ƏLİxan musayev



Yüklə 0,97 Mb.
səhifə6/9
tarix13.12.2017
ölçüsü0,97 Mb.
#15430
1   2   3   4   5   6   7   8   9

On beşinci fəsil: «Vitr1 namazı»
131. Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) minbərdə ikən bir kişi ondan gecə namazı haqqında soruşduqda o, dedi: "İki rükət, iki rükət qılın. Sübh namazının vaxtının daxil olma­sından qorxduğunuz zaman bir rükət (vitr) namaz qılıb cüt-cüt qıldığınız namazların (cəmi) sayını təkləşdirin"; Beləliklə də "Vitri gecə qıldığınız namazların sonuncusu edin!"» (əl-Buxari, 990, 998; Müslim, 174, 175).
131-ci hədisdən çıxarılan nəticələr:

– Gecə qılınan rükətlərin cüt sayda (iki-iki) olması;

– Gecə yuxudan oyanmağa qadir olan şəxs üçün Vitr namazını gecə­nin axırında qılmaqğın daha əfzəl olması;

– Vitr namazının qılınmasının müstəhəb olması.


132. Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) gecənin hər vaxtında – əvvəlində, ortasında və axırında Vitr namazını qılardı. (Əfzəl olduğu üçün) Vitri sübh namazına yaxın (gecənin sonunda) qılardı» (əl-Buxari, 996; Müslim, 1434).
132-ci hədisdən çıxarılan nəticələr:

– Vitr namazını gecənin əvvəlində, ya ortasında, ya da axırında qıl­maq caizdir;

– Vitr namazını gecənin axırında qılmaq daha əfzəldir.
133. Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) gecə on üç rükət namaz qılardı. Sonuncu beş rükəti ardıcıl (heç bir rükətdə təşəhhüdə oturmadan) qılıb yalnız sonuncu rükətdə (təşəhhüdə) oturardı» (Müslim, 1717).
133-cü hədisdən çıxarılan nəticələr:

– Peyğəmbərin (s.ə.s) gecə namazını (təhəccüd) on üç rükət qılması. (O, namazları cüt-cüt qılar, sonra isə onları Vitr ilə tamamlayardı);

– Peyğəmbərin (s.ə.s) beş rükət ardıcıl namaz qılması;

– Gecə namazının fərz namazlarından sonra ən əfzəl namaz sayıl­ması;

– Əl-Mühamili Peyğəmbərin (s.ə.s) vitr namazının növlərini aşağı­dakı kimi qeyd etmişdir:

a) bir rükət;

b) üç rükət (iki, sonra da bir ayrı, və ya üç rükət ardıcıl);

v) beş rükət (ardıcıl);

q) yeddi rükət (altı rükət ardıcıl qılıb təşəhhüdü oxumaq, sonra qalxıb yeddinci rükəti tamamlamaq);

d) doqquz rükət (səkkiz rükət ardıcıl qılıb təşəhhüd oxumaq, sonra qalxıb doqquzuncu rükəti tamamlamaq);

e) on bir rükət (on rükəti cüt-cüt qılıb salam verməklə tamamlamaq, sonra da bir rükət qılmaq).1

Qeyd: Burada, ardıcıl dedikdə, rükətlər arasında təşəhhüdü oxuma­maq nəzərdə tutulur.



On altıncı fəsil: «Namazdan sonra oxunan zikrlər»
134. Abdullah ibn Abbas (r.a) rəvayət edir ki, «Peyğəmbərin (s.ə.s) zamanında fərz namazından sonrakı zikrlər səslə edilərdi. Mən nama­zın bitməsini, zikrləri eşitməklə təyin edərdim» (əl-Buxari, 831; Müslim, 1318).

Başqa rəvayətdə: «Biz Peyğəmbərin (s.ə.s) təkbiri etməsilə namazı qılıb qurtardığını yəqin edərdik» (Müslim, 1317).


134-cü hədisdən çıxarılan nəticələr:

– Namazdan sonra zikr etməyin müstəhəb olması. Belə ki, bu, Pey­ğəmbərə (s.ə.s) mütilik əlamətindən sayılır;

– Zikr etdikdə səsi qaldırmağın caiz olması;

– İbn Abbas (r.a) səhabələrin ucadan zikr etdiklərini məscidin kəna­rından eşitmişdir.


135. Vərrad1 rəvayət edir ki, «Ağam əl-Muğira ibn Şöbə (r.a) Müaviyəyə (r.a) göndərdiyi məktubu diktə edib mənə yazdırdı: «Peyğəmbər (s.ə.s) fərz namazlarından sonra zikr edib deyərdi: "Lə iləhə illəllahu vahdəhu lə şərikə ləh, ləhu-l-mulku va ləhu-l-həmdu va huva alə kulli şeyin qadir. Allahummə lə mənia limə ətaytə va lə mu’tiyə limə mənatə va lə yənfəu zə-l-cəddu minkə-l-cəd". Sonra mən, Müaviyənin (r.a) bu zikri etməyi camaata əmr etdiyini eşitdim» (əl-Buxari, 844; Müslim, 1337).

Duanın tərcüməsi: «Allahdan başqa ibadətə layiq olan məbud yoxdur, təkdir, heç bir şəriki yoxdur. Mülk, həmd yalnız Onun üçün­dür və O hər şeyə qadirdir. Allahım, Sənin (nemət) əta etdiyinə mane olan, mane olduğuna da(nemət) əta edən tapılmaz və hər hansı var-dövlət sahibinin var-dövləti Sənin yanında ona heç bir fayda verməz».

Başqa rəvayətdə: «Peyğəmbər (s.ə.s) dedi-qodunu, israf etməyi, çox sual verməyi, ananın üzünə ağ olmağı, qız uşaqlarını diri-diri basdır­mağı, (var-dövləti) xərcləməyib yığmağı qadağan etdi» (əl-Buxari, 6473).
135-ci hədisdən çıxarılan nəticələr:

– Namazdan sonra bu duanı oxumağın müstəhəb sayılması;

– Bu duanın tövhidlə bağlı olması;

– Hədisdə qeyd olunanların Peyğəmbərin (s.ə.s) qadağan etdiyi əməllərdən olması;

– Yalnız Allaha təvəkkül etmək. Çünki neməti əta etmək, ondan məhrum etmək ancaq Allaha məxsusdur;

– Səhabələrin dərhal sünnətə riayət etməsi;

– Bir nəfər tərəfindin varid olan xəbərin qəbul olunması.
136. Summi Əbu Salehdən, o da Əbu Hüreyrədən (r.a) rəvayət edir ki, «Mühacirlərdən1 olan kasıblar Peyğəmbərin (s.ə.s) yanına gəlib dedilər: "Ey Allahın elçisi! Dövlətlilər cənnətə və əbədi nemətə nail oldular". Peyğəmbər (s.ə.s) bunun səbəbini soruşduqda, onlar dedilər: "Onlar bizim kimi namaz qılır, oruc tuturlar. Bundan əlavə onlar sədəqə verir, qul azad edirlər, biz isə bunu bacarmırıq". Peyğəmbər (s.ə.s) onlara dedi: "İstəyirsiniz sizə elə bir şey öyrədim ki, onu etdikdə ən fəzilətli insanlardan olasınız və yalnız onu edənin fəziləti sizin fəzilətiniz kimi olsun?" Onlar: "Öyrət, ey Allahın elçisi!" – dedikdə, o dedi: "Hər (fərz olan) namazdan sonra 33 dəfə təsbih2, təkbir3 və təhmid4 edin"» (əl-Buxari, 843; Müslim, 1346).

Əbu Saleh rəvayət edir ki, «Onlar yenidən Peyğəmbərin (s.ə.s) yanına gəlib: "Ey Allahın elçisi! Dövlətli qardaşlarımız etdiyimiz zikrləri eşidib bizim kimi zikr edirlər" – dedikdə, o dedi: "Bu Allahın istədiyinə verdiyi lütfüdür"»

Summi rəvayət edir ki, «Mən bu hədisi yaxınlarıma danışdım. Onlar mənə: "Sən səhv edirsən, əksinə 33 dəfə təsbih, 33 dəfə təhmid və 33 dəfə təkbir etməlisən" – dedikdə, mən Əbu Salehin yanına gedib bunu ona xəbər verdim. O mənim əlimdən tutub dedi: "Allahu əkbər, subhənallah, əlhəmdu-lilləh – bunların cəmi 33-ə çatana qədər zikr et!"» (Müslim, 1346).
136-cı hədisdən çıxarılan nəticələr:

– Savab qazanmaq üçün səhabələrdə olan şiddətli rəğbət. Belə ki, onlar fəzilətli əməllərdə biri-birinə qibtə edərdilər;

– Müsəlmanın Allah yolunda var-dövlətindən xərcləməsi onun Cənnətdə dərəcəsinin yüksəlməsinə səbəbdir;

– Hədisdə qeyd olunan zikrlər fəzilətli zikrlərdəndir;

– Həqiqətən, hidayət (düz yola yönəltmək) və ruzi Allahın əlindədir və o yalnız istədiyi şəxsə ondan əta edir;

– Zikrlər hədisdə varid olduğu qaydada yerinə yetirilməlidir.


137. Aişə (r.a) rəvayət edir ki, «Bir dəfə Peyğəmbər (s.ə.s) üzərində müxtəlif rənglərdən ibarət xətlər olan paltarda namaz qıldı və o xətlərə nəzər saldı. Namazı qılıb qurtardıqdan sonra dedi: "Aparın bu paltarı verin Əbu Cəhmə1, mənə də sadə (üzərində fikri yayındıra biləcək əlamət olmayan) bir ənbicaniyyə2 gətirin. Həqiqətən, bu, məni namaz­dan yayındırdı"» (əl-Buxari, 373; Müslim, 1238).
137-ci hədisdən çıxarılan nəticələr:

– Namazı qorxu ilə qılmaq və ondan yayındıra biləcək hər bir amil­dən uzaq olmaq;

– Hədiyyəni qəbul etmək;

– Müəyyən səbəbə görə hədiyyəni qəbul etməmək, bir şərtlə ki, hədiyyə verən inciməsin deyə, bunun səbəbini bəyan etmək lazımdır;

– Peyğəmbərin (s.ə.s) əxlaqının gözəlliyi hədiyyə verən şəxslə olan münasibətdən açıq-aydın görünür;

– Üzərində xətlər olan libası geyinməyin caiz olması;

– Namazdan yayındıran amillərlə məscidləri bəzəməmək.

On yeddinci fəsil: «Səfərdə iki namazı cəm etmək»
138. Abdullah ibn Abbas (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) səfərdə olduğu müddətdə Zöhrlə Əsr namazını, Məğriblə də İşa namazını cəm edərdi» (əl-Buxari, 1107).
138-ci hədisdən çıxarılan nəticələr:

– Səfərdə, xəstələndikdə, cihadda və s. hədislərdə varid olan bu kimi səbəblərə görə Zöhrlə Əsri, Məğriblə də İşa namazlarını cəm edib qılmaq caizdir;

– Bu namazları cəm şəklində tezləşdirməklə3, və ya təxirə salmaqla4 qılmaq caizdir;

– Cəm etmək yalnız bu namazlara məxsusdur. Fəcr namazı isə heç bir namazla cəm edilmir.



On səkkizinci fəsil: «Səfərdə namazı qısaltmaq»
139. Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, «Mən Peyğəmbərə (s.ə.s), Əbu Bəkrə (r.a), Ömərə (r.a) və Osmana (r.a) yol yoldaşı oldum. Onlar səfərdə olduqları müddətdə namazları iki rükətdən artıq qılmazdılar» (əl-Buxari, 1102; Müslim, 1577).
139-cu hədisdən çıxarılan nəticələr:

– Səfərdə dördrükətli namazları qısaldıb iki rükət qılmaq;

– Səfərdə namazı qısaltmaq Peyğəmbərin (s.ə.s) və raşidi xəlifələrin sünnəsindəndir;

– Bu rüxsət Allahın insanlara olan lütfündəndir;

– Bu hədisdə səfərin məsafəsi qeyd olunmamışdır. Buna görə də səfər üçün məsafə yerli adətə görə ölçülür.

On doqquzuncu fəsil: «Cümə»
140. Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) dedi: "Cümə namazına gələn qüsl etməlidir"» (əl-Buxari, 894; Müslim, 1948).
140-cı hədisdən çıxarılan nəticələr:

– Cümə qüslünün vacib olması. Qeyd etmək lazımdır ki, qüslsüz qılınan Cümə namazı məqbuldur;

– Bu qüsl cümə namazından əvvəl edilməlidir. Hədisdə cümə günü yox, Cümə namazı nəzərdə tutulur;

– Cümə namazına getməzdən əvvəl qüsl etmək daha əfzəldir;

– Qüsl etməyin hikməti ondadır ki, insan ibadət etdiyi yerə təmiz və gözəl qiyafədə getsin. Uca Allah «əl-Əraf» surəsinin 31-ci ayəsində buyurur:


«Ey Adəm oğulları! Hər ibadət vaxtı məscidə gedərkən gözəl libas­larınızı geyin»;

– Qüsl yalnız cümə namazını qılan şəxsə vacibdir. Bu namazı tərk edib Zöhrü qılarsa qüsl etmək ona lazım gəlməz.


141. Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) (cümə günü) iki xütbə verər və onların arasında oturardı» (əl-Buxari, 920; Müslim, 1992).
141-ci hədisdən çıxarılan nəticələr:

– Cümə namazından əvvəl iki xütbə verilməlidir ki, bu da namazın səhih (mötəbər) olması üçün şərtdir. əl-Hələbi demişdir: «Peyğəm­bərdən (s.ə.s) xütbəsiz Cümə namazı qıldığı rəvayət olunmamışdır. Bunu etmək caiz olsa idi bir dəfə də olsa belə Peyğəmbər (s.ə.s) Cümə namazını xütbəsiz qılar və beləliklə də bunun caiz olduğunu ümmətinə bəyan edərdi».

Qeyd: ümumiyyətlə hər hansı bir müvəqqəti rüxsət verilmiş ibadəti Peyğəmbər (s.ə.s) heç zaman etməmişdir.

– İmamın ayaq üstə xütbə verməsi müstəhəbdir;

– Həmçinin iki xütbə arasında oturması da müstəhəbdir.
142. Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) cümə xütbəsini verdiyi zaman bir kişi gəlib oturdu. Peyğəmbər (s.ə.s) ondan: "Namaz qıldınmı?" – deyə soruşduqda, o: "Yox" – dedi. Peyğəmbər (s.ə.s) də ona əmr edib dedi: "Dur, iki rükət namaz qıl!"» (əl-Buxari, 930; Müslim, 2017).
142-ci hədisdən çıxarılan nəticələr:

– Cümə namazından əvvəl olan iki xütbənin verilməsi vacibdir;

– Məscidə daxil olduqda qılınan iki rükət namaz müstəhəbdir;

– Bu iki rükəti qılmamış oturan şəxs dərhal qalxıb onu qıla bilər;

– İmamın xütbə zamanı zərurət olduqda xütbədənkənar danışması caizdir;

– Cümə namazı yalnız iki rükət qılınır.

– Peyğəmbər (s.ə.s) hansı vəziyyətdə olduğundan asılı olmayaraq gördüyü xətanı dərhal düzəltməsi;
143. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) dedi: "Cümə günü imam xütbə verdiyi zaman yanında oturana "Danışma!" deyən (cümənin) savabını qazanmaz"» (əl-Buxari, 934; Müslim, 1962).
143-cü hədisdən çıxarılan nəticələr:

– Xütbə zamanı imamı dinləmək və susmaq vacibdir;

– Xütbəni dinləyib susmaq yalnız onu eşidənlər üçün vacibdir.
144. Əbu Hazim ibn Dinar rəvayət edir ki, «Bir dəstə kişi mübahisə­lərini həll etmək üçün gəlib Səhl ibn Səd əs-Saididən (r.a) Peyğəmbərin (s.ə.s) minbərinin hansı ağacdan düzəldilməsi barəsində soruşdular. O, minbərin meşə yulğunundan1 olduğunu və Peyğəmbərin (s.ə.s) onun (minbərin) üzərində necə namaz qıldığını xəbər verib dedi: "Peyğəmbər (s.ə.s) minbərin üzərində təkbir edib (namaza başladı) sonra rüku etdi, (rükudan qalxdı)2. Sonra dalı-dalı gedərək minbərdən düşdü və (min­bərin yanında) səcdə etdi. O, bu qaydada namazını başa çatdırdıqdan sonra üzünü səhabələrə tutub dedi: "Ey insanlar! Namazın qılınma­sında mənə təqlid edəsiniz və necə qılınmasını məndən öyrənəsiniz deyə belə etdim"» (əl-Buxari, 917; Müslim, 1216).
144-cü hədisdən çıxarılan nəticələr:

– Tabiinlərin elmi bəhs etməsi və alimlərdən bəhrələnməsi;

– İmamın təlim üçün hündür yerdə dayanıb namaz qılmasının caiz olması;

– Ehtiyac ucundan namazda hərəkət etməyin caiz olması;

– İbadətdə Peyğəmbəri (s.ə.s) təqib etməyin vacib olması;

– Peyğəmbərin (s.ə.s) gözəl şəkildə təlim keçməsi.


145. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) dedi: "Cənabət qüslü (kimi qüsl) edib, cümə gününün ilk saatında3 məscidə gedən şəxs bir dəvə, ikinci saatında gedən bir öküz, üçüncü saatında gedən bir qoç, dördüncü saatında gedən bir xoruz, beşinci saatında gedən isə bir yumurta qurban etmiş4 kimidir. İmam minbərə çıxdıqda isə artıq mələklər onun xütbəsini dinləyər"» (əl-Buxari, 881; Müslim, 1961).
145-ci hədisdən çıxarılan nəticələr:

– Cümə qüslünün fəzilətli olması;

– Cümə gününün ilk saatında məscidə getməyin əfzəl olması;

– Cümə qüslünün savabının yalnız cümə namazına gələn üçün yazıl­ması;

– Fəzilət baxımından dəvənin öküzdən, öküzdə qoçdan daha əfzəl olması;

– Sədəqənin, az da olsa belə, məqbul olması;

– Mələklərin məscidin qapılarında dayanıb daxil olanları kitablarına qeyd etməsi;

– İmam daxil olduqdan sonra isə mələklərin xütbəni dinləmək üçün dayandıqları yeri tərk etməsi;

– Gün doğan andan imamın məscidə daxil olduğu ana qədər olan müddəti beş yerə bölməklə hədisdə qeyd olunan saatları təyin etmək mümkündür;

– Yalnız üç sinif heyvandan qurban vermək caizdir: dəvə, öküz və qoç (keçi də bura daxildir).


146. Sələmətu ibn əl-Əkva (r.a) – ağacın altında beyət1 etmiş səhabə­lərdəndir – rəvayət edir ki, «Biz Peyğəmbər (s.ə.s) ilə bərabər Cümə namazını, divarların kölgələnə biləcəyimiz kölgəsi olmadığı bir zaman­da qılıb qurtarardıq» (əl-Buxari, 4168; Müslim, 1990).

Başqa rəvayətdə: «Biz Peyğəmbər (s.ə.s) ilə bərabər, günəş zeniti keçdikdən sonra Cümə namazını qılar, sonra da kölgələnmək üçün yer axtarardıq» (Müslim, 1989).


146-cı hədisdən çıxarılan nəticələr:

– Cümə namazını əvvəl vaxtında qılmaq. Alimlər cümə namazının əvvəl vaxtı barəsində ixtilaf etmişlər. Lakin qeyd etmək lazımdır ki, günəş zeniti keçdikdən sonra (zöhr namazının başladığı vaxt) qılmaq əfzəl2, əvvəl isə (bayram namazlarının başladığı zaman) bunu etmək caizdir3.

– Cümə namazını zöhrün axır vaxtına qədər qılmaq caizdir.
147. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) Cümə günü Fəcr namazında "Səcdə" və "İnsan" surələrini oxuyardı» (əl-Buxari, 891; Müslim, 2031).
147-ci hədisdən çıxarılan nəticələr:

– Cümə günü, fəcr namazında bu iki surəni oxumağın müstəhəb olması (bəyənilməsi);

– Peyğəmbərin (s.ə.s) çox vaxt Fəcr namazında bu surələri oxuması.

İyirminci fəsil: «İki bayram1»
148. Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s), Əbu Bəkr (r.a) və Ömər (r.a) bayram namazlarını xütbədən əvvəl qılardılar» (əl-Buxari, 963; Müslim, 2041).
149. əl-Bəra ibn Azib (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) Qurban bayramında namazdan sonra verdiyi xütbədə dedi: "Bizim kimi namaz qılıb qurban kəsənin qurbanı qəbul olunur. Namazdan əvvəl bunu edənin kəsdiyi (heyvan) qurban kimi qəbul olunmur"». Əl-Bəra ibn Azibin (r.a) dayısı Əbu Burdətə ibn Niyar (r.a) deyir ki, «Mən Peyğəmbərə (s.ə.s): "Ey Allahın elçisi! Mən bu günün yemək-içmək (bayram) günü olduğunu bilib bir qoyun kəsdim. Bu qoyun evimdə kəsilən ilk heyvan olsun deyə onu namazdan əvvəl kəsdim və nahar etdim" – dedikdə, o dedi: "Kəsdiyin qoyun yalnız yemək üçündür (qurban kimi qəbul olunmur)". Mən Peyğəmbərdən (s.ə.s) "Ey Allahın elçisi! Mənim evimdə iki qoyundan da sevimli olan bir çəpişim var. Onu kəssəm qurbanı əvəz edərmi?" – deyə soruşduqda, o dedi: "Bəli, lakin səndən sonra belə edənin (bayramdan əvvəl kəsdiyi heyvanının) əvəzini verməz"» (əl-Buxari, 955; Müslim, 5042, 5043).
148-ci və 149-cu hədislərdən çıxarılan nəticələr:

Peyğəmbər (s.ə.s) ilk bayram namazını – fitrə bayramı – hicrətin ikinci ilində qılmışdır.

– Xütbəni bayram namazından sonra vermək Peyğəmbərin (s.ə.s) sünnəsindəndir2;

– Namaz qılıb xütbəni dinləyib sonra qurbanını kəsən şəxs sünnətə riayət etmiş sayılır;

– Qurbanın kəsilmə vaxtı bayram namazının tamamlanması ilə baş­layır. Vaxtından tez qurbanını kəsən, cahil də olsa belə, kəsdiyi heyvan qurban kimi yox, sədəqə kimi qəbul olunur;

– Həmin gün sevinc, fərəh və yeyib-içmək günüdür. Elə isə o günü bayram niyyətilə keçirmək ibadətdən sayılır;

– Bir yaşından az kəsilən qurbanlıq keçi qurban kimi məqbul deyildir;

– Çəpişin qurbanlıq kimi qəbul olunması yalnız Əbu Burdətəyə (r.a) məxsusdur.


150. Cundub ibn Abdullah əl-Bəcəli (r.a) rəvayət edir ki, «Peyğəm­bər (s.ə.s) Qurban günü (bayram) namazı qıldı, sonra xütbə verdi, daha sonra qurbanlıq heyvanı kəsdi və dedi: «Namazdan əvvəl qurban verən, (bayram namazından sonra) onun əvəzinə başqa bir heyvan kəssin! Qurban verməyən isə, Allahın adını çəkib ("bismilləh" deyib) heyvanı kəssin!"» (əl-Buxari, 985; Müslim, 5037).
150-ci hədisdən çıxarılan nəticələr:

– Qurban kəsmək təkid olunmuş sünnədir. Belə ki, imkanı olma­yana qurban kəsmək vacib deyildir.


151. Cabir (r.a) rəvayət edir ki, «Mən, Peyğəmbərin (s.ə.s) qıldığı bayram namazının şahidi oldum. O, xütbədən əvvəl azan və iqamə vermədən bayram namazını qıldı və (xütbə zamanı) səhabələrə Allah­dan qorxmağı, Ona itaət etməyi əmr etdi. Sonra onlara öyüd-nəsihət etdi və (Allahın axirət gününə hazırladığı nemət və əzabını) xatırlatdı. Daha sonra Bilalın (r.a) əlindən tutub qadınların yanına getdi. Onlara da öyüd-nəsihət edib xatırlatdıqdan sonra dedi: "Həqiqətən, Cəhənnəm əhlinin (sakinlərinin) əksəriyyəti siz1 olacaqsınız". Onların arasından bir qarayanız qadın ayağa qalxıb: "Nə üçün, ey Allahın elçisi?" – deyə soruşduqda, o dedi: "Çünki, siz (qadınlar) çox gileylənir və ərlərinizin sizə etdiyi yaxşılıqlara qarşı nankorluq edirsiniz". Qadınlar da bər-bəzəklərini, sırğa və üzüklərini Bilalın (r.a) ətəyinə atıb Allah yolunda sədəqə verdilər» (əl-Buxari, 978; Müslim, 2041).
151-ci hədisdən çıxarılan nəticələr:

– Bayram namazının xütbədən əvvəl qılınması;

– Bayram namazının azan və iqaməsiz qılınması;

– İmamın ayaq üstə xütbə verməsi (müstəhəbdir);

– İmamın xitab olunanlara təqvanı (Allahdan qorxmağı) əmr etməsi və münasib mövzuda danışması;

– Təqvanı artırmaq üçün Cəhənnəmi xatırlatmaq;

– Qadınlara ayrıca vəzə vermək iki səbəbə görə olar: a) xütbəni eşit­mədikləri təqdirdə; b) yalnız qadınlara aid olanı onlara xatırlatdıqda;

– Qadınların bayram namazında iştirak etməsi;

– Qadınların xütbə zamanı (və s. yerlərdə) kişilərə qarışmaması;

– Allahın bəxş etdiyi nemətə naşükürlüyün Cəhənnəmə aparan amil­lərdən olması;

– Sədəqə verməyin əzabdan qurtarmaq üçün bir səbəb olması;

– Əzabın səbəbini soruşmaq səhabə qadının düşüncəli olmasına dəlalət edir;

– Ağıllı, düşüncəli qadın ona məxsus olan maldan, ərinin izni ol­masa belə, sədəqə verə bilər;

– Əzabdan qurtarmaq üçün xeyirxah işlər görməyə tələsmək;

– Cəhənnəm əhlinin əksəriyyətinin qadın olması. Bunun da səbəbi hədisdə açıq-aydın qeyd olunmuşdur.

152. Ummu Atiyyə1 (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) bakirə qızların, heyzli qadınların bayram namazlarına gəlməsini bizə əmr edər və heyzli qadınları namaz qılınan yerdən uzaqlaşdırardı» (əl-Buxari, 351; Müslim, 2051).

Başqa rəvayətdə: «Bakirə qızları və heyzli qadınları bayram nama­zına çıxartmaq bizə əmr olunardı. Heyzli qadınlar o günün xeyir-bərəkətinə nail olmaq üçün camaatın arxasında (namaz qılınan yerdən aralı) oturar, təkbir və dua edərdilər» (əl-Buxari, 971).
152-ci hədisdən çıxarılan nəticələr:

– Bayram namazının hökmü:

a) Hənbəli məzhəbinin rəyinə görə bu namazları qılmaq fərdu-l-kifayədir;

b) Maliki və Şafii məzhəblərinin rəyinə görə bu namazları qılmaq sünnətdir;

v) Hənəfi məzhəbinin rəyinə görə bu namazları qılmaq vacibdir.

Qeyd etmək lazımdır ki, Peyğəmbərin (s.ə.s) hətta qadınlara bu namazı müşahidə etməyi əmr etməsi bu namazın çox əhəmiyyətli olmasına işarədir.

– Heyzli qadının məscidə (ibadət olunan yerə) daxil olmaması;

– Bayram namazı qılındığı yerin məscid hökmündə olması;

– Heyzli qadının dua və zikr etməsi;

– Bayram gününün fəziləti böyükdür. Belə ki, o gün Uca Allah dua­ları qəbul edir;

– Bayram günü deyilən təkbirin qaydası:

«Allahu əkbər, Allahu əkbər, lə iləhə illəllah, Allahu əkbər, Allahu əkbər və liləhi-l-həmd». Bu duanı hər kəs camaatla (xorla) deməmək şərtilə təkrarlamalıdır.



İyirmi birinci fəsil: «Kusuf1 namazı»
153. Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbərin (s.ə.s) zamanında günəşin üzü tutuldu və o, camaatı namaza çağırmaq üçün bir nəfər göndərdi. Onlar namaz qılmaq üçün toplandıqdan sonra Peyğəmbər (s.ə.s) təkbir edib dörd ruku və dörd səcdədən ibarət iki rükət namaz qıldı» (Müslim, 2089).
153-cü hədisdən çıxarılan nəticələr:

– Günəş tutulduqda qılınan namazın müstəhəb olması;

– Kusuf namazında Allaha dua etmək, Ondan bağışlanma diləmək (müstəhəbdir);

– Kusuf namazı üçün azanın vermək(müstəhəbdir);

– Bu namazın iki rükət, dörd rüku və dörd səcdədən ibarət olması;

– Peyğəmbərin (s.ə.s) zamanında günəşin tutulması.


154. Əbu Məsud – Uqbətu ibn Amr – əl-Ənsari əl-Bədri (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) dedi: "Həqiqətən, günəş və ay Allahın yaratdığı rəmzlərdir ki, Allah bununla (günəş və ay tutulması ilə) qullarını qorxudur. Günəş və ayın üzü heç kəsin ölümünə və ya doğulduğuna görə tutulmur. Onların tutulduğunu gördüyünüz zaman namaz qılın və bu hal sona çatana qədər Allaha dua edin!"» (əl-Buxari, 1041; Müslim, 2111).
154-cü hədisdən çıxarılan nəticələr:

– Günəş və ya ay tutulduqda Allaha dua etmək və ümidlə Ondan bağışlanma diləmək;

– Günəş və ya ayın üzü açılana qədər namaz qılıb dua etmək;

– Günəş və ya ayın tutulması zamanı (namaz qılınması) qadağan olunmuş vaxta təsadüf etsə belə, kusuf və ya xusuf2 namazını qılmaq caizdir. Çünki bunlar səbəbli namazlardandır;

– Günəş və ya ayın tutulmasının hikməti ondadır ki, insanlar günah etdiklərini dərk etsinlər və ondan çəkinsinlər. Həmçinin yatmış qəlblər oyansın və Qiyamət gününü xatırlasın.
155. Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbərin (s.ə.s) zamanında günəş tutuldu və o, camaata namaz qıldırdı. Namaz əsnasında qiyam1 və rukunu uzatdı, sonra rukudan qalxdı və əvvəlkinə nisbətən az qiyamda durdu, sonra ruku etdi və əvvəlkinə nisbətən az rukuda qaldı, (rukudan qalxdıqdan) sonra səcdə etdi və onu da uzatdı. İkinci rükəti də bu qaydada qılıb, artıq günəşin üzü açıldığı zaman namazını bitirdi. Sonra Allaha həmd-səna edib dedi: "Həqiqətən, günəş və ay Allahın yaratdığı rəmzlərdir. Onlar heç kəsin ölümünə və ya doğulduğuna görə tutulmur. Onların tutulduğunu gördüyünüz zaman Allaha dua edin, təkbir gətirin, namaz qılın və sədəqə verin. Ey Məhəmməd ümməti! Allaha and olsun ki, heç biriniz Allahın zina etdiyi quluna (kişi və ya qadın) qarşı qeyrətli2 olduğu kimi (qeyrətli) ola bilməz. Ey Məhəmməd ümməti! Mənim bildiyimi bilsəniz, az gülüb çox ağlayardınız"» (əl-Buxari, 1044; Müslim, 2086).
156. Əbu Musa əl-Əşari (r.a) rəvayət edir ki, «Peyğəmbərin (s.ə.s) zamanında günəş tutuldu. O, qiyamətin qopduğunu zənn edib məscidə gəldi və namaz qıldı. Namaz əsnasında qiyamı, rukunu və səcdəni uzatdı. Mən onun bu cür namaz qıldığını görməmişdim. Namaz qıl­dıqdan sonra dedi: "Allahın göndərdiyi bu rəmzlər, kiminsə ölümünə və doğulmasına görə deyildir, lakin Allah bununla qullarını qorxudur. Belə olduğunu gördüyünüz zaman Allaha zikr və dua etməyə, ondan bağışlanma diləməyə tələsin!"» (əl-Buxari, 1059; Muslim, 2114).
155-ci və 156-cı hədislərdən çıxarılan nəticələr:

– Kusuf və ya Xusuf namazından sonrakı xütbənin hökmü:

a) Şafii məzhəbinə görə bu namazlardan sonra xütbə vermək müstəhəbdir;

b) Hənəfi, Maliki və Hənbəli məzhəblərinin rəyinə görə xütbə vermək bəyənilmir. Bu daha mötəbər rəy sayılır. Lakin qeyd etmək lazımdır ki, ehtiyac ucundan qısa moizə vermək caizdir. Çünki Peyğəm­bər (s.ə.s) insanların: «Günəş İbrahimin3 ölümünə görə tutulmuşdur» – dediyini eşitdikdə demişdir: «Həqiqətən, günəş və ay Allahın yaratdığı rəmzlərdir. Onlar heç kəsin ölümünə və ya doğulduğuna görə tutulmur…»

– İcmanın rəyinə görə bu namazlar təkid olunmuş sünnələrdəndir;

– Bu namazlar hədisdə vəsf olunan qaydada qılınmalıdır;

– Bu namazlarda qiyam, rüku və səcdəni uzatmaq bəyənilən haldır;

– Əvvəlki rükət sonrakı rükətdən daha uzun olmalıdır;

– Bu namazlar günəş və ya ayın tutulduğu vaxtdan başlayıb açıldığı vaxta qədər qılınır;

– Ehtiyac olduqda namazdan sonra xütbə vermək caizdir;

– Xütbəni Allahı həmdü-səna etməklə başlamaq lazımdır;

– Günəş və ay Allahın kainatda yaratdığı rəmzlərdir ki, bu da Onun qüdrətli və hikmətli olmağını təsdiq edir;

– Günəş və ayın tutulmasında hikmət ondadır ki, insanlar qorxsun və günah etdiklərini dərk etsinlər;

– Bu vaxt dua etmək, namaz qılmaq və sədəqə vermək bizə əmr olunmuşdur;

– Bu ibadətləri etməklə əzabdan sovuşmaq mümkündür;

– Peyğəmbər (s.ə.s) zinakarlığın (fahişəliyin) böyük günahlardan olmasını ümmətinə bəyan etmiş və onları ondan çəkindirmişdir;

– Allah Ona layiq sifətdə qeyrətlidir; Ümumiyyətlə Allahın ad və sifətləri barəsində söhbət açıldıqda aşağıdakılardan çəkinmək vacibdir:

* Təhrif: Sözü ləfzini və ya mənasını dəyişdirmək. Məsələn: İstiva (ucalmaq) sözünü istəvlə (hökm altına almaq) sözü ilə dəyişdirmək.

* Tatil: Sözü tamamilə inkar etmək. Məsələn: Allahın əli yoxdur demək.

* Təkyif: Sözün keyfiyyətini (necə-nəcürlüyünü) izah etmək. Məsələn: Allahın Öz əllərilə Adəmi (a.s) necə yaratdığını izah etmək.

* Təmsil və Təşbih: Bənzətmə və oxşatma. Məsələn: Allahın əli mənim əlim kimidir və ya ona oxşayır demək.

Hər bir müsəlman Quran və mötəbər hədislərdə sabit olmuş Allahın ad və sifətlərini təsdiq etməli, inkar olunanları (Ona layiq olmayan ad və sifətləri) inkar etməli, məlum olmayanlar barəsində isə susmalıdır.

– Günahkarlar üçün şiddətli əzabın hazırlanması. Belə ki, bu əzabdan insanların xəbəri olsa az gülüb çox ağlayarlar.

– Allahın Peyğəmbərə (s.ə.s) qeybdən xəbər verməsi.



İyirmi ikinci fəsil: «İstisqa1 namazı»
157. Abdullah ibn Zeyd ibn Asim əl-Mazini (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) yağışın nazil olmasını Allahdan istəmək üçün əbasını tərsinə çevirib (geyindi) Qibləyə tərəf döndü və dua etdi. Sonra iki rükət səslə namaz qıldı» (əl-Buxari, 1024; Müslim, 2086).
157-ci hədisdən çıxarılan nəticələr:

– İstisqa namazını qılmaq (müstəhəbdir);

– Xütbəni İstisqa namazından əvvəl vermək;

– Dua etdikdə qibləyə tərəf yönəlmək;

– Dua etdikdə libası tərsinə çevirib geyinmək;

– İstisqa namazını səslə qılmaq.

Qeyd: cümə, bayram, xüsuf və kusuf namazları da səslə qılınır.

– Bu namazı geniş yerdə qılmaq.


158. Ənəs ibn Malik (r.a) rəvayət edir ki, «Cümə günü bir kişi, məscidə Ömərin (r.a) evinin istiqamətində olan qapıdan daxil oldu və ayaq üstə xütbə verən Peyğəmbərə (s.ə.s) yaxınlaşıb dedi: "Ey Allahın elçisi! Mal-qara həlak olur, səfərlər də dayandırılıb (quraqlıq olduğu üçün dəvələrlə səfərə çıxmaq olmur). Allahın bizə yağış nazil etməsi üçün dua et!" Peyğəmbər (s.ə.s) əllərini qaldırıb üç dəfə "Allahım, bizə yağış endir!" – deyə dua etdi».

Ənəs (r.a) deyir ki, «Allaha and olsun ki, göydə nəinki bulud, heç bulud parçası da yox idi. Bizimlə Səlin1 arasında da nə bir ev, nə də bir koma var idi. Birdən Səlin arxasından qalxanabənzər bir bulud göründü. Bulud gəlib səmanın ortasına çatdıqda yayıldı və yağış yağdı. Allaha and olsun ki, bir həftə gün üzü görmədik. Cümə günü bir kişi yenə məscidə Ömərin (r.a) evinin istiqamətində olan qapıdan daxil oldu və ayaq üstə xütbə verən Peyğəmbərə (s.ə.s) yaxınlaşıb dedi: "Ey Allahın elçisi! Mal-qara həlak olur, səfərlər də dayandırılıb (yolları su basdığı üçün dəvələrlə səfərə çıxmaq olmur). Allaha, yağışı dayan­dırması üçün dua et!" Peyğəmbər (s.ə.s) əllərini qaldırıb dua etdi və dedi: "Allahummə həvaleynə va lə əleynə, Allahummə alə-l-əkəm va-z-zirab va butuni-l-əudiyə va mənabiti-l-əşcar". Bu duadan sonra buludlar çəkildi və biz qızmar günəşin altında gəzişməyə başladıq».

Şureyk deyir ki, «Mən Ənəsdən (r.a): "O (ikinci dəfə gələn kişi) həmən kişi (birinci dəfə gələn) idi?" – deyə soruşduqda, o: "Bilmirəm" – deyə cavab verdi» (əl-Buxari, 1013; Müslim, 2075).

Duanın tərcüməsi: «Allahım, bu yağışı bizim ziyanımız üçün yox, xeyrimiz üçün endir. Allahım, bu yağışı yaylaların, təpələrin, vadilərin üzərinə və ağacların dibinə endir!»


158-ci hədisdən çıxarılan nəticələr:

– Xütbəni ayaq üstə vermək;

– Yağışın yağması üçün dua etmək;

– Dua etdikdə əlləri qaldırmaq;

– Yağışın dərhal yağması Məhəmmədin (s.ə.s) peyğəmbərliyini təs­diq edən möcüzələrdəndir;

– Yağışın yağması üçün Peyğəmbər (s.ə.s) kimi dua etmək (müstə­həbdir);

– Allahdan qorxan, saleh insanın tələbini nəzərə alıb dua etmək (caizdir).

İyirmi üçüncü fəsil: «Qorxu namazı»
159. Abdullah ibn Ömər ibni-l-Xəttab (r.a) rəvayət edir ki, «Pey­ğəmbər (s.ə.s) döyüşdə düşmənlə qarşılaşdığımız zaman bizə qorxu namazı qıldırardı. Bir dəstə səhabə onunla namaza başlayar, o biri dəstə isə onları qoruyardı. Bir rükət qıldıqdan sonra isə dəstələr yerlərini dəyişər və Peyğəmbər (s.ə.s) ikinci rükəti tamamlayardı. Daha sonra isə hər dəstə (əvvəlcə ikinci dəstə, sonra da birinci dəstə) qalan bir rükəti tamamlayardı» (əl-Buxari, 942; Müslim, 1939).
159-cu hədisdən çıxarılan nəticələr:

– Hər hansı bir təhlükəli səbəbə görə qorxu namazı qılmaq;

– Bu namazı hədisdə göstərilən qaydada qılmaq;

– Zəruriyyət üçün namazda artıq hərəkət etmək onu batil etmir;

– Qorxu, təhlükə olsa belə namazları vaxtında və camaat şəklində qılmaq üçün səy göstərmək;

– Düşməndən ehtiyat etmək.


160. Yezid ibn Rumən, Saleh ibn Xavvət ibn Cubeyrdən, o da Peyğəmbər (s.ə.s) ilə bərabər «Zatu-r-Riqa» döyüşündə qorxu namazı qılan səhabədən rəvayət edir ki, «Bir dəstə, Peyğəmbər (s.ə.s) ilə bərabər namaza başladı, o biri dəstə isə (onları qorumaq üçün) düşmənə tərəf döndü. Peyğəmbər (s.ə.s) bir rükət qıldıqdan sonra ayağa qalxıb səhabələr ikinci rükəti sərbəst tamamlayana qədər hərəkətsiz dayanıb gözlədi. Dəstələr yerlərini dəyişdirdikdən sonra ikinci rükəti qıldı və o biri dəstə ikinci rükəti tamamlayana qədər hərəkətsiz dayanıb gözlədi. Sonra isə (onlardan əvvəl) salam verib namazı tamamladı» (əl-Buxari, 4129; Müslim, 1944).

Müəllif deyir ki, «Peyğəmbər (s.ə.s) ilə bərabər namaz qılan səhabə Səhl ibn Əbi Həsmətədir (r.a)».


160-cı hədisdən çıxarılan nəticələr:

– Qorxu namazı müxtəlif keyfiyyətlərdə varid olmuşdur. Lakin Malik, Şafii, Əhməd və s. islam alimləri bu hədisdə vəsf olunmuş qay­danı seçmişlər;

– Namazın camaatla birgə qılınması;

– Qorxu namazının hədisdə göstərilən qaydada qılınması;

– Bu namazın əmin-amanlıqda qılınan namazdan fərqlənməsi.
161. Cabir ibn Abdullah əl-Ənsari (r.a) rəvayət edir ki, «Mən Peyğəmbər (s.ə.s) ilə qorxu namazını qıldım. O, bizi iki cərgəyə düzdü və düşmən mövqeyi bizimlə qiblə arasında olduğu vəziyyətdə namaza başladı. Biz onunla bərabər təkbir və ruku etdik, sonra da rukudan qalxdıq. O, birinci səf ilə bərabər səcdə etdiyi zaman ikinci səf düşmənə qarşı dayanıb gözlədi. Onlar (hər iki) səcdəni etdikdən sonra ikinci səf də səcdə etdi. Ayağa qalxdıqdan sonra isə cərgələr yerlərini (1-ci cərgə 2-ci cərgənin, 2-ci cərgə də 1-ci cərgənin yerinə keçməklə) dəyişdirdi və ikinci rükəti də əvvəlki rükət kimi qıldıq. Sonra isə hamımız onunla bərabər salam verib namazı bitirdik».

Cabir (r.a) deyir ki, «(Onların qıldığı namaz) keşikçilərimizin əmir­lərini qoruduğu zaman qıldıqları namaz kimidir» (Müslim, 1943).

Başqa rəvayətdə: «O, Peyğəmbər (s.ə.s) ilə bərabər qorxu namazını yeddinci döyüşdə – Zətu-r-Riqa döyüşündə qıldı» (əl-Buxari, 4125).
161-ci hədisdən çıxarılan nəticələr:

– Peyğəmbərin (s.ə.s) namazı bu qaydada qıldırması onun ədalətli olmasına dəlalət edir;

– Qorxu namazını hədisdə göstərilən qaydada qılmaq.

İyirmi dördüncü fəsil: «Cənazələr»
162. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) Nəca­şinin1 ölüm xəbərini elan etdikdən sonra namaz qılınan yerə gəldi, cərgələri düzdü və dörd təkbirli (rüku və səcdəsiz) namaz qıldı» (əl-Buxari, 1333; Müslim, 2201).
163. Cabir (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) Nəcaşinin (cənazə) namazını qıldığı zaman mən ikinci və ya üçüncü səfdə idim» (əl-Buxari, 3878).
164. Abdullah ibn Abbas (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) meyit dəfn olunduqdan sonra qəbrin önündə dayanıb dörd təkbirli (rüku və səcdəsiz) namaz qıldı» (Müslim, 2208).
162-ci, 163-cü və 164-cü hədislərdən çıxarılan nəticələr:

– Qəriblikdə ölən şəxs üçün (cənazəni müşahidə etməyərək) qılınan cənazə namazının hökmü:

a) Əbu Hənifə və Malikin rəyinə görə belə namaz qılmaq caiz deyildir. Peyğəmbərin (s.ə.s) Nəcaşi üçün qıldığı cənazə namazı isə ona (s.ə.s) məxsusdur.

b) Şafiinin rəyinə görə isə belə namaz qılmaq caizdir. İmam Şafii bu hədislərə əsaslanıb belə nəticə çıxarmışdır.

v) Əhməd ibn Hənbəl, İbn Teymiyyə, İbnu-l-Qeyyim, Əbdürrəhman əs-Sədi və s. alimlərin rəyi müfəssəldir. Belə ki, qürbətdə ölən şəxs üçün cənazə namazı qılınıbsa, qeyriləri üçün bu namazı qılmaq vacib deyil­dir. Əks halda isə, cənazə müşahidə olunmasa belə, bu namazı qılmaq vacibdir.

Qeyd etmək lazımdır ki, üçüncü rəy ən mötəbər rəy sayılır.

– Cənazə namazını qılmaq fardu-l-kifayədir;

– Cənazə namazının dörd təkbirdən ibarət olması. Birinci təkbirdən sonra Fatihə surəsi, ikinci təkbirdən sonra salavat, üçüncü təkbirdən sonra mərhum üçün dua oxunur və dördüncü təkbirdən sonra isə salam verməklə namaz tamamlanır.

Qeyd etmək lazımdır ki, bu namazda rüku və səcdə edilmir.

– Cənazə namazını qılanların sayı lap çox olarsa, onu bayram namazının qılındığı yerdə qılmaq müstəhəbdir;

– Namaz qılanların sayının çox olması vəfat edən şəxsin xeyrinədir;

– Ölən şəxsin kim (kişi, qadın və ya uşaq) olduğu namaz qılanlara bildirilməlidir.


165. Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) (vəfat etdikdən sonra) ağ rəngli, tərtəmiz üç Yəmən sarğısı (kəfən) ilə sarındı. Bu sarğı­ların arasında köynək və əmmamə yox idi» (əl-Buxari, 1264; Müslim, 2177).
165-ci hədisdən çıxarılan nəticələr:

– Peyğəmbərin (s.ə.s) kəfəninin üç sarğıdan ibarət olması;

– Kəfənin ağ və təmiz olması. (müstəhəbdir)

Qeyd: qadının kəfəni beş sarğıdan ibarətdir.


166. Ummu Atiyyə (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) qızı Zeynəb (r.a) vəfat etdikdən sonra bizim yanımıza gəlib dedi: "Zeynəbi üç, ya beş, ya da (ehtiyac varsa) bundan da çox su, sidr1 və kafur2 ilə yuyun. Qurtardıqdan sonra mənə xəbər verin. Biz onu yuyub qurtar­dıqdan sonra Peyğəmbəri (s.ə.s) çağırdıq. O, izarını (paltarın aşağı hissəsi) onlara verib dedi: "Onu buna sarıyın!"» (əl-Buxari, 1257; Müslim, 2165).

Başqa rəvayətdə: «…üç, ya beş, ya da yeddi dəfə…» (əl-Buxari, 1259; Müslim, 2168).

Başqa rəvayətdə Peyğəmbər (s.ə.s) əmr edib deyir: «Sağ tərəfindən, dəstəmazda yuyulan əzalarından başlayın…» (əl-Buxari, 1256; Müslim, 2172).

Başqa rəvayətdə Ummu Atiyyə deyir ki, «Saçlarını üç hörük hördük» (əl-Buxari, 1259; Müslim, 2168).


166-cı hədisdən çıxarılan nəticələr:

– Müsəlman meyitini qüsl etmək fərdu-l-kifayədir;

– Qadını yalnız qadın, kişini də yalnız kişi yumalıdır. Yalnız ər-arvad müstəsnadır. Belə ki, onlardan biri digərini yuya bilər;

– Meyiti üç və ya daha çox tək sayda yumaq;

– Qüsl etdikdə sidr və kafurdan istifadə etmək;

– Qüsl etdikdə sağ tərəfdən – dəstəmazda yuyulan əzalardan baş­lamaq;

– Qadının saçlarını üç hörük hörmək;

– Ancaq Peyğəmbərə (s.ə.s) məxsus olan bir şeyin (paltarın, saçı, aldığı su və s.) vasitəsilə bərəkətə nail olmaq olar.


167. Abdullah ibn Abbas (r.a) rəvayət edir ki, «Bir kişi Ərafada1 mindiyi heyvanın üzərindən yerə düşdü və boynu sındı. (Vəfat etdikdən sonra) Peyğəmbər (s.ə.s) dedi: "Onu su və sidr ilə yuyub iki sarğı (kəfən) ilə sarıyın. Onu ətirləməyin və başını da örtməyin həqiqətən, o, Qiyamət günü təlbiyə2 edərək diriləcək"» (əl-Buxari, 1265; Müslim, 2884).
167-ci hədisdən çıxarılan nəticələr:

– Ehramda3 ikən ölən şəxsi qüsl etmək;

– Qüsl etdikdə sidrdən istifadə etmək;

– Meyiti kəfənləmək;

– Ehramda ikən ölən şəxsi ətirləməmək;

– Başını örtməmək;

– Meyiti iki sarğı ilə kəfənləmək.

Qeyd: iki sarğı dedikdə, göbəkdən aşağı və ondan yuxarı olan sar­ğılar nəzərdə tutulur. Bundan belə nəticə çıxır ki, meyiti bir qat kəfənə bükmək kifayətdir.


168. Ummu Atiyyə əl-Ənsariyyə (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) bizə (qadınlara) cənazəni təqib4 etməyi qadağan etdi, lakin haram olmasını təkid etmədi» (əl-Buxari, 1278; Müslim, 2164).
168-ci hədisdən çıxarılan nəticələr:

– Cənazəni təqib etməyin qadınlara qadağan olması;

– Qadına cənazəni təqib etməyin qadağan edilməsinə səbəb, onun bu anda səbr etməməsidir.
169. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) dedi: "Cənazəni (ölən şəxsi) dəfn etməyə tələsin! Həqiqətən, o, saleh olarsa, siz (ona) xeyir nəsib etmiş, əks halda isə şəri boynunuzdan atmış olarsınız"» (əl-Buxari, 1315; Müslim, 2183).
169-cu hədisdən çıxarılan nəticələr:

– Meyiti dəfn etməyə tələsmək. Bir şərtlə ki, tələsməkdən meyitə və ya onu aparanlara zərər toxunmasın;

– Əməlisaleh insanların cənazəsini təqib etmək və günahkarlardan uzaqlaşmaq.
170. Səmurə ibn Cundəb (r.a) rəvayət edir ki, «Mən Peyğəmbər (s.ə.s) ilə nifasdan1 vəfat etmiş qadının cənazə namazını qıldım. O, namazda ikən (axıra qədər) meyitin orta nahiyəsində dayandı» (əl-Buxari, 1331; Müslim, 2234).
170-ci hədisdən çıxarılan nəticələr:

– Qadın üçün cənazə namazının qılınması;

– Qadın üçün qılınan namazda kişidən fərqli olaraq imam üzü qib­ləyə cənazənin orta nahiyəsində dayanmalıdır2;

– Doğuş zamanı vəfat etmiş qadın şəhid sayılsa belə, onun üçün cənazə namazı qılınmalıdır. Çünki Allah yolunda vuruşub şəhid olanla bu şəhidlik rütbəsi fərqlidir.


171. Əbu Musa Abdullah ibn Qeys əl-Ənsari (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s), meyit üçün ağlayan zaman səsini qaldıran, saçını qırxan (və ya yolan) və paltarını cıran qadından uzaq idi3» (əl-Buxari, 1296; Müslim, 283).
171-ci hədisdən çıxarılan nəticələr:

– Saç yolmaq, paltar cırmaq, qışqırmaq və s. bu kimi bəyənilməyən əməllərlə Allahın yazdığı qədərə etiraz etməyin haram olması;

– Cəhalət əhlinin şəriətə müxalif olan əməllərinə təqlid etməyin haram olması;

– Hədisdə qeyd olunan əməllərin böyük günahlardan sayılması;

– Həddi aşmayaraq həzin-həzin ağlamağın caiz olması. Peyğəmbər (s.ə.s) oğlu İbrahim vəfat etdikdə onun üçün ağlaması buna dəlildir.

Müsibətə düçar olmuş hər bir müsəlmana aşağıdakı ayə və hədisi xatırlatmaq ona fayda verər.

Uca Allah buyurur:


«Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Səbr edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: "Biz Allahın bəndələriyik və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!" – deyirlər. Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət gözləyir. Onlar doğru yoldan olanlardır» («əl-Bəqərə» surəsi, 155-157).

Süheyb (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: «Mömin bəndənin hər bir əməli qəribə və onun üçün xeyirlidir. Bu da yalnız möminə məxsusdur. Ona nemət əta olunduqda ona şükr edir, bəla gəldikdə isə ona səbr edir və hər ikisi onun üçün xeyirli olur».
172. Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbərin (s.ə.s) zövcəsi Ummu Sələmə (r.a) və Ummu Həbibə (r.a) Həbəşistandakı Mariya adlı kilsə­nin gözəl olduğunu və içərisindəki şəkilləri müşahidə etməsini ölümqabağı ona xəbər verdilər, O, başını qaldırıb dedi: "Onlar vəfat etmiş saleh insanın qəbrinin üzərində məscid tikir, sonra da içərisində onun şəklini təsvir edirlər. Onlar Allah yanında məxluqatın şərlisi hesab olunurlar» (əl-Buxari, 1341; Müslim, 1181).
172-ci hədisdən çıxarılan nəticələr:

– Qəbrin üzərində məscid və ya ona bənzər tikili tikməyin qadağan olunması;

– Məscidin içərisində şəkil təsvir etməyin qadağan olunması;

– Bunu edənlərin Allah yanında ən şərli insanlardan hesab olun­ması.


173. Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) ölümqabağı demişdir: "Allah yəhudi və nəsranilərə, peyğəmbərlərinin qəbrləri üzə­rində məscid bina etdiklərinə görə lənət etmişdir"».

Aişə deyir ki: «Bunu deməsə idi evimdən xaric bir yerdə dəfn edilərdi» (əl-Buxari, 1330; Müslim, 1184).


173-cü hədisdən çıxarılan nəticələr:

– Qəbrin üzərində məscid və ya ona bənzər tikili tikməyin qadağan olunması;

– Peyğəmbərin (s.ə.s) yəhudi və nəsranilərin (xristianların) etdikləri günah barəsində xəbər verməsi;

– Qəbrin yanında qılınan namazın böyük şirkə aparan vasitələrdən olması;

– Allah Peyğəmbərini (s.ə.s) şirk üçün vasitə olmaqdan qorumuşdur.

– Bu, Peyğəmbərimizin (s.ə.s) ölüm anında etdiyi vəsiyyətlərdəndir.

Bir çoxları əl-Kəhf surəsinin 21-ci ayəsinə əsaslanaraq islam dinində qəbrin üzərində məscidin tikilməsinə icazə verir. Uca Allah bu ayədə demişdir:


«(Nəhayət, əshabi-kəhf öldükdən sonra kafirlər) dedilər: "Onların üstündə bir bina tikin. Rəbbi (onların öldüyünü, yaxud yenidən yuxuya getdiyini və nəyə etiqad etdiklərini) daha yaxşı bilir". (Əshabi-kəhf haqqındakı mübahisədə) qalib gələnlər isə: "Onların (məzarı) üstündə (Allaha ibadət etmək məqsədilə) bir məscid tikəcəyik" – dedilər».

Bunun izahı isə belədir:

1) Bu anlayış Peyğəmbərdən (s.ə.s) varid olan mötəbər hədislərə ziddir;

2) Ehtimal var ki, bu əməl onların şəriətinə görə caiz olub. Lakin qeyd etmək lazımdır ki, bu çox zəif ehtimaldır;

3) Allahın onlar haqqında xəbər verməsi heç də bu əməlin müsəl­manlara vacib və ya müstəhəb olmasına dəlalət etmir;

4) «Onların üstündə bir məscid tikəcəyik» – ifadəsinin kim tərə­findən deyildiyi dəqiq məlum deyildir;

5) Ayədə onların məscid tikmək istəyi qeyd olunub, lakin tikib-tikmədikləri məlum deyildir.


174. Abdullah ibn Məs‘ud (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) dedi: "(Ölən şəxs üçün ağladıqda) üz-gözünə döyən1, paltarını cıran və cahiliyyə dövründən qalan sözləri1 işlədən bizdən deyildir2"» (əl-Buxari, 1294; Müslim, 281).
174-cü hədisdən çıxarılan nəticələr:

– Üz və sinəyə vurmaq, paltarı cırmaq və cahillərin Allahın qədərinə etiraz əlaməti olaraq istifadə etdikləri kəlmələri deməyin qadağan olun­ması;

– Hədisdə qeyd olunan əməllərin böyük günahlardan sayılması.
175. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) dedi: "Cənazəni müşahidə3 edib namazını qılana bir, (ondan sonra) dəfn olunana qədər onu təqib edənə isə iki qirat qədər savab yazılır". Səha­bələr: "İki qirat nə qədərdir?" – deyə soruşduqda, Peyğəmbər (s.ə.s): "İki böyük dağ kimidir" – deyə cavab verdi» (əl-Buxari, 1325; Müslim, 2186).

Başqa rəvayətdə: «Qiratların ən kiçiyi Uhud dağı kimidir» (Müslim, 2189).

175-ci hədisdən çıxarılan nəticələr:

– Meyitə cənazə namazını qılıb onu dəfn olunana qədər təqib edən böyük savab qazanır,

– Bunu edənin nə qədər savab qazandığını yalnız Allah bilir;

– Peyğəmbərin (s.ə.s) ümmətini bu iki əməli etməyə rəğbətləndir­məsi, Allahın meyitə bəxş etdiyi nemətdir. Belə ki, namaz qılıb təqib edənlərin sayı çox olduqca, meyit üçün dua edib bağışlanma diləyən­lərin sayı da çox olar;

– Müsəlmanın qazandığı savabın nisbəti əməllərinin nisbətilə ölçü­lür. Belə ki, Peyğəmbər (s.ə.s) meyitə cənazə namazını qılanın bir qirat, bununla belə onu dəfn olunana qədər təqib edənin isə iki qirat savab qazanması haqqında xəbər vermişdir.

Xülasə
Namazın rüknləri:

– qiyam (namazı ayaq üstə qılmaq);

– təkbirlə (Allahu əkbər deməklə) namaza başlamaq;

– Fatihə surəsini oxumaq;

– rüku etmək;

– rükudan qalxıb dikəlmək;

– səcdə etmək;

– səcdədən qalxıb oturmaq (yalnız iki səcdə arasında);

– bu hərəkətləri (rahatlıqla) tələsmədən etmək;

– axırıncı rükətdə təşəhhüd demək üçün oturmaq;

– axırıncı rükətdə təşəhhüdü oxumaq;

– bu hərəkətləri tərtiblə ( ardıcıllıqla) etmək;

– salam ilə namazı tamamlamaq.

Bu rüknlərdən hər hansı birini bilərəkdən tərk edənin namazı batil olur. Lakin səhvən bu rüknlərdən bəzilərini tərk edən tərk etdiyi rüknə görə yenidən bir rükət əlavə qılmalı və səhv səcdəsi etməlidir. Namazı çox tez qılan, yaxud ayaq üstə qılmaq imkanı ola-ola oturaq qılan və yaxud ilk təkbiri etməyən namazı yenidən tam qılmalıdır.


Namazın vacibləri:

– ehram təkbirindən (namazı başladıqda edilən təkbirdən) başqa olan təkbirlər;

– «səmi-Allahu limən həmidəh» demək;

– «Rabbənə və ləkəl həmd» demək;

– «sübhanə Rabbiyə-l-azım» demək;

– «sübhanə Rabbiyə-l-ələ» demək;

– «Rabbi-ğ-firli» demək;

– dörd və üç rükətli namazın ikinci rükətindən sonra oturmaq;

– dörd və üç rükətli namazın ikinci rükətindən sonra təşəhhüdü oxumaq.

Bu vaciblərdən hər hansı birini bilərəkdən tərk edənin namazı batil olur. Lakin səhvən bu vaciblərdən birini tərk edən tərk etdiyi vaciblərə görə yalnız iki dəfə səhv səcdəsi etməlidir.


Namazın şərtləri:

– müsəlman olmaq;

– həddi-büluğa çatmaq;

– ağıllı (nə dediyini və etdiyini qavramaq qabiliyyətində) olmaq;

– təharətli olmaq (qüsl və ya dəstəmazlı, və ya onları əvəz edən təyəmmümlü olmaq);

– hər namazı vaxtında qılmaq;

– paltarı, bədəni və namaz qılınan yeri nəcasətdən (murdarlıqdan) təmizləmək;

– ayıb yerlərini (övrəti) örtmək;

– qibləyə tərəf durmaq.

Aşağıdakı hallarda qibləyə tərəf durmaq şərt deyil:

a) qorxu olduqda (düşməndən, vəhşi heyvandan və s.);

b) aciz olduqda (xəstəlik, məcburiyyət və s.);

v) fərz namazlarından başqa minik üzərində qılınan nafilə namaz­larında;

– hər namaz üçün (qəlbdə) niyyət etmək.

Bilərəkdən bu şərtlərdən birini tərk edənin namazı batildir.
Namazın sünnələri (müstəhəbləri):

– istiftah (Fatihə surəsindən qabaq oxunan dua);

– «bismilləhi-r-rahməni-r-rahim» demək;

– «Amin» demək;

– Fatihə surəsindən sonra oxunan hər hansı bir surə;

– sübh, məğrib, işa və s. səsli namazlarda səslə oxumaq;

– «sübhanə Rabbiyə-l-azım» duasını bir dəfədən artıq oxumaq;

– rükuda bu duadan başqa oxunan dualar;

– sonuncu təşəhhüddə salavatdan sonra oxunan dualar;

– əlləri qaldırmaq (təkbir edərək namaza daxil olduqda, rüku et­dikdə, rükudan və təşəhhüddən sonra üçüncü rükətə qalxdıqda);

– sağ əl sol əlin üzərində olmaqla əlləri sinənin üzərinə qoymaq;

– səcdə yerinə baxmaq;

– birinci rükətin ikinci rükətdən, ikinci rükətin üçüncü rükətdən, üçüncü rükətin də dördüncü rükətdən uzun olması;

– təşəhhüddə və ikinci, dördüncü rükətlərə qalxmazdan əvvəl sol ayaq üzərində oturmaq və sağ ayağın barmaqlarını qibləyə tərəf yö­nəltmək;

– təşəhhüddə işarə barmağını qibləyə tərəf yönəltmək və ya onu tər­pətmək;

– rükuda, əlləri açıq vəziyyətdə dizdən tutmaq;

– «sübhanə Rabbiyə-l-ələ» duasını bir dəfədən artıq oxumaq;

– «Rabbi-ğ-firli» duasını bir dəfədən artıq oxumaq;

– Peyğəmbərə (s.ə.s) salavat gətirmək.

Bu sünnələrin birini tərk etmək namazı batil etmir və səhv səcdəsi etmək də lazım gəlmir, yalnız namaz qılan artıq savab qazanmır.


Namazda bəyənilməyən əməllər:

– yuxarı baxmaq;

– səbəbsiz yerə başı döndərmək;

– namazdan yayındıran şeylərə baxmaq;

– əlləri belə qoymaq;

– səcdədə dirsəkləri yerə qoymaq;

– gözləri yummaq;

– səbəbsiz yerə artıq hərəkətlər etmək (qaşınmaq, tərpənmək və s.);

– süfrədə yemək olduqda namaz qılmaq;

– eyni rükətdə Fatihəni təkrar oxumaq;

– sidiyi, havanı və s. saxlayaraq ayaqyoluna getməmək.

Bu məkruhlardan birini etmək namazı batil etmir və səhv səcdəsi etmək də lazım gəlmir, yalnız namaz qılan artıq savab qazanmır.


Namazı batil edən şeylər:

– namaz əsnasında (namazdan kənar danışmaq;

– ərkan, vacib və şərtlərdən hər hansı birini qəsdən tərk etmək.

Ərkanlardan birini bilməyərəkdən tərk etmək də namazı batil edir.



ÜÇÜNCÜ BÖLMƏ: ZƏKAT
176. Abdullah ibn Abbas (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) Müaz ibn Cəbəli (r.a) Yəmənə göndərdikdə ona demişdir: "Sən kitab əhlindən olan bir qövmün yanına gedirsən, elə isə onları (tövhidə) "əşhədü ən lə iləhə illəllahu və əşhədü ənnə Mühəmmədən rəsulullah" kəlməsinə dəvət et. Buna itaət edərlərsə, o qövmə xəbər ver ki, Allah onlara gün ərzində beş vaxt namaz qılmaqlarını fərz1 buyurmuşdur. Buna itaət edərlərsə, o qövmə xəbər ver ki, Allah onlara varlılarından götürülüb kasıblarına paylanan sədəqənin (zəkatın) verilməsini fərz buyurmuşdur. Buna da itaət edərlərsə, onların ən qiymətli mallarını götürməkdən çəkin! Habelə, məzlumun duasından qorx! Həqiqətən, onun duası ilə Allahın arasında heç bir maneə yoxdur» (əl-Buxari, 1395; Müslim, 121).
176-cı hədisdən çıxarılan nəticələr:

– Peyğəmbərin (s.ə.s) səhabələrinə dəvətin üslubunu öyrətməsi;

– Qeyri-müsəlmanla münaqişə etmək və onda olan şübhələri rədd etmək üçün hazırlaşmaq;

– Hikmətlə dəvət etməyin üslublarını öyrənmək;

– Dəvət etdikdə ən mühüm əmrlərdən başlamaq;

– Tövhidin ən mühüm əmr sayılması. Belə ki, Uca Allah onsuz heç bir ibadəti qəbul etmir;

– Beş vaxt qılınan namazlar dinin dayağı olduğu üçün tövhiddən sonra ən mühüm əmr hesab olunur;

– Zəkatın da ən mühüm əmr hesab olunması;

– İlk mühüm sayılan əmələ itaət etməmiş sonrakına keçməmək;

– Zəkatın, kasıblar üçün təsəlli və təskinlik olması;

– Zəkat toplayana malın ən qiymətlisindən və ən gözəlindən götür­məsi haramdır. Belə ki, götürdüyü zəkat malı nə çox qiymətli və gözəl, nə də ki, çox ucuz və keyfiyyətsiz olmamalıdır;

– Zəkat toplayan zülm etməkdən çəkinməlidir. Belə ki, zülm etmək ən böyük günahlardandır;

– Məzlum kafir olsa belə, onun duasının qəbul olunması;

– Əmr sahiblərinin zəkat toplayanlara nəsihət verməsi;

– Yalnız beş namazın fərz olması;

– Səkkiz sinif2 (zəkat verilən) insanların yalnız bir qisminə (kasıb­lara) zəkat verməklə kifayətlənmək caizdir;

– Zəkatın yerli varlılardan götürülüb yerli kasıblara paylanılması. Lakin qeyd etmək lazımdır ki, zəkatı yerli sakinlərdən qeyrisinə də vermək caizdir. Çünki, ayədə xatırlanan səkkiz sinifdən biri müsafirdir ki o da yerli sayılmır.
177. Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) dedi: "İki yüz dirhəmdən1 az, beş dəvədən az və üç yüz saadan2 az miqdarda olan maldan sədəqə (zəkat) verilmir"» (əl-Buxari, 1459; Müslim, 2260).
177-ci hədisdən çıxarılan nəticələr:

– Hədisdə göstərilən qədər və ondan çox malı olanın zəkat verməsi vacibdir;

– Hədisdə göstərilən miqdardan az malı olanın zəkat verməsi vacib deyildir;

– Gümüş 595 qrama çatdıqdan sonra əldə olunan məbləğdən onda birin dörddə biri zəkat verilir;

– Beşdən az dəvəsi olana zəkat düşmür

– Dənli bitkinin ümumi çəkisi 612 kq və bundan çox olarsa, ondan zəkat verilir.


178. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) dedi: "Müsəlmana, qulun və atın sədəqəsini (zəkatını) vermək vacib deyil­dir"» (əl-Buxari, 1464; Müslim, 2270).

Başqə rəvayətdə: «yalnız fitrə sədəqəsini (zəkatını) vermək vacibdir» (Müslim, 2273).


178-ci hədisdən çıxarılan nəticələr:

– Qula zəkat çıxarmağın vacib olmaması;

– Atın zəkat malından sayılmaması;

– Qulun fitrə zəkatını çıxarması onun ağasına vacibdir;

– Artım üçün saxlanılan maldan (dəvə, öküz, qoç, qızıl-gümüş və s.) fərqli olaraq xidmət üçün saxlanılan mala (at, eşşək, maşın, ev və s.) zəkat düşmür.

Qeyd etmək lazımdır ki, yalnız hər hansı mötəbər dəlilə əsalanaraq zəkat malını təyin etmək caizdir.


179. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) dedi: "Ev heyvanlarına, quyu və mədən üçün zəmanət yoxdur. Xəzinənin(tapılan) zəkatı isə onun beşdə biridir"» (əl-Buxari, 1499; Müslim, 4440).
179-cu hədisdən çıxarılan nəticələr:

– Ev heyvanının sahibindən xəbərsiz ziyan vurduğu yerə (tarla, əkin sahəsi və s.) görə sahibi cavabdehlik daşımır. Lakin bunu sahibinin təşəbbüsü ilə edərsə, o zaman sahibi sığorta ödəməlidir.

– Fəhlə öz istəyi ilə quyuya və ya mədənə düşər və fəlakətə uğra­yarsa, buna görə müdiriyyət cavabdehlik daşımır. Lakin fəhləni məcbur edib fəlakətə uğradan şəxs etdiyi əmələ görə məsuliyyət daşıyır.

– Xəzinə tapıldıqda (az və ya çox) onun beşdə biri sədəqə veril­məlidir;

– Bu növ sədəqə xəzinə tapılan an verilməlidir;

– Tapılan xəzinənin qiymətindən1 yox, onun özündən2 sədəqə veril­məlidir;

– Bəzi alimlərin rəyinə görə mülki torpaqdan tapılan xəzinədən sədəqə verilmir. Lakin qeyd etmək lazımdır ki, ehtiyat üçün bu sədəqəni vermək daha əfzəldir.

– Tapılan xəzinə zəkat malından çox qənimətə bənzəyir. Buna görə də onun beşdən birini Allah yolunda hər bir xeyirli əmələ sərf etmək caizdir. Belə ki, bununla zəkat malı arasında bir çox fərqlər vardır ki, bu da aşağıdakı kimidir:

a) Zəkat malı müəyyən vaxtda verilir, xəzinə üçün isə heç bir vaxt təyin olunmamışdır.

b) Zəkat malının qiyməti dəyərində pul vermək caizdir, xəzinənin isə yalnız özündən sədəqə verilməlidir.

v) Zəkat malı müəyyən miqdardan çıxarılır, xəzinə üçün isə belə miqdar təyin olunmayıb.

q) Zəkat yalnız ayədə göstərilən səkkiz sinif insanlara verilir, xəzinənin beşdən biri isə istənilən xeyirxah iş üçün istifadə oluna bilər.

d) Zəkatın miqdarı minimum malın ondan birinin dörddə biri, maksimum da malın ondan biridir. Xəzinədən verilən malın miqdarı isə onun beşdən biridir.
180. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) Öməri (r.a) zəkat toplamaq üçün göndərdi. Sonra İbn Cəmil (r.a) Xalid ibnu-l-Vəlid (r.a) və Abbasdan (r.a) (zəkatı vermədiklərinə görə) Pey­ğəmbərə (s.ə.s) şikayət edildikdə, o dedi: "İbn Cəmilin zəkatdan boyun qaçırması yalnız ona görədir ki, o, kasıb ikən Allah onu zəngin etdi. Xalid barəsində isə (şikayət etməklə) siz ona zülm etmiş hesab olunursunuz1. Çünki artıq o, malını – döyüş sursatları və s. üçün Allah yolunda sərf etmişdir. O ki qaldı Abbasa, onun zəkatı və onun misli qədər mənim boynumadır. Ey Ömər! Kişinin əmisi, onun atası mislindədir"» (əl-Buxari, 1468; Müslim, 2274).
180-ci hədisdən çıxarılan nəticələr:

– Təyin olunmuş şəxsin hakim tərəfindən zəkat toplamağa göndə­rilməsi;

– Zəkat verməyənlər barəsində hakimə şikayət etməyin caiz olması;

– Cəhd göstərib zəkat verməkdən imtina edənlərin günah qazan­ması;

– Allah yolunda sərf edilməsi təyin olunan maldan zəkatın verilməsi;

– İstənilən əşyanın Allah yolunda sərf olunmasını təyin və ya vəsiy­yət etmək caizdir;

– Əminin ata mislində olması;

– "O ki qaldı Abbasa…" cümləsində iki növ anlayış var:

a) alimlərin bir qismi deyir ki, bu zəkatın əvvəldən təcili surətdə verilməsinin caiz olmasına dəlalət edir;

b) digər qismi isə deyir ki, bu qeyrisinin əvəzinə zəkat verməyin caiz olmasına dəlalət edir.

Qeyd etmək lazımdır ki, hər iki ehtimal mümkündür.
181. Abdullah ibn Zeyd ibn Asim əl-Mazini (r.a) dedi: «Peyğəmbər (s.ə.s) Hüneyn döyüşündən əldə etdiyi qənimətləri insanlar arasında bölüşdürdü və ənsarlara (Allah onlardan razı olsun!) heç bir şey vermədi. Bu bölgüdən onlara heç nə çatmadığı üçün incidiklərini görən Peyğəmbər (s.ə.s) xitab edərək onlara dedi: "Məgər zəlalət içində olduğunuz halda, Allah sizi mənim vasitəmlə düz yola yönəltmədimi? Sizin qəlbləriniz biri-birindən ayrı idi. Məgər Allah mənim vasitəmlə onları bir-birinə sevdirmədimi? Siz kasıb ikən O mənim vasitəmlə sizi zəngin etmədimi? Məgər Allahın elçisinin bölgüsü ilə razılaşmağa sizə nə isə mane olur?" Ənsarlar Peyğəmbərin (s.ə.s) hər sualına "Allah və rəsulu haqlıdır" – deyə cavab verdilər. Sonra o, yenə xitab edib dedi: "İstəsəydiniz, deyərdiniz ki, "sən bizə bunca nemətlər verdin". İstə­mirsiniz ki, insanlar qoç və dəvə əldə etsinlər, siz isə Peyğəmbərlə birgə olasınız? Hicrət olmasa idi mən də ənsarlardan olardım. İnsanlar dərə və vadidə gəzməli olsalar, mən də ənsarların dərə və vadisində gəzərəm. Ənsarlar köynək, insanlar isə onun üzərindən geyinilən libas mislin­dədir1. Həqiqətən, siz məndən sonra belə hallara məruz qalacaqsınız, lakin Qiyamət günü hovuzun ətrafında mənimlə qarşılaşana qədər səbr edin!"» (əl-Buxari, 4330; Müslim, 2443).
181-ci hədisdən çıxarılan nəticələr:

– Qəlbi islam dini ilə tam sabit olmayana qənimətdən pay vermək;

– Məsləhət bilib dinində sabit olanlara qənimətdən pay verməmək;

– Dünya nemətlərinə olan rəğbət iman və ixlası batil etmir. Bir şərtlə ki, bu rəğbət yalnız Allah xatirinə olsun.

– Münasib yerdə lazım gəldikdə haqqı bəyan etmək üçün moizə vermək;

– Əməlin hansı məqsədlə edilməsini bəyan etməyin hikmətdən sayılması;

– Peyğəmbərin (s.ə.s) səhabələrlə, xüsusən də ənsarlarla mülayim davranması;

– Peyğəmbərin (s.ə.s) ənsarlara qeybdən, gələcəkdə baş vərəcək hadisələrdən xəbər verməsi onun möcüzələrindəndir;

– Çətinliklərə səbr etmək, Qiyamət günü Peyğəmbər (s.ə.s) ilə hovuz ətrafında qarşılaşmaq üçün amildir.

Fitrə zəkatı
182. Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) xurma və ya arpadan bir saa qədər fitrə – və ya Ramazan – zəkatını verməyi kişi, qadın, azad və qul olan müsəlmanlara fərz buyurdu. Sonra insanlar yarım saa buğda verməyi ona bərabər etdilər» (əl-Buxari, 1507; Müslim, 2277).

Başqa rəvayətdə: «Peyğəmbər (s.ə.s) fitrə zəkatını camaat bayram namazına gəlməmişdən qabaq ödəməyi əmr etmişdir» (Müslim, 2285).


183. Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, «Biz Peyğəmbərin (s.ə.s) zamanında bir saa miqdarında yeyinti məhsulu, ya xurma, ya arpa, ya kəsmik (və ya şor), ya da kişmişdən fitrə zəkatı verərdik. Müaviyənin (r.a) zamanında buğda ortaya çıxdıqda, o dedi: "Bir mud2 buğda iki mud arpaya bərabərdir". Əbu Səid (r.a) dedi: "Mən Peyğəm­bərin (s.ə.s) zamanında olduğu miqdarda1, fitrə zəkatını verəcəyəm"» (əl-Buxari, 1508; Müslim, 2280, 2281).
182-ci və 183-cü hədislərdən çıxarılan nəticələr:

– Fitrə zəkatının verilməsi vacibdir;

– Bu zəkatı vermək hər bir kişi və qadın, uşaq və böyük, azad və qul olan müsəlmanlara vacibdir;

– Ana bətnində olan uşağın yerinə fitrə zəkatını çıxartmaq vacib deyildir;

– İcmanın (Malik, Şafii, Əhməd və s.) rəyinə görə, fitrə zəkatının miqdarı bir saadan az olmamalıdır;

– Fitrə zəkatı bayram namazından əvvəl çıxardılıb kasıblara pay­lanmalıdır.



Xülasə
Zəkat vermək hər bir var-dövlətli, azad müsəlman üçün vacibdir.
Əldə edilən, yığılmış malın2 zəkatını vermək üçün onun üzərindən bir il keçməli və ilin tamamında zəkat çıxardılmalıdır.
Dənli bitkilər (buğda, arpa, düyü və s.) və saxlanılması mümkün olan meyvələrin (qoz, fındıq, şabalıd, badam və s.) zəkatı yığım günü verilməlidir (bax: «əl-Ənam» surəsi, 141).
Zəkat malı dörd qismə bölünür:

1) mal-qara, 2) qızıl və gümüş, 3) bitkilər, 4) ticarət malı.


Zəkat verilən insanlar səkkiz qismə bölünür:

1) yoxsul, 2) miskin, 3) zəkatı yığıb paylayan, 4) ürəyi islama isinişib bağlanan, 5) azad ediləcək kölə, 6) borclu olan, 7) Allah yolunda cihad edən, 8) pulu qurtarıb yolda qalan müsafir (Bax: «Tövbə» surəsi, 60).

Mal-qaranın zəkatı:

Dəvə (erkək və ya dişi, qoca və ya cavan heyvan olması heç bir əhəmiyyət kəsb etmir)



Sayı


Çıxarılan zəkatın miqdarı







5-dən 9-a qədər

1 qoç

10-dan 14-ə qədər

2 qoç

15-dən 19-a qədər

3 qoç

20-dən 24-ə qədər

4 qoç

25-dən 35-ə qədər

1 ədəd 1 illik dişi dəvə

36-dan 45-ə qədər

1 ədəd 2 illik dişi dəvə

46-dan 60-a qədər

1 ədəd 3 illik dişi dəvə

61-dən 75-ə qədər

1 ədəd 4 illik dişi dəvə

76-dan 90-a qədər

2 ədəd iki illik dişi dəvə

91-dən 120-yə qədər

3 ədəd üç illik dişi dəvə

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə