Dövlət və Din. 2009.№1(9). S. 97-103. DİNİ MƏDƏNİYYƏt və tolerantliq haqqinda həsənağa MƏMMƏDLİ



Yüklə 483,79 Kb.
Pdf görüntüsü
tarix19.10.2018
ölçüsü483,79 Kb.
#75175


Dövlət və Din.-2009.-№1(9).-S.97-103. 

 

DİNİ MƏDƏNİYYƏT VƏ TOLERANTLIQ HAQQINDA 

 

Həsənağa MƏMMƏDLİ, 

AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar 

İnstitutunun Dinin fəlsəfəsi şöbəsinin kiçik elmi işçisi 

 

İslam-xristian polemikasının orta əsrlər Xristian ədəbiyyatında böyük vüsət aldığının şahidi oluruq. 



Bu proses VIII əsrin axırlarından başlayaraq, IX və X əsrlərdəki Abbasilər dövrünü də əhatə etməklə çox 

geniş  yayılmışdır.  Bu  polemikalar  müxtəlif  ədəbi  formalarda:  məktublaşma  və  yaxud  geniş  disputlar 

şəklində aparılmışdır. Dövrün tələblərindən asılı olaraq bu polemikalar istər dini-ilahiyyat, istərsə də dini-

fəlsəfi və elmi xarakter daşımışdır. Buna misal olaraq, müqəddəs İohan Damaskinin mətnlərini, müsəlman 

filosofu  əl-Kindinin  «Üç  Üqnüm»  təliminin  inkarını,  xristian  Yəhya  ibn  Adinin  teoloji  cavablarını, 

həmçinin latin dünyasında çox tanınmış və xristian olmuş başqa bir əl-Kindi Əbd əl-Məsihin əsərlərini 

göstərmək olar. Bütün bu mətnlərdə rəqib dinin doqmalarının təməlləri müzakirə edilmişdir. Bu baxımdan, 

həm  «Üç  Üqnüm»  və  onda  ehtiva  olunan  ilahilik,  xaça  səcdə  olunma  və  günahların  silinməsi,  həm  də 

Məhəmmədin peyğəmbərliyi və Quranın vəhydən yazıldığı daim müzakirə obyekti olmuşdur. 

Hansı növdə olmasına baxmayaraq, bu polemikalar elə əslində bu günə qədər də təkrarlanaraq kəskin 

bir şəkildə bütün dünyada müxtəlif problemlərlə əvəz olunub, daha çox İslamı və Xristianlığı qarşı-qarşıya 

qoymuş, müsəlman aləmi ilə Qərb dünyası arasında ziddiyyətə çevrilmişdir. Bu problemə yenidən qayıdış 

məsələsi ənənəvi suallar kimi səciyyələndirilməsə də, Qərb aləmi son dövrlərdə həmin problemlərə xüsusi 

diqqət ayırmaqdadır. Xristianlıq Qərb sivilizasiyasını formalaşdırmaqda davam etsə də, monoteist bir din 

kimi tarixdə islam dininin tərəf-müqabili kimi fəaliyyət göstərmişdir. Bütün bunlar İslamda və Xristianlıqda 

ənənəyə və tarixi köklərə sadiqlik şəraitində davam etməkdədir. 

Müxtəlif  sivil  məkanlarda  fəaliyyət  göstərmiş  dinlər,  bu  areallardakı  müxtəlif  amillərin  təsirinə 

məruz qalaraq bunlara qarşı gah radikal, gah alternativ, gah da rəqabət mövqeyində durmuşlar. Bütövlükdə, 

adətən,  bunu  «modernizm»  adlandırırlar.  Müasirləşmə  kimi  modernizmin  bəlkə  də  vacib 

xüsusiyyətlərindən biri onun sekulyar xarakter daşımasındadır. Halbuki, avtonomluq və fərdiləşmə prosesi, 

tənqid  və  daimi  «şübhələr»,  bütün  bunlar  vaxtı  ilə  modernizm  dövrünün  yaranmasına  səbəb  olmuşdur. 

Bunun nəticəsi olaraq, insanın dünyada öz yerini tapa bilməməsi, sekulyarlaşma və s. bütün bunlar dinlərin 

qarşıdurması  kimi,  dinlə  (dinlərlə)  razılaşmamaq  və  ya  hətta  onu  mübarizəyə  çağırmaq  kimi  başa 

düşülmüşdür. 

Konkret  tarixi  şəraitə  münasibətdə  yanılmamaqdan  ötrü,  əsrlər  boyu  formalaşmış  ənənələrə 

baxmayaraq, dinlərin özünü dərk etməsi, ətraf aləmə xüsusi məmnunluqla yanaşması və sekulyar şəraitin 

tələblərinin  mahiyyətlərində  əks  olunması  müəyyənləşdirilməlidir.  Bu  heç  də  о  demək  deyildir  ki, 

modernizmdən  uzaqlaşmaq  lazımdır,  çünki  mümkün  ola  biləcək  konfliktlər  narahatçılığa,  təşvişə  səbəb 

olur. Ola bilər ki, dinlərin modernizmdən «fərqliliyi» özlərinin identikliyindən asılı olmasın. Modernizm 

nəticəsində dinlərə heç bir xələl gətirmədən mövcud mövqelər korrektəyə məruz qala bilər. Digər tərəfdən, 

apriori  istisna  olunmur  ki,  dinləri  fərqləndirən  komponentlər  ola  bilsin  ki,  müasir  dövrün  tələblərinə 

baxmayaraq, öz ənənəviliyi ilə səciyyələnə bilər. Dinlərin bu gün qarşılaşdığı təhdidlər və təxribatlar onun 

mövcudluğuna kölgə salmasına baxmayaraq, əksinə, belə bir hal çıxış yolu kimi dinlərin yeniləşməsinə 

şərait yaratmış olur. 

Dinlər  böyük  potensiala  malikdirlər.  Onların  uzun  tarixi  inkişaf  dövrü  olmuşdur.  Xüsusən  də 

monoteist  dinlər  qədim  inanclardan,  mifologiyalardan  qaynaqlanmış,  uzun  müddətli  təkamül  yolu 

keçməklə, müxtəlif zaman və məkanda trasformasiyaya uğramaqla özlərini klassik qəlibə salmışlar. Yəni 

din təkmilləşərək insanların dünyəvi və mənəvi tələbatlarını təmin etməyə yönəlmişdir. Lakin insanların 

mənəvi hakimiyyətinə çevrilə biləcək dini ehkamların heç də siyasətdən tam azad olduğuna rast gəlinmir. 

Dinin ilahi məzmununun və təyinatının daim təhrif olunması həmişə müşahidə edilməkdədir. Təəssüflər 

olsun ki, indinin özündə də siyasi konyukturanın süni surətdə dinləri bir-birinə qarşı qoymaqla dini və milli 

zəmində münaqişə ocaqları yaratması danılmaz bir haldır. 

Dinin çox güclü təsir vasitəsi olduğu inkaredilməzdir. Çünki din cəmiyyətdə hər bir insanın mənəvi 

istinadgahıdır. Din ona inanan insanların şüur süzgəcindən keçərək, onlara həyata münasibətdə ümid verə 

biləcək bir sosial fenomendir. Burada sakrallıq əsas götürülərək, riyakarlıq, haramlıq kimi mənəvi qüsurlara 

sədd çəkilir. Deməli, niyyəti düz olan insan dindən yararlana bilər. Yaradana xidmət etmək bu qəbil insanlar 

üçün böyük hikmət kəsb edir. Tanrıya xidmət etməklə, yəni dini normalara və ehkamlara sadiq qalmaqla 

insan öz səadətinə, əminliyinə qovuşa bilər. Dinin cəmiyyətdə oynadığı psixoloji rolundan irəli gələrək, 




Tanrıya inanmış insan dində mətinlik, səbrlilik, iradəlilik və başqasına itaət etməmək kimi keyfiyyətlərə 

yiyələnə bilər. Çünki belə bir insan öz mənəvi-əxlaqi simasını Tanrıdan gəlmiş dəyərlər əsasında qurduğuna 

əmin olur. Öz növbəsində belə bir insan Tanrının ona verdiyi dərin mənəviyyat qarşısında səcdə etməyə 

başlayır. 

Mövzudan kənarlaşmamaq üçün, demək yerinə düşərdi ki, din siyasətə qoşulmamalı, nə də, onun 

əlində  qorxulu  bir  vasitəyə  çevrilməməlidir.  Əksinə,  dini  dəyərlər  siyasi  oyunların  qurbanı  olmayıb, 

siyasətin  saflığını  və  mənəvi  təyinatını  qoruyaraq,  cəmiyyətə  özünü  bu  formatda  təqdim  etməlidir. 

Müasirlik kontekstində geniş spektrdə problemlərə toxunaraq mənbəyə, adət-ənənəyə sadiq və yeniliyə açıq 

olmaqla İudaizm, Xristianlıq və islam haqqında düşüncələr və onların qarşılıqlı əlaqəsi, mütləq, çox sayda 

tədqiqatlar,  görüşlər,  fikir  mübadiləsi  və  debatlar  yaradacaqdır.  Hərgah  din  özünün  əbədi  mənbəyinin 

təşkiledicilərinə sadiq qalmaqla onlara böyük məsuliyyətlə yanaşmasa və gələcəyə böyük ümidlə müasir 

dövrün dinlərin qarşısına qoyduğu suallara «açıqlıq» göstərməsə, dinin mövcud olmağa heç birşansı qalmır. 

Hərçənd bu suallar sırf dünyəvidirsə, onda, şübhəsiz, dinə qarşı mütləq tənqid olacaqdır. 

Bizim  diqqət  yetirəcəyimiz  dinlər  əsasən  «Kitab  dinləri»  (bəzən  də  onları  «İbrahimi  dinlər»  də 

adlandırırlar) olacaqdır. Burada eyni zamanda, həm İslama, həm də ona yaxın olan iki dinə – iudaizmə və 

Xristianlığa müraciət edərək istərdik ki, «mənbələrə sədaqət – yeniliyə açıqlıq» probleminə bu üç dinin 

qarşılıqlı  münasibəti  kontekstində  toxunaq.  Məhz  «qədim  və  yeni»nin  qarşılıqlı  əlaqəsində  Xristianlıq 

İudaizmə  münasibətdə  özünü  müəyyən  etmişdir.  Bu,  zaman  etibarı  ilə  özündən  qabaq  mövcud  olmuş 

dinlərlə – İudaizm və Xristianlıqla – üzbəüz dayanmış islam dininə də aiddir. 

Müasir dünya bütün dinləri qloballaşmaq zəminində düşünməyə vadar edir. Əsasən də monoteist 

dinlərin kəsişmə nöqtələrini, bir-birini ehtiva etməsini əldə rəhbər tutaraq müasir problemlərin həll edilməsi 

məqsədəuyğun olardı. Bu zaman müzakirə nəinki tarixi. Statistik tədqiqat və ya formal təhlil olar, həmçinin, 

geniş  fəlsəfi  təhlil  şəklini  də  ala  bilər.  Bu  mənada  ən  azı  dörd  tip  qiymətləndirmə  meyarının  olması 

labüddür. 

Hər şeydən əvvəl, tarixi səciyyə daşıyan meyarqeyd olunmalıdır. Çünki yuxarıda sözügedən dinlər 

Vahid Tanrını  qəbul  etmiş  monoteist  dinlərdirlər.  Bəlkə  də,  bu  dinlərin ilk  qaynaqlarına  daha  obyektiv 

yanaşma qarşılıqlı münasibətlərdə dialoqa daha da çox şans vermis olardı. 

İkinci  meyar  epistemoloji -  hermenevtik  xarakter  daşımalıdır.  Çağdaş  problemlərin  həll  edilməsi 

geniş perspektivlər açdığı kimi, biz təkcə keçmişi yenidən «oxumaq»la kifayətlənməyib, onun nəticələrini 

təhlil edərək tarixi dərk edə bilərik. 

Konkret  olaraq  tarixi  təcrübəyə  müraciət  edərək  bizə  gəlib  çatmış  dini  ənənələrdə  yaşadığımız 

dövrün və gələcəyin qarşımıza çıxartdığı suallara ekzistensial səpkidə cavab tapa bilərik. Bu zaman yeniliyə 

«açıqlıq» prinsipi, eyni zamanda keçmişə münasibətdə «sadiqliyimizi» də istisna etməməliyik. 

Üçüncü  meyar  etik  səciyyə  daşıyaraq  insanlararası  münasibətlərdə  dinlərin  bu  aspektinə  diqqət 

yönəltmiş olur. Dinlər cəmiyyətdə əxlaqi məsələlərə münasibətdə hegemon rol oynadıqlarından, buradakı 

insanları  əxlaqi  prinsiplər  əsasında  birləşdirən  məqamlar  önə  çəkilməlidir.  Belə  ki,  bəşəriyyətin  vahid 

başlanğıcını qeyd etmiş monoteist dinlərdə bütövləşməyə meyl etmək daha böyük önəm kəsb etməkdədir. 

Dördüncü meyar – monoteist dinlərin tarixi inkişaf yolu, yəni təkamül yolu sinkretik xarakter daşıyır. 

Çünki bu, dinlərin mahiyyətindən təzahür etmiş bir haldır. 

Dini  sinkretizm  dünya  xalqlarının  dini  təsəvvürləri  üçün  xarakterik  hal  olub,  müxtəlif  dini 

elementlərin  tarixi  sintezi  olmuşdur.  Bu  mənada,  her  bir  dini  strukturun  formalaşması  və  tarixi 

transformasiyası  –  müxtəlif  dini  sistemlərin  qarşılıqlı  fəaliyyətinin  mürəkkəb  sintetik  prosesi  kimi  də 

nəzərdən  keçirilə  bilər.  Dialoqa  imkan  yaradan  bu  məqam,  başqa  sözlə  deyilsə,  dinlərin  «qohumluq» 

münasibətlərinin olduğunu, yəni «doğma» cəhətlərinin kifayət etdiyini ifadə edir. Buna misal olaraq, islam 

ənənəsinə  görə,  Məhəmməd  Peyğəmbərin  yeni  birdin  gətirmədiyini  göstərmək  olar.  İslam  Peyğəmbəri 

bütün  həyatı  boyu  hamını  «bəşəriyyətin  atası»  adlandırılan  Adəm  Peyğəmbəri,  yəhudi  və  xristian 

ənənələrinin birmənalı qəbul etdikləri İbrahim Peyğəmbəri «Hənif» (təktanrılıq) dininə dəvət etmişdir. Bu, 

müqəddəs Qurani-Kərimdə də öz əksini tapmışdır: «(Ya Məhəmməd) de ki: Allah doğru buyurmuşdur. Ona 

görə də hənif olan ibrahim dininin ardınca gedin, çünki o, Allaha şərik qoşanlardan deyildi» («Ali-İmran», 

ayə 95). «(Ya Məhəmməd) sənə: «Batildən haqqa tapınaraq müşriklərdən olmayan İbrahimin dininə tabe 

ol!» – deyə vəhy etdik» («ən-Nəhl». ayə 123). 

Müxtəlif tarixi dövrlərdə mürəkkəb dini-siyasi münasibətlərin girovuna çevrilmiş bu dinlərin həqiqi 

mahiyyəti təhrif olunaraq, fikrimizcə, xeyirxah missiyaları hələ də tam açıqlanmamışdır. Halbuki, bunu 

etmək qarşıda duran vacib məsələlərdəndir. Xüsusən də, monoteist dinlərdə Tanrı obrazının insanları bir-

birinə qarşı məsuliyyətli olmağa çağırdığını, buna sövq etdiyini unutmaq olmaz. Bu mənada dinlər tarixən, 

insanların  iztirablardan  qurtulmağın  yollarını  araşdırıb  göstərməklə  səciyyələnmişdirlər.  Bu  dinlərdəki 

Tanrının xilasedici iradəsinin təbliği insanlara əminlik və ritah gətirəcək mühüm məqamlardandır. 



Dinlərin dialoqundan bəhs edərkən, «tolerantlıq» ideyası ətratında yaranmış fikir mübadiləsinə də 

münasibət bildirmək istərdik. Dini dözümlülük mənasını daşıyan, Qərb mənşəli «tolerant» anlayışı latın 

sözüdür. Halbuki, fikrimizcə, bu terminin İslam dininə aid edilməsi qətiyyən düzgün deyildir. Axı İslam 

dini əqidəsinə. şəriətinə görə, səmavi kitab əhlinə daim hörmət və diqqətlə yanaşmaq mühüm tələblərdən 

biri sayılır. Məsələn, Qurani-Kərimdə bir çox buna aid ayələri misal göstərmək olar: «İman gətirənlərdən 

musəvi (Yəhudi), isəvi (Xristian) və sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inananların və yaxşı iş 

görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamətdə) onların heç bir qorxusu yoxdur və onlar gərgin 

olmazlar» (Bəqərə, ayə 62). Fikrimizcə, elə bu, sadəcə dini dözümlülük olmayıb, islamın özündən irəli 

gəlmiş bir mədəniyyətdir. Bunu tolerantlıqdan daha çox «dini mədəniyyət» adlandırmağın tərəfdarı olub, 

İslamın bütün monoteist dinlərə qarşı loyal olduğunu vurğulamaq istərdik. Bəlkə də ona görədir ki, islam 

tarixən başqa dinlərə qarşı müsbət yanaşdığından qarşılıqlı rəğbət qazanıb və qısa zaman ərzində dünyanın 

her yerinə çox böyük sürətlə yayılmışdır. Halbuki, dinlərdə tolerantlıq axtararkən, sanki bu dinlərin ilahi 

mahiyyəti kölgədə qalmış olur. Buna görə də, «tolerantlıq» sözünün, «dini mədəniyyət» söz birləşməsi ilə, 

yaxud dini mədəniyyət ənənələri adlandırmaqla və i.a. əvəz edilməsini məqbul sayaraq, bununla dinlərin 

etik məzmununun düzgün izah edildiyi fikrindəyik. 

Konkret  olaraq  bu  «qohum»  dinlərin  mahiyyətində  məhz  Tanrının  təqdir  etdiyi  dini  mədəniyyət 

durduğundan, şübhə etmirik ki, monoteist dinlərin dialoqunun alınmasına da böyük ümidlər vardır. 

Bəli, biz ritorikaya qapılmayaraq deyə bilərik ki, qarşılıqlı ittihamlar, bir-birini danmalar tarixin çox 

kədərli, təəssüfdoğurucu səhifələrindən olmuşdur. Bu xətti IX əsr ərəb mətni ilə verilmiş xristian Əbd əl-

Məsih əl-Kindidən başlayaraq, XIII əsrdə yaşamış məşhur Xristian alimi Foma Akvinski («Bütpərəstlərə 

qarşı dəlillər») inkişaf etdirmiş və bu tendensiya müasir dövrdə də özünü büruzə verməkdədir. Lakin ədalət 

naminə demək lazımdır ki, tarixdə başqa yanaşmalar da yer almışdır. Məsələn, II Vatikan Ali Məclisində 

İslama qarşı fərqli mövqe nümayiş etdirərək, o, İbrahimi din kimi qəbul edilərək, İncil ənənələrinə uyğun 

hesab  olunmuşdur.  Dinlər  müxtəlif  tarixi  dönəmlərdə  siyasi  vasitəyə  çevrildiklərindən  belə  ziddiyyətli 

vəziyyətlərə rast gəlmək olar. 

Arnold  Toynbinin  fikrini  davam  etdirmiş  və  araşdırmış  Samuel  P.  Hantinqton  (Harvard 

Universitetinin  Strateji  Araşdırmalar  Mərkəzinin  direktoru)  «Sivilizasiyaların  toqquşması»  kitabında 

sivilizasiyalardan  danışanda  onları  dini  prinsiplər  əsasında  bölərək  –  müsəlman,  hinduist,  konfutçist, 

slavyan-pravoslav  kimi  müəyyən  etmişdir.  Həqiqətən  də,  dünya  siyasətində  dinlərin  fundamental  rol 

oynadıqları inkaredilməz bir faktdır: «Müasir dünyada din mərkəzi qüvvə hesab edilir, məhz «Qüvvə» ona 

görə ki, insanlara arqumentlər verərək, onları səfərbəredir… Nə siyasi ideologiyalar, nə də iqtisadi maraqlar 

insanlar üçün əsas deyildir. Bu iman və ailə, qan və dindir ki, insan özünü identikləşdirir, onun uğrunda 

döyüşür və ölür» (1). 

Bütün bunları təhlil edərkən Jak Delor (Avropa İqtisadi Birliyinin sabiq komissiya sədri) belə bir 

fikir söyləmişdir ki, «Hətta Xristianlıq və İslam kimi dinlər tarix boyu konfliktdə olmuş olsalar da, istər 

dinlərində, istərsə də etikada böyük oxşarlıqları vardır. Bu da ümid verir ki, dinlər və sivilizasiyalar arasında 

ixtilaflar  həmişə  olsa  da,  vacib  deyildir  ki,  toqquşmaya,  yəni  hərbi  konfliktə  gətirib  çıxartsın.  Sülh 

mümkündür» (1). 

Son zamanlar Qərb ölkələrində hökm sürən bir tendensiyanı belə formalaşdırmaq olar: «Dinlərarası 

sülh olmasa, sivilizasiyaların müharibəsi olacaqdır. Onu da bilin ki, dinlərarası dialoq olmasa, dinlərarası 

sülh də olmayacaqdır. Dinlərin fundamental tədqiqi olmasa, dinlərarası dialoq da olmayacaqdır» (2). 

Bir  çox  alimlər  ilk  növbədə  monoteist  kitab  dinlərinin  müasir  dünyada  bəşəriyyət  qarşısında 

məsuliyyətlərini  dərk  etmələrini  istəyirlər.  Bu  da  onun  dərkinin  mənbələrə  sadiqliyindən  və  «açıq» 

dialoqundan  asılıdır.  Məsuliyyət  dinlərə  keçmiş  səhvlərini  və  başqa  dinlərə  qarşı  «dözümlülüyünü» 

xatırladır. Bu dinlərdən özünüdərkin düzgün qurulmasını tələb edir (tarixi yanaşma). Bu dinlərin səhvləri 

əsasında yaranan ideoloji aspektlər özünüdərkin düzgün istiqamətdə getməməsi ilə qarşı-qarşıya qoyulur. 

Buna  baxmayaraq,  dinlərin  üzərinə  qoyulan  məsuliyyət  insanların  həyatına  laqeydliyi  inkar  edir.  Onlar 

təhlükə qarşısında qalanda və problemlər yarananda din buna həssaslıqla yanaşmalıdır. Bu müdaxilə çox 

dəyərli, hətta onların həyatında həlledici rol oynaya bilər (hermenevtik problem). Məsuliyyət hər vasitə ilə 

dinləri  onlara  məxsus  olan  daha  önəmli  işlərə  sövq  etdirməli,  insaniyyətə  ləyaqətlə  xidmət  etməyi 

sevdirməli və özlərinə inamı gücləndirməlidir (etik cağırış). 

Dinin  tədqiqində  çətinlik  törədən  amillərdən  biri  də  odur  ki,  həmişə  onun  daxilində  müxtəlif 

dəyişikliklər  baş  verir  və  bu  dəyişikliklər  müəyyən  məqama  qədər  deformasiyaya  uğramır,  lakin  sonra 

daxili  və  xarici  təsirlərə  məruz  qalaraq  onların  sabitliyini  zəiflədir.  Onun  daxilində  axan  müxtəlif  dini 

cərəyanlar  dinin  əsasını  zəiflətməməlidir.  Dini  plyurializm  dini  demokratiyaya  gətirib  çıxaracaq,  bu  da 

özlüyündə dini və dünyəvi dəyərlərin simbiozunu yaradacaqdır (Sinkretik yanaşma). 




Bu fikirlərlə razılaşıb, dinlərarası dialoqlarda siyasi maraq və mənfəətlərin deyil, elə dindəki ilahi 

mahiyyətin  önə  çəkilməsinin  zəruriliyini  qeyd  etmək  istərdik.  Dinin  mahiyyətindən  irəli  gələn  belə  bir 

yanaşma müxtəlif dinlərdə olduğu kimi, bu dinə sahib insanların da yaxınlaşmalarına, sülhlə yaşamalarına, 

qarşılıqlı hörmət bəsləmələrinə gətirib çıxaracaqdır. 



 

ƏDƏBİYYAT 

1. S.P.Huntinqton. The clash of civilization? Foreign Affairs 72, 1993, p.22-49. 

2.  Христианство,  Иудаизм  и  Ислам:  Верность  и  открытость/  Ред.  Жозеф  Доре/.  М., 

Библейско богословский институт св. апостола Андрея 2004, с.247. 

З.А. Toynbee. The Study of History. Т. 1-12. Oxford. 1934-1961. 

4. Qurani-Kərim, Bakı. Azərnəşr. 1992. 

5. Библейская Энциклопедия – Архимандрит Никифор. М.. 1891. 

6. Оливер Пимен. Введение в классическую исламскую философию. М Весь мир, 2007, с. 280. 

7. Артур Пикок. От науки к Богу: Новые грани восприятия религии. М. Фаир-Пресс, 2002, с. 

304. 

8. Джулиан Хаксли Религия без откровения. М.. Знание. 1992. с. 62. 

9. Конрад Н.И. Запад и Восток. М., Наука, 1972, с. 344. 

10. Айзек Азимов. Ближний Восток. История десяти тысячелетий М 2006, с. 319. 

11. Ziya Bünyadov. Dinlər, təhqətlər, məzhəblər. Bakı. «Azərbaycan» 1997 287 s. 

12. Hüseyn Əlizadə. İnsan fəlsəfəsi. Bakı., «Nurlan», 2003, 121 s. Bayındır A. Din və dövlət ilişkiləri. 

İstambul., «Eminoğlu», 1999, 124 s. 

13. Heydər Bammat. Qərb mədəniyyətinin inkişafında müsəlmanlann rolu Bakı., 1994, 352 s. 

 

Yüklə 483,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə