ƏLİxan musayev


Səkkizinci fəsil: «Rüku və səcdə zamanı olan arxayınçılığın vacibliyi»



Yüklə 0,97 Mb.
səhifə5/9
tarix13.12.2017
ölçüsü0,97 Mb.
#15430
1   2   3   4   5   6   7   8   9

Səkkizinci fəsil: «Rüku və səcdə zamanı olan arxayınçılığın vacibliyi»
101. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) məscidə daxil oldu. Onun ardınca da bir nəfər məscidə daxil oldu və namaz qıldı. Sonra gəlib Peyğəmbərə (s.ə.s) salam verdi. Peyğəmbər (s.ə.s) onun salamını aldıqdan sonra ona dedi: "Qayıt, namazını qıl! Sən namaz qılmadın". O kişi gedib əvvəl qıldığı kimi namaz qıldı, sonra gəlib Peyğəmbərə (s.ə.s) salam verdi. Yenə Peyğəmbər (s.ə.s) onun salamını aldıqdan sonra ona dedi: "Qayıt, namazını qıl! Sən namaz qılmadın". Üçüncü dəfə də bu hal təkrar olunduqdan sonra o kişi dedi: "Səni haqq ilə göndərən Allaha and olsun ki, başqa cür namaz qıla bilmirəm, mənə (düzgün) namaz qılmağı öyrət". Peyğəmbər (s.ə.s) ona dedi: "Namaza başladığın zaman təkbir et. Sonra bacardığın qədər Quran ayələrindən oxu. Sonra rüku et və tam rahat olana qədər o vəziyyətdə qal. Sonra rükudan qalx və dikəl. Sonra səcdə et və tam rahat olana qədər o vəziyyətdə qal. Sonra səcdədən qalx və tam rahat vəziyyətdə otur. Daha sonra isə bu etdiklərini qalan rükətlərdə təkrar et» (əl-Buxari, 793; Müslim, 883).

101-ci hədisdən çıxarılan nəticələr:

– Bu hədisdə qeyd olunan hər bir əməl namazın ərkanlarından sayılır və onlardan birini tərk edənin namazı batil olur;

– Hədisdə qeyd olunan hərəkətləri hər bir rükətdə təkrar etmək lazımdır;

– Bu hərəkətlərin ardıcıl yerinə yetirilməsi də namazın ərkanların­dandır. Peyğəmbərin (s.ə.s) hər iki hərəkəti «sonra» kəlməsi ilə bir-birinə bağlaması buna dəlalət edir;

– Hətta bilməyərəkdən bu hərəkətlərdən birini tərk etmək namazı batil edir. Çünki Peyğəmbər (s.ə.s) bilməyərəkdən bunu edənə qayıdıb namazını təkrar qılmağını əmr etdi;

– Cahil (elmsiz) olan şəxs namazı qıldığı zaman onun ərkanlarını yerinə yetirməklə kifayətlənə bilər. Lakin, qeyd etmək lazımdır ki, namazın vaciblərini və sünnələrini də öyrənmək onun borcudur;

– Bu hədis tərbiyəvi əhəmiyyətə malikdir. Belə ki, hər bir müəllim tələbəsinə bacarmadığı bir işi əmr etməməli, hətta bacardığı işi belə əmr etdiyi zaman gözəl üslubla ona başa salmalıdır;

– Hər hansı bir məsələ haqqında soruşulduqda ona ətraflı cavab vermək müstəhəbdir;

– İstiftahı (təkbirlə Fatihə surəsinin arasında oxunan dua), istiazəni (təşəhhüd və salavatdan sonra oxunan dua) oxumaq, əlləri qaldırmaq və onları sinə üzərinə qoymaq müstəhəbdir;

– Müəllimin tələbəyə, əvvəlcə ən mühüm sayılan əməlləri öyrətməsi.

İslam alimləri namazda oxunan surələrin miqdarı barəsində ixtilaf etmişlər.

a) Hənəfi məzhəbinin rəyinə görə Qurandan müyəssər olan qədər oxumaq kifayətdir. Onlar dəlil olaraq «Müzzəmmil» surəsinin 20-ci ayəsinə əsaslanmışlar. Uca Allah bu ayədə buyurur:


«Qurandan sizə müyəssər olanı oxuyun (təhəccüd namazı sizə vacib olmadığı üçün gecələr onu imkanınız çatdığı qədər qılıb Quran oxuyun)».

b) İcmanın (əş-Şafii, Malik, Əhməd və s.) rəyinə görə Fatihə surəsinin daima oxunması vacibdir (rükndür). Onlar dəlil olaraq Peyğəmbərin (s.ə.s) hədislərinə əsaslanmışlar. Übadə ibnu-s-Samit rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) dedi: "Fatihə surəsi oxunmadan qılınan namaz batildir"» (əl-Buxari, 2/276, 756-cı hədis; Müslim, 4/322, 872-ci hədis). Qeyd etmək lazımdır ki, bu daha mötəbər sayılan rəydir. O ki qaldı Hənəfi məzhəbinin əsaslandığı ayəyə, bu ayə gecə namazı üçün nazil olmuşdur.



Doqquzuncu fəsil: «Namazda mütaliə»
102. Übadə ibnu-s-Samit (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) dedi: "(Namazın hər hansı bir rükətində) "Fatihə" surəsini oxumayanın namazı batildir"» (əl-Buxari, 756; Müslim, 872, 873).
102-ci hədisdən çıxarılan nəticələr:

– Fatihə surəsinin namazın hər bir rükətində oxunması (rükndür);

– Bilməyərəkdən, qəsdən və yaxud da unudub Fatihə surəsini oxu­mayanın (oxumadığı) rükətinin batil olması.

İslam alimləri imamın arxasında dayananların Fatihə surəsini oxuyub-oxumamaları barədə ixtilaf etmişlər:

a) Şafii məzhəbi və hədis əhlinin rəyinə görə imamın arxasında duranlar üçün səsli və səssiz qılınan namazda Fatihə surəsini oxumaq vacibdir. Onlar bu və buna oxşar hədislərə əsaslanmışlar.

b) Hənbəli və Hənəfi məzhəblərinin rəyinə görə isə imamın bu surəni oxuması kifayətdir. Onlar «əl-Əraf» surəsinin 204-cü ayəsinə əsaslan­mışlar. Uca Allah bu ayədə buyurur:




«Quran oxunan zaman onu dinləyin və susun ki, bəlkə, rəhm oluna­sınız!».

Doğrusunu Allah bilir!


103. Əbu Qətadə əl-Ənsari (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) Zöhr namazının birinci iki rükətində (hər rükətdə) "Fatihə" və başqa surələr oxuyar, birinci rükəti uzun, ikincini isə qısa edərdi. Üçüncü və dördüncü rükətlərdə isə yalnız "Fatihə" surəsini oxuyardı. Həmçinin, sübh namazının birinci rükətini uzadar, ikinci rükətini isə qısa edərdi» (əl-Buxari, 759; Müslim, 1012).
103-cü hədisdən çıxarılan nəticələr:

– Zöhr və Əsr namazlarının 1-ci və 2-ci rükətində Fatihə surəsindən sonra hər hansı bir surəni oxumaq müstəhəbdir;

– Zöhr və Əsr namazlarının 3-cü və 4-cü rükətində isə yalnız Fatihə surəsini oxumaq kifayətdir;

– Zöhr və Əsr namazlarında hər bir növbəti rükətin əvvəlkindən daha qısa olması müstəhəbdir.

Qeyd etmək lazımdır ki, əvvəlki başlıqlarda olan hökmlər Sübh, Məğrib və İşa namazlarına da aiddir.

– Zöhr və Əsr namazlarını səssiz qılmaq sünnətdir;

– Öyrətmək məqsədilə bu namazlarda hər hansı bir ayəni (surənin əvvəlindən ortasından və ya sonundan) səslə oxumaq caizdir.
104. Cübeyr ibn Mutim (r.a) rəvayət edir ki, «Mən Peyğəmbərin (s.ə.s) Məğrib namazında "Tur" surəsini oxuduğunu eşitdim» (əl-Buxari, 765; Müslim, 1035).
104-cü hədisdən çıxarılan nəticələr:

– Məğrib namazını səslə qılmaq sünnətdir;

– Bu namazda uzun surə oxumaq caizdir.
105. əl-Bəra ibn Azib (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) səfərdə ikən işa namazını qıldı və iki rükətdən birində "Tin" surəsini oxudu. Mən onun kimi gözəl səslə – və ya qiraətlə – oxuyan dinləmə­mişdim» (əl-Buxari, 769; Müslim, 1039).
105-ci hədisdən çıxarılan nəticələr:

– İşa namazında qısa surələr oxumaq caizdir;

– Səfərdə qılınan namazları yüngülləşdirmək daha əfzəldir;

– Namazda oxunan surələri gözəl səslə oxumaq təqvanı (Allaha qarşı olan qorxunu) artırır və yatmış qəlbi oyadır.


106. Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) səhabələrdən birini dəstə başçısı təyin edib döyüşə göndərdi. Səhabələr onun qıl­dırdığı hər bir namazı "İxlas" surəsi ilə bitirdiyini Peyğəmbərə (s.ə.s) xəbər verdilər. O dedi: "Ondan nə üçün belə etdiyini soruşun". Səha­bələr ondan (nə üçün belə etdiyini) soruşduqda, o dedi: "Bu surə Rəhmanın sifətlərini şamil edir və mən də onu oxumağı çox sevirəm". Peyğəmbər (s.ə.s) dedi: "Ona deyin ki, Allah-təala da onu sevir"» (əl-Buxari, 7375; Müslim, 1887).
106-cı hədisdən çıxarılan nəticələr:

– Hər hansı bir namazda Fatihə surəsindən sonra qısa surələrdən oxumagın caiz olması;

– İxlas surəsinin çox vaxt namazda oxunmasının müstəhəb olması;

– Əməllərin savabının niyyətə görə yazılması;

– Əmr sahiblərinin elm və fəzilətli insanlardan olması;

– Allahın sifətlərini sevəni Allah da sevər;

– Quranda olan surələrin birinin digərindən fəzilət baxımından üstün olması.
107. Cabir (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) Müaza (r.a) dedi: "Yaxşı olar ki, camaata namaz qıldırdıqda arxanda duranların arasında qoca, zəif və ehtiyacı olanı nəzərə alıb "Əla", "Şəms" və "Leyl" kimi surələr oxuyasan"» (əl-Buxari, 705).
107-ci hədisdən çıxarılan nəticələr:

– İmamın, arxasında dayanan qocaları, uşaqları və ehtiyacı olanları nəzərə alması;

– Peyğəmbərin (s.ə.s) səhabələri gözəl tərzdə öyrətməsi.

Onuncu fəsil: «"Bismilləhir-rahmənir-rahim"i səslə oxumamaq»
108. Ənəs ibn Malik (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s), Əbu Bəkr (r.a) və Ömər (r.a) namaza "əlhəmdu lilləhi rabbi-l-aləmin"1 ayəsi ilə başlayardılar» (əl-Buxari, 743).

Başqa rəvayətdə Ənəs ibn Malik (r.a) deyir ki, «Peyğəmbər (s.ə.s), Əbu Bəkr (r.a), Ömər (r.a) və Osman (r.a) ilə namaz qıldım, onlardan heç birinin "bismilləhi-r-rahməni-r-rahim"i səslə oxuduğunu eşitmə­dim» (Müslim, 888).


109. Ənəs ibn Malik (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s), Əbu Bəkr (r.a), Ömər (r.a) və Osman (r.a) ilə namaz qıldım və onların hər birinin namaza "əlhəmdu lilləhi rabbi-l-aləmin" ayəsi ilə başlamasının şahidi oldum. Onlar "bismilləhi-r-rahməni-r-rahim"i mütaliənin nə əvvəlində, nə də sonunda oxumazdılar» (Müslim, 890).
108-ci və 109-cu hədislərdən çıxarılan nəticələr:

– İstiazədən (əuzu billəhi minə-ş-şeytani-r-rəcim)1 sonra «bismilləhi-r-rahməni-r-rahim» duasını oxumaq müstəhəbdir;

– «bismilləhi-r-rahməni-r-rahim» duası səsli namazda da səssiz oxunmalıdır.

On birinci fəsil: «Səhv səcdəsi»
110. Məhəmməd ibn Sirin deyir ki, Əbu Hüreyrə (r.a) ona, Peyğəmbərin (s.ə.s) aşiy2 namazlarından birini qıldırdığını rəvayət edib, lakin hansı namaz olduğu onun yadından çıxıb. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) bizə iki rükət namaz qıldırıb salam verdikdən sonra sanki qəzəbli halda məsciddəki ağac parçasına söykəndi. Sonra sağ əlinin barmaqlarını sol əlinin barmaqlarına keçirtdi və sağ yanağını sol əlinin arxası üzərinə qoydu. Bir neçə nəfər "Namaz qısaldı?" deyib, məsciddən bayıra çıxdı. Əbu Bəkr (r.a) və Ömər (r.a) Peyğəmbərə (s.ə.s) söz deməyə cürət etmədilər. Səhabələr­dən Zu-l-Yədəyn(r.a) adlı, qolları uzun olan birisi (r.a) Peyğəmbərdən (s.ə.s) "Unutdun, yoxsa namaz qısaldı?" – deyə soruşduqda, o: "Unutmadım və namaz da qısalmadı" – dedi, sonra üzünü səhabələrə tutub: "Zu-l-Yədəyn dediyi düzdür?" – deyə soruşdu. Onlar: "Bəli" – deyə cavab verdilər. Peyğəmbər (s.ə.s) qalxıb tərk etdiyi iki rükəti camaata qıldırdı və salam verdi. Sonra təkbir edib səcdə etdi, yenə təkbir edib səcdədən qalxdı, sonra yenə təkbir edib səcdə etdi, daha sonra təkbir edib səcdədən qalxdı və salam verdi» (əl-Buxari, 482; Müslim, 1288).
110-cu hədisdən çıxarılan nəticələr:

– Səhv səcdəsi üç halda edilir: 1) hərəkət və ya kəlmə namaza əlavə olunduqda, 2) həmçinin naqisləşdirildikdə, 3) şəkk-şübhə olanda.

– Peyğəmbərlərin səhv etməsi mümkündür. Belə ki, onların etdiyi səhvdə hikmət vardır:

a) belə səhvlər yalnız hərəkətlərdə baş verir. Bu da ona görədir ki, hər bir səhv edən müsəlmana xətasını necə düzəltməsi ona bəyan olsun. Bu da onların sünnəsindən sayılır.

b) Peyğəmbərlər təbliğ etdikləri kəlmələrdə səhv etmirlər.

– Namazın tamamlandığını zənn edərək onu bitirənin qıldığı rükətlər batil olmur;

– Namazı tamamladıqdan sonra danışmaq onu batil etmir;

– Səhvən və ya unudaraq namazda xəta etmək (əlavə etmək və ya naqisləşdirmək) onu batil etmir;

– Namazda səhv edən, iki dəfə səcdə etməlidir;

– İmam səhv səcdəsi edərsə ona tabe olanlar(namazda) da bunu etməlidirlər;

– Səhv səcdəsindən sonra təşəhhüdü oxumaq sünnəyə müvafiq deyildir.
111. Abdullah ibn Büheynə (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) Zöhr namazını qılarkən ikinci rükətdən sonra təşəhhüdə oturmayıb üçüncü rükətə qalxdı və camaat da onunla bərabər qalxdı. Namazı qılıb qurtardıqda, salam verməmişdən əvvəl təkbir edərək iki dəfə səhv səcdəsi etdi, sonra da salamları verdi» (əl-Buxari, 1224; Müslim, 1270).
111-ci hədisdən çıxarılan nəticələr:

– Namazda ilk təşəhhüdü tərk edənə səhv səcdəsi etmək vacibdir;

– İlk təşəhhüd namazın ərkanlarından sayılmır. Çünki belə olsa idi Peyğəmbər (s.ə.s) səhv səcdəsi ilə kifayətlənməz və tərk etdiyinə görə bir rükət də əlavə qılardı;

– Səhabələrin də ilk təşəhhüdü tərk etməsi imama (Peyğəmbərə) tabe olmağın əhəmiyyətinə dəlalət edir;

– Bu cür halda səhv səcdəsi salamdan öncə yerinə yetirilməlidir;

– Səhv səcdəsindən sonra dərhal salam verilməli və heç bir dua, təşəhhüd oxunulmamalıdır;

– Bildiyimiz kimi, qəsdən edilən səhv namazı batil edir. Lakin ima­mın arxasındakılar ona tabe olaraq qəsdən etdikləri xətaya görə yalnız səhv səcdəsi edir və qıldıqları rükətlər də batil olmur. Çünki hər bir xətaya görə imam məəsuliyyət daşıyır.

Qeyd: Bu səhv, namazın rüknlərində olmamalıdır.



On ikinci fəsil: «Namaz qılanın önündən keçmək»
112. Əbu Cuheym1 (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) dedi: "Namaz qılanın önündən keçən, etdiyi əməlin nə dərəcədə günah sayıldığını bilsəydi qırx (gün, və ya ay, və ya il) gözləyər və onun önündən keçməzdi"». Əbu-n-Nadr2 deyir ki: «Bilmirəm, qırx gün dedi, yoxsa qırx ay, yoxsa da qırx il» (əl-Buxari, 510; Müslim, 1132).
112-ci hədisdən çıxarılan nəticələr:

– Namaz qılanın önündən keçmək haramdır. Yalnız onun və ya önündəki sütrənin arxasından keçmək caizdir;

– Keçidlərdə sütrəsiz namaz qılmaq bəyənilmir.
113. Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, «Peyğəmbərin (s.ə.s): "Sizdən biriniz namaz qıldığı zaman önünə sütrə qoysun! Bundan sonra isə önündən keçmək istəyəni əli ilə dəf etsin, keçməyə cəhd edərsə onunla mübarizə aparsın, çünki artıq o, şeytandır" – dediyini eşitdim» (əl-Buxari, 509; Müslim, 1128).
113-cü hədisdən çıxarılan nəticələr:

– Namaz qılan şəxs namazı batil olmasın və ya savabı azalmasın deyə önünə sütrə qoymalıdır;

– Namaz qılan şəxs önündən keçmək istəyənə mane olmaq üçün sütrəyə yaxın mövqe tutmalıdır;

– Namaz qılanın önündən keçmək şeytan əməlindən sayılır;

– Namaz qılan şəxs onun önündən keçəni işarə və ya əli ilə dəf etməlidir;

– Namaz qılan şəxs dəf olunanın aldığı xəsarətə görə (ayağı burxulsa, qolu sınsa və s.) məsuliyyət daşımır;

– Dəf etməyin hikməti ondadır ki, namaz qılan və önündən keçən günah qazanmasın;

– Birinci dəfədən şiddətlə dəf etmək caiz deyildir;

– Namaz qılan şəxsə artıq önündən keçmiş şəxsi geriyə qaytarması caiz deyildir.
114. Abdullah ibn Abbas (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) Minada3 camaatla namaz qılarkən mən – artıq yetkinlik çağına çat­mışdım – dişi eşşəyin üzərində gəlib bəzi səflərin arasından (önündən) keçdim və eşşəyi otlamağa buraxdıqdan sonra (namaz qılmaq üçün) səfə daxil oldum. Etdiyim hərəkətə görə də heç kəs məni günah­landırmadı» (əl-Buxari, 493; Müslim, 1124).
114-cü hədisdən çıxarılan nəticələr:

– İmamla qılınan camaat namazında, (eşşək üzərində və s. halda) cərgələrin önündən keçmək orada olanların namazlarını batil etmir;

– Bu hadisə baş verdiyi zaman artıq Abdullah ibn Abbas (r.a) həddi-büluğa çatmışdı;

– Peyğəmbərin (s.ə.s) hər hansı bir (ibadət məqsədilə olunan) əməli təsdiq etməsi onun sünnəsindən sayılır. Burada da İbn Abbasın (r.a) etdiyi hərəkəti inkar etməməsi iki şeyə dəlalət edir. a) namazın batil olmamasına, b) imamla qılınan namazda cərgələrin önündən keçməyin caiz olmasına;

– İmam, arxasındakılar üçün sütrə sayılır.
115. Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) təhəccüd (gecə) namazını qılarkən mən onun önündə (evimizin kiçik olduğu üçün) ayaqlarımı qibləyə tərəf uzadıb uzanmışdım. O, səcdə etdikdə əllərini ayaqlarıma toxundurar, mən də ayaqlarımı yığardım, səcdədən qalx­dıqda isə yenə ayaqlarımı uzadardım. O zamanlar evlərdə işıq da yox idi» (əl-Buxari, 382; Müslim, 1145).
115-ci hədisdən çıxarılan nəticələr:

– Dar yerdə uzanan şəxsin önündə namaz qılmaq caizdir;

– Belə vəziyyətdə uzanan şəxs qadın olsa belə namaz batil olmur və (namaz qılanın) savabından da azalmır;

– Qadına toxunduqda dəstəmaz pozulmur.


Namaz qılanın önündən qadının, qara itin və eşşəyin keçməsilə namaz batil olurmu?

a) İcmanın (Əbu Hənifə, Malik, Şafii və s.) rəyinə görə namaz batil olmur.

b) Əhməd ibn Hənbəl və İbn Həzmin rəyinə görə namaz batil olur.

Qeyd etmək lazımdır ki, birinci rəy daha mötəbər sayılır.



On üçüncü fəsil: «Ümumilik»1
116. Əbu Qatədə əl-Ənsari2 (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) dedi: "Sizdən biriniz məscidə daxil olduqda iki rükət namaz qılmamış oturmasın"» (əl-Buxari, 1167; Müslim, 1651).
116-cı hədisdən çıxarılan nəticələr:

– İki rükət məscid namazı qılmaq müstəhəbdir. Zahiri məzhəbinin rəyinə görə isə, bu, vacibdir. Lakin, qeyd etmək lazımdır ki, vacib olan yalnız beş vaxt namazdır: Sübh, Zöhr, Əsr, Məğrib və İşa namazları.

– Bu namaz istənilən vaxt, məscidə daxil olduqda qılınır;

– İslam alimləri qeyd etmişlər ki, yalnız Məkkədə «Məscidü-l-hərama» daxil olduqda təvaf etmək bu namazı əvəz edir;

– Məscidə daxil olmaq istəyən üçün dəstəmaz almaq müstəhəbdir.
117. Zeyd ibn Ərqam (r.a) rəvayət edir ki, «Biz İslamın əvvəlində namaz əsnasında danışardıq. Bu hal ayə («əl-Bəqərə» surəsi, 238) nazil olana qədər davam etdi. (Bu ayədə Uca Allah buyurur):


"Namazlara, xüsusilə də orta namaza (əsr namazı) riayət edin və Allaha itaət etmək üçün ayağa qalxın və sükutla namaz qılın!". Beləliklə, sükutla namaz qılmaq və namaz əsnasında danışmamaq bizə əmr olundu» (əl-Buxari, 4534; Müslim, 1203).
117-ci hədisdən çıxarılan nəticələr:

– İslamın əvvəlində namaz əsnasında ehtiyac ucundan danışmağın caiz olması;

– «əl-Bəqərə» surəsinin 238-ci ayəsi nazil olmaqla namaz əsnasında danışmağın haram olması.

– Unutqanlıqdan və bilməyərəkdən danışanın namazı batil olmur;

– Namaza aid olmayan artıq kəlmə tələffüz etmək namazı batil edir;

– Bu hədis istənilən şəriət hökmünün nəsx (ləğv) olunmasının yəqin­liyinə dəlalət edir.


Nasix (hökmü ləğv edənin) və mənsuxun (hökmü və ya ləfzi ləğv olunmuşun) növləri:

1) Ayənin başqa bir ayəni nəsx etməsi.

Buna misal: İslam dininin ilk vaxtlarında şərab içmək qadağan olunmamışdır. (Bax: əl-Bəqərə, 219 və ən-Nisa, 43). Sonra Uca Allah əl-Maidə surəsinin 90-cı ayəsini nazil etməklə əvvəl rüxsət verilmiş ayələrin hökmünü nəsx etdi.

2) Ayənin hədisi nəsx etməsi.

Buna misal: İslam diniin ilk vaxtlarında namaz əsnasında danışmaq qadağan olunmamışdı. Sonra Uca Allah «əl-Bəqərə» surəsinin 238-ci ayəsini nazil etməklə əvvəl rüxsət verilmiş hökmü nəsx etdi.

3) Hədisin başqa bir hədisi nəsx etməsi.

Buna misal: İslam dininin ilk vaxtlarında siğə (sonradan boşanmaq niyyəti ilə müvəqqəti nikah bağlamaq) qadağan olunmamışdı. Lakin Xeybər döyüşündə, sonra bir daha Məkkənin fəthi günü Peyğəmbərin (s.ə.s) əmri1 ilə əvvəl rüxsət verilmiş bu hökm nəsx olundu.

Məhəmməd ibn Əli rəvayət edir ki, «O, atası Əli ibn Əbu Talibin (r.a) İbn Abbasa (r.a) «Peyğəmbərin (s.ə.s) Xeybər günü mutanı və eşşək ətini yeyilməsinin qadağan etməsini» xəbər verdiyini eşitmişdir» (Müslim, «Nikah» bölməsi, 9/193, 3421).

Qeyd etmək lazımdır ki, Peyğəmbər (s.ə.s) müvəqqəti rüxsət verilmiş hər hansı hökmü bir dəfə də olsun belə əməl etməmişdir.
118. Abdullah ibn Ömər (r.a) və Əbu Hüreyrə (r.a) rəvayət edirlər ki, «Peyğəmbər (s.ə.s) dedi: "İstinin şiddətli vaxtı hava soyuyana qədər namaz (zöhr namazını) qılmayın. Həqiqətən, (bu hava) Cəhənnəmin isti havasındandır"» (əl-Buxari, 533; Müslim, 1394).
118-ci hədisdən çıxarılan nəticələr:

– Zöhr namazını, şiddətli istidə hava sərinləşənə qədər, vaxtını ötürməmək şərtilə təxirə salmaq caizdir;

– Bu əməlin hikməti namaz qılanın rahatlığındadır. Belə ki, şəriət, namazın arxayınlıqla qılınmasına rüxsət vermişdir;

– Bu hökm həm camaatla, həm də təkbaşına qılınan namaza şamil edilir;

– Namaz qılan onu yayındıran hər bir amildən uzaq olmalıdır.
119. Ənəs ibn Malik (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s): "Na­mazını unudan onu yadına saldığı zaman qılsın! Unutduğu namazın cəriməsi belədir" – deyib bu ayəni oxudu:


"Məni yad etmək üçün namaz qıl!"1» (əl-Buxari, 597).

Başqa rəvayətdə: «Namazı unudanın və ya yatıb qalanın (namaz) cəriməsi, yadına düşdüyü zaman onu qılmasıdır» (Müslim, 1558).


119-cu hədisdən çıxarılan nəticələr:

– Namazı unudan şəxs xatırladıqda, yatıb qalan isə oyandıqda onun qəzasını dərhal qılmalıdır;

– Üzrlü səbəbə görə namazı vaxtında qılmayana günah yazılmır.

Qeyd etmək lazımdır ki, bu səbəblər artıq hədislərdən bizə məlum­dur. Belə ki, insanın istədiyi səbəb üzrlü hesab oluna bilməz.


120. Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, «Müaz ibn Cəbəl (r.a) Peyğəmbər (s.ə.s) ilə İşa namazı qılar, sonra da qövmünə qayıtdıqda bu namazı onlara qıldırardı» (əl-Buxari, 700; Müslim, 1040).
120-ci hədisdən çıxarılan nəticələr:

– Nafilə niyyəti ilə fərz namazı qılanlara imamlıq etməyin caiz olması;

– Fərz niyyəti ilə nafilə namazı qılanlara imamlıq etməyin xüsusən caiz olması;

– Lazım gəldikdə fərz namazını iki dəfə qılmağın caiz olması.


121. Ənəs ibn Malik (r.a) rəvayət edir ki, «Biz şiddətli istidə Pey­ğəmbər (s.ə.s) ilə namaz qılardıq. Yer isti olduğu üçün səhabələrdən bəziləri paltarının qolunu çəkib üzərinə səcdə edərdi» (əl-Buxari, 1208; Müslim, 1406).
121-ci hədisdən çıxarılan nəticələr:

– Peyğəmbərin (s.ə.s) səhabələrlə şiddətli istidə Zöhr namazını qıl­ması. Qeyd etmək lazımdır ki, bu hədislə əvvəldə keçmiş 118-ci hədisi cəm etmək mümkündür. Belə ki, Zöhr namazını şiddətli istidə qılmaq caiz, təxirə salmaq isə əfzəldir. Həmçinin bu hədisdə torpağın şiddətli istisi, 118-ci hədisdə isə havanın şiddətli istisi qəsd olunur.

– Paltarın qolunun, ətəyinin və s. üzərinə səcdə etmək caizdir. Belə ki, yalnız ehtiyac olduqda (istidə, soyuqda, tikanlıqda və s.) bunu etmək caizdir.
122. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) dedi: "Sizdən biriniz çiynini örtməyən bir paltarda namaz qılmasın!"» (əl-Buxari, 359; Müslim, 1151).
122-ci hədisdən çıxarılan nəticələr:

– Namazda çiyinlərin örtülü olması barədə alimlərin rəyi aşağıdakı kimidir:

a) Əhməd ibn Hənbəlin rəyinə görə namazda çiyinləri örtmək vacibdir. O, bu hədisə əsaslanmışdır.

b) İcmanın (Əbu Hənifə, Malik, Şafii və s.) rəyinə görə namazda çiyinləri örtmək əfzəl və müstəhəbdir (bəyəniləndir). Onlar əl-Buxarinin verdiyi hədisə əsaslanmışlar: Səid ibnu-l-Haris (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) onun paltarına baxıb demişdir: "Geniş olarsa, ona bürün (göbəkdən yuxarı və aşağı olan yerləri örtmək), dar olarsa yalnız övrət yerini (göbəkdən dizə qədər) ört!"» (əl-Buxari, 1/563, 361-ci hədis).

– Müsəlmanın namaz qılan gözəl görünüşlü olması bəyənilən haldır.
123. Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) dedi: "Sarımsaq və ya soğan yemiş şəxs məscidimizə yaxınlaşmayıb evində otursun!" Sonra ona bir qab tərəvəz gətirdilər. Peyğəmbər (s.ə.s) ondan iy gəldiyini hiss etdikdə onun nə olduğunu soruşdu və ona bunun tərəvəz olduğu xəbər verildi. O, bu tərəvəzi yanındakı səhabələrə verilməsini əmr etdi, özü isə ondan yemədi. (Əbu Əyyub əl-Ənsari) onun tərəvəzi bəyənmədiyini görüb haram olduğunu zənn etdi və yemədi. Peyğəmbər (s.ə.s) də ona dedi: "Ye! Bu haram deyil, lakin mən (Quran oxuyub ibadət etməklə) Rəbbimə yaxınlaşıram deyə yemirəm"» (əl-Buxari, 855; Müslim, 1253).
124. Cabir (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) dedi: "Soğan, sarımsaq və ya kəvər yeyən məscidimizə yaxınlaşmasın. Həqiqətən, insanların əziyyət çəkdiyindən mələklər də əziyyət çəkir"» (Müslim, 1254).
123-cü və 124-cü hədislərdən çıxarılan nəticələr:

– Sarımsaq, soğan və kəvər yeyib məscidə gəlməyin qadağan olun­ması;

– Həmçinin bir sıra xoşagetməz, pis iyli (papiros və s.) məmulatları istifadə etdikdən sonra məscidə getmək qadağandır;

– Məscidə yaxınlaşmamağın hikməti, mələklərə və namaz qılanlara əziyyətin verilməməsindədir;

– Sarımsaq, soğan və gəvəri münasib vaxtda yemək caizdir.

On dördüncü fəsil: «Təşəhhüd1»
125. Abdullah ibn Məsud (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) mənə Qurandan bir surə öyrətdiyi kimi, təşəhhüdü də öyrətdi. (O dedi): "ət-təhiyyatu lilləhi va-s-salavatu va-t-teyyibatu, əs-sələmu aleykə əyyuhən-n-nəbiyyu va rahmətullahi va bərakətuhu, əs-sələmu aleynə va alə ibədilləhi-s-salihin, əşhədu ən lə iləhə illəllahu va əşhədu ənnə muhammədən abduhu va rasuluhu"» (əl-Buxari, 831; Müslim, 899).

Duanın tərcüməsi: «Bütün alqışlar, dualar və yaxşı işlər Allah üçün edilir. Ey Peyğəmbər, sənə salam olsun, Allahın mərhəməti və bərəkəti yetişsin. Bizə və Allahın əməlisaleh bəndələrinə salam olsun. Mən şahidlik edirəm ki, Allahdan başqa (ibadətə layiq olan) məbud (ilah) yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir»


126. Başqa rəvayətdə: «Sizdən biriniz namazda oturduğu zaman bu duanı oxusun: "ət-təhiyyatu lilləhi…". Bunu etsə, göydə və yerdə olan saleh qullara salam vermiş olar. (Bu duanı oxuduqdan) sonra istədiyi duanı oxusun!» (əl-Buxari, 1202; Müslim, 895).
125-ci və 126-cı hədislərdən çıxarılan nəticələr:

– İbn Məsudun (r.a) rəvayət etdiyi bu təşəhhüd rəvayət olunan bütün təşəhhüdlərin ən əfzəl sayılır;

– Təşəhhüdü oturub oxumaq vacibdir;

– Allahı alqışlamaq, Peyğəmbərə (s.ə.s) və onun səhabələrinə (r.a) xeyir-dua diləmək onların haqlarındandır.


127. Əbdürrəhman ibn Əbi Leylə deyir ki, Kəb ibn Ucra (r.a) ilə rastlaşdıq və o mənə: «İstəyirsən sənə hədiyyə verim?» deyib rəvayət etdi ki, bir dəfə Peyğəmbər (s.ə.s) bizim yanımıza gəldi və biz ona dedik: «Ey Allahın elçisi! Sənə salam verməyi artıq öyrəndik. İndi isə sənə necə salavat etməyi bizə öyrət». O dedi: «Deyin: "Allahummə salli alə Muhammədin va alə əli Muhamməd, kəmə salleytə alə İbrahimə va alə əli İbrahim, innəkə həmidun məcid, va barik alə Muhammədin va alə əli Muhamməd, kəmə bəraktə alə İbrahimə va alə əli İbrahim, innəkə həmidun məcid"» (əl-Buxari, 6357; Müslim, 907).

Duanın tərcüməsi: «Allahım, Məhəmmədə və onun ailəsinə də İbrahimə və onun ailəsinə xeyir-dua verdiyin kimi xeyir-dua ver! Sən, həqiqətən, alqışlara və həmdlərə layiqsən. Məhəmmədə və onun ailəsinə də İbrahimə və onun ailəsinə bərəkət verdiyin kimi bərəkət ver! Sən, həqiqətən, alqışlara və həmdlərə layiqsən».


127-ci hədisdən çıxarılan nəticələr:

– Sonuncu təşəhhüddən sonra Peyğəmbərə (s.ə.s) salavat gətirmək barəsində alimlərin rəyi:

a) Şafii və Əhməd ibn Hənbəlin rəyinə görə salavat gətirmək vacib­dir. Onlar yuxarıdakı hədisə əsaslanmışlar.

b) Əbu Hənifə və Malikin rəyinə görə salavat gətirmək sünnədir. Onlar Əbu Davudun «Sünən» əsərində olan hədisə əsaslanmışlar. Abdullah ibn Məsud rəvayət edir ki, «Bir gün Peyğəmbər (s.ə.s) ona təşəhhüdü öyrətdi və dedi: "Bunu desən namazı tamamlamış olarsan"» («Sünən», 3/178, 966-cı hədis).

– Peyğəmbərə (s.ə.s) salavat gətirmək onun haqlarındandır;

– Artıq Peyğəmbər (.ə.s) səhabələrinə ona salam və salavat gətirmə­yin keyfiyyətini öyrətmişdir;

– Qiyamətə qədər İslam ümmətinin Peyğəmbərə (s.ə.s) salam və salavat gətirməsi onun dərəcəsinin və hörmətinin artması üçün ən əsas səbəblərdən biridir;

– Həqiqətən sələf1 elmi məsələləri biri-birinə hədiyyə edər və onu ən qiymətli hədiyyə hesab edərdilər. Doğrudan da elm ən gözəl hədiyyədir!


128. Əbu hüreyrə (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) namazda dua edib deyərdi: "Allahummə inni əuzu bikə mən azəbi-l-qabr va min azəbi-n-nar va min fitnəti-l-məhyə va-l-məməti va min fitnəti-l-məsihi-d-dəccal"» (əl-Buxari, 1377).

Duanın tərcüməsi: «Allahım, həqiqətən mən qəbr və cəhənnəm əzabından, həyatın və ölümün fitnəsindən və yalançı məsihin fitnəsinin şərindən Sənə sığınıram!».

Başqa rəvayətdə: «Təşəhhüddə dörd şeydən Allaha sığının: "Allahummə inni əuzu bikə min azəbi cəhənnəm va əuzu bikə min azəbi-l-qabr va əuzu bikə min fitnəti-l-məhyə va-l-məməti va əuzu bikə min şərri fitnəti-l-məsihi-d-dəccal"» (Müslim, 1324).
128-ci hədisdən çıxarılan nəticələr:

– Təşəhhüd və salavatdan sonra bu duanı oxumağın müstəhəb olması;

– Qəbr və cəhənnəm əzabının mövcud olması və ona iman etməyin vacibliyi;

– Həyatın və ölümün fitnəsinin mövcud olması. Qeyd etmək lazımdır ki, ölümün fitnəsi deyildikdə qəbrdə olan sorğu-sual qəsd olunur.

– Dünya şəhvətlərindən və onun şərindən Allaha sığınmaq;

– Məsihi-d-Dəccal Qiyamətin on böyük əlamətlərindən biri sayılır. Hüzeyfə ibn Əsid əl-Ğifari(r.a) rəvayət edir ki, «bir gün Peyğəmbər (s.ə.s) bizdən: «Nəyi xatırlayırsınız?» – deyə soruşdu. Biz: «Qiyaməti xatırlayırıq» – cavabını verdik. O, dedi: «Həqiqətən, on əlamət görmə­miş Qiyamət qopmaz». Sonra dumanı, dəccalı, heyvanı (dəbbəni), günəşin məğribdən çıxmasını, İsanın (ə.s) nazil olmasını1, Yəcuc və məcucun peyda olmasını, Ayın üç dəfə: məşriqdə, məğribdə və Ərəb yarımadasında tutulmasını və Yəməndən çıxan odun insanları məhşərə tərəf yönəltməsini xatırlatdı» (Müslim, 18/234, 7214-cü hədis).


129. Abdullah ibn Amr ibni-l-As (r.a) Əbu Bəkrdən (r.a) rəvayət edir ki, o, Peyğəmbərə (s.ə.s) dedi: «Namazda dua etməyi mənə öyrət!» Pey­ğəmbər (s.ə.s) də ona dedi: «De: "Allahummə inni zaləmtu nəfsi zulmən kəsiran va lə yəğfiru-z-zunubə illə əntə, fəğfirli məğfiratən min indikə varhəmni innəkə əntəl-ğafuru-r-rahim"» (əl-Buxari, 834; Müslim, 6809).

Duanın tərcüməsi: «Allahım, mən nəfsimə çox zülm etmişəm, günahları bağışlayan isə yalnız Sənsən, məni bağışla və mənə rəhm et! Həqiqətən, Sən bağışlayan və rəhm edənsən!»


129-cu hədisdən çıxarılan nəticələr:

– Bu duanı namazda oxumağın müstəhəb olması;

– Əbu Bəkr əs-Siddiqin (r.a) elm sahibi olması;

– Peyğəmbərin (s.ə.s) səhabəsinə qarşı diqqətli olması və onun istəyini yerinə yetirməsi;

– Bu duanın səcdədə və ya təşəhhüddən sonra oxunması;

– Peyğəmbərin (s.ə.s) və Əbu Bəkrin (r.a) təvzökar və təqvalı (Allahdan çox qorxan) olması.


130. Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) "Allahın köməyi və zəfər gəldikdə; insanların dəstə-dəstə Allahın dininə daxil olduğunu gördüyün zaman; Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə; Həqiqətən, O, tövbələri qəbul edəndir" («ən-Nəsr») surəsi nazil olduqdan sonra hər namazında bu duanı oxuyardı: "Subhənəkə Allahummə Rabbənə va bihəmdikə, Allahummə-ğ-firli"» (əl-Buxari, 794; Müslim, 1087).

Duanın tərcüməsi: «Ey bütün nöqsanlardan uzaq olan Allahım, ey Rəbbim, Sənə həmd olsun! Allahım, məni bağışla!»

Başqa rəvayətdə: «Peyğəmbər (s.ə.s) rüku və səcdədə bu duanı çox edərdi: "Subhənəkə Allahummə Rabbənə va bihəmdikə, Allahummə-ğ -firli» (Müslim, 1085).
130-cu hədisdən çıxarılan nəticələr:

– Rüku və səcdədə bu duanı etməyin müstəhəb olması;

– İbadətləri, xüsusən də namazları istiğfar etməklə (Allahdan bağışlanma diləməklə) tamamlamaq;

– Allahı nöqsanlardan uzaq saymaq, Ona həmd-səna etmək və Ondan bağışlanma diləmək duanın qəbul olmasına səbəbdir;

– Allahdan bağışlanma diləmək əfzəl əməllərdən sayılır.


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə