Xəbər bülleteni №15



Yüklə 455,44 Kb.
səhifə4/5
tarix17.10.2017
ölçüsü455,44 Kb.
#5262
1   2   3   4   5
      Bəkir Nərimanoğlu

Fiziki şəxslərə məxsus daşınmaz əmlakın satışından vergi tutulması tətbiq ediləcək. Daşınmaz əmlakın satışından əldə edilən gəlirdən verginin məbləği əmlakın növündən, ona sahiblikdən və istifadə məqsədlərindən asılıdır. Əmlakın satışı zamanı əldə edilən gəlirdən vergi tutulması Vergi Məcəlləsində (102.1.9-cu maddə) nəzərdə tutulub. Bir qədər əvvəl Vergilər Nazirliyi bununla bağlı aydınlaşdırıcı məlumat yaymışdı. İndi isə mənzil satışından tutulan verginin məbləği ilə bağlı daha ətraflı məlumat açıqlanıb.



Mənzillərdən vergi 14-25%-lə tutulacaq

Mənzil və evlərin satışı zamanı əldə edilən gəlirdən vergi fiziki şəxslərin gəlir vergisi formasında tutulacaq. Yəni 30 min manata qədər gəlir 14%, 30 min manatdan artıq hissə isə 25%-lə vergiyə cəlb ediləcək. Məsələn, 50 min manata alınmış mənzil 100 min manata satılırsa, əldə edilən 50 min manat gəlirdən vergi tutulur. Bu məbləğin ilk 30 min manatından 14%-lə vergi tutulur (4200 manat), sonrakı 20 min manat isə 25%-lə vergiyə cəlb edilir (5000 manat). Başqa sözlə, 50 min manatlıq gəlirdən tutulan vergi 9,2 min manat təşkil edir. Mənzil satışından əldə edilən gəlir 10 min manatdırsa, bu zaman həmin məbləğ 30 min manatdan az olduğuna görə 14%-lə vergiyə cəlb edilir və 1400 manat vergi tutulur.



Cəmi bir mənzil vergidən azad olacaq

Vergi Məcəlləsində bildirilir ki, vergi ödəyicisinin azı 3 il ərzində əsas yaşayış yeri olduğu daşınmaz əmlakının təqdim edilməsindən gəlir vergidən azaddır. Bu isə o deməkdir ki, 3 il ərzində əsas yaşayış yeri olmayan bütün daşınmaz əmlakın satışından əldə edilən gəlir vergiyə cəlb edilməlidir. Deməli, mənzil sahibi yaşamadığı evi, hətta uzun müddət bundan əvvəl almış olsa da, satanda vergi ödəməli olacaq.

Bir şəxsin mülkiyyətində bir neçə mənzili varsa, onların yalnız birinin – yəni vətəndaşın daimi yaşayış yeri olan mənzilin satışı vergidən azaddır. Bir şərtlə ki, həmin mənzil alınandan 3 il sonra satılsın. Şəxsin mülkiyyətində olan digər mənzillərin satışından isə vergi istənilən halda tutulacaq. Hətta alınandan 10 il sonra satılsa da.

VÖEN-i olan vətəndaşlardan vergi necə tutulacaq?

Nazirlikdən verilən məlumata görə, mənzillərin satışından əldə edilən gəlirlərdən vergi tutulması vətəndaşın vergi ödəyicisi kimi vəziyyətindən asılı deyil. Vergi ödəyicisi kimi qeydiyyatdan keçib VÖEN əldə etmiş vətəndaş sadələşdirilmiş vergi ödəyicisi, ya da ƏDV ödəyicisi ola bilər. Amma mənzil satışından əldə edilən gəlirdən vergi fiziki şəxslər üçün nəzərdə tutulan ümumi qaydada (yəni 30 min manata qədər 14%, ondan artıq məbləğ 25%-lə) vergiyə cəlb ediləcək. Bir şərtlə ki, satılan mənzil sahibkarlıq məqsədləri üçün istifadə edilməmiş olsun, yəni, məsələn, kirayəyə verilməsin. Əgər mənzil kirayəyə verilibsə, onun satışından tutulan vergi artacaq.



Mağazaları satanda vergi daha yüksək olacaq

Fins.az saytı qeyd edir ki, daşınmaz əmlakın satışı zamanı əldə edilən gəlirdən vergi tutulması qaydası mağaza və digər kommersiya obyektlərinə də aiddir. Amma vergi tutulma qaydası və vergi dərəcələri fərqlidir. Nazirlikdən verilən məlumata görə, məsələn, mağazanı satan şəxs iki formada vergi ödəyəcək. Birincisi satış məbləğindən 18%-lik ƏDV, ikincisi satış qiymətindəki fərqdən 20%-lik vergi (qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən vergi). Başqa sözlə, kommersiya obyektlərinin satışından tutulan vergi mənzillərə nisbətən daha yüksək olacaq. Məsələn, vaxtilə 100 min manata alınmış mağaza 200 min manata satılanda mağaza sahibi iki formada vergi ödəyir. Satış qiymətinin 18%-i qədər ƏDV (yəni 36 min manat) və yaranmış fərqin 20%-i qədər gəlir vergisi (20 min manat). Nəticədə bu əməliyyatı həyata keçirən şəxs 56 min manat vergi ödəyəcək.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsinə aid tədqiqatda deyilir ki, Azərbaycanın Vergi Məcəlləsinə əsasən, fiziki şəxslərə məxsus aktivlərin, o cümlədən daşınmaz əmlakın təqdim olunmasından əldə edilən gəlirlər, gəlirdən çıxılan xərclər nəzərə alınmaqla, gəlir vergisinin vergitutma obyektini yaradır: “Vergi Məcəlləsinin 102.1.8-ci maddəsində nəzərdə tutulub ki, fiziki şəxsin azı 3 il ərzində əsas yaşayış yeri olduğu daşınmaz əmlakın təqdim edilməsindən əldə olunan gəlir vergidən azaddır. Bu müddət 3 ildən az təşkil etdiyi halda isə mənzil satışından əldə olunmuş gəlirin (xalis gəlirin) 30 min manatadək hissəsindən 14%, 30 min manatdan yuxarı olan hissəsindən isə 25% dərəcə ilə gəlir vergisi tutulur”.

Beynəlxalq təcrübə nə deyir?

Vergilər nazirinin müşaviri Akif Musayev “Vergilər” qəzetində dərc olunmuş məqaləsində yazır: “ABŞ təcrübəsinə əsasən, fiziki şəxsin satdığı evdən əldə etdiyi gəlirdən vergi ödənilməməsi üçün həmin şəxs bu evdə ən azı iki il yaşamış olmalıdır. Bu zaman şəxs subay olduğu təqdirdə onun vergi tutulan gəlirindən 250 min ABŞ dolları, evli olduğu təqdirdə isə 500 min ABŞ dolları miqdarında məbləğ çıxılır. Yerdə qalan məbləğ vergitutulan gəlirə daxil edilir və kapital artımı vergi dərəcəsi ilə vergiyə cəlb olunur.

ABŞ-da kapital artımı vergisi sabit dərəcə ilə — 28%-lə tətbiq olunur. Digər tərəfdən qanunvericilikdə nəzərdə tutulub ki, daşınmaz əmlak bir ildən az müddət ərzində istifadə olunarsa, əldə edilən gəlirdən müvafiq məbləğlər (250 min ABŞ dolları və ya 500 min ABŞ dolları) çıxıldıqdan sonra yerdə qalan məbləğ gəlir vergisinin dərəcələrinə uyğun qaydada vergiyə cəlb olunur. Bu zaman satışdan əldə olunan gəlirin məbləği müvafiq məbləğlərdən (250 min ABŞ dolları və ya 500 min ABŞ dolları) az və ya onlara bərabər olarsa, ondan vergi tutulmur.

Kapital artımı əmlakın satış dəyəri ilə bazar dəyəri arasındakı fərq kimi müəyyən edilir. Bazar dəyəri isə alış qiymətinin üzərinə təmir və quraşdırma xərcləri gəlməklə alınmış məbləğdən amortizasiya ayırmalarının çıxılması yolu ilə hesablanır. Kapital artımından isə müvafiq məbləğlər (250 min ABŞ dolları və ya 500 min ABŞ dolları) çıxılaraq vergiyə cəlb olunan kapital artımı müəyyən edilir.

Avropa Birliyində fiziki şəxslərə məxsus daşınmaz əmlakın alğı-satqısının vergiyə cəlb olunmasına yanaşmalar müxtəlif olsa da, onları birləşdirən xüsusiyyətlər də çoxdur. Fransada əsas yaşayış yerinin satışından əldə edilən gəlir vergiyə cəlb olunmur. Otuz il və daha çox müddətdə fiziki şəxsin mülkiyyətində olan əmlakların satışından gəlir də vergidən azaddır. Bundan başqa ölkədə əhalinin mərkəzə köçmə axınının tənzimlənməsi və uzun müddətə eyni bir yerdə yaşamalarının stimullaşdırılması məqsədilə altı ildən otuz ilə qədər dövrdə mülkiyyətdə olan əmlakın satışına reqressiv vergi dərəcəsi tətbiq olunur və vergi dərəcəsi əmlakın mülkiyyətdə olduğu hər növbəti il üçün azaldılır. Digər tərəfdən qeyri-rezident fiziki şəxslərə məxsus əmlaklarla aparılan əməliyyatların tənzimlənməsi üçün diferensial vergi dərəcələri tətbiq olunur. Ümumi vergi dərəcəsi rezidentlər üçün 19% nəzərdə tutulduğu halda (AB, İslandiya və Norvec), digər ölkələrin rezidentləri üçün 33%-dir. Qeyri-rezidentlərin əsas yaşayış yeri Fransa olmadığı üçün onlar vergitutma zamanı əsas yaşayış yeri ilə bağlı güzəştdən istifadə edə bilmirlər və yalnız Fransadakı əmlak onların mülkiyyətində on beş ildən artıq müddətdə olduqda, vergidən azad oluna bilərlər”.

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, fiziki şəxs olan əmlak sahibinə məxsus mənzil satılarkən ora onun daimi yaşayış yeri olmayıbsa, istənilən halda gəlir vergisi ödəyəcək: “Lakin burda əsas çətinlik gəlir vergisi tutulacaq bazanın hesablanması ilə bağlıdır, çünki bunu bilmək üçün xərclərin də uçotu aparılmalıdır. Hazırkı şərtlərlə isə bu mümkünsüzdür.

İkincisi, dünya praktikasında nəzər salanda görəcəyik ki, bu məqsədlə tətbiq olunan gəlir vergisi, xüsusilə də fiziki şəxslər üçün, Azərbaycanda çox yüksək müəyyənləşdirilib. Fiziki şəxslər üçün onun dərəcəsi 14, kommersiya təşkilatları üçün 20 faiz nəzərdə tutulur. Nəhayət, satılan əmlakın ƏDV-yə cəlb edilməsi mexanizmi də dəqiq deyil. Ümumiyyətlə ƏDV-nin tətbiqi gəlir vergisinin də yığım səviyyəsinə təsir edə bilər. Odur ki, belə əməliyyatların ƏDV-dən azad edilməsi daha düzgün olardı”.

“MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov isə deyir ki, Azərbaycanda daşınmaz əmlakın satışından vergi tutulması bazarın fəallığına mənfi təsir göstərəcək. O hesab edir ki, həmin verginin tətbiqi onsuz da son vaxtlar passiv olan Bakının daşınmaz əmlak bazarında aktivliyin daha da azalmasına gətirib çıxaracaq: “Ötən illə müqayisədə daşınmaz əmlak bazarında təkliflərin sayı 15-18 faiz azalıb. Həmin gəlir vergisinin tutulmasından sonra isə onların sayı daha da azalacaq”.

Akademik Tofiq Hacıyev dəm qazından boğularaq vəfat edib

27.11.2015



tofiq haciyev
Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru akademik Tofiq Hacıyev vəfat edib. APA-nın məlumatına görə, akademik noyabrın 27-si səhər saatlarında yaşadığı evin hamamında dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Tofiq Hacıyev 1 may 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb, sonra dilçilik ixtisası üzrə aspiranturada oxuyub. 1962-ci ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyaları müdafiə edib.

1962-1968-ci illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunda işləyib. 1969-cu ildən Azərbaycan Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasında çalışmağa başlayıb. 1970-ci ildən türkologiya kafedrasının professoru, 1984-cü ildən həmin kafedranın müdiri olub.

1993-cü ildə Azərbaycan Respublikasının maarif naziri vəzifəsində işləyib.

“Şöhrət” ordeni laureatı, Azərbaycan Respublikasının əməkdar elm xadimidir.

Allah rəhmət eləsin!

Dərbənddə ilişib qalmış Azərbaycan məhsulları Rusiyanın müxtəlif bölgələrinə yola salınıb

27.11.2015

Noyabrın 26-da iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov, bu nazirliyin əməkdaşları və kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Rusiyanın Dağıstan Respublikasında işgüzar səfərdə olublar.

Transparency.az İqtisadiyyat və Sənaye Nazirliyinə istinadla bildirir ki, səfər Azərbaycandan Rusiyaya aparılan kənd təsərrüfatı məhsullarının Dərbənd dəmir yolu deposundan daşınması ilə bağlı problemi həll etmək məqsədi daşıyıb. Azərbaycan nümayəndə heyəti Dağıstan Respublikasının baş naziri ilə yükdaşımalarda yaranmış problemləri müzakirə edib. Heyət Dərbənd dəmir yolu deposunda saxlanan yüklərə baxış keçirib.

Dərbənd dəmir yolu deposunda saxlanan 180 vaqonun 120-dən kənd təsərrüfatı məhsulları yükdaşıyan maşınlara yüklənərək Rusiya Federasiyasının müxtəlif bölgələrinə yola salınıb. Depoda qalan digər vaqonlardan yüklərin boşaldılması və daşınmasının intensiv davam etdiriləcəyi bildirilir.

Ermənilər Dağlıq Qarabağ üçün 10 milyon dollardan çox yardım yığdılar

27.11.2015



telemarafon 1Dünya ermənilərini birləşdirən “Ayastan” fondu noyabrın 26-da ənənəvi telemarafon keçirib. Transparency.az xəbər verir ki, 12 saatlıq telemarafonda 10 milyon 378 min 465 dollar toplanıb. Vəsaitin böyük bir hissəsi işğal altında olan Azərbaycan torpağı Dağlıq Qarabağda çoxuşaqlı ailələrə ev tikilməsinə xərclənəcək.

Avropa ölkələrində noyabrın 18-dən 22-nə kimi keçirilmiş telefon marafonunda 1,3 milyon avro vəsait yığılmışdı. Bu vəsaitin bir hissəsi Dağlıq Qarabağda icma mərkəzlərinin qurulmasına yönəldiləcək.

1992-ci ildə yaradılmış “Ayastan” fondu indiyədək Ermənistanda və Dağlıq Qarabağda müxtəlif layihələrin gerçəkləşdirilməsi üçün 300 milyon dollara yaxın vəsait toplayıb.

Dövlət Məşğulluq Xidməti “Karyerada ilk addım” devizi altında növbəti tədbir keçirib

27.11.2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri Odlar Yurdu Universitetində keçirilib. Noyabrın 27-də yayılan rəsmi məlumata görə, aktiv məşğulluq tədbirində 11-i dövlət, 53-ü özəl sektora aid ümumilikdə 64 müəssisə 379 boş (vakant) iş yerini tələbə və məzunların seçiminə təqdim edib. Həmin boş iş yerlərinin 328-i özəl müəssisələrə aid olub.

Tələbə və məzunlar işəgötürənlərlə ünsiyyət şəraitində əmək bazarı barədə məlumatlanıblar. Həmçinin işəgötürənlər gələcəkdə ixtisaslı kadrların seçimini aparmaq imkanı əldə edib, bununla əlaqədar tələbə və məzunlardan onlara dair şəxsi məlumatları (CV) qəbul ediblər. Tədbirdə boş (vakant) iş yerlərinə göndərişlər verilib, ixtisasartırma kurslarına cəlb edilmək istəyənlərin qeydiyyatı aparılıb. Boş vaxtları ərzində müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyənlər isə Əmək Birjasında qeydiyyata alınıb.

Bu ilin ötən dövründə 8 ali təhsil müəssisəsində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri keçirilib, 300 nəfərə boş (vakant) iş yerlərinə göndəriş verilib.



meshgulluq

İlham Əliyev Türkiyə-Rusiya gərginliyinə münasibət bildirib

27.11.2015

gorush
AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev noyabrın 27-də Bakıya gələn Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. İlham Əliyev Mövlud Çavuşoğlunu xarici işlər naziri vəzifəsinə təyin olunmağı münasibətilə təbrik edib: “Çox şadam ki, siz ilk səfəri Azərbaycana edirsiniz. Bu ənənə artıq neçə ildir ki, yaşayır. Həm dövlət, hökumət başçıları, həm nazirlər seçkilərdən sonra ilk səfəri qardaş ölkəyə edirlər.

Fürsətdən istifadə edərək, Sizi bu yaxınlarda Antalyada uğurla keçirilmiş G20 zirvə görüşü münasibətilə təbrik etmək istəyirəm. Bu, Türkiyənin çox böyük uğurudur. Türkiyə bir daha nümayiş etdirdi ki, böyük dövlətdir, böyük gücə malik dövlətdir. Şadam ki, qardaş ölkə Azərbaycanı bu toplantıya dəvət etdi. Bu, bir daha Türkiyə-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olduğunu nümayiş etdirir və həm bizim xalqlara, həm dünyaya göstərir ki, Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir”.

Söhbət zamanı dövlət başçısı Türkiyə ilə Rusiya arasında münasibətlərdə yaranmış gərginliyə toxunaraq qeyd etdi ki, Azərbaycan hər iki ölkə ilə tarixən sıx əlaqələrə malikdir və bu gərginlikdən təəssüf və narahatlıq hissi keçirir. İlham Əliyev bildirib ki, Azərbaycan tərəfi Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylərini göstərməyə hazırdır.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olunub, Azərbaycanla Türkiyənin həyata keçirdikləri TANAP, TAP, Bakı-Tbilisi-Qars və digər layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazirlik əmək yarmarkası hesabatı yayıb

27.11.2015



yarmarkaƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xəbər verir ki, Dövlət Məşğulluq Xidməti Sumqayıtda əmək yarmarkası keçirib. Yarmarkada işsiz və işaxtaran vətəndaşlara 9-u dövlət, digərləri özəl sektora aid 35 müəssisə üzrə 420 boş (vakant) iş yeri təqdim edilib. İşsiz və işaxtaran vətəndaşlara boş iş yerlərinə göndərişlər verilib, ayrı-ayrı şəxslər idarə, müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında haqqı ödənilən ictimai işlərə cəlb olunub.

Bu il Dövlət Məşğulluq Xidməti şəhər və rayonlarda ümumilikdə 58 əmək yarmarkası təşkil edib. Bu aktiv məşğulluq tədbirlərində 4908 nəfər işaxtaran və işsiz vətəndaşa boş (vakant) iş yerlərinə göndərişlər verilib. Onlardan 4269 nəfəri, yəni 87 faizə yaxını həmin göndərişlər əsasında münasib iş yerləri ilə təmin olunublar. Yarmarkalarda 462 nəfər əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, 229 nəfər isə ödənişli ictimai işlərə cəlb edilib.

Azərbaycan əhalisinin sayı 9 milyon 676,5 min nəfərə çatıb

27.11.2015

Oktyabr ayının 1-nə olan məlumata görə, Azərbaycan əhalisinin sayı 9 milyon 676,5 min nəfərə çatıb. İlin əvvəlindən 83,5 min (0,9 faiz) nəfər artım olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əhalinin 53,1 faizi şəhər, 46,9 faizi isə kənd sakinləridir. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.

Ötən 9 ayda ölkədə 123,3 min körpə doğulub və əhalinin hər min nəfərinə bu göstərici 17,3 təşkil edib. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə 41 min ölüm halı qeydə alıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi 5,9-dan 5,7-dək azalıb.

Həmin dövrdə qeydiyyat şöbələrində 51 min nikah və 9,6 min boşanma qeydə alınıb. Əvvəlki ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 8,9-dan 7,1-dək azalıb, boşanmaların sayı isə eyni səviyyədə (1,3) qalıb.

Bu dövrdə Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları Azərbaycana daimi yaşamaq üçün 2038 nəfər gələn və 820 nəfər ölkədən gedən qeydə alıb.

Hava Hücumundan Müdafiə Qoşunlarının təlimləri

27.11.2015

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələri təlim çərçivəsində hazırlıq vəziyyətinə gətirilib. Döyüş şəraitinə maksimal yaxın vəziyyətdə qəfil həyəcan siqnalı ilə qaldırılan şəxsi heyətin döyüş qabiliyyəti, praktiki bacarığı, eləcə də döyüş vasitələrinin tətbiqi imkanları yoxlanıb.

Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, təlim mərkəzində Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş tapşırığını yerinə yetirməsi “Osa” 9A33BM-3 zenit-raket komplekslərinin istifadəsi ilə həyata keçirilib. Şəxsi heyət hava məkanını pozan şərti düşməni aşkarlayaraq izlənməyə götürüb və təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı kiçik həcmli, aşağı yüksəklikdə, qrup halında uçan hədəflər raket zərbələri ilə dərhal məhv edilib.



hhq1

Belarus səfərində nələr olub?

30.11.2015

belarus 1
Noyabrın 28-i Minskdə 4 Azərbaycan-Belarus sənədi imzalanıb: Azərbaycan Respublikasının prezidenti ilə Belarus Respublikası prezidentinin birgə bəyannaməsi; Azərbaycan Respublikası və Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında müqavilə; Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında protokol; Azərbaycan Milli Elmlər Akademiyası, Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası, Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında saziş.

Sənədlərin imzalanması mərasimindən sonra Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərə deyib ki, son illərdə qarşılıqlı əmtəə dövriyyəsi artır: “Keçən il onun həcmi 330 milyon dollara bərabər olub. Cari ildə də qarşılıqlı ticarətin həcmi, demək olar ki, əvvəlki səviyyədə saxlanılıb. Həm də bu göstərici bizim qarşılıqlı fəaliyyətimizin mövcud potensialına dəlalət edir. Axı ölkələrimizin imkanları çox genişdir. Biz istehsal kooperasiyası və iri infrastruktur layihələrinin həyata keçirilməsi, investisiyaların cəlb edilməsi və bir sıra başqa sahələrdə əməkdaşlığın fəallaşdırılması perspektivlərini müzakirə etdik. Hər iki tərəf birgə istehsal güclərini artırmaqda, Azərbaycanda yığılan texnikanın model sırasını genişləndirməkdə, habelə Azərbaycanda yerli detallardan və dəstləşdirmə materiallarından istifadə edilməklə yeni kooperasiya istehsalatları yaradılmasında maraqlı olduğunu bildirib.

Belarus Respublikasının coğrafi mövqeyini, onun Avrasiya İqtisadi İttifaqının üzvü olmasını nəzərə alaraq hesab edirik ki, Belarusda Azərbaycan xammalının, yarımfabrikatların emalı üzrə kooperasiya istehsalatları yaradılması, sonradan üçüncü ölkələrin, o cümlədən Avropa İttifaqının bazarlarına çıxmaq perspektivli istiqamətdir. Bu və digər istiqamətlərin müfəssəl işlənməsi üçün Belarus və Azərbaycan hökumətlərinə müvafiq tapşırıqlar veriləcək”.

Prezident İlham Əliyev qeyd edib ki, iki ölkə qarşılıqlı ticarətə daha artıq diqqət yetirməlidir. Müştərək istehsalatlar yaradılmasının yaxşı tarixi olduğunu vurğulayan prezident deyib ki, iqtisadi əlaqələrin möhkəmlənməsi, biznes strukturlarının fəal qarşılıqlı əlaqəsi üçün çox möhkəm siyasi baza var.

Transparency.az bildirir ki, dövlət başçısının Belarusa səfərə zamanı nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdə Aleksandr Lukaşenko Azərbaycana Avrasiya İqtisadi İttifaqına daxil olmaq çağırışı edib: “Azərbaycan Belarusun etibarlı dostu və tərəfdaşı olub, indi də belədir. Biz dostluğumuzu yüksək qiymətləndiririk. Əgər bu, Sizin xeyrinizə olarsa, biz Avrasiya İqtisadi İttifaqında Sizin maraqlarınızın təmin olunmasına eyni dərəcədə səmimi və açıq kömək etməyə hazırıq”.

Tehranda İran-Azərbaycan müzakirələri

30.11.2015

tehran 1
SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri noyabrın 28-i İranda səfərdə olub, bu ölkənin neft müqavilələri ilə əlaqədar Tehranda keçirilmiş konfransda iştirak ediblər. Rəsmi məlumata görə, konfransda İranın neft naziri Bijən Zəngənə, İran prezidentinin hüquqi məsələlər üzrə müavini Elham Əminzadə, neft nazirinin müavini, Milli Neft Şirkətinin (NİOC) prezidenti Röknəddin Cavadi açılış çıxışları ediblər.

Tədbirdə İranın neft-qaz yataqlarının işlənməsi proqramlarının həyata keçirilməsi və hasilatın artırılması, neft-qaz sənayesində investisiya imkanları məsələlərinə dair çıxışlar, təqdimatlar olub. İran neft sənayesinin mövcud vəziyyətini, imkanlarını və potensialını əhatə edən 50-dən artıq yeni neft-qaz layihəsinin təqdimatı keçirilib.

Rövnəq Abdullayev Bijən Zəngənə və Röknəddin Cavadi ilə görüşlər keçirib. SOCAR-ın prezidenti şirkətin Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi layihələr, o cümlədən “Şahdəniz” layihəsinin işlənməsinin ikinci mərhələsi üzrə aparılan işlər barədə məlumat verib. Görüşlər zamanı İranda həyata keçirilməsi planlaşdırılan potensial layihələr haqqında fikirlər səsləndirilib, müzakirələr aparılıb. Layihələrin həyata keçirilməsi üçün müvafiq hüquqi və kommersiya şərtlərinin vacibliyi, sərmayələrin qorunması, münbit investisiya mühitinin təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. SOCAR və NİOC arasında bir sıra istiqamətlər üzrə, o cümlədən əlverişli coğrafi mövqeyi nəzərə almaqla neft-qaz həcmlərinin svap əməliyyatları, neft-qaz treydinqi məsələləri, hər iki ölkədə və üçüncü ölkələrdə kəşfiyyat və hasilat layihələri, neft-kimya layihələri üzrə mümkün əməkdaşlıq istiqamətləri geniş müzakirə edilib.

Rusiya-Türkiyə iqtisadi müharibəsində kim uduzacaq?

30.11.2015

qubad beyİqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirləri nəzərdə tutan 28 noyabr fərmanını şərh edib. Transparency.az-ın məlumatına görə, ekspert qeyd edib ki, fərmanın icrası iki ölkə arasında enerjidən turizmə, ticarətdən inşaata qədər bütün layihələrə mənfi təsir göstərəcək: “Bazara girişinə baryer yaradılacaq malların siyahısında toxuculuq malları və meyvə-tərəvəzə geniş yer ayrılması gözlənir. Rusiya Türkiyə vətəndaşları üçün vizasız rejimi də ləğv edib. Yeni qaydalara görə, Türkiyə vətəndaşları hətta viza alacağı halda Rusiyada 30 gündən çox qala bilməyəcək. Bu xüsusilə Rusiyanın inşaat bölməsində çalışan türklərin məşğulluğuna mənfi təsir göstərəcək. Rəsmi məlumata əsasən, 2015-ci ildə 67 min Türkiyə vətəndaşı Rusiyada çalışmaq izni alıb. Qeyri-rəsmi məlumatlara görə isə Rusiyada, əsasən də inşaat bölməsində, 90 min Türkiyə vətəndaşı işləyir. Ümumiyyətlə, Rusiya Türkiyə vətəndaşlarının xaricdə iş aldığı ikinci ölkədir. Bu siyahıda Türkmənistan liderlik edir, Azərbaycan isə ilk beşliyi tamamlayır.


Yüklə 455,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə