Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 197,59 Kb.
səhifə11/15
tarix26.08.2018
ölçüsü197,59 Kb.
#64412
1   ...   7   8   9   10   11   12   13   14   15

Qeyd:

1. Bu Məcəllənin 244-1-ci maddəsində “qumar oyunu” dedikdə, pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun başa düşülür.

2. Lotereyalara və idman mərc oyunlarına bu maddənin qüvvəsi şamil edilmir.

 

Maddə 245. Qəbir üzərində təhqiredici hərəkət



 

Qəbir və ya meyit üzərində təhqiredici hərəkət—

iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 246. Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama



 

Dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama—

beş yüz manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

28-ci fəsil



EKOLOJİ CİNAYƏTLƏR

 

Maddə 247. İşlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma



 

Sənaye, kənd təsərrüfatı, elmi və digər obyektlərin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və istismarı zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxslər tərəfindən bu qaydaların pozulması radioaktiv fonun əhəmiyyətli dərəcədə dəyişməsinə, insan sağlamlığına zərər vurulmasına və ya heyvanların kütləvi məhvinə və ya digər ağır nəticələrə səbəb olduqda—

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 248. Ekoloji cəhətdən təhlükəli maddələrin və tullantıların dövriyyəsi qaydalarını pozma



 

248.1. Təhlükəli tullantıların qadağan olunmuş növlərinin istehsalı, müəyyən edilmiş qaydaların pozulması ilə radioaktiv, bakterioloji, kimyəvi maddələrin və tullantıların daşınması, saxlanması, basdırılması, istifadəsi və ya sair dövriyyəsi, əgər bu əməllər insan sağlamlığına və ya ətraf mühitə əhəmiyyətli ziyan vurma təhlükəsi yaratdıqda—

iki yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

248.2. Eyni əməllər ətraf mühitin çirklənməsinə, zəhərlənməsinə, insan sağlamlığına zərər vurulmasına və ya heyvanların kütləvi məhvinə səbəb olduqda və ya təhlükəli ekoloji vəziyyət zonasında törədildikdə—

beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

248.3. Bu Məcəllənin 248.1 və ya 248.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya insanların kütləvi xəstələnməsinə səbəb olduqda—

üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 249. Baytarlıq qaydalarını və bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma



 

249.1. Baytarlıq qaydalarının pozulması, ehtiyatsızlıqdan epizootiyanın yayılmasına və ya digər ağır nəticələrə səbəb olduqda—

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

249.2. Bitki xəstəliklərinə və ya ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarının pozulması ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda—

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 250. Suyu (su mənbələrini) çirkləndirmə



 

250.1. Yerüstü və ya yeraltı suların, istifadə olunan su mənbələrinin çirkləndirilməsi, tükənməsi və ya onların təbii xassələrinin başqa cür dəyişdirilməsi, heyvanlar və ya bitki aləminə, balıq və digər su bioresurslarına, meşə və ya kənd təsərrüfatına əhəmiyyətli zərərin vurulmasına səbəb olduqda—

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

250.2. Eyni əməllər insan sağlamlığına zərər vurulmasına və ya heyvanların kütləvi məhvinə səbəb olduqda, habelə qoruqların ərazisində və ya təhlükəli yaxud fövqəladə ekoloji vəziyyət zonasında törədildikdə—

beş yüz manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya //çıxarılıb// iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

250.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 251. Atmosferi (havanı) çirkləndirmə



 

251.1. Çirkləndirici maddələrin havaya buraxılması qaydalarının pozulması və ya avadanlıqların, qurğuların və digər obyektlərin istismarı qaydalarının pozulması havanın çirkləndirilməsinə və ya onun təbii xassələrinin başqa cür dəyişilməsinə səbəb olduqda—

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

251.2. Eyni əməllər insan sağlamlığına zərər vurulmasına səbəb olduqda—

min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

251.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 252. Dəniz mühitini çirkləndirmə



 

252.1. Dəniz mühitini quruda olan mənbələrdən çirkləndirmə, yaxud nəqliyyat vasitələrindən və ya dənizdə quraşdırılmış süni qurğulardan insan sağlamlığı və dənizin canlı sərvətləri üçün zərərli olan, yaxud dənizdən qanuni istifadəyə mane olan maddələri və ya materialları tullama və ya basdırma qaydalarını pozmaqla dəniz mühitini çirkləndirmə—

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

252.2. Eyni əməllər insan sağlamlığına, heyvanlar və bitki aləminəbalıq və digər su bioresurslarına, ətraf mühitə, istirahət zonalarına və ya qanunla qorunan digər maraqlara əhəmiyyətli zərər vurulmasına səbəb olduqda—

min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

252.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 253. Sahilyanı şelf haqqında Azərbaycan Respublikasının qanunvericiliyini pozma



 

253.1. Qanunsuz olaraq Azərbaycan Respublikasının sahilyanı şelfində tikililər və ya başqa qurğular ucaltma, onların ətrafında təhlükəsizlik zonasını yaratma, habelə quraşdırılan tikililərin və dəniz gəmiçiliyinin təhlükəsizliyinin təmin edilməsi vasitələrinin tikintisi, istismarı, mühafizəsi və ya ləğv olunması qaydalarını pozma—

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

253.2. Azərbaycan Respublikasının sahilyanı şelfində xarici hüquqi və fiziki şəxslər tərəfindən təbii sərvətlərin tədqiqi, kəşfiyyatı, işlənməsi və başqa işlər görülməsi, əgər bu hərəkətlərin həyata keçirilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və ya Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının verdiyi xüsusi icazədə nəzərdə tutulmamışdırsa—

üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 254. Torpaqları korlama



 

254.1. Saxlanması, istifadə edilməsi yaxud daşınması zamanı gübrələrlə, təhlükəli kimyəvi və ya bioloji maddələrlə davranış qaydalarının pozulması nəticəsində təsərrüfat və ya başqa fəaliyyətin zərərli məhsulları ilə torpaqların zəhərlənməsi, çirkləndirilməsi yaxud onların başqa cür korlanması, insanların sağlamlığına və ya ətraf mühitə əhəmiyyətli ziyanın vurulmasına səbəb olduqda—

yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

254.2. Eyni əməllər fövqəladə və təhlükəli ekoloji vəziyyət zonasında törədildikdə—

iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

254.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 255. Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma



 

Dağ-mədən müəssisələrinin və ya yeraltı qurğuların, faydalı qazıntıların çıxarılması ilə əlaqəsi olmayan layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və ya istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması, habelə faydalı qazıntıların yerləşdiyi ərazidə qanunsuz tikinti aparılması əhəmiyyətli zərərə səbəb olduqda—

yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

 

Maddə 256. Balıq və digər su bioresurslarını qanunsuz tutma



 

256.1. Balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda —

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

256.2. Eyni əməllər:

256.2.1. külli miqdarda ziyan vurulmaqla törədildikdə;

256.2.2. özüyeriyən və özüüzən nəqliyyat vasitəsindən və ya partlayıcı və ya kimyəvi maddələrdən və ya balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitələrdən istifadə etməklə törədildikdə; 

256.2.3. qoruqların ərazisində və ya fövqəladə yaxud təhlükəli ekoloji vəziyyət zonasında törədildikdə—

yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

256.3. Bu Məcəllənin 256.1-ci və ya 256.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya qabaqcadan əlbir olan bir qrup şəxs yaxud mütəşəkkil dəstə tərəfindən törədildikdə—

min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 



Qeyd: Bu Məcəllənin 256.1-ci maddəsində «xeyli miqdar» dedikdə, dörd yüz manatdan min manatadək olan məbləğ, 256.2.2-ci maddəsində «külli miqdar» dedikdə isə min manatdan artıq olan məbləğbaşa düşülür.

 

Maddə 257. Balıq və digər su bioresurslarının qorunması qaydalarını pozma



 

Körpülərin, bəndlərin tikintisi, partlayış işlərinin və ya digər işlərin həyata keçirilməsi, habelə suburaxıcı qurğuların istismarı balıq və digər su bioresurslarının qorunması qaydalarını pozmaqla törədildikdə və bu əməllər balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olduqda—

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

 

Maddə 258. Qanunsuz ov etmə



 

258.1. Lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş vaxtda, qadağan edilmiş alət və üsullarla ov etmə xeyli miqdarda ziyan vurduqda—

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

258.2. Eyni əməllər:

258.2.1. külli miqdarda ziyan vurulmaqla törədildikdə;

258.2.2. partlayıcı maddələrdən və ya quşların və heyvanların kütləvi məhvinə səbəb olan başqa üsullardan istifadə etməklə törədildikdə;

258.2.3. ovlanması tamamilə qadağan edilmiş quşlara və heyvanlara qarşı törədildikdə;

258.2.4. qoruqların ərazisində və ya ekoloji fəlakət və fövqəladə ekoloji vəziyyət zonasında törədildikdə—

yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

258.3. Bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulan əməllər:

258.3.1. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

258.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə—

altı yüz manatdan min manatadək miqdarda cərimə və ya //çıxarılıb// üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu Məcəllənin 258.1-ci maddəsində «xeyli miqdar» dedikdə, dörd yüz manatdan min manatadək olan məbləğ, 258.2.1-ci maddəsində «külli miqdar» dedikdə isə min manatdan artıq olan məbləğ başa düşülür.

 

Maddə 259. Qanunsuz ağac kəsmə



 

259.1. Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda -



beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

259.2. Eyni əməllər:

259.2.1. təkrar törədildikdə;

//çıxarılıb//

259.2.3.  şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

259.2.4. külli miqdarda ziyan vurmaqla törədildikdə -

yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

259.3. Bu Məcəllənin 259.1-ci və ya 259.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə -

doqquz min manatdan on bir min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu maddənin müddəaları xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) hallarına şamil edilmir.

2. Bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür.

 

Maddə 260. Meşələri və digər yaşıllıqları məhv etmə və ya zədələmə



 

260.1. Odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma üzündən meşələri, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərini və digər yaşıllıqları məhv etmə və ya zədələmə



min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

260.1-1. Bu Məcəllənin 260.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə -

iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

260.2. Yandırma və ya digər ümumi təhlükəli üsulla və ya zərərli maddələrlə, istehsalat və məişət tullantıları ilə çirklənməsi nəticəsində, meşələri və ya meşə fonduna daxil olmayan ağac və ya kol əkililəri və digər yaşıllıqları məhv etmə və ya zədələmə -



iki min manatdan üç min manatadək miqdarda cərimə edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

260.3. Bu Məcəllənin 260.2-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə -

üç min manatdan yeddi min manatadək miqdarda cərimə edilməklə və ya edilməməklə beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 261. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və təbiət obyektlərinin mühafizə rejimini pozma



 

Qoruqların, milli parkların, təbiət abidələrinin və ya dövlət tərəfindən xüsusi mühafizə olunan təbiət ərazilərinin mühafizə rejiminin pozulması əhəmiyyətli zərər vurulmasına səbəb olduqda—

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu Məcəllənin 261-ci maddəsində "əhəmiyyətli zərər" dedikdə iki yüz manatdan artıq olan məbləğ başa düşülür.

 

29-cu fəsil



HƏRƏKƏT TƏHLÜKƏSİZLİYİ VƏ NƏQLİYYAT VASİTƏLƏRİNİN İSTİSMARI QAYDALARI ƏLEYHİNƏ OLAN CINAYƏTLƏR

 

Maddə 262. Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma



 

262.1. Yerinə yetirdiyi işlə və ya tutduğu vəzifə ilə əlaqədar dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olan şəxs tərəfindən həmin qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına //çıxarılıb// az ağır zərər vurulmasına səbəb olduqda—

iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

262.1-1. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda –

 üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

262.2. Bu Məcəllənin 262.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

262.3. Bu Məcəllənin 262.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda—

beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 263. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma



 

263.1. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır //çıxarılıb// zərər vurulmasına səbəb olduqda—

iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

263.1-1. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda –

 üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

263.2. Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

263.3. Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda—

beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə «digər mexaniki nəqliyyat vasitəsi» dedikdə trolleybuslar, traktorlar, motosikllər, habelə başqa özüyeriyən maşın və mexanizmlər nəzərdə tutulur.

 

M a d d ə 263-1. Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma



 

263-1.1. Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda -

üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

263-1.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda -

dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

263-1.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-

beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

263-1.4. Eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda -

beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 264. Yol nəqliyyat hadisəsi yerindən qaçma



 

Bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması—

üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə //çıxarılıb// iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.KM2

Qeyd: Zərərçəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxs bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməkdən azad olunur.

 

Maddə 265. Nəqliyyat vasitələrini keyfiyyətsiz təmir etmə və ya onları texniki cəhətdən nasaz vəziyyətdə işə buraxma



 

265.1. Nəqliyyat vasitələrinin və ya nəqliyyat avadanlıqlarının keyfiyyətsiz təmir edilməsi, habelə nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxs tərəfindən texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismara buraxılması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda—



beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

265.2. Eyni hərəkətlər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

265.3. Bu Məcəllənin 265.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda—

üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 265-1. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi qaydalarının pozulması

 

265-1.1. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin belə nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılması, yaxud ümumi istifadədə olan nəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda -

iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

265-1.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda -

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

265-1.3. Bu Məcəllənin 265-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda -

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 266. Nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salma



 

266.1. Dağıtmaq, zədələmək və ya başqa üsulla yolların, nəqliyyat vasitələrinin və ya nəqliyyat avadanlığının yararsız vəziyyətə salınması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya külli miqdarda ziyan vurulmasına səbəb olduqda—

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

266.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

266.3. Bu Məcəllənin 266.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin həlak olmasına səbəb olduqda—

üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 267. Nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən qaydaları pozma



 

267.1. Sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda—

min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

267.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

267.3. Bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin həlak olmasına səbəb olduqda—

üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 268. Magistral boru kəmərlərinin inşası, istismarı və ya təmir edilməsi zamanı təhlükəsizlik qaydalarını pozma



 

268.1. Magistral boru kəmərlərinin inşası, istismarı və ya təmiri zamanı təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya külli miqdarda ziyan vurulmasına səbəb olduqda—

iki min manatdan beş min manatadək miqdarda cərimə və ya //çıxarılıb// iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

268.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

268.3. Bu Məcəllənin 268.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda—

üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 269. Gəmi kapitanının fəlakətə uğrayanlara kömək göstərməməsi



 

Dəniz və ya sair su yolunda fəlakətə uğrayanlara gəmi kapitanı tərəfindən öz gəmisi, onun heyəti və sərnişinləri üçün ciddi təhlükə olmadan kömək edə bildiyi halda kömək göstərməməsi—

iki ilədək müddətə islah işləri və ya //çıxarılıb// eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 270. Beynəlxalq uçuş qaydalarını pozma



 

Müəyyən edilmiş icazədə göstərilən marşrutlara, enmə yerlərinə, hava qapılarına, uçuş yüksəkliyinə riayət etməmə və ya beynəlxalq uçuş qaydalarını başqa cür pozma—

beş yüz manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Otuzuncu fəsil



KİBERCİNAYƏTLƏR

 

Maddə 271. Kompyuter sisteminə qanunsuz daxil olma

 

271.1. Kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən daxil olma -



iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

271.2. Eyni əməllər:

271.2.1. təkrar törədildikdə;

271.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;

271.2.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə –

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

271.3. Bu Məcəllənin 271.1 və ya 271.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə –

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.



Yüklə 197,59 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə