2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 4,25 Mb.
səhifə18/46
tarix29.01.2018
ölçüsü4,25 Mb.
#22623
1   ...   14   15   16   17   18   19   20   21   ...   46

ORUC TUTMAYANLAR


Ramazan ayında Oruc tutmamaq böyük günahlardandır. Müsəlman bir kimsə özünü Allahın qəzəbindən və cəzasından qorumalıdır. «Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır». (ət-Təhrim 6). Əbu Uməmə əl-Bəhili - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Yatdığım zaman yanıma iki nəfər gəldi. Məni qollarımdan tutub, çıxılması olduqca çətin olan bir dağın yanına gətirdilər və çıx dedilər». Mən bunu bacarmaram, dedikdə: «Biz onu sənin üçün asanlaşdırarıq» dedilər. Mən də dağa çıxdıqda dağın təpəsindən olduqca dəhşətli səslər eşitməyə başladım. «Bu səslər kimin səsləridir?» dedim: «Bunlar Cəhənnəmliklərin ulaşmalarıdır» dedilər. Sonra məni götürüb, topuqlarından asılmış bir topluluğun yanına gətirdilər. Ağızları parça-parça olmuş, ağızlarından qan axırdı. Mən dedim: «Bunlar kimlərdir?» Bunlar oruc açmaları halal olmadan qabaq oruclarını yeyənlərdir503. İbn Abbas - radıyallahu anhu deyir ki: «İslamın özü və dinin təməli üçdür. 1. Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur şəhadəti. 2. Namaz qılmaq. 3. Ramazan orucunu tutmaq. Kim bu üçündən birini tərk edərsə kafir olar»504. İmam Zəhəbi rahmətullahi aleyhi - deyir ki: «Alimlər arasında bilinən bir həqiqətdir ki, Ramazan orucunu xəstəlik və ya başqa bir səbəb olmadan tərk edən kimsə zina edənin, faiz yeyənin və İçki içəndən daha şərlidir. Hətta onun müsəlmanlığında da şübhə edərlər, onu zındıqlardan zənn edərlər».

Oruc Vaxti Qadağan Olunanlar - Əbu Hureyrə – radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Hər kim yalan danışmağı və yalanla əməl etməyi tərk etməzsə Allahın da bu kimsənin yeməsini və içməsini tərk etməsinə ehtiyacı yoxdur»505. Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Oruc tutmaq üçün gecəni niyyətlə keçirməyənin orucu oruc deyildir»506. Peyğəmbər - sallallahu aleyhi və səlləm cümə günlərini xüsusiləşdirərək oruc tutmağı və gecə ibadətləri etməyi qadağan etmişdir»507. Aişə - radıyallahu anhə rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələrinə iftar etmədən dalbadal oruc tutmağı qadağan etdi. Səhabələr: «Ya Rəsulullah! Siz ki, bunu edirsiniz?» deyə soruşdular. Peyğəmbər: «Mən sizin kimi deyiləm. Şübhəsiz ki, mən Rəbbim tərəfindən yedirdilir və içirdilirəm»508.

HƏCC


Həcc ibadət məqsədi ilə ilin müəyyən vaxtında Məkkəni ziyarət etmək. «Onun yolunda gücü çatan hər bir kəsin Həccə gedib o, evi ziyarət etməsi insanların Allah qarşısında borcudur». (Ali-İmran 97). Hicrətin doqquzuncu ilində fərz etmişdir. Hicrətin səkkizinci ili Məkkənin fəthindən sonra. Allah Bəytul-Haramı Həcc etməyi islamın rukunlarından olduğunu qeyd edir. Gücü catan, sağlam olan və imkanı olan hər bir kəsin Həcc etməsi vacibdir. Həcc ömürdə bir dəfə vacibdir. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ey insanlar! Allah üzərinizə Həcc etməyi fərz qıldı, artıq siz də Həcc edin». Bir nəfər: «Ey Allahın Rəsulu, hər il Həcc edək?» Peyğəmbər sallallahu aleyhi və səlləm susdu. Həmin şəxs sualını bir neçə dəfə təkrarladı. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Əgər mən hə desəm, sizə hər il Həcc etmək vacib olardı. Sizin də buna gücünüz çatmazdı»509. İmkanı olanın Həcc etməsi vacibdir. İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Həcc etməyə tələsin. Çünki sizdən hər hansı bir kimsənin irəlidə başına nə gələcəyini bilməz»510. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim Həcci gözəl bir şəkildə, günah və pis əməllərə yol vermədən edərsə evə anadan doğulmuş kimi qayıdar»511. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Gözəl Həcc edənin mükafatı isə Cənnətdən başqa bir şey deyildir»512. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Həcc ibadətinizi necə edəcəyinizi məndən öyrənin»513.

ALLAH VƏ RƏSULUNUN ADINDAN ELMSİZ DANIŞMAQ

Allaha qarşı elmsiz danışmaq, Allahın İsimləri, Süfətləri, Felləri barəsində. Allahın özü-özünü vəsf etdiyi və Rəsulunun Onu vəsf etdiyi kimi vəsf etməmək ən böyük günahlardandır. Bu Allahın hikmətinə, Rububiyyətinə, Rəbb xüsusiyyətinə də zidd olan bir şeydir. İnsan bilərəkdən Allahın İsimlərini yozarsa, təhrif edərsə, bilərəkdən Allahın və Rəsulunun adından danışarsa (bu halaldı, bu haramdır) bu şirkdən daha çirkin və Allah qatında da böyük günahlardandır. Böyük elm adamı İbn Qeyyim rahmətullahi aleyhi - deyir ki: «Allah elmsiz olaraq söz söyləməyi haram etmiş və bunu ən böyük haramlar arasında saymışdır. Hətta bunu haramların ən yüksək mərtəbəsi olaraq qiymətləndirmişdir. «De ki: Rəbbim yalnız aşkar və gizli alçaq işləri (həyasızlıq), hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur». (əl-Əraf 33). Allah haramları dörd mərtəbə olaraq sıralamışdır. Bunların ən alt mərtəbədə olanından başlamışdır ki, bu da həyasızlıqdır, ikinci bundan daha ağır dərəcədə olnı günah və zülm, üçüncü olaraq bu ikisindən də ağır Allaha şərik qoşmaq, dördüncü isə bütün bunlardan daha ağır olan Allah haqqında biliksiz söz söyləməkdir. Bu da Allah haqqında İsimləri, Sifətləri, Əməlləri, dini və şəriəti haqda biliksiz söz söyləməyi özündə əhatə edir»514.

Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mənim adımdan yalan uydurmayın. Hər kim söyləmədiyimi mənə isnad edərsə heç şübhəsiz ki, atəşə girər»515. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Hər kim qəsdli olaraq mənim ağzımdan yalan söyləyərsə atəşdən yerini hazırlasın»516. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Heç şübhəsiz ki, mənim ağzımdan yalan söyləmək başqa bir kimsənin ağzından yalan söyləmək kimi deyildir. Hər kim qəsdli olaraq mənim ağzımdan yalan söyləyərsə atəşdən yerini hazırlasın»517. Peyğəmbər sallallahu aleyhi və səlləm in adından yalan söyləmək böyük bir haram, ağır bir qəbahət və həlak edici bir günahdır. Yalnız bu haramı halal sayan kimsə kafir olur. Bir kimsə bir hədisin uydurma olduğunu bilir və ya böyük ehtimalla uydurma olduğunu zənn edirsə o, hədisi rəvayət etməsi haramdır. Belə bir hədisin uydurma olduğunu bilib və deməyən kimsə də Peyğəmbər sallallahu aleyhi və səlləm in yalan söyləyənlər cümləsinə daxildir518. İmam Zəhəbi rahmətullahi aleyhi - deyir ki: «Bəzi alimlərin rəyinə görə Peyğəmbər sallallahu aleyhi və səlləm in adından yalan danışmaq küfr və İslam millətindən çıxardan günahdır».


SEHR-CADU-KAHİNLİK-UĞURSUZLUĞA İNANMAQ-ULDUZ FALI-MÜNƏCCİMLİK

«Həqiqətən onlar belə şeyləri satın alanların axirətdə payı olmadığını yaxşı bilirlər». (əl-Bəqərə 102). «Onlar Cibt və Tağuta inanır». (ən-Nisa 51). «Musa: «Siz atın» dedi. Onlar (əllərindəkiləri və əsaları) atdıqda, adamların gözlərini bağlayıb (sehrləyib) onları qorxut-dular və böyük bir sehr etdilər». (əl-Əraf 116). «Musa dedi: «Xeyr, (əvvəlcə) siz tullayın! (onların əllərindəki ipləri və dəyənəkləri yerə atan kimi) Musaya elə gəldi ki, onların sehri nəticəsində kəndirləri hərəkətə gəlib sürünür». (Ta ha 66). «Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir günahkara, yalançıya (caduğara, falçıya, sehrbaza və adlarını kahin qoyub xalqı aldadanlar) nazil olur». (əş-Şuəra 221,222). «Sehrbaz isə harda olursa olsun mətləbinə çatmaz». (Ta ha 69). «Sehrbazlar (dünya və axirətdə) nicat tapmazlar». (Yunus 77). Ömər - radıyallahu anhu rəvayət edir ki: «Cibt sehirdir, tağut isə şeytandır». Cabir - radıyallahu anhu rəvayət edir ki: «Tağutlar - şeytanların səmadan enib xəbərlər gətirdikləri kahinlərdir ki, onların hər birində bir şeytan vardır». İmam Məlik rahmətullahi aleyhi deyir ki: «Tağut - Allahdan qeyri ibadət edilən hər bir şeydir». İbn Abbas - radıyallahu anhu rəvayət edir ki: «Cibt - bütlərdir». əş-Şabi rahmətullahi aleyhi deyir ki: «Cibt - münəccimlərdir». Auf rahmətullahi aleyhi - deyir ki: «İyafə quşların uçuş istiqamətlərinə görə gələcəkdən xəbər verməkdir. Tarq yer üzərində xətlərin çəkilməsidir». Həsənul Bəsri rahmətullahi aleyhi - deyir ki: «Cibt şetanın əkssədasıdır». Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Özünüzü yeddi həlak edici günahdan qoruyun». Səhabələr: «Ya Rəsulullah! Onlar hansılardır?» deyə soruşdular. Peyğəmbər: «Allaha şərik qoşmaq, Sehrlə məşğul olmaq, haqqı olmadan Allahın haram etdiyi insanı öldürmək, Sələm (faiz) almaq, Yetim malını yemək, Döyüş günü meydandan qaçmaq, ismətli, namuslu qadınları namussuzluqda ittiham edərək böhtan atmaq»519.

İbn Qudamə rahmətullahi aleyhi - deyir ki: «Sehr düyünlər, oxumalar və söylənən sözlər, yazılan ifadələr, edilən şeylərdir ki, bunlar sehr edilən kimsənin bədəninə, qəlbinə və ya ağlına bilavasitə təsir edir. Sehirin bir həqiqəti vardır ki, kimisə öldürür, kimisə xəstə edir, kimisə xanımına yaxınlaşmaqdan çəkindirir, ər və arvadı bir-birindən ayırır, bir kimsənin digərini sevməsi üçün sehr edilir. Sehrin öyrənilməsi və öyrədilməsi haramdır. Bəziləri özlərinə təskinlik vermək üçün deyirlər ki, biz insanlara yaxşılıq edirik, onların dərdlərini azaldırıq. Buna da ağ maqiya adını verirlər. Lakin bu əsla belə deyildir. Nə ağ maqiya, nə də qara maqiya ilə məşğul olmaq olmaz. Bunların hər ikisi də haramdır. Bu işlə məşğul olan adam tövbə etməsə Allah qorusun dünyasını da, axirətini də puç edəcəkdir. Əgər sehr yaxşı bir şey olsaydı Allah ondan sığınmağı əmr etməzdi. «De ki: Pənah aparıram sübhün Rəbbinə, yaratdıqlarının şərindən, zülmətə bürünməkdə olan gecənin şərindən, (ovsun oxuyub) düyünlərə üfürən (yaxud cadu edib iplərə düyün vuran) qadınların şərindən və bir də paxılın şərindən». (əl-Fələq 1-5). «De ki: Pənah aparıram insanların Rəbbinə, insanların ixtiyar sahibinə, insanların tanrısına, vəsvəsə verən, qaçıb gizlənən şeytanın şərindən. O, şeytan ki, insanların ürəklərinə vəsvəsə salır. O, şeytan ki, cinlərdən də olur, insanlardan da». (ən-Nəs 1-6). Biz səmada bürclər yaratdıq, onları baxanlar üçün bəzədik. Onları hər bir məlun şeytandan qoruduq. Lakin (şeytanlardan) kim (mələklərin söhbətinə) xəlvəti qulaq assa, onu odlu bir axan ulduz təqib edə (və üstünə düşüb yandırar)». (əl-Hicr 16-18). Aişə - radıyallahu anhə rəvayət edir ki, mən: «Ya Rəsulullah! Kahinlər bizlərə bəzi şeyləri söyləyirlər ki, onların dedikləri doğru çıxır». Peyğəmbər: «Bu doğru (sabit) olan kəlimələrdir ki, cinlər oğrun-oğrun qulaq asaraq (bu kəlimələri) oğurlayaraq öz dostlarının (sehrbazların, falçıların, kahinlərin) qulağına sözlərə yüz dənə yalan əlavə edərək pıçıldayarlar (Başqa rəvayətdə: Toyuğun qaqqıldaması kimi sözləri onların qulağına əyilərək boşaldarlar. Onlar heç bir şey deyillər)» deyə buyurdu520. Kabisə b. əl-Mubarək - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Cizgilər çəkərək fala baxan, quşun ötməsini uğur və ya uğursuzluq sayan və quşun sağa-sola uçmasından (sağ tərəfə uçarsa xeyir, sol tərəfə uçarsa şər kimi) mənalar çıxarmaq küfrün əlamətidir»521. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sehrbazın cəzası qılınc zərbəsidir»522. Bəcələ b. Əbdən rəvayət edir ki: «Ömər - radıyallahu anhu yazılı surətdə fərman vermişdir ki, hər bir sehrbaz kişi və qadını öldürün. Biz də üçünü öldürdük»523. Əbu Məsud əl-Bədri - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm itdən gələn pulu, zinakarın qazancını və falçılıqdan gələn pulu götürməyi qadağan etmişdir»524. Aişə - radıyallahu anhə rəvayət edir ki, Əbu Bəkr - radıyallahu anhu nun bir köləsi vardı. Bir gün yeməyə bir şey gətirdi, Əbu Bəkr də ondan yedi. Kölə ona: «Bunu nəyin qazancından alındığını bilirsənmi?». O: «Bu nəyin qazancın-dandır?» deyə soruşdu. O, da: «Cahiliyyə dövründə bir nəfərə kahinlik etmişdim. Halbuki mən kahinliyi bilmirəm. Lakin onu aldatmışdım. Mənimlə qarşılaşdı və bunları mənə verdi. Sənin yediklərin də odur. Əbu Bəkr - radıyallahu anhu əlini ağzına soxaraq yediklərini qusdu»525. İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Astrologiya elmindən bir sahəni öyrənən sehrdən bir sahə öyrənmiş olur. Çoxunu öyrənən kəs sehrdən bir o, qədər öyrənmiş olur»526. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim bir düyün bağlayıb ona üfürərsə sehr etmiş olur. Kim də sehr edərsə Allaha şərik qoşmuş olur. Kim bir şeyə bağlanarsa ona təvəkkül etmiş olur»527.

Bu falçılar sadəlövh insanları özlərinə inandırmağa məcbur edirlər və onların pullarını və mallarını haram yolla onların əlindən alırlar. Qum üstünədə cizgi çəkməklə, əl içinin xətlərini oxumaqla, balıqqulağı, kofe stəkanı ilə, fincan, güzgü və s. üsullar tətbiq edirlər. Gələcəyini bilmək, nigahda və ticarətdə xoşbəxtmi və yaxud bədbəxtmi olacaqlarını öyrənmək, itirilmiş əşyalarını tapmaq və buna oxşar məqsədlərlə sehrbazların yanına gedirlər. Falçının və ya cadugərin yanına gedən şəxs, onların dediklərinin doğru olduğuna inanarsa küfr etmiş olar. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim bir kahinin yanına gedib onun dediyini təsdiq edərsə Muhəmmədə nazil olanı inkar etmiş olar»528. İbran b. Huseyn - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim (düşər-düşməzlik, nəhs gətirmək və s mövhumatı) sınaq etsə, yaxud etdirsə, kim baxıcılıq etsə, yaxud öz falına baxdırsa, kim sehr etsə, yaxud sehrbaza müraciət etsə bizdən deyildir. Kim də kahinin yanına gedib onun dediklərini təsdiqləsə Məhəmmədə nazil olanı inkar etmiş olur»529. Əgər cadugər və ya falçı yanına gedən şəxs onun qeybi bildiyini qəbul etmirsə və onu sadəcə dinləmək və ya buna bənzər bir səbəblə gedirsə küfr etmiş olmur, lakin fərz namazları qırx gün müddətində qəbul edilmir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim Ərraf530 adlanan bir falçı yanına gedib fala baxdırsa və ona inansa onun qırx günlük namazı qəbul edilməz»531.



Kahinlər - gələcəkdə baş verəcək hadisələrdən (qeybdən) xəbər verən, (falçılıq etmək mənasındadır), həmçinin oğurlanmış, itmiş şeylərin yerlərini göstərə bilən kimsələrdir. Onlar avam insanları aldadaraq Qurani Kərimi açırlar və itən əşyaların yerlərinin orada yazıldığını xəbər verirlər. Subhənəllah! Bu qədər də yalan olar. Məgər Qurani Kərimdə insanların itən əşyaları haqda bir şeylər yazılıb. Bu qədər də avamlıq olar. Dəhşət burasıdır ki, insanlar da onlara inanırlar. Özünü Allahın yaxını və qeybi bildiyini bəyan edən kəs Allahın yaxını yox, şeytanın dostudur. Qeybi bilmək yalnız Allaha xas olan bir haqdır. «Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın». (əl-Ənam 59). «Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz. Bəyənib seçdiyi Peyğəmbərdən başqa! Allah onların önündə və arxasında gözətçilər qoyar». (əl-Cinn 26-27). Buna görə də sehrbaza inanan bu ayələrin həqiqiliyini inkar etmiş olur ki, bu da küfrdür.

Uğursuzluğa İnanmaq - «Onlara bolluq qismət olduğu zaman: Bu bizim (haqqımızdır) deyər, bir pislik üz verdikdə isə bunu (bir uğursuzluq, nəhslik kimi) Musadan və yanındakılardan görərdilər. Agah olun ki, onların başına gələn uğursuzluq (nəhslik) Allahdandır. Lakin onların əksəriyyəti (bunu) bilməz». (əl-Əraf 131). Fironun ailəsi bədbəxtliyə uğrayanda bunu Musa və onunla olanlarla əlaqələndirib deyərdilər: «Bunların hamısı Musanın və onun səhabələrinin ucbatından-dır». Lakin Allah bu şeyi təkzib edir. «Harada olursunuz olun, hətta uca qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaqdır. Onlara bir xeyir yetişdikdə: Bu Allahdandır deyirlər, bir pislik üz verdikdə isə: Bu səndəndir söyləyərlər. (Onlara) de: Hamısı Allah tərəfindəndir. Bu cəmaata nə olub ki, az qala söz də anlamır! Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir. Biz səni insanlara Peyğəmbər göndərdik. Allahın buna şahid olması (sənə) kifayət edər». (ən-Nisa 78-79).

Ərəblərdə biri səfər etmək və hər hansısa bir iş görmək istədikdə bir quş uçurardı. Əgər quş sağ tərəfə uçsaydı o, işi uğurlu sayardı, yox əgər sol tərəfə uçsaydı uğursuzluq sayar və o, işdən əl çəkərdi. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Uğursuzluğa inanmaq şirkdir»532. İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim quş uçurmaqla (işin nəhs gətirməyinə inanıb) işindən qalsa şirk etmiş olur». Soruşdular: «Bəs bu günahı nə ilə yumaq olar?». Peyğəmbər: «İlahi nə Sənin verdiyin xeyirindən başqa xeyir yoxdur, nə də Sənin (uçmasına) izn verdiyin quşdan başqa quş yoxdur və səndən başqa ilah yoxdur»533. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Quş uçuran və onun üçün quş uçurulmasını istəyən, kahinlik edən və etdirən, cadu edən və etdirən bizdən deyildir»534.

Tövhid əqidəsinə zidd olan belə haram əməllərdən: Ayların uğursuz olmasına inanmaq (Cahiliyyə ərəbləri Səfər ayında evlənməzdilər. Çünki bu ayı uğursuz ay sayırdılar və aylarda baş verən nigahın uğursuz olduğuna da inanırdılar. Bu ayı boş bir ay sayardılar. Aişə - radıyallahu anhə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm mənimlə bu ayda evləndikdən sonra bu xurafata son qoydu), günlərin uğursuzluğuna inanmaq (Birinci gün ağır gündür. Bu gündə iş görmək olmaz, beşinci günü ayın 13-nə düşərsə), rəqəmlərin uğursuzluğuna inanmaq (on üç rəqəminə), adların və ya şikəst adamların bədbəxtlik gətirməsin inanmaq (dükançının ilk alıcısı şikəst birisi olarsa o gün ticarətin zəif olmasına inanmaq) və s. bu kimi xurafatlara inanmaq. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Nə xəstəliyə yoluxma (infeksiya), nə işin nəhs gətirməsi, nə bayquşun ulaması, nə də Səfər ayının nəhs ay olması, ulduzların da təsiri yoxdur, təşəüm (hər hansı bir şeyi uğusuzluq saymaq) da yoxdur, qulyəbani də yoxdur, şər qüvvələr də»535. Ənəs - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Nə xəstəliyə yoluxma, nə də işin nəhs gətirməsi doğrudur. Lakin gözəl bir söz, xoş bir kəlimədən ibarət olan fal mənim xoşuma gəlir»536. İbn Məsud - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Uğursuzluğa inanmaq şirkdir. Ona inanan adam heç bir vəchlə bizdən deyildir»537.

Bütün bunlar quşların uçuşu, qara pişiyin yoldan keçməsi, həftənin müəyyən günlərini, gecə vaxtı dırnaq tutmaq, ev süpürmək, qaşıq düşdü qonaq gələcək, gecə vaxtı güzgüyə baxmazlar və s. müxtəlif əşyaları, sözləri yozmaqla bədbinliyə qapanmaqdır. Allah mövhümatçılığı haram buyurub və pis əlamətlərə inanları qınayır. O, gözəl əlamətləri sevir və pis əlamətlərə nifrət edir. Bu iki anlayış arasında xeyli fərq vardır. Xoş əlamət insanın əqidəsinə və şüuruna təsir etmir. Həmçinin onun qəlbini Allahdan başqa heç nə ilə bağlamır. İnsan bəd əlamət gördükdə qəti etmək fikrində olduğu işdən imtina edə və ya hansısa işdən dönə bilər. Bu da insanın qəlbinin bu haram əmələ bağlandığını və öz iradəsini və inancını ona tabe edərək onun ardınca gedir. Şübhəsiz ki, bu da onun Allaha olan inamına, Tövhidinə və təvəkkül etməyinə təsir edir. Bu kimi fikirlər insana gələrsə bununla mübarizə aparmalı Allaha sığınmalı və Ondan kömək diləməlidir.



Ulduz Falı Qatadə rahmətullahi aleyhi - deyir ki: «Allah ulduzları üç məqsədlə yaradıb. Səmaya zinət salmaq üçün, onlarla şeytanları vurmaq üçün və səfərdə olanlara (yolu tapmaq üçün) səmt göstərən kimi. Kim onlardan başqa məqsədlər üçün istifadə etsə səhv etmiş və taleyi bekara olar. Bu ona özünün də təsəvvür etmədiyi dərəcədə baha başa gələr»538. «And olsun ki, Biz dünya səmasını qəndillərlə (ulduzlarla) bəzədik, onları şeytanlara atılan mərmilər etdik və onlar (şeytanlar) üçün yandırıb-yaxan alovlu atəş əzabı hazırladıq». (əl-Mulk 5). «Suyun və qurunun zülmətində (yolunuzu) düz getmək üçün ulduzları sizin üçün yaradan da Odur. Biz bu ayələri anlayan bir cəmaat üçün bu cür ətraflı izah etdik». (əl-Ənam 97). Həmçinin də jurnal və qəzetlərdən ulduz falına baxmaq da bu qəbildəndir. Taleyinə ulduzların (bürclərin) və planetlərin təsiri olduğuna inananlar müşrükdürlər. Əylənmək üçün ulduz fallarını oxuyarsa asidir, günahkardır. Fal Oxları Şeytan əməlidir. Nə üçün? Çünki onun dedikləri əgər düz olsaydı onda insanın həyatı zəhirmara dönərdi. 1-ci gün çölə çıxma başına bəla gələcək, 3-cü gün filan dostunla görüşmə xətrinə dəyəcəkdir, 4-cü gün filan yerə getmə səni aldadacaqlar və s. Ulduzlarla gələcəyi söyləməyin yalan olduğu haqda bir çox rəvayətlər vardır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mən ümmətimdə üç şeyin yaranmasından qorxuram. İmamların ədalətsizliyindən, ulduzlara inanmaqdan və qədəri inkar etməkdən»539. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mən özümdən sonra ümmətimdə iki şeyin yaranmasından qorxuram. Qədəri inkar etməkdən və ulduzlara inanmaqdan»540. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Üç nəfər Cənnətə girməz. Sərxoşluq edən, sehrin doğruluğunu təsdiq edən, qohumluq əlaqələrini kəsən»541.

Əli - radıyallahu anhu rəvayət edir ki: «Ruzisinə şükr etməli olduğunuz halda onu yalanmı hesab edirsiniz». (əl-Vaqiə 82). Yəni sizin minnətdarlığınız: «Yağış ulduzların hansısa yerləşməsinin və ya hansısa ulduzun sayəsində yağdı» deyərək: «Onun inkar edilməsi»542. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ümmətimdə cahiliyyə dövrün-dən dörd əlamət qalmışdır. Öz əsil-nəcabəti ilə fəxr etmək, başqasının nəslinə tənə etmək, yağışın yağmasını ulduzlarla əlaqələndirmək və ölü üstündə ağı deyib ağlamaq»543. Zeyd b. Xalid - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Hudeybiyyədə bizə sübh namazını qıldırdı. O gecə güclü yağış yağmışdır. Namazı qılıb qurtardıqdan sonra üzünü cəmaata tərəf çevirərək buyurdu: «Bilirsinizmi Rəbbiniz nə buyurdu?». Səhabələr: «Allah və Rəsulu daha yaxşı bilir» dedilər. Rəbbiniz buyurdu ki, qullarımdan kimisi mənə mömin, kimisi də kafir olaraq sabahladılar (Başqa rəvayətdə: Kimisi şükr etmiş, kimisi küfr). Hər kim yağış bizə Allahın rəhmi və mərhəməti sayəsində yağdı desə o, Mənə iman gətirmiş, ulduzlara iman etməmişdir. Hər kim də yağış bizə ulduzların yerləşməsinə görə yağdı desə o, Mənə iman gətirməmiş, ulduzlara iman gətirmişdir (Başqa rəvayətdə: Allah qullarına hər nə zaman bir nemət ehsan etdisə bir qrupu onu ulduzlar etdi, ulduz sayəsində oldu deyərək o, nemətə küfr etdilər)» «Ulduzların mənzillərinə and olsun ki, kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz bu çox qiymətli Qurandır. Qorunub saxlanılan kitabdır. Ona yalnız pak olanlar toxunar. (O) Aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. İndi siz bu kəlamı yalan sayırsınız? Ruzinizə şükr etməli olduğunuz halda onu yalanmı hesab edirsiniz». (əl-Vaqiə 75-82)544. Əgər kimsə yağışın ulduzların müəyyən düzülüşünə görə yağdığını deyirsə bu tövhidin prisiplərinə ziddir. Etiraf edilməlidir ki, yağış və digər nemətlər Allahın öz bəndələrinə olan mərhəmətidir. Ulduzların yağışın yağmasına heç bir təsiri yoxdur. Çünki bunun səbəbi Allahın öz bəndələrinə onların ehtiyaclarına olan diqqəti və onlara olan rəhmidir. Allah öz rəhmətilə yağış göndərir. Çünki insanların və bütün canlı aləmin buna çox ehtiyacı vardır. Ulduzların və ya onların yerləşməsinin yağışın yağmasına təsir etməsi küfr və şirk olan əməldir, eynilə ölüyə və ya olmayana yalvarıb onun fayda gətirməsi və ya şərdən qoruması iddiası kimi. Peyğəmbər sallallahu aleyhi və səlləm in zamanında günəş tutuldu. İnsanlar: «Günəş İbrahimin ölümünə görə tutulmuşdur» dedilər. Peyğəmbər: «Həqiqətən günəş və ay Allahın rəmzləridir. Onlar heç kəsin ölmünə və ya doğulduğuna görə tutulmurlar…»545.



Kəramət Və Sehr - 1. Kəramət insanın istəyi ilə gəlmir. Onu Allah istədiyi vaxt və istədiyi saleh quluna verir. 2. Kəramət mömin bəndə üçün olur. 3. Kəramət sahibi təkəbbürlü olmaz və onu insanlar arasında yaymaz. 4. Kəraməti heç nə məhv edə bilməz.

Möcüzə Və Sehr - 1. Bu dünyada möcüzə yoxdur. kəramət və ya sehr vardır. Peyğəmbərlər yoxdursa möcüzə də yoxdur. 2. Möcüzə qeyri adi bir şey olur. Allah elə bir möcüzə göstərir ki. insanlar dəhşətə gəlirlər. 3. Möcüzə iman gətirən şəxs üçün olur. Sehr isə kafir, fasiq və s. üçün olur. 4. Möcüzənin qarşısını heç nə ilə almaq olmaz. Sehrin isə Quran ayələri, dualarla qarşısını almaq olar.

ANA-ATAYA QARŞI ÜSYAN

«Rəbbiniz yalnız ona ibadət etməyi və valideynlərlə xoş rəftar etməyi buyurmuşdur». (əl-İsra 23). «Əgər onlardan biri və ya hər ikisi sənin yanında yaşayıb qocalığının ən düşkün çağına yetərsə onlara UF belə demə, üstlərinə qışqırma, acı söz söyləmə, onlarla xoş danış». (əl-İsra 23). «Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu çox zəif bir halda daşımışdı. Uşağın süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və ata-ananıza şükr edin. Axır dönüş Allahadır». (Loğman 14). «Onların hər ikisini acıyaraq mərhəmət qanadının altına alıb Pərvərdigara onlar məni körpəliyimdən tərbiyə edib bəslədikləri kimi Sən də onlara rəhm et. De ki: Rəbbimiz ürəklərdə olanları biləndir. Əgər əməlisaleh olsanız Rəbbiniz həqiqətən tövbələri qəbul edəndir. Qohuma da, miskinə də, müsafirə də haqqını ver». (əl-İsra 26). «Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etmişdik. Ey insan əgər valideynlərin bilmədiyin bir şeyi mənə şərik qoşmağına cəhd göstərsələr onlara itaət etmə». (əl-Ənkəbut 8). Əbu Bəkrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm : «Sizə böyük günahların ən böyüyündən xəbər verimmi?» deyib bu sözü üç dəfə təkrar etdi. Səhabələr: «Bəli, ya Rəsulallah!» dedilər. Peyğəmbər: «Allaha şərik qoşmaq və ana-ataya üsyan etmək» deyə buyurdu. Peyğəmbər sallallahu aleyhi və səlləm uzanmış halda durub oturdu və: «Yalan söz, yalan şahidlik! deyə bu sözləri o, qədər təkrar etdi ki, (öz-özümə) kaş ki, susaydı dedim546. Abdullah b Məsud radıyallahu anhu rəvayət edir ki, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm dən: «Əməllərin hansı biri Uca və Böyük olan Allaha daha sevimlidir?» deyə soruşdum. Peyğəmbər: «Vaxtında qılınan namaz». Mən: «Sonra hansıdır?» dedim. O: «Ana və ataya yaxşılıq etmək» dedi. Mən: «Sonra hansıdır?» dedim. O: «Allah yolunda cihad etmək» deyə buyurdu. (Hədisi rəvayət edən) deyir ki: «Əgər soruşsaydım yenə əlavə edərdi»547. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Zəlil oldu, zəlil oldu, zəlil oldu». Səhabələr: «Kim Ya Rəsulullah!» deyə soruşdular. Peyğəmbər: «O, kimsədir ki, ana-atası və ya bunlardan biri (onun yanında yaşayaraq) ixtiyar yaşına çatmış və onların (üzünə ağ olaraq) Cəhənnəmə girmişdir» deyə buyurdu548. Abdullah b. Ömər radıyallahu anhu rəvayət edir ki: «Rəbbin razılığı valideyinin razılığıdır, Rəbbin qəzəbi isə valideyinin qəzəbinə görədir»549. Bəhz b. Həkim atasından, o da babasından rəvayət edir ki, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm dən soruşdum: «Ya Rəsulullah! Yaxşılıq edilməyə ən layiq insan kimdir?» dedim. Peyğəmbər: «Anan» dedi. Mən: «Sonra kimdir?» dedim. O: «Anan» dedi. Mən: «Sonra kimdir?» dedim. O: «Anan» dedi. Mən: «Sonra kimdir?» dedim. O: «Atan» dedi. Sonra yaxın olanlara (qohum-əqrabaya), sonra ondan da yaxın olan (qohum-əqrabaya) deyə buyurdu550. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, bir nəfər Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına gələrək: «Ey Allahın Rəsulu! Mənə nə əmr edirsən?» deyə soruşdu. Peyğəmbər: «Ananın qayğısına qal» dedi. (Adam sualını) yenə də təkrarladı. Peyğəmbər: «Ananın qayğısına qal» dedi. (Adam sualını) yenə də təkrarladı. Peyğəmbər: «Ananın qayğısına qal» dedi. (Adam sualını) yenə də təkrarladı. Peyğəmbər: «Ananın qayğısına qal» dedi. (Adam sualını) beşinci dəfə təkrar etdi. Peyğəmbər: «Atanın qayğısına qal» deyə buyurdu551. Ata b. Yəsir radıyallahu anhu dan rəvayət edildiyinə görə bir nəfər İbn Abbas radıyallahu anhu nun yanına gələrək dedi: «Mən bir qadına aşiq oldum. Lakin mənimlə nigahlanmağı qəbul etmədi. Sonra başqa birisi ona aşiq oldu və onunla nigahlanmağı qərarlaşdırdı. Bundan ötrü onu bərk qısqandım və (qadını) öldürdüm. Mənim üçün bir tövbə yolu varmı?». İbn Abbas: «Anan həyatdadırmı?» deyə soruşdu. Adam: «Xeyr» deyə cavab verdi. İbn Abbas dedi: «Uca və Böyük olan Allaha tövbə et və Ona yaxınlaşmaq üçün gücün çatdığı qədər səy göstər» dedi. Ata b. Yəsir radıyallahu anhu deyir ki, İbn Abbasın yanına gələrək: «O, adamın anasının həyatda olub-olmadığını nə üçün soruşdun?» dedim. İbn Abbas: «İnsanın anasına yaxşılıq etməsindən Allaha yaxınlaşdıracaq daha gözəl bir əməl bilmirəm»552. İbn Abbas radıyallahu anhu rəvayət edir ki, müsəlman ana-ataya sahib olan bir müsəlman Allahdan savab gözləyərək onların qulluğunda durarsa, Allah ona heç şübhəsiz ki, Cənnətdən iki qapı açar. Əgər ana-atadan biri sağ olarsa və (ona da Allahdan savab diləyərək qulluq edərsə) Allah ona Cənnətdən bir qapı açar. Əgər onlardan birini qəzəbləndirərsə, valideyin ondan razı qalmadıqca Allah da ondan razı qalmaz. İbn Abbas radıyallahu anhu dan soruşuldu: «Əgər ana-ata o övlada zülm etmiş olsalar da?». O: «Övlada (dünya işlərində) zülm etmiş olsalar da belə (rizalarını almadıqca Allah o övladdan razı qalmaz)» deyə cavab verdi553. Urva radıyallahu anhu : Ana-ataya acıyaraq hər ikisini də mərhəmət qanadının altına al» (əl-İsra 24) ayəsinin təfsirində demişdir: «Ana-atanın sevmiş olduqları hər hansı bir şeyi yerinə yetirməkdən çəkinmə (onların istədiyinə mane olma)»554.

Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə