Əl-Fatihə surəsi



Yüklə 2,91 Mb.
səhifə71/73
tarix21.04.2018
ölçüsü2,91 Mb.
#39525
1   ...   65   66   67   68   69   70   71   72   73

Əl-Ə`la surəsi ‏


0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Ən üstün və uca olan Rəbbinin adını pak və müqəddəs tut! (Dillə Onun paklığına sitayiş et, qəlblə Onu hər bir eyb və nöqsandan pak bil, və Ona məxsus adları Ondan başqasına aid etmə, o adları təhrif etmə və nalayiq yozumlar etmə.)

2. O kəs ki, (hər bir varlığı) xəlq etdi və (onun tərkib hissələrini yaradılışındakı əsl məqsədə uyğun olaraq) qaydaya saldı (nizamladı).

3. Və o kəs ki, (hər bir məxluq üçün kəmiyyət və keyfiyyət baxımından) bir əndazə (ölçü) qoydu, beləliklə də (onları öz kamilliklərinə doğru) yönəltdi.

4. O kəs ki, (yerin köksündən) otlaq çıxartdı.

5. (Al–əlvan rənglərə boyandıqdan) sonra onu qara rəngli quru çör – çöpə döndərdi.

6. (Ya Peyğəmbər!) Tezliklə sənə (bütün Quranı – əzəli elmdə və Lövhi – Məhfuzda olan əsl tənzimi ilə) oxudarıq, belə ki, əsla unutmazsan.

7. Allahın istədiyindən başqa (ki, əsla istəməz də, lakin Onun qüdrəti daim məhfuzdur), həqiqətən, O, aşkar olanı da, gizli olanı da bilir.

8. Və səni (dəvətdə və hidayətdə olan) ən asan yol üçün hazır və müyəssər edərik.

9. Əgər öyüd – nəsihət fayda verəcəksə (onlara) öyüd – nəsihət ver,

10. (Allahdan) qorxmaq qabiliyyətinə malik olan şəxs tezliklə öyüd – nəsihət alacaqdır.

11. Ən bədbəxt şəxs (və Allahdan qorxmayan), ondan (öyüd-nəsihətdən) uzaqlaşar.

12. O kəs ki, ən böyük oda girəcək və yanacaqdır.

13. Sonra isə orada nə (həqiqətən,) öləcək və nə də (rahat) yaşayacaqdır.

14. Həqiqətən, nicat tapdı (o kəs) ki, özünü (fəsadlı əqidələrdən, əxlaqi rəzalətlərdən və çirkin əməllərdən) pak etdi, təkamülə yetişdi və zəkat verdi

15. Və öz Rəbbinin adını zikr etdi və namaz qıldı.

16. Lakin (siz o nicatın sorağına getmirsiniz), əksinə, siz dünya həyatını üstün tutursunuz.

17. Halbuki axirət daha xeyirli və daha baqidir.

18. Həqiqətən, bu (deyilənlər: mənəvi paklıq və nicat, öyüd – nəsihət və namaz, dünyanı axirətdən üstün tutma) bütün keçmiş səmavi kitablarda yazılmışdır.

19. İbrahimin və Musanın kitablarında.


Əl-Ğaşiyə surəsi


0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. (Dəhşəti bütün aləmi) bürüyəcək hadisənin (Qiyamətin) xəbəri sənə yetişdimi?

2. O gün (bəzi) üzlər zəlil və çökmüş olar.

3. Onlar (əbəs yerə) səy edənlər, zəhmətə düşənlərdir. (Onların dünyəvi əməlləri axirət əzab-əziyyətinə səbəb olar). Yaxud da axirət əzabının içərisində əziyyət çəkənlərdir.

4. Çox hərarətli oda girəcəklər, onun hərarətini dadacaq və yanacaqlar.

5. Qaynar bulaqdan içirdiləcəklər.

6. Onların yeməyi qurumuş, acı tikandan başqa bir şey olmaz. (Onu heç heyvanlar da yeməz).

7. (O yemək onları) nə kökəldər və nə də aclıqdan qurtarar.

8. O gün (bəzi) üzlər (isə) şad və təravətli olar.

9. Onlar öz (dünyəvi) səylərindən razı və xoşnud olacaqlar.

10. Ali və uca məqamlı Cənnətdə olarlar.

11. Əsla orada boş və bihudə bir söz eşitməzsən və eşitməzlər.

12. Orada daim axan bulaq var.

13. Orada uca, qiymətli taxtlar var.

14. (Bulağın yanında onların qarşısına) piyalələr qoyulmuşdur.

15. Bir–birinin yanına düzülmüş yastıqlar

16. (Və döşənmiş, dəbdəbəli) xalçalar (vardır)

17. Məgər onlar dəvəyə baxmırlarmı ki, necə yaradılmışdır?

18. Və göyü (görmürlər) ki, necə ucaldılmışdır?

19. Və dağlara (baxmırlar) ki, (yerin səthinə) necə mıxlanmış və qamətləri dikəlmişdir?

20. Və bu yeri (görmürlər) ki, necə döşənmiş və düzənlənmişdır?

21. Belə isə, öyüd – nəsihət ver ki, sən (Peyğəmbər olaraq) ancaq öyüd – nəsihət verənsən.

22. Sən onların üzərində hakim deyilsən (onların qəlbinə hakim deyilsən ki, onları iman gətirməyə məcbur edəsən, nə də onların cəmiyyətlərinə hakim deyilsən ki, zorla hökm yürüdəsən və nə onların talelərinə hakim deyilsən ki, onlara axirət cəzası verəsən).

23. (Öyüd – nəsihət verməyinə davam et,) lakin kim (sənin öyüd – nəsihətindən sonra) üz çevirər və kafir olarsa,

24. Allah ona ən böyük əzabla əzab verər.

25. Şübhəsiz ki, onların axır dönüşü Bizə tərəfdir!

26. Bu zaman, şübhəsiz, onları haqq-hesaba çəkmək də Bizim öhdəmizədir.

Əl-Fəcr surəsi


0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. And olsun dan yerinə (hər günün dan yerinə və ya bayramların dan yerinə, yaxud sübh namazına),

2. Və (and olsun) on gecəyə (İlin ən yaxşı vaxtları olan Zilhiccə ayının ilk, yaxud Ramazan ayının axır on gecəsinə),

3. Və (and olsun) cütə və təkə (erkək və dişi olmaqla cüt olan bütün məxluqlara, tək olan Allaha və yaxud gecənin axırlarında qılınan «şəfi» və «vətr» namazına),

4. Və (and olsun sübhə tərəf) keçib getməkdə olan gecəyə ki, (Allah kafirlərə əzab verəcəkdir.)

5. Ağıl sahibi olan üçün bu işlərdə bir and varmı? (Bəli, bu işlərin şərafətindən və sirlərindən agah olan kəs üçün and vardır.)

6. Məgər qəlb gözü ilə görmədin və bilmədin ki, sənin Rəbbin (Hudun) Ad (qövmü) ilə necə rəftar etdi?

7. Hündür qəsrləri, uca sütunları və qədd – qamətli insanları olan İrəm (şəhərinin əhalisi) ilə

8. Elə bir şəhər ki, onun bənzəri şəhərlər arasında (bəşər əli ilə) yaradılmamışdı.

9. (Omanla Həzər–Mout arasında olan) o, vadinin sinəsində qayaları yarıb (evlər tikən) Səmudla (Salehin qövmü ilə).

10. Və güclü qoşunları olan, yaxud (çadırlarda istifadə olunan və məhkum olunanlara işkəncə vermək üçün işlədilən) mıxlar sahibi olan Fironla.

11. O kəslər ki, şəhərlərdə tüğyan etdilər.

12. Və oralarda çoxlu fitnə-fəsad törətdilər.

13. Beləliklə Rəbbin onlar(ın başların)a müxtəlif əzabların qamçısını endirdi.

14. Həqiqətən də, sənin Rəbbin (onlara) nəzarət edir.

15. Amma insana gəldikdə, nə zaman Rəbbi onu imtahana çəksə, ehtiram göstərsə və nemət bəxş etsə, deyər: «Rəbbim məni əziz tutmuşdur» (hər bir işə izn vermişdir).

16. Amma nə zaman onu imtahan edib ruzisini azaltsa, «Rəbbim məni alçaltdı»-deyər.

17. Belə deyildir. (Güman edirsiniz ki, nemətin çoxluğu əməldə azadlıq verməkdir, onun azlığı alçaldılmaq. Həm gümanınız yalnışdır. Həm də). Əslində siz yetimə ehtiram göstərmirsiniz.

18. Bir – birinizi yoxsulları yedirtməyə rəğbətləndirmirsiniz.

19. Və öz mirasınızı başqalarının mirası ilə birgə yeyirsiniz. (Hər bir mirası dünyadan gedən şəxs (həmin malı) halal və haram(ına varmadan) toplamış olsa belə mənimsəyirsiniz).

20. Və (dünya) malı(nı) lap çox sevirsiniz.

21. Belə deyildir (sizin güman etdiyiniz kimi deyil). Bu yer(in yüksəklikləri) ardıcıl bir–birinə çırpılıb parça–parça olacağı (və yer saf və dümdüz şəklə düşəcəyi) zaman

22. Rəbbinin (təkid etdiyi əmri və cəlalının, mütləq hakimiyyətinin təcəllisi) yetişəcəyi və mələklər (Məhşər səhnəsinə enib) səf-səf gələcəyi

23. Və Cəhənnəmin (yaxına) gətiriləcəyi gün-məhz o gün insan (tovhid həqiqətlərini, yaradılış və şəriət məqsədlərini) xatırlayar, amma bu xatırlamaqdan ona nə (fayda)?!

24. O: «Kaş ki, mən öz (əbədi) həyatım üçün əvvəlcədən (yaxşı əməllər) göndərmiş olaydım!»-deyər.

25. Beləliklə, o gün heç kim Onun (Allahın) əzabı kimi əzab verə bilməz! (Elə bir əzab ki, dünyada heç kim onun mislini edə bilməzdi).

26. Və heç kim Onun kimi zəncirləyə bilməz.

27. Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi–həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir),

28. Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq!

29. Mənim bəndələrimin zümrəsinə daxil ol!

30. Və Mənim Cənnətimə daxil ol!


Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə