Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə15/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   46

Yadda saxla!
 FEİLİN TƏSRİFLƏNMƏYƏN FORMALARI
13.  Cümlələrdə təsriflənməyən feilləri tapın.
1.  Dünyada eyni cür düşünən iki insan tapmaq çətindir. (A.Klauber)
2.  Dünyada ac qalır tər tökməyənlər, 
Onların ömrü də tez gedir bada, 
Hər kəs əkdiyini biçər dünyada. (S.Vurğun)
3.  İnsan yanılanda bunu hamı görür, yalan danışanda isə çox az adam görə bilir.
(İ.Höte)
4.  Sözlə insanları birləşdirmək də olar, ayırmaq da.
5.  Ucadan danışmaq lazımdır ki, səni eşitsinlər, astadan danışmaq lazımdır ki,
səni dinləsinlər. (P.Klodel)
6.  Susmaq bilikliyə yaraşır, biliksizin isə eyibini ört-basdır edir. 
(Məhəmməd Peyğəmbər)
14.  Verilmiş cümlələrdən feilləri seçib cədvəlin müvafiq xanasına yazın.
Təsriflənən feil
Təsriflənməyən feil
 
 
1.  Pişik olmayan yerdə siçanlar baş qaldırar.
2.  Arxa su gələnə qədər qurbağanın canı çıxar.
3.  Aslan qocalanda başına çaqqallar yığılar.
4.  Qurddan qorxan qoyun saxlamaz.
5.  Ən güclü insan özünü idarə etməyi bacaran insandır.
6.  Ağıllı adam öz səhvini düzəltməyə çalışır, axmaq isə axıracan səhvi üzərində
düşünür.
Şəxsə görə dəyişmək feilin əsas xüsusiyyətlərindən biridir. Lakin şəxsə və
kəmiyyətə görə dəyişməyən feillər də var. Belə feillərə təsriflənməyən
(dəyişməyən) feillər deyilir.
Feilin təsriflənməyən formaları bunlardır:
məsdər – Bilməmək (nə?) eyib deyil, soruşmamaq (nə?) eyibdir.
feili sifət – Çağırılan (hansı?) yerə ar eləmə, çağırılmayan (hansı?) yeri dar
eləmə.
feili bağlama – Sevinc paylandıqca (nə zaman?) çoxalır, kədər paylandıqca
(nə zaman?) azalır.
Təsriflənməyən feillər feillə yanaşı, başqa bir nitq hissəsinin də xüsusiyyətlərinə
malik olur.


İŞGÜZAR TƏKLİF
Həmin yay on iki yaşlı Lük əmisi Henrigilə yaşamağa gəlmişdi. Əmisinin evi çay
kənarındakı balaca bir ağac emalı zavodunun yanında yerləşirdi. Atasının son sözü
Lükün yadından çıxmırdı: “Çalış ki, hər şey də əmindən ibrət alasan”. Buna görə də
oğlan diqqətlə əmisinə göz qoyurdu.
Ağac emalı zavodunda müdir işləyən Henri əmi hündürboylu, möhkəm bədənli bir
adam idi. Lükün əmisi haqqında öyrəndiyi ilk şey bu oldu ki, hamı ona hörmət edir.
Əmisinin arvadı Helen dolubədənli, xoşsifət bir qadın idi. O, hərdən balaca qohumuna
deyirdi: “İstərdim ki, sən də Henri əmin kimi olasan. O heç vaxt xeyrini əldən verməz,
hər işində tədbirlidir”.
Lük həmişə əmisinin yanında gəzər, onun hər hərəkətini təkrarlamağa çalışardı. Əmisi
Lükə deyərdi: “Həmişə çalış, işin məğzini başa düşə biləsən. Elə ki bunu başa düşdün,
deməli, onda nədən xeyir gəldiyini biləcəksən. Daha heç kim sənə kələk gələ bilməz”.
Çox vaxt Henri əmisinə baxanda atasını yadına salır, onun üçün qəribsəyirdi. Buna
görə o özünə gizli bir həyat qurmağa çalışırdı. Bu məsələdə onun dostu on bir yaşlı, bir
gözü kor, bir ayağı yüngülcə axsayan Den adlı şotland iti idi. Den onun yanında olanda
Lük özünü heç vaxt tənha hiss etmirdi. Lük itə elə şeylər danışırdı ki, onu heç vaxt nə
əmisinə, nə də Helen bibiyə deyə bilməzdi.
1.  Oxuduğun hissədə hansı məqamlar “atası öldüyü üçün Lük əmisigildə yaşamalı
olmuşdu” qənaətinə gəlməyə imkan verir?


Bir gün Henri əmi diqqətlə itə baxıb dedi: 
– İt tamam kor olub. 
– Yox, kor olmayıb, – Lük cavab verdi. 
– Heç ağzında dişi də qalmayıb. Axır vaxtlar qarınqululuq edir, hürmür. 
Bu iti saxlamaq daha sərf eləmir. 
– Ancaq itdən yaxa qurtarmaq həmişə çətin olur, – deyə Helen dilləndi. 
– Məncə, bunun ən sadə yolu onu suda batırmaqdır.


Lük Deni qucaqlayaraq qışqırırdı:
– Henri əmi, Den yaxşı itdir! Siz heç bilmirsiniz, o necə yaxşı itdir!
– Mən sənə yaxşı bir küçük taparam, oğlum. Balaca, ağıllı bir it ki, ona çəkilən xərc
havayı getməz.
– Mənə küçük lazım deyil, – deyə Lük etiraz etdi.
Amma Lük çox narahat idi. O bilirdi ki, əmisi sentimental adam deyil. İtdən bir fayda
olmadığını qərara alıbsa, onu saxlamayacaq.
Ertəsi gün Lük evə gələndə Deni səslədi. Den cavab vermədi. Lük çaya tərəf döndü.
Çayın ortasında köhnə qayıq yırğalanırdı, içində də əmisinin qoca işçisi Sem Karterlə
Den oturmuşdu.
Lük iti çağırdı, Den suya atıldı, dalınca da Karterin iplə Denin boynuna bağladığı daş
şappıltı ilə suya düşdü. Lük ağlayırdı. İti xilas etmək istəyirdi, amma Karterin
getməsini gözləməli idi. Qoca bir qədər suyun üzərində yaranan dairələrə baxdı, sonra
qayığı çevirib yavaş-yavaş oradan uzaqlaşdı. Lük bundan istifadə edib suya atıldı. Bir
azdan o artıq Deni sudan çıxarmışdı. İtin böyürlərindən basmağa başladı. Bir-iki dəfə
basandan sonra it tərpəndi.
– Əhsən, qoca. Hə, sən ölməməlisən, – deyə Lük sevincək qışqırdı.
İndi evə qayıtmaq olmazdı. Lük qonşuluqda yaşayan qoca Kempi xatırladı. Onun evinə
gedib qocadan kömək istədi. Kemp bir qədər fikrə getdi və dedi:
– Lük, mən istəməzdim ki, sən əmini ürəksiz, qəddar hesab edəsən. O, pis adam deyil.
Ola bilər ki, sərt və işgüzar adamdır. Gəlsənə ona bir işgüzar təklif edəsən?
– Nə? Siz nə demək istəyirsiniz?
– Bilirsən, düzü, axşamlar mənim inəklərimi haylayıb 
gətirməyin
 xoşuma gəlir. Sən
onları gətirəndə mənim heç ehtiyac qalmır. Tutaq ki, bunun üçün mən sənə həftədə 75
sent versəm, sən bu işi daimi edərsənmi?
– Əlbəttə, mister Kemp.
Onda gedərsən evə. Əminə deyərsən ki, işgüzar təklifin var, itin yemi üçün həftədə 75
sent təklif edirsən. Özü də bunu əsl kişi kimi edərsən.
2.  Oxuduğunuz hissədə sonuncu cümləni şərh edin və “sentimentallıq” sözünün
mənasını müəyyənləşdirin.
3.  Altından xətt çəkilmiş ifadələrdən çıxış edərək Henri əminin xarakterindəki
əsas cəhəti müəyyənləşdirin.
4.  Sizcə, mister Kemp nə üçün Lükün öz əmisi haqqında pis fikirləşməsini
istəmirdi?


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə