120.1. Fors-major halların yaranması nəticəsində bu Məcəllənin 119.1-ci
maddəsi ilə
müəyyən edilmiş öhdəliklərini yerinə yetirə bilməyən şəxs, yaxud onun maraqlarından
çıxış edən şəxs bu barədə gömrük orqanlarını təxirə salınmadan məlumatlandırmalıdır.
Belə hallarda mallar tam itkiyə məruz qalmadıqda, gömrük orqanlarına onların dəqiq yeri
barədə məlumat verilməlidir.
120.2. Bu Məcəllənin 119.5-ci maddəsində göstərilən nəqliyyat vasitəsi fors-major
hallarında keçdiyi gömrük ərazisində məcburi dayanması ilə əlaqədar bu Məcəllənin
119.1-ci maddəsi ilə müəyyən edilmiş öhdəliyi yerinə yetirilmədikdə, həmin nəqliyyat
vasitəsinə görə məsul şəxs bu barədə gömrük ərazisində qaldığı
və təyinat gömrük
orqanlarını təxirə salınmadan məlumatlandırmalıdır.
120.3. Bu Məcəllənin 120.1-ci və 120.2-ci maddələrində qeyd olunan hallarda gömrük
orqanları nəqliyyat vasitəsində olan malların başqa gömrük orqanına və ya
razılaşdırdırılmış digər yerə çatdırılması üzrə tədbirləri müəyyənləşdirirlər.
Maddə 121. Malların gömrük orqanlarına təqdim edilməsi
121.1. Mallar gömrük ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların
sənədləri isə gömrük orqanlarına təqdim edilir.
121.2. Mallar gömrük ərazisinə gətirildiyi andan etibarən 1 (bir) saatdan gec olmayaraq,
gömrük orqanının iş vaxtından kənar vaxtda gətirildikdə isə iş vaxtı başlandıqdan sonra 1
(bir) saatdan gec olmayaraq gömrük orqanlarına məlumat verilməlidir.
121.3. Mallar gömrük orqanına təqdim edildikdən sonra,
mallar barəsində səlahiyyəti
olan şəxslər və ya onların nümayəndələri malları müvafiq gömrük proseduru altında
yerləşdirmək üçün gömrük orqanlarının icazəsi ilə onlardan prob və nümunələr götürə
bilərlər.
121.4. Mallar təyinat yerinə gömrük orqanının iş vaxtından kənar vaxtda gətirildikdə,
onlar gömrük nəzarəti zonasında saxlanılmalıdır.
121.5. Gömrük nəzarəti zonasında saxlanılan malların ilkin yerlərinin
dəyişdirilməsi,
nəqliyyat vasitələrindən boşaldılması, yaxud onlara yenidən yüklənməsi,
qablaşdırmaların açılması və yenidən qablaşdırma, eyniləşdirmə vasitələrinin
(əlamətlərinin, nişanlarının) dəyişdirilməsi, qoparılması və ya məhv edilməsi,
sərnişinlərin düşürülməsi kimi əməliyyatlar yalnız gömrük orqanlarının icazəsi ilə aparıla
bilər.
121.6. Bu Məcəllənin 121.1-ci maddəsində göstərilən tələblərə riayət etməyən daşıyıcı
bunun səbəblərini əvvəlcədən gömrük orqanlarına bildirməlidir. Əks halda, həmin
daşıyıcı qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
121.7. Bu Məcəllənin 121-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərlə əlaqədar
daşıyıcının çəkdiyi əlavə xərclər gömrük orqanları tərəfindən ödənilmir.
121.8. Şəxsin müraciəti və gömrük orqanlarının icazəsi ilə mallar gömrük yoxlamasına
həmin şəxsin məqsədəmüvafiq hesab etdiyi digər yerlərdə də təqdim oluna bilər. Belə
hallarda həyata keçirilən gömrük prosedurları ilə bağlı bütün xərclər şəxs tərəfindən
ödənilir.
121.9. Gömrük ərazisinə gətirilən mallar gömrük orqanlarına aşağıdakı şəxslərdən biri
tərəfindən təqdim oluna bilər:
121.9.1. malları
gömrük ərazisinə gətirmiş şəxs;
121.9.2. malları gömrük ərazisinə gətirmiş şəxsin adından çıxış edən şəxs;
121.9.3. mallar gömrük ərazisinə gətirildikdən sonra onların daşınmasına görə
məsul olan şəxs;
121.9.4. malları dərhal müvafiq gömrük proseduru altında yerləşdirən şəxs;
121.9.5. saxlanc yerlərinin təsis edilməsi üçün verilmiş lisenziyanın sahibi və ya
sərbəst zonada fəaliyyət göstərən şəxs.
121.10. Malları gömrük orqanlarına təqdim edən şəxs həmin mallara dair qısa idxal
bəyannaməsinə və ya gömrük bəyannaməsinə istinad etməlidir.
Maddə 122. Malların boşaldılması, yoxlanılması və yenidən yüklənməsi
122.1. Mallar yalnız gömrük orqanlarının icazəsi ilə və nəzarəti altında, onların
müəyyənləşdirdiyi yerlərdə gömrük ərazisinə gətirilmə üçün istifadə olunan nəqliyyat
vasitəsindən boşaldıla və bu ərazidən aparılma üçün istifadə olunan nəqliyyat vasitəsinə
yenidən yüklənə bilər.
122.2. Malların və ya onların bir hissəsinin təcili boşaldılmasını zəruri
edən təhlükə
yaranarsa, gömrük orqanlarının icazəsi tələb olunmur. Lakin bu barədə gömrük
orqanlarına təcili məlumat verilməlidir.
122.3. Malların yenidən yüklənməsi üçün gömrük orqanları tərəfindən tələb olunan
yeganə sənəd yük bəyannaməsidir.
122.4. Gömrük orqanları tələb etdikləri məlumatların ətraflı qeyd olunduğu istənilən
kommersiya və ya nəqliyyat sənədini malların yenidən yüklənməsi üçün gömrük
bəyannaməsinin təsviri hissəsi kimi qəbul edirlər. Bu halda sənəddə məlumatların
müvafiq məqsəd üçün qəbul edilməsi barədə qeydiyyat aparılır.
122.5. Gömrük orqanları yenidən yüklənən malları, onları daşıyan nəqliyyat vasitələrini
yoxlamaq, mallardan prob və nümunələr götürmək məqsədi ilə malların boşaldılmasını
və açılmasını tələb etmək hüququna malikdirlər.
122.6. Gömrük orqanlarına təqdim edilmiş mallar gömrük orqanlarının
icazəsi olmadan
təqdim edildiyi yerdən çıxarıla bilməz.
Maddə 123. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi
123.1. Gömrük ərazisinə gətirilərək, gömrük orqanlarına təqdim edilən mallar müvafiq
gömrük proseduru altında yerləşdirilməlidir.
123.2. Bu Məcəllənin 214-cü və 215-ci maddələrində nəzərdə tutulan hallar istisna
olmaqla, bəyannaməçi malları mənşə ölkəsindən, xassələrindən, miqdarından asılı
olmayaraq, istənilən gömrük proseduru altında yerləşdirə bilər.
Maddə 124. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilməsi
124.1. Malların dərhal digər xüsusi gömrük proseduru altında və ya sərbəst zonada
yerləşdirildiyi hallar istisna olmaqla, gömrük orqanlarına təqdim edilmiş xarici mallar bu
Məcəllənin 178-ci maddəsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru
altında yerləşdirilmiş hesab edilir.
124.2. Gömrük orqanlarına təqdim edilmiş xarici mallar üzrə qısa idxal bəyannaməsinin
verilmədiyi müəyyənləşdirildikdə, onların sahibi bu
bəyannaməni dərhal gömrük
orqanlarına təqdim etməlidir.
Fəsil 18. Malların gömrük ərazisindən aparılması
Maddə 125. Mallar gömrük ərazisindən aparılmazdan əvvəl bəyanetmə öhdəliyi
125.1. Gömrük ərazisindən aparılması nəzərdə tutulan mallar həmin ərazidən
aparılmazdan əvvəl bəyan edilməlidir.
125.2. Bu Məcəllənin 125.1-ci maddəsi gömrük ərazisinə daxil olan ərazi sularından və
hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil
edilmir.
125.3. Bu Məcəllənin 125.1-ci maddəsində nəzərdə tutulmuş bəyanetmə aşağıdakı
formalarda ola bilər:
125.3.1. gömrük ərazisindən aparılan mallar gömrük bəyannaməsi tələb olunan
gömrük proseduru altında yerləşdirildikdə, müvafiq gömrük bəyannaməsi;
125.3.2. bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan
təkrar ixrac bildirişi;
125.3.3. gömrük bəyannaməsi və təkrar ixrac bildirişi tələb olunmadığı hallarda,
bu Məcəllənin 129-cu maddəsində nəzərdə tutulan qısa ixrac bəyannaməsi.