Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının 8 noyabr 2018-ci IL tarixli 6/1 nömrəli



Yüklə 178,21 Kb.
səhifə2/6
tarix29.11.2023
ölçüsü178,21 Kb.
#142922
1   2   3   4   5   6
umm-esasname (1)

III. MƏKTƏBƏ QƏBUL QAYDALARI




3.1. Azərbaycan Respublikasının ərazisində yaşayan və müvafiq yaşayış məntəqəsində qeydiyyatının olub-olmamasından asılı olmayaraq hər bir uşaq, yeniyetmə və gəncin Məktəbdə təhsil almaq hüququ vardır.
3.2. Azərbaycan Respublikasında yaşayan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər qanunvericiliyə uyğun olaraq Məktəbə qəbul olunur və mövcud hüquqlardan istifadə edirlər.
3.3. Məktəbdə təhsilin müddəti müvafiq tədris planları üzrə aşağıdakı kimi nəzərdə tutulmuşdur:
a) musiqi alətləri sinfində - 5 il, 7 il
b) xanəndəlik, vokal, estrada oxuma siniflərində - 5 il
c) rəssamlıq sinfində - 4 il,
ç) xoreoqrafiya sinfində - 5 il,
d) xor sinfində - 7 il
3.4. 4 və 5 illik təhsil üzrə l sinfə uşaq və yeniyetmələrin qəbulu aşağıda göstərilən yaş həddi ilə müəyyən edilir:
- musiqi alətləri sinfinə yaş həddi 9 - 13;
- xanəndəlik, estrada oxuma, vokal sinfinə yaş həddi 8 - 13;
- rəssamlıq sinfinə yaş həddi 9 -12;
- xoreoqrafiya sinfinə yaş həddi 8 - 10;
7 illik təhsil üzrə l sinfə uşaq və yeniyetmələrin qəbulu aşağıda göstərilən yaş həddi ilə müəyyən edilir:
- musiqi alətləri sinfinə yaş həddi 7 - 9;
- xor sinfinə yaş həddi 7 - 13;
Yaş həddi müvafiq tədris ilinin 1 sentyabr tarixinə müəyyən edilir. Yaş həddi bir ay aşağı və ya bir ay yuxarı olan uşaq və yeniyetmələrin sənədləri direktorun razılığı ilə qəbul edilə bilər.
Yuxarıda göstərilən yaş həddindən 1 yaş aşağı və yaxud 1 yaş yuxarı olan xüsusi istedadlı uşaq və yeniyetmələr qəbul imtahanına buraxıla bilər.
3.5. Məktəbə ödənişli təhsil üzrə bütün ixtisaslara 7- 29 yaşlı uşaq, yeniyetmə və gənclər qəbul edilə bilərlər.
3.6. Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərini, mərkəzlərini bitirmiş şagirdlər 11 illik musiqi, incəsənət məktəblərinə ixtisasları üzrə Məktəbə ayrılmış ümumi şagird qəbulu planı çərçivəsində Vlll sinfə ixtisas və nəzəri fənlərdən imtahanların götürülməsi yolu ilə qəbul edilə bilər.
3.7. Məktəblərin şagird qəbulu planı buraxılış sinifləri şagirdlərinin sayı nəzərə alınmaqla direktorun ixtisaslar üzrə İdarəyə təqdim etdiyi təkliflərə əsasən Nazirlik tərəfindən müəyyənləşdirilir və may ayının 1-dək yerlərə göndərilir. İxtisaslar üzrə müəyyənləşdirilmiş qəbul planına uyğun sənəd toplanmadığı halda İdarənin razılığı ilə digər ixtisaslara sentyabr ayının 20-dək şagird qəbul edilə bilər. Məktəbin maddi-texniki bazası və maliyyə imkanları nəzərə alınmaqla İdarənin əsaslandırılmış təklifi ilə Nazirlik tərəfindən məktəblərin şagird qəbulu planı azaldıla və ya artırıla bilər.
Ödənişli təhsilə ixtisaslar üzrə şagird qəbulu planı məhdudiyyət qoyulmadan Məktəb direktoru tərəfindən tənzimlənir.
3.8. Nazirlik tərəfindən Məktəbə ayrılmış şagird qəbulu planına əsasən I sinfə, onbirillik təhsil üzrə VIII sinfə qəbul imtahanları hər il iyun və sentyabr aylarının 1-dən 10-dək keçirilir. İyun ayında qəbul planı yerinə yetirildiyi halda ərizə qəbulu dayandırılır və sentyabr ayında qəbul keçirilmir və ya daha çox uşaqların arasından istedadlı uşaqların seçilməsi məqsədi ilə iyun və sentyabr aylarında qəbul keçirildikdən sonra müsabiqə keçirib qəbulun nəticələri elan oluna bilər.
Məktəbdən şagird axını hesabına qəbul planından əlavə İdarənin təqdimatına əsasən Nazirliyin razılığı ilə l sinfə şagird qəbulu imtahanları sentyabr ayının 20-dək keçirilə bilər.
Qəbul imtahan protokollarının bir nüsxəsi sentyabr ayının 20-dən gec olmayaraq İdarəyə təhvil verilir.
3.9. Ödənişsiz təhsilə şagird qəbulu üçün sənədlər may ayının 1-dən 31-dək və avqust ayının 25-dən 31-dək qəbul olunur. Məsləhət saatları may, sentyabr aylarında direktor tərəfindən təyin olunmuş günlərdə keçirilir.
3.10. Ödənişli təhsilə şagird qəbulu hər il iyun və sentyabr aylarının 1-dən 10-dək, həmçinin oktyabr ayının 1-dən noyabr ayının 30-dək qəbul imtahanı yolu ilə keçirilir (oktyabr və noyabr aylarında keçirilən qəbul imtahanlarının günləri direktor tərəfindən müəyyənləşdirilir).
3.11.Ödənişli təhsilə şagird qəbulu üçün sənədlər may ayının 1-dən 31-dək və avqust ayının 25-dən noyabr ayının 25-dək qəbul olunur. Məsləhət saatlarının günləri direktor tərəfindən müəyyən edilir.
3.12. Məktəbə qəbul olunmaq üçün direktorun adına yazılan ərizədə uşaq, yeniyetmə və gəncin soyadı, adı, atasının adı, təvəllüdü, yaşayış yeri, ümumtəhsil məktəbi (və ya peşə, orta ixtisas, ali təhsil müəssisəsi), orada oxuduğu sinif, kurs və bölmə, valideynlərin iş yeri və əlaqə telefonları, habelə seçilən ixtisas göstərilməlidir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:
a) doğum haqqında şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin surəti,
b) sağlamlıq haqqında tibbi arayış,
c) yaşayış yerindən arayış,
ç) 3x4 sm. ölçüdə iki ədəd fotoşəkil.
3.13. Məktəbə qəbul olmaq istəyənlər seçilmiş ixtisasa uyğun olaraq musiqi, (musiqi duyumu-eşitmə, yaddaş və ritm), xoreoqrafiya (fiziki hazırlıq və musiqi duyumu – eşitmə, yaddaş və ritm) və təsviri incəsənət (rəsm) üzrə qəbul imtahanı verirlər. Təsviri incəsənət üzrə imtahanın keçirilməsi üçün 2 saat vaxt ayrılır.
3.14. Məktəbə şagird qəbulu imtahanları direktorun əmri ilə təyin edilmiş komissiya tərəfindən keçirilir. İmtahan komissiyasına Məktəbin direktoru və ya tədris işləri üzrə direktor müavini sədrlik edir. Komissiya üzvlərinin sayı Məktəb direktoru tərəfindən müəyyənləşdirilir. Komissiyaya uşaq, yeniyetmə və gənclərin qabiliyyətinə və fiziki hazırlığına uyğun olaraq onun üçün musiqi alətini təyin etmək hüququ verilir.
3.15. İmtahanları müvəffəqiyyətlə verən uşaq, yeniyetmə və gənclər şagird qəbulu üzrə imtahan komissiyasının qərarına əsasən direktorun əmri ilə Məktəbə qəbul edilirlər. Müvəffəq qiymət alıb, lakin nisbətən az bal toplayan və ödənişsiz təhsilə müsabiqədən keçməyən uşaq və yeniyetmələr valideynlərinin razılığı ilə ödənişli təhsilə qəbul edilə bilərlər.
3.16. Qəbul imtahanlarının təkrar keçirilməsinə icazə verilmir.
3.17. Məktəbdən şagird axını hesabına ödənişli əsaslarla təhsil alan şagirdlər öz siniflərinə uyğun ödənişsiz təhsilə direktorun əmri ilə keçirilə bilərlər.
3.18. Məktəbin ümumi şagird kontingentinin sayından asılı olmayaraq, maliyyə imkanı yol verdiyi halda Məktəb rəhbərliyi köçürülmə yolu ilə başqa uşaq musiqi, incəsənət və rəssamlıq məktəbindən gələn şagirdləri müvafiq sinfə qəbul edə bilər. Bu halda şagirdin təhsil aldığı əvvəlki məktəbin arayışı, şagirdin fərdi vərəqəsi və Məktəbə ümumi şagird qəbulu zamanı tələb olunan digər sənədlər təqdim edilir (müvafiq tədris ilində Məktəbə I sinfə qəbul olub və sentyabr ayının 10-dək digər məktəbə köçürülmə yolu ilə qəbul olmaq üçün müraciət edən şagirdlərdən fərdi vərəqə tələb olunmur). Şagirdin köçürülmə yolu ilə qəbul olunacağı məktəbdən əvvəl təhsil aldığı məktəb hər hansı arayış tələb etmir.
Köçürülmə yolu ilə digər məktəbə qəbul olmaq istəyən şagird təhsil aldığı məktəbdən xaric olunduğu gündən bir ay müddətindən gec olmayaraq təhsil almaq istədiyi məktəbə müraciət etməlidir. Üzrlü səbəb olmadan müəyyən edilmiş müddətdə hər hansı məktəbə köçürmə yolu ilə qəbul olmaq üçün müraciət olunmadığı halda şagird artıq məktəblərə qəbul edilmir.



IV. TƏDRİS İŞİNİN TƏŞKİLİ




4.1. Məktəbdə tədris dili dövlət dili – Azərbaycan dilidir. Məktəbin imkanları nəzərə alınmaqla xarici dillərdə də tədris aparıla bilər.
4.2. Məktəbdə şagirdlərin qeydiyyatı sentyabrın 1-dən 10-dək ixtisas müəllimləri tərəfindən aparılır. Üzrlü səbəb olmadan göstərilən müddətdə qeydiyyatdan keçməyən şagirdlər pedaqoji şuranın qərarına əsasən direktorun əmri ilə Məktəbdən xaric edilirlər. Qeydiyyatdan keçdikdən sonra üzrlü səbəb olmadan hər hansı bir fənn üzrə sentyabr ayı ərzində dərslərdə iştirak etməyən şagirdlər növbəti ay direktorun əmri ilə Məktəbdən xaric edilirlər.
4.3. Məktəbin rəhbərliyi hər yeni tədris ili üçün müəllimlərin tarifləşmə cədvəlini sentyabr ayının 25-dək İdarə rəhbərliyinin təsdiqinə verməlidir. Təsdiq olunmuş tarifləşmə cədvəlinin bir nüsxəsi cari tədris ilinin oktyabr ayının 1-dək İdarə tərəfindən Nazirliyə və məktəblərə göndərilir.
Tarifləşmə cədvəli hər tədris ili üçün bir dəfə olmaqla tədris ilinin əvvəlində tərtib edilir. Tarifləşmə cədvəli təsdiq edildikdən sonra əmək haqqı artırılarsa, bu halda əmək haqqının artımı ilə əlaqədar müəllimlərin əmək haqqı yeni müəyyən edilən tarif əsasında həftəlik dərs saatlarının miqdarı cədvəli üzrə hesablanır. Təqvim ilinin dəyişməsi və əmək haqqının artımı ilə əlaqədar yeni tarifləşmə cədvəlinin tərtibinə yol verilmir. Müvafiq tədris ili üçün tarifləşmə cədvəli təsdiq edildikdən sonra müəllimlərin dərs saatlarında olan dəyişikliklər direktorun əmri ilə tənzimlənir.
4.4. Məktəbdə dərslər sentyabr ayının 15-də başlanır, iyun ayının 14-də başa çatır. Ödənişli təhsil üzrə dərslər iyun ayının 20-də başa çatır. Tədris ili ümumtəhsil məktəblərində olduğu kimi iki yarımilə ayrılır.
Payız və qış tətilləri ümumtəhsil məktəblərində müəyyən edilmiş müddətdə verilir. Tədris ili müddətində və tətil günlərində dəyişiklik edildiyi halda yeni müəyyənləşdirilmiş müddətlər tətbiq edilir.
4.5. Məktəbdə dərslər sentyabr ayının 15-dən oktyabr ayının 31-dək müvəqqəti dərs cədvəli üzrə aparıla bilər. Şagirdlərin dərs cədvəlləri onların ümumtəhsil məktəbindəki (və ya peşə, orta ixtisas, ali təhsil müəssisəsindəki) dərs cədvəlləri barədə təqdim etdiyi arayış əsasında tərtib edilir. Ümumməktəb dərs cədvəli ixtisas, fərdi və qrup dərsləri üzrə fənn müəllimlərinin iş vaxtının başlanması və bitməsi göstərilməklə tərtib olunur. Oktyabrın 31-dən gec olmayaraq dəqiqləşdirilmiş vahid dərs cədvəli direktor tərəfindən təsdiq edilir. Bu və ya digər səbəbdən il ərzində müəllimin dərs cədvəlində dəyişiklik edilə bilər. Müəllimlərin işə davamiyyəti fənlər üzrə dərsə davamiyyət jurnalı əsasında tənzimlənir.
4.6. Məktəbdə tədris Nazirlik tərəfindən təsdiq olunmuş tədris planları və proqramları əsasında aparılır. Tədris planlarında əlavə və dəyişikliklər yalnız Nazirlik tərəfindən, tədris proqramlarında əlavə və dəyişikliklər isə Nazirliyin razılığı ilə edilir.
4.7. Məktəbdə təlim-tərbiyə işinin əsas forması dərsdir. Dərs vaxtı 45 dəqiqə (akademik saat) təşkil edir.
4.8. Məktəbdə dərslər tədris planlarına uyğun olaraq həftənin müəyyən olunmuş günlərində keçirilir (ixtisas fənləri üzrə dərslər həftənin ardıcıl günləri keçirilə bilməz).
4.9. Müstəsna hallarda (Məktəbdə təmir-tikinti işlərinin aparıldığı, təbii fəlakət, fövqəladə hadisə nəticəsində binanın tam və ya qismən yararsız vəziyyətə düşdüyü və s.) dərslər İdarənin razılığına əsasən Məktəb direktorunun əmri ilə evlərdə, Məktəbə yaxın ərazilərdə bu məqsəd üçün ayrılmış binalarda keçirilə bilər.
4.10. Ödənişli təhsil üzrə Məktəbə qəbul olan uşaq və yeniyetmələrin valideynləri ilə, gənclərin isə özləri ilə mövcud Əsasnamənin 3.3-cü bəndində ixtisaslar üçün müəyyən olunmuş müddətlər üzrə tam təhsil müddətinə müqavilə bağlanılır.
Ödənişli təhsil üzrə təhsil haqqının məbləği İdarə tərəfindən müəyyən edilir. Zərurət yaranarsa və ya Məktəb rəhbərliyinin mülahizəsinə görə təhsil haqqını Məktəb direktoru daxili əmrlə artıra, Məktəbin maddi imkanları yol verdiyi halda azalda və ya şagirdi təhsil haqqından azad edə bilər.
Ödənişli təhsil üzrə təhsil haqqı hər tədris ilinin 10 ayı üçün müəyyən olunmuş qaydada ödənilir. Sentyabr, oktyabr, noyabr aylarının 15-dək Məktəbə qəbul olan uşaq, yeniyetmə və gənclər həmin ayın təhsil haqqını tam ödəyir. Ayın 15-dən sonra qəbul olanlar isə həmin ay üçün təhsil haqqının 50%-ni ödəyir. Tədris ili başlandıqdan sonra Məktəbə ödənişli təhsil üzrə qəbul olan uşaq, yeniyetmə və gənclər təhsil haqqını qəbul olunduğu aydan etibarən tədris ilinin sonunadək müvafiq aylar üzrə müəyyən olunmuş qaydada ödəyir. Təhsil haqqı təhsil alan tərəfindən müvafiq bank hesablarına köçürülmə yolu ilə ödənilir.
Təhsil haqqı hər ayın 5-dək ödənilməlidir. Məktəbin direktorunun razılığı ilə bu müddət uzadıla bilər. Müəyyən olunmuş müddətədək ödəniş edilməzsə şagird direktorun əmri ilə Məktəbdən xaric edilə bilər. Hər yeni tədris ilinin əvvəlində təhsil haqqı birinci və sonuncu aylar üçün ödənilir. Təhsil haqqı üçün ödənilmiş vəsait geri qaytarılmır. Şagird bu və ya digər ay üzrə ödəniş etmədən Məktəbdən xaric olunduğu halda sonuncu ay üçün ödənilmiş təhsil haqqı ödəniş edilməyən ay üçün hesablanılır. Ödənişli təhsil üzrə hər hansı ixtisas üçün müəyyən edilmiş təhsil haqqı təhsil xərclərini ödəməzsə, ödənişli təhsil üzrə daxil olan ümumi vəsaitin kifayət etdiyi halda bu xərclər direktorun razılığı ilə ödənişli təhsil üzrə daxil olan ümumi vəsait hesabına ödənilə bilər.
Məktəb direktoru ödənişli təhsil üzrə qanunvericiliyə uyğun olaraq Məktəbin filialını aça bilər. Filialın pedaqoji və digər işçiləri direktor tərəfindən Məktəbin əməkdaşlarından və ya əlavə işçilərin işə qəbul edilməsi ilə komplektləşdirilir.
4.11. Məktəbdə tədris materiallarının şagirdlər tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə tədris plan və proqramlarına əsasən iş aşağıdakı formalarda qurulur:
a) şagirdlərin fərdi və qrup məşğələləri;
b) şagirdlərin sərbəst ev işləri;
c) şagirdlərin bağlı akademik konsertlərdə, dinləmə, baxış, imtahanlarda və yoxlama-sorğularda iştirakı;
ç) şagirdlərin əl işlərinə və rəsm əsərlərinə baxış və onların sər­gi­lər­də nümayişi (rəssamlıq şöbəsi).
4.12. Məktəbə başqa məktəbdən köçürmə yolu ilə yeni qəbul olunmuş və ya bir müəllimin sinfindən digər müəllimin sinfinə keçirilmiş şagirdlər həmin yarımildə ixtisas fənni üzrə bağlı akademik konsertdə çıxışdan azad edilə bilərlər.
4.13. Şagirdlərin biliyi beş bal sistem üzrə qiymətləndirilir: 5 (əla), 4 (yaxşı), 3 (kafi), 2 (pis), 1 (çox pis). Şagirdlərin davranışı isə “nümunəvi”, “kafi” və “qeyri-kafi” qiymətləndirilir.
Şagirdlərin biliyinin qiymətləndirmə mexanizmində dəyişiklik edildiyi halda yeni müəyyənləşdirilmiş qiymətləndirmə mexanizmi tətbiq edilir.
4.14. Şagirdin müvəffəqiyyətinin müntəzəm uçotunu aparmaq üçün onun biliyi il boyu bütün fənlər üzrə fənn müəllimləri tərəfindən qiymətləndirilir.
a) yarımillik qiymət, yarımil ərzindəki qiymətlərə əsasən hər yarım­ilin sonunda fənn müəllimi tərəfindən yazılır;
b) illik qiymət tədris ilinin sonunda yarımillik qiymətlərə əsasən fənn müəl­limi tərəfindən yazılır;
c) imtahan qiyməti, imtahanın nəticəsinə əsasən imtahan komis­si­yası tərəfindən yazılır;
ç) yekun qiymət, illik və imtahan, bağlı akademik konsertlərin qiymətlərinə əsasən Məktəb rəhbərliyi tərə­findən yazılır.
Tədris planında imtahan nəzərdə tutulmayan fənlər üzrə illik qiymətlər yarımillik qiymətlərin, yekun qiymətlər illik qiymətin əsasında yazılır. Solfecio fənni üzrə test imtahanında nəzəri və praktiki sualların nəticələrinə əsasən yekun qiymət nəzəri sualların cavabına verilmiş qiymətə uyğun yuvarlaqlaşdırılır.
Yarımillik, illik və yekun qiymətlər çıxarılarkən rəqəmlər qeyri-müəyyən alınarsa, bu halda qiymətlər sonuncu qiymətə uyğun yuvarlaqlaşdırılır.
4.15. Musiqi şöbələri üzrə l yarımilin sonu və Tədris planında ll yarımilin sonunda imtahan nəzərdə tutulmayan siniflərdə bütün ixtisas fənləri üzrə bağlı akademik konsert keçirilir. Tədris proqramlarının yerinə yetirilməsinə nəzarət məqsədi ilə imtahan nəzərdə tutulmayan digər fənlər üzrə hər yarımilin sonunda yoxlama- sorğu, baxış və dinləmə keçirilə bilər.
Sinifdən-sinfə keçid və buraxılış imtahanları tədris plan və proqramlarına uyğun keçirilir. Solfecio və musiqi ədəbiyyatları fənləri üzrə buraxılış imtahanları test yolu ilə “Test imtahanlarının keçirilməsinə dair Yaddaş kitabçası”nda müəyyən edilmiş qaydalara uyğun olaraq keçirilir.
4.16. Texniki dinləmə noyabr və mart aylarında keçirilir.
Musiqi şöbələrində İxtisas fənləri üzrə bağlı akademik konsert, sinifdən-sinfə keçid və buraxılış imtahanları may ayının 25-dən iyun ayının 20-dək, xoreoqrafiya, rəssamlıq şöbələri və nəzəri fənlər üzrə sinifdən-sinfə keçid və buraxılış imtahanları iyun ayının 14-dən 20-dək keçirilir. Ödənişli təhsil üzrə bağlı akademik konsert, sinifdən-sinfə keçid və buraxılış imtahanları ödənişsiz təhsildəki qaydalara uyğun iyun ayının 21-dən 29-dək keçirilir. Şagird kontingentinin sayı 300-dən yuxarı olan məktəblərdə bağlı akademik konsert, sinifdən-sinfə keçid və buraxılış imtahanları Məktəb direktorunun razılığı ilə vaxtından bir neçə gün əvvəl keçirilə bilər.
4.17. Yekun qiymətləri müvəffəq olan şagirdlər növbəti siniflərə keçirilir. 4 və daha çox fəndən illik qiymətləri qeyri-kafi olan şagirdlər Məktəbdən xaric olunurlar. 1-3 fəndən illik qiymətləri qeyri-kafi olan şagirdlər isə payız imtahanına saxlanılır. Hər hansı bir fəndən illik qiyməti qeyri-kafi olan buraxılış sinfinin şagirdləri imtahanlara buraxılmır və onlara təhsil almaları barədə arayış verilir.
4.18. Texniki dinləmədə, həmçinin l yarımilin yekunu ilə əlaqədar keçirilən bağlı akademik konsertdə bu və ya digər səbəbdən iştirak etməyən şagirdlərə təkrar vaxt təyin edilir. Təyin olunmuş vaxtda üzrlü səbəb olmadan texniki dinləmədə, bağlı akademik konsertdə iştirak etməyən şagirdlərə direktorun əmri ilə bu Əsasnamənin 5.5-ci bəndinin müvafiq hissələri ilə intizam tənbehi tədbirləri tətbiq edilə bilər.
4.19. Tədris ilinin sonunda üzrlü səbəb olmadan bağlı akademik konsert, sinifdən-sinfə keçid imtahanlarında iştirak etməyən şagirdlər Məktəbdən xaric olunurlar. Xəstəliyə və digər üzrlü səbəblərə görə bağlı akademik konsert, sinifdən-sinfə keçid və buraxılış imtahanlarında iştirak etməyən və ya qeyri-kafi qiymət alan şagirdlərə iyun ayının 25-dək təkrar vaxt təyin edilir.
4.20. Xəstəliyə və digər üzrlü səbəblərə görə iyun ayının 25-dək təyin olunmuş təkrar bağlı akademik konsert və sinifdən-sinfə keçid imtahanlarında üzrlü səbəb olmadan iştirak etməyən şagirdlər Məktəbdən xaric olunur. Qeyri-kafi qiymət alan şagirdlər isə payız bağlı akademik konsert və sinifdən-sinfə keçid imtahanlarına saxlanılır.
4.21. Xəstəliyə və digər üzrlü səbəblərə görə iyun ayının 25-dək təyin olunmuş təkrar bağlı akademik konsert və sinifdən-sinfə keçid imtahanlarında da həmin səbəblərə görə iştirak etməyən şagirdlərin illik qiymətləri müvəffəq olarsa, onlar illik qiymət üzrə qiymətləndirilir və pedaqoji şuranın qərarına əsasən Məktəb direktorunun əmri ilə yuxarı sinfə keçirilirlər.
4.22. Qeyri-kafi qiymət aldığına görə iyun ayının 25-dək təyin olunmuş təkrar bağlı akademik konsert və sinifdən-sinfə keçid imtahanlarında xəstəliyə və digər üzrlü səbəblərə görə iştirak etməyən və ya bir daha qeyri-kafi qiymət alan şagirdlər payız bağlı akademik konsert və sinifdən-sinfə keçid imtahanlarına saxlanılır.
4.23. Payız bağlı akademik konsert və sinifdən-sinfə keçid imtahanlarının birindən qeyri-kafi qiymət alan şagirdlər Məktəbdən xaric olunur.
4.24. Buraxılış sinfinin şagirdləri bir daha xəstəliyə və digər üzrlü səbəblərə görə iyun ayının 25-dək təyin olunmuş təkrar buraxılış imtahanlarında iştirak etmədiyi halda şagirdlərin illik qiymətləri müvəffəq olarsa, onlar illik qiymət üzrə qiymətləndirilir və imtahan komissiyasının qərarına əsasən direktorun əmri ilə onlara Məktəbi bitirmələri haqqında şəhadətnamə verilir.
4.25. Üzrlü səbəb olmadan buraxılış imtahanlarında iştirak etməyən şagirdlərə pedaqoji şuranın qərarına əsasən direktorun əmri ilə Məktəbdə təhsil aldıqları barədə arayış verilir.
4.26. Qeyri-kafi qiymət aldığına görə iyun ayının 25-dək təyin olunmuş təkrar buraxılış imtahanlarında qeyri-kafi qiymət alan, xəstəliyə və üzrlü səbəblərə görə iştirak etməyən şagirdlərə Məktəbdə təhsil aldıqları barədə arayış verilir.
4.27. Şagirdlər təkrar sinifdə saxlanılmır.
4.28. Sinifdən-sinfə şərti keçirilmə qəti qadağandır.
4.29. Payız bağlı akademik konsert və sinifdən-sinfə keçid imtahanları sentyabr ayının 1-dən 10-dək keçirilməlidir.
4.30. Buraxılış sinfinin şagirdləri payız imtahanlarına və təkrar sinifdə saxlanılmır.
4.31. Buraxılış imtahanlarından müvəffəq qiymət alan şagirdlər Məktəbi bitirmiş hesab olunur və onlara direktorun əmri ilə Məktəbi bitirmək haqqında Nazirlik tərəfindən nümunəsi təsdiq edilmiş vahid forma üzrə şəhadətnamə verilir.
Buraxılış imtahanlarında əla qiymətlər almış, digər fənlərdən illik qiymətləri əla olan və müsabiqələrdə nailiyyət əldə edən şagirdlərə direktorun əmri ilə fərqlənmə şəhadətnaməsi verilir. Məktəblərə şəhadətnamələr Nazirlik tərəfindən verilir.
4.32. Ödənişli təhsil üzrə kurs bitirənlərə direktorun əmri ilə sertifikat verilir. Məktəblərə sertifikatlar İdarə tərəfindən verilir.
4.33. Şagirdlərin sinifdən-sinfə keçirilməsi, pedaqoji şuranın qərarına əsasən direktorun əmri ilə təsdiq edilir. Məktəbi bitirən şagirdlərin siyahısı pedaqoji şuraya təqdim olunur.
4.34. Nazirliyin razılığına əsasən tədris ilinin sonunda bütün fənlərdən illik qiymətləri əla olan, həmçinin beynəlxalq və ya respublika müsabiqələrində fərqlənən şagirdlər növbəti sinfin tədris proqramları üzrə imtahan keçirilməsi yolu ilə pedaqoji şuranın qərarına əsasən direktorun əmri ilə eksternat qaydasında bir sinif yuxarı keçirilə bilər.
4.35. Üzrlü səbəb olmadan bir ay ərzində hər hansı bir fənn üzrə dərslərdə iştirak etməyən şagirdlər direktorun əmri ilə Məktəbdən xaric edilə bilər və ya direktorun mülahizəsinə görə Məktəbdən xaric olunma bu Əsasnamənin 5.5-ci bəndinin “b” hissəsi ilə əvəz oluna bilər. Bu hal bir daha təkrar olunarsa, şagird direktorun əmri ilə Məktəbdən xaric edilir.
Üzrlü səbəb olmadan bir ay ərzində bu və ya digər fənn üzrə dərslərin 50%-də iştirak etməyən şagirdlərə direktorun əmri ilə bu Əsasnamənin 5.5-ci bəndinin “a” və “b” hissələrindən biri tətbiq edilə bilər. Bu hal davam edərsə şagird direktorun əmri ilə Məktəbdən xaric edilir.
4.36. Şagirdlər bir ixtisasdan digər ixtisasa, bir təhsil sistemindən digər təhsil sisteminə (7/5; 5/7) müvafiq qaydalar üzrə direktorun əmri ilə keçirilə bilərlər. İkinci ixtisas təhsili almaq arzusunda olan şagirdlər ödənişli təhsilə qəbul ola bilərlər. Bu halda təhsil alanın və ya valideynin razılığı ilə şagird ixtisasların biri üzrə təhsil aldığı paralel və ya aşağı siniflərdə tədris planına uyğun keçirilən eyni fənlərin tədrisindən azad edilə bilər. Şəhadətnaməyə şagirdin azad edildiyi fənlər üzrə qiymət həmin fənlərdən digər ixtisas üzrə müvafiq siniflərdə aldığı sonuncu yekun qiymətlər əsasında yazılır.
4.37. Tədris ilinin sonunda bağlı akademik konsert, sinifdən-sinfə keçid və buraxılış imtahanlarının keçirilməsi üçün direktorun əmri ilə komissiya yaradılır. Komissiya üzvlərinin sayı direktor tərəfindən müəyyənləşdirilir.






Yüklə 178,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə