Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────────────────────────────────────────────────
13
Xəmsə məliklərindən Pənah xanın hakimiyyətini birinci olaraq tanıyan Məlik Şahnəzər oldu. Bu,
İbrahimxəlil ağanın Məlik Şahnəzərin qızı Hürzatla evlənməsi ilə nizama salındı.
Xaçın məliyi Ulubab Ballıqayada məğlub edildikdən sonra Pənah xanın hakimiyyətini tanıdı. Dizaq,
Çiləbörd, Talış məliklərinin düşmənçilik siyasəti isə bir neçə il sürdü. Əhməd bəy Cavanşir yazır: "Qonşu
vilayətlərdən toplanmış xəzinə pullarını saxlayan Tuğ və ya Dizaq məliyi Yeganə öz oğulları və qohumları ilə
birlikdə kəskin müqavimət göstərdikdən sonra onların bir hissəsi qırılmış, bir hissəsi isə islam dinini qəbul
etmişdi… Çiləbörd məliyi Allahqulu Sultan əvvəlcə onun təbəəliyini qəbul etmiş, lakin sonralar xəyanətdə
ittiham edilərək Pənah xanın əmri ilə öldürülmüşdü. Onun qardaşı Məlik Hətəm Talışın beşinci məliyi Məlik
Usubla ittifaq bağlayıb uzun müddət öz obalarını Pənah xan dəstələrinin hücumlarından müdafiə etmiş, lakin
Mardakerd kəndində məğlub olduqdan sonra Tərtər çayının yuxarılarında yerləşən alınmaz Cermux qalasına
çəkilmişdi. Bir ilə qədər qalada qaldıqdan sonra nəhayət, öz ailəsi ilə birlikdə qürbət ellərdə nicat axtarmalı
olmuşdu. Lakin bununla öz siyasi fəaliyyətlərini bitirmədi. Belə ki, sonralar onun həm özü və həm də övladları
(birincinin oğlu Məlik Məcnun) daim Qarabağa hücumlar edirdilər…". Pənah xanın məlikləri tabe etmək
yolunda qazandığı uğurları onun oğlu İbrahim xan davam etdirdi.
Qarabağ məliklərindən duzaqlı Yesay, çiləbördlü Məcnun və gülüstanlı Bəyləryan İbrahim xana tabe
olmaqdan imtina etdilər. Vərəndəli Məlik Şahnəzər və xaçınlı Mirzə xan isə İbrahim xanın hakimiyyətini qəbul
edərək onun yaratdığı vətənsevər qüvvələr birliyinə qoşuldular.
Müttəfiqlər 1781-ci ildə Tuğ qalasını mühasirəyə aldılar. Məlik Yesay təslim oldu, burada hakimiyyət
Məlik Bahtama keçdi. Lakin tezliklə o da dönük çıxdı.
İbrahim xanla separatçı məliklər arasındakı mübarizəyə 1783-cü ildən Rusiya dövləti də qarışmağa başladı.
Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya burada - Azərbaycan ərazisində həmin məliklərin köməyi ilə
"xristian dövləti", daha doğrusu, özünə dayaq yaratmağa çalışırdı. Bu zaman İbrahim xan özünün yüksək
diplomatik bacarığı sayəsində düşmənçilik edən məlikləri Şuşaya toplaya bildi. Sənədlər əsasında onların
Qarabağ xanlığına xəyanət etdiyini sübuta yetirərək onları həbsə aldırdı.
Məlik Məcnun və Abov Şuşa həbsxanasına salındı, Məlik Bahtam isə günahlarına görə Ərdəbil xanına
verildi. Məliklərin müttəfiqi Gəncəsər monastırının katolikosu İohannes qardaşı ilə birlikdə tutulub
cəzalandırıldı.
Lakin Şuşa həbsxanasındakı məliklər qaça bildilər. Onlar Tiflisə gələrək burada Qarabağ xanlığına qarşı
hazırlanmış qəsdi gürcü çarı II İrakli (1744-1798) və rus polkovniki Burnaşovun köməyilə yerinə yetirməyə
girişdilər. Qarabağ xanlığına qarşı "xaç yürüşü"nə başlayan düşmənlər Gəncəyə yaxınlaşdılar. Lakin 1787-
1791-ci illər Rusiya-Türkiyə müharibəsinin başlanması nəticəsində bu "xaç yürüşü" baş tutmadı. İbrahim xan
müstəqil Qarabağ xanlığının bütövlüyünü qoruyub saxlaya bildi.
1795-ci ilin yayında İranda hakimiyyəti ələ alan Ağa Məhəmməd Qacar (1742-1797) Qarabağ xanlığına
hücum etdi. Şuşanın 33 günlük mühasirəsi uğursuz oldu. Şuşadan sonra o, Tiflis üzərinə yeridi. V.Zubovun
komandanlıq etdiyi rus qoşunlarının hücumu ilə Ağa Məhəmməd Qacar geri çəkildi. Rus çariçası II
Yekaterinanın (1764-1796) ölümü ilə V. Zubov da Azərbaycandan geri çağırıldı. 1797-ci ildə Ağa Məhəmməd
Qacar yenidən
Qarabağa hücum etdi, Şuşanı tutdu, lakin burada öldürüldü.
XVIII yüzilin sonları - XIX yüzilin başlanğıcında Rusiyanın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda
işğalçılıq fəaliyyəti gücləndi, 1801-ci ildə Gürcüstan imperiyaya birləşdirildi, Azərbaycanın Car-Balakən
camaatlığı (1803) və Gəncə xanlığı (1804) işğal olundu.
İbrahim xan belə bir vəziyyətdə Rusiya qoşunlarının komandanı P.D.Sisianovla (1802-1806) Kürəkçayda
müqavilə bağladı. Kürəkçay müqaviləsinə əsasən, Qarabağ xanlığı məhz müsəlman - Azərbaycan torpağı kimi
Rusiyaya ilhaq olundu. Tarixi reallığı əks etdirən Kürəkçay müqaviləsi, eyni zamanda, Qarabağın, o cümlədən
bu diyarın dağlıq hissəsinin Azərbaycan xalqına məxsus olduğunu sübut edən ən mötəbər sənəddir.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────────────────────────────────────────────────
14
Kürəkçay müqaviləsi
Tarixi ədəbiyyatda Kürəkçay müqaviləsi kimi bəlli olan bu sənəd XIX yüzilliyin başlanğıcında
Rusiya-Azərbayçan siyasi münasibətlərinə dair mühüm rəsmi qaynaqlardan biridir. Müqavilə Qarabağ
xanlığının hökmdarı İbrahim xan və Rusiya imperiyası qoşunlarının Qafqazda baş komandanı general P.
D. Sisianov arasında 1805-ci il mayın 14-də bağlanmışdır. Bu müqaviləyə görə, Qarabağ xanı Rusiya
çarının vassalı olmağına razılıq verir, üçüncü xarici dövlətlər ilə müstəqil münasibətlər saxlamaq
hüququndan Rusiya çarının xeyrinə imtina edir, çar xəzinəsinə hər il 8 min çervon bac verməyi öhdəsinə
götürür. Şuşa qalasında və xanlığın ərazisində Rusiya qoşun dəstələri yerləşdirilirdi. İbrahim xan öz
nəvəsini Tiflisə baş komandanın qərargahında girov saxlanmaq üçün göndərməli idi. Çar qoşunları
general-leytenantı hərbi rütbəsi alan İbrahim xan birbaşa çar baş komandanına tabe edilirdi. Bununla
yanaşı, çar hökuməti xanın və onun qanuni varislərinin daxili idarə etmək hüquqlarına heç vaxt
toxunmayacağını öhdəsinə götürürdü. Beləliklə, Kürəkçay müqaviləsi ikitərəfli dövlətlərarası
münasibətləri siyasi yolla, savaşsız həll etmiş bir sənəddir. Kürəkçay müqaviləsi 1822-ci ildə, yəni 17 il
keçdikdən sonra Qarabağ xanlığının çar hökuməti tərəfindən ləğv edilməsi ilə rəsmi qüvvəsini itirmiş
oldu.
Kürəkçay müqaviləsinin mətni ilk dəfə general Sisianovun çar I Aleksandrın adına 22 may 1805-ci il
tarixli «tam sədaqətli» raportunda olduğu kimi gətirilmişdir. Raportun mətni isə öz növbəsində «Qafqaz
Arxeoqrafiya komissiyasının topladığı aktlar»ın II cildində çap edilmişdir (bax: Aktı, sobrannıe
Kavkazskoi Arxeoaqrafiçeskoi Komissiei, t. II. Pod red. A. Bsrjs. Tiflis, 1868, sənəd 1436, s. 702—705).
Həmin çap üzrə də azərbaycancaya çevrilmişdir.
ANDLI ÖHDƏLİK
Aşağıda adı çəkilən mən, qadir Allah, böyük peyğəmbərimiz Məhəmməd... qarşısında İ. Ə. (imperator
əlahəzrəti.—Red.) –nə; özümün həqiqi xə əsl lütfkar [Hamisi böyük] Aleksandr Pavloviçə, Bütün Rusiyanın
mütləq hökmdarına və bütün Rusiya taxt-tacının təyin olunacaq İ. Ə. vəliəhdə sədaqətlə və ürəkdən qulluq
edəcəyimi və hər şeydə itaət göstərəcəyimi, öz canımı son damla qanıma qədər əsirgəməməyi istəməyim və
buna borclu olduğum haqda söz verir və and içirəm...
Traktatın layihəsi
Qadir Allah naminə.
Biz, yəni Şuşalı və Qarabağlı İbrahim xan və bütün Rusiya qoşunlarının infanteriya generalı, Qafqaz
müfəttişliyinin infanteriya müfəttişi kn. Pavel Sisianov, olduqca mərhəmətli böyük İ.Ə. Aleksandr Pavloviçin
verdiyi tam səlahiyyət və ixtiyarla Allahın köməyi ilə Şuşalı və Qarabağlı İbrahim xanın bütün ailəsi, nəsli və
ölkəsi ilə bütün Rusiya imperiyasının və indi bəxtiyarlıqla hökmranlıq edən böyük İ.Ə. Aleksandr Pavloviç və
onun yüksək varislərinin əbədi təbəəliyini qəbul etməsi məsələsinə başlayaraq aşağıdakı şərtləri bağladıq, qərara
aldıq və imzaladıq:
Birinci maddə
Mən, Şuşalı xə Qarabağlı İbrahim xan öz adımdan, varislərim və vəliəhdlərim adından İran və ya hər hansı
bir dövlətin hər cür vassallığından və ya hər hansı ad altında olsa da, hər cür asılılığından təntənəli surətdə,
həmişəlik imtina edirəm və bütün dünya qarşısında bununla bildirirəm ki, mən özüm və varislərim üzərində
bütün Rusiyanın böyük İ. Ə.-nin və onun yüksək varislərinin və vəliəhdlərinin ali hakimiyyətindən
başqa heç bir
dövlətin hakimiyyətini tanımıram, həmin taxt-taca sədaqət vəd edirəm, çünki onun sadiq quluyam və bu haqda,
adətə görə, müqəddəs Qurana and içməliyəm.
İkinci maddə
İ.Ə, zati-əliləri [xan] həzrətlərinin belə səmimi söz verməsini qəbul edərək, özünün və vəliəhdlərinin
adından İmperator sözü ilə vəd edir və söz verir ki, onlar zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xandan və
onun varislərindən öz sadiq təbəələri kimi mərhəmət və nəcib havadarlığını heç vaxt əsirgəməyəcəklər, buna
sübut olaraq İ. Ə. zati-alilərinin (xanın. — Red.) və onun varislərinin ölkəsinin bütövlüyünün saxlanılmasına öz
imperator zəmanətini verir.