Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/238
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2480
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   238

 
17
mədəni fəaliyyətin iki növü – yaradıcı  və reproduktiv növü mövcuddur: birincisi, yeni mədəni dəyərlər 
hazırlayırsa, ikincisi onları yenidən hazırlayaraq tirajını artırır. Bəzən bu cür fəaliyyət başqasının əqli, hissləri 
ilə yaradılan sərvətlərin mexaniki təkrarlanmasına yönəldilir. Bəzən və çox hallarda səhvən bunu da mənəvi is-
tehsala aid edirlər. Əslində, bu düzgün deyil, məhz bu amilə görə tarixin və ya ayrı-ayrı ölkələrin dövr və ya 
mərhələlərin mədəni səviyyəsinin müqayisəsini elmi və ya bədii məhsulların kəmiyyət meyarları ilə deyil, milli 
özünəməxsusluq və keyfiyyət xüsusiyyətləri ilə müəyyən edirlər. Müasir gündə digər xalqların bir çox 
nailiyyətlərini özündə əxz edən və dünya sivilizasiyasına özünün «heç nə»yini təqdim edən ölkələr də az deyil! 
«Kütləvi mədəniyyət» - belə bir mədəniyyətin ən qabarıq sübutudur. Bu, antimədəniyyətdir! 
Mədəniyyətin maddi və  mənəvi növlərə bölünməsi bəzən dəqiq və mübahisəsiz təsəvvür edilir. Lakin 
məsələyə diqqətlə yanaşdıqda bir sıra sualların ortalığa çıxdığının şahidi oluruq. Məsələn, yüksək bədii məzmun 
və  dəyərli məişət  əşyaları, memarlıq və geyim nümunələrini hara aid etməli? Və ya istehsal münasibətlərini, 
əmək mədəniyyətini hansı növə aid etmək düzgün olardı – maddi mədəniyyətə, yoxsa mənəvi mədəniyyətə? Bir 
çox tədqiqatçılar onu maddi mənəviyyata aid edirlər. Lakin bu məsələyə digər aspektdən yanaşmalar da vardır: 
bunlardan birincisi, insan əməyi nəticəsində təbiətin yaradıcı surətdə əşyavi məhsula çevrilməsi ilə əlaqədardır. 
Daha doğrusu, yaradılan maddi substansiyanın nə  təbiət, nə  də Allah tərəfindən deyil, məhz insan zəkası  və 
əməyi, fəaliyyəti ilə bağlı olması yanaşmaları da mövcuddur. Bu mənada maddi mədəniyyət aləmi mövcud ob-
yektiv dünyanın «insaniləşmiş» hissəsini, «ikinci kainatı»nı təşkil edir ki, onu həm görmək, həm ona toxunmaq, 
həm də hiss etmək olur. Sonuncu halda ətirlərin rahiyyəsi qızılgülün ətrindən prinsipial cəhətdən fərqlənir, çünki 
onların birincisi, insanın düşüncəsi, əqli ilə, digəri isə təbiət tərəfindən yaradılır. 
Real həyatda maddi və  mənəvi mədəniyyət bir-birindən ayrılmazdır. Məsələn, kitab bir tərəfdən maddi 
mədəniyyət nümunəsidirsə, digər tərəfdən mənəvi mədəniyyətin tərkib hissəsidir. Çünki o, həm ideya, estetik 
hiss, məzmun daşıyıcısıdır. Hətta musiqinin özü belə notlaşma prosesində maddiləşir. Başqa sözlə desək, nə 
qədər primitiv olsa da, sırf maddi mədəniyyət yoxdur, onlar, həmçinin mənəvi tərəflər və məqamlarla əhatələnir. 
Mədəniyyətin maddi və  mənəvi başlanğıcları haqqında marksist formulada çox aydın  şərh verilir: «Kütlələr 
tərəfindən mənimsənilən ideyalar maddi gücə çevrilir». 
Belə bir məqamda sual ortalığa çıxır: bəşəriyyətin müxtəlif inkişaf mərhələlərində bu vəhdət özünü necə 
büruzə verir? Suala cavab yekdildir: cəmiyyətin inkişafı, demoqrafiyası, texniki imkanların yüksəlməsi, 
mədəniyyət məhsullarının zaman və məkan çərçivəsində ötürülməsi imkanlarının genişləndirilməsi bu prosesin 
baş verməsinin başlıca amilləridir. 
 
1.7. Mədəniyyətin funksiyaları 
 
 
Geniş mənada mədəniyyət, yəni onun hər iki təzahür formaları – maddi və mənəvi mədəniyyət məkan və 
zaman çərçivəsində insanları birləşdirərək dünyanın təkmilləşdirilməsinə doğru yönəldilir. Bu mənada 
mədəniyyətin  ən vacid vəzifəsini insanları vahid bəşəriyyət timsalında birləşdirərək konkret ictimai 
funksiyaların reallaşdırılmasını  təmin etmək təşkil edirdi. Tarixi inkişaf prosesində  mədəniyyətin bir sıra 
funksiyaları formalaşmışdır:  ətraf aləmə uyğunlaşma funksiyası; dərketmə funksiyası, informativ funksiya, 
kommunikativ funksiya, requlyativ funksiya, insan qruplarının inteqrasiyası funksiyası, sosiallaşma funksiyası. 
Bu funksiyaların hər birinin qısa şərhə ehtiyacı olduğundan onların hər biri üzərində dayanaq. 
Mühitə uyğunlaşma funksiyası – ən qədim funksiyalardan hesab edilərək iki mühüm şəraiti – təbii 
(təbiət) və sosial şəraitə uyğunlaşmanı  nəzərdə tutur. Əgər  ən qədim  əcdadlarımız üçün heyvan dərisi, od 
mədəniyyətin qədim, ilkin nümunələri hesab edilirdisə, müasirlərimiz üçün bunu kosmik libaslar, məsələn, ska-
fandr və ya dərin su üçün nəzərdə tutulan batiskado əvəz edir. Bütün bunlar son məqamda insanın təbiətə, 
mühitə uyğunlaşması funksiyasını yerinə yetirir. Lakin qeyd edildiyi kimi, insan təkcə  təbiətin deyil, həm də 
cəmiyyətin üzvüdür. Burada isə, mədəniyyət çərçivəsində uyğunlaşma vasitələri hazırlanır: dövlət qərar və 
strukturlarından başlamış müdafiə və hücuma hazırlıq alətlərinin mövcudluğuna qədər – hər şey insanın mənafe 
və uyğunlaşmasına aid edilir. cəmiyyətdə uyğunlaşmanın mütləqləşdirilməsi «sosial darvinizm» doktrinasının 
əsasını qoymuşdur. 
Dərketmə (qnoseoloji) funksiyası öz təzahürünü elmdə, elmi axtarışlarda tapır. Bu özünü müasir elmi-
texniki tərəqqidə daha qabarıq təzahür etdirir. Bu funksiya ikili istiqamətə malikdir: bir tərəfdən, biliklərin 
sistemləşdirilməsi, təbiət və  cəmiyyətin inkişaf qanunlarının açılmasına yönəldilibsə, digər tərəfdən, insanın 
özü-özünü dərketməsinə yönəldilir. Göründüyü kimi, birinci istiqamət ikincisini daha da üstələyib.  İnsan öz 
qəlbi və ruhunun kəşfindən çox, dünya və  cəmiyyətin qanunlarını, onu əhatə edən aləmin sirlərini kəşf edə 
bilmişdir. 
Özümüz haqqında bir çox şeyləri bilmirik: məsələn, ekstrasenslərin müəmmalı xüsusiyyətləri; cadugərlik 
və magiyanın mövcudluq sirləri, telepatiya hadisəsinin izah edilə bilməməsi, telekinez (məsafə  çərçivəsində 
fikirlərin ötürülməsi), gələcəyi görə bilməyi və digər insan potensiyasının açılmamış sirləri hələ bizlər üçün ma-
raq doğurur. Bütün bunlar bir neçə illər məkanımızda dilə gətirilməyən problemlər olmuşdur.  İnsanın özündə 


 
18
möcüzə gizlətmədiyi həmişə təlqin olmuşdur. Lakin, əslində insan öz sirli daxili aləmi ilə maraq dairəsindədir. 
Əgər elə olmasaydı insan əsərləri ilə dünya sivilizasiyasına möhtəşəm sənət nümunələri bəxş etməzdi. 
İnformativ funksiya – tarixi varisliyin və sosial təcrübənin ötürülməsinə xidmət edir. Bəşəriyyətin 
mədəniyyətdən başqa mənəvi sərvətləri ötürən və geniş yayan digər bir sahəsi yoxdur. Mədəniyyət nə genetik, 
nə  də bioloji yolla ötürülür. Mədəniyyət öz təbiətinə görə tarixi mahiyyət kəsb edir. Onun bu günü keçmişə 
əsaslanaraq gələcəyi formalaşdırır. Məhz mədəniyyətin köməkliyi ilə sosial təcrübə bir nəsildən digərinə 
ötürülür. Əgər söhbət ayrıca tarixi dövr və mərhələdən gedirsə onda mədəniyyət vasitəsilə informasiya hər hansı 
bir ölkədən digərinə, bir xalqdan başqasına çatdırılır. Məhz bu xüsusiyyətinə görə  mədəniyyəti bəşəriyyətin 
«qeyri-genetik yaddaş»ı adlandırmaq olar. 
İnformasiyanın məkan və zaman çərçivəsində ötürülməsi kanalı təkcə mənəvi mədəniyyətlə deyil, həm də 
maddi mədəniyyətlə izah edilir. 
Kommunikativ funksiya – bilavasitə informativ funksiya ilə qarşılıqlı əlaqədədir. İnsanın bütün fəaliyyət 
istiqamətlərini (istehsal, ideoloji, siyasi, dini və s.) söz müşayiət edir. Dilin özü mədəniyyətin məhsulu olub, 
insanlar arasında hərtərəfli münasibətlər yaradaraq, həm də bu və ya digər mədəniyyətin vasitəçisi rolunu 
oynayır. Ünsiyyət prosesi həm incəsənətin spesifik dili ilə (musiqi, rəqs, kino, teatr və s), həm də elmin dili ilə 
(riyazi rəmzlər, kimyəvi formullar və s.) həyata keçirilir. Əgər tarixin müxtəlif çağlarında ünsiyyət vasitəsi kimi 
nəsildən-nəslə, insandan-insana şifahi, qrafik formada işarə sistemləri ötürülürdüsə, müasir dövrdə yeni 
nəqliyyat vasitələrinin, texnika, kütləvi informasiya vasitələrinin (mətbuat, radio, televiziya, kino, audio və vid-
eo yazılar, internet) inkişafı  nəticəsində informasiyaların ötürülməsində yüksək irəliləyişlər  əldə edilmişdir. 
Texniki vasitələr bir tərəfdən ünsiyyəti genişləndirirsə, digər tərəfdən onu mərükkəbləşdirir, çətinləşdirir. Bu, ilk 
növbədə insanların maddi və ya mənəvi dəyərlərlə canlı ünsiyyətin qurulması  şəraiti ilə izah edilir. Məsələn, 
muzey əşyası ilə tanış olmaq üçün tamaşaçının ekspozisiya zalına getməsi o qədər də vacib deyil. Ona tamaşaçı 
həm televiziya, həm də video çəkilişi ilə tamaşa edə bilər. Musiqiyə qulaq asmaq üçün konsert və ya filarmo-
niyaya getmək vacib deyil, ona maqnitofon və ya kasetlərdə qulaq asmaq mümkündür. 
Beləliklə, kommunikativ imkanların genişlənməsi mədəniyyətlərin milli xüsusiyyətlərinin kölgədə 
qalması və vahid ümumbəşəri sivilizasiyanın formalaşmasının təminatçısıdır. 
Requlyativ (və ya normativ) funksiya – bu cəmiyyətin bütün insanlara tələb və normalar sistemi ilə 
yanaşılmaısnı bildirir. Yəni insanların bütün fəaliyyət sahələrində – əmək, məişət, qruplararası münasibətlərdə 
və s. cəmiyyət insanlar üzərində bir sıra tələb və normalar qoyur ki, bu da çox vaxt mədəniyyətlə tənzimlənir. 
Mədəniyyətin köməkliyi ilə insan və ya insan qruplarının davranışı cəmiyyətin onların üzərinə qoyduğu norma 
və prinsiplərə uyğunlaşdırılır. Bu funksiya əxlaq və hüquq kimi normativ sistemlərlə möhkəmləndirilir. 
Beləliklə, mədəniyyət insanın gündəlik fəaliyyətini də  tənzimləyir. Mədəniyyətin requlyativ funksiyası 
əxlaqın müxtəlif sahələri nəticəsində həyata keçirilir: bunlardan ən aliləri əxlaqi, mənəvi dəyərlərdir. Bunlar da, 
yəni əxlaqi dəyərlər tarixin gedişində dəyişərək xalqdan-xalqa ötürülür. Dünya inkişaf etdikcə əxlaq normaları 
qarşılıqlı  zənginləşir və daha da ümumbəşəri  əhəmiyyət kəsb etməyə başlayır. Yəni insanlar indi daha aydın 
surətdə  dərk etməyə başlamışlar ki, hamı bir gəminin sərnişinləri olub, baş verən neqativ hadisələrə qarşı 
mübarizə apara bilirlər.  Əxlaq normalarının  əsas tənzimləyicisi kimi, hələ  ən qədimlərdən kilsə, 
müsəlmançılığın tarixindən başlayaraq isə, islam, Qurani-Kərim, məscidlər olmuşdur. Bunların hər birindəki 
müddəa və göstəricilər ümumbəşəri xarakter kəsb edirdi. 
Mədəniyyətin requlyativ funksiyasını ifadə edən  əsas səviyyələrdən birini də, yuxarıda qeyd olunduğu 
kimi, hüquq normaları təşkil edir. Əgər əxlaq normaları özünü dini mətn və sənədlərdə, ədəbiyyatlarda təzahür 
etdirirsə, hüquq normaları konstitusiya və qanunlarda təsbit olunur. Bu cəhətinə görə, həmin normalar təkcə 
əxlaqi, mənəvi mahiyyət deyil, həm də hüquqi əhəmiyyət və məzmun kəsb edir. Ona görə də, müxtəlif xalqların 
hüquq normalarındakı fərq əxlaqi normalardakı dərslərdən xeyli müqayisə olunacaq səviyyə kəsb edir ki, bu da 
ilk növbədə, hər bir millətin, xalqın konkret tarixi, temperamenti ilə izah olunur. 
Mədəniyyətin normativ tərəfini əks etdirən digər səviyyələrdən birini də adət və ənənələr təşkil edir. Adət 
həyatın müxtəlif sahələrində və şəraitində nəsildən-nəslə ötürülən normaların möhkəm və davamlı davranış siste-
midir. Müəyyən nümunəvi forma kəsb edərək adətlər daha davamlı və konservativ xarakterə malik olub, əsrlərdən 
əsrlərə ötürülür. Mərasim və  ənənələr isə daha çox dini məzmun kəsb edir. Bu, dindarların kilsə, məscid və ya 
digər xüsusi ayinlərin kollektiv şəkildə simvolik fəaliyyətləridir. 
Bütün bunlarla yanaşı, mədəniyyətin requlyativ funksiyası  məişətdə, təbiətdə, digər insanlarla 
münasibətlərdə öz normalarını müəyyənləşdirir. 
Aksioloji (qiymətləndirici) funksiya – mədəniyyətin bu funksiyası insanların hələ Sokrat tərəfindən 
verilmiş «xeyir nədədir?» sualının cavabının tapılmasında təzahür edir. Bəşər tarixində bütün zəka sahibləri bizi 
əhatə edən «faydalı» və «zərərli» olanların təsnifatının verilməsinə çalışmışlar. Praktiki fəaliyyət prosesində 
insan intellekti vasitəsilə dəyərlərin təsnifatı verilmiş və qiymətləndirilmişdir. Təcrübə zənginləşdikcə bir çox 
dəyərlər nəzərdən keçirilmiş, bəziləri sıradan çıxmış, yeniləri meydana gəlmişdir. Müxtəlif xalqlarda «xeyir», 
«şər» anlayışları özünü müxtəlif dəyərlərdə  təzahür etdirdi. Lakin bütün bunlara baxmayaraq insan bütün za-
manlarda nəyin xeyirli və zərərli olduğunu həmişə anlamışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə