2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 4,25 Mb.
səhifə19/46
tarix29.01.2018
ölçüsü4,25 Mb.
#22623
1   ...   15   16   17   18   19   20   21   22   ...   46

Ana-Ata Haqqını Ödəmək - Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Övlad heç bir yaxşı əməllə valideyn haqqını ödəyə bilməz. Yalnız valideyn qul (kölə) olarsa onu satın alaraq azad etdikdən sonra onun haqqını ödəmiş olar»555. Səid b. Əbu Burdə radıyallahu anhu rəvayət edir ki, İbn Ömər radıyallahu anhu nun Yəmənli bir nəfərin belində anasını daşıyaraq Kəbəni təvaf edərkən belə dediyinin şahidi olmuşdur: «Anamın zəlil olmuş bir dəvəsiyəm mən. Dəvə yorulsa da yorulmaram mən». Sonra Yəmənli dedi: «Ey İbn Ömər! Anamın haqqını ödəmiş oldummu?». İbn Ömər: «Xeyr! (Hamiləlik və ya doğuş zamanı) tək bir «AH» çəkməsini də belə ödəmiş olmadın (Başqa rəvayətdə: Çünki o, səni uşaqlıqdan yaşatmaq üçün çalışıb böyüdmüşdür. Sən isə baxırsan ki, o nə vaxtsa öləcək)». Sonra İbn Ömər radıyallahu anhu təvafını bitirib məqami İbrahimə gəldi və orada iki rükət namaz qıldı». Sonra dedi: «Ey Əbu Musa! Hər (təvaf sonunda qılınan) iki rükət namaz özündən əvvəlki günahları ört basdır edər» 556. Abdullah b. Amr radıyallahu anhu rəvayət edir ki, valideyinlərini ağlar buraxaraq hicrət etmək üçün Peyğəmbər sallallahu aleyhi və səlləm ə beyət edən bir nəfər gəldi. Peyğəmbər: «Ana-atanı ağlar buraxaraq gəldiyin kimi də geri dön, onları güldür və sevindir»557. İbn Ömər radıyallahu anhu rəvayət edir ki, ana-atanı ağlatmaq, (onlara) üsyan etməkdir (nankorluq) və böyük günahlardandır558. Əbu Hazm radıyallahu anhu rəvayət edir ki, Ummu Hani b. Əbu Talibin mövlası Əbu Murra ona bu xəbəri vermişdir. Əbu Murra minikli olaraq Əbu Hureyrə radıyallahu anhu ilə birlikdə onu Əqiq adlanan yaşayış yerinə gəldim. Əbu Hureyrə radıyallahu anhu ona aid olan yerə çatdığı vaxt yüksək səslə: «Allahın salamı, rəhməti və bərəkəti üzərinə olsun ey anacan!» deyə qışqırardı. Anası da: «Allahın salamı, rəhməti və bərəkəti sənin də üzərinə olsun» deyə cavab verərdi. Əbu Hureyrə: «Məni körpəliyimdən (şəfqət və mərhəmətlə) necə böyüdüb, tərbiyə edib boya-başa çatdırdınsa, Allah da sənə mərhəmət etsin». Anası da: «Oğlum! Səni də Allah xeyirlə mükafatlandırsın. Bu ixtiyar çağımda mənə yaxşılıq və ehsan etdiyin və (məni razı etdiyin) kimi Allah da səndən razı olsun» deyə cavab verirdi559.


Ana-Atasına Lənət Edənlər - Əbu Tufeyl rəvayət edir ki, Əli radıyallahu anhu dan: «Peyğəmbər sallallahu aleyhi və səlləm in heç bir kəsə söyləmədiyi bir şeyi xüsusi olaraq sizə söylənildimi?» deyə soruşuldu. Əli: «Peyğəmbər sallallahu aleyhi və səlləm bütün insanlara aid etmədən xüsusi olaraq bizə bir şeylər söyləməmişdir. Yalnız bu qılıncımın qınında olan (kağızdakilərdən) başqa. Sonra (qılıncının qınından) bir kağız parçası çıxartdı, orada bu sözlər yazılmışdır: «Allahın adından qeyrisinə (bütlərə və müəyyən şəxslərə) qurban kəsənə Allah lənət etsin. Yer üzündəki sərhədləri dəyişənə Allah lənət etsin. Ana-atasına lənət edənə Allah lənət etsin. (Bidətçiyə və ya cinayətkara) fitnəkara sığınacaq verənə Allah lənət etsin»560. Abdullah b. Amr radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bir kimsənin ana-atasına söyməsi böyük günahlar-dandır». Səhabələr: «Heç (adam öz valideynlərini) söyərmi?» deyə soruşdular. Peyğəmbər: «Birisinin (valideynlərini) söyür, o da onun ata-anasını söyür» deyə buyurdu561. Abdullah b. Amr radıyallahu anhu rəvayət edir ki, insanın atasının söyülməsinə səbəb olması Allah dərgahında böyük günahlardandır562.

Günah Olmadıqca Ana-Ataya İtaət - Əbu Dərda radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm doqquz şeyi əmr etmişdir: «Parça-parça doğranılsan və ya yandırılsan da belə Allaha heç bir şeyi şərik qoşma. Qəsdən (səbəb olmadan) fərz namazını əsla tərk etmə. Onu qəsdən tərk edəndən Allahın himayəsi qalxmış olur. Əsla şərab içmə. Çünki o, hər bir pisliyin açarıdır. Ana-ataya itaət et. Əgər sənə dünya işlərindən əl çəkməyi əmr etsələr onlara görə bundan əl çək. Özünü haqlı saysan da belə təyin olunmuş əmirlərlə çəkişmə. Dostların (yoldaşların) qaçsa və həlak olsan da belə sən müharibədən qaçma. Varlığından (zənginliyindən istifadə edərək) ailənə xərclə, dəyənəyi onların üzərindən qaldırma və onları Uca və Böyük olan Allahın haqqı ilə qorxut»563. Abdullah b. Amr radıyallahu anhu rəvayət edir ki, cihada getmək üçün bir nəfər Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına gəldi. Peyğəmbər: «Valideyinlərin həyatdamı?». Adam: «Bəli!». dedi. Peyğəmbər: «(Madam ki, valideyinlərin həyatdadır) onlar üçün çalış (onlara yaxşılıq və ehsan) et» deyə buyurdu564. Əbu Səid əl-Xudri radıyallahu anhu rəvayət edir ki, cihada getmək üçün bir nəfər Yəməndən Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına gəldi. Peyğəmbər: «Valideyinlərin həyatdamı?». O: «Bəli» dedi. Peyğəmbər: «Onlar sənə izn verdilərmi?» deyə buyurdu. O: «Xeyr» dedi. Peyğəmbər: «Qayıt onlardan izn istə. İzn versələr vuruş, əks halda isə qayğılarına qal»565. Cihada getmək üçün bir nəfər Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına gəldi və: «Mən cihad etmək istəyirəm» dedi. Peyğəmbər: «Anan varmı?» deyə soruşdu. O: «Bəli, vardır» dedi. Peyğəmbər: «Cihada getmək yerinə ananın yanında qal və ona xidmət et. Çünki Cənnət onun ayağının altındadır (Başqa rəvayətdə: Onun ayağının dibindən ayrılma. Çünki onda Cənnət vardır)»566. Muaz b. Ənəs radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ana-atasına yaxşılıq edənə Cənnət olsun, Uca və Böyük olan Allah onun ömrünə bərəkət versin (ömrünü uzadsın)»567. Sad b. Əbu Vaqqas radıyallahu anhu deyir ki, mənim haqqımda Qurani Kərimdə dörd ayə nazil olmuşdur. Anam mən Peyğəmbər sallallahu aleyhi və səlləm in dinindən dönmədikcə yeməməyə və içməməyə and içmişdir. Buna görə Allah bu ayəni nazil etdi: «Əgər ata-anan bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). (Loğman 15). Mən (qənimətindən) çox xoşuma gələn bir qılınc götürmüşdüm. Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına gələrək: «Ey Allahı Rəsulu! Bunu mənə hədiyyə et!» dedim. Bundan sonra: «(Ya Peyğəmbərim!) Səndən (müharibədə əldə edilmiş) qənimətlər (onların kimə çatması) haqqında soruşurlar». (əl-Ənfal 1). Mən xəstələnmişdim. Peyğəmbər sallallahu aleyhi və səlləm məni ziyarət etdi. Dedim ki, ey Allahın Rəsulu! Mən malımı bölmək istəyirəm, yarısını vəsiyyət edə bilərəmmi? Peyğəmbər: «Xeyr!» dedi. Üçdə birini dedim, Peyğəmbər sükut etdi. Bundan sonra üçdə birini vəsiyyət etməyə icazə verildi. Ənsarlardan bir topluluq ilə içki içmişdim. Onlardan biri (Məkkə yolu üzərində) olan Lehyey Cəməl adlı yerdə burnumdan vurdu. Mən də (şikayət üçün) Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına gəldim. Bundan sonra Allah içkini haram edən ayəni nazil etdi568. Əsmə b. Əbu Bəkr radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm in (Hudeybiyyə) müqaviləsi zamanında anam (ona qayğı və ehsan) edim deyə bizə qonaq gəldi. Mən də Peyğəmbər sallallahu aleyhi və səlləm dən bu haqda soruşdum: «Ona yaxşılıq edimmi?» Peyğəmbər: «Bəli!» deyə buyurdu. İbn Uyeynə radıyallahu anhu deyir ki, bu hadisədən sonra Allah: «Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlara ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər» (əl-Mumtəhinə 8)-ci ayəsini nazil etdi569. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, mənim barəmdə eşidən elə bir Yəhudi və Xristian yoxdur ki, məni sevməsin. Çünki (İslamı qəbul etməmiş) anamın müsəlman olmasını istiyirdim. O da qəbul etmirdi. Mən ona (İslamı qəbul et) dedim, o da qaçındı. Bundan sonra Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına getdim və dedim ki: «Anam üçün Allaha dua et!». O da dua etdi. Evə qayıtdıqda anam qapını üzümə bağlamışdır. (Qapının arxasından) dedi: «Ey Əbu Hureyrə! Mən müsəlman oldum». Mən də bu hadisəni Peyğəmbər sallallahu aleyhi və səlləm ə xəbər verdim və dedim: «Mənim üçün və anam üçün Allaha dua et!». Peyğəmbər: Allahım! Qulun Əbu Hureyrəni və anasını insanlara sevdir» deyə buyurdu570.

Bir Kimsə Müşrik Atasına Məğfirət (Bağışlanma) Diləməz - İbn Abbas radıyallahu anhu deyir ki, Allah subhənəhu və təalə nin: «Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığının ən düşkün çağına yetərsə, onlara «UF» belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: «Pərvərdigara! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et! de» (əl-İsra 23-24)-cü ayəsini, Bəraə (Tövbə) surəsində olan: «Müşriklərin Cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra, onlarla qohum olsalar belə Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz» (ət-Tövbə 113)-cü ayə nəsh etdiyini – hökmünü qaldırdığını İbn Abbas radıyallahu anhu nəql etmişdir571.

Ana-Ataya Əziyyət Edənin Cəzası - Əbu Bəkrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «(Allah tərəfindən) günah sahibinə verilən cəzanın (Axirət gününə) saxlanılması ilə yanaşı (həmən cəzanın dünyada da) ona tezliklə verilməsi üçün (valideynə qarşı) azğınlıq etmək və qohumluq əlaqlələrini kəsmək kimi günahdan daha münasib bir günah yoxdur»572. Cabir b. Abdullah - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm minbərə qalxdı. Minbərin birinci pilləsinə qalxıb: «Amin!» dedi. Sonra ikinci pilləsinə qalxıb: «Amin!» dedi. Sonra da üçüncü pilləsinə qalxıb: «Amin!» deyə buyurdu. Səhabələr: «Ey Allahın Rəsulu! Biz sənin üç dəfə Amin – dediyini eşitdik» dedilər. Peyğəmbər: «Birinci pilləyə qalxdıqda Cəbrail əleyhissəlam yanıma gələrək: «Ramazana yetişib günahları bağışlanmış halda ondan ayrılan bəndə bədbəxt olsun!». Mən də: «Amin!» dedim. Sonra: «Valideynlərinin hər ikisi, yaxud biri qocalaraq onlarla yaşayıb, sonra da (üzlərinə ağ olub bu səbəbdən də) Cənnətə daxil olmayan bəndə bədbəxt olsun». Mən də: «Amin!» dedim. Sonra: «Yanında xatırlandığım zaman mənə salavat gətirməyən bəndə bədbəxt olsun». Mən də: «Amin!» dedim573. İbn Ömər radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Valideynlərinə qarşı çıxan və qədəri inkar edən Cənnətə girməz»574. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bütün günahları Allah Qiyamət gününə qədər dilədiyi qədər təxirə salar. Yalnız valideynlərinə qarşı çıxandan başqa. (Allah) valideynlərinə qarşı çıxana (əzabını əndirməkdə) tələsər»575. Vəhb b. Munəbbih rahmətullahi aleyhi - deyir ki: Allah Musa əleyhissəlam buyurdu: «Ey Musa! Valideynlərinə çox hörmət et! Kim ana-atasına hörmət edərsə ömrü uzanar və ona itaət edən bir övlad verilər. Kim də ana-atasına qarşı çıxarsa ömrü qısalar və ona qarşı çıxan bir övlad verilər». Əbu Bəkr b. Əbi Məryəm rahmətullahi aleyhi - deyir ki: «Tövratda – atasını döyən öldürülür (yazıldığını) oxudum». Vəhb rahmətullahi aleyhi - deyir ki: «Anasını döyən öldürülür – (hökmü) Tövratda vardır».
Ana-Atanın Duası - Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Üç kimsənin duası qəbuldur və bunların qəbul olunmasında heç bir şübhə yoxdur. Zülmə məruz qalanın (məzlumun) duası, yolçunun (müsafirin) duası və ana-atanın övladına etdiyi dua»576. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İnsanlardan heç bir kimsə beşikdə ikən danışmamışdır. Yalnız Məryəm oğlu İsa əleyhissəlam ilə, Cureycin sahibi danışmışdır. (Səhabələrdən biri): «Ya Rəsulallah! Cureycin sahibi kimdir?» deyə soruşdu. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Cureyc ibadətgahda ibadət edən bir kimsə idi. İbadətgahın yanında bir çoban da qalırdı. Bu çobanın yanına (İsrail oğullarından) olan fahişə bir qadın daima gəlib gedərdi. Bir gün namazda ikən anası gəlib: «Ya Cureyc!» deyə səslədi. Cureyc: «(Öz-özündə) Ya Rəbbim! Anam yoxsa namazım! (yəni anama cavab verim yoxsa namazıma davam edim) deyə düşündü və namazını seçərək davam etdi. Anası da cavab almadığı üçün dönüb getdi. Səhər anası yenə də gəldi. Cureyc yenə də namaz qılan halda idi. Anası: «Ya Cureyc!» deyə səslədi. Cureyc: «Ya Rəbbim! Anam yoxsa namazım!» deyə düşündü və yenə də namazını seçərək davam etdi. Anası yenə də cavab almadığı üçün dönüb getdi. Səhəri Cureyc namaz qılarkən anası yenə də gəldi və: «Ya Cureyc!» deyə səslədi. Cureyc: «Ya Rəbbim! Anam yoxsa namazım!» deyə düşündü və yenə də namazına üstünlük verərək davam etməyə başladı. Beləcə üç dəfə çağırdığı halda cavab almayan ana: «Ya Rəbbim! Bu oğluma fahişə qadınların üzünə baxmadıqca Sən onu öldürmə (onun canını alma)!» deyə bəd dua etdi.

Bir müddətdən sonra (çobanın yanına gəlib-gedən) o, qadın hamilə qalıb bir uşaq doğdu. O qadın doğduğu uşaqla birlikdə məmləkətin hökmdarının yanına gətirildi. Hökmdar: «Bu uşaq kimdəndir?» deyə soruşdu. Qadın: «Cureycdən!» dedi. Hökmdar yenə: «İbadətgahın sahibindənmi?» deyə soruşdu. Qadın: «Bəli!» dedi. Hökmdar: «İbadətgahı dağıdın, onu (Cureycin) özünü isə bura gətirin!» deyə əmr verdi. Baltalarla ibadətgahı vurub dağıtdılar. Cureycin qollarını bağlayıb (hökmdarın) yanına gətirdilər. Fahişələrin yanına çıxarıldıqda Cureyc gülümsədi. Onlar da insanlar içərisindən Cureycə baxırdılar. Hökmdar: «Bu qadın nə iddia edir?» dedi. Cureyc: «Nə iddia edir?» deyincə hökmdar: «İddia edir ki, bu uşaq səndəndir!». Cureyc qadına: «Sən bu cür iddia edirsən?» dedi. Qadın da: «Bəli!» deyə cavab verdi. Cureyc: «Uşaq haradadır?» deyə soruşdu. «O qadının qucağındadır!» dedilər. Cureyc uşağa tərəf dönüb: «Sənin atan kimdir?» dedi. Uşaq: «Filan çobandır!» deyə cavab verdi. (Bu halı görən) Hökmdar: «Sənin ibadətgahını qızıldan düzəldəkmi?» dedi. Cureyc: «Xeyr!» deyə cavab verdi. Hökmdar yenə də: «Sənin ibadətgahını gümüşdən düzldəkmi?» dedi. Cureyc: «Xeyr!» deyə cavab verdi. Hökmdar: «Yaxşı onda nə edək?» deyincə Cureyc: «Onu əvvəlki vəziyyətinə qaytarın!» dedi. Hökmdar: «Sən mənim yanıma gələndə niyə gülümsədin?» deyə soruşdu. Cureyc: «Xatırladığım bir işə gülümsədim, anamın bəd duası qəbul olundu!» dedi. Sonra başına gələn hadısəni onlara xatırlatdı577.

Valideynlərə Ölümlərindən Sonra Yaxşılıq Etmək - Əbu Useyd Məlik b. Rabia radıyallahu anhu rəvayət edir ki, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm in yanında idik. Bir nəfər gəlib: «Ey Allahın Rəsulu! Valideyinlərim öldükdən sonra onlar üçün ölümlərindən sonra bir yaxşılıq varmı?» dedi. Peyğəmbər: «Bəli, dörd gözəl xislət vardır. Onlar üçün məğfirət və bağışlanma diləmək, vəsiyyətlərini yerinə yetirmək, onların sadiq dostlarına (yoldaşlarına) hörmət etmək, onlar tərəfindən olan qohumlarla əlaqələri möhkəmləndirmək»578. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, ölümdən sonra ölünün dərəcəsi yüksəldilir. Ölü deyər ki: «Ey Rəbbim! Bu nəyə görədir?». Ona: «Övladın sənin üçün istiğfar (Allahdan məğfirət) dilədi»579. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qul vəfat etdikdən sonra bütün əməllərinin savabı kəsilir. Üç əməldən başqa. Ardı kəsilməyən sədəqə (Sədəqəi Cariyə), İnsanları faydalandıran şərəfli elm, (valideyinləri üçün) dua edən saleh övlad»580. İbn Abbas radıyallahu anhu rəvayət edir ki, bir nəfər Peyğəmbər sallallahu aleyhi və səlləm dən soruşdu: «Ey Allahın Rəsulu! Mənim anam vəsiyyət etmədən vəfat etdi. Onun adından sədəqə versəm ona faydası olarmı?» Peyğəmbər: «Bəli!» deyə buyurdu581.

Atanın Yaxşılıq Etdiyi Kimsəyə Övladın Yaxşılıq Etməsi - İbn Ömər radıyallahu anhu rəvayət edir ki, səfərlərin birində bir bədəvi ərəb ilə rastlaşır. Bu bədəvinin atası Ömər radıyallahu anhu nun dostu idi. Bədəvi: «Sən filankəsin oğlu deyilsənmi?». İbn Ömər: «Bəli» dedi. Bu sözdən sonra İbn Ömər radıyallahu anhu ona bir miniyin verilməsini əmr etdi və başında olan əmmaməni çıxardaraq ona verdi. İbn Ömər radıyallahu anhu yanında olanlardan biri: «(Bədəvilər qənaətkardılar, aza da razı olurlar) ona iki dirhəm pul bəs etməzdimi?» dedi. İbn Ömər radıyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləm in bu sözlərini dedi: «Atanın dostuna sadiq ol! (ona ikram et və sevgi göstər). Onunla yaxşılığı kəsmə, yoxsa Allah da (iman) nurunu söndürər»582. Ubadə əz-Zuraqi rəvayət edir ki, Amr b. Osmanla birlikdə Mədinə məscidində oturmuşdum. Abdullah b. Səlam bizim yanımıza qardaşı oğluna söykənərək gəldi. Abdullah üç dəfə: «Ey Amr b. Osman, nə istəyirsən?». Muhəmmədi haqq ilə göndərənə and olsun ki, bu qüdrətli və əzəmətli Allahın kitabındandır. Atanın dostları ilə əlaqəni kəsmə ki, nurun sönməsin.583 İbn Ömər radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: Yaxşılıqların ən yaxşısı övladın öz atanın dostu olanlara yaxşılıq etməsi (əlaqələri möhkəmləndirməsidir)»584.

Övlad Atasını Adı İlə Çağırmaz, Ondan Əvvəl Oturmaz Və Ondan İrəlidə Getməz - Rəvayət edildiyinə görə Əbu Hureyrə radıyallahu anhu iki nəfəri gördü və bunlardan birinə: «Bu sənin nəyindir?». Adam: «Atamdır» dedi. Əbu Hureyrə: «O, halda onu adı ilə çağırma, ondan irəlidə getmə və ondan əvvəl də oturma»585.

Ananın Və Atanın Yanına Girmək Üçün İzn İstəmək - Əlqəmə rəvayət edir bir kişi Abdullahın yanına gəlib dedi: «Anamın otağına girmək üçün izn almalıyammı?». O: «Məgər sən onu hər cür vəziyyətdə görmək istəyərsənmi? (Başqa rəvayətdə: Ananın yanına izn istəmədən girsən. Xoşuna gəlməyən şeyi görərsən)» dedi586. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Xala - ana yerindədir»587.
QOHUMLUQ ƏLAQƏLƏRİNİ KƏSƏN

«Qohum-əqrabaya da, miskinə də, (pulu qurtarıb yolda qalan) müsafirə də haqqını ver. Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola da səpələmə! Həqiqətən sağa-sola səpələyənlər şeytanın qardaş-larıdır. Şeytan isə Rəbbinə qarşı nankordur! Əgər Rəbbindən dilədiyin bir mərhəməti (ruzini) gözləmək məqsədilə onlardan (kömək göstəril-məsi lazım olan şəxslərdən) üz çevirməli olsan (onlara bir şeylə kömək etmək istəsən, lakin imkanın olmadığı üçün bacarmasan və buna görə də məcburuyyət qarşısında qalıb gözlərinə görünmək istəməsən) heç olmasa onlara (darıxmayın, Allah mənə ruzi bəxş edər, mən də sizə verərəm kimi) xoş bir söz de! Nə əldən çox bərk ol, nə də əlini təmamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan» (əl-İsra 26-29). «Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1). «Əgər üz döndərsəniz sizdən yer üzündə fitnə-fəsad törətmək və qohumluq tellərini qırmaq gözlənilməzmi». (Məhəmməd 22). Kuleyb b. Mənfəa rəvayət edir ki, babam dedi: «Ya Rəsulallah! Kimə yaxşılıq edim?». Peyğəmbər: «Anana, atana, bacına, qardaşına, və himayəndə olan yaxınlarına. Budur vacib haqq və qohumluq əlaqəsi»588. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki: «Və ən yaxın qohumlarını qorxut!» (əş-Şuəra 214)-cü ayəsi nazil olduqda Peyğəmbər sallallahu aleyhi və səlləm ayağa qalxıb buyurdu: «Ey Kəb b. Luey oğulları! Özünüzü oddan xilas edin. Ey Abdi Mənaf oğulları! Özünüzü oddan xilas edin. Ey Həşim oğulları! Özünüzü oddan xilas edin. Ey AbdulMuttalib oğulları! Özünüzü oddan xilas edin. Ey Muhəmmədin qızı Fatimə! Özünü oddan xilas et. Çünki mən səni Allahın əzabından qorumağa qadir deyiləm. Yalnız sizinlə qohumluq əlaqələrim olduğu üçün sizə yaxşılıq edirəm»589. Əbu Əyyub əl-Ənsari radıyallahu anhu rəvayət edir ki, səfərlərin birində bir Bədəvi Peyğəmbər sallallahu aleyhi və səlləm in qarşısına çıxıb dedi: «Ya Rəsulullah! Cənnətə yaxınlaşdıracaq və Cəhənnəmdən uzaqlaşdıracaq əməli mənə bildir». Peyğəmbər: «Allaha ibadət et və Ona heç bir şeyi şərik qoşma, namaz qıl, zəkat ver və qohumluq əlaqələrini möhkəmləndir» deyə buyurdu590. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Uca və Böyük olan Allah məxluqatı yaratdıqdan sonra yaratma işi tamam olduqda Rahim qohumluq bağı ayağa qalxdı». Allah: «Dur! Söylə nə istiyirsən?» deyə buyurdu. Rahim: «Mənim bu qalxmağım qohumluq əlaqələrini kəsməkdən Sənə sığınanın qalxmasıdır». Allah: «Sənə yaxşılıq edənə yaxşılıq etməklə və səndən yaxşılığı kəsəndən yaxşılığımı kəsməyimlə razı deyilsənmi?». Rahim: «Razı oluram Ey Rabbim!» dedi. Allah: «Bu höküm sənindir». Sonra Əbu Hureyrə radıyallahu anhu dedi ki, istəsəniz bu ayəni oxuya bilərsiniz: «Əgər (Peyğəmbərdən) üz döndərsəniz sizdən yer üzündə fitnə-fəsad törətmək və qohumluq tellərini qırmaq gözlənilməzmi» (Məhəmməd 22)»591. əl-Miqdam b. Mədi Kərib radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah analarnıza yaxşılıq etməyinizi əmr edir, sonra yenə də analarnıza yaxşılıq etməyinizi əmr edir, sonra atalarnıza yaxşılıq etməyinizi əmr edir, sonra ən yaxın qohum-əqrabaya, ondan sonra ən yaxın qohum-əqrabaya sırasına görə yaxşılıq etməyi əmr edir»592.

Qohumluq Əlaqələrinin Fəziləti - Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, bir nəfər Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına gələrək dedi: «Ey Allahın Rəsulu! Mənim qohum-əqrabam vardır. Mən onlarla əlaqələri möhkəmləndirirəm, onlar isə əlaqələri kəsirlər. Mən onlara yaxşılıq edirəm onlar isə pisliklərindən geri qalmayıb məni təhqir edib söyürlər (mən də onların bu etdiklərinə səbr edib onları bağış-layıram)». Peyğəmbər: «Əgər durum sən dediyin kimidirsə belə etdikcə onlara qızğın kül yedirtmiş kimisən. Sən bu vəziyyətdə yaxşılığına davam etdikcə onlara qarşı Allahdan bir yardımçı daima səninlə birlikdədir» deyə buyurdu593. AbdurRahman b. Auf radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dən o, da öz Rəbbindən rəvayət edir ki, Allah subhənəhu və təalə buyurdu: «Mən Rahmənəm və (qohumluq əlaqələrini) Rahimi mən yaratdım və İsmim olan Rahməndən ona isim deyə rahim verdim. Kim qohum-əqrabaya yaxşılıq edərsə (əlaqələri möhkəmləndirərsə) mən də ona yaxşılıq edərəm. Kim də ondan (yaxşılığı) kəsərsə Mən də ondan (yaxşılığı) kəsərəm»594. Abdullah b. Amr radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm barmağını bizə işarə edərək buyurdu: «Rahim, Rahmən ismindən ayrılmadır (onun bir hissəsidir). Onun haqqını kim qoruyarsa, Allah onu rəhmətinə qovuşdurar. Kim də onun haqqını qorumazsa Allah ondan (rəhmətini) kəsər. Qiyamət günü onun bəlağətli dili olacaqdır»595. Aişə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Rahim, Allahın rəhmətinin əsərlərindəndir. Kim onun haqqını yerinə yetirərsə Allah onu rəhmətinə qovuşdurar. Kim də onun haqqını qorumazsa Allah ondan (rəhmətini) kəsər»596.

Qohumluq Əlaqələri Ömrü Uzadır - Ənəs b. Məlik radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim ruzisinin bol olmasını və ömrünün uzanmasını istəyərsə qohumluq əlaqələrini möhkəmləndirsin»597. İbn Ömər radıyallahu anhu rəvayət edir ki, Rəbbindən qorxanın və qohumluq əlaqələrini möhkəmləndirənin əcəli (ömrü) uzanar, malı çoxaldılar və əhli də onu sevər598.

Qohumluq Əlaqələrini Tərk Edənin Yaşadığı Topluluğa Rəhmət Enməz - Abdullah b. Əbi Əvfa radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qohumluq əlaqələrini tərk edənin yaşadığı bir topluluğa rəhmət enməz»599. İbn Ömər radıyallahu anhu rəvayət edir ki: «Savab qazanmaq məqsədilə malından özünə və ailəsinə xərcləyən elə bir insan yoxdur ki, bu əmələ görə Uca Allah onu mükafatlandırmasın. Elə isə əvvəlcə ailəndən başla. Malından artıq qalanı varsa onu ən yaxın və ən yaxın olanlara ver. Yenə artıq qalsa onu dilədiyinə ver»600.

Qohumluq Əlaqələrini Tərk Edənin Günahı - Cubeyr b. Mutim radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qohumluq əlaqələrini kəsən kimsə Cənnətə girməz»601. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qohumluq əlaqəsi Rahmən isminin bir hissəsidir». Rahim: «Ya Rəbb! Mənə zülm edildi. Ya Rəbb! Mən tərk edildim. Ya Rəbb! Mənə (filan), mənə (filan haqsızlıq, zülm) edildi». Allah: «Səni kəsəni kəsməyimə, birləşdirəni də birləşdirməyimə razı olmazsanmı?»602. Səid b. Səman rəvayət edir ki, uşaqların və səfehlərin hakim olmasından (başçı seçilməsindən) Əbu Hureyrə radıyallahu anhu nun Allaha sığındığını eşitdim. İbn Həsən əl-Cuheyni deyir ki, mən Əbu Hureyrə radıyallahu anhu dan bunu soruşdum: Əbu Hureyrə: «(Bunun əlamətləri) qohumluq əlaqələrinin tərk edilməsi, (insanların) azğına itaət etmələri və mürşidə (elm və haqq yolunu öyrədənə) üsyan edilməsidir»603. Abdullah b. Amr radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qohumluq əlaqələrini qarşılıqlı olaraq saxlayan kəs, əlaqə quran bir kimsə sayıla bilməz. Həqiqi əlaqə saxlayan o kimsədir ki, qohumu onunla əlaqələri kəssə də belə o kimsə əlaqələri yenidən qurmağa çalışır»604. Əbu Əyyub Süleyman (Osman radıyallahu anhu nun köləsi) rəvayət edir ki, cümə axşamından cüməyə keçən gecə Əbu Hureyrə radıyallahu anhu bizə gəldi və dedi: «Qohumluq əlaqələrini tərk edən kimsə varsa ayağa qalxsın onu tənbeh edəcəyəm». O, bu sözləri üç dəfə təkrar etdi, lakin heç kəs dillənmədi. Sonra bir cavan iki ildən bəri əlaqələrini kəsdiyi bibisinin yanına gəldi. Bibisi: «Ey qardaşım oğlu! Səni gətirən nədir?». Gənc: «Əbu Hureyrə radıyallahu anhu nun belə-belə dediyini eşitdim». Bibisi: «Onun yanına dön və ondan soruş ki, bu sözləri nə üçün demişdir». Əbu Hureyrə radıyallahu anhu dedi ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləm in: «Hər birinci və dördüncü günü Adəm oğlunun əməlləri Uca və Böyük olan Allaha ərz edilir. Qohumluq əlaqələrini tərk edənin əməli isə qəbul edilməz»605.

Müşrik Olan Qohumlara Yaxşiliq Etmək Və Hədiyyə Göndərmək - İbn Ömər radıyallahu anhu rəvayət edir ki, Ömər radıyallahu anhu satılmaqda olan (tərkibində ipək) paltarı gördükdə dedi: «Ya Rəsulullah! Bu paltarı al. Cümə günü və ya qonaqlar sənin yanına gəldikləri zaman onu geyərsən». Peyğəmbər: «Bunu yalnız axirətdə nəsibi olmayan geyər» deyə buyurdu. (Bir müddətdən sonra) Peyğəmbər sallallahu aleyhi və səlləm ə bu paltardan (hədiyyə) olaraq verildi. O da onu Ömər radıyallahu anhu ya göndərdi. Ömər radıyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləm i görüb dedi: «Ya Rəsulullah! Sənin dediyin sözlərdən sonra mən bu paltarı necə geyinə bilərəm?». Peyğəmbər: «Mən onu geyinmək üçün sənə göndərmədim. Onu (ehtiyac) olduqda satarsan, yaxud da (müsəlman olmayan) birinə geyindirərsən» deyə buyurdu. Bundan sonra Ömər radıyallahu anhu paltarı müşrik olan (süd) qardaşına hədiyə etdi»606. Həkim b. Hizam radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dən soruşdum: «Cahiliyyə zamanında (İslamdan əvvəl) etdiyim qohumluq münasibətləri, (kölə) azad etmək və sədəqə kimi əməllərə nə deyirsən, bunlardan mənə mükafat varmı?». Peyğəmbər: «Olub-keçən yaxşılıqlarla bərabər müsəlman oldun (bu əməllər savab olaraq sənə yazılmışdır)»607. Bəkkar b. AbdulAziz radıyallahu anhu atasından, o da babasından rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah bütün günahlara görə dilədiyi cəzanı Qiyamət gününə saxlayır. Yalnız azğınlıq etmək və valideynlərin üzünə ağ olmaq, yaxud qohumluq əlaqələrini kəsmək istisnadır. Bu günah sahibinin cəzasını isə dünyada ikən ölməmişdən əvvəl verir»608. Bəra b. Azim radıyallahu anhu rəvayət edir ki, bir bədəvi ərəb Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına gələrək dedi: «Ey Allahın Rəsulu! Məni Cənnətə salacaq bir əməl öyrət» dedi. Peyğəmbər: «Sən çox böyük bir şey haqqında soruşdun. Kölə azad et və ya kimsəni köləlikdən azad et» deyə buyurdu. Bədəvi: «Bunlar ikisidə eyni şey deyilmi?». Peyğəmbər: «Xeyr, kölə azad etmək (öz vəsaitinlə), kimsəni köləlikdən azad etmək isə kölənin azad edilməsinə köməklik göstərməkdir. (habelə yaxınlarına) bol-bol süd verən qoyun bağışla, qohumlara qənimətdən pay ver. Əgər bunları da etməyə gücün çatmazsa yaxşılığı əmr et və pislikdən çəkindir. Buna da gücün çatmazsa dilini qoru və yalnız xeyirli söz söylə»609.
QONŞUYA ƏZİYYƏT VERMƏK

«Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın. Ata-anaya. Qohum-əqrabaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın yoldaş və dostlara, müsafirlərə, sahib olduğunuz qul və kənizlərə yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri və lovğalıq edənləri sevməz». (ən-Nisa 36). Əbu Şureh radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allaha and olsun ki, iman gətirməz! Allaha and olsun ki, iman gətirməz! Allaha and olsun ki, iman gətirməz!». Səhabələr: «Kim Ey Allahın Rəsulu!» deyə soruşdular. Peyğəmbər: «Qonşusu şərindən əmin olmayan kimsə»610. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qonşusu şərindən əmin olmayan kimsə Cənnətə girməz»611. İbn Məsud radıyallahu anhu rəvayət edir ki, bir nəfər Peyğəmbər sallallahu aleyhi və səlləm dən soruşdu: «Ey Allahın Rəsulu! Yaxşılıq və ya pislik etmiş olsam bunu necə bilim». Peyğəmbər: «Qonşularından sənin haqqında: O yaxşılıq etdi – deyən eşitsən bil ki, yaxşı iş görmüsən. Onların sənin haqqında: O, pislik etdi – deyən eşitsən bil ki, pis iş görmüsən»612. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bir kimsənin on qadınla zina etməsi onun üçün qonşusunun qadını ilə zina etməsindən daha xəfifdir. Bir kimsənin on evdən oğurluq etməsi qonşusunun evindən oğurluq etməsindən xəfifdir»613. Aişə radıyallahu anhə rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Cəbrail əleyhissəlam qonşu haqqında mənə o qədər tövsiyə etdi ki, ona da mirasdan pay düşəcəyini güman etdim»614. Əbu Şureyh əl-Xuzai radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim Allaha və axirət gününə iman edirsə qonşusuna yaxşılıq etsin. Kim Allaha və axirət gününə iman edirsə qonağına ehtiram göstərsin615. Kim Allaha və axirət gününə ima edirsə ya xeyirli söz söyləsin, ya da sussun»616. Abdullah b. Amr radıyallahu anhu bir qoç kəsdirdi. Sonra xidmətçisindən dəfələrlə soruşdu: «(Ətdən) qonşumuz Yəhudiyə pay verdinmi? Qonşumuz Yəhudiyə pay verdinmi? (Başqa rəvayətdə: Bir nəfər: Yəhudiyə! Allah səni islah etsin!617). Mən Peyğəmbər sallallahu aleyhi və səlləm in belə buyurduğunu eşitdim: «Cəbrail əleyhissəlam qonşu haqqında mənə o, qədər tövsiyə etdi ki, ona da mirasdan pay düşəcəyini güman etdim»618. Aişə radıyallahu anhə rəvayət edir ki, mən: «Ey Allahın Rəsulu! Mənim iki qonşum var. Mən onlardan hansına pay veriməliyəm?» deyə soruşdum. Peyğəmbər: «Qapısı ən yaxın olana!» deyə buyurdu619. Həsən radıyallahu anhu dan qonşu barəsində soruşdular. O: «Qarşındakı qırx ev, arxandakı qırx ev, sağındakı qırx ev və solundakı qırx ev (qonşulardır)»620. Əbu Hureyrə radıyallahu anhu deyir ki: «(Qonşusuna yaxşılıq etmək istəyən) yaxın qonşunu qoyub uzaq qonşudan başlamamalıdır. Əksinə uzaq qonşudan əvvəl yaxın qonşudan başlamalıdır»621. İbn Abbas radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qonşusu ac ola-ola öz qarnını doyduran kimsə əsl mömin deyildir»622. İbn Ömər radıyallahu anhu deyir ki: «Vaxt var idi ki. heç kəs özünün dinar və dirhəminə müsəlman qardaşından daha haqlı olduğunu düşünmürdü. Lakin indi kimlərəsə dinar və dirhəm müsəlman qardaşından daha əzizdir. Mən Peyğəmbər sallallahu aleyhi və səlləm in belə buyurduğunu eşitdim: «Neçə-neçə qonşu var ki, Qiyamət günü öz qonşusundan aslı olacaqdır. O, deyəcəkdir: «Ey Rəbbim! Bu öz qapısını mənim üzümə bağlamış, yaxşılıq etməkdən boyun qaçırmışdır»623. Əbu Zərr radıyallahu anhu rəvayət edir ki, əziz dostum sallallahu aleyhi və səlləm mənə üç şeyi tövsiyə etdi: «(Başçınız) şikəst bir qul olsa da belə eşit və itaət et, xörək bişirdikdə onun suyunu çox et. Sonra qonşularından olan ev əhlinə nəzər sal və xörəkdən lazımı qədər onlara da ver, (hər) namazı vaxtında qıl. İmamı namaz qılan görsən (cəmaatla birgə bir daha namazı qıl), bu sənin üçün nafilə (əlavə namaz) sayılar. Əks halda artıq sən öz namazını yerinə yetirmisən»624. Abdullah b. Amr b. As radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Uca Allah yanında ən xeyirli dost öz dostuna yaxşılıq edən kimsədir. Həmçinin Allah yanında ən xeyirli qonşu öz qonşusuna yaxşılıq edən kimsədir»625. Nəfi b. AbdulHəris radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Geniş ev, əməlisaleh qonşu və rahat minik müsəlman kişinin səadətidir»626. Əbu Musa radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kişi öz qonşusunu, qardaşını və atasını öldürməyincə Qiyamət qopmaz»627. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, bir nəfər: «Ey Allahın Rəsulu! Filan qadın gecə namaz qılır, gündüz oruc tutur, yaxşı işlər görür, sədəqə verir, amma qonşularına dili ilə əziyyət verir». Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Onda xeyir yoxdur. O, Cəhənnəm əhlindəndir». Onlar: «Filan qadın yalnız vacib namazları qılır, yağsız pendirdən sədəqə verir, heç kəsə də əziyyət vermir» dedilər. Peyğəmbər: «O, Cənnət əhlindəndir»628. Sovban radıyallahu anhu dedi: «Üç gündən artıq bir-birindən əlaqəni kəsən elə iki kişi yoxdur ki, ikisindən biri həlak olmasın. Və beləcə küsülü halda ölsələr hər ikisi də həlak olar. Qonşusuna əziyyət verən, onu alçaldan, bu səbəbdən də qonşusunu evindən çıxardan elə bir qonşu yoxdur ki, həlak olmasın»629. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, bir nəfər: «Ey Allahın Rəsulu! Mənim bir qonşum var, mənə əziyyət verir». Peyğəmbər: «Get evindəki əşyaları yola çıxart!». Kişi gedib evindəki əşyaları bayıra çıxartdı. Cəmaat onun başına toplanıb dedilər: «Sənə nə üz verib?» dedilər. Kişi: «Mənim bir qonşum var, mənə əziyyət verir. Mən bu haqda Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər verdim. O, da mənə: «Get evindəki əşyaları yola çıxart!» deyə tövsiyə verdi. Cəmaat da: «Allahım! Ona lənət et! Allahım! Onu rüsvay et!» deyə dua etdilər. Bu xəbər qonşusuna çatdıqda onun yanına gəlib dedi: «Evinə qayıt. Allaha and olsun ki, daha sənə əziyyət verməyəcəyəm»630.

ZİNA

«Zinaya da yaxınlıq etməyin. Bu çox çırkin bir əməl və pis bir yoldur». (əl-İsra 32). «Zinakar kişiyə və qadına 100 çubuq vurun. Allaha və axirət gününə inanırsınızsa Allaın dini barəsində ürəyiniz onlara yumşalmasın və möminlərdən bir dəstə də onların əzabına şahid olsun». (ən-Nur 2). «Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu möminlərə haram edilmişdir» (ən-Nur 3). Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Adəm oğlunun zinadan bir nəsibi vardır. Heç şübhəsiz ki, o buna mütləq düşəcəkdir. Gözlərin zinası baxmaqdır. Qulaqların zinası dinləməkdir. Dilin zinası danışmaqdır. Əlin zinası tutmaqdır. Ayağın zinası addımlamaqdır. O ki, qaldı qəlbə o, arzu və təmənna edir. Övrət yeri ya bunu təsdiq edəcəkdir, ya da inkar»631. Əbu Səid əl-Xudri - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Yollarda (kənarında) oturmaqdan çəkinin». Səhabələr: «Ya Rəsulullah! Biz bunu etməyə məcburuq. Çünki burada yığışaraq (bir çox işlərimizi) həll edirik» dedik. Peyğəmbər: «Əgər oturmağınız mütləqdirsə onda yolun haqqını ödəyin» deyə buyurdu. Səhabələr: «Yolun haqqı nədir?» dedilər. Peyğəmbər: «(Gözü) haramdan çəkmək, (gəlib-gedənlərə) əziyyət verməmək, salamı almaq və yaxşılığı əmr edib, pislikdən çəkindirmək (Başqa rəvayətdə: Gözəl söz danışmaq)» deyə buyurdu632. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm eyvanlarda oturmağı qadağan etdi. Səhabələr: «Ey Allahın Rəsulu! Evlərimizdə oturmaq bizi sıxır» dedilər. Peyğəmbər: «Əgər oturmağınız mütləqdirsə onda onun haqqını ödəyin» deyə buyurdu. Səhabələr: «Onun haqqı nədir?» dedilər. Peyğəmbər: «Soruşana yol göstərmək, (gözü) haramdan çəkmək, salamı almaq, yaxşılığı əmr edib, pislikdən çəkindirmək» deyə buyurdu633. «Allah gözlərin xain baxışını və qəlblərin də gizlətdiyini bilir». (Gafir 19). Əbu Səid - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kişi, başqa bir kişinin övrət yerinə baxmaz, qadın da başqa bir qadının övrət yerinə baxmaz. Bir kişi başqa bir kişi ilə, qadın da başqa bir qadınla bir tək yorğan altında olmaz (yatmaz)»634. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Zinakar, zina etdiyi vaxt mömin olarsa zina etməz. İçki içən, içki içdiyi vaxt mömin olarsa içki içməz. Oğru, oğurluq etdiyi vaxt mömin olarsa oğurluq etməz»635. Qureyşli bir gənc Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına gələrək dedi: «Ey Allahın Rəsulu! İzn ver zina edim». Səhabələr ona yaxınlaşıb sus-sus deyərək kənara çəkdilər. Peyğəmbər sallallahu aleyhi və səlləm yaxın gəl deyə buyurdu. O, yaxınlaşdıqda Peyğəmbər: «Öz anana rəva bilərsən?». O: «Allaha and olsun ki, yox. Allah məni sənə fəda etsin» dedi. Peyğəmbər: «Həmçinin insanlar da bunu öz analarına rəva bilmirlər. Bunu öz qızına istəyərsən?». O: «Allaha and osun ki, yox. Ey Allahın Rəsulu! Allah məni sənə fəda etsin». Peyğəmbər: «Həmçinin insanlar da bunu öz qızlarına istəmirlər. Bunu öz bacın üçün istəyərsən?». O: «Allaha and olsun ki, yox. Ey Allahın Rəsulu! Allah məni sənə fəda etsin». Peyğəmbər: «Həmçinin insanlar da bunu öz bacıları üçün istəmirlər. Bunu öz bibin üçün istəyərsən?». O: «Allaha and olsun ki, yox. Ey Allahın Rəsulu! Allah məni sənə fəda etsin». Peyğəmbər: «Həmçinin insanlar da bunu öz bibiləri üçün istəməzlər. Bunu öz xalan üçün istəyərsən?». O: «Allaha and olsun i, yox. Ey Allahın Rəsulu! Allah məni sənə fəda etsin». Peyğəmbər: «Həmçinin insanlar da bunu öz xalaları üçün istəməzlər». Peyğəmbər sallallahu aleyhi və səlləm əlini onun çiyninə qoyub buyurdu: «Allahım! Onun günahını bağışla, qəlbini təmizlə və ismətini qoru!»636.

Zina ən böyük günahlardan biridir. Zinanın fəsadı ən böyük fəsad olduğuna görə həmçinin də nəsəblərin, ailələrin korlanmasına görə, hörmətlərin qorunmasına zidd olduğuna görə, insanlar arasında böyük düşmənçiliyə səbəb olduğuna görə ən böyük günahlardan sayılır. Buna görə də zina şirk və öldürməkdən sonra üçüncü böyük günahdır. Allah zinanı Kitabında ölümlə yanaşı gətirmişdir. İmam Əhməd rahmətullahi aleyhi - deyir ki: «Mən insan öldürməkdən sonra zinadan daha böyük bir günah bilmirəm». «Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etməz, zina etməzlər. Hər kəs bunu etsə cəzasını çəkər». (əl-Furqan 68). Bu ayədə Allah zinanı şirk, adam öldürmək ilə bərabər zikr etmiş və bunun cəzasını qul tövbə, iman, saleh əməllə silmədikcə alçaldıcı bir əzabla əbədi Cəhənnəm olduğunu bildirmişdir. «Zinaya da yaxınlıq etməyin. Bu çox çırkin bir əməl və pis bir yoldur». (əl-İsra 32). Bunun çirkinliyi o dərəcəyə çatmışdır ki, hətta ağıllarda da, hətta bir çox heyvanlarda da çirkinliyi sabit fahiş bir əməldir. Amr b. Meymun əl-Əzdi rəvayət edir ki: «Mən cahiliyyədə bir meymunun başqa bir meymunla yaxınlıq etdiyini, digər meymunların da yığılaraq onu daş-qalaq etdiyini gördüm»637.

Sonra Allah zinanın qayəsini bildirərək buyurur: Zina pis bir yoldur. Çünki, zina və onun yolu dünyada həlak, rüsvayçılıq, peşmançılıqdır. Axirətdə olan yolu isə əzab, rəzillik və cəzadır. İnsanın öz ögey anası ilə evlənməsi daha çirkin bir əməl olduğu üçün Allah buyurur: «Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə olan bu cür işlər müstəsnadır. Əlbəttə bu çox pis işdir və çirkin bir yoldur». (ən-Nisa 22).

Allah bəndəsinin xoşbəxtliyini onun öz ayıb yerini qorumasında quymuşdur. Əgər o, ayıb yerini qorumasa onun xoşbəxtliyinə zəmanət verilməmişdir. «O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar. Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar qınanmazlar». (əl-Muminun 5-6). Burada üç şey əhatə olunmuşdur: Əgər insan ayıb yerini qorumazsa o, xoşbəxt olmaz, o qınananlardan və həddi aşanlardandır. Allah insan haqqında buyurur ki: İnsan kəmhövsələ yaradılmışdır. Ümumən insan belə yaradılmışdır. Lakin ayədən görün-düyü kimi istisna da vardır. «Həqiqətən insan (sərvətə) çox həris, tamahkar və kəmhövsələ yaradılmışdır. Ona bir pislik üz verdikdə fəryad qopardar. Ona bir xeyir nəsib olduqda isə xəsis olar. Namaz qılanlar istisnadır. O, kəslər ki, daim namaz qılarlar. O, kəslər ki, onların mallarından müəyyən bir pay vardır. Dilənən və (hər şeydən) məhrum olan kimsə üçün. O, kəslər ki, haqq-hesab gününü təsdiq edərlər. O, kəslər ki, Rəbbinin əzabından qorxub tirtir əsərlər. Çünki onların Rəbbinin əzabından arxayın olmaq olmaz. O, kəslər ki, ayıb yerlərini qoruyub saxlayarlar. Övrətləri və cariyələri istisna olmaqla əsla qınanmazlar. Bundan artığını istəyənlər isə həddi aşanlardır. O, kəslər ki, əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər. O, kəslər ki, düzgün şəhadət verərlər. O, kəslər ki, namazlarını (layiqincə) hifz edərlər. Məhz onlar Cənnətlərdə ehtiram olunacaq, əzizlənəcək kimsələrdir». (əl-Məaric 19-35).



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə