|
Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin
|
səhifə | 8/87 | tarix | 20.10.2017 | ölçüsü | 16,72 Mb. | | #5920 |
| 29-cu xütbə
İmam Əli əleyhis-salamın (düşmənlərlə döyüşə səhlənkar və etinasız yanaşmalarına görə öz səhabələrini pislədiyi) xütbələrindəndir.
Ey bədənləri bir, fikir və arzuları müxtəlif olan insanlar! Sizin (boş və mənasız) sözləriniz sərt daşları yumşaldır, sizin işiniz isə (öz evinizdə oturub, düşmənlə döyüşə hazırlaşmamanız) düşmənlərdə (malik olduğunuz hər şeyi ələ keçirib sizə sahib olmaq üçün) tamah yaradır. (Bir yerə yığışdığınız) məclislərdə özünüzdən çox danışır (boş və mənasız sözlərdən çox danışıb, igidlik və mərdlikdən dəm vurursunuz), düşmənlə döyüş vaxtı çatanda isə حِيدِى حَيادِ yəni, «ey müharibə, bizlərdən uzaq ol» deyirsiniz (حيدى حياد cümləsi ərəblərin düşməndən qaçarkən işlətdikləri misaldır). Sizi (zəfərə və özünə köməyə) dəvət edənin dəvəti qəbul olunmadı (çünki ona köməklik etmədiniz). Sizin uğrunuzda sizlərə zəhmət və əziyyət çəkənin ürəyi rahatlıq tapmadı. (Cihada getməmək və düşmənlə döyüşməmək üçün gətirdiyiniz) üzr və bəhanələr (doğru deyil), borclu şəxsin öz borcunu (üzrsüz yerə) gecikdirməsi kimi azğınlıqdır.1 Zəlil və qorxaq (ona edilən) zülmə mane ola bilməz. Zəhmət və səy olmadan haq (və asayiş heç bir qövm üçün) əldə edilə bilməz. (Düşməni əzib məğlub etmək üçün evdə oturub, cihada getməməklə asayiş və rahatlıq istəməniz xətadır.) Hansı evi (diyarı) öz evinizdən sonra (düşmənin işğal və dağıtmasından) saxlayarsınız? (Sizi evinizdən bayıra atdıqda) məndən sonra hansı əmir və İmamla (düşməni özünüzdən uzaqlaşdırmaq üçün) cihada gedəcəksiniz? Allaha and olsun, sizin aldatdığınız şəxs doğrudan da aldanıb.1 Allaha and olsun, sizin kömək və yoldaşlığınızla nicat tapan (düşməninə qalib gələn) kimsə, (qumarla oynanılan ox atıcılığında qumar üçün təyin olunan bütün oxlardan) daha uğursuz (çox ziyanlı) oxla nicat tapandır. Sizin köməyinizlə (düşmənə tərəf) ox atan (onun zülm və özbaşınalığının qarşısını almaq istəyən) kimsə başı sınmış, ucluğu olmayan ox atmışdır (belə bir ox hədəfə dəysə belə təsiri olmaz. Siz də düşmənlə qarşılaşsanız belə, qorxduğunuza görə onların irəliləməsinə mane ola bilməzsiniz). Allaha and olsun, sizin sözlərinizə (əhd-peymanınıza) inanmadan, sizin yoldaşlığınıza tamarzılanmadan səhəri açdım və düşməni (Müaviyə və qoşununu) sizlərin köməyi ilə qorxutmuram (çünki sizin vəfasızlığınız, yalançılığınız mənə və düşmənə aydın olmuşdur). (Hər nə qədər sizləri düşmənlə döyüşə həvəsləndirsəm də, səhlənkarlıq edən), sizlərin halı nədir, sizin dərdinizin dərmanı nədir (ki, hazırlayım), nə ilə əlac olunursunuz (ki, əlac edim)? Düşmənlər də sizin kimi insanlardır. (Niyə siz də onlar kimi deyilsiniz və onların qorxusu ürəyinizə oturub?) Bilmədiyiniz və inanmadığınız sözləri danışırsınız? (Cihada getmək üçün bir-birinizə «onu edəcəyik, bunu edəcəyik» deyirsiniz. Həqiqətdə isə düşmənlə döyüşməyə əsla iradəniz yoxdur.) Günahlardan uzaqlarda qəflətdəsiniz? (Elə isə oyanın) Haqqdan qeyrisinə tamah salırsnız?2
30-cu xütbə
İmam Əli əleyhis-salamın Osmanın qətli barəsindəki kəlamlarındandır.
Əgər onun qətlinə əmr vermiş olsaydım, sözsüz ki, qatil olardım, əgər qarşısını alsaydım, təbii ki, kömək göstərmiş olardım (onu öldürənlər mənimlə məsləhətləşməyiblər ki, mən onlara əmr vermiş, yaxud çəkindirmiş olum). Lakin (bilirəm ki,) ona kömək edən (Mərvan ibn Həkəm və Bəni-Üməyyədən bir dəstə adam) «Mən onu xar edəndən (ona köməklik göstərməyəndən) daha yaxşıyam» deyə bilməz. Onu xar edən də (Mühacir və Ənsardan bir dəstə) deyə bilməz ki, «ona kömək edən məndən daha yaxşıdır». (Burada o Həzrətin məqsədi Osmanı məzəmmət etməkdir.) Belə isə mən indi sizin üçün onun qətl səbəblərini (müxtəsər şəkildə) bəyan edirəm: Osman xilafəti öz ixtiyarına keçirib istibdad və özbaşınalıq etdi. (Məsləhətləşmədən, ümmətin razılığını nəzərə almadan istədiyini edirdi.) Deməli, belə iş görüb özbaşınalıq etməklə çox pis etdi, (siz isə zülm və sitəmdə) səbirsizlik etdiniz (səbr etməyib onu qətlə yetirdiniz), deməli, siz də bu səbirsizliyinizlə pis iş tutdunuz (gərək səbr edəydiniz ki, bu iş yumşaqlıqla islah olunardı və ya onun ətrafından dağılardınız ki, haqq öz sahibinə qayıtsın). Özbaşına hərəkət edən və onu öldürməkdə dözümsüzlük göstərən şəxs barəsində Allahın hökmü dəyişməzdir (Allah-təala qiyamət günü onlar barəsində hökm verəcək və hər kəsi öz günah və təqsiri qədər cəzalandıracaqdır).
31-ci xütbə
İmam Əli əleyhis-salamın Cəməl müharibəsindən əvvəl, Zübeyrin itaət etməsi üçün Abdullah ibn Abbasi onun yanına göndərdiyi zaman buyurduğu kəlamlarındandır.
Əlbəttə, Təlhə ilə görüşmə, onunla görüşsən görərsən ki, o, buynuzunu əyib itiləmiş öküz kimidir.1 İtaətsiz dəvəyə minib deyir: Bu, ram olan dəvədir (çətin işlərdən yapışıb nadanlıq və özbaşınalıq üzündən onları asan hesab edir). Lakin Zübeyrlə görüş, çünki o yumşaq təbiətlidir (gözəl əxlaqı və itaətkarlığı daha çoxdur). Ona de: Dayın oğlu (Zübeyrin anası Səfiyyə Əbu Talibin bacısı idi) deyir ki, sən məni Hicazda (Mədinədə) tanıdın (mənə bey’ət etdin), İraqda (Bəsrədə) inkar etdin (öz əhd-peymanını sındırıb, itaətdən çıxdın). Bəs nə oldu ki, sənə aşkar və aydın olandan üz döndərdin? (Nə baş verdi ki, öz əhd-peymanını pozub mənə qarşı çıxdın və mənimlə müharibəyə qalxdın. Seyyid Rəzi buyurur:)
Deyirəm: O Həzrət əleyhis-salam bu kəlməni « فَمَا عَدَا مِمَّا بَدَا» işlədən ilk şəxsdir.
Dostları ilə paylaş: |
|
|