Dövlət satınalmaları haqqında



Yüklə 128,38 Kb.
səhifə22/50
tarix09.03.2023
ölçüsü128,38 Kb.
#102166
növüQaydalar
1   ...   18   19   20   21   22   23   24   25   ...   50
245-IIQ Dövlət satınalmaları haqqında

ŞİKAYƏT VERİLMƏSİ


Maddə 55. Şikayət vermək hüququ

55.1. Satınalan təşkilatın bu Qanunla müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının) qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şikayət vermək hüququ vardır.


55.2. Bu Qanuna görə aşağıdakılar şikayət obyekti ola bilməz:
55.2.1. satınalma metodunun seçilməsi;95
55.2.2. satınalma prosedurlarının dövlət mənsubiyyətinə görə məhdudlaşdırılması;
55.2.3. satınalan təşkilatın bütün tender təkliflərini, ofertaları və ya kotirovkaları rədd etmək qərarı;


Maddə 56. Satınalan təşkilata və ya təsdiq edən orqana şikayət

56.1. Satınalma müqaviləsi qüvvəyə minənə qədər, şikayət yazılı şəkildə satınalan təşkilatın rəhbərinə verilir (əgər şikayət satınalan təşkilatın hər hansı hərəkəti, qərarı və ya istifadə etdiyi prosedurla bağlıdırsa və həmin hərəkət, qərar və ya prosedur bu Qanuna müvafiq surətdə hər hansı orqan tərəfindən təsdiq edilmişdirsə, şikayət bu orqanın rəhbərinə verilir).


56.2. Şikayət ona əsas vermiş hallardan malgöndərənin (podratçının) xəbər tutduğu və ya xəbər tutmalı olduğu vaxtdan 15 bank günü keçdikdən sonra verilmişdirsə, satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbəri şikayətə baxmır.
56.3. Şikayət onu vermiş malgöndərən (podratçı) ilə satınalan təşkilat arasında qarşılıqlı razılaşma yolu ilə aradan qaldırıla bilinmirsə, satınalan təşkilatın (və ya təsdiq edən orqanının) rəhbəri həmin şikayətin verildiyi vaxtdan 20 bank günü (bu Qanunun 50-1-ci maddəsinə əsasən keçirilən satınalmalara münasibətdə isə 10 bank günü) ərzində yazılı qərar çıxarır, qərarda onun səbəbləri əsaslandırılır və şikayət tam və ya qismən təmin edilirsə, vəziyyətin düzəldilməsi üçün görüləcək tədbirlər göstərilir.96
56.4. Satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbəri bu Qanunun 56.3-cü maddəsində göstərilən müddət ərzində qərar çıxarmırsa, şikayəti vermiş malgöndərən (podratçı və ya satınalan təşkilat) bundan dərhal sonra 57 və ya 60-cı maddələrə uyğun şikayət vermək hüququ qazanır. Belə şikayət verildikdən sonra satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbəri şikayətə baxmaq səlahiyyətini itirir.
56.5. Bu Qanunun 57-ci və ya 60-cı maddələrinə uyğun şikayət verilmirsə, satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbərinin qərarı qəti qərar sayılır.


Maddə 57. İnzibati qaydada şikayət vermə

57.1. Bu Qanunun 55-ci maddəsinə uyğun şikayət vermək hüququ olan malgöndərən (podratçı) aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanına şikayət verə bilər:


57.1.1. satınalma müqaviləsinin qüvvəyə minməsi səbəbindən şikayət 56-cı maddəyə uyğun verilə bilməzsə və ya şikayətə həmin maddəyə uyğun baxıla bilməzsə (bu şərtlə ki, şikayət ona əsas vermiş hallardan malgöndərənin (podratçının) xəbər tutduğu və ya xəbər tutmalı olduğu vaxtdan 15 bank günü keçənədək verilsin);
57.1.2. satınalma müqaviləsinin qüvvəyə minməsi səbəbindən satınalan təşkilatın rəhbəri şikayətə baxmırsa (bu şərtlə ki, şikayət ona baxılmaması haqqında qərar çıxarıldıqdan sonra 15 bank günü ərzində verilsin);
57.1.3. bu Qanunun 56.4-cü maddəsinə müvafiq surətdə (bu şərtlə ki, şikayət 56.3-cü maddədə göstərilən müddət qurtardıqdan sonra 15 bank günü ərzində verilsin);
57.1.4. həmin malgöndərən (podratçı) satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbərinin bu Qanunun 56-cı maddəsinə uyğun çıxardığı qərar nəticəsində zərərə düşdüyünü iddia edirsə (bu şərtlə ki, şikayət qərar çıxarıldıqdan sonra 15 bank günü ərzində verilsin).
57.2. Müvafiq icra hakimiyyəti orqanı şikayəti aldıqdan sonra dərhal bu barədə satınalan təşkilata (və ya təsdiq edən orqana) bildiriş göndərir.
57.3. Müvafiq icra hakimiyyəti orqanı şikayəti rədd etmirsə, aşağıdakı hüquqi müdafiə vasitələrindən birini və ya bir neçəsini tövsiyə edə bilər:
57.3.1. şikayətin predmetinə aid məsələləri tənzimləyən hüquq normalarını və ya prinsiplərini müəyyənləşdirmək;
57.3.2. satınalan təşkilata qanunsuz hərəkətlər etməyi və ya qanunsuz qərarlar qəbul etməyi və ya qanunsuz prosedurlar tətbiq etməyi qadağan etmək;
57.3.3. qanunsuz hərəkətlər etmiş və ya qanunsuz prosedurlar tətbiq etmiş və ya qanunsuz qərarlar qəbul etmiş satınalan təşkilatı qanuni hərəkət etməyə və ya qanuni prosedurlar tətbiq etməyə və ya qanuni qərar qəbul etməyə məcbur etmək;
57.3.4. satınalan təşkilatın qanunsuz hərəkətini dayandırmaq və ya qanunsuz qərarını tam və ya qismən ləğv etmək;
57.3.5. satınalan təşkilatın qanunsuz qərarına yenidən baxmaq və ya onun əvəzinə öz qərarını qəbul etmək;
57.3.6. kompensasiya ödənilməsi barədə iddia qaldırmaq;
57.3.7. satınalma prosedurlarına xitam verilməsi barədə sərəncam vermək.
57.4. Müvafiq icra hakimiyyəti orqanı baxılan şikayət üzrə 20 bank günü (bu Qanunun 50-1-ci maddəsinə əsasən keçirilən satınalmalara münasibətdə isə 10 bank günü) ərzində yazılı qərar çıxarır, həmin qərarda onun səbəblərini əsaslandırır və təqdim edilmiş hüquqi müdafiə vasitələrini göstərir (əgər belə müdafiə vasitələri təqdim edilirsə).
57.5. Bu Qanunun 60-cı maddəsinə müvafiq surətdə iddia verilmirsə, belə qərar qəti qərar sayılır.


Maddə 58. Bu Qanunun 56 və 57-ci maddələrinə uyğun verilmiş şikayətlərə baxılması zamanı tətbiq olunan bəzi normalar

58.1. Bu Qanunun 56 və 57-ci maddələrinə uyğun şikayət verildikdən dərhal sonra satınalan təşkilatın (və ya təsdiq edən orqanın) və ya müvafiq icra hakimiyyəti orqanının rəhbəri satınalma prosedurlarında iştirak edən və bu şikayətə aidiyyəti olan bütün malgöndərənlərə (podratçılara) şikayətin verilməsi və onun məzmunu barədə bildiriş göndərir.


58.2. Şikayət verilməsi prosedurları nəticəsində maraqlarına toxunulan və ya toxunula bilən hər hansı malgöndərənin (podratçının) və ya dövlət orqanının şikayət vermək hüququ vardır. Şikayət etməmiş malgöndərən (podratçı) sonradan eyni tələblə müraciət hüququndan məhrum olur.
58.3. Satınalan təşkilatın (və ya təsdiq edən orqanın) və ya müvafiq icra hakimiyyəti orqanının rəhbərinin qərarının bir nüsxəsi qərar çıxarılmasından 1 bank günü keçənədək şikayəti vermiş malgöndərənə (podratçıya), satınalan təşkilata və şikayətin baxılmasında iştirak etmiş hər hansı digər malgöndərənə (podratçıya) və ya dövlət orqanına göndərilir. Bu Qanunun 50-1-ci maddəsinə uyğun olaraq keçirilən satınalma zamanı bu barədə məlumat dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim edilir.97


Maddə 59. Satınalma prosedurlarının dayandırılması

59.1. Bu Qanunun 56 və 57-ci maddələrinə uyğun vaxtında verilən şikayət əsaslı olduqda, şikayətin araşdırılması məqsədi ilə satınalma proseduru 7 bank günü müddətinə dayandırılır. Şikayətə satınalma prosedurlarının dayandırıldığı müddət ərzində baxılır.


59.2. Satınalma müqaviləsi qüvvəyə mindiyi halda, bu Qanunun 57-ci və 59.1-ci maddələrinə uyğun, habelə vaxtında verilən şikayət əsasında iddianı araşdırmaq məqsədi ilə satınalma müqaviləsinin icrası 7 bank günü müddətinə dayandırılır.
59.3. Şikayət vermiş malgöndərənin (podratçının) hüquqlarının təmin edilməsi məqsədi ilə və ya şikayətə baxılması prosedurlarının başlanması üçün satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbəri satınalma prosedurlarının bu Qanunun 59.1-ci maddəsinə uyğun dayandırılması müddətini, müvafiq icra hakimiyyəti orqanının rəhbəri isə 59.2-ci maddəyə uyğun dayandırılması müddətini şikayət verilməsi prosedurları başa çatanadək, lakin ən çoxu 15 bank gününədək uzada bilər.
59.4. Satınalan təşkilatın bu maddəyə uyğun qəbul etdiyi bütün qərarlar, onların qəbul edilməsi əsasları və şərtləri satınalma prosedurları haqqında hesabata daxil edilir.


Maddə 60. Məhkəmə qaydasında şikayət

Azərbaycan Respublikasının məhkəmələri bu Qanunun 55-ci maddəsinə uyğun irəli sürülmüş iddialara, şikayətə baxan orqanların qərarlarından verilmiş şikayətlərə və ya həmin orqanların bu Qanunun 56, 57 və 59-cu maddələrində müəyyənləşdirilmiş müddətlərdə qəbul etmədikləri qərarlara məhkəmə qaydasında baxılmasında səlahiyyətlidirlər.




Maddə 61. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasında təqsiri olanlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar.




Maddə 62. "Tender haqqında" Azərbaycan Respublikası Qanununun qüvvədən düşməsi

Bu Qanunun qüvvəyə minməsi ilə "Tender haqqında" Azərbaycan Respublikası Qanunu qüvvədən düşmüş hesab edilir.




Maddə 63. Qanunun qüvvəyə minməsi

Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.





Yüklə 128,38 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə