FinEx Kredit” bokt asc


Əsas Uçot Prinsiplərinin Xülasəsi



Yüklə 0,76 Mb.
səhifə4/14
tarix24.02.2018
ölçüsü0,76 Mb.
#27808
1   2   3   4   5   6   7   8   9   ...   14

4.Əsas Uçot Prinsiplərinin Xülasəsi


Maliyyə alətləri - əsas qiymәtlәndirmә üsulları. Təsnifat formalarından asılı olaraq maliyyə alətləri ədalətli dəyərdə və ya amortizasiya olunmuş maya dəyərində qeydə alınır. Həmin qiymətləndirmə üsulları aşağıda əks etdirilir.

Ədalətli dəyər müstəqil şəkildə fəaliyyət göstərən yaxşı məlumatlandırılmış müstəqil tərəflər arasında əməliyyatın ümumi şərtlər əsasında həyata keçirildiyi zaman aktivin mübadilə edilə bildiyi və ya öhdəliyin yerinə yetirildiyi məbləği təşkil edir. Ədalətli dəyər fəal bazarda alınıb satılan maliyyə aktivləri üzrə cari tələb qiymətini və maliyyə öhdəlikləri üzrə cari təklif qiymətini əks etdirir. Bazar riskləri qarşılıqlı şəkildə əvəzləşdirilən aktiv və öhdəliklər ilə əlaqədar Təşkilat qarşılıqlı surətdə əvəzləşdirilən risklər üzrə ədalətli dəyər göstəricilərinin müəyyən

edilməsi üçün orta bazar qiymətlərindən istifadə edə bilər və xalis açıq mövqeyə müvafiq tələb və təklif qiyməti tətbiq edə bilər. Maliyyə aləti fəal bazarda o zaman sərbəst surətdə alınıb satıla bilən aktivlər kimi qəbul edilir ki, onların qiymətləri haqqında məlumat fond birjasında və ya digər maliyyə Təşkilatından sərbəst və müntəzəm şəkildə əldə edilə bilsin və bu zaman həmin qiymətlər könüllü şəkildə bazar şərtləri çərçivəsində həyata keçirilən real və müntəzəm əməliyyatları əks etdirsin.



Bazar qiymətləri mövcud olmayan maliyyə alətlərinin ədalətli dəyərini müəyyən etmək üçün diskont edilmiş pul vəsaitlərinin hərəkəti modeli, könüllü şəkildə həyata keçirilən ən son əməliyyatlar haqqında məlumata əsaslanan modellər kimi qiymətləndirmə üsulları, eləcə də investisiya qoyulan müəssisələr haqqında maliyyə məlumatlarının təhlili istifadə edilir. Qiymətləndirmə üsulları müşahidə edilə bilən bazar məlumatları ilə dəstəklənməyən fərziyyələrin istifadə olunmasını tələb edə bilər. Bu fərziyyələrin hər-hansı birinin mümkün alternativ variantla əvəz edilməsi nəticəsində mənfəət, gəlir, aktiv və öhdəliklərin əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb olacaq hallar barədə məlumat hazırkı maliyyə hesabatlarında açıqlanır.

İlkin dəyər alış tarixinə aktivi almaq üçün ödənilmiş pul vəsaitlərini və ya onların ekvivalentlərinin məbləğini və yaxud verilmiş digər resursların ədalətli dəyərini əks etdirir və əməliyyat xərclərini ehtiva edir.İlkin dəyərlə qiymətləndirmə yalnız bazar qiymətləri olmayan və ədalətli dəyəri etibarlı şəkildə ölçülə bilməyən pay alətlərindəki investisiyalara tətbiq edilir.

Əməliyyat xərcləri əlavə xərcləri əks etdirir və birbaşa olaraq maliyyə alətinin alışı, buraxılması və ya satışı ilə əlaqəlidir. Əlavə xərclər əməliyyatın həyata keçirilmədiyi təqdirdə yaranmayan xərclərdir.Əməliyyat xərclərinə agentlərə (satış üzrə agentlər kimi fəaliyyət göstərən işçilər daxil olmaqla), məsləhətçilərə, brokerlərə və dilerlərə ödənilmiş haqq və komissiyalar, tənzimləyici orqanlar və fond birjalarına ödəmələr, eləcə də mülkiyyət hüququnun köçürülməsi üzrə vergilər və rüsumlar daxildir. Borc öhdəlikləri üzrə mükafat və ya diskontlar, maliyyələşdirmə xərcləri, daxili inzibati və ya saxlama xərcləri maliyyə xərclərinə daxil edilmir.

Amortizasiya olunmuş maya dəyəri əsas məbləğin ödənilməsi çıxılmaqla, lakin hesablanmış faizləri daxil etməklə, maliyyə aktivləri üçün isə dəyərsizləşmə zərərləri üzrə hər-hansı silinməni çıxmaqla aktivlərin ilkin dəyərini əks etdirir. Hesablanmış faizlərə ilkin uçot zamanı təxirə salınmış əməliyyat xərclərinin və effektiv faiz metodundan istifadə etməklə ödəniş məbləği üzrə hər-hansı mükafat və ya diskontun amortizasiyası daxildir. Hesablanmış faiz gəlirləri və faiz xərcləri, o cümlədən hesablanmış kupon gəlirləri və amortizasiya olunmuş diskont və ya mükafat (verilmə zamanı təxirə salınmış komissiyalar daxil olmaqla, əgər varsa) ayrıca göstərilmir və maliyyə vəziyyəti haqqında hesabatın müvafiq maddələrinin balans dəyərinə daxil edilir.

Effektiv faiz metodu maliyyə alətinin balans dəyəri üzrə sabit faiz dərəcəsinin (effektiv faiz dərəcəsi) təmin edilməsi üçün faiz gəlirləri və ya xərclərinin müvafiq dövr ərzində uçota alınması metodudur. Effektiv faiz dərəcəsi, təxmin edilən gələcək pul ödənişlərini və ya daxilolmaları (kreditlər üzrə gələcək zərərlər xaric olmaqla) maliyyə alətinin gözlənilən fəaliyyət müddəti ərzində və ya müvafiq hallarda daha qısa müddət ərzində maliyyə alətinin xalis balans dəyərinə diskontlaşdıran dəqiq dərəcədir. Effektiv faiz dərəcəsi maliyyə aləti üçün nəzərdə tutulan dəyişkən faiz dərəcəsi üzrə kredit spredini əks etdirən mükafatlar və ya diskont və yaxud bazar qiymətlərindən asılı olaraq müəyyən edilməyən digər dəyişkən amillər istisna olmaqla, faiz dərəcələrinin növbəti dəyişdirilmə tarixinə qədər dəyişkən faizli alətlər üzrə pul vəsaitlərinin hərəkətini diskont etmək üçün istifadə edilir. Bu cür mükafatlar və ya diskontlar maliyyə alətinin gözlənilən tədavül müddəti ərzində amortizasiya edilir. Diskont dəyərinin hesablanmasına müqavilə tərəfləri arasında ödənilmiş və ya alınmış effektiv faiz dərəcəsinin tərkib hissəsini təşkil edən bütün komissiyalar daxildir (gəlir və xərclərin uçotu siyasətinə baxın).

Maliyyə alətlərinin ilkin uçotu. Mənfəət və zərər haqqında hesabatda ədalətli dəyərlə göstərilən ticarət üçün qiymətli kağızlar, derivativlər və digər maliyyə alətləri əvvəlcə ədalətli dəyərdə qeydə alınır. Bütün digər maliyyə alətləri, dövlət və dövlət təşkilatlarından alınmış kreditlər istisna olmaqla, əməliyyat xərcləri də daxil olmaqla ədalətli dəyərdə qeydə alınır. İlkin uçot zamanı ədalətli dəyər ən yaxşı olaraq əməliyyat qiyməti ilə sübut edilir. İlkin uçot zamanı yaranan gəlir və ya zərər yalnız ədalətli dəyər ilə əməliyyat qiyməti arasında fərq olduqda qeydə

alınır. Ədalətli dəyər eyni maliyyə aləti ilə aparılan digər cari bazar əməliyyatlarının müşahidəsi və yaxud həmin bazarlardan əldə edilən məlumatlara əsaslanan qiymətləndirmə üsulu ilə sübut edilir.

Qanunvericilik və ya ümumi qəbul edilmiş bazar qaydaları ilə müəyyən edilmiş vaxt çərçivəsində təchiz olunması nəzərdə tutulan maliyyə aktivlərinin bütün digər alış və satışları (“müntəzəm” alış və satışlar), Şirkətin maliyyə aktivini almaq və ya satmaq öhdəliyini qəbul etdiyi əməliyyat tarixində qeydə alınır. Alış üzrə bütün digər əməliyyatlar müəssisənin həmin maliyyə aləti üzrə müqavilə tərəfi olduqda qeydə alınır.

Pul vəsaitləri və onların ekvivalentləri. Pul vəsaitləri və onların ekvivalentləri asanlıqla müəyyən nağd pul məbləğinə çevrilə bilən və dəyəri cüzi dəyişikliklərə məruz qalan maddələrdir. Pul vəsaitləri və onların ekvivalentlərinə ilkin ödəmə müddəti üç aydan az olan banklararası bütün depozitlər daxildir. Verilmə tarixində istifadəsi üç aydan çox müddətə məhdudlaşdırılmış vəsaitlər pul vəsaitləri və onların ekvivalentlərinə aid edilmir. Pul vəsaitləri və onların ekvivalentləri amortizasiya olunmuş maya dəyərində əks etdirilir.

Müştərilərə verilmiş kreditlər və avanslar.Müştərilərə verilmiş kreditlər və avanslar təsbit edilmiş və ya müəyyən edilə bilən tarixlərdə qaytarılmaq şərtilə sərbəst surətdə alınıb satıla bilməyən qeyri-derivativ maliyyə alətləri ilə əlaqəsi olmayan debitor borclarının əldə edilməsi və ya yaradılması məqsədilə, Təşkilat tərəfindən müştərilərə avans şəklində nağd pul verildiyi zaman uçota alınır. Bu zaman Təşkilatın həmin debitor borcları üzrə alqı-satqı əməliyyatı aparmaq niyyəti olmur. Müştərilərə verilmiş kreditlər və avanslar amortizasiya olunmuş maya dəyərində əks etdirilir.

Dəyərsizləşmiş maliyyə aktivləri ilə bağlı şərtlərə yenidən baxıldıqda, yenidən baxılmış şərtlər əvvəlki şərtlərdən əhəmiyyətli dərəcədə fərqlənərsə, yeni aktiv əvvəlcə ədalətli dəyərdə uçota alınır.



Amortizasiya olunmuş maya dəyərində qeydə alınan maliyyə aktivlərinin dəyərsizləşməsi. Maliyyə aktivinin ilkin uçotundan sonra baş vermiş bir və ya bir neçə halın (“zərər halları”) nəticəsində yaranmış və etibarlı şəkildə təxmin edilə bilən maliyyə aktivi və ya maliyyə aktivləri qrupu üzrə gələcək pul vəsaitlərinin məbləğinə və ya vaxtına təsir göstərən dəyərsizləşmə üzrə zərərlər il üzrə mənfəət və zərərə aid edilir. Ayrıca qiymətləndirilən maliyyə aktivi (əhəmiyyətindən asılı olmayaraq) ilə əlaqədar dəyərsizləşmə üzrə zərərin baş verməsinə dair Təşkilatdə obyektiv dəlil olmadıqda, həmin aktiv analoji kredit riskinə malik olan maliyyə aktivləri qrupuna aid edilir və dəyərsizləşməyə görə birlikdə qiymətləndirilir. Maliyyə aktivinin dəyərsizləşməsi məsələsinə baxarkən Təşkilatın nəzərə aldığı əsas amillər həmin aktivin vaxtı keçmiş statusu və hər-hansı girov təminatının realizasiya oluna bilməsidir. Dəyərsizləşmə üzrə zərərin baş verməsinə dair obyektiv əlamətlərin mövcud olmasını müəyyən edən əsas meyarlar aşağıda göstərilir:

  • hər-hansı ödənişin gecikdirilməsi və bu zaman gecikdirilmiş ödənişin hesablaşma sistemlərindəki gecikmə ilə izah edilə bilməməsi;

  • borcalanın əhəmiyyətli maliyyə çətinlikləri ilə üzləşməsi və bunun Təşkilatın borcalan haqqında maliyyə məlumatları ilə təsdiqlənməsi;

  • borcalanın müflisləşməsi və ya onun maliyyə strukturunun yenidən təşkil edilməsi riskinə məruz qalması;

  • borcalana təsir göstərən milli və ya yerli iqtisadi şəraitin dəyişməsi nəticəsində onun ödəniş statusunda mənfi dəyişikliklərin baş verməsi; və ya

  • girovun dəyərinin bazar şərtlərinin pisləşməsi nəticəsində əhəmiyyətli dərəcədə aşağı düşməsi.

Aktivlər üçün dəyərsizləşmə üzrə zərərlərin kollektiv şəkildə qiymətləndirilməsi məqsədilə maliyyə aktivləri analoji kredit risk xüsusiyyətlərinə əsasən qruplaşdırılır. Həmin xüsusiyyətlər qiymətləndirilən aktivlərin müqavilə üzrə şərtlərinə uyğun olaraq borcalanlar tərəfindən bütün məbləğlərin ödənilməsi qabiliyyətinin göstəricisi olmaqla, bu cür aktivlər qrupu üzrə gәlәcәk pul vəsaitləri hərəkətinin təxmin edilməsi üçün uyğundur. Dəyərsizləşməyə qarşı məcmu şəkildə qiymətləndirilən maliyyə aktivləri qrupundakı pul vəsaitlərinin gələcək hərəkəti, həmin aktivlərlə bağlı müqavilə üzrə pul vəsaitlərinin hərəkətinə, keçmişdə baş vermiş zərər halları nəticəsində yaranacaq vaxtı keçmiş borcların həcminə dair rəhbərlikdə mövcud olan statistikaya və vaxtı keçmiş

borcların geri qaytarılması nailiyyətinə əsasən müəyyən edilir. Keçmiş dövrlərə təsir göstərməyən cari şəraitin təsirini əks etdirmək və cari dövrdə mövcud olmayan keçmiş hadisələrin təsirini aradan qaldırmaq məqsədilə, keçmiş illərin statistikası müşahidə edilə bilən cari məlumatlara əsasən tənzimlənir.

Amortizasiya olunmuş maya dəyərində uçota alınan dəyərsizləşmiş maliyyə aktivi ilə bağlı şərtlərə yenidən baxılarsa və ya bu şərtlər borcalanın və yaxud borcverənin maliyyə vəziyyətindəki çətinliklərə görə dəyişərsə, dəyərsizləşmənin uçotu şərtlərin dəyişməsindən əvvəlki effektiv faiz dərəcəsinə əsaslanır.

Aktivin balans dəyərini effektiv faiz dərəcəsilə diskont edilmiş gələcək pul vəsaitləri hərəkətinin cari dəyərinə (kreditlər üzrə baş verməmiş gələcək zərərlər istisna olmaqla) silmək üçün aktivlər üçün dəyərsizləşmə üzrə zərərlər ehtiyat hesabında qeydə alınır. Girov qoyulmuş maliyyə aktivi üzrə təxmin edilən gələcək pul vəsaitləri hərəkətinin cari dəyərinin hesablanması girovun əldə edilməsi və satılması xərcləri çıxılmaqla, girov nəticəsində yarana bilən (girovun olub-olmaması ehtimal edildikdə) pul vəsaitlərinin hərəkətini əks etdirir.

Dəyərsizləşmə üzrə zərərin məbləği sonrakı dövrdə baş vermiş hadisəyə görə azalarsa və həmin azalma obyektiv olaraq zərərin qeydə alınmasından sonra baş vermiş hadisəyə (məsələn, borcalanın kredit reytinqinin artması kimi) aid edilərsə, əvvəl qeydə alınmış dəyərsizləşmə üzrə zərər mənfəət və zərər hesabına yaradılmış ehtiyata düzəliş etməklə bərpa edilir.Aktivlər qaytarıla bilmədikdə onlar, aktivin və ya onun hissəsinin bərpa olunması üçün bütün zəruri prosedurların tamamlanmasından və zərərin məbləğinin müəyyən edilməsindən sonra müvafiq zərər ehtiyatından silinir.

Maliyyə aktivlərinin uçotdan silinməsi. Təşkilat aşağıdakı hallarda maliyyə aktivlərini uçotdan silir: (a) aktivlər geri alındıqda və ya bu aktivlərlə əlaqədar pul vəsaitlərinin hərəkəti üzrə hüquqların müddəti başa çatdıqda və ya (b) Şirkət maliyyə aktivlərindən daxil olan pul vəsaitlərinin axını üzrə mülkiyyət hüququnu ötürdükdə və ya ötürülmə haqqında müqavilə bağladıqda və bu zaman (i) həmin aktivlərin mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydaları əsas etibarilə başqa tərəfə ötürdükdə və ya (ii) bu aktivlərin mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydaları əsas etibarilə ötürmədikdə və ya saxlamadıqda, lakin, həmin aktivlər üzrə nəzarət hüququnu özündə saxlamadıqda. Nəzarət qarşı tərəfin öz mülkiyyətində olan aktivi satış üzrə əlavə məhdudiyyətlər qoymadan əlaqəli olmayan üçüncü tərəfə satmaq üçün praktiki imkana malik olmadığı hallarda saxlanılır.

Binalar və avadanlıqlar. Binalar lazım olduqda yığılmış amortizasiyanı və dəyərsizləşmə üzrə ehtiyatı çıxmaqla, ilkin dəyərdə qeydə alınır.

Başa çatdırılmamış tikinti işləri lazım olduqda dəyərsizləşmə üzrə ehtiyatı çıxmaqla, ilkin dəyərdə qeydə alınır. İlkin dəyərə müvafiq aktivlərin tikintisinin maliyyələşdirilməsi üçün xüsusi və ümumi borc vəsaitlərinin alınması ilə əlaqədar borc vəsaitləri üzrə xərclər daxildir. Tikinti işləri tamamlandıqdan sonra həmin aktivlər müvafiq binalar və avadanlıqlar kateqoriyasına köçürülür və balans dəyərində uçota alınır. Başa çatdırılmamış tikintilər üçün tikinti işləri başa çatdırılmayana qədər amortizasiya hesablanmır. Binalar və avadanlıqların bütün digər növləri lazım olduqda yığılmış amortizasiyanı və dəyərsizləşmə üzrə zərəri çıxmaqla (əgər varsa), ilkin dəyərdə qeydə alınır.

Kiçik həcmli təmir və istismar xərcləri çəkildiyi zaman xərcə silinir. Binalar və avadanlıqların əsas komponentlərinin əvəz edilməsi xərcləri kapitallaşdırılır və əvəz edilmiş hissələr balansdan silinir. Binalar və avadanlıqlar dəyərsizləşdikdə, onlar binalar və avadanlıqların istifadəsi nəticəsində əldə edilən dəyər ilə satış xərcləri çıxılmaqla ədalətli dəyərdən daha yüksək olan dəyərə silinir. Aktivin balans dəyərindəki azalma mənfəət və zərərə aid edilir. Aktivin istifadəsi nəticəsində əldə edilən dəyərin və ya satış xərcləri çıxılmaqla, onun ədalətli dəyərinin müəyyən edilməsi üçün istifadə edilən təxminlərdə dəyişiklik baş verdiyi təqdirdə əvvəlki dövrlərdə hər-hansı aktiv üçün qeydə alınmış dəyərsizləşmə üzrə zərərlər bərpa edilir.

Binalar və avadanlıqların satışından yaranan gəlir və zərər, gəlir məbləği və balans dəyəri arasındakı fərq kimi müəyyən edilir və mənfəət və zərərdə əks etdirilir.



Amortizasiya. Bina və avadanlıqlar üzrə amortizasiya düz xətt metoduna, yəni əsas vəsaitlərin aşağıda göstərilən təxmini faydalı xidmət müddəti ərzində aktivlərin ilkin dəyərini və ya yenidən qiymətləndirilmiş dəyərini onların qalıq dəyərinədək azaltmaqla hesablanır:

Mebel və avadanlıqlar 5 il;

Kompüter və rabitə avadanlıqları 4 il;

Qeyri-maddi aktivlər 10 il.

Aktivin artıq köhnəldiyi və istismar müddəti başa çatdığı halda, satış üzrə təxmin edilən xərclər çıxılmaqla, Təşkilatın həmin aktivin satışı nəticəsində əldə edəcəyi təxmin edilən məbləğ aktivin qalıq dəyəridir. Təşkilat aktivi onun fiziki istismar müddətinin sonuna qədər istifadə edəcəyini gözlədikdə, aktivin qalıq dəyəri sıfra bərabər olur. Aktivlərin qalıq dəyərləri və faydalı xidmət müddətləri lazım olduqda hesabat dövrünün sonunda nəzərdən keçirilir və dəqiqləşdirilir.

Digər banklara ödəniləcək vəsaitlər. Digər banklara ödəniləcək vəsaitlər, müxbir banklar tərəfindən Təşkilata nağd pul və ya digər aktivlər verildiyi andan qeydə alınır. Qeyri-derivativ maliyyə öhdəlikləri amortizasiya olunmuş maya dəyərində qeydə alınır. Təşkilat verdiyi borcları geri aldıqda, həmin borc öhdəlikləri maliyyə vəziyyəti haqqında hesabatdan silinir və öhdəliyin balans dəyəri ilə ödənilmiş məbləğ arasındakı fərq borcun ödənilməsi üzrə yaranan gəlir və ya xərclərə aid edilir.

Borc götürülmüş digər vəsaitlər. Borc götürülmüş digər vəsaitlərə rezident və qeyri-rezident banklar tərəfindən sabit ödəmə müddəti və sabit və ya dəyişkən faiz dərəcələri ilə verilmiş kreditlər daxildir.Borc götürülmüş digər vəsaitlər amortizasiya olunmuş maya dəyərində qeydə alınır.

Mənfəət vergisi. Mənfəət vergisi hazırkı maliyyə hesabatlarında Azərbaycan Respublikasının qüvvədə olan və ya hesabat tarixinə qüvvəyə minmiş Azərbaycan qanunvericiliyinə uyğun olaraq hesablanmışdır. Mənfəət vergisi xərci cari və təxirə salınmış mənfəət vergisindən ibarətdir və bu və ya digər dövrdə vergi təsiri bilavasitə digər məcmu gəlirlərdə və ya kapitalda qeydə alınan əməliyyatlar istisna olmaqla, mənfəət və zərərdə qeydə alınır.

Cari mənfəət vergisi, cari və əvvəlki dövrlər üzrə vergiyə cəlb edilən mənfəət və ya zərər ilə əlaqədar vergi orqanlarına ödəniləcək və ya onlardan geri alınacaq məbləği təşkil edir. Vergiyə cəlb edilən mənfəət və ya zərər maliyyə hesabatlarının müvafiq vergi bəyannamələrinin təqdim olunmasından əvvəl təsdiqləndiyi halda, təxmini göstəricilərə əsasən hesablanır. Mənfəət vergisindən başqa digər vergilər inzibati və digər əməliyyat xərcləri kimi qeydə alınır.

Təxirə salınmış mənfəət vergisi öhdəlik metodundan istifadə etməklə, aktiv və öhdəliklərin vergi bazası və maliyyə hesabatlarının hazırlanması məqsədləri üçün onların balans dəyəri arasında yaranan keçmiş illərin vergi zərəri və bütün müvəqqəti fərqlər üçün hesablanır. İlkin uçot zamanı istisna hal olaraq, əgər əməliyyat maliyyə mənfəəti və vergiyə cəlb edilən mənfəətə təsir göstərmirsə, aktiv və öhdəliyin ilkin qeydə alınması nəticəsində yaranan müvəqqəti fərqlər üzrə təxirə salınmış vergi hesablanmır (biznes birləşməsi halları istisna olmaqla). Təxirə salınmış vergi qalıqları, qüvvədə olan və ya hesabat dövrünün sonunda qüvvəyə minmiş vergi dərəcələrinə əsasən müvəqqəti fərqlərin qaytarılacağı və ya keçmiş illərdən yığılmış vergi zərərlərinin istifadə ediləcəyi dövrdə tətbiq edilməli vergi dərəcələrindən istifadə etməklə hesablanır. Gəlirdən çıxılan müvəqqəti fərqlər üzrə təxirə salınmış vergi aktivləri və keçmiş illərin vergi zərərləri o zaman hesablanır ki, bu çıxılmaların realizasiya oluna bilməsi üçün gələcəkdə kifayət qədər vergiyə cəlb ediləcək mənfəətin mövcudluğu ehtimal edilsin.

Qeyri-müəyyən vergi mövqeləri.Təşkilatın qeyri-müəyyən vergi mövqeləri rəhbərlik tərəfindən hər bir hesabat dövrünün sonunda qiymətləndirilir. Rəhbərlik qrupun vergi mövqeyinə vergi orqanları tərəfindən etiraz edildiyi halda, əlavə vergi öhdəliklərinin yaranmasını ehtimal etdikdə, vergi öhdəlikləri nəzərə alınmır. Bu cür qiymətləndirmə qüvvədə olan və ya hesabat dövrünün sonunda qüvvəyə minmiş vergi qanunvericiliyinin təfsirinə və bu məsələlərə dair hər hansı məhkəmə və ya digər qurumların məlum qərarlarına əsasən aparılır. Mənfəət

vergisi istisna olmaqla, cərimələr, penyalar və vergilər üzrə öhdəliklər hesabat dövrünün sonunda öhdəliklərin yerinə yetirilməsi üçün zəruri olan xərclərə dair rəhbərliyin ən yaxşı təxminləri əsasında uçota alınır.



Gəlir və xərclərin uçotu. Bütün borc alətləri üzrə faiz gəlirləri və xərcləri məcmu gəlirlər haqqında hesabatda effektiv faiz metodundan istifadə etməklə hesablama metodu ilə qeydə alınır. Bu metoda əsasən, faiz gəlirləri və xərclərinə müqavilə tərəfləri arasında ödənilmiş və ya alınmış və effektiv faiz dərəcəsinin tərkib hissəsi olan bütün komissiya və haqlar, əməliyyat xərcləri, eləcə də bütün digər mükafat və ya güzəştlər daxildir.

Effektiv faiz dərəcəsinə aid olan komisiya haqlarına maliyyə aktivinin yaradılması və ya alınması, yaxud maliyyə öhdəliyinin (məsələn, ödəmə qabiliyyətinin qiymətləndirilməsi, zəmanətlərin və ya girovun dəyərləndirilməsi və qeydə alınması, maliyyə alətinin təqdim edilməsi şərtlərinin razılaşdırılması və sövdələşmə sənədlərinin hazırlanması haqları) buraxılması ilə əlaqədar əldə edilmiş və ya ödənilmiş komissiya haqları daxildir. Bazar faiz dərəcələri ilə kreditlərin verilməsi üzrə öhdəlik üçün Təşkilat tərəfindən əldə edilmiş komissiya haqları, Təşkilatın xüsusi kredit müqaviləsini imzalayacağı ehtimal edildikdə və kreditin verilməsindən sonra qısa müddət ərzində onun realizasiyasını planlaşdırmadıqda effektiv faiz dərəcəsinin tərkib hissəsi hesab edilir. Təşkilat, kreditlərin verilməsi üzrə öhdəlikləri mənfəət və zərərdə ədalətli dəyərlə qeydə alınan maliyyə öhdəlikləri kimi təsnifləşdirmir.

Kreditlərin və digər borc alətlərinin vaxtında qaytarılması ilə bağlı şübhə yarandıqda, onlar dəyərsizləşmə məbləğinin müəyyən edilməsi məqsədilə gələcək pul vəsaitləri hərəkətinin diskontlaşdırılması üçün istifadə edilən effektiv faiz dərəcəsi əsasında faiz gəlirlərini əks etdirməklə bərpa dəyərinə qədər azaldılır.

Bütün digər komissiya gəlirləri, digər gəlirlər və digər xərclər adətən göstərilməli olan ümumi xidmətlərdə faktiki göstərilmiş xidmətlərin payı kimi müəyyən edilmiş konkret əqdin tamamlanma dərəcəsindən asılı olaraq hesablama metodu ilə qeydə alınır. Sindikatlaşdırılmış kreditlər üzrə komissiya haqları, sindikatlaşdırma başa çatdıqda və Təşkilat kredit paketinin hər-hansı hissəsini özündə saxlamadıqda və ya paketin bir hissəsini əqdin digər iştirakçıları kimi eyni effektiv faiz dərəcəsilə özündə saxladıqda gəlir kimi əks etdirilir.

Üçüncü tərəflər üçün əqdlərin təşkili üzrə komissiya gəlirləri (məsələn, kreditlərin, səhmlərin və digər qiymətli kağızların alınması və yaxud qeyd olunan əməliyyatlar nəticəsində əldə edilmiş müəssisələrin alqısı və ya satışı) əqd başa çatdıqda qeydə alınır. İnvestisiya portfelinin idarə olunması və digər idarəetmə və məsləhət xidmətləri üzrə komissiya gəlirləri xidmətlərin göstərilməsinə dair müqavilələrin şərtlərinə uyğun olaraq adətən sərf edilmiş vaxta proporsional şəkildə əks etdirilir. İnvestisiya fondlarının aktivlərinin idarə olunması üzrə komissiya gəlirləri bu cür xidmətlərin göstərildiyi dövr ərzində göstərilmiş xidmətlərə proporsional şəkildə qeydə alınır. Eyni prinsip əmlakın idarə edilməsi, maliyyə planlaşdırması və uzun müddət ərzində davamlı olaraq göstərilən depozitari xidmətləri üçün tətbiq edilir.

Xarici valyuta əməliyyatları. Təşkilatın funksional valyutası onun fəaliyyət göstərdiyi əsas iqtisadi mühitin valyutası hesab edilir. Təşkilatın funksional və hesabat valyutası Azərbaycan Respublikasının milli valyutası olan Azərbaycan Manatıdır (“AZN”). Monetar aktiv və öhdəliklər, ARMB-nin müvafiq hesabat tarixinə qüvvədə olan rəsmi valyuta məzənnəsinə əsasən müəssisənin funksional valyutasına çevrilir. Bu cür əməliyyatlar üzrə hesablaşmaların həyata keçirilməsi və ARMB-nin ilin sonuna olan rəsmi valyuta məzənnəsi ilə monetar aktiv və öhdəliklərin funksional valyutaya çevrilməsi nəticəsində yaranan müsbət və mənfi məzənnə fərqləri mənfəət və zərər hesabatında qeydə alınır.

İlin sonuna qüvvədə olan valyuta məzənnəsi ilə yerli valyutaya çevrilmə qeyri-monetar maddələrə, o cümlədən pay alətlərinə tətbiq edilmir. Məzənnə dəyişikliklərinin pay qiymətli kağızların ədalətli dəyərinə təsiri ədalətli dəyər üzrə yenidən qiymətləndirmə nəticəsində gəlir və ya xərclərin bir hissəsi kimi qeydə alınır.



31 dekabr 2015-ci il tarixinə xarici valyuta qalıqlarının çevrilməsində istifadə olunan əsas valyuta məzənnələri: 1 ABŞ Dolları = 1.5594 AZN və 1 Avro = 1.7046 AZN.(31 dekabr 2014-cü il tarixinə: 1 ABŞ Dolları = 0.7844 AZN və 1 Avro = 0.9522 AZN).

Əvəzləşdirmə.Maliyyə aktiv və öhdəliklərinin əvəzləşdirilməsi və xalis məbləğin maliyyə vəziyyəti haqqında hesabata daxil edilməsi, qeydə alınmış məbləğlərin əvəzləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hüquq, eləcə də əvəzləşdirməni aparmaq və ya eyni zamanda aktivi realizasiya edərək öhdəliyi ödəmək niyyəti mövcud olduğu hallarda həyata keçirilə bilər.

İşçilərə sərf olunan xərclər və müvafiq ayırmalar. Əmək haqları, məvaciblər, Azərbaycan Respublikası Dövlət Pensiya və Sosial Müdafiə Fonduna ödənişlər, məzuniyyət və bülletenlər üzrə illik ödənişlər, mükafatlar və pul şəklində olmayan imtiyazlar Təşkilatın işçiləri tərəfindən müvafiq xidmətlər göstərildikdə hesablanır.

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə