sənədlərinin təqdim olunmasını şəxsdən, yaxud onun nümayəndəsindən tələb etmək
hüququna malikdirlər.
70.3. Gömrük orqanlarının vəzifəli şəxslərinin malları idxal və ixrac edən şəxslərdən və
ya onların nümayəndələrindən bu Məcəllənin 70.2-ci maddəsində göstərilən sənədlərin
surətlərinin çıxarılmasına və ya onlardan çıxarışlar edilməsinə şərait yaradılmasını,
müvafiq məlumatlara və sənədlərə dair sualların cavablandırılmasını tələb etmək hüququ
vardır.
Maddə 71. Sənədlərin təqdim edilməsi ilə bağlı əlavə səlahiyyətlər
Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük auditinin və araşdırmalarının aparılması
üçün zəruri olan sənədləri (məlumatları) dövlət və yerli özünüidarəetmə orqanlarına,
fiziki və hüquqi şəxslərə sorğu verməklə, qanunvericiliklə müəyyən edilmiş qaydada
alırlar.
Maddə 72. Xarici dildə olan sənədlər (məlumatlar)
Xarici dildə olan sənədlər (məlumatlar) onları gömrük orqanına təqdim edən şəxsin
vəsaiti hesabına Azərbaycan Respublikasının dövlət dilinə tərcümə olunmalıdır.
Maddə 73. Gömrük orqanları tərəfindən sənədlərin və məlumatların götürülüb saxlanılması
73.1. Qanunla başqa müddət müəyyən edilmədikdə, gömrük orqanlarının vəzifəli şəxsləri
bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına uyğun olaraq şəxs
tərəfindən təqdim edilməsi tələb olunan sənəd və məlumatları 1 (bir) günədək müddətə
götürüb saxlamaq hüququna malikdirlər.
73.2. Gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəllənin tələblərinə əsasən sənəd və
məlumatları götürüb saxladığı halda, həmin sənəd və ya məlumatlara hüququ olan şəxsin
müraciəti əsasında həmin şəxsə onların müəyyən edilmiş qaydada təsdiq edilmiş surətini
verirlər.
73.3. Müəyyən edilmiş qaydada təsdiq edilmiş sənəd və məlumatların surəti sənədin əsli
kimi istifadə oluna bilər. (2)
Maddə 74. Sənədlərin gömrük auditi
Gömrük orqanlarının vəzifəli şəxsləri sənədlərin gömrük auditini bu Məcəllənin 98-ci
maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirirlər.
Maddə 75. Gömrük auditi zamanı əldə edilmiş sənədlərin surətinin çıxarılması
75.1. Gömrük auditi aparıldığı zaman yoxlanılan sənədlər bu Məcəllənin və gömrük işi
üzrə digər qanunvericilik aktlarının tələblərinin pozulması faktını ehtimal etməyə əsas
verdikdə, gömrük orqanlarının vəzifəli şəxsləri həmin sənədlərin surətlərinin çıxarılması
məqsədi ilə 1 (bir) günədək müddətinə götürmək hüququna malikdirlər.
75.2. Surəti çıxarıldıqdan sonra sənədlər onlar üzərində hüquq sahibi olan şəxsə
qaytarılır.
Maddə 76. Gömrük auditi zamanı əldə edilmiş məlumatların, sənədlərin və malların götürülüb
saxlanılması
76.1. Gömrük auditi aparıldığı zaman yoxlanılan məlumatlar, sənəd və mallar bu
Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərinin pozulması
faktını ehtimal etməyə əsas verdikdə, gömrük orqanlarının vəzifəli şəxsləri həmin
məlumatları, sənədləri və malları götürüb saxlayırlar.
76.2. Gömrük orqanlarının gömrük auditini aparan vəzifəli şəxsləri sənəd və məlumatları
götürüb saxladığı halda, bu həmin sənəd və ya məlumatlara hüququ olan şəxsin müraciəti
əsasında həmin şəxsə onların müəyyən edilmiş qaydada təsdiq olunmuş surətini verirlər.
76.3. Malların müsadirə ediləcəyi, gömrük ödənişlərinin həmin mallara yönəldiləcəyi,
yaxud sənədlərin və malların maddi sübut olması halları istisna edilməklə, götürülmüş
sənədlər, məlumatlar və mallar gömrük auditinin başa çatdığı gün sahibinə qaytarılır.
Maddə 77. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən fiziki qüvvə, xüsusi vasitələr və
odlu silahdan istifadənin şərtləri və hüdudları
77.1 Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən bu
Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvə, xüsusi vasitələr və odlu
silah tətbiq etmək hüququna malikdirlər.
77.2. Gömrük orqanlarının vəzifəli şəxsləri fiziki qüvvənin, xüsusi vasitələrin və odlu
silahın tətbiqi ilə əlaqədar hallarda müvafiq hərəkət etmək üçün xüsusi hazırlıq keçməli,
bu sahədə yararlı olmalarının müəyyənləşdirilməsi məqsədi ilə müntəzəm
yoxlanılmalıdırlar.
77.3. Fiziki qüvvəni, xüsusi vasitələri və odlu silahı tətbiq edərkən, gömrük orqanlarının
vəzifəli şəxsləri aşağıdakıları etməyə borcludurlar:
77.3.1. tələblərinin yerinə yetirilməsi üçün şəxsə kifayət qədər vaxt verməklə
fiziki qüvvəni, xüsusi vasitələri və ya odlu silahı tətbiq etmək niyyəti barədə
xəbərdarlıq etmək (bunların tətbiqində ləngimənin şəxslərin həyatı və sağlamlığı
üçün birbaşa təhlükə yaratdığı, digər ağır nəticələrə səbəb ola biləcəyi, qəfil və ya
silahlı basqın, döyüş texnikası və nəqliyyat vasitələrindən istifadə etməklə hücum
zamanı, yaxud yaranmış vəziyyətdə xəbərdarlıq edilməsi yersiz və ya qeyri-
mümkün olduğu başqa hallar istisna edilir);
77.3.2. bədən xəsarəti almış şəxsə ilkin tibbi yardım göstərilməsini təmin etmək;
77.3.3. hüquqpozmanın xarakteri və ictimai təhlükəlilik dərəcəsindən, həmçinin
göstərilən müqavimətin qüvvəsindən asılı olaraq, təhlükənin aradan qaldırılması
zamanı vurulan ziyanın minimum olmasına çalışmaq.
77.4. Fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın bu Məcəllədə nəzərdə
tutulmuş hallarda tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır. Gömrük orqanlarının
vəzifəli şəxsləri tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edildiyi
hər bir halda müvafiq gömrük orqanında xidməti yoxlama aparılmalı və onun bu
hərəkətlərinin qanunauyğunluğu barədə rəy verilməlidir.
77.5. Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiq edilməsi barədə gömrük
orqanlarının vəzifəli şəxsləri dərhal gömrük orqanının rəhbərinə və ya onu əvəz edən
şəxsə, sonuncu isə, hadisə baş verən andan 24 (iyirmi dörd) saat ərzində bu barədə
müvafiq prokurora məlumat verməlidir.
77.6. Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın qanunsuz tətbiqinə yol verən
gömrük orqanlarının vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş məsuliyyət
daşıyırlar.
Maddə 78. Fiziki qüvvənin tətbiqi
Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük hüquqpozmalarının qarşısını almaq, onları
törətmiş şəxsləri tutub saxlamaq, müqaviməti dəf etmək, qanuni sərəncamlara və ya
tələblərə tabe olmamaq hallarını aradan qaldırmaq, həmçinin gömrük nəzarəti altında
olan binaya, əraziyə daxil olmaqla, mallara və nəqliyyat vasitələrinə yaxın düşməyə mane
olmaq, eləcə də həmin vəzifəli şəxsə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə mane
olan digər hərəkətlərin qarşısını almaq məqsədi ilə bu vəzifələrin yerinə yetirilməsini
başqa üsullarla təmin etmək mümkün olmadıqda, fiziki qüvvə tətbiq etmək hüququna
malikdirlər.
Maddə 79. Xüsusi vasitələrin tətbiqi
79.1. Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən
aşağıdakı hallarda əl qandalları, rezin dəyənəklər, gözyaşardıcı maddələr, binaların
açılması üçün qurğular, nəqliyyatın məcburi dayandırılmasını təmin edən vasitələr və
digər xüsusi vasitələr tətbiq etmək hüququna malikdirlər:
79.1.1. gömrük orqanlarının vəzifəli şəxslərinin və başqa şəxslərin üzərinə edilən
basqınların dəf edilməsi üçün;
79.1.2. gömrük orqanlarına məxsus və ya onların istifadəsindəki binalara,
otaqlara, tikililərə və nəqliyyat vasitələrinə, gömrük nəzarəti altında olan mallara
və nəqliyyat vasitələrinə basqınların dəf edilməsi, həmçinin göstərilən obyektlər
zəbt edildikdə, onların azad edilməsi üçün;
Dostları ilə paylaş: |