“Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğu haqqında
Əsasnamə”nin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan
Respublikası Qanununun 17-ci maddəsinə əsasən Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğu haqqında
Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 3 avqust 2005-ci il
№ 148
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
2005-ci il 3 avqust tarixli 148 nömrəli qərarı
ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğu haqqında
Ə S A S N A M Ə
I. ÜMUMİ MÜDDƏALAR
1.1. Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğu (bundan
sonra-Qoruq) səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini (palıd,
ağyarpaq qovaq, akasiya, titrək qovaq ağacları, Qafqaz nəcib maralı, çöl donuzu,
süleysin, çöl pişiyi, qırqovul, qaratoyuq və s.), o cümlədən Kürətrafı tuqay meşə
landşaftını təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin
gedişini öyrənmək məqsədilə yaradılmış təbiəti mühafizə və elmi tədqiqat idarəsi
statusuna malik ərazidir.
1.2. Qoruğun ərazisi Azərbaycan SSR Nazirlər Sovetinin 1978-ci il 2 mart tarixli
76 nömrəli və 1979-cu il 28 noyabr tarixli 467 nömrəli qərarları ilə müəyyən olunmuş
və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 99s nömrəli
sərəncamı
ilə
Ağstafa
rayonunun
meşə
fondu
torpaqları
hesabına
genişləndirilmişdir.
1.3. Qoruq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və
qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin normativ hüquqi aktlarını və bu
Əsasnaməni rəhbər tutur.
1.4. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”
Azərbaycan Respublikasının Qanununa əsasən Qoruğun təşkili üçün ayrılmış torpaq
sahələri onun daimi istifadəsinə verilir.
1.5. Qoruğun ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət
ərazilərinə aiddir və bu əraziyə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir.
1.6. Məqsədli istifadəsinə və hüquqi rejiminə görə Qoruğun torpaqları təbii
qoruq təyinatlı torpaqlara daxildir.
1.7. Qoruğun torpaqlarından, habelə onun hüdudlarında olan sudan, bitki və
heyvanlar aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağandır.
1.8. Qoruğun torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən
qorumaq məqsədi ilə həmin ərazilərin sanitariya-mühafizə zonaları müəyyən edilir. Bu
zonaların müəyyən edilməsi və rejim qaydaları “Xüsusi mühafizə olunan təbiət əraziləri və
obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsi ilə müəyyən
olunmuş formada həyata keçirilir.
[1]
1.9. Qoruq dövlət büdcəsindən, yerli büdcələrdən, büdcədənkənar vəsaitlərdən,
ətraf mühitin mühafizəsi üzrə fondların vəsaitləri hesabına və qanunvericilikdə
qadağan edilməyən digər maliyyə mənbələrindən maliyyələşdirilir.
1.10. Qoruğun idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarənin
xüsusi fondu və vəsaitləri ola bilər. Bu fondun və vəsaitlərin yaradılması
və onlardan istifadə qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən müəyyən edilir.
1.11. Qoruğun pasportu Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi tərəfindən hazırlanır. Pasportda Qoruğun əhəmiyyəti, adı,
yerləşdiyi yer, yaranma tarixi, torpaqdan daimi istifadə hüququnu təsdiq edən
sənədin qeydiyyat nömrəsi və tarixi, mühafizə olunan ərazinin xarakteristikası, onun
ümumi görünüşünün sxemi, qorunan nadir fauna və flora növləri, fəaliyyət
prosesində aparılan dəyişikliklər barədə qeydlər öz əksini tapmalıdır. Bu ərazinin
pasportu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində
dövlət qeydiyyatına alınmaqla Qoruqda saxlanılır.
[2]
1.12. Qoruqda təbiət qoruq fondunun vəziyyətinin qiymətləndirilməsi və
proqnozlaşdırılması, bu ərazinin perspektiv inkişafı şəbəkəsinin müəyyən edilməsi,
mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədilə
xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı aparılır.
1.13. Qoruq müstəqil balansa, Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi tərəfindən verilən dövlət mülkiyyətində olan əmlaka, üzərində
Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri olan, Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qoruğun adı əks olunmuş möhürə,
müvafiq blank və ştamplara, xəzinə hesablarına, bayraq və emblemə malikdir.
II. QORUĞUN YARADILMASININ MƏQSƏDLƏRİ
2.1. Qoruğun yaradılmasının məqsədləri aşağıdakılardır:
2.1.1. genetik fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin və təbiət
komplekslərinin və obyektlərinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədilə
təbiət ərazilərinin mühafizəsini həyata keçirmək;
2.1.2. elmi tədqiqatları təşkil etmək və aparmaq, “Təbiət Salnaməsi”ni tərtib
etmək;
2.1.3. ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi çərçivəsində ekoloji
monitorinqi həyata keçirmək;
2.1.4. təsərrüfat obyektlərinin və digər obyektlərin yerləşdirilməsi layihələrinə
və sxemlərinə dair dövlət ekoloji ekspertizasında iştirak etmək;
2.1.5. ətraf mühitin mühafizəsi sahəsində elmi kadrların və mütəxəssislərin
hazırlanmasına kömək etmək.
III. QORUĞUN XÜSUSİ MÜHAFİZƏ REJİMİNİN XÜSUSİYYƏTLƏRİ
3.1. Qoruğun ərazisində xüsusi mühafizənin vacib tədbirlərindən başqa,
aşağıdakılar qadağan edilir:
3.1.1. bina və qurğuların, ümumi istifadə üçün yolların, boru kəmərlərinin və
digər kommunikasiya xətlərinin tikintisi;
3.1.2. geoloji-kəşfiyyat və müxtəlif axtarış işlərinin aparılması;
3.1.3. kənd təsərrüfatının, sənayenin, hidroenergetikanın, su nəqliyyatının və
digər təsərrüfat ehtiyaclarının suya olan tələbatının ödənilməsi üçün yerüstü və
yeraltı sulardan istifadə edilməsi;
3.1.4. oduncaq tədarükü, ikinci dərəcəli meşə ehtiyatları tədarükü, meşədən
əlavə istifadə və ovçuluq təsərrüfatının ehtiyacları üçün meşədən istifadə;
3.1.5. bitki aləmindən təsərrüfat məqsədilə, habelə biçənək və otlaq kimi istifadə
edilməsi;
3.1.6. ov və balıq və digər su bioresurslarının ovu, habelə ov və balıqçılıq
obyektlərinə aid edilməyən heyvanların təsərrüfat məqsədilə istifadə edilməsi və
ovlanması;
[3]
3.1.7. ətraf mühitə hər hansı kimyəvi, bioloji və fiziki təsirin tətbiq edilməsi;
3.1.8. kolleksiyaların toplanması, xüsusi icazə olmadan bitki və heyvanları təbii
mühitdən ayırmaqla elmi tədqiqatların keçirilməsi;
3.1.9. xüsusi icazə olmadan Qoruğun ərazisində olmaq;
3.1.10. təbiət komplekslərini pozan və təbiət obyektləri üçün təhlükə yaradan
hər hansı digər fəaliyyət.
3.2. Elmi tədqiqat idarələrinin əməkdaşları, aidiyyəti ali məktəblərin müəllim
və tələbələri Qoruğun iş planı üzrə elmi tədqiqat işləri aparmaq, elmi təcrübə
keçmək və digər müvafiq işlər görmək üçün əraziyə Qoruq direktorunun razılığı
əsasında buraxılırlar.
IV. QORUĞUN MÜHAFİZƏSİ
4.1. Qoruğun mühafizəsi onun mühafizə xidməti tərəfindən həyata keçirilir. Bu
işə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən
vəzifəyə təyin və vəzifədən azad edilən Qoruğun direktoru və mühafizə işləri üzrə
direktor müavini öz səlahiyyətləri daxilində rəhbərlik edirlər.
4.2. Qoruğun mühafizə xidməti aşağıdakı hüquqlara malikdir:
4.2.1. Qoruğun ərazisində və onun mühafizə zonasında xüsusi mühafizə
rejimini pozanların sənədlərini yoxlamaq, nəqliyyat vasitələrini saxlamaq,
qanunvericiliklə müəyyən edilmiş qaydada nəqliyyat vasitələrini, ov alətlərini, əldə
edilmiş məhsulları və başqa əşyaları yoxlamaq, hüquqpozmaya səbəb olmuş alət,
cihaz və digər əşyaları, qanunsuz əldə olunmuş məhsulları, habelə müvafiq sənədləri
götürmək;
4.2.2. Qoruğun ərazisində və onun mühafizə zonasında xüsusi mühafizə olunan
təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyi pozmuş, cinayət və ya inzibati
xəta törətmiş şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada saxlamaq, onları
hüquq mühafizə orqanlarının sərəncamına vermək;
4.2.3. Qoruq ərazisindən istifadə qaydalarının, həmin ərazilərin mühafizə
rejiminin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati xəta
haqqında protokollar tərtib etmək; 4.2.4. Qoruğun ərazisində və onun mühafizə
zonasında mühafizəsi və istifadəsi sahəsində pozuntu hallarını aradan qaldırmaq
haqqında icrası məcburi olan göstərişlər vermək və digər tədbirlər görmək.
V. QORUĞUN MÜHAFİZƏSİNƏ, QORUNMASINA VƏ İSTİFADƏSİNƏ
DÖVLƏT NƏZARƏTİ
Qoruğun vəziyyətinə, mühafizəsi, qorunması və bərpası üzrə tədbirlərin yerinə
yetirilməsinə, qanunvericilikdə nəzərə tutulmuş qaydalara və tələblərə əməl
olunmasına dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi həyata keçirir.
VI. QORUĞUN ELMİ TƏDQİQAT FƏALİYYƏTİ
6.1. Qoruq bütün təbiət komplekslərini təbiətin etalonları kimi saxlamaqla
yanaşı, habelə bu komplekslərdə təbii proseslərin elmi cəhətdən öyrənilməsini
həyata keçirir.
6.2. Qoruğun elmi tədqiqat fəaliyyəti il boyu stasionar müşahidələrin və çoxillik
kompleks tədqiqatların təşkili yolu ilə həyata keçirilir və ekoloji şəraitin
proqnozlaşdırılması, təbiətin mühafizəsinin elmi əsaslarının hazırlanması, canlı
orqanizmlərin genofondunun qorunub saxlanılması, təbii ehtiyatların bərpası və
səmərəli istifadəsi məqsədilə təbiət komplekslərinin, ayrı-ayrı təbiət obyektlərinin və
təbii proseslərin dinamikasının öyrənilməsinə yönəldilir.
6.3. Qoruq elmi tədqiqat işlərinin təşkili və aparılması məqsədilə elmi işçi
ştatları ilə təmin olunur və bu işə Azərbaycan Respublikasının ekologiya və təbii
sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Qoruğun
direktorunun elmi işlər üzrə müavini öz səlahiyyətləri daxilində rəhbərlik edir.
6.4. Qoruqda elmi tədqiqatlar kənar təşkilatlar və ayrı-ayrı mütəxəssislər cəlb
edilməklə də aparıla bilər.
6.5. Qoruqda müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif,
tədris tədbirlərinin həyata keçirilməsi və ekoloji maarifləndirmə işinin təşkil edilməsi
məqsədilə Şura yaradıla bilər. Şuranın tərkibi və Əsasnaməsi Azərbaycan
Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir.
6.6. Qoruğun elmi və herbari fondları yaradılır və həmişəlik saxlanılır.
6.7. Qoruğun elmi əsərlər çap etdirmək hüququ vardır.
6.8. Qoruqda elmi tədqiqat işində əldə edilmiş nəticələrin məqsədi:
6.8.1. region üçün xarakter olan nadir və nəsli kəsilmək təhlükəsi qarşısında
qalan bitkilərin və heyvanların təbii bərpasını təmin etmək;
6.8.2. heyvan və bitki ehtiyatlarının qorunub saxlanılmasının, çoxaldılmasının
və səmərəli istifadə edilməsinin elmi əsaslarını işləyib hazırlamaq;
6.8.3. Qoruğun tələbatına uyğun olaraq biotexniki tədbirləri həyata keçirmək,
meşə ehtiyatlarının və faunanın uçotunu aparmaq;
6.8.4. Qoruğun ərazisində təbiət komplekslərinin təbii halda saxlanılmasını
təmin
edən
tədbirləri,
təbiət
kompleksləri
komponentlərinin
faydalı
məhsuldarlığının
qiymətləndirilməsi
və
yüksəldilməsi
metodlarını
işləyib
hazırlamaq;
6.8.5. iqlimləşdirmə məqsədilə bitki və heyvanların introduksiya edilməsi ilə
ayrı-ayrı heyvan növlərinin sayının elmi cəhətdən əsaslandırılmış normadan artıq
çoxaldılmasına yol verməmək; 6.8.6. zərərli heyvan və alaq otlarına qarşı mübarizə
metodlarını, ilk növbədə bioloji metodları işləyib hazırlamaq;
6.8.7. su rejimində, torpağın və bitki örtüyünün xassələrində, heyvanların
sayında
və
bitkilərin
(fitosenozların)
məhsuldarlığında
dəyişikliklərin
proqnozlaşdırılması və həmin dəyişikliklərin səbəbini öyrənmək;
6.8.8. təbiətdə cərəyan edən proseslər haqqında sistemləşdirilmiş faktiki
materiallar toplamaq və nəzəri nəticələr hesabına elmi bilikləri zənginləşdirmək;
6.8.9. Qoruğun hüdudlarından kənarda, təsərrüfat məqsədləri üçün istifadə
edilən ərazilərdə eyni və ya oxşar bioekoloji metodları işləyib hazırlamaq.
6.9. Elmi tədqiqatların aparılması metodları qoruq rejiminin tələblərinə zidd
olmamalıdır. Aparılan işlərin nəticəsi olaraq hazırlanmış elmi təkliflər tətbiq oluna
bilər.
6.10. Qoruğun elmi tədqiqat işlərini, görəcəyi elmi, elmi-texniki və sair
tədbirləri hər təqvim ili üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin təsdiq etdiyi və maliyyələşdirdiyi planlar üzrə onun elm
şöbəsinin işçiləri, Qoruqla bu sahədə əməkdaşlığı Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi müqavilələr əsasında müvafiq
profilli elmi tədqiqat idarələri və ali məktəblər ilə həyata keçirirlər.
VII. QORUĞUN FƏALİYYƏTİNİN TƏŞKİLİ
7.1. Qoruğun strukturu, ştat cədvəli və xərclər smetası Azərbaycan
Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir. 7.2.
Qoruğa direktor rəhbərlik edir.
7.3. Direktor Qoruğun fəaliyyətinə görə şəxsən məsuliyyət daşıyır.
7.4. Direktor aşağıdakı səlahiyyətlərə malikdir:
7.4.1. Qoruğun işinə ümumi rəhbərliyi həyata keçirir və onun fəaliyyətində
qanunvericiliyin tələblərinə əməl olunmasını təmin edir;
7.4.2. təbiəti mühafizə, elmi tədqiqat və biotexniki planların layihələrinin
hazırlanmasını təşkil edir, onların müvafiq qaydada təsdiq edildikdən sonra yerinə
yetirilməsini təmin edir;
7.4.3. Qoruqda elmi tədqiqat işlərinin planlarının, tapşırıqların gedişi haqqında
müvafiq şöbələrin və ayrı-ayrı əməkdaşların hesabatlarını dinləyir;
7.4.4. Qoruğun ixtisaslı kadrlarla komplektləşdirilməsini təşkil edir, onların
ixtisaslarının artırılması istiqamətində tədbirlər görür;
7.4.5. Qoruğun mühafizə rejimi, elmi tədqiqatların və onların tətbiqinin
nəticələri haqqında hesabatları, habelə maliyyə-təsərrüfat fəaliyyəti barədə
mühasibat, maliyyə və statistika hesabatlarını müəyyən olunmuş qaydada aidiyyəti
üzrə təqdim edir;
7.4.6. Qoruğun maddi-texniki təminatına ümumi rəhbərliyi həyata keçirir;
7.4.7. Qoruğun fəaliyyətinə aid olan məsələlərlə əlaqədar məhkəmələrdə çıxış
edir, müvafiq prosessual hüquq və vəzifələri həyata keçirir;
7.4.8. Qoruğun Şurasının fəaliyyətinə rəhbərlik edir;
7.4.9. Qoruğun nomenklaturuna daxil olan işçiləri vəzifəyə təyin edir və
vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada
həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
7.4.10. Qoruğun elmi tədqiqat işlərinin tematik planı əsasında elmi işçilərin iş
planlarını təsdiq edir;
7.4.11. qeyri-hökumət və dövlət təşkilatlarında Qoruğu vəkalətnaməsiz təmsil
edir;
7.4.12. Qoruğun fəaliyyəti ilə əlaqədar əmr, sərəncam və göstərişlər verir.
7.5. Qoruğun bütün işçiləri qoruq rejiminin pozulması hallarının qarşısının
alınmasında mühafizə işçilərinə kömək göstərməlidirlər.
7.6. Qoruğun təbiət ərazilərindən və obyektlərindən istifadə etməsi qanunla
nəzərdə tutulmuş hallarda ödənişli ola bilər.
7.7. Əhali və ictimai birliklər Qoruğun mühafizəsinə dair təkliflərini verə bilər.
Bu təkliflərə Qoruq tərəfindən baxılır.
7.8. Qoruğun ərazisi və obyektləri hər hansı fiziki və hüquqi şəxslərin
hüquqlarına və maraqlarına xələl gətirmədən Azərbaycan dövlətinə məxsusdur və
özgəninkiləşdirilə bilməz. 7.9. Qoruğun hüquqi və fiziki şəxslərin idarəçiliyinə,
istifadəsinə və icarəsinə verilməsi qadağandır.
7.10. Qoruq rejiminin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
7.11. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında
qanunvericiliyin pozulması nəticəsində Qoruğa vurulmuş zərər Azərbaycan
Respublikasının Mülki Məcəlləsində və təbiətin mühafizəsi ilə bağlı digər
qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada ödənilir.
7.12. Qoruqda mühafizə rejimini həyata keçirən işçilərə xidməti vəzifələrini
yerinə yetirərkən xüsusi geyim forması daşımaq, Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq xidməti silah saxlamaq və gəzdirmək hüququ verilir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
20 noyabr 2006-cı il tarixli 242 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 994)
2.
17 oktyabr 2014-cü il tarixli 334 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan” qəzeti, 25 oktyabr 2014-cü il, № 232, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1304)
3.
25 iyun 2015-ci il tarixli 242 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 809)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
17 oktyabr 2014-cü il tarixli 334 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan” qəzeti, 25 oktyabr 2014-cü il, № 232, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1304) ilə “Azərbaycan Respublikasının Qarayazı
Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”nin 1.8-ci bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1.8. Qoruğa bitişik olan torpaq və su sahələrində mühafizə zonaları müəyyən edilə bilər. Bu
zonaların torpaqlarında xüsusi mühafizə olunan təbiət ərazilərinin təbiət komplekslərinə və
obyektlərinə zərərli təsir göstərən hər cür fəaliyyət qadağandır.
[2]
20 noyabr 2006-cı il tarixli 242 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 994) ilə
“Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”nin 1.11-ci
bəndində “hüququna dair Dövlət aktının” sözləri “hüququnu təsdiq edən sənədin” sözləri ilə əvəz
edilmişdir.
[3]
25 iyun 2015-ci il tarixli 242 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 809) ilə
“Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”nin 3.1.6-cı
yarımbəndində “ balıq ovu” sözləri “ balıq və digər su bioresurslarının ovu” sözləri ilə əvəz
edilmişdir.
Dostları ilə paylaş: |