyirlər ki, onların keçmişləri itməyib, sadəcə xatirələri sakit-sakit müdrikliyə keçib. Rahat keçmişdir! Cib keçmişi, qızıl kitabxanada həqiqətin yalan yazıldığı kitab. “İnanın mənə, mən təcrübəmə əsasən danışıram, bildiyim hər şeyi mənə həyat öyrədib”. Heç görəsən Həyat onlar haqqında fikirləşir? Bütün yeniliyi onlar keçmişin köməyi ilə, köhnəni isə daha qədim keçmişin köməyi ilə izah edirlər, Lenini rus Robespyeri, Robespyeri fransız Kromveli olaraq təsvir edən tarixçilər kimi: son nəticədə onlar hələ də heç nə başa düşməyiblər. Onların lovğalığı altında tutqun tənbəllik yatır;bir hadisənin digərini necə əvəz etməsini müşahidə edib, fikirləşirlər: dünyada heç nə təzə deyil. “Qoca psix”- və həkim Roje əslində heç birini ayrı-ayrılıqda xatırlamadığı digər qoca psixləri yadına salır. Müsyö Axillin nə deməsindən asılı olmayaraq, gərək təəccüblənməyək: Hər şey aydındır- qoca psix!

O heç də qoca psix deyil, o sadəcə qorxur. Nədən qorxur görəsən? Nəyisə başa düşməyə çalışanda bu nə iləsə üz-üzə qalırsan, tamam tək, köməksiz və dünyanın bütün keçmişi sənə heç nədə kömək edə bilmir. Sonra bu nə isə itir və başa düşə bildiyin hər şey də onunla birlikdə yoxa çıxır. Ümumi təəssüratlarla qidalanmaq daha rahatdır. Onsuz da peşəkarlar da, həvəskarlar da əvvəl axır hamısı haqlı çıxırlar. Onların müdrikliyi məsləhət görür ki, nə qədər mümkündür az səs sal, az yaşa, çalışmaq lazımdır ki, sənin haqqında unutsunlar. Hər şeydən çox onlar axmaq insanlar ya da cəzalandırılmış əcaib adamlar haqqında danışmağı xoşlayırlar. Nə edəsən, bəlkə elə belə də olur, heç kəs əksini iddia etmir. Bəlkə də müsyö Axillin vicdanı heç də sakit deyil. Bəlkə o fikirləşir ki, atasının, böyük bacısının məsləhətlərinə qulaq assaydı gəlib çıxdığı yerdə  olmazdı. Həkim onu ittiham etməkdə haqlıdır. Axı həkim öz həyatını puç etməyib, ətrafdakılar üçün yararlı insan ola bilib. Bu cılız adam, xarabalıqlar üstündən sakit, möcüzəli şəkildə asıla bilir; o qayadır. Həkim Roje kalvadosunu içdi. Möhkəm bədəni yumşaldı, göz qapaqları ağır-ağır endi. İlk dəfədir onun üzünü gözsüz görürəm, bu gün bazarlarda satılan karton maskası kimi üzü var. Yanaqları güclü çəhrayı rəngdədir… Birdən mənə aydın olur: bu insan tezliklə öləcək. Yəqin özü də bunu başa düşür, güzgülərə baxmaqdan bezib: hər gün daha çox gələcək cəsədinə oxşayır. Bax bu onların təcrübəsidir, ona görə də özümə tez-tez deyirəm ki, onların təcrübəsi ölü iyi verir, bu onların sonuncu sığınacaqlarıdır. Həkim məhz bu vaxt öz təcrübəsinə inanmaq istərdi, özündən dözülməz həqiqəti gizlətmək istərdi:o təkdir, nə keçmişi, nə müdrikliyi var, şüuru yavaş-yavaş dumanlanır, bədəni çürüyür. Bax elə buna görə də həvəslə öz balaca kompensator boşboğazlığını bəzəyir, abadlaşdırır: özünü guya inkişaf etməsinə inandırır. Yaddaşında pozğunluq əmələ gəlib, beyni arabir boşboşuna işləyir? Qəti yox, sadəcə o indi tələm tələsik gənc mühakimələrinə qaçır. O indi başa düşmür kitablarda nə yazılır? Yox əşi, o sadəcə oxumaq istəmir. O daha sevişə bilmir? Hə, nə olsun, öz vaxtında kifayət qədər sevişib. Sevgi intriqalarının isə keçmişdə olması daha yaxşıdır nəinki indi- kənardan mühakimə aparıb, müqayisə edib fikirləşə bilir. Güzgülərdə ölü üzünə baxa bilmək üçün özünü əmin edir ki, sadəcə heykəltəraş üzündə təcrübə dərslərini həkk edib. Həkim başını yüngülcə çevirir. Göz qapaqları aralanır və mənə qızarmış, yuxulu gözlərlə baxır. Ona gülümsəyirəm. İstəyirəm təbəssümüm özündən gizlətməyə çalışdığı hər şeyi açıq aydın göstərsin. Əgər fikirləşə bilsəydi ki “Bu tip tezliklə öləcəyimi bilir!” – oyanardı. Amma göz qapaqları yenidən aşağı enir və o yatır. Mən isə müsyö Axilli onun yuxusunu qorumaqda qoyub, çıxıram.

Yağış kəsib, istidir, səmada yavaş-yavaş gözəl qara şəkillər üzür- mükəmməl an üçün bundan gözəl çərçivə ola bilməz; amma gərək bu şəkillərin ifadə olunduğu yer də olsun. Anni ürəyimizdən balaca, qaranlıq bulaqlar axıdardı. Mən isə belə təsadüflərdən istifadə edə bilmirəm, boş, avara-avara itən səmaya tamaşa edirəm.

 

 

 



Çərşənbə

Qorxuya məğlub olmaq olmaz.

Cümə axşamı

Dörd səhifə yazdım. Sonra uzun xoşbəxtlik anları yaşadım. Tarixin qiymətli olması ilə bağlı fikrə düşmədim. Yoxsa o inkar oluna bilərdi. Xatırladıram ki, markiz de Rolbon hal-hazırda mövcudluğunun yeganə təsdiqidir. Düz bir həftə sonra Anni ilə görüşəcəm.

 

Cümə


La Redut bulvarında elə sıx duman var idi ki, kazarmanın divarlarına yaxın getməyi daha ağıllı hesab etdim; sağ tərəfimdən avtomobil işıqları səkinin bitdiyi yerdə özləri ilə nəm işıq ləkəsi aparırdılar, heç nəyi müəyyən etmək mümkün deyildi. Məni insanlar əhatə edirdi- onların addımlarını, bəzən səslərinin vızıltılarını eşidirdim, amma heç kimi görmürdüm. Bir dəfə çiynim bərabərində bir qadın sifəti peyda oldu, amma elə o dəqiqə də onu duman uddu, sonra kimsə ucadan tövşüyərək məni itələyib keçdi. Hara getdiyimi bilmirdim, diqqətimi ancaq bir şeyə vermişdim, ehtiyatla yeriyirdim, ayaqqabımın ucu ilə yeri hiss etməyə çalışırdım, hətta əllərimi də irəli uzatmışdım. Bu hərəkətlər mənə bir qram da zövq vermirdi. Amma evə qayıtmaq barədə fikirləşmirdim- deyəsən itmişdim. Nəhayət yarım saatdan sonra uzaqdan mavi buxar gördüm. Düz ona tərəf gedib, tezliklə geniş işıq zolağına düşdüm- “Mabli” kafesi işıqları ilə dumanı yarırdı. “Mabli” kafesində bir xeyli elektrik lampaları var, amma indi ancaq ikisi: biri kassada, digəri çilçıraqda yanırdı. Yeganə ofisiant məni qaranlıq küncə itələdi.

-          Bura, müsyö, mən buranı yığışdırıram.

Ofisiant gödəkçədə, jiletsiz və yaxalıqsız idi, bənövşəyi rəngli zolaqları olan ağ köynək geyinmişdi. İnadla üzümə baxıb, əllərini saçlarına çəkərək əsnəyirdi.

-          Roqaliklə tünd kofe.

Cavab vermədən gözlərini silib getdi. Çirkli, buz kimi duman gözlərimin içinə girirdi.Deyəsən sobanı yandırmamışdılar.

Mən tək deyildim. Qarşı tərəfimdə solğun üzlü qadın oturmuşdu, əlləri dayanmadan hərəkətdə idi- gah bluzkasını düzəldirdi, gah da qara şlyapasını qaydasına salırdı.Yanında hündür sarışın kişi oturmuşdu, səssiz-səmirsiz brioş (yağlı ağ bulka) çeynəyirdi. Sükut məni əzirdi. Qəlyan çəkmək istəyirdim amma alışqanın səsi ilə onların diqqətini cəlb etmək istəmirdim.

Telefon zəngi. Bluzkadan yapışan əllər dondu. Ofisiant tələsmirdi. Dəstəyi götürməmişdən əvvəl tələsmədən yeri süpürüb qurtardı. “Allo, müsyö Jorjdur? Salam, müsyö Jorj…Bəli, müsyö Jorj…sahib yoxdur…Bəli, aşağı düşməlidir… Ah, bilsəniz necə duman var… Ümumiyyətlə o adətən saat səkkizdə düşür… Oldu, müsyö Jorj, deyərəm. Sağ olun, müsyö Jorj”.

Duman pəncərələrdən boz rəngli ağır, məxmər pərdə asmışdı. Kiminsə üzü şüşəyə yapışdı və o dəqiqə də itdi.

-          Ayaqqabılarımın ipini bağla,- qadın şikayətlə xahiş etdi.

-          O bağlıdır- kişi baxmadan cavab verdi.

Qadın hirsləndi. Əlləri böyük hörümçək kimi bluzkada və boynunda gəzdi.

 

-Dedim axı, bağlıdır.



Qanıqara aşağı əyilib, stolun altından yüngülcə qadının ayaqlarına toxundu:

-  Bağladım.

Qadın razı halda gülümsədi. Kişi ofisiantı çağırdı.

- Nə qədər ödəyəcəm?

- Neçə dənə brioş götürmüşdünüz?- ofisiant soruşdu. Sonra mən gözlərimi endirdim ki, onlara baxdığımı fikirləşməsinlər.Bir neçə saniyə sonra cırıltı eşitdim və yubkanın ətəyini, qurumuş palçığın yapışdığı iki cüt çəkmə gördüm. Çəkmələrin ardınca bir cür laklanmış və iti burunlu kişi çəkmələri gedirdi. Çəkmələr mənə yaxınlaşdı, dayandı və döndü, kişi paltosunu geyinirdi. Elə bu vaxt yubka ətəyi boyunca gərilmiş əllər aşağı düşdü. Əllər tərəddüd etdi, ətəyi yellətdi.

- Hazırsan? – kişi soruşdu.

Ovuc açıldı, sağ ayaqdakı qurumuş palçığa toxundu və itdi.

-          Uf!-  kişi ah çəkdi.

O asılqanın yanına qoyulmuş çamadanı qaldırdı. Onlar çıxdılar və dumanda itdilər.

-          Onlar aktyordurlar, – mənə kofe verərkən ofisiant dedi. – “Palas” kinoteatrında seanslar arası fasilə zamanı çıxış etdilər. Qadın gözünə yaylıq bağlayıb, tamaşaçıların adlarını və yaşlarını tapır. Bu gün çıxıb gedəcəklər, cümə günündən proqram dəyişilir.

Ofisiant bir az qabaq aktyorların oturduğu stolun üstündəki roqalik boşqabının ardınca getdi.

Mən bu roqalikləri yemək istəmirdim.

-          İşığı söndürmək lazım gələcək. Bir müştəri üçün iki lampanın, özü də səhər saat doqquzda yandırılmasına sahib hirslənəcək.

Kafeni alaqaranlıq basdı. İndi hündür pəncərələrdən boz- qəhvəyi rəngli zəif işıq düşürdü.

-          Mənə müsyö Faskel lazımdır.

Mən qoca qadının necə girdiyini görmədim. Buz kimi havadan məni əsməcə tutdu.

-          Müsyö Faskel hələ aşağı düşməyib.

-          Mən madam Floranın yanından gəlirəm, – qadın davam etdi.- Onun vəziyyəti pisdir. O bu gün gəlməyəcək.

Madam Floran kürən saçlı kassirdir.

-          Belə havalarda həmişə onun qarnı ağrıyır,- qoca dedi.

Ofisiant çoxmənalı görünüş aldı.

-          Bunu edən dumandır, – o dedi,- bax müsyö Faskellə də eyni şeydir. Qəribədir ki, o hələ aşağı düşməyib. Ona zəng vurmuşdular. Ümumiyyətlə o həmişə saat səkkizdə aşağı düşür.

Qoca qeyri-iradi tavana baxdı:

-          O haradadır, yuxarıda?

-          Hə, orada onun yataq otağıdır.

-          Bəlkə ölüb…- qoca ağır səslə elə danışdı ki, elə bil öz- özünə mühakimə edir.

-          Yox bir!- ofisiantın üzündə təbii əsəb peyda oldu. – Bircə bu çatışmırdı!

Bəlkə o ölüb… Mənim də ağlıma bu fikir gəldi. Belə fikirlər adətən duman vaxtı gəlir.

Qoca çıxıb getdi. Gərək mən də onun kimi edəydim: soyuq və qaranlıq idi. Qapının aralarından içəri duman girirdi, az-az yuxarı qalxıb, hər şeyi udurdu. Bələdiyyə kitabxanasında daha işıqlı və isti olardı. Yenə də kiminsə üzü şüşəyə yapışıb eybəcər ifadələr göstərdi.

-          Gözlə, gör başına nə oyun  açacam, – ofisiant hirsli-hirsli deyib, küçəyə qaçdı.

Üz itdi, mən tək qaldım. Özümü danladım ki, nahaq evdən çıxdım. İndi duman yəqin mənim oteldəki nömrəmi də udub, ora qayıtmağa qorxuram.

Kassanın arxasında qaranlıqda nəsə cırıldadı. Səs otağa aparan pilləkənlər tərəfdən gəldi: bəlkə sahib aşağı düşür? Yox, heç kim yoxdur: pilləkənlər öz-özünə cırıldadı. Müsyö Faskel hələ də yatır. Bəlkə də başımın üstündə ölüb. “Dumanlı səhərdə yatağında ölü tapıldı”. Başlıq: “Kafenin müştəriləri heç nədən şübhələnmədən yeyib, içirdilər”.

Görəsən hələ də yatağında uzanıb? Bəlkə yorğanını da özü ilə sürüyərək yataqdan yıxılıb və başı döşəməyə dəyib?

Mən müsyö Faskeli yaxşı tanıyıram, o bəzən mənimlə hal-əhval tuturdu. Kök, hamar saqqalı kefcil adamdır- ölübsə deməli ürək tutmasından ölüb. Üzü badımcana dönüb, dili ağzından çıxıb. Saqqalı dik durub, buruq saçları altında boynu bənövşəyi rəngə dönüb.

Sahibin yataq otağına aparan pilləkən dumanda itib. Sürahinin başını güclə seçə bilirəm. Bütün bu qaranlıq ərazini keçməli oldum. Pilləkən cırıldayır. Yuxarıda əlimlə qapının dəstəyini tapıram…

Cəsəd oradadır, başımın üstündə. İşığı yandıracam, isti bədənə toxunacam ki əmin olum…. Daha dözə bilmirəm, qalxıram. Əgər ofisiant məni pilləkənlərdə tutsa deyəcəm ki, səs eşitdim. Qəfil təngnəfəs olmuş ofisiant qayıtdı.

-          Mən buradayam, müsyö,- o qışqırdı.

Axmaq! Mənə tərəf gəlir.

-          İki frank ödəyəcəksiniz.

-          Yuxarıda səs eşitdim,- deyirəm.

-          Çoxdan vaxtdır!

-          Hə, amma deyəsən nəsə olub. Elə bil kimsə xırıldadı, sonra da boğuq səs gəldi.

Bu qaranlıq, pəncərələrindən çöldə dumanın qaynadığı otaqda sözlərim tamamilə təbii səsləndi. Heç vaxt onun gözlərinin ifadəsini unutmaram.

-          Məncə gedib baxmalısınız,- hiyləgərcəsinə təklif edirəm.

-          Yox!- etiraz edir, – məni danlayar. Saat neçədir?

-          On.

-          Əgər on birin yarısına qədər düşməsə gedib baxacam.

Qapıya tərəf addım atıram.

-          Gedirsiniz? Bəlkə bir az da oturasınız?

-          Yox.

-          Doğurdan o xırıldadı?

-          Bilmirəm- gedə-gedə cavab verirəm,- bəlkə kefim yaxşı deyil ona görə mənə elə gəlib.

Duman bir az seyrəlmişdi. Tələsə-tələsə Turnebrid küçəsinə tərəf gedirəm- onun işıqlarına ehtiyacım var. Səhv etmişəm, işıqlar var idi, onlar yanırdılar və mağazaların vitrinlərini işıqlandırırdılar. Amma bu şən işıq deyildi- dumana görə onlar tamam ağ görünürdülər və adamın içinə ruh kimi dolurdular.

Çoxlu adam, daha çox qadınlar, dayələr, qulluqçular, bəzən isə “Hər şeyi özüm alacam, belə daha düzgündür” deyən sahiblər vitrinlərə tamaşa edib, sonra içəri girirdilər.

Julyenin kolbasaçısının qabağında dayandım. Arabir şüşənin arxasından göbələkli qarnirdə bişirilmiş ayağa və ya sosiskalara işarə edən əllər görünürdü. Sonra kök, sarışın qız döşlərini göstərərək əyilib barmaqları ilə ölü gövdədən bir parça götürdü. Müsyö Faskel isə buradan beş dəqiqəlik uzaqlıqda, öz otağında ölü idi.

Ətrafımda hansısa möhkəm sığınacaq, etibarlı bir şey axtardım ki, belə fikirlərdən uzaqlaşım. Belə bir şey yox idi- duman az-maz azalmışdı, amma havada hələ də narahatlıq var idi. Birbaşa təhdid deyildi, nəsə şəffaf bir şey idi. Amma məhz o qorxu yaradırdı. Alnımı vitrinin şüşəsinə söykəmişdim. Yumurtanın üzdüyü rus mayonezinin üstündə tünd-qırmızı damcı gördüm- qan idi. Sarının üstündəki bu qırmızının görüntüsü ürəyimi bulandırırdı.

Birdən təsəvvür etdim ki, kimsə qanlı üzü ilə bu yeməyin üstünə yıxılıb. Yumurta qanın içində üzür, onu bəzəyən pomidor dilimi yanı üstə düşüb-  qırmızıda qırmızı. Bir az mayonez dağıldı- qan çayının iki yerə ayırdığı sarı krem gölməçəsi.

“Axmaq fikirlərdir. Silkələnmək lazımdır.Gedim kitabxanada işləyim”.

İşləyim? Bilirdim ki, bu gün bir cümlə də yazmayacam. Daha bir gün itkisi. Parkdan keçəndə adətən oturduğum skamyada mavi pelerin (başlıqlı plaş) gördüm, nəhəng idi, tərpənmirdi. Bax bu kimdirsə soyuqdan qorxmur.

Oxu zalına girəndə oradan “Oxucu” çıxdı. Mənə tərəf atıldı:

-          Müsyö, sizə təşəkkür etmək istəyirəm. Mənə verdiyiniz fotolara baxıb unudulmaz saatlar keçirdim.

Onu görəndə ümidləndim: bəlkə biz ikimiz bu günə daha rahat dözə bilərik. Amma Oxucunun yanında ancaq onu hiss edirsən ki, tək deyilsən.

Əli ilə bir cildi şappıldatdı. Bu “Din tarixi” idi.

-          Nusapyedən başda heç kim ümumiləşdirməni belə uğurlu apara bilməzdi. Sizcə də elə deyil, müsyö?

Görünüşü yorğun idi, əlləri əsirdi.

-          Yaxşı görünmürsüz, – dedim.

-          Ah, müsyö, hələ bir görünüm. Başıma dəhşətli hadisə gəlib.

Balaca, hirsli, baş təbilçilərdəki kimi bığları olan korsikalı bizə yaxınlaşdı. O saatlarla dabanlarını ucadan yerə vura-vura stollar arasında gəzir.

Qışda o tez-tez bəlğəmini cib dəsmalına tüpürür, sonra da həmin dəsmalları isidicidə qurudur.

Oxucu mənə lap yaxınlaşıb, üzümə nəfəs aldı:

-          Bu barədə bu adamın yanında danışmaq istəmirəm- mənə etibar edərək pıçıldadı.- amma əgər razı olsaydınız, müsyö…

-          Nəyə?

O qızardı, əsəblə ayaqlarını oynatdı:

-          Müsyö, ah, müsyö…ölürəm… çərşənbə axşamı şərəf verib, mənimlə nahar edərsiniz?

-          Məmnuniyyətlə…

Onunla nahar etmək özümü asmağım kimi bir şeydir.

-          Siz məni çox şad etdiniz,- Oxucu dedi və tələsik əlavə etdi:- etiraz etməsəydiniz sizi götürməyə gələrdim, – sonra da itdi, yəqin qorxurdu ki, yubansa fikrimi dəyişərəm.

On ikinin yarısı idi. İkiyə on beş dəqiqə işləyənə qədər işlədim. Boş iş idi: gözümün qabağında kitab var idi, amma fikrim “Mabli” kafesində qalmışdı. Görəsən müsyö Faskel aşağı düşdü, ya yox? Ürəyimin dərinliklərində onun ölümünə o qədər də inanmırdım, elə məhz bu məni qıcıqlandırırdı! Fikir dumanlı idi, mən nə onu özümdən qova bilirdim, nə də ona əmin ola bilirdim. Döşəmədə korsikalının ayaqqabıları taqqıldayırdı. Bir neçə dəfə o mənim qarşımda elə dayandı ki, elə bil mənimlə danışmaq istəyirdi. Amma baxıb, yenidən addımlayırdı.

Saat birdə sonuncu oxucular da getdilər. Yemək istəmirdim, ən əsası getmək istəmirdim. Bir az da işlədim, sonra qəfil diksindim: sükutda dəfn edilmişdim.

Başımı qaldırdım- tək qalmışdım. Korsikalı yəqin ki aşağı, kitabxananın qapıçısı işləyən arvadının yanına düşmüşdü. Onun addımlarını eşitmək istədim. Əvəzində ancaq sobada səpələnən kömürün şaqqıltısını eşidirdim.

Oxu zalını duman basmışdı, yox, həqiqi duman deyil, o çoxdan dağılıb, bu başqa, hələ də küçələrin dolu olduğu duman idi, divarlardan, körpülərdən sızırdı. Hər şey bir az dağınıq olmuşdu. Əlbəttə, kitablar hələ də rəflərdə öz yerlərində, əlifba sırası ilə düzülmüşdülər, qəhvəyi, qara cildlidirlər, üstlərində yarlıqlar var: ÜO- fə 7996 (ümumi oxu- fransız ədəbiyyatı) və ya ÜO- te (ümumi oxu- təbii elmlər). Amma…axı bunu necə izah etmək olar? Adətən bu qalın və ya kiçik kitablar soba, yaşıl lampalar, böyük pəncərələr və pilləkənlərlə gələcəyi çərçivəyə salırlar. Nə qədər ki, bu divarların arasındasan baş verə biləcək hər şey ancaq sobanın sağında ya da solunda ola bilər. Əgər lap elə Müqəddəs Deni bu zala əllərində başını daşıyaraq girsə yenə də sağ tərəfdən, fransız ədəbiyyatına həsr edilmiş rəflərin arasından və assistentlərin işlədiyi stolun yanından keçməli olardı. Əgər döşəmədən iyirmi santimetr yuxarıda, yerə dəymədən uçsa, dəqiq bilirəm qanlı çiyinləri üçüncü kitab rəfi ilə bir olardı. Bax beləcə bütün bu əşyalar adətən mümkünlüyün sərhədini cızırlar.

Amma məhz bu gün onlar heç nəyin sərhədlərini cızmırlar- elə bil ki, onların özlərinin mövcudluğu sual altındadır və növbəti ana çatmaq onlara böyük əziyyət bahasına başa gəlir. Oxuduğum kitabı möhkəm-möhkəm əlimdə sıxdım- amma hətta ən sərt hisslər də silinmişdi. Hər şey çox qeyri-real görünürdü- məni hansısa karton dekorasiya əhatə etmişdi, onu istənilən vaxt başqa yerə keçirmək olardı. Dünya gözləyirdi, gərgin, nəfəsini tutub müsyö Axill kimi öz böhranını, öz Ürəkbulantısını gözləyirdi.

 

Qalxdım, daha bu gücdən düşmüş əşyaların arasında qala bilmirdim. Pəncərədən Empetrazın kəlləsinə baxmağa qərar verdim. Öz-özümə pıçıldadım: “Hər şey ola bilər, ola bilər hər şey olsun”. Aydın məsələdir, insanların fikirləşdikləri dəhşət ruhu kimi deyi, – Empetraz altlığında oynayası deyil, məsələ başqa şeydir.



Dəhşətlə hər saniyə dağıla biləcək yırğalanan əşyalara baxırdım, – hə mən buradaydım, biliklərin yamandığı kitabların arasında yaşayırdım: onlardan biri heyvanlar aləminin sarsılmaz formalarından bəhs edir, digərləri isə iddia edir ki, dünyada sabit enerji saxlanılır, hə, mən şüşəsində günəş şüalarının istiqamətini dəyişən əmsalın olduğu bu pəncərənin qabağında dayanmışam. Həəə, bu əngəllər necə də kiçikdirlər! Məncə dünya bir gecədə tanınmayacaq dərəcədə ona görə dəyişmir ki, tənbəllik edir. Amma bu gün o elə görünürdü ki, elə bil başqa olmaq istəyirdi. Belə vəziyyətlərdə hər şey ola bilər, hər şey.

Bir dəqiqə də itirmək olmaz: “Mabli” kafesində baş verənlərlə bağlı narahatlığımı deyirəm. Ora qayıtmaq, müsyö Faskellə görüşmək, yaşadığına əmin olmaq, hətta lazım gələrsə əllərinə və saqqalına toxunmaq lazımdır.


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə