İmanın zəifliyinin təzahürü


İMAN ZƏİFLİYİNİN SƏBƏBLƏRİ



Yüklə 176,64 Kb.
səhifə2/4
tarix05.10.2017
ölçüsü176,64 Kb.
#3324
1   2   3   4

İMAN ZƏİFLİYİNİN SƏBƏBLƏRİ

     



      İman zəifliyinin çoxlu səbəbləri var. Onlardan günah işlətmək və dünyaya alüdə olmaq kimi çirkin əməlləri göstərmək olar. Bu, keçən mövzuya əlavə olaraq bəzi səbəblərin qeyd edilməsidir:
     
      1) Uzun müddət iman ab-havasından uzaq olmaq . Bu, insanda imanın zəifliyinə səbəb olur. Allah taala buyurur: «İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı, onlar özlərindən əvvəl kitab verilən kimsələr kimi olmasınlar. Onların üstündən uzun bir müddət keçmiş və qəlbləri sərtləşmişdir. Onların çoxu fasiqlərdir» (əl-Hədid, 16) Hikmətlə dolu olan bu ayə ona dəlalət edir ki, iman əhval-ruhiyəsindən uzun müddət uzaq düşmək qəlbdə imanın zəifləməsinə səbəb olur. Məsələn, hər hansı bir səfər xatirinə və ya vəzifəsini yerinə yetirmək üçün uzun zamana müsəlman qardaşlarından uzaqlaşan şəxs, əvvəllər kölgəsində yaşadığı iman abı-havasını itirir. Əsl mömin tənha olduqda özünü kasıb, qardaşları ilə birlikdə olduqda isə varlı hiss edər. Həsən əl-Basri (Allah ona rəhmət eləsin!) buyurur ki, «qardaşlarımız doğmalarımızdan daha əzizdir. Çünki doğmalarımız bizə dünyanı aşılayır, qardaşlarımız isə axirəti yadımıza salar» . Bu uzaqlıq davam etdikcə, bir müddət keçdikdən sonra insanı həmin iman ab-havasına qarşı qoyan dəhşətli bir şərait yaradır, qəlbdə sərtlik və zülm toxumları səpir, iman nuru isə sönür.
     
      2) Nümunəvi işlərdən, xeyirxahlıqdan uzaq olmaq . Saleh bir insandan tərbiyə alan şəxs özündə faydalı elmi, saleh əməli və güclü imanı təcəssüm etdirər. Belə insan elmi, əxlağı və fəziləti həmin saleh şəxsdən öyrənər, ondan ibrət götürər. Öyrənən əgər müəyyən bir müddətə öz müəllimindən uzaqlaşarsa, qəlbində narahatlıq hiss edər. Rəsulullah (s) vəfat etdikdə səhabələr dedilər: «Qəlblərimiz bizi inkar edir». Həmin an onları bir dəhşət bürümüşdü. Çünki bəşəriyyətin tərbiyəçisi, müəllimi və örnəyi olan Allahın rəsulu (s) artıq vəfat etmişdi. Bəzi mənbələrdə səhabələr «yağmurlu gecədəki qənimət» kimi vəsf olunmuşlar. Lakin rəsulullah (s) özündən sonra elə insanlar qoyub getdi ki, onlar da öz növbəsində dağlar qədər sərvət qoyub getdilər. Onların hər biri xəlifəliyə layiq və bir-birindən nümunəvi idilər. Bu gün müsəlmanların onlara yaxın olacaq örnəyə ehtiyacları var.
     
      3) Qəlbi canlandıran şəriət elmini öyrənməkdən, sələf alimlərinin kitablarından, xüsusilə də imana dair kitablardan uzaq olmaq . Elə kitablar var ki, oxucu bu kitabların onun qəlbindən iman hissini oyatdığını hiss edir, əməllərində isə bu imanın səmərəsini görür. Bu kitabların ən əsası Allah taalanın kitabıdır. Hədis kitabları və əqidə məsələlərini qəlbi canlandıran tərzdə sevdirən İbn Qeyyim, İbn Rəcəb və sairləri kimi məşhur alimlərin kitabları da bu qəbildəndir. Belə kitablardan ayrılaraq yalnız fəlsəfi və ya dəlillərdən doğan ehkam kitablarını, dili və üsul haqqındakı kitabları oxumaq bəzən qəlbdə paslanma yaradır. Bunları qeyd etmək dil, üsul, və s. kitabları gözdən salmaq deyil. Bizim hədəfimiz təfsir və hədis kitablarından üz döndərənlərdir. Adları qeyd olunan əqidə kitablarının qəlbi Allahla bağlamasına baxmayaraq onları oxuyan az-az tapılar. Məsələn, hər iki «Səhih» kitablarını (Buxari və Müslim) oxusan, sanki İslamın birinci əsrində rəsulullahın (s) zamanında səhabələrlə birlikdə yaşadığını hiss edərsən, onların həyat tərzi və yaşayışları səni iman rüzgarına qərq edər:
     
      Hədis əhli, peyğəmbər əhli deməkdir.
      Özləri onunla (s) dostluq etməsələr də ruhları dostluq edər.
     
      Buna səbəb imana dair kitablardan uzaqlaşmaqdır. Onun təsirləri fəlsəfə, psixologiya, sosiologiya və İslam dini ilə heç bir əlaqəsi olmayan digər mövzuları tədqiq edən insanlarda özünü daha qabarıq şəkildə göstərir. Həmçinin, bəziləri fantastik hekayələr oxumaqla, sevgi-məhəbbət haqqında kitablara maraq göstərməklə, qəzet və jurnallardan mütəmadi şəkildə faydasız məlumatları izləməklə qəlbində imanın zəifləməsinə yol açır.
     
      4) Müsəlman bir insanın günahların çox olduğu yerdə qalması onun da bu günahları etməsinə səbəb olur. İlk əvvəl hər hansısa mahnının sözlərini zümzümə edir, sonra siqaret çəkir, dili lənət, söyüş, küfr və böhtanlara öyrəşir. O ki, qaldı dedi-qoduya, qeybətə, nəmmamlığa və sair belə günahlara, onları saymaqla qurtarmaz.
      Bəzi mühitlər yalnız dünyanı yada salırlar. Dünyadan başqa bir şeyin haqqında danışmırlar. Belə ki, bu gün müxtəlif dairələrdə bu, adi hal alıb. Ticarət, vəzifə, pul, istehsal, problemlər, inkişaf, tərəqqi, siyasət və sair məsələlər insanların əsas danışıq və maraq obyektinə çevrilib.
      Ailələrdə baş verən hadisələrə gəlincə, bu, həqiqətən də acınacaqlıdır. Evləri bürüyən musiqi səsləri, izlənilən filmlər, haramlara qurşanma, hamısı ailədə imanın zəifləməsinə səbəb olur. Bu cür mühitdə yaşamaq qəlbdə zəiflik xəstəliyi yaradır. Şübhəsiz ki, bu da qəlbin paslanmasına səbəb olur.
     
      5) Dünyaya və dünyəvi işlərə həddən artıq vaxt sərf etmək. Belə olduğu halda, hətta qəlb onun quluna çevrilir. Rəsulullah (s) buyurur: «Dinarın və dirhəmin qulu həlak oldu». (Buxari, 2730).
      Başqa bir hədisdə rəsulullah (s) buyurur: «Yolçunun azuqəsi kimi bir şey dünyada sizdən birinizə bəs edər». (Təbərani, 4/78; «Səhih əl-Cami», 2384). Yəni, bu dünyada kiçik bir şey də insanın yaşama ehtiyacını ödəyə bilər. Bu təzahür bu günki dövrdə insanlarda tamahkarlığın, acgözlüyün çoxalması ilə aydındır. Belə ki, insanlar yalnız ticarət, sənaye, qazanc dalınca qaçırlar. Bütün bunlar rəsulullahın (s) xəbər verdiyinin təsdiqidir: «Allah taala buyurur: «Həqiqətən, biz mal-dövləti namaz qılınması və zəkat verilməsi üçün nazil etdik. Əgər Adəm övladının bir vadisi olsa, o, ikincisini istəyər. Əgər ikisi olsa, üçüncüsünü istəyər. Adəm övladının boşluğu yalnız torpaqla dolar. Allah tövbə edənin tövbəsini qəbul edər» . ( Əhməd, 5/219; «Səhih əl-Cami», 1781).
     
      6) Dünya malına, arvada və övladlara həddən artıq bağlılıq. Allah taala buyurur: «Bilin ki, mal-dövlətiniz və övladlarınız sizin üçün ancaq bir imtahandır» (əl-Ənfal, 28) . Başqa bir ayədə Uca Allah buyurur: «Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Lakin, bütün bunlar dünya həyatının keçici zövqüdür. Gözəl dönüş yeri isə Allah yanındadır» (Ali-İmran, 14) . Bu ayənin mənası odur ki, bütün bunlara, xüsusilə qadınlara və övladlara qarşı sevgi Allah və rəsuluna itaətdən önə keçirsə, onda bu əməli edən insan qınanır, məzəmmət edilir. Ancaq onlara qarşı sevgi Allah taalaya itaət üzərində və dini prinsiplərə uyğun şəkildədirsə, onu edən insanın əməli bəyəniləndir, tərifəlayiqdir. Peyğəmbər (s) buyurur: «Mənə dünyadan qadınlar və gözəlliklər sevdirildi. Rahatlığımı da namazda tapdım». ( Əhməd, 3/128; «Səhih əl-Cami», 3124).
      İnsanların çoxu qadınlarına həddən artıq bağlanmaqla haramlara qurşanırlar, övladlarına həddən artıq bağlılıqla isə Allaha itaətdən uzaqlaşırlar. Peyğəmbər (s) buyurur: «Övlad kədər, qorxaqlıq, cəhalət və xəsislik mənbəyidir» . ( Təbərani, 24/241; «Səhih əl-Cami», 1990).
      «Xəsisilik» dedikdə o nəzərdə tutulur ki, əgər insan Allah yolunda xərcləmək istəyərsə, şeytan övladlarını onun yadına salar və həmin insan öz-özünə bunları fikirləşər: «Övladlarıma pul daha çox lazımdır. Məndən sonra onlara lazım olar». Nəticədə, Allah yolunda pul xərcləməyə xəsislik edər. Hədisdəki «qorxaqlıq» sözünün mənası isə odur ki, insan Allah yolunda cihad etməyə hazırlaşarkən şeytan onun qarşısını kəsir və deyir: «Öldürəcəksən, axırda özün də öləcəksən. Övladların isə bundan ziyan çəkəcək.». Nəticədə həmin insan Allah yolunda cihad etməkdən üz döndərər. «Cahillik» sözündən isə o başa düşülür ki, ata elm öyrənməkdən, elm məclislərində iştirak etməkdən boyun qaçırar, uzaqlaşar. Dini kitablar oxumağa səy belə göstərməz. Hədisdəki «kədər» sözü ilə isə o nəzərdə tutulur ki, övlad xəstələndiyi zaman, ata onun üçün pis olar, övlad atasından bacarmadığı bir şeyi istədikdə o, yenə də kədər hissi keçirər. Övlad böyüyüb atasının üzünə ağ olduqda isə onun kədəri daimi bir kədərə çevrilir.
      Bunları qeyd etməkdə məqsədimiz əsla nigahı, nəsil artırmağı və övladları tərbiyə etməyi tərk etməyə nail olmaq deyil. Məqsədimiz, onlara həddən artıq bağlanmaqla haramlara qurşanmaqdan insanları çəkindirməkdir.
      Mal – dövlətin törətdiyi fitnəyə gəlincə, rəsulullah (s) bu barədə buyurur: «Hər bir ümmətin fitnəsi var. mənim də ümmətimin fitnəsi mal-dövlətdir». (Tirmizi, 2336; «Səhih əl-Cami», 2148). Mal-dövlət hərisliyi dinin mənəviyyatını pozan bir şeydir. Bu, sürüyə basqın etmiş canavarın yaratdığı təhlükədən daha qorxuludur. Bu rəsulullahın (s) buyurduğu hədisin mənasıdır: «Bir kişinin mala və şan-şöhrətə hərisliyiniu dinə vurduğu ziyan, sürüsünə hücum edən iki ac canavarın vurduğu ziyandan çoxdur». (Tirmizi, 2376; «Səhih əl-Cami», 5620). Buna görə də rəsulullah (s) mal-dövlətdən yalnız ehtiyacı olan qədər saxlamağı əmr etdi və insanı Allahı zikrdən uzaqlaşdıran artıq mal-dövlətdən çəkinməyə çağırdı. Rəsulullah (s) buyurur: «Sənə mal-dövlətindən ailə və minik Allah yolunda kifayətdir». (Əhməd, 5/290; «Səhih əl-Cami», 2386).
      Peyğəmbər (s) mal-dövlətini sədəqə əhlinə paylayanlardan başqa, sağa-sola dağıdanları cəhənnəm əzabı ilə xəbərdar etmişdir. Rəsulullah (s) buyurur: Vay o kəslərin halına ki, mallarını artırıb çoxaldırlar, yalnız o kəslərdən başqa ki, onlar malını Allah yolunda dörd bir yana, sağa-sola, qarşısında və arxasında olanlara xərcləyər» . (İbn Macə, 4129; «Səhih əl-Cami», 7138).
     
      7) Uzun-uzadı ümidlər etmək. Allah-taala buyurur: «Qoy kafirlər hələ yeyib-içsinlər, ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın, sonra biləcəklər» (əl-Hicr, 3).
      Əli (r) buyurur: «Sizin üçün ən qorxduğum şey nəfslərinizə tabe olmadığınız və uzun-uzadı ümidlərə qapılmağınızdır. Çünki istəklərə tabe olmaq haqdan uzaqlaşdırar, ümidlərə qapılmaq isə axirəti unutdurar». («Fəth əl-Bari», 11/236).
      Bir rəvayətdə qeyd olunur ki, «dörd cür sıxıntı var: tənbəllik, qəlbin sərtliyi, ümidlərə qapılmaq və dünyaya hərislik».
      «Arzulara qapılmaq itaətdə tənbəlliyə, tövbəni gecikdirməyə, dünyaya qarşı həris olmağa, axirəti unutmağa və qəlbin pas atmasına gətirib çıxarır. Ölümü, qəbri, savabı, əzabı və Qiyamətin hallarını xatırlamaqla qəlb aydınlanar, canlanar. Allah taala buyurur: «Onların üstündən uzun bir müddət keçmiş və qəlbləri sərtləşmişdir». Kim öz istək və arzularını azaldarsa, onun dərdi-qəmi də azalar, qəlbi nurlanar. Çünki ölüm yaxınlaşdıqca, insan özünü həqiqətən də itaətkar bəndə kimi aparar». («Fəth əl-Bari», 11/237).
     
      8) Çox yemək, çox yatmaq, həmçinin həddən artıq yuxusuz qalmaq, çox danışmaq və insanlarla ünsiyyətdə ifrata varmaq. Çox yemək zehni kütləşdirir, bədəni Allaha itaət etməkdən uzaqlaşdıraraq ağırlaşdırır və insan bədənində dolaşan şeytanı doyurur. Çox yeyib, çox içib, çox yatan kimsə böyük bir savabdan məhrum olar. Çox danışmaq isə qəlbi sərtləşdirir. İnsanlarla ifrat təmasda olmaq insanı fikirdən, düşünüb-daşınmaqdan çəkindirər. Çox gülmək isə qəlbdə həyat ünsürlərini məhv edir, öldürür. Allahın rəsulu (s) hədisdə buyurur: «Çox gülməyin, çox gülmək qəlbi öldürür». (İbn Macə 4193; «Səhih əl-Cami»,7435). Həmçinin, Allaha itaətlə keçməyən vaxtın nəticəsində sərt və əzazil qəlb formalaşır. Həmin qəlbə nə Quran ayələri, nə də dini nəsihətlər artıq fayda verməz.
      İman zəifliyinin səbəbləri çoxdur. Onları çərçivəyə sığışdırmaq olmaz. Lakin qeyd olunanlardan qeyd olunmayanları da görmək mümkündür. Aqil olan kəs bunu özü-özlüyündə dərk edər. Allahdan diləyirik ki, qəlblərimizi təmizləsin və bizi nəfslərimizin şərindən qorusun!


Yüklə 176,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə