Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə4/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
1   2   3   4   5   6   7   8   9   ...   60

 
9
Türkiyə ilə müharibədə Anna xaçı alan bir kapitan, bundan pərt olaraq, onu itin 
boynundan asmışdı”
2
 
Gənc oxucu, bizim keçmiş generallarımızın taleyi müxtəlif arxiv sənədlərində, Rusiyanın 
ayrı-ayrı şəhər arxivlərində toz basa-basa yatıb qalır. Vaxt gələcək, onların döyüş yolu yazılmış 
sənədlər çürüyüb məhv olacaq, itib-batacaq. Onda gələcək nəslə onların şan-şöhrətindən, Vətənə, 
xalqa xidmətlərindən heç nə gedib çatmayacaq. Onların izi belə qalmayanda, o nəsil bizi 
lənətləyəcək və gələn yeni nəsil bunu bağışlamayaçaq. Məhz ona görə də xidmətləri xalqımıza 
hələ - yaxşı, məlum olmayan şöhrətli generallarımızın, hərbçilərimizin tozlu qovluqlarına  əl 
uzadıb onları açmalı, yazmalıyıq. Yazmalıyıq ki, Azərbaycanımızın hərb tarixindəki qaranlıq 
səhifələr üzə çıxsın. 
Əziz oxucu! Bir vacib məsələni də  nəzərinizə çatdırmaq istərdim.  Əgər sən bu kitabda 
“müzəffər Sovet Ordusu”, “azadlıq gətirən Qızıl Ordu”, “xilaskar rus ordusu” kimi ifadə  və 
sözlərə rast gəlsən bil ki, bunlar ayrı-ayrı kitablardan və arxiv sənədlərindən götürülmüş 
sitatlardandır. O ki qaldı rus ordusunun, ümumiyyətlə sovet ordusunun “müzəffər yürüşünə” və 
son vaxtlar ona qarşı azalan inam hissinə, qoy buna milyonlarla xalqın taleyi ilə oynayan tək-tək 
adamlar, xalqların azadlıq uğrunda mübarizəsini silah gücünə yatızdıranlar, bir sözlə, ordunu 
xalqa qarşı qaldıranlar cavab versinlər. Tarix qarşısında, insanlıq qarşısında! 
Hər bir generalın həyat yolu ilə bağlı sənədlərlə işləyəndə böyuk qazax yazıçısı Muxtar 
Auezovun bir cümləsini istər-istəməz xatırlayıram: 
“Gecikmiş yolçu çoxdan ötüb keçən karvanın tərk etdiyi ocaq külü içindən közərən bir 
kömür parçası taparaq, onu ehtiyat və qayğı ilə üfləyib, öz nəfəsilə od əmələ gətirdiyi kimi, mən 
də bu xatirələrə ehtiyat və qayğı ilə yanaşmalı olurdum”. 
Bu cümlə qarşıma çıxan çətinlikləri sanki unutdururdu. Mən daha böyük həvəslə, 
məsuliyyətlə onların ömür yolunu öyrənmək istəyirdim. Buna nə dərəcədə nail olmuşam, harda 
səhvlərim, büdrəmələrim olubsa, onlar sizinlə görüşdə üzə  çıxacaq. Çəkdiyim zəhmətə  də siz 
qiymət verəcəksiniz. 
Uzun illərlə apardığım axtarışlardan sonra müəyyən etmişəm ki, inqilabdan əvvəl və 
sonra səksəndən çox generalımız olub. Hələlik onların bir neçəsi haqqında yazılarımı sizə təqdim 
edirəm. 
  
 
 
                                                 
2
 
Ə.Şıxlinski “Xatirələrim”, Bakı, 1984-cü il, səh. 69—70).
 
 


 
10
TARİXDƏ AD QOYUB QƏHRƏMANLARIM 
  
 
Azərbaycan xalqının hər sahədə böyük  
nümayəndələri var. Ordu sıralarında,  
hərbi aləmdə bizim böyük mütəxəssislərimiz - 
generallarımız çox olmalıdır... Xalqımız üçün hərbi 
dühalar yetirin! Bu da yalnız uzun müddətordu 
sıralarında xidmət etməklə və hərbi elmlərə sahib 
olmaqla mümkün olacaqdır! 
 
Səməd Vurğun 
  
 
 
GENERAL NAXÇIVANSKİLƏR 
 
KƏLBALI XAN NAXÇIVANSKİ 
 
Nə Azərbaycan, nə də rus hərb tarixi general-mayor Kəlbalı xan Naxçıvanskinin anadan 
olduğu ili saxlamayıb. Ümid verən arxivlərdə, inqilabdan əvvəlki hərbi-tarixi mənbələrdə  nə 
qədər axtardıqsa, onun təvəllüdünü dəqiqləşdirə bilmədik.  İnqilabdan  əvvəlki  ədəbiyyatlarda 
general Kəlbalı xan Naxçıvanskinin bir neçə yerdə səthi də olsa, adı çəkilir və hərbi fəaliyyəti 
qeyd olunur. 
Kəlbalı xan, Naxçıvanın sonuncu hakimi Ehsan xanın oğludur. Zaqafqaziya Rusiya ilə 
birləşəndən sonra generallıq rütbəsi alan Ehsan xan, 1828-ci il fevralın onunda Rusiya ilə İran 
arasında Türkmənçay sülh müqaviləsini imzalayanlardan biri olmuşdur. O, burada İrəvan və 
Naxçıvan xanlığının, Ordubad dairəsinin səlahiyyətli nümayədəsi kimi iştirak etmişdi. 
Hərbi tarixçilər V.Potto, İ.Zinovyev, general V.Zubov, İ.Paskeviç və yazıçı 
A.Qriboyedovun yol qeydlərindən məlum olur ki, rus-İran müharibəsi zamanı Ehsan xan on min 
nəfərlik naxçıvanlılardan və ruslardan ibarət olan qoşuna başçılıq etmişdir. Bu müharibədə ad-
san qazanan general Ehsan xan sonralar Krım müharibəsində  də  şücaətlə vuruşmuş, ali hərbi 
ordenlərlə təltif olunmuşdur. Görkəmli sərkərdə kimi Ehsan xanın adı Kremlin Georgi salonunda 
qızıl hərflərlə yazılmışdır. 
Tarix öz səhifələrində bir maraqlı faktı da saxlayıb: Aleksandr Qriboyedov və Abbasqulu 
ağa Bakıxanov  İrana gedəndə Ehsan xanın Xandikindəki evində qonaq olmuşlar. Bu barədə 
A.Qriboyedovun “İrəvan yürüşü” yol qeydlərində maraqlı sətirlər var: 
“Sübh tezdən oyandıq: bərk isti idi. Abbasqulu ağa nəql elədi ki, Yelizavetpol döyüşü şair 
Nizaminin məqbərəsi yanında baş verib. 
Naxçıvandan səkkiz mil aralıda dayanmışıq. Araz kənarından Abbasabadın geniş 
mənzərəsi açılır.  Şimal-şərqdən Qarabağ dağlarının, Naxçıvan düzənliyinin möcüzəli gözəlliyi 
açılır. Arazın arxası Yaylandağla və ona oxşar iki başqa dağla  əhatə olunub. Qərbə doğru 
baxanda isə  Ağrıdağı ucalır. Naxçıvan özü isə Qarabar dağlarının davamı olan düzəngahda 
yerləşir. 
Naxçıvana daxil oluruq. Xan evinin qülləsi mənim otağımın pəncərəsindən daha aydın 
görünür”. 
1826-cı ildə  Fətəli  şahın vəliəhdi Abbas Mirzə altmış minlik qoşunla Arazı keçib 
Azərbaycana hücum etdi. Bu vaxt Ehsan xan Abbasabad qarnizonunun rəisi idi. Ehsan xanın, 
qalanı iranlılara təslim etmək istəmədiyini görən Abbas Mirzə şah qoşununun qırx minini İrəvan 
və Naxçıvana yeridir. Həmin döyüşlərin şahidi olan məşhur tarixçi Mirzə Adıgözəlbəy yazırdı: 


 
11
“O vaxt naxçıvanlı Ehsan xan Abbasabad qalasının mühafizi idi. Orada olduğumu bilib 
yanıma qasid göndərdi. O, mənə xəbər verdi: “Knyaza (komandan İ.F.Paskeviç nəzərdə tutulur.-
Ş.N.) bildirin ki, bu tərəfə hərəkət etsin.” 
“Qafqaz hərbi-tarix muzeyi”nin 1913-cü ildə nəşr etdiyi altı yüz otuz bir nömrəli “Soraq 
kitabçası”nda general Kəlbalı xan Naxçıvanskinin məşhur xan nəslindən olduğu qeyd olunur. O, 
on dörd yaşında ikən Peterburqdakı zadəgan balalarına məxsus paj korpusuna daxil olur. Əla 
oxuyan Kəlbalı xana məktəbdə tam təhsil almaq qismət olmur. Qəfil xəstələndiyinə görə vətəni 
Naxçıvana qayıdır. Bir müddət müalicə olunduqdan sonra yenidən hərbi işə səfərbər edilir. 1849-
cu ildə könüllü olaraq Dağıstan yürüşündə iştirak edir. Gergebel döyüşlərində göstərdiyi igidliyə 
görə üçüncü dərəcəli müqəddəs Stanislav ordeni ilə təltif olunur və zabit rütbəsinə layiq görülür. 
1853-cü ildə Krım müharibəsi başlananda yerli bəylərdən ibarət süvari alayı təşkil edir. 
Bir il sonra, iyunun 19-da Kəlbalı xan Naxçıvanski Çınqıl döyüşündə  fərqləndiyinə görə 
dördüncü dərəcəli müqəddəs Georgi ordeni ilə  təltif olunur. Həmin il iyulun otuzunda rus 
ordusunun general-leytenantı,  İrəvan süvari polkunun rəisi Vrangel Qafqaz ordusunun baş 
komandanına məlumat göndərmişdi. General təkcə  Kəlbalı xan haqqında deyil, həmçinin 
döyüşdə igidliklə vuruşan oğullarımız barədə fəxrlə yazırdı: 
“Qoşunlarımızın hədsiz igidliyi barədə əlahəzrət cənabınızın qarşısında təkrarən şəhadət 
verməyi özümə borc bilirəm ki, zabit və  əsgərlər döyüşə  həvəslə gedirlər: yüngül yaralananlar 
cəbhəni tərk etmir, ağır yaralılar isə döyüş meydanında qalırdılar. Tibb işçiləri elə oradaca onlara 
yardım göstərirdilər. 18 iyul tarixli ilk məlumatımda adları  çəkilən kapitan İsmayıl xandan 
(Kəlbalı xanın qardaşıdır - Ş.N). və podporuçik Kəlbalı xandan başqa müsəlmanlardan ibarət bəy 
drujinasından praporşiklər  Əlixan və Paşa xanın, dörd nömrəli müsəlman (Azərbaycan) 
polkundan kapitan Hüseyn Sultanın adlarını da çəkməliyəm.  İsmayıl xanla Kəlbalı xan hücum 
zamanı öz hissələrinin önündə gedərək igidlik nümunəsi göstərirdilər. 
...Yanımda volonter
3
  işləyən Xancan xan Məmmədqulu oğlunu
 
 da həmçinin müəyyən 
göstərişlərlə döyüşə göndərirdim... Onlar yaralanır, ancaq döyüş meydanını tərk etmirdilər”. 
1855-ci ildə imperator II Aleksandrın tacqoyma mərasimi günü Kəlbalı xan leyb-
qvardiya qusar polkuna komandir təyin olunur. Bundan sonra Qafqaz canişinliyinin 
sərəncamında xidmət edir. Müxtəlif batalyon və polkların komandiri olur. Nizami ordudakı 
nümunəvi xidmətinə  və  əla komandirlik fəaliyyətinə görə 1874-cü ildə general-mayor kimi 
yüksək rütbəyə layiq görülür. 
1877-78-ci illərdə rus-türk müharibəsində general Kəlbalı nur. Bütün döyüşlərdə şücaətlə 
vuruşan, azərbaycanlılardan ibarət  İrəvan süvari briqadasının komandiri Kəlbalı xan hərbi 
əməliyyatlarda böyük şücaət göstərmişdir. Bu müharibədə onun qəhrəmanlığı brilyantla 
bəzədilmiş qılıncla və müqəddəs Georgi ordeni ilə qeyd edilmişdir. General-mayor Kəlbalı xan 
Ehsan oğlu Naxçıvanski 1883-cü ildə vəfat etmişdir. 
Sənədləri araşdırarkən məlum oldu ki, Ehsan xan oğluna Kəlbalı xanın adını qoymuşdur. 
Ona görə  də  mənbələrdə iki Kəlbalı xan adına rast gəldik. Baba Kəlbalı xan Naxçıvanski 
haqqında Azərbaycan Sovet Ensiklopediyasının yeddinci cildində qısa da olsa məlumat verilir. 
       “Kəlbalı xan Naxçıvanski (? - 1823, Təbriz) - Naxçıvan xanı. Rusiyadan hərbi yardım 
istədiyi üçün altı il Tehranda həbsdə saxlanmış, gözünün biri çıxartdırılmışdı. Fətəli  şah 
hakimiyyət başına gəldikdən sonra İrəvan xanlığında yaşamışdır. Abbas Mirzə  tərəfindən 
Naxçıvana vali təyin olunan Naxçıvanski  İran hökumətinə xidmət etmək istəmədiyindən 
Məkkəyə ziyarət bəhanəsilə, yerinə oğlu Ehsan xanı təyin edib hakimiyyətdən uzaqlaşmışdı”. 
Bir maraqlı faktı da oxucuların nəzərinə çatdırmaq istərdim: XIX əsrin ortalarında 
Naxçıvanda “Qönçeyi-Ülfət” adlı  ədəbi məclis fəaliyyət göstərirdi. Bu məclisə, o vaxtlar 
Naxçıvan  şəhər rəisinin müavini işləyən məşhur gürcü şairi Nikolaz Barataşvili də tez-tez 
gələrdi. O, burada on səkkiz yaşlı Qönçəbəyim adlı çox istedadlı bir qızla tanış olub dostlaşır. 
Lirik qoşmaları ilə bu gün Azərbaycan  ədəbiyyatında yaşayan həmin Qönçəbəyim general-
mayor Kəlbalı xan Naxçıvanskinin bacısıdır. 
                                                 
3
 
Fədai, könüllü əsgər
 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə