ƏDƏBİYYAT
-
Yaşar Qarayev. Göyçəyə qayıdan yol Göyçədən keçir, Azərbaycan folkloru antologiyası, III kitab, Göyçə folkloru, Bakı, Nurlan, 2009.
-
Б. Н. Путилов. Фольклор и народная культура, СПб., "Наука", 1994.
-
В.Лесевич. Фольклор и его изучение//Памяти В.Г.Белинского: Литературный сборник, составленный из трудов русских литераторов. М., 1899, с.343.
-
Соколов М.Ю. Русский фольклор. Учебник для вузов, M., 1938.
-
Азадовский M.K. Советскаяа фольклористика за 20 лет// Сов. Фольклор, 1939, №6.
-
Т.И.Живков. Фолклористика литературознание // БФ. 1980. Кн.3
-
Неклюдов С.Ю., Заметки об «исторической памяти» в фольклоре.
Сборник к 60-летию А.К.Байбурина. Редакторы: Н.Б.Вахтин и Г.А.Левинтон при участии В.Б.Колосовой и А.М.Пиир (Studia Ethnologica. Труды факультета Этнологии. Вып. 4). С-Петербург: Европейский университет в Санкт-Петербурге, 2007. С. 77-86.
-
В.Я.Пропп. Фольклор и действительность (Изб. ст.). Москва, Наука, 1974.
-
В.Я.Пропп. Исторические корни волшебной сказки. Изд-во "Лабиринт", М., 2000.
-
Е.А.Тудоровская, Волшебная сказка. Сказки о животных, - в кн.: Русское народное поэтическое творчество, т. II, кн. 1, М.-Л., 1955, стр. 312-344
-
В. П. Аникин, Русская народная сказка. Пособие для учителей, М., 1959.
Asif HACIYEV
pedaqogika üzrə fəlsəfə doktoru, dosent,
hacıyev_asif @ mail.ru
“DƏDƏ QORQUD” EPOSUNUN SÖZ DÜNYASINDAN
BƏZİ ŞTRİXLƏR
Xülasə
Epos bədii sözün ecazkar qüdrəti ilə yaddaşlara həkk olunmuş əvəzsiz sənət nümunəsidir. Burada xalqın əski həyat və düşüncə tərzi ilə yanaşı, yüzillərin sınağından keçib gələn söz dünyası da canlanır. Qədim türk təfəkkürünün monumental abidəsi olan “Dədə Qorqud” eposunu səciyyələndirən xüsusiyyətlərdən biri zəngin və bənzərsiz söz ehtiyatına malik olmasıdır. Geniş şəkildə tədqiqata cəlb edilməsinə baxmayaraq, onun dilində hələ də dəqiq açıqlanmayan məqamlara rast gəlinir ki, bu məqalədə “qazağuc” (at ilxısı), “urun” (şiş, çıxıntı) və “ulmuş” (zəifləmiş, gücdən düşmüş) kimi nadir rast gəlinən sözlər araşdırılaraq şərh olunmuşdur.
Açar sözlər: epos, söz, oxunuş,yazılış, açıqlama
SOME FEATURES FROM WORLD OF WORDS
OF «DADA QORQUD» EPOS
Summary
Epos is an irreplaceable piece of art carved on memories with power of fiction. The world of words has been included here along with the old way of life and thinking. The characteristic feature of “Dada Qorqud” epos, as an ancient monument of Turkish thinking is a rich and unique vocabulary.
Although, an extensive research, there are still disclosed points. Rare words as «qazaguc» (horse herd), «urun» (tumor, protrusion) and «ulmush» (weakened, exhausted) are investigated and interpreted in the article.
Key words: epos, vocabulary, reading, writing, explanation
НЕКОТОРЫЕ ШТРИХИ ИЗ МИРА СЛОВ ЭПОСА «ДЕДЕ КОРКУТ»
Резюме
Эпос – незаменимый образец произведения искусства, запечатленный в памяти пленительной силой художественного слова. Наряду с прошлой жизнью и образом мышления народа, здесь оживает мир слов прошедший испытания столетиями. Одним из характерных признаков монументального памятника древнетюркского мышления эпоса «Деде Коркут» является его богатый и неповторимый словарный запас. Несмотря на широкое исследование, на языке эпоса до сих пор встречаются неточно поясняемые моменты. В данной статье исследованы и комментированы такие редко встречающиеся слова, как «qazağuc» (табун лошадей), «urun» (опухль, выступ), «ulmuş» (истощенный, выбившийся из сил).
Ключевые слова: эпос, слово, чтение, написание, комментирование
Qədim türk təfəkkürünün monumental abidəsi olan “Dədə Qorqud” eposunu səciyyələndirən xüsusiyyətlərdən biri zəngin və bənzərsiz söz ehtiyatına malik olmasıdır. Geniş şəkildə tədqiqata cəlb edilməsinə baxmayaraq, onun dilində hələ də dəqiq açıqlanmayan məqamlara rast gəlinir ki, bunlardan üçü üzərində ayrıca dayanmaq istərdik.
-
(D-3,10)
“Qazağuca qıymayınca yol alınmaz” deyiminin ilk iki sözü Vatikan nüsxəsində “qara qoça binməyincə” şəklində oxunan variantda yazılmışdır (V-3, 3). O.F.Sertkayanın üzərində ətraflı dayandığı bu deyimin təhlilindən (19, 63-71) aydın olur ki, “qara qoç” və “qazağuc” sözlərinin ifadə etdiyi mənalar tədqiqatçı alimlər tərəfindən fərqli yanaşmalarda izah olunmuşdur. Azərbaycan nəşrlərini əlavə etmək şərtilə mövcud yanaşmaların mahiyyətini açıqlamaq üçün onları bir daha nəzərdən keçirməyi məqsədəuyğun bilirik.
O.Ş.Gökyay deyimi “Karagoça kıymayınca yol alınmaz” kimi oxumuş (11, 20) və tərtib etdiyi sözlükdə “at, yügrük at, at sürüsü” və sual işarəsi ilə verdiyi “tavla” mənalarında izah etmişdir (11, 337). Maraqlıdır ki, böyük qorqudşünas “karakoç” sözünü də eyni anlamlarda açıqlamışdır (11, 337). M.Ergin deyimi “Kızağuça kaymayınca yol alınmaz” variantında transkripsiya etməklə (7, Ic, 74) ilk sözü - ça şəkilçisi qəbul etmiş “kızak” mənalı “kızağu” (7, IIc, 185), ikinci sözü isə “kay-” feilinin -mayınca şəkilçisi ilə işlənmiş feli bağlama forması kimi (7, IIc, 175) anlasa da, yekunda deyimi “Kara koç ata kıymayınca yol alınmaz” şəklində çevirmişdir (8, 16). O.Ş.Gökyay və M.Ergin oxunuşlarını müqayisəli təhlilə cəlb edən T.Tekin “kıymayınca” əvəzinə, Vatikan nüsxəsində “binməyincə” sözünün yazılmasına və mətn boyu “kara koça binmək” ifadəsinin daha çok işlənməsinə rəğmən deyimin “kara koça binməyincə” birləşməsi ilə verilməsini doğru hesab edir (23, 142-143). H.Araslı deyimi “Qaraqoca qıymayınca yol alınmaz” variantında oxumuş və ilk sözü “at” mənasında qavramışdır (13, 15). F.Zeynalov-S.Əlizadə nəşrində deyim “Qarağuca qıymayınca yol alınmaz” kimi verilmiş (14, 31) və ilk sözün oxunuşu belə bir şərhlə əsaslandırılmışdır: “Bizcə, “Qarağuc” sözü “qaracıq”ın metateza nəticəsində dəyişmiş variantıdır. Bütövlükdə bu söz KDQ mətnində üç mənada işlənmişdir: 1) At adı (xüsusi isim). 2) Qara camaatın, hamının mindiyi və minə biləcəyi at. 3) Yer adı (toponim). Burada ikinci mənada işlənib” (14, 225-226). Gorünür, elə buna görə də mətnin müasir çevirməsində həmin söz “Qaracıq” kimi verilərək “atın adı; qara camaatın mindiyi adi at” şəklində mənalandırılmışdır (14, 129). Düzü, mətn boyu rəngarəng epitetlərlə məth olunan, ağır hərbi yürüşlərdə Oğuz igidlərinə həmişə dayaq, arxa durub onları hətta ölümdən xilas edən, buna görə də böyük sevgi ilə “yoldaşım, qardaşım” deyə müraciət edilən atların bu yozumda şərhi inandırıcı görünmür. Ş.Cəmşidov isə yalnız nüsxə yazılışını “Qızaqucə” şəklində qeyd etməklə “Qara qoça qıymayınca yol alınmaz” variantını seçim etmişdir (4, 101, 279). V.V Bartoldun “Не сгубив коня, дороги не пройти” (16, 14) tərcüməsindən anlaşılır ki, böyük şərqşünas ilk sözü “at” mənasında anlamış, ikinci sözü isə “kıymayınca” şəklində oxuyaraq mənalandırmışdır. S.Tezcan-H.Boeschoten nəşrində bu hikmətli ifadə “Kazağuca binmeyince yol alınmaz” (25, 30) kimi verilmişdir. S.Tezcan tərəfindən açıqlanan bu oxunuşda “kıymayınca” sözü, katibin yol verdiyi xətalardan biri olaraq, Vatikan nüsxəsində getmiş “binmeyince” sözünün yerində işləndiyi göstərilirsə, “kazağuc” “at” mənasını daşıyan və kökü dəqiq müəyyənləşdirilə bilməyən söz kimi dəyərləndirilmişdir. Araşdırıcı bu sözün “kara koç” biçimində oxunması ilə qəti razılaşmayaraq yazır: “Ben, DKK'daki sözcügün aslında kazağuç olduğunu, çekimleyenlerin bunu anlamadıkları için kara koç biçimine sokmuş olduklarını sanıyorum” (26, 40-41). M.Tezcan yozumuna tənqidi yanaşan M.Tulum abidənin dilində işlənmiş çoxsaylı faktlara istinad edərək “kıymayınca” sözü ilə müqayisədə “binməyince” sözünün daha məntiqi olduğunu göstərməklə bərabər, başlanğıc sözün “Divani-lüğət it-türk” əsərində “kazmak, at haşarılanarak ve çamışlanarak ayağıyla yeri kazmak” anlamını daşıyan kaz- feil kökünə - a feil və - ğuç isim düzəldən şəkilçilərinin artırılması ilə yaranmış “kazağuç” olduğunu təsdiqləyir (27, 525). Alimə görə, bu deyim belə açıqlanmalıdır: “Yerinde durmayan, üstüne kimseyi bindirmeyen, hırçın, huysuz, gem vurulmaz, ram olmaz bir ata binmeyince (yani: üstüne çıkabilib sırtında durabilecek güce sahib olmadıkca) yol alınmaz” (27, 526).
M. Tulumun etimoloji açımının doğru olduğuna qatılan O.F.Sertkaya mənalandırması ilə bağlı şərhi imkansız sayaraq: “Bu kelime olsa olsa cinsi bildiren bir kelime olan “at” kelimesinin önüne gelen bir sıfat olmalıdır” (19, 65) fikrini irəli sürməklə abidənin mətninə istinadən “kazağuça” kəlməsini “kazağuç a” birləşməsinin düşümə uğramış şəkli kimi bərpa edir və deyimi “kazağuç a minmeyince yol alınmaz” variantında oxuyur (19, 70).
Beləliklə, qorqudşünaslıqda müxtəlif oxunuş və şərhlərin irəli sürüldüyü üzə çıxır. Fikrimizcə, bu deyimdə sürətli yazıya alınma və ya üzündən köçürülmə prosesinin nəticəsi olaraq iki xətaya yol verilmişdir ki, bunlardan açıq-aydın duyulanı sonrakı sətirdə getmiş “Ər malına qıymayınca adı çıqmaz” (D-3, 11) atalar sözünün tərkibindəki “qıymayınca” feli bağlamasının mexaniki surətdə bu sətirdə yazılmasıdır. İkinci yanlışlıq isə bütün əsər boyu re hərfinin üzərinə bir nöqtə işarəsi qoyulmaqla ze kimi oxunmasından, eləcə də qaf və ğeyn hərflərinin oxşar konfiqurasiyaya malik olmasından irəli gəlir. Vatikan nüsxəsində “qara qoça” kimi oxunan ilk sözün Drezden nüsxəsində şəklində yazılaraq “qazağuça” kimi oxunmasını (-a yönlük hal şəkilçisidir) həm də abidəni yazıya alan və yaxud üzünü köçürən şəxsin “qara qoç” və “qazağuc” sözlərini semantik baxımdan fərqləndirə bilməməsi ilə izah etmək mümkündür.
Araşdırma göstərir ki, “qoç” sözü ilk mərhələdə “ayğır”, “buğur” sözləri kimi keyik, maral, dağ keçisi, qoyun kimi heyvanların erkəyinə verilmiş ümumi ad olmuşdur (10, 16-17). Sonradan məna daralması yolu ilə “ayğır” sözü atın, “buğur” sözü dəvənin, “qoç” sözü isə qoyunun erkəyini adlandırmağa xidmət etmişdir. “Qara eşşək”, “qara buğur” birləşmələrində olduğu kimi, “qara” sözü “qara qoç” birləşməsində “güclü” anlamını ifadə edən təyinedici sözdür. Bu birləşmənin abidənin dilində “güclü erkək at” anlamında şəklində dəfələrlə işləndiyi müşahidə olunur. Məsələn:
Qara qoç atları kişnəşdirən ... (D-45,13)
Mən qara qoç atıma binmədin il binmax gərək! (D-81, 2)
Qara qoçın oynaddı, Uruz kafiriñ sağına at dəpdi. (D-133,132-133)
Qara qoç ata binənlər vardı gəldi, Bədəvi atlu bir oğula, ya Rəb, noldu? (D-137, 10-11) və s.
Bu və digər işlənmə məqamlarını ayrıca qeyd etməklə “qara qoç at”, qara qoç ayğır” əvəzinə “kazağuç at”, “kazağuç ayğır” ifadəsinin verilməsini irəli sürən O.F.Sertkaya mülahizəsi (19, 69-70) özünü doğrultmur. Onun bütün məqamlarda -ım, -ın, -lar qrammatik şəkilçiləri qəbul etmiş “qara qoç” birləşməsini “kazağuç ” birləşməsinin düşümə uğramış şəkli sayması inandırıcı görünmür ki, bu da görkəmli alimin onu M.Tulum və S.Tezcan kimi, sadə bir ata deyil, “yerinde duramayan, sürekli olarak ayaklarıyla yeri eşeleyip duran, haşarı, huysuz, harın yanına kimseyi yaklaştırmayan, üzerine semer vurulup binilmesi güç, vahşi, ram olmayan” ata verilən təyinedici söz, yəni sifət (19, 65) hesab etməsi ilə əlaqəlidir.
Fikrimizcə, müasir naşirlər və tədqiqatçılar kimi, katib də arxaik “qazağuç” sözünün mənasını dəqiq bilmədiyi üçün işlədilməsi tələb olunan məqamlarda onu eynilə “qara qoç” birləşməsinin yazılışı kimi vermişdir. Lakin kontekstə əsasən bu sözləri fərqləndirmək olur ki, həmin məqamları nəzərə çarpdırmaq istərdik.
1. “Qazan bəg oğlı Uruz bəgiñ tutsaq olduğu boy”da Burla xatunun Qazan xana soylamalarından birində:
Qaytabanda qızıl dəvə bundan keçdi.
Torumları bundan bozlayıb bilə keçdi.
Torumcığım aldırmışam, bozlayayınmı?
Qazağucda Qazılıq at bundan keçdi.
Quluncığı kişnəyüb bilə keçdi.
Quluncığım aldırmışam, kişnəyəyinmi?
Ağayılda ağca qoyun bundan keçdi.
Quzucığı məñrişib bilə keçdi.
Quzucığım aldırmışam, məñriyəyinmi? (D-139, 6-11)
2. “Qañlı qoca oğlı Qan Turalı boyu”nda Selcan xatunun Qan Turalıya soylamasında:
Hey, yigidim. Bəg yigidim!
Qaytabanlar torumundan dönərmi olur?
Qazağucda Qazılıq atlar quluncığın dəpərmi olur?
Ağayılda ağca qoyun quzıcığın süsərmi olur? (D-196, 11 – 197,1)
3. “İç Oğuza Taş Oğuz asi olub Beyrək öldügü boy”da:
Qaytabanda dəvələrim bozlatmadın,
Qazağuçda Qazılıq atım kişnətmədin... (D-299, 2-3)
Bu məqamlarda yerlik hal şəkilçisi qəbul etmiş “qazağuç” arxaizminin eynilə “qara qoç” birləşməsi kimi bəzən , bəzən isə şəklində yazılmasına baxmayaraq, tamamilə fərqli məna daşıdığı şübhəsizdir. Göstərilən nümunələrdə dəvələrin qaytabanda, qoyunların ağayılda, atların isə qazağucda saxlanıldığı üzə çıxır. Digər tərəfdən, aydın olur ki, dəvə sürüsü qaytaban, qoyun sürüsü ağayıl, at sürüsü isə qazağuc adlandırılmışdır. Artıq bu misralarda ata şamil edilən “qüvvətli erkək” mənalı “qara qoç” birləşməsinin işlədilməsi özünü doğrultmur. Sonuncu boyun aşağıdakı cümlələrində də həmin sözün “atların saxlanıldığı yer” anlamında işlədilməsini görürük:
Qazağuçda Qazılıq atlarım kişnətdilər. (D-293, 2-3)
Qazağuçda Qazılıq atın çoq yilmişəm. (D-296, 9)
Qazağuçda Qazılıq atıma binərdim. (D-297, 1-2)
Araşdırma göstərir ki, “qazağuc” sözü qədim türk dilində işlədilən nadir arxaizmlərdəndir. Bu sözə, S.Tezcanın qeyd etdiyi kimi, cəmi iki mənbədə: “Kitab əl-idrak li-lisan əl-idrak” lüğətində və cağatayca “Səngülah” sözlüyündə eynilə üzərində dayandığımız sətirdə yazıldığı variantda rast gəlinir (26, 41-42). Həmçinin arxaik “kazağuç” sözü V.V.Radlov lüğətində “at” anlamında qeydə alınmışdır (18, IIc,1h, 367). XIII əsrin ikinci yarısı – XIV əsrin əvvəllərində yaşamış dilçi alim Əbu Həyyanın tərtib etdiyi lüğətdə oxuyuruq: “qazdı atını – ərəbcədəndir. Atının durmasını tələb etdi”. Görünür, alim “qaz-” felindən törəndiyini ehtimal edərək “at saxlayan” anlamını ifadə edən “kazağuç” sözünü də bu şərhə əlavə etmişdir (9, 44). S.Tezcan şərhindən məlum olur ki, Ə.Cəfəroğlu və G.Clauson kimi tanınmış dilçilər belə bu sözün həmin anlamda işlənilməsini şübhə altına almışlar (26, 41). İki əski sözlükdə və “Dədə Qorqud kitab”ında işlənilməsinə istinadən o, belə bir sözün mövcud olduğu qənaətinə gəlir və həmin dilçilərin şübhələrini yersiz sayır (26, 42). Məşhur türkoloq V.V. Radlov isə mənbə olaraq cümlə nümunələri ilə əsaslandırdığı xalq danışıq dilini deyil, cağatay kitab dilini və 1870-ci ildə Parisdə nəşr edilmiş bir kitabı götürmüşdür (18, IIc,1h, 367). Ona görə də həmin sözün ilkin mənasının müəyyənləşdirilməsində bu yozum yetərli sayıla bilməz.
M.Kaşğari lüğətində “heyvanlar üçün ağacdan düzəldilmiş ağıl” mənasında “kası” sözü işlədilmişdir (12, IIIc. 212). Türk dillərində s~z səs müvaziliyini nəzərə alaraq bu sözün Əbu Həyyan lüğətində “durdurmaq” mənasında işlənmiş “qaz-” feilindən düzəldiyini güman edirik. Maraqlıdır ki, orta əsrlərə aid türk yazılı mənbələri əsasında hazırlanmış “Tarama sözlüyü”ndə “kazmak” feili məhz atla bağlı şərh edilir: “Kazık çakıp (atı) bağlamak” (22, IVc, 2393). Burada atı bağlamaq üçün istifadə olunan arxaik “kazık” sözü “qazıx” fonetik variantında “yerə basdırılan dirək, paya, mıxça” mənasında indi də dialektlərimizdə işlədilməkdədir (2, 289). Əgər belədirsə, “qazağuc” sözü də qaz-(//kaz-) feilinə -ağ (-aq) ad düzəldən və -uç (//-ıç) kiçiltmə və əzizləmə mənalı şəkilçilərin artırılması yolu ilə yaranmış olmalıdır. Bir qədər də dərinə getdikdə bu sözün d-z səs keçidi ilə atın nəyəsə möhkəm bağlanmasını bildirən qada- (//kada-) feilindən yarandığını irəli sürmək mümkündür (28, 180). Qaytaban və ağayıl sözlərinin etimoloji açımı da bu mülahizələrin doğruluğuna zəmanət verən faktor kimi götürülə bilər. Araşdırma göstərir ki, “dəvə sürüsü” mənasını ifadə edən qaytaban sözü 1 yaşdan 7 yaşa qədər müxtəlif cinsli dəvələrə verilən kayalık, kayalak, kaylak, kaymal sözlərinin tərkibində daşlaşmış şəkildə qalmaqda olan arxaik “qay//kay” kökü ilə (28, 197), görünür, “sürü”, “ilxı” mənasını bildirən “taban” (müasir rus dilində “tabun” formasında yaşamaqdadır) sözlərinin birləşməsindən yaranmışdır. “Qoyun sürüsü” və “qoyunların saxlanıldığı yer” anlamını ifadə edən ağayıl sözü isə “çəpərləmək”, “hasarlamaq” mənalı arxaik “ağ-” feilinə -ağ//-ay və -ıl şəkilçilərinin artırılması yolu ilə düzəlmişdir (20, 83-84). Bu arxaizmin qədim türk yazılı abidələrində və müasir dilimizdə “mal-qara və qoyun saxlamaq üçün üstüaçıq yer” mənasında “ağıl” fonetik tərkibində daha geniş işləndiyi (3, Ic, 45; 6, 18; 21, 303) müşahidə olunur ki, abidənin mətnində də öz əksini tapmışdır:
Qıyangüci, Dəmirgüci – bu iki qardaşı yanına aldı, ağılıñ qapusını bərkitdi. (D-39, 11-12)
Arqasını evürüb bərk ağılıñ ardın sökən! (D-46,1-2)
Dəli Qarçarı yalıncaq eylədi, ağıla qoydı. (D-88, 3)
Qeyd edilən sözlər arasındakı bu məna yaxınlığına baxmayaraq, abidənin mətnində getmiş məqamların təhlilinə əsasən demək olar ki, “ağayıl” arxaizmi məhz “qoyun sürüsü” anlamında işlənilmişdir.
Beləliklə, hansı üsulla yaranmasından asılı olmayaraq, “qazağuç//kazağuç” sözünün “at saxlanılan yer” və “at ilxısı” mənalarında işlənildiyini söyləmək mümkündür. Üzərində dayanılan deyimə gəlincə, onun “Güçlü erkək ata minməyincə yol başa vurulmaz” fikrini ifadə etdiyi fikrindəyik.
-
Urun – şiş, çıxıntılı.
Mövcud nəşrlərdə “uzun” (4, 292; 14, 39), “özün” (11, 33), “ören” (7, Ic, 88), “örən” (13, 26), “üzen” (25, 43) varintlarında oxunub, həm müasir anlamda “uzun” (14, 137), həm mənsubiyyət və hal şəkilçiləri qəbul etmiş “öz” əvəzliyi (11, 388), həm də “viran, xarab” (7, IIc. 246) mənalarında şərh olunan bu arxaik söz “Dirsə xan oğlu Buğac boyu”nda atası tərəfindən oxla kürəyindən vurulandan sonra huşunu itirən Buğacın başı üzərində anasının dilindən deyilmiş aşağıdakı soylamanın tərkibində işlənmişdir:
Qara qıyma gözləriñ uyxu almış, açğıl axı!
On ikicə süñücügüñ urun olmış, yıqşır axı!
Tañrı verən tatlu canıñ seyranda imiş, andıd axı!
Üz-gözündə canıñ varsa, oğul, ver xəbər maña!
Qara başım qurban olsun, oğul, saña! (D-27, 4-7)
İşlənmə məqamından çıxış edərək vaxtilə “dağılmış” mənasını ifadə edən “örən” formasında oxuduğumuz (ətraflı bax: 10, 7-11) bu arxaizmin qabırğaların – “on ikicə süñücügüñ” şişib qalxmasına işarə olaraq “urun” kimi verilməsini daha məqsədəuyğun hesab edirik. Belə bir nəticəyə gəlməyimiz 2 amillə bağlıdır:
Birinci, “Kitab”ın mətnində mütəmadi olaraq – r samitinin bir nöqtə qoyuluşu ilə – z kimi yazılma faktıdır ki, abidənin əlyazma katibinin sürətli yazı prosesində sistemli şəkildə təkrarladığı xəta kimi onlarca sözün fərqli şəkildə oxunmasına şərait yaratmışdır. Odur ki, “uzun” şəklində oxuna bilən sözün “urun” şəklində oxunması təəccüblü qarşılanmamalı, əksinə, əski əlifbanın mahiyyətindən irəli gələn hal kimi dəyərləndirilməlidir.
İkinci, “urun” arxaizminin ifadə etdiyi mənadır ki, olduqca məhdud mənbələr vasitəsilə açıqlana bilir.
İlk amilin üzdə olduğunu nəzərə alaraq ikinci ilə bağlı araşdırmalara keçək. M.Kaşğari lüğətində “dikilmək, dikəlmək, qalxmaq” mənalarında “urun-” feili qeydə alınmışdır (12, Ic, 247). Etimoloji baxımdan qayıdış mənalı bu feil “qalxmaq” anlamını bildirən “ur-” (// ör-) feilinə -un qayıdış növ şəkilçisinin əlavəsi ilə düzəlmiş olmalıdır. Abidənin dilində işlənən “uru turmaq” (qalxıb durmaq) tərkibi feilində “uru” sözü də həmin feil əsasında yaranmışdır ki, buradakı -u feili bağlama şəkilçisidir. Türk naşirləri bu tərkibi feili “örü turmaq” kimi oxusalar da, eyni anlamda şərh edirlər. Qədim türk dilindəki feil-ad sinkretizminə uyğun olaraq “ur” sözü həm də “şiş”, “fır”, “çıxıntı” mənasını ifadə etməklə müasir türk dillərinin əksərində hələ də işlədilməkdədir (2, 233; 6, 306; 12, III, 3055-3056; 18, Ic, 2h, 1647; 20, 598). Fikrimizcə, “uzun”, “yoğun”, “qalın” sifətlərində baş verdiyi kimi, “urun” arxaizmi həmin “ur” sözünə sifət düzəldən -un şəkilçisinin artırılması yolu ilə “şiş”, “çıxıntılı” mənasını bidirmişdir. Eposun mətnində cəmi bir dəfə işlədilən “urun” sözü müasir türk xalq danışıq dilində “yüce qat” (uca, yüksək tərəf) mənasını hələ də saxlamaqdadır (5, 4042). Bu qədim söz qırğız dilində “çıxıntı” mənasında işlənən “urunçuk” (-çuk kiçiltmə şəkilçisidir) və “dağ və ya qaya çıxıntısı” mənasında konkretləşən “urunt (-t alt, üst sözlərində olduğu kimi məkan anlamı yaradan qədim şəkilçidir) sözlərinin tərkibində daşlaşmış şəkildə hələ də yaşamaqdadır (15, 2с, 309). Maraqlıdır ki, -çuk şəkilçisi həm də “ur” kökünə artırılaraq qırğız dilində “dağın sivri çıxıntısı” anlamını bildirən “urçuk” sözünün (15, 2с, 309) yaranmasında da iştirak etmişdir. Bundan əlavə, bu söz “urcik” fonetik variantında, demək olar ki, eyni mənada, yəni “dağın bir yanından dışarıya doğru fırlamış kaya parçası” mənasında (5, 4040) Türkiyə canlı xalq dilində işlədilməkdədir ki, bu da “urun” sözünün abidənin dilinə təsadüfi düşmədiyini göstərməkdədir. Beləliklə, Dirsə xanın xatunu kürəyindən oxla vurulmuş oğlunun on iki sümüyünün şişdiyini görüb, əmr şəklində işlətdiyi “yıqşır” feilinin sonuna “axı” təkid ədatını əlavə etməklə yaranmış şişin çəkilməsini, yığışdırılmasını xahiş edir ki, bu da kontekstin məzmunu ilə tam səsləşir.
-
Ulmış – zəifləmiş, üzülmüş, gücdən düşmüş.
Eposun “Qazan bəg oğlı Uruz bəgiñ tutsaq olduğu boy”da belə bir məqam var: oğlunun əsir götürüldüyünü bilən Qazan xan onun ardınca getməli olur. Kafir qüvvələri ilə qeyri-bərabər döyüşdə atı vurulur, özü isə göz qapağından yaralanır. Bu məqamda Boyu uzun Burla xatun qırx incə belli qızla döyüşdə təklənmiş Qazana yaxınlaşır. Öz xanımını tanımayan Qazan xan ondan altındakı ayğır atını və polad qılıncını istəyir. Qazan xanın bu halını görən Burla xatun ona belə bir cavab verir:
“Qarşum ala, yigit, məni nə mañlarsın?
Keçmiş mənim günümi nə añdurarsın?
Qalqubanı yerindən turan Qazan!
Qaragöz atıñ belinə binən Qazan!
İlğayuban qara tağım yıqan Qazan!
Kölgəsicə qaba ağacım kəsən Qazan!
Bıçaq alub qanadlarım qıran Qazan!
Yalñuzca oğlım Uruza qıyan Qazan!
At üstündə əglənməyüb yortan Qazan!
Səniñ beliñ ulmış,
Üzəngüyə dirməyən diziñ ulmış.
Xan qızı halalıñı tanımayan gözüñ ulmış?
Buñalmışsan, saña nolmış?
Çal qılıcıñ, yetdim, Qazan! – dedi” (D-149,2-10).
Araşdırma göstərir ki, verilən soylamada “ulmış” kimi transkripsiya etdiyimiz söz qorqudşünaslıqda fərqli şəkildə oxunmuş və mənalandırılmışdır. O.Ş.Gökyay və M.Ergin bu sözü “ölmüş” (7, Ic, 173; 11, 107) variantında oxumuşlarsa da, işlənmə kontekstindən çıxış edərək nisbətən fərqli yozumda açıqlamışlar. Belə ki, M.Ergin onu yalnız müasir anlamında (7, IIc, 342), O.Ş.Gökyay isə bu məna ilə yanaşı, “bitmek, gücünü kaybetmek” anlamlarında da açıqlamışdır (11, 386). H.Araslı, F.Zeynalov-S.Əlizadə, Ş.Cəmşidov nəşrlərində verilmiş “olmuş” oxunuş variantına (4, 352; 13, 84; 14, 77) əlavə şərh yazılmadığından anlaşılır ki, görünür, elə müasir anlamda da qavranılmışdır. V.V. Bartoldun sözün işləndiyi misraları “твой стон ослабел, твое колено, не доходя до стремени, ослабело; твой глаз, не узнающий твоей жены, ханской дочери, ослабел” (16, 62) şəklində tərcüməsindən aydın olur ki, olmuş, yoxsa ulmuş variantında oxumasından asılı olmayaraq, görkəmli qorqudşünas onu düzgün mənalandırmışdır. H.Boeschotenlə birgə hazırladığı nəşrdə bu arxaizmi “ulmış” variantında (25, 111) oxuyan S.Tezcan seçimlərinə geniş şərh yazmışdır. Öncə belə bir faktı nəzərə çatdırmaq istərdik ki, araşdırıcı “beliñ ulmış” ifadəsindəki ilk sözü “bilüñ” şəklində oxunmasına üstünlük verərək “idrak, düşüncə” anlamını bildirməsini daha güclü saymışdır (26, 230). Ancaq döyüş meydanında igidin hünərini qabarıq şəkildə canlandırmaqda bir vasitə rolunda çıxış edən “diz” və “göz” kimi bədən üzvlərinin adının sadalanması göstərir ki, bu parçada söhbət idrak və düşüncədən deyil, “at üstündə əglənməyüb yortan Qazan”ın belindən gedir. Odur ki, “belün” sözünün “idrak və “düşüncə” mənası verən “bilüñ” sözü kimi açıqlanması uğurlu alınmamışdır.
Müəllif “ölmüş” sözü ilə müqayisədə “çürümüş, ilevini yerine getiremez duruma gelmiş” yozumunu verən “ulmuş” sözünü kontekstdə daha uyğun saymışdır. Bu sözü Derleme sözlüyündəki “1. çürümek, ezilmek, kokmak; 2. Incelip kırılmak, eskiyip üzülmek, parçalanmak” mənalı ul-(ulu-), “Azərbaycan dilinin dialektoloji lüğəti”ndə verilmiş “vaxtı keçmək, qalıb xarab olmaq” mənalı ula- feilləri ilə semantik yaxınlıqda (26, 231) şərh edən tədqiqatçı işləndiyi misraları aşağıdakı kimi çevirmişdir:
“Senin aklın çürümüş,
Üzengiye sağlamca basmayan dizin çürümüş,
Han kızı eşini tanımayan gözün çürümüş” (26, 232).
Təəssüf ki, gəldiyi nəticənin tutarlı faktlarla əsaslandırıla bilinməməsinə istinad edən alim öz yozumuna şübhə ilə yanaşmış, “ulmış” sözünün ozan tələffüzündə “nolmuş” (ne olmuş?”) variantında işləndiyi, yazıya köçürülərkən isə təhrifə uğrayaraq “olmuş” kimi verilməsi qənaətinə gəlmişdir (26, 232).
Bizə görə, istər dil faktları, istərsə də mətn konteksti bu sözün “zəifləmək, üzülmək, gücdən düşmək” mənalı arxaik “ul- (-mış zaman şəkilçisidir) feili olduğunu söyləməyə əsas verir. Belə ki, ulu dilçi M.Kaşğari sözlüyündə tamam bişib didim-didim dağılan ətlə bağlı “əprimək, ifrəmək” və köhnəlmiş paltarla bağlı “süzülmək, yırtılmaq” mənalı “ul-” feilləri qeydə alınmışdır (12, I, 220). Müstəqil sözlər kimi ayrıca başlıqlar şəklində verilməsinə baxmayaraq, fikrimizcə, bu mənalar eyni sözün, yəni arxaik “ul-” feilinin məna çalarlarıdır. Məlumdur ki, çoxmənalılıq sözün qədimliyini büruzə verən başlıca göstəricilərdəndir. Bundan əlavə, faktlar göstərir ki, dilimizin qədim qatlarında işlək olan “ul-” sözü söz yaradıcılığında da fəal olub “ərpitmək”, “yıpranmaq” mənalarını daşıyan “ultur-” feilinin (-tur feildən feil düzəldən şəkilçidir) yaranmasında da iştirak etmişdir. Bu məna çalarlarından biri ətlə, digər isə köhnə paltarla bağlı olsa da, ilkin “gücdən düşmək, üzülmək” mənasını saxlamaqdadır. Türk alimi A.Battalın İbn Mühənna lüğətində də “pışip ensaci kalmamış et” mənasında getmiş bu sözün məhz “ulmuş” variantında oxunmasını təkid etməsi (1, 80) bir daha göstərir ki, üzərində dayandığımız variant olduqca qədimdir. Ən maraqlı faktlardan biri də budur ki, bu qədim feil “ərimək, zəifləmək, üzülmək” mənasını müasir yakut dilində (17, IIIc, 2991) və S.Tezcanın qeyd etdiyi kimi, Azərbaycan dili dialektlərində -a feil düzəldən şəkilçisinin artırılması ilə yaranmış “çürümək” mənalı “ulamax” feilində və “çürük, çürümüş” mənalı “ulamış” feili sifətində (2, 517) müəyyən məna dəyişməsi yolu ilə hələ də yaşamaqdadır.
Gətirilən soylamanı diqqətlə izlədikdə aydın şəkildə müəyyənləşdirmək olur ki, burada Burla xatun düşmən tərəfindən təklənib zəiflədilmiş, gücdən salınmış can sirdaşının düşdüyü vəziyyəti gerçəkliyi ilə dəyərləndirmək istəmişdir. Daha dəqiq desək, ərənlər əvrəni Qazanın at üstündə əyilməyən belinin, üzəngiyə sığmayan dizinin, xan qızını tanımayan gözünün gücdən düşdüyünə (üzüldüyünü, zəiflədiyini) inanmayaraq, bu çətin məqamda ona dəstək durmaq, əsir götürülmüş oğlu Uruzu xilas etmək üçün “çal qılıcıñ” deyə amansız düşmənlə döyüşə ruhlandırmaq istəmişdir.
Dostları ilə paylaş: |