Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,81 Mb.
səhifə8/37
tarix26.03.2018
ölçüsü2,81 Mb.
#34299
1   ...   4   5   6   7   8   9   10   11   ...   37

(5. 62) “Sən görürsən ki, onların çoxu günah işlətməyə, halalın sərhədini aşmağa və haram yeməyə tələsirlər. Onların törətdikləri necə də murdardır”.
Fövqəluca Allah Onun mömin qullarını söyüb biabır edən Kitab əhlinin çatışmazlıqlarını sadalamaqda davam edir. O, xəbər verir ki, yəhudilər Yaradan qarşısında öz vəzifələrinə aid olan günahları həvəslə törədir, məxluqlara düşməncəsinə münasibət bəsləyir və haram şeyləri yeyirlər. Allah onların törətdikləri günahlar haqqında xəbər verməklə qane olma­yaraq, bir daha bildirir ki, onlar o günahları məmnuniyyətlə və ləngimədən törədirlər. Bu isə, onların əxlaqsızlığı və fəsadçılığını və onların qəlbinə itaətsizliyin və zalımlığın xas olduğunu təsdiq edir. Onlar özlərini ləyaqətli və şərəfli insanlar hesab edirlər. Amma onların törətdikləri əməllər necə də pozğun və mənfurdur!
             
(5. 63) “Niyə din xadimləri və alimləri onları günah olan söz­lər­dən və haram yeməkdən çəkindirmirlər? Onların törət­dikləri necə də pisdir”.
Bəs niyə insanlara kömək etməli olan din alimləri, Allah onlara bilik və müdriklik bəxş etdiyi halda, insanları nadanlıqdan çıxartmaq üçün günah işlər görməyi qadağan etmir və həqiqəti onlara çatdırmırlar? Onlar insanlara xeyirxahlıq göstərməyi əmr etməli və onları günahlardan çəkindirməli, onlara haqq yolu izah etməli, onları yaxşı işlərə ruhlandırmalı və törədə biləcəkləri cinayətlərdən xəbərdar etməliydilər. Amma onların törətdikləri gör necə də çirkindir!
                                               
(5. 64) “Yəhudilər dedilər: “Allahın Əli bağlıdır”. Xeyr, onların öz əlləri bağlıdır və dedikləri sözə görə lənətlənmişlər. Onun hər iki Əli də açıqdır və O, ürəyi istədiyini bağışlayır. Rəbbindən sənə nazil edilənlər onların əksəriyyətinin azğınlığını və kafirliyini artırır. Biz onların arasına Qiyamət gününədək düşmən­çilik və kin-küdurət salmışıq. Onlar hər dəfə müharibə alovunu alışdıranda, Allah onu söndürür. Onlar yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərirlər, Allah isə fasiqləri sevmir”.
Fövqəluca Allah bu ayədə yəhudilərin dəhşətli sözləri və yaramaz etiqadlarından xəbər verir. Onlar deyirdilər ki, Allahın Əli bağlıdır, mərhəmət və xeyirxahlıq etməkdə xəsisdir. Bu sözlərinə görə onlar lənətlənmiş və xəsisliyə məhkum edilmişlər ki, bu, onların danışdıqları qeybətə uyğundur. Onlar misilsiz mərhəmət sahibi olan Allahı xəsis və xeyirxahlıqdan uzaq adlandırdılar və Allahın da onlara verdiyi əvəz tamamilə onların özünə layiq oldu. Onlar ən simic insanlara çevrildilər, yaxşı işlər görmək yerinə xəsislik etməyə, Allah haqqında pis fikirləşməyə başladılar və Onun mərhəmətindən uzaq­laş­dı­rıl­dılar, halbuki, o, bütün məxluqatı əhatə edir, ali və ən aşağı aləmlərin hər guşəsini doldurur.

Bax buna görə Allah buyurur ki, Onun iki Əli də açıqdır və O, qullarını istədiyi kimi mükafatlandırır. Heç bir şey Ona qərara aldığını həyata keçirməyə mane ola bilməz. O, Öz qullarına mənəvi və dünyəvi nemətlər bağışlayır və əmr edir ki, onlar Onun səxavətli hədiyyələrini qazanmağa imkan verən əməllər yerinə yetirsinlər və Onun nemət qapısını öz qarşılarında bağlayan günahlar törətməsinlər. Allah gecə-gündüz mərhəmət göstərir və fasiləsiz olaraq saysız-hesabsız nemətlər nazil edir. O, qəmginliyi qovur və qüssədən xilas edir, kasıbları mükafatlandırır və əsirlərə azadlıq bəxş edir, zədə alanları sağaldır və dua edənlərin duasını qəbul edir, kasıbları varlandırır və ehtiyacı olanların yalvarışlarına cavab verir. O, Ona müraciət edənlərin xahişlərini təmin edir və hətta Ondan yardım istəməyənlərə də Öz lütfkarlığını göstərir. O, rahatlıq axtaranlara əmin-amanlıq əta edir və Ona itaətsizlik göstərənləri də Öz mərhəmətindən məhrum etmir. O, möminlərə də, günahkarlara da yaxşılıq, ancaq Onun sevimli qulları Onun xüsusi lütfkarlığına layiq görülürlər.

Allah onları saleh əməllər etməyə ruhlandırır, sonra da buna görə onları tərifləyir və Öz səxavəti ilə onların mükafatını çoxaldır. O, onları həm bu dünyada və həm də Axirətdə mükafatlarla təltif edir, özü də, bu mükafatlar təsvirolunmazdır və hətta insan onları xəyalına belə gətirə bilməz. O, Öz sevimli qullarına nemətlər nazil edir və onları hər cür bədbəxtliklərdən elə qoruyur ki, onlar hətta çoxusundan xəbər belə tutmurlar.

Pak və Müqəddəs Allah Öz qullarına istənilən nemətlər bəxş edir və onlar özlərini bədbəxtliklərdən xilas etməsini Ondan rica edib yalvarırlar. Allah Müqəddəsdir və Onu Özündən başqa kimsə layiqincə tərifləyə bilməz! Böyük Allah qullarını hətta bir an da olsa belə Öz mərhəmətindən məhrum etmir, çünki onlar hamısı ancaq Onun səxavəti sayəsində yaşayır və ömür sürürlər! Qoy Allah, öz nadanlığı üzündən Rəbbinə ehtiyacı olmadığını zənn edən və Ona Onun əzəmətinə yaraşmayan keyfiyyətlər aid edən hər kəsi rüsvay etsin!

Əgər Allah yəhudilərə və onlar kimilərə dedikləri dəhşətli sözlərin ancaq bəzilərinə görə layiqincə əvəzini versə, onlar hökmən elə bu dünyadaca məhv olar və bədbəxtçiliyə məhkum edilərdi. Lakin onlar dəhşətli sözlər danışmalarına baxmayaraq, O, onlara güzəştə gedir və möhlət verir, amma onların əməllərini unutmur.

Allahın nazil etdiyi ayələr onların əksəriyyətini yol verilən hədləri daha çox aşmağa və kafirliyə batmağa sövq edir. Allahın Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) nazil etdiyi xatırlatma qəlbə və ruha həyat verir, bu dünya həyatında və ölümdən sonrakı yaşayışa xoşbəxtlik gətirir və hər iki aləmdə müvəffəqiyyət əldə etməyə kömək göstərir. Bu xəbərdarlıq Allahın qullarına göstərdiyi ən böyük nemətidir və onları bunu tərəddüdsüz qəbul etməyi və Ona bu nemətə görə təslim olmağı və minnətdarlıq etməyi buyurur. Əgər bu xatır­latma insanlarda azğınlığı, zalımlığı və kafirliyi artırırsa, onda bu onlar üçün ən dəhşətli cəzadır. Onlar bu cəzaya Allahın xəbərdarlığından üz döndərdiklərinə, onu rədd etdiklərinə, ona müqavimət göstərdiklərinə və cürbəcür şübhəli və yanlış sübutlara istinadla ona qarşı etiraz etdiklərinə görə layiq görülürlər.

Allah belə insanlar arasına Qiyamət gününə qədər düşmənçilik və kin-küdurət salır. Onlar birləşə bilmir, bir-birinə kömək etmir, onlara fayda verə bilən işlərdə razılığa gəlmirlər. Onlar Məhşər gününədək ürəklərində bir-birinə nifrət etməyə və işlərində bir biri ilə düşmənçilik etməyə məhkum olunmuşlar.

Onlar daima müharibə odunu qızışdırmağa cəhd edirlər ki, İslama və onun tərəfdarlarına ziyan vursunlar. Onlar bundan ötrü öz süvarilərini və piyadalarını bir yerə toplayırlar, lakin hər dəfə Allah onları Öz yardımından məhrum edir, sıralarını pozur və müsəlmanları onların üzərində qələbə çalmağa nail edir. Onlar yer üzündə ciddi-cəhdlə günah işlər görərək fitnəkarlıqlar törətməklə öz azğın dinlərini təbliğ edir və insanlara İslam dinini qəbul etməyə mane olurlar. Lakin Allah günahkarlığı yayanları sevmir. Bundan əlavə, O, onlara nifrət edir və belələri mütləq layiqli cəzalarına çatdırılacaqlar.
            

(5. 65) “Əgər Kitab əhli iman gətirib qorxsaydılar və inkar etməsəydilər, onda Biz onların cinayətlərini bağışlayar və onları Nəim cənnətinə daxil edərdik”.
Fövqəluca Allah Kitab əhlinin rüsvayçı əməllərini, eyiblərini və qüsurlu fikirlərini xatırlatdıqdan sonra, onları tövbə etməyə çağırır və bu, Onun rəhmli və mərhəmətli olma­sını təsdiq edir. O buyurur ki, əgər onlar Allaha, mələklərə, bütün Kitablara və bütün elçilərə inansalar, itaətsizlikdən çəkinsələr, əvvəl törətdikləri bütün cinayətləri bağışlanar və onlar insan qəlbinin arzuladığı və baxışların acgözlüklə dikildiyi istənilən şeyin toplandığı Cənnətin səadət bağlarına girərlər.
                        
(5. 66) “Əgər onlar Tövratı, İncili və Rəbbindən onlara nazil edilənləri rəhbər tutsaydılar, onda başlarının üstündə və ayaqlarının altında olanlarla qidala­nardılar. Onların arasında mötədil insanlar var, lakin əksəriyyətinin əməlləri pisdir”.
Əgər onlar Allahın buyurduğu kimi Tövratın və İncilin hökmlərini yerinə yetir­səy­dilər, əgər onlar əvvəlki Kitablarda peyğəmbərliyi haqqında xəbər verilən Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman gətirsəydilər, əgər onlar Rəbbin onlara qayğı göstərərək nazil etdiyi böyük lütfü qəbul etsəydilər, onda Fövqəluca Allah onlara bol ruzi verər, səmadan üstlərinə yağış yağdırar və yerdə onlar üçün çoxlu məhsullar yetişdirərdi. Oxşar bir ayədə belə deyilir: “Əgər o kəndlərin sakinləri iman gətirsəydilər və təqvalı olsaydılar, onda Biz onların qarşısında göyün və yerin bərəkət qapısını açardıq” (Əraf, 7/96).

Sonra Allah buyurur ki, Kitab əhli arasında mötədil adamlar da var və onlar Tövratın və İncilin hökmlərinə əməl edir, lakin bu zaman təşəbbüs və səy göstər­mirlər. Onların əksəriyyəti, ümumiyyətlə, qatı günahkarlardır və ancaq bəziləri xeyirxah əməllər etməkdə başqalarını qabaqlamağa meyl göstərirlər.
                
(5. 67) “Ey Elçi! Rəbbindən sənə nazil olanı bəyan et! Əgər etməsən, Onun elçiliyini yerinə yetirməmiş olarsan. Allah səni insanlardan qoruyur. Həqiqətən, Allah kafirləri doğru yola yönəltməz”.
Allah ən əzəmətli hökmü ilə Elçisinə (ona Allahın salavatı və salamı olsun!) müraciət edərək, ona nazil edilənlərin hamısını insanlara çatdırması hökmünü verir. Bunlar, müsəlmanların Muhəmməd Peyğəmbər­dən (ona Allahın salavatı və salamı olsun!) öyrəndikləri bütün dini-etiqad məsələlərinə, əməllərə, fikirlərə, hökmlərə və ilahi tələblərə aid idi. O (ona Allahın salavatı və salamı olsun!), öz peyğəmbərlik vəzifəsini ən kamil surətdə yerinə yetirirdi, insanları İslama dəvət edirdi, qorxunc xəbərdarlıqları və müjdələri onlara yetirir, onların aqibətini asanlaşdırır və onlara elə təlim verirdi ki, cahil və savadsız insanlar belə ən görkəmli ruhani alimlər və din xadimləri səviyyəsinə yüksəlirdilər. O (ona Allahın salavatı və salamı olsun!), insanları sözü və əməli ilə təlimləndirir, müxtəlif ölkələrə bəyanatlar göndərir və qasidlər yollayırdı. Elə bir yaxşı əməl yox idi ki, onu öz səhabələrinə göstərməmiş olsun və elə bir pis əməl də qalmamışdı ki, o (ona Allahın salavatı və salamı olsun!), məsləkdaşlarını ondan xəbərdar etməsin. İnsanların ən ləyaqətliləri olan şərəfli səhabələri və onlardan sonra gələn ardıcılları və sadə müsəlmanlar bunu təsdiq edirdilər və indi də bunu təsbit etməkdə davam edirlər.

Sonra Allah ona (ona Allahın salavatı və salamı olsun!) belə buyurur: “Əgər sən Rəbbinin sənə nazil etdiklərini insanlara xəbər verməsən, Onun əmrini yerinə yetirməmiş olarsan. Onu icra etməyə tələs və Mən səni himayə edəcək və insanlardan qoruyacağam. Sən onları səylə öyrətməli, Allahın hökmlərini onlara çatdırmalı və məxluqlar qarşısında ehtiyat etdiyinə görə vəzifəni yerinə yetirməkdən boyun qaçırmamalısan. Onların taleyi Mənim əlimdədir və Mən səni istənilən bədbəxtliklərdən qorumağa söz vermişəm. Sənə həvalə edilən – insanlara aydın həqiqəti çatdırmağındır və əgər onlar doğru yolla getsələr, bu onların öz xeyirlərinə olacaq. Yeganə niyyətləri öz alçaq istəklərinə haqq qazandırmaq olan kafir­lərə gəldikdə isə, onların inkarçılığına görə sənin Rəbbin onları düz yolla aparmayacaq və onları yaxşı işlər görməyə ruhlandırmayacaqdır”.
                              
(5. 68) “De: “Ey Kitab əhli! Siz Tövratı, İncili və Rəbbinizin sizə nazil et­diklərini rəhbər tutmadan doğru yolla getməyəcəksiniz”. Sənin Rəbbindən sənə göndərilən onların əksəriyyətində zalımlıq və kafirliyi dəfələrlə artırır”.
Allah Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, Kitab əhlinin yanlışlıqları haqqında onlara xəbər versin, onların yalanını ifşa edərək, desin: “Sizin dini təsəvvürləriniz əsassızdır, çünki siz Qurana və Muhəmmədə iman gətirməmişsiniz və bir fakt kimi, öz peyğəmbərinizi və Kitabınızı inkar etmişsiniz. Siz ancaq o zaman haqqa əsaslana və etibarlı dayağa söykənə bilərsiniz ki, Tövratın və İncilin hökmlərinə riayət edəsiniz və onların tələb etdiklərinin hamısını yerinə yetirəsiniz. Siz Rəbdən sizə nazil edılən Vəhyi rəhbər tutmalısınız. O, sizin qayğınızı çəkir və sizə nemətlər bəxş edir, onların ən şərəflisi isə sizə nazil etdiyi Səmavi Kitabdır. Siz Allaha həmd etməli, Onun hökmlərini yerinə yetirməli və Onunla olan əhdinizə sadiq qalmalısınız”.
                    
(5. 69) “Həqiqətən, möminlər və həmçinin Allaha və Axirət gününə iman gətirən yəhudilər, səbailər və xristianlar ədalətlə davranırdılar. Onlar nə qorxu biləcək, nə də kədərlənəcəklər”.
Fövqəluca Allah bu ayədə bildirir ki, Səmavi Kitabların, o cümlədən Quran, Tövrat və İncilin nazil edildiyi insanlar xilas üçün bir ümumi yola malikdirlər və ümumi əsasa söykənirlər. Bu, Allaha və Qiyamət gününə və saleh əməllərə imandır. Kim Allaha və Qiyamət gününə iman gətirib və saleh əməllər edibsə, o, xilas olacaqdır. O, irəlidə həyəcan doğuran hadisələrdən qorxmayacaq və onunla keçmişdə baş verənlər barədə qəm çəkməyəcəkdir. Bilmək lazımdır ki, bu ilahi müddəa bütün zamanlarda qüvvədə olmuşdur.
                   
(5. 70) “Biz artıq İsrail oğulları ilə əhd bağlamış və onlara elçilər göndər­mi­şik. Hər dəfə elçilər onlara xoşlarına gəlməyən bir şey gətirdikdə, bəzilərini yalançı adlandırır və digərlərini öldürürdülər”.
Allah İsrail oğulları ilə sərt müqavilə bağlamış, onları Ona iman gətirməyə və dinin vacib hökmlərini yerinə yetirməyə məcbur etmişdi. Allahın onlara nə dediyi öncə qeyd edilmişdi: “...“Mən sizinləyəm. Siz namaz qılsanız və zəkat versəniz, Mənim elçilərimə iman gətirsəniz, onlara kömək etsəniz və Allaha gözəl borc versəniz, Mən sizin günahlarınızı bağışlayaram və sizi altından çaylar axan Cənnətə daxil edərəm. Bundan sonra sizlərdən kimsə kafir olarsa, o, doğru yoldan çıxar” (Maidə, 5/12).

Allah onlara bir-birinin ardınca gələn elçilər göndərirdi və onlar israillilərin arasında dini təbliğ edir, onlara doğru nəsihətlər verirdilər. Lakin bu onlara fayda vermirdi. Buna görə, hər dəfə Allahın elçilərinin gətirdikləri hökmlər onların istəklərinə uyğun gəlmirdi, onlar elçiləri yalançı adlandırır, onlara müqavimət göstərir, onlarla ən dəhşətli tərzdə rəftar edirdilər. Elçilərin bəzilərini rədd edir, bəzilərini isə öldürürdülər.
                   
(5. 71) “Onlar belə hesab edirdilər ki, yoldan azmayacaqlar və buna görə kor və kar oldular. Sonra Allah onların tövbəsini qəbul etdi və bundan sonra onların əksəriyyəti yenə də kor və kar oldular. Allah onların nə etdiklərini görür”.
Onlar elə güman edirdilər ki, etdikləri itaətsizlik və kafirlik öz ardınca cəza və qisas gətirməyəcək və buna görə də öz qüsurlu əməllərini davam etdirirdilər. Nəticədə, onlar haqqa qarşı kor və kar oldular, amma buna baxmayaraq Allah onlara möhlət verdi ki, tövbə etsinlər və tövbələrini də qəbul etdi. Lakin onlar öz tövbələrini çox tez pozdular: əksəriyyəti öz yaramaz cinayətlərinə döndülər və yenə də kor və kar oldular və onlardan ancaq bəziləri tövbələrinə sadiq qaldılar və dindən üz döndərmədilər. Allah onların etdikləri hər şeyi görürdü və onlardan hər biri törətdikləri əməllərə görə mütləq əvəzini alacaqlar: yaxşılığa – yaxşılıqla və pisliyə də - pisliklə.
                                 
(5. 72) “İman gətirməyənlər deyirlər: “Allah – Məryəm oğlu Məsihdir”. Məsih demişdir: “Ey İsrail oğulları! Mənim Rəbbim və sizin Rəbbiniz olan Allaha ibadət edin!” Həqiqətən, Allaha şərik qoşanlara, O, Cənnəti qadağan etmişdir. Onun məskəni Cəhənnəm olacaq və zalımların köməkçiləri olmayacaqdır”.
Fövqəluca Allah, “Məryəm oğlu Məsih – Allahdır” deyən xristianların kafirliyindən xəbər verir. Onlar özlərinin şübhəli iddialarını onun dünyaya kişinin iştirakı olmadan gəlməsi və Allahın digər məxluqlarına bənzəməməyi ilə izah edirlər. Lakin Məsih özü onların yanlış bəyanatını təkzib edərək demişdir: “Ey İsrail oğulları! Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!”. O, özünü qul, Fövqəluca Allahı isə bütün məxluq­ların Rəbbi olduğunu bildirmişdir.

Əgər insan Allaha ibadət etməklə yanaşı İsa peyğəmbərə (ə) və ya başqa məxluqlara ibadət edirsə, Allah onu Cənnət bağlarından hökmən məhrum edəcək və onun məskəni Qaynar Cəhənnəm olacaqdır. O, məxluqları Xaliqlə bərabər tutur və yerinə yetirməsi xatirinə yaradıldığı ibadət ayinlərini buna layiq olmayanlara həsr edir. Buna görə də, belə insan Cəhənnəm odunda əbədi cəzaya layiq görülür. Bu zalımları Allahın cəzasından heç kim xilas edə bilməz və hətta onları başlarına gələn müsibətdən qismən də olsa qurtara bilməyəcək.

                         
(5. 73) “İman gətirməyənlər deyirlər: “Allah üçlüyün üçüncüsüdür”. Vahid Allahdan başqa ilah yoxdur! Əgər onlar dediklərindən əl çəkməsələr, onda onlar­dan olan kafirlərin əzabı məşəqqətli olacaqdır”.
Xristianlar üç üqnimdən ibarət olan “müqəddəs üçlüyə”: Allaha, İsaya və Məryəmə inanırlar. Allah xristianların düşüncəsizliyinin ən böyük dəlili olan bu iddialardan intəhasızlığa qədər uzaqdır. Onlar bu çirkin sözlər və yanlış baxışlarla necə razılaşırlar?! Onlar Xaliqlə məxluq arasında olan fərqi necə görməyə bilirlər?! Onlar aləmlərin Rəbbini necə tanıya bilmirlər?!

Onları və onlara bənzərləri təkzib edərək, Allah deyir ki, Tək Allahdan başqa, bütün kamil sifətlərə malik və hər hansı çatışmazlıqlardan xali digər bir ilah yoxdur. O, Öz yaratdıqlarını təklikdə xəlq edir, yönəldir və onlara nemətlər verir. Məgər Onunla bərabər digər ilahın mövcud olmasını iddia etməkmi olar?!

Allah belə zalımların iddialarından sonsuzluğa qədər uzaqdır və əgər onlar öz dəhşətli sözlərini söyləməkdən əl çəkməsələr, hökmən şiddətli cəzanı dadacaqlar. Bu qorxunc xəbərdarlıqdan sonra Allah xristianları törətdikləri günahlarından tövbə etməyə çağırır və onlara başa salır ki, O, tövbələri qəbul edir:
        
(5.74) “Doğrudanmı onlar Allah qarşısında tövbə etməyəcək və Ondan bağışlanma istəməyəcəklər? Axı Allah Bağışlayan və Rəhmlidir”.
Doğrudanmı onlar Allahın istədiyinə və Onun razı olduğuna müraciət etməyə­cəklər? Doğrudanmı onlar Onu özlərinin Vahid Allahı, İsanı isə Onun qulu və elçisi qəbul etmirlərmi? Doğrudanmı onlar danışdıqları sözlərə görə tövbə etməyəcək və Allahdan bağışlanmalarını xahiş etməyəcəklər? O, tövbə edənlərin günahlarını, onlar göylərdəki buludlara qədər olsa belə, bağışlayır, tövbəsini qəbul edir və qüsurlarını saleh əməllərlə əvəz etməklə qulla­rına mərhəmət göstərir.

Qeyd etmək lazımdır ki, tövbə etməyə yönəldilmiş bu çağırış son dərəcə yumşaq və lütfkar təklif kimi səslənir. Bundan sonra Allah, Məsih və onun anasının (onlara Allahın salamı olsun) əsil həqiqətdə necə mövqe tutduqlarını izah edir:

                         
(5.75) “Məryəm oğlu Məsih sadəcə elçi idi. Ona qədər də elçilər olmuşdu, onun anası isə ən sadiq qadın idi. Hər ikisi yemək yeyirdilər. Bax gör Biz bu ayələri necə izah edirik. Sonra isə bax gör, onlar haqdan necə də üz döndərirlər”.
Məsih sadəcə Allahın elçisiydi və ona qədər də elçilər gəlirdilər. O, Onun qularından və elçilərindən biriydi. Bu qulların Allahın işlərinə müdaxilə etmək, Onun onlara nazil etdiyindən başqa nə yeni şəriət yaratmaq haqqına, nə də Kainatda baş verən proseslər üzərində hakimiyyətə malik deyildilər. O, insanlara Allahın ona nazil etdiyini gətirmişdi və ona qədər göndərilmiş peyğəmbərlərə oxşayırdı. O, o biri peyğəmbərlərdən, onu, ölümlü bir insanı, Rəbb olan Allaha çevirə biləcək keyfiyyətlərlə fərqlənmirdi.

Onun anası sadiq mömin qadından başqa bir kəs deyildi. O qadın peyğəmbər­lərdən sonra ən yüksək pilləyə ucalmış sadiq qullar cərgəsinə məxsus idi. Onların düz­günlüyü möhkəm əqidə və saleh əməllər kimi ifadə edilən faydalı biliklərində öz təzahürünü tapır.

Bu, sübut edir ki, Məryəm peyğəmbər deyildi, o, sadəcə sədaqətli qullar cərgəsinə aiddi və elə bu şöhrət onun üçün kifayət idi. Digər qadınlar arasında da peyğəmbərlər olmamışdı, çünki Allah peyğəmbərlərini ən kamil cinsin nümayəndələri arasından seçirdi. Fövqəluca Allah buyurur: “(Ey Elçim!)Biz səndən əvvəl də özlərinə vəhy etdiyimiz ancaq kişilər (kişi peyğəmbərlər) göndərmişdik...” (Nəhl, 16/43).

Əgər İsa (ə) ona qədər göndərilən peyğəmbərlərin və elçilərin sırasına daxil idisə, onun anası isə sədaqətli mömin qadın idisə, bəs onda xristianlar onları nəyin əsasında Allahla yanaşı ilahlar sayırlar? Onların hər ikisi də yemək yeyirdilər və bu, onların qul olmasına, yeməyə, içməyə və Adəmin nəsillərinin ehtiyac duyduqlarına ehtiyacları olduğuna parlaq sübutdur. Əgər onlar doğrudan da ilah olsaydılar, onların yeməyə və içməyə ehtiyacı olmazdı və ümumiyyətlə heç bir ehtiyac hissi keçirməzdilər, çünki ilah heç şeyə ehtiyac duymayan və tərifə layiq keyfiyyətlərə malik olmalıdır.

Bunu izah etdikdən sonra, Fövqəluca Allah qullarının diqqətini Özünün, həqiqəti aydınlaşdırmağa və möhkəm etiqada malik olmağa kömək edən – açıqladığı ayələrinə yönəldir. Lakin kafirlərə heç bir izahat fayda vermir və onlar haqdan boyun qaçırmaqda, yalan danışmaqda və iftira atmaqda davam edirlər. Onlar inadkarlıq göstərir və büsbütün zalımlıq edirlər.
                

Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə