“No Comment”: Həyat haqqında pantomim
Dövlət Pantomima Teatrı mövsümü Bəxtiyar Xanızadənin “No
comment” tamaşası ilə açdı. Əsas rolları əməkdar Artist Nargilə Qəribova,
aktyorlar Elnur İsmayılzadə, Ceyhun Dadaşov, Səbinə Hacıyeva, Nurlan
Rüstəmov və digərləri oynayırdılar.
“No comment” – yəni şərhsiz. Şərhi isə zalı doldurmuş tamaşaçılar verdi –
öz beyinlərində. Tamaşaya yarım saat qalmış bütün biletlər satıldığından, bəziləri
“şərhsiz” olanı görmək imkanı tapmadılar. Gələn dəfə, İnşallah…
“No comment” şüarının asıldığı kiçik səhnədə üç aktyorun üstündəki
qurğunun düyməsini basıb, onları idarə edirlər. Bu, insan həyatına işarədir, biz
doğularkən bizdən dünyaya gəlmək istəyimiz barədə heç nə soruşmurlar,
ölümümüz də bizim iradəmiz xilafına baş veir. Hətta intihar aktının özü belə kənar
təsirlərdən, insanın həyatında onun özünün görmək istəmədiyi amillərlə şərtlənir.
Ekspozisiyadakı fraqmentin bizə xatırlatdığı misraları pıçıldayaq:
Şirin-şirin yuxudaydıq,
Bir zalım oyatdı bizi.
Anaların qucağından
Bu dünyaya atdı bizi.
Düşdük yolların ağına,
Baxtımızın sorağına,
Qatdı bizi qabağına,
Əlində oynatdı bizi…
Və sonra səhnədə hamımızın həyatında baş verən fraqmnetlər canlanır,
sevinc, sevgi, qısqanclıq, kədər, tənhaqlıq hissi…
Hərə bir həyatı yaşayır, hərə bir şeydən ölür. Kimisi xəstəlikdən, kimisi alkoqola
meyildən, kimisi kasıblıqdan, kimisi zənginlikdən, kimisi müharibədə tuş gəldiyi
güllədən, kimisi cəllad baltasından, kimisi də elə-belə – həyatın özündən. Axı
qocalıq da həyatın bir hissəsidir. Və fərqi yoxdu, necə doğulursan, necə ölürsən,
istənilən halda yaşadığın qısa zaman kəsiyində eyni hissləri keçirirsən, sənin
həyatın bütün özəlliyi, fərqliliyi ilə yanaşı, başqalarının həyatının bir qədər təhrif
olunmuş surətindən başqa bir şey deyil. Hərçənd, başqa cür də demək olar – sən
yeganə orijinalsan, çünki heç kəsin həyatı sənin üçün özün qədər maraqlı deyil, heç
kəsin yaşantılarından özününkü qədər danışa bilməzsən, heç kəs sənin üçün səndən
maraqlı deyil. Bu, bir medalın iki üzü kimidir. Hansı tərəfindən, baxsan, o yanda
olanı görəcəksən. Hansı üzdən baxsan, gördüyün həqiqətdir. Yəni dünya həm
yalnız sənin həqiqətindən ibarətdir, həm də yalnız sənin həqiqətindən ibarət
deyil…
Ondan çox aktyorun rol aldığı tamaşada müxtəlif peşə sahiblərini, müxtəlif
insan həyatlarını və ölümlərini görmək olar. Yeri gəlmişkən, rejissor ölümqabağı
aqoniya səhnələrinin həllini mükəmməl verə bilib. İlk baxışdan, aktyorların işığın
və musiqinin altında “ölümqabağı” qıvrılmaları qeyri-adi dərəcədə təbii görünür,
sanki təsvir ən müasir kompyuterlərin köməyi ilə alınıb. Hərçənd, bu yalnız
rejissor işinin, işıq effektlərinin və mükəmməl aktyor oyununun nəticəsidir. Aktyor
oyunundan söz düşmükən, daha bir maraqlı bir detal: səhnədə bir saniyəlik işıq
söndürülür və anidən səhnədə tək olan aktyor öz həmkarı ilə əvəzlənir. Tamaşaçı
bunun necə baş verdiyini anlaya bilmir və sürətlə əvəzlənən “səhnədən” heyrətə
düşür…
Vizual effektlərlə yanaşı, musiqi tərtibatı ilə bağlı məqamdan da
danışmasaq, günah olar. Tarkovskinin məşhur “Stalker” filminə Eduard
Artymovun bəstələdiyi musiqi də daxil olmaqla, xeyli maraqlı musiqi
parçalarından istifadə olunur.
Sonuncu səhnə isə Mehriban Zəkinin ifası ilə bitir. Vaqif Səmədoğlunun
sözləri tamaşaçı üçün yeganə şərh ola bilər:
Sol əlimlə sağ əlimin arasında
donub vaxt,
hansı əlim qübətdədir,
hansı ölü, hansı sağ.
Bir sözlə, tamaşaçı 45 dəqiqəlik tamaşada özünüzü, tanıdıqlarınızı – bir
sözlə həyatı görür, tanıyır və özü ona şərh verir. Şərh isə həmişə var.
Rəbiqə