Изучение состояния загрязнения Каспийского моря нефтепродуктами по данным исз



Yüklə 92,38 Kb.
Pdf görüntüsü
tarix25.06.2018
ölçüsü92,38 Kb.
#51081


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3                             Təbiət elmləri seriyası                                 2010 

 

 

 

 

 

GÖRKƏMLİ GEOLOQ ALİM, MÜƏLLİM VƏ İCTİMAİ XADİM 

 

Akademik Şəfaət Mehdiyev – 100  

 

 

 

Akademik  Şəfaət Mehdiyevin adı  hər bir 

azərbaycanlı ziyalısı üçün əzizdir. Ensiklopedik 

biliyə və geniş erudisiyaya malik olan alim, gör-

kəmli neftçi-geoloq olmaqla yanaşı, eyni zaman-

da peşəkar jurnalist, yazıçı  və ictimai-siyasi xa-

dim idi. Qeyri-adi görünsə  də bütün bu xüsu-

siyyətlər bir şəxsin, 100-illik yubileyini bu gün 

burada vaxtı ilə rektoru olmuş Bakı Dövlət Uni-

versitetində qeyd etdiyimiz Şəfaət Mehdiyevin 

simasında harmonik olaraq çəmləşmişdir.  

       Qədirbilən xalgımızın şöhrətli elm xadimləri 

haqqında yazmaq şərəfli bir işdir.  Geologiya el-

minə  dəyərli töhvələr verən, qiymətli  əsərləri ilə 

ölkəmizi dünyaya tanıtdıran, elmimizin korifey-

lərindən biri olan akademik Şəfaət Mehdiyev 

haqqında yazmaq isə  nə  qədər  şərəflidirsə, bir o 

qədər də  məsuliyyətlidir. Bu maraqlı  və müxtəlif çalarlarla parlayan şəxsiyyəti 

tanıyanların, onunla nə vaxtsa ünsiyyətdə olanların coğrafiyası  həddən ziyadə 

genişdir. Güman edirik ki, xatirəsini çox əziz tutğumuz bu görkəmli  şəxsiyyət 

haqqında bu və ya digər səbəbdən öz sözünü deməyə imkan tapmayan qələm sahibləri 

də öz xatirələri ilə bölüşəcəkdir.  Şəfaət müəllimin xeyirxahlığı, insanpərvərliyi, 

sadəliyi, vətənpərvərliyi, bir sözlə, insan övladına xas olan gözəl xüsusiyyətləri 

onunla təmasda olanların xatirəsində  əbədi həkk olunmuşdur. Onun xeyirxahlığı bu 

gün də, tarixin onillikləri təbəqəsindən açıq və aydın görünməkdədir.  

Şəfaət Mehdiyev haqqında danışarkən ona çox doğma olan Bakı Dövlət 

Universitetinin tarixi ilə bağlı maraqlı fikirlərimizlə bölüşmək istərdik. 90 ildən artıq 

tarixi olan universitetimizin şərəfli yolunu 3 böyük dövrə bölmək olar: Birinci, ya-

randığı 1919-cu ildən İkinci Dünya Müharibəsi illəri – universitetin

 

təşəkkül dövrü; 

ikinci, müharibə illərindən 60-cı illərə qədər – universitetin yüksəliş illəri; üçüncü, 

dahi Heydər Əliyevin adı ilə bağlı olan intibah dövrü. 

Qeyd etmək istədiyimiz dövr məhz ikinci mərhələdir ki, bu mərhələ 1944-cü 

ildən 1965-ci ilə qədərki dövrü əhatə edir. Bu mərhələni universitetin tarixində elmin 

və təhsilin xüsusi tərəqqi mərhələsi adlandırırlar. Mərhələnin belə səciyyələnməsinin 

başlıca səbəbi həmin illərdə universitetə çox görkəmli  şəxsiyyətlərin rəhbərlik 

 

177



ərdə akademik Abdulla Qarayev, 1950-54-cü 

illərdə  Cəfər Xəndan Hacıyev, 1954-58-ci illərdə akademik Yusif Məmmədəliyev, 

nəhayət, 1958-65-ci illərdə akademik Şəfaət Mehdiyev universitetə rəhbərlik etmişlər. 

Məhz bu 4 şəxsiyyətin, böyük elm və təhsil təşkilatçılarının universitetə, xalqa, elmə 

olan  sonsuz  maraqlarının və sevgilərinin nəticəsində universitet özünün yüksək 

səviyyəsinə gəlib çata bildi. 

Dünyaya gəldikdən sonra qismətinə düşən ömür payını  hər bir yaradıcı insan 

fərqli yaşayır, həyat adlanan uzun bir yolda özünəməxsus iz qoyur. Bəzən bu izlər 

mövcud olmamış kimi insanın fiziki ölümü ilə yoxa çıxır, bəzən isə həyatın coşqun 

fırtınası ondan bir daş da qopara bilmir. Sağlığında böyük hörmət-izzət sahibi olan, 

haqq dünyasına qovuşduqdan sonra çoxlarının xatirində  kamil  alim, dəyərli ziyalı, 

unudulmaz  müəllim,  qayğıkeş  və  mərd insan kimi qalan belə insanlardan biri də 

geologiya-mineralogiya elmləri  doktoru,  professor,  əməkdar elm xadimi, Dövlət 

mükafatı laureatı akademik Şəfaət Fərhad oğlu Mehdiyev olmuşdur. 

Unudulmaz alimin elmi fəaliyyətini daim izləyən və ona hər zaman mənəvi 

dayaq olan ümummilli lider Heydər Əliyev xatirələrində Şəfaət Mehdiyevi istedadlı 

alim olmaqla yanaşı, Azərbaycan xalqına xas zəngin mənəvi keyfiyyətlərin daşıyıcısı 

olan  şəxsiyyət kimi dəyərləndirərək demişdir: "Akademik Şəfaət Mehdiyev böyük 

alim, böyük ziyalı, böyük şəxsiyyət olmaqla yanaşı, yaxşı kişi idi”. 

Şəfaət Mehdiyevin mənalı  və  şərəfli ömür yoluna, elmi fəaliyyətinə  nəzər 

saldıqda, onun milli ideallara bağlı nəcib şəxsiyyət olduğu bir daha qabarıq görünür. 

Görkəmli akademik əsla qəyyum himayəsinə tapınan alimlərdən olmamışdır – 

həyatda məqsədlərinə halal zəhmətlə, işgüzarlıqla, məqsədyönlülüklə çatmışdır.  Əsl 

alimlər kimi, onun üçün də elmdə heç zaman son zirvə və hədd anlayışı olmamışdır – 

Şəfaət Mehdiyev elmi axtarışları ilə daim öyrənməyə, həqiqəti üzə  çıxarıb isbat-

lamağa, əldə etdiyi faydalı nəticələri praktik surətdə gerçəkləşdirməyə çalışmışdır. 

Nüfuzlu alim-pedaqoq kimi 1958-ci  ildə  Şəfaət Mehdiyev çox mötəbər və-

zifəyə irəli çəkilmiş, Azərbaycanın  ən səbatlı  təhsil ocağının – Azərbaycan Dövlət 

Universitetinin rektoru təyin edilmişdir. Beləliklə  də nüfuzlu alim respublikanın 

siyasi-ictimai həyatındakı islahatların, elmi-mədəni düşüncəsindəki yeniləşmənin, 

milli intellektual-kulturoloji mühitdəki dəyişikliklərin mərkəzinə düşmüşdür. Neçə-

neçə dövlət xadimi, elm, mədəniyyət,  ədəbiyyat, hüquq və başqa sahələrin nüma-

yəndələri məhz onun rektorluğu dövründə universitetdə  təhsil almışlar. Onların hər 

biri ustad alim, nüfuzlu ziyalı, tanınmış pedaqoq, ən  əsası isə gözəl insan, millətini 

sevən  şəxs olan Şəfaət Mehdiyevi bu gün də xoş xatirələrdə anırlar. Ardıcılları  və 

tələbələri xatirələrində qeyd edirlər ki, Şəfaət müəllim bütün tələbələrə  əsl atalıq 

qayğısı ilə yanaşıb. Ağır müharibə illərində valideynlərini, yaxınlarını itirmiş yetim 

tələbələr Şəfaət Mehdiyevin simasında əsl himayədarlarını tapıblar. Deyilənlərə görə, 

hətta zəif oxuyan tələbələrə  də  təqaüd yazdıran görkəmli alimə müxtəlif qüvvələr 

tərəfindən müqavimət, basqılar olurmuş. Fəqət, bütün bu namərdliklər  Şəfaət Meh-

diyevin ədalətli və humanist mövqeyinə təsir göstərə bilməmiş, əksinə, onu daha da 

mətinləşdirmiş, xalqına olan sevgisini artırmışdır.  Əsl ziyalının bu fani dünyadan 

yeganə umacağı məhz millət, dövlət yolunda çalışmaq, yaxşı iş görmək, tarixdə əbədi 

qalmaqdır. Sağlığında "Həyat xalq üçün yazıb-yaradan, heç bir fəxri adda, yüksək 

mükafatda gözü olmayan şəxsiyyətləri sevir, onlara yenilməz bir heykəl qoyur. Bu 

heykəlin adı – Xalq Məhəbbətidir" - demiş Şəfaət Mehdiyev keşməkeşli olduğu qədər 

də  mənalı, zəngin və  şərəfli həyat yolu ilə  məqsədlərinə doğru pillə-pillə irəliləmiş, 

 

178




Şəfaət Fərhad oğlu Mehdiyev 1910-cu ildə  İranın Sarab qəzasının  Şalqun 

kəndində kəndli-əkinci ailəsində anadan olmuşdur. Dörd yaşında atasını itirən Şəfaət, 

anası ilə birlikdə Bakıya köçür və burada məskunlaşır. Şəfaət, Mehdiyevlər nəslindən 

ilk olaraq təhsil almışdır.  Şəfaətin uşaqlıq illəri Bakının keçmiş Lenin rayonunun 

Sabunçu qəsəbəsində keçmişdir. Burada o, I pillə  məktəbini bitirmişdir. Anasını  və 

özünü saxlamaq üçün işləməyə getmiş və eyni zamanda təhsil almışdır; 1926-1929-cu 

illərdə «Gənc mədən fəhləsi» fabrik-zavod təlimində oxunmuş və işləmişdir. Buranı 

bitirdikdən sonra ona çilingər ixtisası verilmişdir. Fabrik-zavod təlimində  dərs 

keçməklə, gənc  Şəfaət eyni zamanda Lassal adına texnikuma daxil olmuş  və 1927-

1930-cu illərdə bu texnikumda oxumuşdur. 1929-cu ilin sonunda Şəfaəti Azərbaycan 

Lenin Komsomolunun Mərkəzi Komitəsinə  işə irəli çəkdilər. 1930-cu ilin aprel 

ayında o, Azərbaycan Sənaye İnstitutunun (hazırda – ADNA) geoloji-kəşfiyyat fakül-

təsinə daxil olur və 1934-cü ildə oranı bitirərək neft və qaz yataqlarının kəşfiyyatı 

üzrə dağ mühəndisi ixtisasına yiyələnir. 

Hələ  tələbəlik illərindən gənc  Şəfaətdə elmi-tədqiqat işi sahəsində böyük 

istedad aşkar olunduğundan və o illərdə ixtisasçı milli kadlar çatışmadığından təhsi-

lini oxuduğu institutda və Azərbaycan pedaqoji institutunda «kristalloqrafiya»  fən-

nindən kurslar oxumaqla davam etdirirdi. O, mühazirələrini 1932-i ildə prof. 

P.P.Şuşinskinin ruscadan Azərbaycan dilinə tərcümə edtdiyi «Kristalloqrafiya» kitabı 

əsasında oxuyurdu. Bu kitab 20-25 il ərzində respublika ali məktəblərinin Azərbaycan 

qruplarında oxuyan tələbələrinin dərs vəsaiti olmuşdur.  

Diplomçu tələbə ikən o, «Azneftkəşfiyyat» trestində geoloq və  Mərdəkanda 

kəşfiyyat sahəsinin geoloqu işləməyə başlamış, daha sonra isə  Mərdəkan – Türkan 

kəşfiyyat qrupunun böyük geoloqu olmuşdur. 

1932-1936-cı illərdə  Şəfaət Mehdiyev Sənaye  İnstitutunun «Neft kadrları 

uğrunda» çoxtirajlı, daha sonra «Gənc işçi» qəzetlərinin, «Gənc bolşevik» məcmuə-

sinin, «Azərbaycan idmançısı», «Qala neftçisi» qəzetlərinin redaktoru işləmişdir. 

1936-cı ildən o, Pirsaat neft mədənində, 1937-1938-ci illərdə Neftçala neft 

mədənində geoloq vəzifəsində çalışmış, daha sonra Azərbaycan Elmi-Tədqiqat Neft-

çıxarma İnstitutunda baş geoloq, direktor müavini vəzifəsinə irəli çəkilmiş, eyni za-

manda aspiranturaya daxil olmuşdur. Paralel olaraq 1939-cu ildə Azərbaycan Geoloji 

fondunun rəisi, 1940-cı ildə Abşeron Geoloji-seysmik partiyasının rəisi işləmişdir. 

Bütün məsul vəzifələrin yükünü çəkən  Şəfaət Böyük Vətən müharibəsinin ilk 

günlərindən hərbi xidmətə çağrılmış  və Qara dəniz qrupunda, Zaqafqaziya və IV 

Ukrayna cəbhələrində müxtəlif zabit vəzifələrini daşımışdır. 1944-cü ilin mart ayında 

mühəndis-geoloq kimi arxa cəbhəyə göndərilir. O, yenidən aspirant hüquqlarında 

bərpa olunmuş, 1945-ci ilin əvvəllərində «Abşeron yarımadasının neft yataqlarının 

geotermikası» mövzusunda namizədlik, 1950-ci ildə «Lənkəran  vilayətinin geoloji 

quruluşu və neftlilik perspektivləri» mövzusunda doktorluq dissertasiyalarını müdafiə 

 

179




etmişdir. 

 Şəfaət müəllimin namizədlik dissertasiyası neft geologiyasında mühüm 

praktiki  əhəmiyyətə malik olan mövzuya həsr edilmişdi. Məlumdur ki, müxtəlif 

neftlərin fiziki xassələri temperatur faktorundan asılı olaraq dəyişir.  

 Şəfaət Mehdiyev tərəfindən Abşeron yarımadasının neft yataqlarının istilik 

rejimi məsələləri dəqiq surətdə  tədqiq olundu və qiymətli əsər hazırlandı. Bu əsərin 

böyük əhəmiyyəti ondan ibarət idi ki, dərinlikdən, tektonikadan və digər amillərdən 

asılı olaraq geotermik pillənin dəyişmə qanunauyğunluqları ilk dəfə olaraq aşkara 

çıxarılmışdı. Xeyli sonralar, 1980-ci ildə  Şəfaət müəllim neft və qaz yataqlarının 

istilik rejiminin mühüm nəzəri məsələlərini yenidən araşdırır və  həmmüəllifləri ilə 

birgə «Cənubi Xəzərin qərb  şelfinin geotermik sahələrinin xüsusiyyətləri haqqında» 

mövzusunda problem məqalə ilə  çıxış edir. Cənubi Xəzərin qərb  şelfinin tədqiqat 

obyekti kimi seçilməsi təsadüfi deyildi və istehsalatın tələbindən doğurdu. Təkcə onu 

göstərmək kifayətdir ki,  1981-ci ilin əvvəli üçün Avrasiyanın şelf zonalarında qazılan 

dərin və böyük dərinlikli axtarış  və  kəşfiyyat quyularının  ən böyük miqdarı  məhz 

Cənubi Xəzərin qərb  şelfində qazılmışdı. Belə ki, 5,5 km dərinliyə 32 quyu, 6 km 

dərinliyə 7 quyu qazılmış, Bulla adası və Bulla-dəniz qalxımları arasındakı sinklinal 

əyilmənin tektonik cəhətdən sakit çökmə süxur yastığında qazılmış bir quyu (541 

saylı), ümumiyyətlə, Xəzər dənizi akvatoriyayası üçün maksimum dərinliyə – 6566 

metrə qazılmışdı. Bütün bunlar dərinlikdə yerləşmiş süxurlar haqqında yeni geoloji 

məlumatın, xüsusən onların geotemperatur yatma şəraitləri haqqında məlumatın 

toplamasına kömək etdi və baxılan  ərazi daxilində geotermik sahənin bəzi spesifik 

dəyişmə xüsusiyyətlərini aşkar etməyə imkan verdi. Xəzərin həmin sahəsində dərin-

liyi 4-6,5 km olan quyularda temperaturun ölçülməsi göstərdi ki, bu dərinlik zona-

sında temperaturun dəyişməsində süxurların litoloji-mineraloji xüsusiyyətinin müəy-

yən  əhəmiyyəti vardır. Bakı arxipelaqının üstünlük təşkil edən orta pliosen çökmə 

süxur kompleksinin kəsilişinin 80%-dən çoxunu gilli süxurlar təşkil edir ki, onların da 

yarıdan çoxu montmorillonit mineralı ilə təmsil olumuşdur. Alim müəyyən etmişdir 

ki, bu mineral bir sıra faktorların və ilk növbədə temperaturun təsiri altında kristallik 

şəbəkədə sətharası suyunu itirərək başqa şəkilə keçir. Özü də dehidratlaşma endoter-

mik prosesdir. Alim eyni zamanda müəyyən etmişdir ki, regional planda mont-

morillonit mineralının dehidratlaşması istilik axının zəifləməsi ilə yanaşı gedir. Riyazi 

hesablamalarla alim sübut etmişdir ki, Cənubi Xəzərin qərb  şelfində, başqa sözlə, 

Bakı arxipelaqında, təxminən 800 metrlik montmorillonitli gilli süxurlar qatı 3,5-4,3 

km dərinlik intervalında Yerin dərinliyindən yuxarıya qalxan istilik axını üçün ekran 

rolunu oynamışdır. Bu çox vacib nəticədir. Maraqlı cəhət orasındadır ki, aşkar edilən 

xüsusiyyət, ümumiyyətlə, Cənubi Xəzərin  qərb  şelfi qalxımlarının orta pliosen 

kəsilişləri üçün səciyyəvi olduğu halda, şimal  şelfində, yəni Abşeron arxipelaqı 

qalxımlarının orta pliosen çöküntülərində öz təsdiqini tapmır, çünki bu çöküntülərdə 

montmorillonitin miqdarı  həddən ziyadə azdır. Məsələn, Bahar yatağı sahəsində 

məhsuldar qatın çöküntüləri, xüsusilə Balaxanı layı, Bakı arxipelaqının eyni yaşlı 

çöküntüləri ilə müqayisədə xeyli qumluluğu ilə  səciyyələnir. Bahar sahəsi çöküntü-

lərində montmorillonitin az miqdarda olması  səbəbindən bu mineralın öz xüsusiy-

yətini dəyişməsi zamanı istilik axınının sınma effekti yaranmır.  Şəfaət Mehdiyevin 

aşkar etdiyi bu qanunauyğunluq Yer təkindən qalxan istiliyin paylanmasında litoloji 

faktorun nə dərəcədə böyük rol oynamasını göstərir. 

1945-1950-ci illərdə Şəfaət Mehdiyev Azərbaycanın geoloji cəhətdən bu gün də 

 

180




ən az öyrənilmiş regionunda – Lənkəran vilayətində  və Dağlıq Talışda regional 

geoloji tədqiqatlar aparmış və bu regiona həsr olunmuş monoqrafiya yazmışdır.  

Dağlıq Talışın geologiyasına həsr olunmuş  əsərində  Şəfaət Mehdiyev bir çox 

yeni, maraqlı, orijinal məlumat vermişdir. O, Dağlıq Talışın stratiqrafiyasının tam ye-

ni sxemini işləyib hazırlamış, Lənkəran vilayətində ilk dəfə olaraq ayrı-ayrı stratiq-

rafik vahidlərin, qismən xadum horizontu çöküntülərinin və koun lay dəstəsinin 

analoqlarının mövcudluğunu müəyyən etmişdir. Eyni zamanda vulkanogen süxurların 

yaşı haqqında əvvəlki tədqiqatçıların baxışlarına böyük düzəlişlər edilmiş, Lənkəran 

ərazisində dördüncü dövr vulkan axmalarının olmaması sübuta yetirilmiş, intruziv-

lərin yaşı dəqiqləşdirilmişdir və s.  

Alim bu əsərində maqmatik süxurlarla bir sıra filiz faydalı qazıntılarının bağlı 

olma ehtimalını da göstərmişdir. Geoloji xidmət idarəsinin son beş ildə Dağlıq Ta-

lışda apardığı axtarış-kəşfiyyat işləri və  əldə etdiyi nəticələr, xüsusən platin, qızıl, 

mis, nadir metal təzahürlərinin aşkar edilməsi alimin nə  dərəcədə uzaqgörənliyini 

göstərir.  

1950-ci ildən etibarən  Şəfaət Mehdiyev Elmlər Akademiyasının Geologiya 

İnstitutunda Neft yataqlarının geokimyası laboratoriyasına rəhbərlik etməyə başlayır 

və Azərbaycanın neftli laylarında üzvi komponentlərin – bitumun, üzvi karbonun, hu-

min turşularının, azotun və s. keyfiyyət və  kəmiyyətcə paylanma qanunauyğunluq-

larını öyrənir.  

Şəfaət Mehdiyevin bu sahədə yerinə yetirdiyi çoxillik tədqiqatların nəticələri 

«Neftin mənşəyi məsələləri və Azərbaycanın neft yataqlarının formalaşması», «Azər-

baycanın çökmə süxurlarının üzvi komponentləri», «Neftin mənşəyi problemləri və 

neft-qaz yataqlarının formalaşması», «Azərbaycanın cənub-şərqinin üçüncü dövr 

kompleksinin bitumluğuna dair» (D.V.Jabrevlə müştərək), «Xəzəryanı-Quba sahəsi-

nin təbaşir və üçüncü dövr çöküntülərində üzvü maddələrin yayılması», «Kür çökək-

liyinin  şərq hissəsinin üst pliosen çöküntülərinin geoloji və geokimyəvi səciyyəsi» 

(hər ikisi Ad. A.Əliyevlə birlikdə) və digər əsərlərində öz əksini tapmışdır. 

Neftin mənşəyi problemi ilə dərindən məşğul olan Şəfaət Mehdiyev hələ 1966-

cı ildə neftin dərinlik-biogen genezisi hipotezini irəli sürmüş, sonrakı tədqiqatları ilə 

onu nəzəriyyə  səviyyəsinə  qədər çatdırmışdır. Təsadüfi deyil ki, sonralar bu fikir 

dünyanın bir çox alimləri tərəfindən qəbul edilmişdir. 

Şəfaət Mehdiyevin «Neftin mənşəyi problemləri və neft-qaz yataqlarının for-

malaşması» (1969-cu il) əsərində bu problemin bir çox cəhətləri geoloji və geokim-

yəvi tədqiqatlardan istifadə etməklə təhlil edilmişdir. Bu əsərin məntiqi davamı kimi 

o, 1985-ci ildə «Təbiətdə neftin və qazın formalaşması  və  tərkibinin dəyişməsi» 

monoqrafiyasını çap etdirir. Alimin bu problemə həsr edilmiş məqalələri ABŞ, AFR, 

İngiltərə, Rumıniya və başqa ölkələrin elmi məcmuələrində nəşr olunmuşdur. 

Ş.F.Mehdiyev hesab edirdi ki, karbohidrogen qazları, qaz kondensatlar, neftlər 

və bərk bitumlar (epinaftidlər) təbiətdə vahid genetik sıra əmələ gətirirlər. Bu faydalı 

qazıntılar arasında mövcud olan qarşılıqlı  əlaqələrin və keçidlərin hərtərəfli və 

kompleks tədqiqatları neftin və qazın mənşəyinin, həmçinin karbohidrogenlərin 

formalaşması  və  tərkib və xassələrinin çevrilmələrinin qlobal probleminin həllinə 

kömək edə bilər. O, göstərirdi ki, neft haqqında təlimdə olan müxtəlif istiqamətlərin 

tərəfdarları neftin və qazın formalaşması  və  tərkibinin çevrilmələri probleminin 

həllinə aid olan hər hansı bir faktı nəzərə almalı və hərtərəfli olaraq təhlil etməlidirlər. 

Məsələn, Kanadada  (Atabaska və b.) və Venesuelada (Orinoko çayı vadisində) yük-

 

181




sək özlü neftlərin unikal toplanmalarının mövcudluq faktlarını, Qvaxar (Səudiyyə 

Ərəbistanı) və Burqan (Küveyt) yataqları kimi nəhəngləri nəzərə almamaq olmaz, on-

ların mövcudluğu neftin əmələ  gəlməsinin çökmə-miqrasiya nəzəriyyəsi çərçivəsinə 

heç cür sığmır. 

Ş.F.Mehdiyev göstərirdi ki, neftin mənşəyi, neftin və qazın tərkibinin formalaş-

ması  və çevrilmələrini öyrənərkən yerin inkişafını, onun ilkin vəziyyətindən baş-

layaraq bizim günlərə kimi müxtəlif geosferlərin əmələ gəlməsi və inkişafını nəzərə 

almaq vacibdir, plitələr tektonikasının yeni ideyalarına diqqətlə yanaşmaq lazımdır. 

Çünki tam olaraq mümkündür ki, Zavaritski-Benyof zonasının müxtəlif rayonlarında 

yuxarı temperatur şəraitlərində subdiksiya prosesində çökmə süxurların üzvi maddəsi 

mantiya qazlarının iştirakı ilə karbohidrogen flüidlərinə çevrilə bilər. Bu problemlərin 

optimal həllinin axtarışında təkcə geoloji-geokimyəvi elmlərin ən yeni nailiyyətlərini 

nəzərə almaq kifayət etmir, həmçinin qonşu, bir-birinə çox yaxın olan elmlərin də 

nailiyyətlərindən istifadə etmək lazımdır. Neft və qazın formalaşmasının və tərkibinin 

çevrilmələrinin prinsipial sxemini işləyib hazırlamaqla, sənaye toplanmalarının for-

malaşması aspektində onların mənşəyi, miqrasiyası, toplanması  və parçalanma pro-

sesləri haqqında daha əsaslandırılmış nəticələr əldə etmək olar.  

Bu problemin tədqiqatçılar tərəfindən həllinin çoxsaylı variantları iki əsas, lakin 

prinsipcə diametral əks və bir-birini istisna edən istiqamətlərin  ətrafında cəmlən-

mişdir: neftin və karbohidrogen qazlarının mənşəyinin biogen (üzvi) və abiogen 

(qeyri-üzvi) yolla əmələ  gəlməsi (XVIII əsrin ikinci yarısında M.V.Lomonosovdan 

«О слоях земных» 1763-cü ildən tutmuş, hal-hazıra qədər). 

Görkəmli sovet alimi İ.M.Qubkin neftin üzvi mənşə  nəzəriyyəsini işləyib 

hazırlaması ilə yanaşı neftin kiçik toplanmalarının qeyri-üzvi yolla əmələ gəlməsinin 

mümkünlüyünü də istisna etmirdi. V.İ.Vernadski də belə fikirdə idi. Böyük alim 

N.B.Vassoyeviç neftəmələgəlmənin çökmə-miqrasiya nəzəriyyəsinin tərəfdarı idi. 

Belə bir diskussiyaya qoşulmağın özü əslində elmdə dahilik zirvəsinə qoşulanlara 

mənsub idi. 

Qeyd etmək lazımdır ki, əvvəllər Ş.F.Mehdiyev də «neft yaradan lay dəstələri» 

nəzəriyyəsinin tərəfdarı idi və çökmə süxurlarda basdırılmış biomaddədən diffuz 

yayılmış neftin əmələ gəlməsinin mümkünlüyünü qəbul edirdi. Lakin keçən əsrin 60-

cı illərində bütün toplanmış faktiki materialın tənqidi təhlilindən sonra öz baxışlarını 

təkmilləşdirib yayılmış üzvi maddədən neftin sərbəst yaranmasının qeyri-mümkün-

lüyü haqqında qəti səbatlı  nəticəyə  gəldi. Digər tərəfdən, onda belə bir əminlik 

yarandı ki, mantiyada və eləcə  də yer qabığından kənarda böyük dərinliklərdə, 

ümumiyyətlə, hazır neft yoxdur. Neft yer qabığında  əmələ  gəlir, neftin mələgəlmə 

proseslərində yayılmış üzvi maddənin hər hansı  iştirakını inkar edən abiogen sintez 

tərəfdarları da düz fikirdə deyillər. O, əmin idi ki, neftin mənşəyi problemində yalnız 

karbohidrogenlərin mənşəyi ilə məhdudlaşmaq olmaz: neft karbohidrogenlərdən daha 

mürəkkəb maddədir.  Əgər karbohidrogenlər laboratoriya şəraitində avtogen sintez 

yolu ilə alına bilirsə, hələ heç kim tərəfindən və heç yerdə bu yolla həqiqi təbii neft 

əldə edilməyib. 

Bir çox neft-qaz əyalətlərində neftin, qazın və suyun təzahürləri və yatma 

şəraitlərinin qanunauyğunluqları üzrə böyük faktik materialın təhlili və ümumiləş-

dirilməsi, ölkəmizdə və  xaricdə süxurların üzvi komponentlərinin və karbohidrogen 

flüidlərinin geokimyəvi tədqiqatları, həmçinin neftin tərkibinin molekulyar səviyyədə 

öyrənilməsinin nəticələri şübhə doğurmadı ki, neftəmələgəlmənin materialı üçün eyni 

 

182




zamanda mantiya maddəsi və süxurların yayılmış üzvü maddəsi də xidmət edir. 

Bununla  əlaqədar, alimin fikrincə, təbii neftin tərkibində biomaddə fraqmentləri iş-

tirak edir. Şəfaət müəllim tərəfindən işlənilib hazırlanmış və 1966-cı ildə qısa olaraq, 

1969-cu ildə isə  hərtərəfli izah olunmuş neftqazəmələgəlmə  nəzəriyyəsi məhz buna 

görə də neftin dərinlik-biogen mənşəyi nəzəriyyəsi adlanır. Burada neftəmələgəlmə-

nin həm biogen, həm də abiogen tərəflərinin üğurları  və  səmərəli mülahizələri bir-

ləşdirilmişdir. 

Neftin  əmələgəlməsi üçün ana maddə kimi, bir tərəfdən, öz mənşəyi etibarilə 

mantiyanın deqazasiyasına, maqmatik fəaliyyətə, daha dərin depressiyalarda, həm də 

yüksək temperaturların təsiri altında süxurların kerogeninin parçalanmasına, digər 

tərəfdən isə süxurların yayılmış üzvü maddəsi ilə  əlaqədar olan qaz-buxar sistemi 

qəbul edilmişdir.  

Akademik  Şəfaət Mehdiyev bir çox geoloji xəritələrin tərtibçisi və redaktoru 

olmuşdur. Bu cəhətdən onun elmi redaktoru və həmmüəllifi (F.M.Bağırzadə, X.B.Yu-

sifzadə, S.H.Salayev və b. ilə birlikdə) olduğu və Dövlət mükafatına layiq görülmüş 

«Azərbaycanın neft və qaz yataqları və perspektiv strukturları» (1:500.000 miqyaslı) 

xəritəsi, xüsusilə diqqəti cəlb edir. Məlumdur ki, eyniadlı xəritə 1958-ci ildə M.V.Ab-

ramoviç, B.Q.Babazadə və Ş.F.Mehdiyevin redaktorluğu altında hazırlanmışdı. Xəri-

tənin dərc olunmasından keçən 25-30 il ərzində Azərbaycanın və Cənubi Xəzərin biti-

şik akvatoriyasının neftli-qazlı rayonlarında böyük həcmli geoloji-axtarış və geofiziki 

işlər görülmüşdü, nəticədə  əsas neft-qaz və perspektivli rayonlarda üst struktur 

mərtəbənin quruluşu dəqiqləşdirilmiş, Cənubi Xəzər akvatoriyasında məhsuldar qatda 

bir sıra perspektiv strukturlar aşkar edilmiş, yeni  neft və qaz yataqları (Qarabağlı, 

Kürsəngə, Kənizdağ, Muradxanlı, Zərdab, Tərsdəllər, Sanqaçal-dəniz-Duvannı-dəniz-

Bulla adası, Bulla-dəniz, Bahar və b.) kəşf olunmuşdu.  

Bütün bu uğurlu işlər Şəfaət Mehdiyevin redaktorluğu və həmmüəllifliyi altında 

yeni xəritənin hazırlanmasına səbəb oldu. Bu xəritə əvvəlki xəritədən istər tərtibetmə 

metodikasına, istərsə  də  məzmun və informasiyalı olmasına görə  fərqlənir. Belə ki, 

yeni xəritə Azərbaycanın depressiya zonalarının struktur-tektonik xüsusiyyətlərini, 

dərinlik və regional qırılmaları, çökmə süxur qatının qalınlığını, əsas neft-qaz daşıyan 

və perspektiv kompleksləri, aşkar olunmuş strukturlar fondunu, neft-qaz yataqlarının 

yerləşməsini, ayrı-ayrı perspektiv neft-qaz layları  və horizontlarının stratiqrafik 

pazlaşma zonalarını və s. əks etdirir. Bu yeni xəritə də öz növbəsində elmi-tədqiqat və 

istehsalat təşkilatlarına respublika ərazisində, o cümlədən, Xəzər dənizi akvatori-

yasına birləşən rayonlarda neft və qaz üçün geoloji-axtarış  və  kəşfiyyat işlərinin 

əsaslandırılmasında və yerinə yetirilməsində çox böyük dəstək oldu. 

Böyük alimin yerinə yetirdiyi belə  işlər bir daha göstərdi ki, ayrı-ayrı 

regionların geologiyası  və neft-qazlılığı üzrə daim toplanan faktik materialın dövrü 

olaraq ümumiləşdirilməsi, sintez və təhlili uyğun elmi-tədqiqat təşkilatları qarşısında 

yaranan nəzəzri və  tətbiqi xarakterli əsas aktual problemlərdən biridir. Bu, neft-qaz 

toplanmalarının yerləşmə xüsusiyyətlərini və perspektivdə axtarış-kəşfiyyat işlərinin 

optimal strategiyasını əsaslandırmaq üçün çox önəmli idi.  

Akademik  Şəfaət Mehdiyev dərinliyə  və  həddən böyük dərinliyə gömülmüş 

çökmə süxurlar kompleksində sənaye əhəmiyyətli neft-qaz yataqlarının axtarışına və 

kəşfiyyatına ciddi fikir verirdi. Bu cəhətdən alimin 1984-cü ildə Moskvada Beynəl-

xalq Geoloji konqresin XXVII sessiyasında «Cənubi Xəzərdə  dərinliyə gömülmiş 

neft-qaz yataqlarının axtarışının ilkin geoloji şəraiti» mövzusunda etdiyi məruzə, 

 

183




xüsusən diqqəti cəlb edir. O, ixtiyarı potensial neft-qaz rayonunda dərinlikdə yerləş-

miş (4,5-6,0 km) və böyük dərinliyə (6 km-dən artıq) gömülmüş neft-qaz yataqlarının 

məqsədyönlü axtarışını aparmaqdan öncə geoloqların aşağıdakı suallara müsbət cavab 

verməsini vacib hesab edirdi: bu dərinliklərdə metamorfizləşməmiş çökmə süxur 

kompleksləri məlumdurmu?; bu dərinliklərdə əlverişli struktur-tektonik şərait mövcud 

ola bilərmi?; bu dərinliklərdə  sənaye  əhəmiyyətli neft-qaz yığımlarını saxlaya bilən 

kollektorlar varmı?; bu dərinliklərdə  sənaye  əhəmiyyətli neft-qaz yığımlarını 

qorumaq imkanına malik olan örtük (ekran) süxurlar mövcuddurmu?; neft laylarının 

yatması üçün bu «kritik dərinlik» kifayət edirmi? Şəfaət müəllim Cənubi Xəzər 

akvatoriyası üzrə toplanılmış  zəngin faktiki geoloji-geofiziki materialı ümumiləşdirərək 

təhlil edir, dərinliyə və böyük dərinliyə qazılmış quyuların məlumatlarını rəhbər tutaraq 

Cənubi Xəzər akvatoriyasında dərinlikdə  və böyük dərinlikdə yerləşmiş neft və qaz 

yataqlarının axtarışı üçün optimal plan təklif edir. Konqres iştirakçıları tərəfindən böyük 

maraqla dinlənilən bu məruzə konqresin materialları ilə yanaşı az sonra 1984-cü ildə 

«Azərbaycanın geologiyası haqqında» oçerklərdə işıq üzü gördü.  

Akademik  Şəfaət Mehdiyev Orta Kür cökəkliyinin maykop lay dəstəsinin 

(oliqosen-aşağı miosen) neft-qazlılıq perspektivliyinin qiymətləndirilməsi sahəsində 

də həmkarları ilə müştərək dəyərli tədqiqat aparmışdır. Qərbi Azərbaycanda və Şərqi 

Gürcustanda geniş yayımış bu cöküntülərin yayılma sahəsi 35-85 km enində 300 km 

məsafəyə  qədər uzanır. Azərbaycanın neft-qaz geoloji rayonlaşdırma sxemində 

paleogen-miosen kompleksinin ayrı-ayrı stratiqrafik vahidlərində sənaye miqyasında 

neft-qazlılıq nisbətən çoxdan məlumdur. Xüsusən Yevlax-Ağcabədi neft-qaz rayo-

nunda Muradxanlı, Zərdab, Şıxbağı və b., Kür və Qabırrı çayları arası neft-qaz rayo-

nunda Tərsdəllər, Gürzündağ, Sacdağ, Qaflandərə kimi yataqlar məlumdur ki, bunlar 

da Qərbi Azərbaycanın paleogen-miosen cöküntülərinin, o cümlədən maykop lay 

dəstəsinin regional planda neftlilik-qazlılığını sübut edir. Bununla belə, lokal planda 

ayrı-ayrı struktur qalxımlarda, başqa sözlə, antiklinal strukturlarda (onların sayı 70-

dən artıqdır) maykop lay dəstəsinin və onun ayrı-ayrı qumlu intervallarının müqa-

yisəli qiymətləndirilməsi aparılmamışdır. Şəfaət müəllim geoloji-geofiziki, qazıma və 

quyulardan alınan sınaq və istismar nəticələrinin təhlilinə, neft və qaz göstəricilərinin 

varlığına,  əlverişli qırışıqlıqların, kollektorların və başqa  əlverişli geoloji şəraitlərin 

olmasına  əsaslanaraq Orta Kür cökəkliyində maykop lay dəstəsinin neft-qazlılıq 

perspektivliyini qiymətləndirir və axtarış-kəşfiyyat işıərinin nəzərə çarpacaq dərəcədə 

geniş miqyasda aparılmasını tövsiyə edir. 

Şəfaət müəllimin secilmiş  əsərlərini nəzərdən keçirərkən onun tədqiqatlarının 

nə  dərəcədə çoxşaxəli olmasına qiptə etməmək olmur. 1990-cı ildə Moskvanın 

«Geokimya» jurnalında Şəfaət Mehdiyevin həmkarı ilə birlikdə «Abşeron yarımadası 

neftlərində  təbii ingibitorların paylanma qanunauyğunluğu» adlı irihəcmi məqaləsi 

çapdan çıxır. Müəllif göstərir ki, neftlərin antiradikal aktivliyini səciyyələndirən kinetik 

parametrlər neftqazəmələgəlmə ocaqlarının identikliyini və laylı neft sistemləri üçün 

miqrasiya yollarını müəyyən etməyə imkan verir və Abşeron yarımadasının məhsul-

dar qatı neftləri üçün təbii qanunauyğunluq müəyyən edir: o göstərir ki,  neft layla-

rının yatma dərinliyi artdıqca ingibirlik aktivliyini səciyyələndirən parametrlərin 

qiyməti də eyni sürətlə böyüyür.  

Qeyd etdiyimiz kimi, akademik Şəfaət Mehdiyev çox orijinal ideyaların daşıyı-

cısı olmuşdur. Onlardan biri «Vulkanların məkan-zaman  ərzində qanunauyğun püs-

kürmələri və onların gizli periodikliyinin Günəşin aktivliyi ilə bağlı olması» adlı elmi 

 

184




kəşfdir. Alim bu düşüncəsində onunla həmfikir olan məşhur akademik B.Y.Xainlə və 

digər həmmüəlliflərilə keçmiş SSRİ EA-nın məruzələrində  və digər mötəbər elmi 

jurnallarda məqalələrlə  çıxış etmişdir. Sonradan əldə edilən bu nəticə alimin 

ölümündən sonra 2003-cü ildə elmi kəşf kimi təsdiqləndi və beynəlxalq reyestrə daxil 

edildi, baxmayaraq ki, kəşfin prioriteti alim tərəfindən hələ 1983-cü  ildə  təqdim 

edilmişdi. Onu da göstərmək istərdim ki, bu elmi kəşf bu gün də Azərbaycan alimləri 

tərəfindən edilən yeqanə kəşf kimi qalmaqda davam edir.  

Alimin neft-qaz yataqlarının istilik rejimi problemləri ilə bağlı apardığı 

tədqiqatları, Azərbaycanın termal sularının xalq təsərrüfatında istifadə edilməsinin 

elmi cəhətdən  əsaslandırılması, Xəzər dənizinin sahilyanı zolağının kurort zonasına 

çevrilməsi və digər fikirləri böyük əhəmiyyət daşıyır. Onun bitumlaşmış süxurların 

öyrənilməsinə  həsr edilmiş orijinal tədqiqatları  nəticəsində bu «qızıl qumlardan» 

neftin və digər faydalı qazıntıların çıxarılması əsaslı şəkildə işlənilmişdir. 

 Akademik  Şəfaət Mehdiyevin «Respublikamızın təbii sərvətləri», «Göy-göl», 

«Azərbaycan-neft xəzinəsidir», «Yer necə  və  nə vaxt yaranmışdır», «Xəzərin neft 

sərvətləri» adlı kitabları geniş oxucu kütləsi tərəfindən böyük maraqla qarşılanmışdır. 

Alimin  Ə.Ə.Yaqubovla birlikdə hazırladıqları «Neft-mədən geologiyasının qısa 

kursu» kitabı uzun illər ərzində Azərbaycan Neft Akademiyasının Azərbaycan bölmə-

sinin tələbələrinin stolüstü vəsaiti olmuşdur. 

Azərbaycanın neft və qaz yataqlarının geologiyasının öyrənilməsində böyük 

xidmətlərinə görə  Şəfaət Mehdiyev 1955-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 

1958-ci ildə  həqiqi üzvü seçilmişdir. O, Azərbaycanın  əməkdar elm xadimi, Dövlət 

mükafatı laureatı idi. 

Akademik  Şəfaət Mehdiyev 400-ə  qədər elmi əsərin, 20-dən artıq monoqrafi-

yanın, Azərbaycanın geoloji və tektonik xəritələrinin, neft və qaz yataqları  xəritə-

lərinin redaktoru və tərtibçisi, Abşeron yarımadasının geoloji xəritəsinin redaktoru və 

s. olmuşdur. O, «Azərbaycanın geologiyası» çoxcildli nəşr işində ayrı-ayrı fəsillərin 

və bölmələrin tərtibi, həmçinin redaktə edilməsi üzrə böyük əmək sərf etmişdir. 

Akademik Ş.F.Mehdiyev səmərəli elmi-tədqiqat işini ictimai fəaliyyətlə bacarıqla 

uyğunlaşdırırdı. 1952-1954-cü illərdə Ş.F.Mehdiyev Azərbaycan EA-da SOPS-un (Məh-

suldar Qüvvələrin öyrənilməsi üzrə  Şuranın) sədri işləmişdir. 1954-1958-ci illər 

ərzində Qubkin adına Geologiya İnstitutunun direktoru və 1958-ci ilin aprel ayından 

1965-ci ilin fevral ayına kimi Bakı Dövlət Universitetinin rektoru olmuşdur. 1953-

1965-ci illərdə universitetdə ilk öncə «Neftin və qazın geologiyası», sonra «Ümumi 

geologiya» kafedrasının müdiri olmuşdur. 

1965-ci ildən ömrünün sonuna qədər alim Milli Elmlər Akademiyasının Geolo-

giya  İnstitutunda «Neftin və qazın geologiyası»  şöbəsinin rəhbəri və Neft Akade-

miyasının «Neft və qaz yataqlarının geologiyası  və  kəşfiyyatı» kafedrasının müdiri 

olmuşdur. 

Akademik Şəfaət Mehdiyev uzun müddət Respublika «Bilik» cəmiyyəti rəyasət 

heyətinin üzvü və onun Bakı şöbəsinin sədri, Cəmiyyətin Ümumittifaq Plenumunun 

üzvü seçilmişdir. O, bu sahədəki fəaliyyətinə görə akad.S.Vavilov adına medala və 

Ümumittifaq «Bilik» cəmiyyətinin fəxri fərmanına layiq görülmüşdür. Alim geologi-

yanın tarixi üzrə Beynəlxalq komissiyanın üzvü, SSRİ-nin fəxri neftçisi, SSRİ-qaz 

sənayesinin fəxri işçisi idi. O, 50-dən artıq elmlər namizədi və elmlər doktoru yetiş-

dirmiş, respublikada yüksəkixtisaslı kadrların hazırlanması sahəsində böyük iş gör-

müşdür. Akademik Şəfaət Mehdiyev yaxın və uzaq xaricdə görkəmli neftçi-geoloq 

 

185




 

186


alim kimi tanınmışdır. O, 1956-cı ildə Meksikada Beynəlxalq Geloji konqresin XX 

sessiyasında, 1958-ci ildə Brüsseldə, 1960-cı ildə İsvecdə, 1962-ci ildə Afrika ölkə-

lərində (Misir Ərəb Respublikası, Sudan, Somali, Tanzaniya), 1963-cü ildə ABŞ-da 

(Oklahoma, Texas və Kaliforniya ştatlarında), 1964-cü ildə Dehlidə Beynəlxalq Geo-

loji konqresin XXII sessiyasında, 1968-ci ildə Praqada Beynəlxalq Geloji konqresin 

XXIII sessiyasında, 1961-ci ildə Frayberq Dağ akademiyasın XIII qurultayında və s. 

məruzələrlə çıxış etmişdir. O, bu ölkələrdə neft geologiyasına dair mühazirələr oxu-

muş  və ali məktəblərə aid bəzi elmi və  tədris məsələlərinin həllində aktiv iştirak 

etmişdir. Onun neft geologiyasına dair sanballı əsərlərindən, xüsusən «Neftin əmələ 

gəlməsi və neft yataqlarının formalaşması», «Azərbaycanın çökmə süxurlarındakı 

üzvi maddələr», «Neftin mənşəyi problemləri və neft-qaz yataqlarının formalaşması», 

həmçinin «Cənub-Şərqi Azərbaycandakı üçüncü dövr kompleksinin bitumları» və b. 

monoqrafiyaları diqqəti cəlb edir.  

İstedadlı alim-geoloq akademik Şəfaət Mehdiyev həm də  şair-publisist, dra-

maturq, bədii əsərlərin müəllifidir. Onun belə əsərlərindən pyesləri, hekayələri, minia-

türləri, publisistik qeydləri və şerlərini göstərmək olar. Bunlar toplu halında 1990-cı 

ildə «Elm» nəşriyyatı tərəfindən dərc edilmişdir. Ayrıca kitab şəklində çap olumuş və 

Azərbaycan dramaturgiyasının banisi, filosof və ictimai xadim M.F.Axundovun həyat 

və yaradıçılığına həsr olunmuş «Mirzə Fətəli» pyesi, xüsusən diqqəti cəlb edir. Əsər 

Gəncədə səhnəyə qoyulmuş, televiziyada göstərilmişdir. Topluya daha iki dram əsəri 

«Vicdan yükü» və böyük satirik-şair Mirzə  Ələkbər Sabirin həyatından bəhs edən 

«Sabir» daxil edilmişdir.  

Akademik Şəfaət Mehdiyev Azərbaycan Respublikası Ali Sovetinin deputatı (V 

çağırış) olmuşdur. 

Alimin böyük elmi və elmi-təşkilatı fəaliyyəti yüksək qiymətləndirilmişdir.  

O, iki dəfə «Qırmızı Əmək Bayrağı» və «Şərəf nişanı» ordenləri ilə, medallarla, 

Azərbaycan Ali Sovetinin fəxri fərmanı və s. ilə təltif edilmişdir.  

Bu gün 100-illik yubileyini qeyd etdiyimiz akademik Şəfaət Mehdiyev tədqi-

qatçı alim olmaqla yanaşı, eyni zamanda gözəl müəllim-pedaqoq kimi də tanınmış və 

tələbələri tərəfindən hörmətlə yad edilməkdədir. Azərbaycanda geologiya elminin for-

malaşmasında və inkişafında böyük xidmətləri olmuş  Şəfaət Fərhad oğlu Mehdiyev 

əhatəli elmi biliyə, yüksək təşkilatçılıq bacarığına malik olan alim idi. Şəfaət müəl-

limin əziz xatirəsini biz bu gün də qəlbimizdə yaşadırıq. 

 

                                      Akademik Abel Məhərrəmov  



AMEA-nın müxbir üzvü Vasif Babazadə 

 

Document Outline

  • BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ

Yüklə 92,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə