Dövlət əmlakının özəlləşdirilməsi haqqında


Açıq tipli səhmdar cəmiyyətinə çevrilən dövlət müəssisələrinin səhmlərinin əmək kollektivinə güzəştli satışı haqqında ƏSASNAMƏ



Yüklə 291,94 Kb.
səhifə2/4
tarix27.03.2018
ölçüsü291,94 Kb.
#35218
1   2   3   4

Açıq tipli səhmdar cəmiyyətinə çevrilən dövlət müəssisələrinin səhmlərinin əmək kollektivinə güzəştli satışı haqqında
ƏSASNAMƏ


I. ÜMUMİ MÜDDƏALAR

1.1. Bu Əsasnamə "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na (bundan sonra - II Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və açıq tipli səhmdar cəmiyyətinə çevrilən dövlət müəssisələrinin səhmlərinin əmək kollektivinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışının həyata keçirilməsi qaydalarını müəyyən edir. 

1.2. Səhmlərin güzəştli satışı həmin səhmlərin özəlləşdirmə çeklərinə dəyişdirilməsini nəzərdə tutur.

1.3. Səhmlərin güzəştli satışını özəlləşdirilən müəssisədə yaradılan özəlləşdirmə komissiyası həyata keçirir.



II. SƏHMLƏRİ GÜZƏŞTLİ ALMAQ HÜQUQU OLAN ŞƏXSLƏR

2.1. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və II Dövlət Proqramına uyğun olaraq dövlət müəssisəsinin özəlləşdirilməsi zamanı səhmləri güzəştli almaq hüququ aşağıdakılara aid edilir:

əsas iş yeri həmin müəssisə hesab edilən işçilərə;

Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həmin müəssisədə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslərə;

özəlləşdirmənin müəssisədə 7 (yeddi) ildən çox çalışmış və həmin müəssisədən pensiyaya çıxmış şəxslərə;

1995-ci il yanvarın 1-dən sonra işçilərin sayı və ştatların ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz statusu almış şəxslərə.



III. GÜZƏŞTLƏ SATILAN SƏHMLƏRİN ÜMUMİ HƏCMİ

Əmək kollektivinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışa yönəldilən səhmlərin həcmi II Dövlət Proqramına müvafiq olaraq səhmdar cəmiyyətinin səhmlərinin 15 faizi həcmində müəyyən olunur.



IV. SƏHMLƏRİN GÜZƏŞTLİ SATIŞI QAYDALARI

4.1. Səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındıqdan və səhmləri buraxıldıqdan sonra müəssisəni özəlləşdirmə komissiyası özəlləşdirmə haqqında qərar qəbul etmiş orqanın müəyyən etdiyi vaxtda səhmlərin güzəştli şərtlərlə satışının təşkilinə başlamağa borcludur.

Səhmlərin güzəştli satışı haqqında məlumat satışın keçirildiyi gündən azı 30 (otuz) gün əvvəl komissiya tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetində dərc olunmalıdır.

Məlumatda aşağıdakılar göstərilməlidir:

səhmlərin güzəştli satışı qaydaları və müddəti;

səhmdar cəmiyyətinin nizamnamə kapitalı;

güzəştlə satılan səhmlərin ümumi sayı;

güzəştli satışda iştirak etmək hüququ olan şəxslərin sayı;

səhmin nominal dəyəri;

sifarişlərin verilmə qaydası.

Səhmlərin güzəştli satışı 25 (iyirmi beş) gün müddətində başa çatmalıdır.

4.2. Səhmlərin güzəştli satışı aşağıdakı qaydada həyata keçirilir:

müəssisənin özəlləşdirmə komissiyası tərəfindən səhmləri güzəştli satın almaq hüququ olan şəxslərin tam siyahısı tərtib edilir;

işçilərin hər birinin özəlləşdirmə komissiyasına təqdim edəcəkləri özəlləşdirmə çeklərinin sayı müəyyənləşdirilir. Bunun üçün son 2 (iki) ixtisaslaşdırılmış çek hərraclarında satılmış ümumi dövlət əmlakının dəyəri həmin hərraclarda təqdim edilmiş özəlləşdirmə çeklərinin sayına bölünməklə bir özəlləşdirmə çekinin qiyməti müəyyən edilir. Güzəştli satışa çıxarılmış səhmlərin məcmu nominal dəyərini çeklərin qiymətinə bölməklə təqdim ediləcək özəlləşdirmə çeklərinin ümumi sayı, həmin sayı işçilərin sayına bölməklə hər bir işçinin bərabər sayda təqdim edəcəyi çeklərin sayı müəyyən edilir. Hesablamalar zamanı yuvarlaqlaşdırmalar ümumi qaydada həyata keçirilir;

Özəlləşdirmə paylarının (çeklərinin) tədiyə vasitəsi kimi istifadə müddəti başa çatdıqdan sonra dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaranmış səhmdar cəmiyyətlərinin güzəştli satışa çıxarılmış səhmlərinin sayı güzəştli satışda iştirak etmək hüququ olan şəxslərin sayına bölünməklə bir nəfərin əldə edə biləcəyi maksimum səhmlərin sayı müəyyən edilir. Güzəştli satışda iştirak edən hər bir şəxs almaq istədiyi sayda səhmlərin nominal dəyərinin 30% güzəşt edilmiş məbləği həcmində ödəniş edir. Həmin məbləğin ödənilməsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq olunmuş qaydalara uyğun həyata keçirilir.

güzəştli satış özəlləşdirmə haqqında rəsmi elan günündən etibarən 25 (iyirmi beş) gün ərzində keçirilir və özəlləşdirmə komissiyası tərəfindən təqdim edilmiş sənədlər əsasında güzəştli satışın yekunlarına əsasən bölüşdürülmüş səhmlərin sayı müəyyən edilir;

güzəştli satışa çıxarılan səhmlərin əmək kollektivinin güzəştli satışda iştirak etməmiş və qismən iştirak etmiş üzvlərinin sayına mütənasib hissəsi (bütünlükdə əmək kollektivi üzvləri və onlara bərabər tutulan şəxslər güzəştli satışdan imtina etdiyi halda səhmlərin hamısı) Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə özəlləşdirmə planına uyğun olaraq digər satış üsulları ilə özəlləşdirilir;

müəssisənin özəlləşdirmə komissiyasının təqdim etdiyi sənədlər əsasında güzəştli satışın yekunlarını təsdiq etmək üçün həmin satışda iştirak etmiş şəxslərin ümumi yığıncağı keçirilir və yığıncağın protokolu Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilir;

sənədlər Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul edildikdən sonra təqdim edilmiş özəlləşdirmə çekləri özəlləşdirmə komissiyasının sədrinin və üzvlərinin iştirakı ilə silinir. Özəlləşdirmə çeklərinin silinməsi onların sağ tərəfindəki kötüklərinin (dəlik açılmış hissələrin) kəsilməsi yolu ilə həyata keçirilir. 

V. GÜZƏŞTLİ SATIŞIN YEKUNU HAQQINDA PROTOKOL

5.1. Güzəştli satış başa çatdıqdan sonra özəlləşdirmə komissiyası bu haqda protokol tərtib edir. Protokolda güzəştli satışın keçirilməsi müddəti, bir səhmin nominal dəyəri, səhmlərin ümumi sayı, güzəştli satışda iştirak edən iştirakçıların siyahısı və onların hər birinə düşən səhmlərin sayı, güzəştli satışa çıxarılan və satılmayan səhmlərin sayı və nominal dəyəri haqqında məlumat əks olunur. Protokol komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və təsdiq olunmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunur.



VI. SƏHMLƏRƏ MÜLKİYYƏT HÜQUQUNUN RƏSMİLƏŞDİRİLMƏSİ

6.1. Əmlak Məsələləri Dövlət Komitəsi təsdiq edilmiş güzəştli satışın yekunu haqqında protokolun əsasında işçilərə müvafiq sayda səhmlərə mülkiyyət hüququnu təsdiq edən bildiriş verir.

Bildirişə əsasən Milli Depozit Mərkəzi müvafiq sayda səhmlərə mülkiyyət hüququnu təsdiq edən, səhmdar cəmiyyətin reyestrindən çıxarışı səhmdarlara verir.

Güzəştlə satılan səhmin sahibi reyestrdən çıxarışı aldıqdan sonra öz səhmini özgəninkiləşdirə bilər.

6.2. Əmlak Məsələləri Dövlət Komitəsi güzəştli satışın nəticələri haqqında məlumatı hərracın keçirildiyi gündən 15 (on beş) gün müddətində Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetində dərc etdirir. 

 

 



 

Azərbaycan Respublikası Prezidentinin 
2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında

 

ƏSASNAMƏ

 

1. Bu Əsasnamə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "İcarə haqqında" və "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarına, "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na (bundan sonra - II Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və icarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi qaydalarını müəyyən edir.



2. II Dövlət Proqramı təsdiq edilənədək müəyyən olunmuş qaydada qeydə alınmayan icarə müqavilələri əsasında fəaliyyət göstərən icarəçilər müəssisənin özəlləşdirilməsi prosesində II Dövlət Proqramında müəyyən edilmiş güzəşt hüquqlarını itirirlər.

3. II Dövlət Proqramı təsdiq edilənədək icarə müqaviləsinə müvafiq olaraq satınalma hüququ ilə icarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi tərəflər arasında bağlanmış icarə müqavilələrinin şərtlərindən (satınalma hüququndan, icarə müddətindən və s.) asılı olaraq müxtəlif üsullarla həyata keçirilir.

4. İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi üzrə ərizələr icarə müqaviləsi, icarəyə verilən obyekt dövlət mülkiyyətində olan yerli əhəmiyyətli daşınmaz memarlıq abidəsi və ya onun ayrı-ayrı hissələri (arxeoloji abidələr istisna olmaqla) olduqda, elmi, mədəni, dini, xidmət və turizm məqsədləri üçün onların istifadə proqramı, uyğunlaşdırma və bərpa layihələrinə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin razılığı və hüquqi şəxsin nizamnaməsi əlavə olunmaqla icarəçilər tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarına verilir. Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumları həmin ərizələri icarə müqaviləsinin şərtləri, müəssisələrin təşkilati-hüquqi forması və qanunvericiliklə dövlət əmlakının özəlləşdirilməsinə dair müəyyən edilmiş digər tələbləri nəzərə almaqla, onların özəlləşdirilməsi üsullarına dair təklifləri Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edir.

5. İcarəyə verilmiş dövlət müəssisələrinin (obyektlərinin) özəlləşdirilməsi haqqında qərarlar II Dövlət Proqramının 2.2-ci və 2.3-cü bəndlərində müəyyən edilmiş təsnifatdan asılı olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir.

6. İcarəyə verilmiş dövlət əmlakının qiymətləndirilməsi qüvvədə olan qanunvericiliyə müvafiq olaraq aparılır.

7. İcarəyə verilmiş dövlət əmlakının tərkibi və həcmi icarə müqaviləsi əsasında, həmçinin icarə müqaviləsi qüvvədə olan müddət ərzində dövlət əmlakının silinməsi və satılması halları Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yoxlanılır və qanun pozuntuları aşkar edildikdə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi tədbirlər həyata keçirilir.

8. İcarə obyekti özəlləşdirmə üçün açıq elan olunduqda, icarə müqaviləsi ləğv edilmiş hesab olunur və mülkiyyət münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və "İcarə haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq tənzimlənir.

9. İcarəçinin icarəyə götürdüyü əmlakdan istifadə nəticəsində əldə etdiyi məhsul və gəlir, habelə icarəyə götürülmüş əmlakdan alınan gəlir hesabına əldə etdiyi əmlak onun mülkiyyətidir və özəlləşdirilən əmlakın tərkibinə daxil edilmir.

Bu bəndin birinci abzasında göstərilən əmlakın tərkibi qanunvericiliyə müvafiq olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilir.

10. İcarəyə götürülmüş sahədə icarəyəverənin razılığı olmadan icarəçinin vəsaiti hesabına inşa olunmuş və aparılması mümkün olmayan tikililər və qurğular icarəyəverənə məxsusdur və özəlləşdirilən dövlət əmlakının tərkibinə daxil edilir və bu tərkibdə qiymətləndirilir.

11. "İcarə haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək mövcud qanunvericilik aktlarına müvafiq satınalma hüququ ilə bağlanmış icarə müqavilələri əsasında icarəyə verilmiş əmlakın icarəçisi tərəfindən satın alınması halları Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yoxlanılır və qanun pozuntuları aşkar edilmədikdə, müvafiq hüquqi və fiziki şəxslərin hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və bu barədə onlara reyestrdən çıxarış verilir.

Bu bəndin birinci abzasında göstərilən hallarda qanun pozuntuları aşkar edildikdə, Əmlak Məsələləri Dövlət Komitəsi qanunvericiliyə müvafiq qaydada məhkəmədə iddia qaldırır.

12. İcarəyə verilmiş dövlət əmlakı özəlləşdirilmək məqsədi ilə açıq tipli səhmdar cəmiyyətinə çevrildiyi halda onun səhmləri satılmaq üçün ilk növbədə icarəçiyə təklif olunur.

13. II Dövlət Proqramı qəbul edilənədək bağlanmış və müvafiq qaydada Əmlak Məsələləri Dövlət Komitəsində qeydiyyatdan keçmiş icarə müqaviləsi əsasında fəaliyyət göstərən müəssisələr aşağıdakı qaydada özəlləşdirilir:

13.1. orta və iri müəssisənin səhmləri aşağıdakı nisbətdə satılır:

15 faizi əmək kollektivinə güzəştli satılır;

30 faizi nominal dəyəri ilə ilk növbədə icarəçiyə təklif olunur;

55 faizi ixtisaslaşdırılmış çek hərracında satılır.

13.2. Kiçik müəssisələrin dəyərinin (obyektin start qiymətinin) 15 faizi əmək kollektivinə güzəştli satışa yönəldilir, 85 faizi isə ilkin start qiyməti ilə ilk növbədə icarəçiyə təklif olunur.

14. İcarəçilər icarə müəssisəsinin satışa çıxarılmış və ilk növbədə onlara təklif olunan səhm zərfini və ya nizamnamə kapitalı hissəsini almaqdan imtina etdikdə, həmin müəssisələr müvafiq olaraq II Dövlət Proqramının 5.8-ci bəndində və 6.1-ci bəndində göstərilmiş qaydada özəlləşdirilir.

15. Bu Əsasnamənin 13-cü bəndində göstərilən hallar istisna olmaqla, bağlanmış digər icarə müqavilələri əsasında icarə müəssisələri II Dövlət Proqramında nəzərdə tutulmuş qaydada özəlləşdirilirlər.

16. İcarə müəssisəsinin struktur bölməsinin ayrıca özəlləşdirilməsi haqqında qərar həmin bölmənin ayrıca fəaliyyət göstərməsi, onun texnoloji cəhətdən müəssisə ilə bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və sair belə amillər nəzərə alınmaqla, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul edilir. Bu qərar qəbul edildikdə, icarəyə götürülmüş əmlak 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçilər icarəyə götürdükləri əmlakı almaqdan imtina etdikdə, həmin əmlak II Dövlət Proqramında nəzərdə tutulmuş qaydada özəlləşdirilir.

17. Özəlləşdirilən dövlət müəssisələri (obyektləri) tərəfindən istehsal, ticarət, ictimai-iaşə, məişət xidməti və digər məqsədlər üçün icarəyə götürülmüş qeyri-yaşayış sahələri həmin müəssisələrlə (obyektlərlə) birgə özəlləşdirilir.

18. Özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, icarə müqavilələri əsasında icarəyə verilmiş digər dövlət əmlakı (tikili, qurğu, avadanlıq və s.) onun icarəyə verən müəssisə və ya təşkilatla bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və sair belə amillər nəzərə alınmaqla, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aşağıdakı qaydada özəlləşdirilir:

icarəyə verilmiş əmlak 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 (otuz) gün ərzində əmlakın dəyərini ödəyir;

icarəçi icarəyə götürdüyü əmlakı almaqdan imtina etdikdə və ya həmin təklifi aldığı andan 30 (otuz) gün ərzində əmlakın dəyərini ödəmədikdə, həmin əmlak II Dövlət Proqramının 4.4-cü bəndində nəzərdə tutulmuş qaydada hərraca çıxarılır və ya müəssisə ilə birlikdə özəlləşdirilir.

19. Dövlət əmlakını alan icarəçilərin hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və bu barədə onlara reyestrdən çıxarış verilir.

20. Əmlak Məsələləri Dövlət Komitəsi hərracın nəticələri haqqında məlumatı hərracın keçirildiyi gündən 15 (on beş) gün müddətində onun rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetində dərc etdirir.

 

(Çıxarılıb)



 

 


Azərbaycan Respublikası Prezidentinin 
2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə

TӘSDİQ EDİLMİŞDİR

 


 

Dövlət özəlləşdirmə opsionları haqqında

ƏSASNAMƏ

1. Dövlət özəlləşdirmə opsionlarının buraxılışı, tədavülü, istifadəsi və dövriyyədən çıxarılması qaydaları "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı" (bundan sonra - II Dövlət Proqramı), digər normativ hüquqi aktlar və bu Əsasnamə ilə tənzimlənir.

2. Dövlət özəlləşdirmə opsionları (bundan sonra - özəlləşdirmə opsionu) xarici sərmayəçiyə dövlət əmlakının özəlləşdirilməsində dövlət özəlləşdirmə çeklərindən istifadə etmək hüququ verən, nağdsız formada buraxılan adlı qiymətli kağızdır.

3. Özəlləşdirmə opsionlarının buraxılışı, tədavülü və istifadəsi qaydaları qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının //çıxarılıb// Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra - QKDK) tərəfindən həyata keçirilir. 

4. Xarici sərmayəçilər çek investisiya fondlarının fəaliyyətində normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və yalnız özəlləşdirmə opsionları vasitəsi ilə iştirak edə bilərlər.

5. Özəlləşdirmə opsionları QKDK tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş qiymətə satılır və onun qiyməti barədə məlumat hər ay mətbuatda dərc olunur.

6. Qanunvericiliyə müvafiq olaraq xarici sərmayəçi hesab olunan xarici fiziki şəxs və vətəndaşlığı olmayan şəxs tərəfindən özəlləşdirmə opsionu alındıqda, həmin şəxslər onların şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər.

7. Qanunvericiliyə müvafiq olaraq xarici sərmayəçi hesab olunan xarici hüquqi şəxs (nəzarət səhm zərfi və ya nizamnamə kapitalının 100 faizi xarici sərmayəçilərə məxsus olan) özəlləşdirmə opsionu aldıqda həmin hüquqi şəxsin səlahiyyətli nümayəndəsi etibarnamə təqdim etməlidir.

Zəruri hallarda QKDK tərəfindən bu bəndin birinci abzasında göstərilən xarici sərmayəçilər tərəfindən digər sənədlərin təqdim edilməsi da müəyyən edilə bilər (təsis sənədləri və s.).

8. Hər özəlləşdirmə opsionu bir çek almaq hüququ verir.

9. Xarici sərmayəçilər ixtisaslaşdırılmış hərraclarda özəlləşdirmə opsionları təqdim etməklə iştirak edirlər.

10. Qəbul edilərək silinmiş özəlləşdirmə opsionları Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi 3 (üç) nəfər Əmlak Məsələləri Dövlət Komitəsinin və 2 (iki) nəfər Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət komissiya tərəfindən ləğv edilir.

11. Özəlləşdirmə opsionlarının emissiyasından əldə edilən vəsaitlər dövlət büdcəsinə mədaxil olunur.

12. Özəlləşdirmə opsionları 2011-ci il yanvarın 1-dək tədavüldədir.

 

 


Azərbaycan Respublikası Prezidentinin 
2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə

TӘSDİQ EDİLMİŞDİR

 


 

Dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi

QAYDALARI

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Bu Qaydalar "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunlarına, "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na müvafiq olaraq hazırlanmışdır və ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi qaydalarını müəyyən edir. 

1.2. Dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi - ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirməyə hazırlanmasını, onların restrukturizasiyasını (o cümlədən borclarının restrukturizasiyasını), qiymətləndirilməsini və bilavasitə satışını əhatə edən tədbirlər kompleksidir.

Fərdi layihələr üzrə özəlləşdirmə zamanı dövlət müəssisəsinin bazasında yaradılmış səhmdar cəmiyyətlərinin səhmlərinin 51 faizi və ya daha çox hissəsi müsabiqə əsasında pul vəsaitinə strateji sərmayəçiyə satılır. 

1.3. Dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi zamanı maliyyə məsləhətçisi cəlb oluna bilər. Maliyyə məsləhətçisinin xidmət haqqının ödənilməsi özəlləşdirmədən əldə edilən pul vəsaitindən nəzərdə tutulan ayırmalar hesabına həyata keçirilir.

1.4. Fərdi layihələr üzrə özəlləşdirilən dövlət müəssisələrinin satıcısı kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi çıxış edir. 



2. DÖVLƏT MÜƏSSİSƏLƏRİNİN FƏRDİ LAYİHƏLƏR ÜZRƏ ÖZƏLLƏŞDİRİLMƏSİNİN ƏSAS MƏRHƏLƏLƏRİ

2.1. Dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsinin əsas mərhələləri aşağıdakılardır:

müəssisələrin fərdi layihələr üzrə özəlləşdirilməsi və zəruri hallarda bu məqsədlə maliyyə məsləhətçisinin cəlb edilməsi barədə əsaslandırılmış təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması;

müvafiq qərar qəbul edildikdən sonra müəssisənin iqtisadi və maliyyə vəziyyətinin təhlili, onun qiymətləndirilməsi və səhmlərinin satış nisbəti barədə təkliflərin hazırlanması;

müəssisənin özəlləşdirmə planının (emissiya prospektinin) Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq olunması;

özəlləşdirmə planına uyğun dövlət müəssisəsinin satışının həyata keçirilməsi.

2.2. Fərdi layihələr üzrə özəlləşdirilən müəssisələrin səhmlərinin satışı nisbəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

Fərdi layihələr üzrə özəlləşdirilən müəssisələrin səhmlərinin 15 faizi müəssisənin əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışa yönəldilir.

2.3. Müsabiqə keçirilən zaman Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iddiaçılar qarşısında maliyyə-iqtisadi, sosial, ekoloji və sair şərtlər qoyula bilər. 

3. MALİYYƏ MƏSLƏHƏTÇİSİNİN SEÇİLMƏSİ QAYDALARI

3.1. Zəruri hallarda, qəbul edilmiş qərara uyğun olaraq fərdi layihələr üzrə özəlləşdirmə prosesinə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən maliyyə məsləhətçisi cəlb oluna bilər.

3.2. Maliyyə məsləhətçisinin seçilməsi (maliyyə məsləhətçisinin xidmət haqqı müsabiqədə qalib gəlmiş şəxs tərəfindən ödənildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun həyata keçirilir. 

3.3. Maliyyə məsləhətçisi aşağıdakı peşəkar tələblərə cavab verməlidir:

ən azı 3 (üç) fərdi layihənin həyata keçirilməsində uğurlu iştirak təcrübəsinə malik olmalıdır;

onun satışında özəlləşdirilən dövlət müəssisəsinin aid olduğu sahədə özəlləşdirmənin həyata keçirilməsi təcrübəsinə malik olan şəxslər olmalıdır.

3.4. Maliyyə məsləhətçisinin əsas vəzifələri aşağıdakılardır:

özəlləşdirilən müəssisənin hərtərəfli təhlili (iqtisadi və maliyyə təhlili, məlumat memorandumunun hazırlanması);

müəssisənin bazar qiymətinin müəyyən edilməsi, səhmlərinin satışı nisbəti və qaydalarına dair təkliflərin hazırlanması;

strateji sərmayəçilərin seçilməsi meyarlarının hazırlanması;

özəlləşdirmə prosesinə strateji sərmayəçilərin cəlb edilməsi və onlara özəlləşdirilən müəssisə haqqında məlumatların verilməsi üçün müvafiq "məlumat bankı"nın yaradılması;

səhmlərin strateji sərmayəçiyə satışı məqsədilə keçirilən müsabiqənin qalibinin seçilməsi üçün müvafiq şərtlər toplusunun və meyarların hazırlanmasında Əmlak Məsələləri Dövlət Komitəsi nə yardım göstərilməsi;

səhmlərin strateji sərmayəçiyə satışı məqsədilə keçirilən müsabiqənin qalibi ilə imzalanacaq alqı-satqı müqaviləsinin hazırlanmasında İqtisadi İnkişaf Nazirliyinə yardım göstərilməsi. 

3.5. Səhmlərin satışının nəticələrinə görə maliyyə məsləhətçisi alıcı tərəfindən "müvəffəqiyyətə görə ödəniş" prinsipi əsasında mükafatlandırıla bilər.



4. DÖVLƏT ƏMLAKININ SATIŞI ÜZRƏ MÜSABİQƏNİN KEÇİRİLMƏSİ QAYDASI

4.1. Müsabiqənin keçirilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən komissiya yaradılır və onun iş reqlamenti təsdiq olunur. 

4.2. Müsabiqə komissiyası 7 (yeddi) nəfərdən ibarət olmaqla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aşağıdakı mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət formalaşdırılır:

(Çıxarılıb);

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi - 1 nəfər;

Azərbaycan Respublikasının Vergilər Nazirliyi - 1 nəfər;

(Çıxarılıb);

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi - 2 nəfər. 

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi - 3 nəfər.

(Çıxarılıb) 



5. YEKUN MÜDDƏALAR

5.1. Mülkiyyət hüququ alıcıya alqı-satqı müqaviləsində müəyyən edilmiş məbləğ tam ödənildikdən sonra keçir.

5.2. Əmlak Məsələləri Dövlət Komitəsi müsabiqənin nəticələrinə müvafiq olaraq satılmış səhmlər üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi alıcıya verir.

5.3. Dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi zamanı yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir.

 

 


Azərbaycan Respublikası Prezidentinin 
2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 


 

Yüklə 291,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə