Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,81 Mb.
səhifə15/37
tarix26.03.2018
ölçüsü2,81 Mb.
#34299
1   ...   11   12   13   14   15   16   17   18   ...   37

(6.59) “Qeybin açarları Onun yanındadır. Onları ancaq O bilir. O, suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, yaş-quru elə bir şey yoxdur ki, Aydın Kitabda olmasın!”
Bu – Allahın Hərşeyiəhatəedən elmindən müfəssəl bəhs edən ayələrdən biridir. O, bir hissəsini Öz istədiyi qullarına açan, qeyb haqqında hər şeyi bilir. Lakin bu biliklərin böyük hissəsi, bütün yaradılmışlar bir yana qalsın, hətta ən yaxın mələklərdən və elçilərindən də gizli saxlanmışdır.

Allah yer kürəsinin ucsuz-bucaqsız ərazilərində yerləşən bütün canlı varlıqlar, bitkilər, daşlar və qumsallıqlar haqqında biliyə malikdir. O, dənizlərdə və okeanlarda olan və su laylarının altında qalan bütün heyvanlar və xəzinələr haqqında bilir. O, bu dünyada və Axirət aləmində hər bir məskunlaşmış şəhərdə və ya insanların yaşamadığı çöl və səhralarda ağaclardan yer üstünə və ya su üzərinə düşən hər hansı bir yarpaq haqqında da bilir. O, insanların əkdiyi və ya özbaşına münbit torpağa düşərək onlardan müxtəlif bitkilər becəriləcək bütün taxıl və meyvə toxumları haqqında biliyə malikdir. O, yaş və ya quru olan hər şey haqqında da bilir və bunun yada salınması xüsusidən sonra ümuminin xatırlanmasının nümunəsidir.

Bütün bunların hamısı Aydın Kitabda yazılmışdır. Bu ad altında Lövhi-Məhfuz nəzərdə tutulur. O özündə bütün varlıqlar haqqında bilikləri əks etdirir və hətta onun kiçicik bir hissəciyi belə ağıllı və alicənab insanların zəkasını heyran qoyur. Əlbəttə ki, bu, Rəbbin əzəmətinin dəlili və Onun bütün ilahi sifətlərinin əhatəedilməzliyidir. Onlar o dərəcədə təsəvvürolunmaz ölçülüdür ki, əgər bütün məxluqlar onlardan heç olmazsa birini hərtərəfli əhatə etmək üçün bir yerə toplaşsaydılar belə, bunu etməyi bacarmazdılar. O Böyük, Hərşeyiəhatəedən, Alim, Hərtərifəlayiq, Şanı Uca Rəbb Müqəddəsdir! Allah Müqəddəs və Pakdır və Onu Özünə layiq tərifləməyə, Onun Özündən başqa heç kim qadir deyil! O, qullarının Ona etdiyi hər cür tərifdən Yüksəkdir!

Bu ayə, Allahın hədsiz-hüdudsuz elminin və bütün Kainatda baş verənləri əhatə edən yazının dəlillərindəndir.
                      

(6.60) “Sizi gecələr yuxuya daldıran (bu minvalla sizi bir növ ölüm halına salıb hiss-həyacandan məhrum edən), gündüz isə nə etdiyinizi (nə qazandığınızı) bilən Odur. Sonra O sizi gündüz (yuxudan) oyandırır ki, müəyyən olunmuş vaxt (əcəl) gəlib yetişsin. Sonra onun hüzuruna qayıdacaqsınız və sonra da O sizə etdiyiniz əməllər barəsində xəbər verəcəkdir”.
Bu ayə Allahın ilahlığını təsdiq edir və müşriklərin Ona şərik qoşan baxışlarını təkzib edir. Ayədə izah edilir ki, ancaq Fövqəluca Allah məhəbbətə və ehtirama, əzəmətə və söhrətə layiqdir. O, qulları ayıq və ya yatmış olduqları halda onları Təkbaşına idarə edir. O, onların canını, onlar yatdıqda alır və onların bədəni günün qayğılarından ayrılıb istirahət edir. Qullar yuxudan oyandıqda, O, onların canını onlara qaytarır ki, öz dini və dünyəvi vəzifələrini yerinə yetirsinlər. O, onların etdiyi bütün əməllərdən agahdır və onları bu minvalla təyin olunmuş müddət çatana qədər idarə edir. Bu ifadə altında ayrı-ayrı insanların ölüm vaxtı və bütün bəşəriyyətin ölümündən sonra dirildilməsi nəzərdə tutulur. Bu son müddət çatdıqda, Allah qullarını Öz yanına qaytaracaq və onlara etdikləri və törətdikləri bütün yaxşı və pis işləri xəbər verəcəkdir.
                 

(6.61) “(Allah) Öz bəndələri üzərində hakimi-mütləqdir. O sizə (yaxşı və pis əməllərinizi yazan, sizi Şeytandan qoruyan) gözətçi mələklər göndərir. Nəhayət, birinizin əcəli gəlib çatdıqda onun canını (göndərdiyimiz) mələklər alar. Onlar (öz vəzifələrində) heç bir əyər-əskikliyə yol verməzlər!”
Allahın iradəsi Kainatda baş verən bütün proseslərə aiddir və şərtsiz-sübutsuz icra edilir. Məxluqlar cərəyan edən hadisələrə təsir göstərmək haqqına malik deyillər və bir şeyi yerindən tərpətməyə belə, Onun iradəsi olmadan, qadir deyillər. O, qullarına nəzarət etməyi və onların etdikləri əməlləri olduğu kimi saxlamağı mələklərinə həvalə etmişdir.

Bununla əlaqədar Fövqəluca Allah belə buyurur: “Sizin üstünüzdə gözətçi mələklər - (əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər vardır. Onlar sizin nə etdiklərinizi bilirlər”. (İnfitar, 82/10-12);



Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan) iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!” (Qaf, 50/17-18).

Allah bu qayda ilə Öz qullarına, onlar yerdə yaşadıqları müddətdə, nəzarət edir. Onlara ölüm gəldikdə isə, Allah onları vəzifələri məxluqların canını almaq olan mələklərinə tapşırır. O mələklər öz vəzifələrini, heç bir səhvə yol vermədən, Allahın təyin etdiyi müddətə heç nə artırmadan və azaltmadan yerinə yetirirlər. Onlar Allahın planına və qədərinə tam uyğun olaraq hərəkət edirlər.
            

(6.62) “Sonra insanlar Allahın – özlərinin həqiqi ixtiyar sahibinin, hüzuruna qaytarılar. Bilin ki, hökm Onundur (Allahındır) və O, ən tez haqq-hesab çəkəndir!”
Ölümdən və Qiyamət gününədək davam edəcək, fərəh və ya cəza ilə müşayiət ediləcək bərzəx həyatından sonra, məxluqlar özlərinin Əsil Himayədarına qaytarılacaqlar. O, onların taleyini istədiyi kimi və həm də Öz şəriət hökmləri ilə qərarlar çıxarmaqla, Öz Qədər qanunları əsasında onları idarə edir, onlar üçün hökmlər verir və qadağanlar qoyur, onlara elçilər göndərir və Müqəddəs Kitablar nazil edir. Onlar Onun yanına qaytarıl­dıq­dan sonra isə O, onlara ədalətli əvəz qanunlarına uyğun olaraq sərəncam çəkəcək, xeyirxah işlərinə görə mükafatlandıracaq və günahlarına, cinayət­lərinə görə isə cəzalan­dıracaq. O, qərarlarını müstəqil qəbul edir və haqq-hesab çəkməyi ləngitmir, çünki mütləq biliyə malikdir, Öz qullarının Mühafizəolunan Lövhədə yazılmış və alicənab mələk- katiblərin əllərindəki dəftərlərə qeyd olunmuş əməllərini nəzərindən qaçırmır.

Əgər Fövqəluca Allah – Vahid Yaradan və qullarına hakim olan Hökmdar hər zaman ən kamil formada onların qayğısına qalırsa və onları Öz Qədər, Din və ədalətli Əvəz qanunları ilə idarə edirsə, onda niyə müşriklər Ona ibadət etməkdən boyun qaçırır və hakimiyyət sahibi olmayan, azca da olsa belə xeyir verməyə qabiliyyəti çatmayan və hətta müstəqil iradəyə malik olmayan məxluqlar qarşısında diz çökürlər?!

Allaha and olsun, əgər müşriklər bilsəydilər ki, onlar çoxallahlığa və kafirliyə etiqad etməklə böyük bir yalan uydurur və Allahın əleyhinə çıxırlarlar, o Allahın ki, onları əmin-amanlıqla və ruzi ilə təmin etməkdə davam edir, əgər onlar Onun dözümlülüyü, güzəştə getməsi və mərhəməti haqqında bilsəydilər, onda onların qəlbi Onu dərk etmək istəyi ilə aşıb-daşar, ağılları isə Ona məhəbbət hissi ilə nurlanardı və o zaman onlar şeytana tabe olaraq özlərini rüsvayçılığa və zərərə məhkum etdiklərinə görə özləri özlərinə nifrət edərdilər. Lakin bu belə deyil, çünki onların sağlam düşüncə qabiliyyəti yoxdur.

                            
(6.63) “(Ey Elçim!)De: “Gizlində (Allaha) dua edib:” Əgər bizi suyun və qu­runun zülmətindən qurtarsan, əlbəttə, şükür edənlərdən olarıq”, - deyə yalvardı­ğınız zaman sizləri bunlardan xilas edən kimdir?”

(6.64) “De: “Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allahdır. (Bü­tün bunlardan) sonra siz yenə də (Ona) şərik qoşursunuz?”
Ey Peyğəmbər! Allaha şərik qoşan və Ondan başqa tanrıçalara dua edən müşrik­lərə müraciət et. Bir Rəbbin varlığına etiqada istinad edərək, təkcə vahid Allaha ibadət etməyin zəruriyyətinə onları inandır. Onlara belə de: “Sizinlə quruda və dənizdə özünüz müstəqil qurtula bilmədiyiniz bədbəxtliklər və çətinliklər baş verərkən, onlardan sizi kim xilas edir? Belə hallarda siz mütiliklə və bütün varlığınızla dua edirsiniz, diliniz duaları təkrarlamaqdan yorulmur. Siz Ona sizi bəladan qurtarmağı yalvarırsınız, Ona minnətdar olacağınıza, Onun nemətlərinə görə şükür edəcəyinizə və onları saleh əməllər üçün istifadə edəcəyinizə və günah məqsədlərə yönəltməyəcəyinizə söz verirsiniz. Allah sizi bu bəd­bəxtçilikdən və bir çox başqalarından xilas edir, lakin siz öz vədinizi yerinə yetirmirsiniz və Onun sizə göstərdiyi neməti unudursunuz. Bütpərəstliyin yanlışlığına və tövhidin ədalətliliyinə bundan da inandırıcı dəlil nə ola bilər?!”
                           
(6.65) “De: “Allah başınızın üstündən və ayaqlarınızın altından (göydən və yerdən) sizə əzab göndərməyə, sizi dəstələr halında qarışdırmağa və birinizə digə­rinizin zorunu daddırmağa qadirdir!” Gör ayələrimizi onlara nə cür izah edirik ki, bəlkə, başa düşsünlər!”
Fövqəluca Allah sizin üstünüzə hər tərəfdən cəza göndərməyə qadirdir. O, sizə yuxarı­dan da, aşağıdan da zərbə vura, sıralarınızı yara və sizi kiçik dəstələrə bölə bilər. Əgər bu baş versə, qarışıqlıq düşər, siz bir-birinizı öldürərsiniz, biriniz digərinizin qəddarlığını dadarsınız. Allah sizi belə bir cəzaya məhkum edə bilər. Siz itaətsizliyinizdən çəkinin ki, sizi məhvə uğradan və yox edə bilən amansız cəza sizə düçar olmasın.

Allah ayədə xəbər verir ki, O, insanları amansız cəzaya məhkum etməyə qadirdir, lakin O, müsəlmanlara qarşı mərhəmət­lidir və onlara cəzanı nə aşağıdan, nə də yuxarıdan göndərmir. O, onların üstünə daş yağışı yağdırmır və ayaqlarının altındakı yeri yarmır. Amma bəzi xalqlar digərlərinə üstün gəldikdə onlardan bəziləri digərlərinin qəddarlığını dadmalı olur, yuxarıda təsvir edilən əziyyətləri onların başına gətirir. Yerdə alınan belə cəzalar nəsihətlərə diqqətlə yanaşan və zəhmətə qatlaşanlar üçün ibrət dərsi olur. Allah insanlara müxtəlif möcüzələr göstərir və onlardan hər biri həqiqəti təsdiq edir və bu da ona görədir ki, nəyə görə xəlq edildiklərini dərk etsinlər, dini müddəaları və ilahi dəyərləri özləri üçün aydınlaşdıra bilsinlər.
               

(6.66) “(Ey Elçim!)Sənin camaatın onu (Quranı), haqq olduğu halda, yalan hesab etdi. (Onlara) de: “Mən sizin vəkiliniz deyiləm!”

(6.67) “Hər bir xəbərin (Quranda sizə xəbər verdiyim əzabın Allah tərəfindən təqdir olunmuş) müəyyən bir vaxtı vardır və siz (onu) biləcəksiniz”.
Ey Muhəmməd! Sənin xalqın Quranı yalan saydı, halbuki o – şübhə doğurmayan Həqiqətdir. Lakin sən onlara zamin deyilsən, çünki onların yaramazlığını yadda saxlamaq və onları cinayət­lərinə görə cəzalandırmaq sənin vəzifənə daxil deyil. Sən insanlara ancaq öyüd-nəsihət verməli və həqiqəti onlara çatdırmalısan və hər öncədən vəhy edilən­lər dəqiq müəyyən olunmuş müddətdə (nə gec, nə də tez) gerçəkləşəcəkdir. Bax buna görə, onlara vəd edilən cəzaya yaxın vaxtda əmin olacaqlar.
                       
(6.68) “Ey Elçim!) Ayələrimizə istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər Şeytan (bu qadağan əmrini) sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə bərabər oturma”.
Allahın ayələri haqqında boşboğazlıq etmək həqiqətin əksinə danışmaq, yalançı baxışları bəzəmək, yanlış etiqadları təbliğ etmək, yalan təəssübkeşlərini təriflə­mək, haqdan dönmək və həqiqət tərəfdarlarını yamanlamaq deməkdir.

Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) və onun (ona Allahın salavatı və salamı olsun!) tərəfdarlarına əmr edir ki, Onun ayələri barədə boşboğazlıq edən hər kəsdən və sadalanan əməllərdən, heç olmazsa, birini edənlərdən üz döndərsinlər. Müsəlman, insanların yalandan naqqallıq etdikləri yığıncaq­larda, söhbət dəyişdirilənə qədər iştirak etməməlidir. Digər mövzulardan bəhs edildikdə isə, belə yığıncaqlarda oturmaq qadağan edilmir. Belə yığıncaqlarda iştirak xeyirlidirsə, onda orada iştirak etmək zəruridir; əks halda isə iştirak vacib deyil. Burada, qeyd etmək lazımdır ki, yalan haqqında boşboğazlıq edənləri qınamaq, həqiqəti müzakirə etməyə çağırış və haqqı araşdırıb üzə çıxarmaq xatirinə mübahisə etmək nəzərdə tutulur.

Müsəlman səhvən və ya unutqanlığı ucbatından yalan şeylər haqqında boşboğazlıq edən, haram söhbətlər aparan və günah işlər tutan zalım adamların arasına düşə bilər. Ona, qınanılan hərəkət­lərlə məşğul olan belə adamların arasında qalmaq, əgər o, onları belə hərəkətlərdən çəkindirə bilmirsə, haramdır. Bu qəti qadağa o şəxslərə aiddir ki, onlar günahkarlarla yanaşı oturmaqda davam edir və Allah qarşısında qorxu hissi keçirmirlər, onlar haram mövzulara dair danışıqlarda iştirak edir və başqaları ilə birlikdə günah işlər törədir, onların dedikləri ilə sakitcəsinə razılaşır və onları məzəmmət etmirlər. Əgər kimsə Fövqəluca Allah qarşısında qorxu hissi keçirərək, başqalarını xeyirxahlıq etməyə çağırır, onları xatakarlıq etməkdən və günah söhbətlərdən çəkindirirsə və bunun sayəsində yaramazlığın qarşısı alınır və ya onun ağırlığı yüngülləş­dirilirsə, onda o, belə yığıncaqda iştirak etməsinə görə məsuliyyət daşımır və bu zaman günahkar sayılmır.

            
(6.69) “Müttəqilərə onların (iman gətirməyənlərin) əməllə­rindən heç bir günah gəlməz. Lakin bu, bir öyüddür ki, bəlkə, (kafirlər onun təsirilə) pis əməl­lər­dən çəkinsinlər”.
Bu ayədən aydın olur ki, moizələr və öyüd-nəsihət verilən zaman dəvətçi elə sözlərdən istifadə etməlidir ki, onlar onun qarşısına qoyduğu məqsədə nail olmağa kömək göstərsin və insan­larda Allahdan qorxu hissi oyatsın. Bundan başqa, əgər moizələr və nəsihətlər öyüd veriləni daha ağır cinayətlər törətməyə sövq edirsə, onda dəvətçi onlardan əl çəkməlidir, çünki əgər törədilmiş əməl dəvətçini qoyulmuş məqsəddən uzaqlaşdırırsa, onda o, həmin əməli rədd etməlidir.
                                             

(6.70) “Dinlərini oyun və əyləncə sayanları, dünya həyatının məğrur etdiyi (və ya aldatdığı) şəxsləri boşla getsinlər. (Onlara Quranı) xatırlat ki, heç kəs qazandığı əmələ görə özünü həlaka düçar etməsin. Allahdan başqa onun nə bir dostu var, nə də bir şəfaətçisi (havadarı). O, hər hansı bir fidyəni versə belə, qəbul olunmaz. Onlar etdikləri əməllərə görə əzaba düçar olanlardır. Onları küfr etdiklərinə görə qaynar su (Cəhənnəm içkisi “həmim”) və şiddətli əzab gözləyir!”
Qullardan tələb olunanlar Allaha səmimiyyətlə qulluq etmək, təkcə Ona ibadət et­mək və şərik qoşmamaq, bütün gücü ilə Onun mərhəmətini və məhəbbətini qazan­maqdır. Bundan ötrü qullar bütün varlığı ilə Allaha yönəlməli və Ona can atmalıdırlar. Onlar səylə çalışmalı və faydalı işlər görməli, günü əyləncə ilə keçirməməlidirlər. Onlar xeyirxah əməlləri ətrafdakılara nümayiş etdirmək və şöhrətpərəstlik naminə deyil, səmimi qəlbdən Onun xatirinə yerinə yetirməlidirlər. Ancaq belə din əsil dindir və ümumiyyətlə, din adlandırılmağa layiqdir.

Əgər insan özünün düzgün davrandığını güman edirsə və özünü dindar və təqvalı sayırsa, lakin bununla yanaşı dinini əyləncəyə və kef məclislərinə çevirirsə, əgər onun ürəyi Allaha məhəbbətdən, Onu dərk etməyə can atmaqdan məhrumdursa, əgər o, özünü ona zərər verən şeyə həsr edirsə və öz yanlış baxışlarına sevinirsə, əgər onun səyləri adicə bir əyləncədirsə, - Allaha xatirinə edilməyən bütün səy və əməllər belə adlan­dır­maq olar, - onda belə adamdan uzaq olmaq və çəkinmək lazımdır. Fövqəluca Allah belə insanlardan kənar gəzməyi və onların sözlərinə aldanmamağı, onların halını düşünməyi, əməllərindən çəkinməyi və onların xatirinə insanı Allaha yaxınlaşdıran şeylərdən boyun qaçırmamağı buyurmuşdur.

O, həmçinin qullarına Müqəddəs Quranla nəsihət verməyi, onlara xeyir verən şeyə onları dəvət etməyi, belə əməlləri onlara izah etməyi, onların gözəlliyini və onlarla əlaqədar yaxşı keyfiyyətləri xüsusilə vurğulamağı, həmçinin onları özlərinə zərər vura biləcək hər şeydən çəkindirməyi, hər insandan çəkinməsi tələb olunan yaramaz hərəkət­ləri və onlarla bağlı qüsurlu keyfiyyətləri onlara başa salmağı əmr etmişdir.

Bütün bunlar ona görə edilir ki, qulun əməlləri onu məhvə məhkum etməsin. Əgər o, günah işlədir və özünü təhlükəyə ataraq ötkəmliklə Qeybibilən Allahın əleyhinə çıxırsa, onda ona nəsihət vermək və xəbərdarlıq etmək lazımdır ki, o, sakitləşsin və itaətsizlikdən əl götürsün. Günahları onu hər tərəfdən bürüyərsə, onda məxluqlardan heç kim ona fayda verə bilməz. Nə qohumları, nə dostları Allahın yerinə ona himayəçilik etməzlər və Onun qarşısında ona havadar çıxmazlar. Hətta o özü cəzadan qurtarmaq üçün Yer kürəsi həcmində qızıl fidyə verməyə cəhd göstərsə də, bu ona heç bir fayda verməz, çünki ödəniş ondan qəbul edilməyəcəkdir.

Belə keyfiyyətlərə malik olan insanlar özlərini məhvə məhkum edir və hər cür xeyrə ümid bəsləməkdən məhrum olurlar və bunun səbəbi onların əməlləri və qazandıq­larıdır. Onların nəsibi son həddə qədər qızdırılmış qaynar su olacaqdır. O su onların üzünü yandıracaq, bağırsaqlarını dağıdacaq – kafir olduqları üçün onları işgəncəli cəzaya məruz qoyacaqlar.
ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ
(6.71) “De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən bütlərəmi tapınacaq və Allah bizi düzgün yola yönəltdikdən sonra yer üzündə şaş­qın dolaşarkən şeytanların azdırdığı adam kimi geriyəmi (küfrə) döndəriləcəyik? Hal­buki dostları onu: “Bizə tərəf gəl!” – deyərək haqq yola çağırırdılar! De: “Allahın hidayəti (islam dini) doğru yoldur. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilib”
Ey Elçi! Allaha şərik qoşan müşriklər və Onun yerinə başqa tanrıçalara dua edənlər sizi öz dinlərinə çağırırlar və öz tanrıçala­rının keyfiyyətlərini sizə izah edirlər. Axı onların haq­qında bir xatırlatma bəs edər ki, ağıllı insan onlara ibadət etməkdən boyun qaçırsın. Dərrakəli insana müşriklərin baxışları ilə sadəcə tanış olmaq kifayətdir ki, hələ təkzibedilməz dəlillər əldə edilənə qədər, onların qüsurluluğuna əmin olsun.

Doğrudanmı onlar güman edirlər ki, siz Allahdan başqa hələ sizə kömək edə və ya zərər vura bilməyən məxluqlara ibadət edəcəksiniz? Bu keyfiyyətlər Allahdan başqa ibadət edilən məxluq­ların hamısına məxsusdur, çünki yaradılmışlar kiməsə özbaşına xeyir gətirməyə və ya zərər verməyə qadir deyillər. Kainatda baş verənlər onların sərəncamında deyil, çünki hakimiyyət bütövlükdə bir olan Allaha məxsusdur. Doğrudanmı onlar elə fikirləşirlər ki, O, sizi doğru yola yönəltdikdən sonra siz geriyə dönəcəksiniz? Doğrudanmı onlar elə düşünürlər ki, siz azğınlıq xatirinə hidayət yolundan əl çəkəcəksiniz və işgəncəli cəzalara aparan yollar xatirinə Cənnət bağları səadətinə aparan yoldan dönəcəksiniz? Ağlı başında olan adam heç vaxt bu seçimlə razılaşmaz, çünki belə edən şəxs şeytanların yerdə azdırdığı, düz yoldan çıxartdığı, arzu edilən məqsəddən uzaqlaşdırdıqları kəslər ola bilər ki, onlar xeyirlə şərin dəvətçiləri arasında tərəddüd içində qalaraq nə edəcəklərini bilmirlər.

Fövqəluca Allahın qoruduqlarından başqa yerdə qalan bütün insanların vəziyyətini belə səciyyələndirmək olar, çünki adamlar həmişə ziddiyyətli maraqlara malik olur və müxtəlif qüvvələrin təsiri altına düşürlər. Bir tərəfdən, onlar insanları doğru yolla getməyə və böyük yüksəkliklərə qalxmağa çağıran pey­ğəmbər təliminin, sağlam düşüncənin və qüsursuz təhtəlşü­­urun təsirini hiss edirlər. Digər tərəfdən isə onlar şeytanın, onun ardıcıllarının və öz nəfslərinin pislik törətmək çağırışının təsirinə məruz qalırlar. Bu amillər insanları azğınlığa itələyir və onları Cəhənnəmin lap dibinə sürükləyirlər. İnsanlar arasında elələri var ki, həmişə və ya əksər hallarda doğru yolu göstərənlərin çağırış­larını dinləyirlər. Onların arasında elələri də var ki, əksinə davranırlar. Elələri də var ki, hər iki çağırışa qulaq asırlar və bir- birinə zidd olan hər iki tərəfin eyni dərəcədə təsiri altındadırlar. Bu meyarı bildikdən sonra və ondan istifadə edərək xoşbəxt mömin­ləri və bədbəxt günahkarları ayırd etmək mümkündür.

Allah qeyd edir ki, yeganə doğru yol, Onun Öz Elçisinin (ona Allahın salavatı və salamı olsun!) dili ilə qanuniləşdirdiyi yoldur, çünki bütün qalan yollar azğınlığa və məhvə doğru aparır. Müsəlmanlara tövhidə etiqad etmək, dini hökmlərə və qadağalara riayət etmək və öz Rəbbinə ibadət etmək əmr olunmuşdur. Həqiqətən, bu, Allahın qullarına göstərdiyi ən əzəmətli və mükəm­məl qayğısının təzahürüdür.
ﯚ ﯛ ﯜ ﯝﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ

(6.72) “Həmçinin: “Namaz qılın, Allahdan qorxun, hüzu­runa toplana­cağınız məhz Odur!” (deyə buyurulmuşdur)”.
İnsanlara, şərtlərini yerinə yetirməklə namaz qılmaq, həmçi­nin fərz və könüllü sünnələri icra etmək, Allahın hökmlərini yerinə yetirərək və Onun qadağalarını pozmadan təqvalılığa etiqad etmək əmr olunmuşdur, çünki Qiyamət günü onlar Onun yanına toplanacaq və özlərinin yaxşı və pis əməllərinə görə əvəz alacaqlar.
                        
(6.73) “Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: “Ol!” deyəcəyi gün (hər şey) dərhal olar. Onun Sözü haqdır. Surun (İsrafilin surunun) çalınacağı gün hökm Onundur. Qeybi və aşkarı bilən də Odur. O, Hikmət sahibidir, (hər şeydən) xəbərdardır!”
Allah göyləri və yeri həqiqət naminə yaratmışdır ki, Öz qullarına hökmlər və qadağalar nazil etsin, kimisini mükafatlan­dırsın, kimisini də cəzalandırsın. Onun Sözü – şübhə doğurma­yandır və onu ikimənalı başa düşmək mümkün deyil35. O, əbəs yerə və əylənmək xatirinə heç nə söyləmir. Qiyamət günü hökm vermək təkcə Ona məxsus olacaqdır.

Şübhəsiz ki, Allah bütün zamanlarda bütün varlığın Sahibidir, lakin O, Qiyamət gününü xüsusilə vurğulayır, çünki həmin gün bütün məxluqlar onlara məxsus olan hər cür hakimiyyətdən məhrum ediləcək və Qüdrət və Əzəmət Sahibi Allah Kainatın Vahid Hakimi olaraq qalacaq. O, bütün qeybə və aşkara malikdir, mütləq hikmət, hədsiz mərhəmət, böyük xeyirxahlıq Sahibidir və bütün sirlər, gizli olan şeylər haqqında hərşeyiəhatəedən biliklər Onundur. O, Vahid Allah və Rəbdir.

               
Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə