OZAN DÜNYASI № 4(19), 2014
35
XVII əsrin sonlarından üzü bu yana məhsuldar bir şəkildə türk aşıq sənətinə
xidmət etmiş, bir-birindən gözəl ustad sənətkarlar yetişdirmiş, aşıq ədəbiyyatı
fonduna dəyərli poeziya və dastan nümunələri bəxş etmişdir. XIX əsrin
əvvəllərinə qədər tək bir üsul-idarənin – Osmanlı dövlətinin hüdudları içərisin-
də yaşamış bu aşıq sahəsi təəssüf ki, siyasi və milli zəmində olan çəkişmələr,
sərhədlərin yenidən çizilməsi və millətlərin köçlərlə yerdəyişməsi nəticəsində
bu gün yalnız Qars və Çıldır bölgəsində öz qədim ənənəsini davam etdirir.
Axıska, Ağbaba-Çıldır, Qars-Gümrü ərazisini əhatə edən bu aşıq mühi-
tinin vahidliyi pozulduqdan sonra istədiyi əraziyə maneəsiz gedib-gələ bilmiş
aşıqlar üçün bu vəziyyət yaradıcılıq və sənətkarlıq cəhətdən böyük çətinliklər
yaradırdı. Bunun nəticəsində də vahid aşıq məktəbi arasında qopmalar və
əlaqəsizliklər yaranmağa başladı.
Gürcüstana verilmiş Axıska bölgəsində 1944-cü ilə qədər öz fəaliyyətini
davam etdirmiş aşıq ənənəsi təəssüf ki, bu gün mövcud deyil. Tarixi türk tor-
paqları üzərində rus dəstəyi ilə qurulmuş Ermənistan adlanan ölkə ərazisində
qalmış Ağbaba hissəsində isə türk mədəniyyətinin daşıyıcıları və təbliğatçıları
olan aşıqlara təzyiqlər göstərilirdi və mümkün olduğu qədər ictimai həyatdan
sıxışdırılıb çıxarmaq prosesi gedirdi, nəhayət 1988-ci ildə Qarabağ savaşları
başladığı vaxt bütün türk əhalisinin Ermənistandan qovulması ilə bu aşıq məktə-
binin çox məhsuldar hissəsi hesab edilən Ağbaba qolu da tamamilə süqut etdi.
Günümüzdə qədim türk aşıq ənənəsinin tərkib hissəsi olmuş, amma çox az bir
qismiylə yaşamağa məcbur qalmış bu aşıq mühitinin əlimizdəki hissəsinin həyatda
qalması üçün Qars-Çıldır bölgəsinin aşıqlarının üzərinə böyük məsuliyyət düşür.
Bu gün klassik aşıq ənənlərindən uzaqlaşmış kimi görünsə də, aşıq-
şairlər, müasir ozanlar Qars və Çıldırda, ümumiyyətlə, şərqi Anadoluda yaşayır
və ifadə tərzi ilə, qədimdən bəri aşıq şeirində istifadə olunan tanış rədiflərlə,
poetik məzmun və ahənglə lirik və ictimai-siyasi şeirlər yaradırlar. Bu ozan-
lardan biri də şimal-şərqi Anadolu aşıq mühitinin yaşayan və yaradan aşıqla-
rından olan Sadiq Miskinidir.
Əsl adı Sait Küçük olan Miskini 1964-cü ildə Qarsın Qağızman bölgə-
sində dünyaya göz açdı, o, şimal-şərqi Anadolu aşıqlıq ənənəsi və poeziyası ilə
böyüdü, şeir yazmağa və saz çalmağa orta məktəb illərində başla-
dı. Yaradıcılığa sərbəst şeirlə başlayan Miskini zamanla saz çalmağa başlamış
və heca vəzninə yönəlmişdir. Axıcı bir dili və üslubu olan şair heca və qafiyəni
ustalıqla istifadə edə bilmiş, aşıq şeiri janrlarında al-əlvan mövzularda yüz-
lərcə şeir yaratmışdır.
Öz yazdığı şeirləri klassik aşıq havalarında və özünəməxsus orjinal hava-
larda çalıb-oxuyan ozanımız, həm də başqa sənətkarlara ilham mənbəyi olmuşdur.
Bu gün Sadık Miskini şeirlərinə müxtəlif sənətkarların bəstələdiyi mahnıları
OZAN DÜNYASI № 4(19), 2014
36
Türkiyənin məhşur müğənnilərindən olan Arif Sağ, Songül Karlı, Seher Dilovan,
İsmail Özden və s. tərəfindən oxunaraq geniş əks-səda doğurur.
Türkiyə mətbuatında şair-aşığın sənəti və yaradıcılığı haqqında kifayət
qədər məlumata rast gəlmək olar. Onun əsərləri tədqiq olunmuş, yaradıcılığı
haqqında məqalələr və kitablar yazılmışdır. Bölgəyə hakim olan Azərbaycan
dilinin yerli şivəsiylə yazıb yaradan aşığın adı Azərbaycan oxucusu üçün isə
yenidir.
Türk aşıq poeziyasına və klassik ədəbiyyata dərindən vaqif olan aşıq
Miskininin əruz vəzniylə də yazdığı məlumdur. O eyni zamanda klassik ədə-
biyatın bütün ölçülərinə cavab verən qəzəlləri ilə də şöhrət qazanmışdır:
Gündüz Qaf dağı ardında, çox yaxın canan gecələr,
Röyalarda anı mənə hey eylər ehsan gecələr.
Gecələr ki fürsəti-dəm, yarım ilə vüslatı-dəm
Hal beləykən necə deyim, qəm ilə hicran gecələr.
Şərqi Anadolu aşıqlıq ənənələri ilə yoğrulmuş şair xalqının bağlı olduğu
adət-ənənələrindən, yüksək əxlaqından və incə zəkasından məharətlə bəhrələ-
nərək yaradıcılığında istifadə etmişdir. Şairin həyata baxışının, estetik idealının
ünsürləri olan etibar, sədaqət, dostluq kimi bəşəri məziyyətlər şeirlərinin
aparıcı qayəsini təşkil etməkdədir:
Sevənlərə könül verdim,
Yola çevirdilər məni,
Damla belə deyil idim,
Gölə çevirdilər məni.
...Miskinini öyüddülər,
Dənə-dənə üyüddülər,
Dil bilməzdim, öyrətdilər,
Dilə çevirdilər məni.
Sadiq Miskini şeirlərini qəzəl, qəsidə, divani, qoşma, gəraylı, təcnis, cığalı
təcnis, divani, bayatı və s. vəzinlərdə yaratmişdir. Yaşadığı dövrün ictimai-siya-
si hadisələrinə biganə qala bilməyən ozanımız “taşlama” adlana xüsusi həcv
üslubundan da məharətlə istifadə etmiş, dövrünün, siyasi həyatın, qloballaş-
manın, insanların və s. neqativ hallarını çəkinmədən sazıyla və sözüylə tənqid
atəşinə tutmuşdur: