İlahi ziyafət İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneinin Ramazan ayı barədə çıxışlarından seçmələr


Qədr gecələri – Allahla mənəvi əlaqənin, Onun qarşısında təzim və kiçilmənin baharı



Yüklə 1,36 Mb.
səhifə19/23
tarix14.06.2018
ölçüsü1,36 Mb.
#49115
1   ...   15   16   17   18   19   20   21   22   23

Qədr gecələri – Allahla mənəvi əlaqənin, Onun qarşısında təzim və kiçilmənin baharı

Cümə və qədr günü, ramazan ayı və cümə namazından öncəki bu dəqiqələr oruc tutmuş əziz qardaş və bacılarla söhbət etmək üçün çox əlverişli fürsətdir. Öz qəlblərimizi ilahi lütf və mərhəmət mənbəyi ilə tanış edək, Ona yaxınlaşdıraq və öz qəlblərimizdə təqva ağacının böyüməsi üçün münasib şərait yaradaq.

Qədr gecəsi Allaha ibadət və dua mövsumudür. Ramazan ayı, xüsusən də qədr gecələri Allahla mənəvi əlaqənin, Onun qarşısında hörmət və təzimin baharıdır. Bu ay həm də qəlblərimizi dünya möminlərinin əmiri və təqvalıların sərvəri ilə tanış etməyimiz və ondan dərs götürməyimiz üçün bir bəhanə və fürsətdir. Ramazan ayının fəzilətləri və bu ayda saleh bəndələrin vəzifələri haqda nə danışsaq, demək olar ki, Əmirəlmöminin (ə) həmin xüsusiyyətlərin kamil nümunəsi və ən dəyərli örnəyidir. Mən birinci xütbəni Əmirəlmöminini (ə) xatırlamaqla başlayıram ki, onunla daha yaxından tanış olaq. Onun haqqında deyilənlər, bizim deyib-eşitdiklərimiz o şəxsiyyətin uca məqamı və əzəməti ilə müqayisədə kiçikdir. Biz nə onun mübarizəsini, nə Allah-Taalaya yaxınlaşmaq üçün göstərdiyi səyləri, nə həyatının əzab-əziyyətlərini, nə də öz dövründə gördüyü işin əzəmətini vəsf edə bilərik.
Əmirəlmöminin Əlinin (ə) əxlaqi tərbiyə cəhəti

Mən bu gün Əmirəlmöminindən (ə) dərs götürmək üçün onun hərtərəfli fəaliyyətinin əxlaqi tərbiyə cəhəti haqda danışmaq istəyirəm. Əmirəlmömininin (ə) ozamankı İslam cəmiyyətində iş başına gəldiyi zaman müsəlman ümmətin vəziyyəti əziz Peyğəmbərin (s) dünyadan köçdüyü zamanla çox fərqli idi. Peyğəmbərin (s) vəfatı ilə Əmirəlmömininin (ə) iş başına gəlməsi arasındakı iyirmi beş illik fasilədə çoxlu hadisələr baş vermiş və bu hadisələr İslam cəmiyyətinin beynində, düşüncəsində, əxlaqında və əməlində dərin izlər buraxmışdı. Bundan sonra bu quruluşu və bu cəmiyyəti Əmirəlmöminin (ə) təhvil aldı.

Əmirəlmöminin (ə) böyük İslam ölkəsində beş ilə yaxın hakimiyyətdə oldu. Bu beş ilin hər bir günündə bir dərs vardır. Əmirəlmömininin (ə) davamlı işlərindən biri xalqın əxlaqi tərbiyəsi ilə məşğul olmaq idi. Cəmiyyətdə yaranan bütün yayınmaların kökü bizim xarakterlərimizdədir. İnsan əxlaqı, insanların əxlaqi xüsusiyyət və xarakterləri onların əməlinə istiqamət verir və onu formalaşdırır. Əgər biz bir cəmiyyətdə, yaxud dünya miqyasında əyintilər müşahidə ediriksə, onların kökünü xoşagəlməz xarakterlərdə axtarmaq lazımdır. Bu məsələ Əmirəlmöminini (ə) daha mühüm bir həqiqəti bəyan etməyə vadar edir. O həqiqət budur ki, insanlarda olan bu batil və zərərli xarakterlərin əksəri dünyagirlikdən irəli gəlir. Odur ki, Əmirəlmöminin (ə) buyurur: "Dünyagirlik bütün səhvlərin köküdür".1 Dünyagirlik bizim ümumi və fərdi həyatımıza təsir göstərən bütün səhvlərimizin kökü və əsasıdır. Bəs dünyagirliyin mənası nədir? Dünya nədir?
Dünya İslam təlimlərində

Dünya Allah-Taalanın yaradıb insanların ixtiyarında qoyduğu bu möhtəşəm təbiətdən ibarətdir. Dünya budur. Allah-Taalanın kainatda yaratdığı nemətlərin hamısı dünyanı təşkil edən elementlər məcmusudur. Birincisi bizim öz ömrümüzdür. Dünyəvi gəlirlər və dünya səylərinin məhsulu dünyadır; övlad dünyadır, mal dünyadır, elm dünyadır, təbii sərvətlər dünyadır, sular, mədənlər, insanın təbiətdə gördüyü hər bir şey - yəni bizim bu dünya həyatımızın müxtəlif hissələrini təşkil edən amillər dünyadır. Bəs bu dünyanın nəyi pisdir? Şəriət və İslam təlimlərinin bir qismi bizə deyir ki, dünyanı abadlaşdırın: "Yerdə olanların hamısını sizin üçün yaratmışdır". Gedin dünyanı abadlaşdırın, özünüzə və xalqa təbii nemətlərdən istifadə şəraiti yaradın. Rəvayətlərin bir qismi bunlardır: "Dünya axirətin tarlası, Allah bəndələrinin bazarıdır". Belə sözlər çoxdur və bunların hamısı dünyaya müsbət baxışı göstərir.

Bizim İslam və din təlimlərimizin bir qismi də dünyanı günah və xətaların kökü sayır. Bu, iki növ göstərişlər toplusundan alınan nəticədir. Söz aydındır. Əlbəttə, bu işlər üçün dərin təhlillər lazımdır və yaxşı işlər də görülmüşdür. Qısası budur ki, Allah-Taala bu təbiət süfrəsini insan üçün açmış, bütün insanlara onu bacardıqları qədər aktual, hazır və rəngarəng şəkildə özlərinin və insanların ixtiyarına qoymağı tapşırmış, əmr etmişdir. Lakin buna bir sıra hədlər, qanun-qaydalar hakimdir. Burada qadağan olunmuş zona vardır. Bəyənilən dünya odur ki, insan bu ilahi təbiətlə, bu nemətlərlə ilahi qayda-qanunlara uyğun rəftar etsin, çərçivədən çıxmasın, qadağan olunmuş zonalara girməsin. Məzəmmət olunmuş dünya odur ki, insan Allah-Taalanın verdiyi bu nemətləri özü üçün istəsin, özünə digərlərindən çox pay götürsün, başqalarının payına əl uzatsın və göz diksin. Bu, insanı kar və kor edir və nəhayət könlü istəyəni əldə etmək üçün heç bir qırmızı xətt və çərçivə tanımır. Bu, məzəmmət olunmuş dünyadır. Dünyaya vurulmaq, həddən artıq və öz haqqından çox pay istəmək, digərlərinin payına əl uzatmaq, digərlərinin haqqını tapdamaq məzəmmət olunmuş dünyadır. Mal dünyadır, vəzifə dünyadır, hakimiyyət dünyadır, sevilmək dünyadır, dünya nemətləri, təbii ləzzətlər - bunların hamısı dünyadır. İslam və ilahi dinlər ümumi olaraq bu dünyadan istifadəni halal etmiş, digərlərinin haqqını tapdamağı, təbiətin qayda-qanunlarını pozmağı, digərlərinə zülm etməyi, özünü bu dünya nemətlərinə qərq etməyi və əsas məqsədi unutmağı isə qadağan etmiş, pisləmişlər. Bu dünya təkamülə vasitədir, onu məqsəd seçmək olmaz. Əgər bu qaydaya riayət olunmasa, dünya məzəmmət olunmuş dünya olar.

Əmirəlmömininin (ə) iş başına gəldiyi dövrdə İslam dünyasında mövcud olan bu bəla açıq-aşkar haqq olan Əli ibn Əbu Talib (ə) kimi bir şəxsə qarşı şübhə və iradlara səbəb olmuşdu. Bəzi adamlar İslam cəmiyyətinin idarəsi üçün onun məqamını, mənəviyyatını, keçmişini və bənzərsiz səlahiyyətlərini görməzliyə vurur, onunla mübarizəyə qalxırdılar. Bu, dünyagirliyə görə idi. O zaman Əmirəlmömininin (ə) öz qarşısında gördüyü bu azğınlığın sirri dünyagirlikdən ibarət idi. Nəhcül-bəlağə bu azğınlığa dair sözlərlə doludur. Bu gün siz dünyada bunu müşahidə edirsiniz. Dünyaya fürsət gözləyən dünyagir və təcavüzkar qüvvələr başçılıq edəndə vəziyyət gördüyünüz kimi olur: əvvəla, insanların haqqı tapdanır; ikincisi, insanların bu ilahi təbiətin və ilahi nemətlərin əzəmətli süfrəsində olan haqları görməzliyə vurulur; üçüncüsü, həmin dünyagirlərin öz məqsədlərinə çatması üçün cəmiyyətdə fitnə yaradılır, müharibələr, yalançı təbliğatlar və çirkin siyasətbazlıqlar baş alır. Bunlar günyagirlikdən doğur. Cəmiyyətdə fitnə və dumanlı şərait yarandıqda xalqın zehni dumanlanır və insan iki metr önünü görə bilmir. Belə vəziyyətdə çoxları səhv edir, sayıqlıqlarını itirirlər, puç cahiliyyət təəssübkeşlikləri inkişaf edir. Onda görürsünüz ki, əsas özək dünyagirlərdir, amma dünya adamı olmayanlar da fitnə səbəbindən onların məqsədləri istiqamətində hərəkət edirlər. Dünyanın vəziyyəti belə olur. Buna əsasən, dünya bütün səhvlərin köküdür. Dünya sevgisi və dünyaya vurulmaq bütün səhv və günahların başıdır. Əmirəlmöminin (ə) bu məqama diqqət yönəldir. Bu, Əmirəlmömininin (ə) əxlaqi tərbiyə proqramıdır.

Siz Nəhcül-bəlağəyə baxsanız, Əmirəlmömininin (ə) dünyaya rəğbətsizlik, dünyaya vurulmamaq və zahidlik barədə buyurduqlarının onda bəyan olunan digər bütün mətləblərdən çox olduğunu görərsiniz. Səbəbi məhz budur, çünki Əmirəlmöminin (ə) dünyadan kənara çəkilən və tərki-dünyalıq edən birisi deyildi. Xeyr! O, dünyanın abadlığı üçün ən çalışqan adamlardan biri idi, istər xilafəti dövründə, istər xilafətdən öncə işləyir, çalışırdı. Bilirik ki, Əmirəlmöminin (ə) xilafətdən öncə Mədinədə yaşadığı zaman öz əli ilə bağlar salır, su çəkir, xurma ağacları becərirdi. Dünya ilə məşğul olmaq, Allah-Taalanın insanın ixtiyarına buraxdığı təbiətlə məşğul olmaq, xalqın məişətini və iqtisadiyyatını idarə etmək, iqtisadi inkişafa şərait yaratmaq – bunların hamısı müsbət, vacib işlərdən, müsəlman şəxsin və müsəlman müdirlərin vəzifələrindəndir. Əmirəlmöminin (ə) belə bir insan idi, amma dünyaya vurğun deyildi. Bu, Əmirəlmömininin (ə) vəziyyəti və əxlaqi tərbiyə proqramıdır.

Əmirəlmöminin (ə) dünyagirliyin əlacını Təqvalılar xütbəsində bəyan etmişdir. Dünyaya vurulmağın əlacı insanın təqvalı olmasıdır. Təqvanın xüsusiyyətlərindən biri budur: "Yaradan onların gözlərində böyük, digərləri isə kiçikdir".1 Allah insanın qəlbində və ruhunda elə uca olur ki, onun gözündə hər şey kiçilir. Dünyəvi vəzifələr, sərvətlər, gözəlliklər, maddi həyatın rəngarəngliyi və müxtəlif ləzzətlər insanın gözündə kiçilir. Allahın xatirəsi qəlbdə o qədər böyüyür ki, bunlar öz əhəmiyyətini itirir. Təqvanın bir xüsusiyyəti budur. Əmirəlmömininin (ə) özü də bunun kamil tərənnümü idi. Növf Baqqali adı ilə məşhur olan bu xütbədə - indi mən ondan bir hissəni oxuyacağam - deyilir ki, həzrət qiymətsiz, sadə və nimdaş bir yun paltarda bir daş üzərində dayandı. Xurma yarpağından, yaxud xurma ağacının qabığından ayağında bir başmaq vardı. Əzəmətli İslam məmləkətinin hakmi və başçısı belə yoxsul və zahid görkəmdə idi, belə yaşayır və bu əzəmətli, hikmətli sözləri söyləyirdi.

Siffeyn döyüşündə bir nəfər gəlib Səqifə hadisələri haqda sual verdi. Həzrət ona sərt cavab verib buyurdu ki, sözün yerini bilmirsən, nə dediyinə, harada dediyinə baxmırsan, bu böyük hərbi və siyasi hadisədə keçmişdən soruşur və Səqifə hadisəsi haqda sual verirsən. Amma eyni zamanda bir kəlmə ilə onun cavabını verib buyurur ki, sənin sual vermək haqqın vardı və soruşduğuna görə cavab verməliyəm. Deyir ki, bu bir imtiyaz istəyi idi; bir qrup ona göz yumdu, bir qrup isə onu ələ keçirdi. Yəni Əmirəlmömininə (ə) görə hakimiyyət hərisliyi, vəzifə düşkünlüyü, dünyanın hər hansı bir formasının ardınca qaçmaq bütün zamanlarda rədd olunub qınanmalıdır. Bu, Əmirəlmömininin (ə) əhval-ruhiyyəsidir. O bizə bunu öyrətmək istəyir. Biz Əmirəlmöminindən (ə) bunu dərs götürməliyik. Allahı yad etmək, ilahi zikrə və münacata diqqət yetirmək Əmirəlmömininin (ə) göstərdiyi ən mühüm çıxış yoludur.
Ramazan - daxili dərdlərin dərmanı

Biz bu gecələrin, gündüzlərin və duaların qədrini bilməliyik. Bu dualara diqqət yetirmək, onların məzmununu yada salmaq çox dəyərlidir. Bunlar bizim mənəvi dərdlərimizin dərmanıdır. Təəssüf ki, insanlar bütün dövrlərdə bu dərdlərə düçar olmuşlar. Biz bacardıqca bu xəstəliyi, bu böyük dərdi - dünya sevgisini özümüzdə azaltmalıyıq. Allah-Taalanı yada salmaq və Onun əzəmətini xatırlamaq bunun yollarından biridir. Siz Əmirəlmömininin (ə) dualarına baxın. Ən yanıqlı dualar Əmirəlmömininin (ə) dualarıdır. Əlbəttə, məsumlardan nəql olunan duaların hamısı dərin məzmunlu, aşiqanə, arifanə və əksərən yüksək səviyyədədir, lakin ən yaxşılarından biri, yaxud ən yaxşıları Əmirəlmöminindən (ə) nəql olunmuş dualardır. Mən bir dəfə imamdan soruşdum ki, siz bu duaların hansını çox istəyirsiniz? O cavab verdi ki, Kumeyl duasını və Şəban münacatını. Onların hər ikisi Əmirəlmöminindən (ə) nəql olunmuşdur. Bu Kumeyl duası, Şəban münacatı, Sabah duası və Əmirəlmömininin (ə) digər münacatları həqiqətən yanıqlıdır.

Mən xahiş edirəm bizim əziz gənclərimiz bu duaların mənasına diqqət yetirməyə çalışsınlar. Duanın sözləri fəsahətli və gözəl sözlərdir, lakin mənalar da uca mənalardır. Bu gecələrdə Allahla danışmaq, Allahdan istəmək lazımdır. Əgər insan bu duaların mənasını bilsə, ramazan ayının gecələrində, əhya gecələrində oxunan dualarda, Əbu Həmzə duasında və qədr gecələrinin dualarında ən yaxşı sözlərin və ən yaxşı istəklərin cəm olduğunu görər. Əgər bu duaların mənasını bilməsəniz, öz dilinizdə dua edin, özünüz Allahla danışın. Bizimlə Allah arasında heç bir pərdə yoxdur, Allah-Taala bizə yaxındır, bizim sözümüzü eşidir. Allahla danışmağa çalışaq, öz istəklərimizi Allah-Taaladan diləyək. Allah-Taala ilə bu ünsiyyətin, Allahı yad etməyin, Ondan bağışlanmaq istəməyin və duanın insan qəlbinə çox möcüzəvi təsirləri var, ölü qəlbləri dirildir.
Oruc tutan yeniyetmələrə orucluq təbriki

Bu il birinci vacib oruclarını tutan, ilahi müraciətin və ilahi vəzifənin müraciət tərəfi olmaqla şərəflənən əziz yeniyetmələri, xüsusən də az yaşlarında Allahın vacib buyurduğu əməli təcrübə edən və indiki nisbətən uzun və isti günlərdə oruc tutan qız uşaqlarını təbrik etmək istəyirəm. Bu bizim xalqımızın ən yaxşı sınaqlarından biridir. Bizim gənclərimiz orucdan ibarət olan şəriət təlimini gənclik çağında təcrübə edirlər. Ac qalmaq, ləzzətlərə göz yummaq və biraylıq fürsətdə haramlara rəğbətsizlik xalq, xüsusən də gənclər üçün çox dəyərlidir. Bu, qız və oğlanda həddi-büluğun əvvəlindən, yeniyetməlik dövründən təqva qazanmaq məşqidir. Bütün gəncləri, xüsusən də birinci ili olanları təbrik edirik. Allaha şükür olsun ki, bizim cəmiyyətimiz mənəvi cəmiyyətdir, onun mənəvi ab-havası ramazan ayında daha güclənir, yaxşı adətlər tədricən xalqın arasında yayılır, yoxsullara kömək edilir, ehsan və yaxşılıq həftəsi keçirilir, müxtəlif şəhərlərdə iftar məclisləri təşkil olunur, xeyriyyəçi insanlar məscidlərdə və ümumi yerlərdə iftar süfrələri açırlar. Bunlar paklığa, səmimiyyətə və yaxınlaşmaya bais olan, ramazan ayının haqqını ödəyən çox yaxşı işlərdir. Ramazan ayının hüquqlarından biri qardaşlara yaxşılıq etmək, yaxınlarla və müsəlman qardaşlarla mehriban olmaq, bir-birinə yardım etməkdir. Bunlar çox yaxşı işlərdir. Əvvəllər də bu işlər adət olmuşdur, bu gün isə daha çoxdur. Moizə məclisləri, dua məclisləri, Quran məclisləri yaxşı adətlərdir. Bunları günbəgün artırmaq və məzmununu gücləndirmək lazımdır. Məclisin forması kifayət etmir. Dua, moizə və Quran məclislərindən bəhrələnmək lazımdır. Bizim hər birimiz bunlardan pay götürməyə çalışmalıyıq.

Tehranın cümə namazı xütbələrindən: 2008.

Fitr bayramının iki xüsusiyyəti

Fitr bayramı iki dəyərli xüsusiyyətə malikdir. Birinci xüsusiyyət mömin insanların qəlbində yaranan paklıqdan ibarətdir. Mübarək ramazan ayının şəriətə uyğun riyazətlərindən biri orucdur. İnsan öz iradə və ixtiyarı ilə saatlarla maddi ləzzətləri tərk edir, orucluq ayı boyu nəfsinə hakim olur. Bundan əlavə, Quranla ünsiyyət, Allahın kəlamını oxumaq, Quran təlimləri ilə tanış olmaq, üstəgəl zikr, dua, münacat, ibadət, insanın ramazan ayının gündüz və gecələrində, xüsusən də mübarək qədr gecələrində Allah-Taala ilə ünsiyyət haləti - bunların hamısı ürəyi işıqlandırır, insan ruhuna paklıq və təmizlik bəxş edir. Ramazan ayının çox əhəmiyyətli olan bu əməllərində bizim üçün böyük dərslər vardır və biz onlardan istifadə etməliyik.


Ramazanın böyük dərsləri

Bir dərs budur ki, Allahı axtaran insanın iradəsi nəfsin dəvət etdiyi bütün istəklərə və maddi ləzzətlərə hakim ola bilir. Bu bizim üçün çox mühüm məsələdir. Bəzən insan özünə təlqin edir ki, mən nəfsimə hakim ola bilmirəm. Ramazan ayının orucu isə insana bacardığını sübut edir; sübut edir ki, iradə etdikdə, güclü əzmkarlığını işə saldıqda nəfsinə hakim ola və qələbə çala bilər. Bizdə mövcud olan azdırıcı əlamətləri, pis və bəyənilməz adətləri güclü iradə ilə və Allah-Taalaya güvənməklə məğlub etmək, onlardan qurtulmaq olar. Təsiri böyük dərs olan bu güclü iradə bizi həm xoşagəlməz şəxsi adətlərimizdən, həm də maddi və mənəvi sahələrdə geriliyimizə səbəb olan yerli xislətlərimizdən və ictimai adətlərimizdən ayıra bilər. Deməli, bir dərs güclü iradənin bütün maneələrə qələbəsidir.

Bundan əlavə, ramazan ayında insanlara yardım və xalq arasında həmkarlıq ruhu yaranır. İnsanın eqoistliyi digərlərinin xeyrinə məğlub olur. Siz görün xoşbəxtlikdən, son illərdə və bu il nə qədər namsız-nişansız insanlar məscidlərdə və hətta bəzən küçələrdə Allah bəndələrinə süfrələr açdılar, iftar məclisi qurub xalqı qonaq etdilər; adi komplimentlər olmadan, şəxsi qonaqlıqlarda mövcud olan utanıb-çəkinmələr olmadan. Bu həmkarlıq və xeyirxahlıq insan nəfsinin paklığı ilə nəticələnən çox dəyərli amillərdir. Bu ayda ehtiyacı olanlara nə qədər köməklər olundu, hətta ramazan ayında qan da verildi. Məsul işçilər xəstələrin yeni qana ehtiyacı olduğunu elan etdəndə çoxlu insanlar oruc halda öz qanlarını hədiyyə etdilər. Bu, digərlərinin mənafeyini öz mənafeyindən üstün tutmaq haləti, digərləri üçün öz xeyrindən keçmək fədakarlığıdır. Bunun özü böyük həddə ramazan ayının ötən illərdə olduğu kimi Allahın lütfü ilə bu il də mövcud olan mənəvi ruhiyyəsinin nəticəsidir. Hətta eşitdiyim qədərincə, etimadlı xəbərlərə və sənədli məruzələrə əsasən, bu il zikr, dua və ibadət ab-havası bütün ölkəni bürümüşdü. Xüsusən qədr gecələrində, bu bərəkətli saatlarda hamı, özəlliklə gənclər, müxtəlif təbəqələrdən olan, müxtəlif ictimai, fərdi, siyasi və digər qruplara məxsus insanlar dua, ibadət və zikr məclislərini rövnəqləndirdilər. Hamı əllərini qaldırıb dua və ürəyini Allahla tanış etdi. İnsanın qazandığı bu diqqətin, ibadətin və bu səadətin özü ilahi mərhəmətdir; bunun özü Allahın diqqətini göstərir. İmam Səccad (ə) mübarək ramazan ayı ilə vidalaşma duasında buyurur: "Sənə şükür edənə təşəkkür edirsən, halbuki şükrünü ona Sən ilham etmisən. Sənə həmd edənə mükafat verirsən, halbuki həmdini ona Sən öyrətmisən".1

Həqiqətən insanın "ey Allah" deməsi, Allah-Taala ilə ünsiyyət qurması, Allahla danışması Allahın insana bəxş etdiyi ilahi lütf və səadətdir. Bu "ey Allah" sözünün özündə Allahın cavabı da vardır. Xüsusən siz gənclər bu mənəvi ləzzəti daddınız; pak, işıqlı, çirksiz, yaxud az çirkli qəlblərinizlə bu mənəvi ləzzəti daddınız. Bu ləzzəti əldən verməyin, onu tərk etməyin. Bu paklığın və mənəviyyatın davam etməsi üçün gündəlik beş namazdan, Quran qiraətindən, məscidlərdən, dualardan, Səhifeyi-Səccadiyyədən və digər amillərdən istifadə edin. Bu, fitr bayramının dəyərli bir xüsusiyyətidir və siz ramazan ayından yaranmış bu nurluluğu özünüzlə daşıyırsınız.

İkinci xüsusiyyət də sizin bu namazınızdadır. Fitr bayramı xalqın həqiqi və səmimi birliyinin təcəssüm və nümayiş olunmasıdır. Xalqın birliyi və ümumi şəkildə Allahın ipinə sarılmaq çox dəyərli məsələlərdəndir. Bunu özümüz üçün bir ramazan dərsi kimi qorumalıyıq. Bu da ramazan ayının mənəvi məzmununun məhsuludur. Xüsusən biz müsəlmanlar və özəlliklə İran xalqı böyük imamımızın sayəsində ramazan ayında Qüds günü keçiririk. Qüds günü İslam dünyasının həqiqi birliyinin əlamətlərindəndir. Bu il Qüds günündə İran xalqının möhtəşəm yürüşləri dünyanın müsəlman xalqlarının diqqətini cəlb etdi. İran xalqı hamılıqla fəryad çəkib məzlum Fələstin xalqını dəstəklədi. Mən bu il Qüds günündəki möhtəşəm fəallığına görə əziz İran xalqımıza təşəkkür etməyi özümə borc bilirəm.

Namazda iştirak edən əziz qardaş və bacılar və bütün İran xalqı! Özümüzdə, yaxınlarımızda, İslam cəmiyyətimizdə ramazan ayının səmərələrini bacardıqca davam etdirək və Allahın böyük neməti olan ilahi ehtiyatı qoruyaq.

Fitr bayramı namazının xütbələrindən: 2008.

Ramazan - insanın ilahi fitrətə yaxınlaşma fürsəti

Bu böyük İslam bayramı münasibəti ilə böyük İslam ümmətini, bütün dünya müsəlmanlarını, əziz, mömin və böyük İran xalqını, siz möhtərəm məclis iştirakçılarını və əziz qonaqları təbrik edirəm. Allah-Taaladan istəyirəm ki, fitr bayramını İslam ümməti üçün həqiqətən bayram etsin, onu haqlı olaraq gözlədiyi və ilahi vədlərdən olan parlaq gələcəyə daha da yaxınlaşdırsın.

Sizin, ölkəmizin əhalisinin və dünya müsəlmanlarının çoxu ramazan ayında ilahi ziyafət süfrəsindən maksimum istifadə etdi. Bu ayda tövbə, əfv, zikr, ibadət və Allah-Taala ilə ünsiyyət qapısı açıq idi. Oruc ağız və sakit nəfs Allah bəndələrinin bu ayda mənəvi və ilahi nemətlərdən istifadə etməsinə böyük kömək göstərdi. Müsəlman insanlar bu ilahi ziyafətdə zikr və münacat ləzzətini dadır, öz ilahi fitrətlərinə yaxınlaşır, iradələrini gücləndirir və özlərində insana həqiqi azuqə olan təqva yaradırlar.

Fitr bayramı münasibəti ilə quruluşun məsul şəxsləri ilə görüşdə çıxışından: 2008.



Quran qiraəti - Quranla ünsiyyətə hazırlıq

Əvvəla Quranla ünsiyyət və Quran qiraəti ölkədə çox yaxşı inkişaf etmişdir. Mən burada Quran oxuyan bütün əziz qardaşlara, eləcə də bu məclisin təşkilatçılarına təşəkkür edirəm. Burada oxunan qiraətlər çox yaxşı idi. Bəziləri həqiqətən standart səviyyədə idi; həm tələffüz cəhətindən, həm avaz cəhətindən, həm təcvid cəhətindən, həm də məzmun və məfhumlara diqqət, onlara münasib avazın tənzimi cəhətindən. Allaha şükür olsun ki, bizim gənclərimiz bu cəhətlərdən də inkişaf etmişlər. Bunlar yaxşıdır. Dəfələrlə deyilmişdir ki, bu məclislər və yaxşı qiraətlərə dair həvəsləndirmələr cəmiyyətimizin Quranla ünsiyyət qurmasına hazırlıqdır. Qoy ölkəmiz və xalqımız uzun illər düçar olduğu Quranla özgəlikdən xilas olsunlar və Qurana yaxınlaşsınlar. Bu tədricən baş verməkdədir. Əlbəttə, bizim bütün xalqımızın, bütün gənclərimizin, bütün kişi və qadınlarımızın Quranla ünsiyyət qurmasına hələ çox var. Quranla ünsiyyət yarandıqda insanın Qurandan soruşmaq, həyatın müxtəlif məsələləri barədə Quranın sözünü bilmək və eşitmək imkanı yaranacaq. Bu, Quranla ünsiyyətin sayəsində baş verə bilər. Belə deyil ki, hər bir kəs heç bir ünsiyyət olmadan və Quranla işləmədən eləcə Quranı açsın və ondan mütləq bir mətləb tapsın. Xeyr! Bu çox zaman mümkün olmur və qəlb özünü Quranın məna və məfhumlarına yaxınlaşdıra bilmir. Ünsiyyət olduqda isə bu, həyata keçəcək. Deməli, bunlar Quranla ünsiyyət üçün müqəddimədir.


Quran qiraətçilərinə tövsiyələr

Mən adətim üzrə əziz qiraətçilərimizə tövsiyələr edirəm. Builki tövsiyəm budur ki, bu avaz və ahənglər yaxşıdır. Bunlar Quranı könül oxşayan edir və təsirini artırır. Lakin belə gözəl səslərlə Quranı iki cür oxumaq olar. Biri budur ki, oxuyan sırf xanəndəlik edir. Bu bir cürdür. Məşhur Misir qiraətçiləri arasında bəziləri belədirlər, sırf xanəndədirlər. Yaxşı oxuyurlar, səsləri də yaxşıdır, avaz və ahəngləri də yaxşıdır. Biri də budur ki, Quranı həmin səslə, həmin avaz və ahənglə, amma elə oxuyur ki, ürəkdə Allaha təzim hissi yaranır və insan Allahı yada salır: "Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar"1. Bu yaranmalı, qiraət insanda Allaha təzim hissi yaratmalıdır. Belələri də var. Məşhur qiraətçilərdən bəziləri belədirlər; oxumaqla Allahı yada salırlar. Buna riayət etmək lazımdır. Xüsusən siz gənclərin Allahın lütfü ilə həm yaxşı səsiniz var, həm yaxşı bacarırsınız, həm də oxuduğunuz ayələrin mənası ilə tanış olduğunuzu anlayıram. Əvvəllər - inqilabın ilk onilliyində belə deyildi. Yaxşı səsi olanlar vardı, oxuyurdular, amma çox zaman mənalarına fikir vermirdilər. İndi Allaha şükür olsun ki, bu inkişaflar gənclərin səviyyəsini yüksəltmişdir. Bunlar yaxşıdır. Lakin buna da riayət edin və bunu da qiraət qaydalarınıza salın. Ayələr qarşısında zikr və təzim halı yarananda ürək Quran hidayətindən təsirlənir. Siz görürsünüz ki, insan bəzi ürəklərə nə qədər Quran ayəsi, Quran sözü oxuyursa, təsir etmir. Bəziləri isə təsirlənirlər: "Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O, (sıxıntının şiddətindən) sanki göyə çıxar"2. Allah-Taaladan istəyək ürəyimizi elə etsin ki, Quran hidayəti və Quran işarəsi qarşısında dərs götürsün və təsirlənsin.

Quran ayələrini o qədər oxuyuruq, deyirik, bir-birimizə təkrarlayırıq, siz mənə deyirsiniz, mən sizə deyirəm; nəhayət ürəyi bu məfhumlardan təsirləndirməliyik. Misal üçün, deyirik ki, "Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın"3. Quranın bu təlimini dəfələrlə təkrarlamışıq və daim oxuyuruq. Bu şərafətli ayə ilahi ilham kimi bizim qəlbimizə girsə və ürəyimizə hopsa, birlik məsələsi bizim üçün əsaslı bir məsələ olar, şəxsi qərəz və məqsədlərimiz naminə böyük milli birlikləri pozmarıq. Baxın, təsiri burada görünür. Əgər Quran ayələri insanın qəlbinə girsə və ürəyinə hopsa, o zaman bizə "Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər"4 deyəndə bunu qəbul etmək asan olar, kafirlərə qarşı tələbkar və sərt olarıq. Bunun mənası o deyil ki, insan düşməni tamamilə tapdayıb əzməlidir. Xeyr! Bəzən əzmək lazım olur, bəzən isə olmur, amma istənilən halda düşmən qarşısında sərt olmaq lazımdır. Düşmən qarşısında səngəriniz zəif olmamalı, düşmən bu tərəfə keçib təsir göstərə bilməməlidir. Digər tərəfdən isə "bir-birinə (öz aralarında) mərhəmətlidirlər". Biz-birimizlə mehriban olmalı, bir-birimizlə yumşaq davranmalıyıq. Baxın, bu bir Quran göstərişidir. Nə üçün buna əməl etmirik? Nöqsan haradadır? Nöqsan budur. Əgər qəlblərimiz Quranın rəhmət və hidayətini qəbul etsə, qəlbimizi Qurana tapşırsaq, bu iş asan olar, şəxsi məqsədlər, qərəzlər, maddi mənafe, hakimiyyət hərisliyi, pul hərisliyi və dostbazlıqlar insanın bu Quran tövsiyəsini və Quran hidayətini unutmasına, əldən verməsinə, ona arxa çevirməsinə bais olmaz.

Baxın, Quranı açmaq, eşitmək və oxumaq bizi mənzil-mənzil buraya çatdırmalıdır. Belə olmalıdır. Səmavi kitab olan Quranın xüsusiyyəti belədir. Quran adi kitab deyil ki, insan bir dəfə oxusun. Çox gözəl! Oxuyub öyrəndik, indi isə bağlayıb qoyaq yerinə. Xeyr! Bu, içməli su kimi həyat amilidir, ona həmişə ehtiyac var. Onun təsiri tədricən və zaman boyu görünür. Onun təsrinin və hidayətinin sonu yoxdur. Siz Qurandan nə qədər öyrənsəniz, açmalı yeni bir qapı, çözməli başqa bir düyün, öyrənməli başqa bir məchul qalacaq. Quran belədir. Odur ki, daim Quran oxumaq lazımdır. Bunun üçün də Quranla ünsiyyətdə olmalıyıq. Bizim gənclərimiz yaxşı səsləri və avazları ilə Quran oxusunlar və onun müxtəlif şərtlərinə riayət etsinlər. Qeyd etdiyimiz kimi, Allahı yada salmağı da yaxşı qiraətin əsas şərtlərindən etsinlər.

İlahi! Bizi Quranla yaşat, Quranla öldür, Quranla dirilt! İlahi! Bizim qəlblərimizi Quran hidayətini və mərifətini qəbul edən et! Bizi tövhid əhli et! İlahi! Məhəmməd və Ali-Məhəmməd (s) hörmətinə, bu ramazan ayını bizim xalqımıza və müsəlman ümmətə faydalı ramazan ayı et! İlahi! Quran təlimlərini İslam ümməti arasında günbəgün rəvac ver və yay! İlahi! Öz rəhmət və əfvini bizim ölənlərimizə şamil et!

Ramazan ayının birində Quran qiraətçiləri ilə görüşdə çıxışından: 2009.

İmamın dəyərli yadigarı olan Qüds gününün əhəmiyyəti

Gələn cümə Qüds günüdür. Bu bizim əziz imamımızın ən dəyərli yadigarlarındandır. Bu, inqilabın və bizim xalqımızın şərafətli Qüds hadisəsinə və Fələstin məsələsinə sevgi əlamətidir. Qüds günü sayəsində biz bu adı hər il dünyada yaşada bildik. Çoxlu hökumət və siyasətlər Fələstin məsələsinin unudulmasını istəyirdilər, buna çalışdılar, pul xərclədilər. Əgər İslam Respublikasının səyi olmasaydı, əgər İslam Respublikasının bütün qüvvəsi ilə bu xəbis siyasətin qarşısında müqaviməti olmasaydı, Fələstin məsələsini tədricən gündəmdən çıxarıb ümumiyyətlə unutdurmaları mümkün idi. İndi də hegemonizmin və xəbis sionistlərin özləri etiraf edir, düşünür və narahatdırlar ki, İslam Respublikası Fələstin bayrağını ucaldıb və istədikləri sazişlərlə Fələstin məsələsini sıradan çıxarmağa qoymur. Qüds günü bu xatirənin və bu adın yaşadılması günüdür. Bu il də ilahi yardımla, ilahi hidayətlə bizim böyük xalqımız Tehranda və digər rayonlarda Qüds gününü uca tutacaq, yürüş keçirəcək. Digər ölkələrdə də bir çox müsəlmanlar Qüds günündə İran xalqı kimi edirlər. Qüds günü Qüds məsələsinə aid bir gündür və eyni zamanda İran xalqının birlik əlamətidir. Ehtiyatlı olun ki, kimlərsə Qüds günündə bu toplantılardan təfriqə yaratmaq üçün istifadə etməsinlər. Təfriqədən qorxmaq lazımdır. Təfriqə ilə mübarizə aparmaq və vuruşmaq lazımdır. Təfriqə yaranmamalıdır. İran xalqı o zaman Qüds bayrağını fəxrlə ucalda bilər ki, bir olsun. Bütün bu illərdə bunu pozmağa çalışıblar, amma Allaha şükür olsun ki, bacarmayıblar, inşallah bundan sonra da bacarmayacaqlar.

Tehranın cümə namazı xütbələrindən: 2009.


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə