17
etməyə əsas verir ki, Azərbaycan, ola bilsin ki, bəşəriyyətin ən qədim, ilk vətəninin
hüdudları daxilində olmuşdur.
Bir sıra səmərəli materiallar seriyası ilə zəngin olan Tağlar kompleksi
arxeoloqlarımıza yerli Mustye mədəniyyəti (Orta Paleolit) inkişafının lokal
xüsusiyyətlərini aşkara çıxarmaq və uzun bir dövr ərzində bu mədəniyyətin təkamül
mərhələlərini izləmək imkanı vermişdir. Bu kompleks ilk dəfə olaraq Qafqazın Ön
Asiya vilayətləri ilə qədim mədəni əlaqələrini müəyyənləşdirmək üçün etibarlı faktik
material vermişdir. Qeyd edək ki, Orta Paleolit dövrü Ə.Cəfərov tərəfindən
müvəffəqiyyətlə tədqiq edilir.
Azərbaycan ərazisində Üst Paleolit xeyli zəif öyrənilmişdir. Bu dövrə aid olan
materiallar Damcılı və Tağlar mağarasında, habelə Qazax rayonundakı açıqtipli
Yataqyeri düşərgəsində tapılmışdır.
Azərbaycan arxeoloqları mezolit və neolit dövrünün bəzi abidələrini Qazax
rayonunda, Qobustan zonasında, Gəncə yaxınlığında (ancaq neolit) aşkara çıxarmağa
nail olmuşlar. Mezolit ve neolit bəşər tarixinin mühüm mərhələləridir. Bu
mərhələlərin abidələrinin tədqiqi Azərbaycanda və bütövlükdə Zaqafqaziyada istehsal
xarakterli təsərrüfatın - əkinçilik və maldarlığın başlanğıc mənbəyini əsil mənada
öyrənməyə imkan verəcəkdir.
Bizim arxeoloqlarımız tərəfindən eneolit dövrünün qədim əkinçi-maldar
tayfalarına aid olan bir sıra abidələri aşkara çıxarılmışdır. Bu işin ilkin mərhələsi
O.A.Həbibullayevin adı ilə bağlıdır. Naxçıvan şəhəri yaxınlığındakı I Kültəpə
məskəninin aşağı təbəqəsindəki qazıntı Qafqaz arxeologiyasında yeni səhifə açmış,
Zaqafqaziya eneoliti və ilkin əkinçilik mədəniyyətinin öyrənilməsinin əsasını
qoymuşdur.
Kültəpə qazıntıları, habelə Azərbaycanın digər rayonlarında, Gürcüstan,
Ermənistan və Dağıstanda aşkara çıxarılan bir sıra ən qədim oturaq əkinçiliyə aid
abidələr e.ə. VI-III minilliklərdə Zaqafqaziyada mədəni-tarixi proses barəsində bizim
təsəvvürlərimizi xeyli dəyişir. Bu qazıntılar nəticəsində keçmiş SSRİ-nin cənubunda
Orta Asiya və Şimali Qara dəniz sahili mərkəzləri ilə yanaşı, daha bir qədim ilkin
əkinçilik mədəniyyəti mərkəzini - Qafqaz mərkəzini müəyyənləşdirmək mümkün
oldu.
Hazırda Azərbaycan Respublikası ərazisində yüzdən çox ilkin əkinçilik
abidələri aşkara çıxarılmışdır. Onlar Kür hövzəsi, Mil-Qarabağ düzü, Muğan və Araz
zonasında qeydə alınmış və xeyli dərəcədə öyrənilmişdir. Onların tədqiqində başlıca
rol İ.H.Nərimanova məxsusdur. Cənubi Azərbaycanda da çox maraqlı ilkin əkinçilik
kompleksləri qrupu məlumdur.
Naxçıvan MR və Kiçik Qafqazın cənub-şərq ətəklərində -Qaraköpəktəpə,
Günəştəpə, Leylatəpəsi, Ovçulartəpəsi və b. yerlərdəki qazıntılar tuncdan istifadənin
başlanğıcında Azərbaycan ərazisindəki qədim tayfaların mədəni-tarixi inkişafının
18
düzgün mənzərəsini təsəvvür etməyə, Şərqi Zaqafqaziya sakinlərinin Şimali Qafqaz
tayfaları ilə, Zaqafqaziya və Qədim Şərqin həmsərhəd ölkələri ilə əlaqələrini aşkara
çıxarmağa imkan yaradan çox zəngin materiallar vermişdir.
Üzərliktəpədə, Qaraköpəktəpədə, Qobustanda, Şəki rayonunun kurqanlarında
və b. yerlərdə aşkara çıxarılmış orta tunc dövrü materialları maraqlıdır. Azərbaycanın
orta tunc dövrünü V.H.Əliyev tədqiq edir.
Son tunc və ilkin dəmir dövrləri mədəniyyətini səciyyələndirən materiallar da
çoxdur.
Skif və Əhəməni dövrlərinin və b. materialların öyrənilməsi üçün də az iş
görülməmişdir.
50-ci illərdən başlayaraq antik Azərbaycanın arxeoloji cəhətdən öyrənilməsi
sahəsində intensiv iş aparılır. Bu zaman qədim şəhər yerləri və qəbir abidələrinin
tədqiqinə xüsusi diqqət yetirilir. Qazax, Xınıslı (Şamaxı yaxınlığında), antik Qafqaz
Albaniyasının baş şəhəri olan Qəbələ (Qəbələ rayonunda) zonalarında və i.a. yerlərdə
qazıntılar aparılmış və əldə edilən materiallar öyrənilmişdir. Arxeoloji ekspedisiyalar
tərəfindən xüsusi və xülasə xarakterli əsərlərdə nəşr olunmuş xeyli material
toplanılmışdır. Bu sahədə İ.Əliyev, S.M.Qazıyev, Ö.T.İsmizadə, Q.M.Aslanov,
İ.A.Babayev, C.A.Xəlilov, F.A.Osmanov, F.Z.Qədirov və b. böyük xidməti var.
Lakin əldə olunmuş materialın xeyli hissəsi hələ də tarixi şərhini gözləyir.
Qəbələ qazıntıları, habelə digər qədim şəhər yerlərində aparılan kəşfiyyat işləri
nəticəsində
antik Albaniyadakı urbanizasiya prosesinin ümumi cizgiləri
müəyyənləşməyə başlayır. Müəyyən edilmişdir ki, bəzi məskənlər məhz ilkin
hellinizm dövründə Alban dövlətinin meydana çıxması zamanı şəhərlərə çevrilmişdir.
Bu şəhərlər ölkənin siyasi-iqtisadi və mədəni mərkəzləri olmuşlar.
50-ci illərdən etibarən respublikada Azərbaycanın qədim tarixinin öyrənilməsi
sahəsində elmi tədqiqatların problematikası xeyli genişlənir. Mixi yazılı abidələrin,
Avestanın, antik müəlliflərin və digər yazılı qaynaqların tədqiqinə maraq artır.
Azərbaycanın qədim tarixinin tədqiqindəki uğurlara görə biz akademik V.V.Struveyə
borcluyuq. Azərbaycan tarix elmində elə ilk addımlarından respublikanın aparıcı elm
və mədəniyyət xadimləri tərəfindən müdafiə olunan bu yeni istiqamətin meydana
çıxmasının özü ilk növbədə Azərbaycan ərazisində sinfi cəmiyyətlər və dövlətlərin
meydana çıxması və inkişafı ilə, Azərbaycan xalqının etnogenezi, etnik tarixi və
qədim mədəniyyətinin məsələləri ilə bağlı olan köklü, ümumi və xüsusi problemlərini
aydınlaşdırmaq məqsədi daşıyırdı. Azərbaycan ərazisində və onunla həmhüdud
rayonlarda ilk dövlət qurumları olmuş Madanın (Midiya), bir qədər sonra isə
Albaniya və Manna tarixinin tədqiqinə başlanıldı.
Sovet elmində Azərbaycan xalqının tarixi ilə sıx surətdə bağlı olan müstəqil
mövzu kimi Mada (Midiya) tarixi ilə ilk dəfə İ.H.Əliyev məşğul olmuşdur. O, 1951-ci
ildə "Mada tarixinin qısa oçerki"ni Azərbaycan dilində nəşr etdirmişdir. Burada