I FƏSİL
MƏMMƏD ARAZ YARADICILIĞINDA FOLKLOR OBRAZLARI
1.1. Folklor məsələlərinə baxış
Ötən əsrin əllinci illərinin ortalarından başlayaraq Azərbaycan ədəbiyyatında sovet dövrünün tələblərindən fərqli olan, yeni məzmunlu, insanın psixoloji düşüncəsi, daxili narahatlığı, “milli mən”inin taleyi, keçmişə münasibəti, azad durumu, fərdi və ümumi baxışları əks olunan əsərlər meydana çıxırdı. Ədəbiyyatımıza yeni nəfəs, yeni məzmun gətirən ədəbi qüvvələr içərisində Anar, Elçin, Mövlud Süleymanlı, Sabir Əhmədov, Fikrət Qoca, Ramiz Rövşən və başqa yazarların təşəbbüskarlığı nəzər-diqqəti cəlb edirdi. Belə yazarlardan biri də xalq yaradıcılığından bəhrələnən, folklor ənənələrini gözə çarpan və çarpmayan qəliblərdə ədəbiyyata gətirən, yazıları nağıllar və bayatılar qədər şirin olan, yadda qalan Məmməd Araz idi. Müasir oxucu tərəfindən ən oxunaqlı, ən çox sevilən şairlərdən olan Məmməd Arazın yaradıcılığı rəngarəng və təkrarsızdır. Məmməd Araz poeziyasının bu qədər şirinliyi və ecazkar qüvvəyə malik olması, ilk növbədə, duyduğu, yaşadığı gözəlliklərin xalq ilə təmasından qaynaqlanmış, xalq yaradıcılığı süzgəcindən keçərək ələnmiş, arıdılmış duyğu düzümündə təqdim olunması ilə əlaqədardır. Düşünmək olar ki, məhz xalqın içindən çıxan, onun kəndlisi, çobanı, maldarı ilə oturub-duran, nənələrin şirin nağılları ilə yuxuya gedən, xoruz banı ilə yuxudan qalxan, ciyərlərinə tərtəmiz dağ havasını çəkən bir insanın duyum və düşüncə tərzi məhz belə təmiz və aydın ola bilərdi.
Şairin uşaqlıqdan göz açıb gördüyü nənəsinin cəhrəsi, babasının qılıncı, xışı idi. Cəhrə cırıldadıqca nənəsi gah nağıl danışar, gah da nəğmə oxuyardı. Babası xışın qulpundan yapışıb yer şumladıqca holavar deyərdi. Bu nağılların sehri, ecazkar qüvvəsi şairin yol yoldaşına, məslək sirdaşına çevrilir, bir an da olsa, onu tərk etmir, yaradıcılığına işıq tutur, şeirlərinə bir şirinlik, həzinlik gətirir, ona şeiriyyət aləmində bələdçilik edən kitaba dönürdü. Şair “Nənəmin kitabı” şeirində bu böyük xəzinəni belə xatırlayırdı:
Könül nə danışdı, nə dedi mənə-
Uçdu körpəliyə xəyalım yenə…
Durdu gözlərimdə ixtiyar nənəm,
Vüqarı dağ nənəm, saçı qar nənəm…
Elə bil saçımı darayırdı o,
Qəlbimi, fikrimi arayırdı o.
Duyurdu üzünə dikilən baxış,
Deyir ki, ay nənə, bir nağıl danış… (17, 21)
Məmməd Araz vətənə, xalqımızın adət-ənənəsinə, söz xəzinəsinə bağlı olan, bu sonsuz maraq və məhəbbətini yaradıcılığında dəfələrlə ürək yanğısı ilə qələmə alaraq, bu incəlikləri yetişməkdə olan nəsillərə ötürməyə çalışan sənətkarlardan idi. Azərbaycan dilinin şirinliyinə, ənənəvi adətlərə, folklor qaynaqlarında qorunub saxlanılmış xalq müdrikliyinə dərindən bağlılığı onu içəridən tərpədir, bu axına qoşulmağa vadar edirdi. Şairin anası Cahan xanımın, atası İnfil kişinin təbirincə desək, “Mahmud qızının” sinəsi ağız söyləmələri ilə dolu idi. Anasının söyləmələri uşaqlıqdan Məmmədin hafizəsinə köçür, onun gələcəkdə bir vətəndaş, bir xalq sənətkarı kimi yetişməsinə öz müsbət təsirini göstərirdi. Təsadüfi deyildir ki, şairin ilk kitablarından biri anasına həsr edilmiş “Anamdan yadigar nəğmələr” adı ilə məşhurlaşıb müasir ədəbiyyatımızın tarixində özünəməxsus yer qazanmışdır.
Şairin yaradıcılığını diqqətlə izlədikdə məlum olur ki, bütün həyatı boyu xalqın yaratdığı müdriklik çesməsinin təşnəsi olan Məmməd Araz bu çeşmənin sərin sularından heç vaxt ayrıla bilməmiş, ona görə də yetkinlik çağlarında nəşr etdirdiyi ən sanballı poemasını «Atamın kitabı» adlandırmışdır. Məmməd Araz yaradıcılığında qazandığı uğurlara görə valideynlərinə, nənə-babalarımıza, atalarımızdan yadigar qalan mənəviyyatımıza və əvəzedilməz söz xəzinəsi olan folklorumuza borclu olduğunu dəfələrlə açıqlamışdır. Ümumilikdə ədəbiyyatı bayatı, holavar, dastan, nağıl, əfsanə, lətifə, zərb-məsəllərsiz təsəvvürünə gətirə bilməyən Məmməd Araz folklordan kifayət qədər yararlanaraq sonradan öz şeirlərində yeri gəldikcə həmin mənbələrdən yaradıcı şəkildə istifadə edə bilmişdir. Şair 1973-cü ildə “Aşıq Ələsgər yüksəkliyi” məqaləsində yazmışdı: - “Ələsgər mənim ilk poeziya əlifbam, ilk ədəbiyyat müəllimim olub. Aşıq Ələsgər “kursunu” mənə ilk dəfə heç bir əlifba-hərf tanımayan savadsız anam oxuyub. O, darayıb cəhrənin yanına yığdığı əlçim yunu iyə düyünlər, cəhrəni fırladıb səsini yoxlar və yoluna davam edərdi… Əvvəl sinəsində gumuldanan nəğmə yavaş-yavaş avaz alar, cəhrənin səsini batırardı:
Axşamdan yağan qar çıxıbdı dizə,
Kəsilib bulaqdan yolu qızların” (21, 60).
Məmməd Araz məqalədə Aşıq Ələsgərdən öyrəndiyini qeyd etməklə yanaşı, həm də aşığın söz və saz sənətinin yüksək qiymətini verməyə çalışmışdır. Şair yetmiş iki saz havası olmasına baxmayaraq, Aşıq Ələsgərin sintez yolu ilə yüzdən artıq hava çala bilməsi haqqında məlumat vermiş, onun qoşmalarının bədii xüsusiyyətlərindən maraqlı detalları oxucular ilə bölüşdürmüşdür.
Məmməd Arazın əsərləri şifahi xalq ədəbiyyatından gələn motivlər, nağıllar, ədəbi üsullar, atalar sözləri, məsəllər, aşıq poeziyası şəkilləri ilə zəngindir. Bu zənginlik şairin təkcə poeziyasında deyil, həmçinin publisist yazılarında da özünü qabarıq şəkildə göstərir. Təsadüfi deyildir ki, Məmməd Araz yaradıcılığının böyük bir hissəsini təşkil edən bu məqalələrdə xalqa, vətənə, torpağa bağlılıq kimi tərbiyəvi, əxlaqi keyfiyyətlər aşılanmaqla yanaşı, folklor nümunələri və motivlərindən geniş istifadə edildiyinin də şahidi oluruq. Odur ki, şairin publisist yazılarından bir neçəsi haqqında burada məlumat verməyi məqsədə müvafiq hesab edirik.
Şairin 1967-ci ildə qələmə aldığı “Naxçıvan albomu” məqaləsində çox maraqlı və Naxçıvan ərazisində uşaqdan böyüyə hamının bildiyi bir əfsanə ilə tanış oluruq. Bu əfsanə əzazil padşah Dağ Yunisin adı ilə ilə bağlıdır. Dağ Yunis öz zalımlığı ilə Naxçıvanda və ətraf ərazilərdə ad çıxarmışdır. Söyləyirlər ki, Dağ Yunisin atının ayaq izləri və özünün vahiməli səsinin əks-sədası hələ də dərələrdə gizlənib qalır. Müəllif yazırdı: “Dağ Yunis bu torpaqda 300 il hökmranlıq etmişdir. Xalq isə min illər boyu zamanın hökmdarlarından gördüyü zülmün çoxunu ümumiləşdirib onun adına yazmışdır...
...Dağ Yunisə qarşı üsyanlar, çıxışlar olmuş, qəhrəman oğulların çoxu onunla vuruşmada ad qazanıb, əfsanə qəhrəmanı olmuş, ona gücü çatmayan nər igidlərin bəziləri də “qeybə çəkilib” daş heykəllərə dönmüşlər; gələcək illərin birində məqam tapıb baş qaldıracaq və intiqam alacaqlar” (15, 5).
Məmməd Arazın həmin süjeti məqaləsinə gətirməkdə məqsədi nə idi? Çox qəribə nüanslar bizi qədim zamanlara aparır. Əfsanə ilə tanışlıqdan sonra müəllifin qəlbindəki arzuların, xeyirxahlıq missiyasının müasirlərinə və gəncliyə bir ağsaqqal nəsihəti xarakteri daşıdığının şahidi oluruq. Əfsanə belədir: “Qədim zamanlarda Təmleyxa və Yunus adında iki çoban var idi. Bunlar qoyun-quzu otarırdılar. Bir gün dostlar bulaq başına enirlər. Təmleyxanı yuxu aparır, o yatır. Yunus da qoyunları sağıb, südü qoyur bulağa sərinləsin. Yunus görür ki, Təmleyxanın burnundan bir milçək çıxdı, onların yanında olan daş kələyin içərisinə girdi. Xeyli keçəndən sonra milçək yenidən daş kələyin içindən çıxıb Təmleyxanın burnuna girir. Yunus Təmleyxanı oyadır. Təmleyxa bildirir ki, yaxşı yuxu görürdüm. Düşmüşdüm süd gölünə, göldən çıxdım, gördüm bu daşın altında qızıl var. Axşam dostlar evlərinə gedirlər. Ancaq Yunus yata bilmir, durub Təmleyxa göstərdiyi daşın yanına gəlir, daşın ətrafını qazıb ordan çoxlu pul tapır. Səhər Yunus çobanlığa getməkdən imtina edir, Təmleyxa çobanlığa tək getməli olur.
Yunus tezliklə varlanıb, şan-şöhrət sahibi olur. Təmleyxaya xəbər verilir ki, Yunus padşahın qızı ilə evlənir, onu da toya çağırır. Təmleyxa toya getmək istəməsə də, qonşuların təkidi ilə getməli olur. Yunus öz dostunu toyunda görüb onu yanından buraxmır. Bir müddət keçəndən sonra xəbər yayılır ki, padişah ölübdür. Əvvəlcə padşahın öz əcəli ilə öldüyünü düşünən insanlar gec də olsa, padşahın Yunus tərəfindən zəhərləndiyindən xəbərdar olurlar. Yunusun məqsədi hakimiyyəti ələ keçirmək, taxta-taca sahib olmaq idi. Belə də olur. Yunus şahlığı ələ keçirir, Təmleyxanı da vəkil təyin edir. Yunusun yavaş-yavaş gözünü qan örtür, iştahı çoxalır. Çoxlarının ürəyinə dağ çəkir. Ona Dağ Yunus, yəni ürəklərə dağ çəkən Yunus deyirlər. Çox keçmir ki, Yunus, hətta allahlıq iddiasına düşür. Deyir ki, burada yaşayanların hamısının Allahı mənəm. Kim mənə itaət etməsə, mənim allahlığıma şübhə ilə yanaşsa, yox desə, boynu vurulacaqdır. Hər gün yüzlərlə adam öldürülür. Təmleyxa Dağ Yunusun hərəkətlərinə dözə bilmir, özü ilə altı nəfər də götürüb Dağ Yunusun zülmündən qaçıb dağların qoynunda bir mağaraya sığınır. Bu mağara “Əshabi-Kəhf” adlanır” (39,70). Əfsanə haqqında müqəddəs kitabımız “Qurani-Kərimin “Əl-Kəhf” (Mağara) surəsində” (116, 293) də məlumat verilir. Göstərilir ki, bu sağlam əqidəli, imanlı gənclər Allah tərəfindən sevilib mükafatlandırılır. Gənclər mağarada 309 il yatdıqdan sonra oyananda qısa bir zaman içərisində yatdıqlarını zənn edərək ərzaq dalınca şəhərə adam göndərirlər. Onların istifadə etdikləri pul Diqyanusun (Dağ Yunus Qurani-Kərimdə belə adlanır - N.M.) zamanından qaldığına görə şəhər əhlində çaşqınlıq yaradır. “Gənclər isə uzun müddət yatdıqlarını bildikdən sonra yenidən mağaraya qayıdıb Allaha yalvarır və orada qeyb olurlar” (120, 39). O zamandan da gənclərin qeyb olduqları mağara müqəddəs bir məkana - ziyarətgaha çevrilir.
Şair yolüstü gördüyü Narbənd ağacı haqqında da danışır, bu müqəddəs ağacın nəslinin kəsilməkdə olduğunu yana-yana oxuculara xatırladır. Naxçıvanda tək-tük qalmış Narbənd ağacı son günlərini yaşayır, elə bil taleyin amansız rəftarı ilə barışaraq ömrünün sonlarında insanlara yaxşılıq etmək, sərinlik vermək istəyir. Adamlar isə onun qol-budağını kəsib doğrayıblar. Bu yaxşılığa qarşı pisliyin, təbiətə, yaşıllığa, təbii sərvətlərə qarşı ögey münasibətin kökündə nə dayanırdı?-Təbii ki, müəllif Naxçıvanda aparılan quruculuq işlərini də görürdü, onu alqışlayırdı, amma bununla bərabər ürəyini ağrıdan məsələlərdən yanaraq söhbət açır, babalardan qalan yadigarlara sədaqətli olmağı, onları qorumağı tövsiyə edirdi:
- “Yoldaş memar! Sizinlə söhbət etdikdə babalar, nakam babalar yadıma düşür. Yazıqlar texnikanın, elmin kasad olduğu bir dövrdə dırnaqları ilə yer qazıb, su tapıblar. Naxçıvan kimi suyu olmayan bir şəhəri kəhriz sularına qərq ediblər. Su haqqında yaranmış bu nəğmə də illər boyu dildən-dilə keçmişdir:
Sərindi, səlamətdi,
Buzludu, qiyamətdi.
İç suyu, çıxsın başa.
Gör nə əlamətdi” (15, 8).
Narahat şairin dərdinin üstünə dərd qoyan tarixi yadigarların baxımsızlıqdan məhv olmasıdır. Min illərlə insanlara həyat, sərinlik bəxş edən kəhrizlər artıq yoxa çıxmış, gözləri tutulmuş, quyuları uçub dağılmış, bəziləri yeni tikilən çoxmərtəbəli binaların altında itib batmışdır. Bu hələ harasıdır? Məmməd Araz yayın ən isti vaxtında 1967-ci ilin iyul ayının 23-də belə bir mənzərənin şahidi olur. Şəhər camaatı yayın istisindən qorunmaq, həm də müalicə məqsədi ilə yaxınlıqdakı Sirab dağına gedib Sirab suyunda yuyunmaq, bu sudan içib şəfa tapmaq istəyirlər. Ancaq milis işçiləri yolları kəsib, maşınları saxlayır, sürücülərin sənədlərini alır, özlərini də geri qaytarırlar. Şair bir milis leytenantından soruşur:
- “Yoldaş leytenant, bu maşınları niyə saxlayırsınız?
- Dağa gedirlər.
- Niyə gedirlər?
- Nə bilim, istirahətə, kefə!
- Bəs neynəsinlər? Şəhər ətrafında əylənmək üçün bir yer varmı?
- Yoxdur... o bizim işimiz deyil” (15, 13).
Müəllif, əslində, dövrün xüsusiyyətlərinə görə deyə bilmirdi ki, adamları maşınlardan endirib pambıq tarlalarında işləməyə aparırdılar. Axı hər kəsin öz işi olmalıydı, pambıqçı pambığını becərməli, xəstə müalicəsini almalı, müəllim də yay tətilində istirahət etməliydi. Bəla burasında idi ki, raykom katibləri hakimi-mütləq idi, insanlar ilə istədikləri kimi rəftar edirdilər. Şair müraciət olunası yer tapa bilmir, Dağ Yunusun hekayəsini xatırlatmaqla, Dağ Yunus zülmünün bu yerlərdə davam etdiyini sətiraltı mənalarda oxucuya çatdırmaq istəyirdi. Təbiətə, cəmiyyətə qarşı olan bu hücum, bu dağıdıcılıq, insafsızlıq şairin publisistikasında bir etiraz notası kimi səslənirdi. Şair həm də yeni Təmleyxaların doğulacağına inanırdı, çünki Təmleyxa kimi zülmə qarşı çıxanların Allah yanında mərtəbəsi uca idi. Kimsə allahlıq iddiasına düşərsə, ona qarşı olmaq, onun zülmünə boyun əyməmək ucalıq əlamətidir, müqəddəslik əlamətidir. Təmleyxa və yoldaşları da Dağ Yunusun zülmünə qarşı çıxdıqlarına görə Allah tərəfindən “seçilmişlərdən” oldular. İndi də gənclərin qeyb olduğu Əshabi-Kəhf dağında insanlar bu yeddi kimsəni xatırlayır, onları ziyarət edir, dua oxuyur, onların adına qurban kəsirlər, Dağ Yunusu isə lənətləyirlər.
Müəllif sovet quruluşunun “hakimi-mütləqlərini” də tarixdən ibrət almağa çağırır, ”Süleymana qalmayan dünya kimsəyə qalmaz” (25, 598 ) – deyirdi. Təqribən, otuz ildən sonra, doğrudan da, sovet quruluşu dağıldı, “hakimi-mütləqlər” də ölüm dənizində qərq oldular, onlardan bir iz, nişanə qalmadı, ancaq kəhrizlər də dağılıb sıradan çıxdı, Narbənd ağacı da acı taleyini yaşadı, hətta müəllif özü də əbədiyyətə qovuşdu. Ancaq şairin xatirəsi Təmleyxanın xatirəsi kimi əzizdir, unudulmazdır, hər zaman yada salınır, xatırlanır, ziyarət edilir.
Məmməd Araz “Aman ovçu, vurma məni” (21,191), “Ceyranı hürkütmək hünər iş deyil” (21,216) adlı məqalələrində keçmişə nəzər salır, ana təbiətin qoynunda harayı dağları-daşları lərzəyə gətirən nadir ceyran, cüyür, maral növlərinin nəslinin kəsilməsinə yönəlmiş “soyqırıma” yox deməyə çağırırdı. Bu çağırışına cavab almayan, zalım ovçuların, insafsız “insanəlli, insanayaqlı, canavar başlı adamların” bərədən keçən maralları necə “dənlədiklərindən” dəhşətə gələn şair öz üzərinə yeni bir missiya götürərək yazırdı: “İlahi, bu necə dəhşətdi, “kaş yuxu olaydı!”- deyirəm. Əsrin dərin yuxusuna getmiş insafı qalmışları səslədim. “Çox yatmışıq, dedim, - belə getsə, yuxudan ayıla bilməyəcəyik. “Görüm ayılmaya gec ayılanlar”. Mən özüm də qundağa yatdım. Bu vəzifəni də öz üzərimə götürdüm:
Balalı ceyrana, zahı marala,
Tuşlanan gözlərə güllə tuşlayam” (21,196).
Göründüyü kimi, Məmməd Arazın publisist yazılarının əksəriyyətində folklor izləri müşahidə edilməkdədir. “Bahar düşüncələri”(21,176), “Nur xonçası” (21,197) məqalələrində şair Novruz bayramı ilə əlaqədar öz fikir və düşüncələrini dilə gətirir, adət və ənənələrimizi xatırlayır, əmək nəğmələrinin, holavarların yaranmasından danışır, Səməngül, Tərgül, Gülsənəm, Gülyaz, Gülçöhrə, Güllü kimi qız adlarının az qala unudulması halına gəldiyi nigarançılığını yaşayırdı.
Şairin “Sözün yaşı, sazın yaşı” (21, 70) məqaləsi böyük sənətkar Aşıq Şəmşirin səksən illiyi ilə əlaqədar olaraq 1973-cü ildə yazılmışdır. Məqalədə Aşıq Şəmşirin yaradıcılığına işıq tutulur, sənətkarın yaradıcılığındakı xalq ruhunun doğmalığından, aşıq poeziyasının incəliklərindən, Aşıq Ələsgər irsinə sədaqətindən söhbət açılır. Aşıq Şəmşirin böyüklüyü ondadır ki, özündən əvvəl yazılmış yüzlərlə dastanı, ölçülü-biçili şeirləri öz rəngi, öz forması ilə, yüzə qədər saz havasını öz ahəngi ilə yaddaşına köçürüb bu günə gətiribdir, üstəlik özünün yeni nəğmələrini də həvəslə oxuyur. Məmməd Arazın fikrincə, “Aşıq Şəmşirin sözü və sazı qoca sənətkarı sağlığında sənətin əbədiyyət dünyasına qovuşdurmuşdur” (21, 72).
“Kür qovuşur Salyana” (14, 29) məqaləsi yeddi hissədən ibarətdir: “Kürün nəğməsi”, “Birinci katiblə müsahibə”, “Cavan, toyun mübarək”, “Torpaq dərsi”, “Bol məhsul uğrunda”, “Vəlican məhəbbəti” və “Kür qovuşur Salyana”. Məqalə ayrı-ayrı süjetlər əsasında qurulsa da, bütün hissələrdə folklor elementlərindən geniş istifadə edilibdir. “Kürün nəğməsi” hissəsində Kürün gur sulu çay olduğundan danışan şairin kükrəyib daşdığı zamanlar ətrafa dəyən ziyana görə Kürü qınayanlara cavabı belədir: “Onun dilini tap - üstündən körpü versin, onun dilini tap - çevrilib səhranın məcnun geyimini al qumaşa döndərsin. Onun dilini tap - “Qızıl balıq nağılı”nı (121, 37-65; 122, 316-318) nağıllıqdan çıxartsın. Kürün nə günahı var ki…
Bu dünyada kələğay yox, kətan yox,
Sinəm buta, müjgan oxun atan yox.
Sərxoş durub bir nəzakət satan yox,
Heç sövdəgər fayda bulmaz bu yerdə” (14, 29).
Məqalənin daha çox oxunaqlı, daha çox folklor ilə əlaqələndirilmiş hissəsi “Vəlican məhəbbəti” adlanır. Məqalədə Boyat kəndindən olan gənc şair Soltan Abbasın Məmməd Araza söylədiyi Vəlican adlı bir igidin məhəbbəti haqqında dastandan danışılır. Soltan Abbas bildirir ki, dastanı 103 yaşlı atası danışmışdır.
Vəlican Cənubi Azərbaycandan Muğana gələn ovçudur. Ceyran sürüsünü qovub yorulan ovçu burada könlünün ovu ola biləcək bir gözəl qıza rast olur və ona vurulur. Vəlican ipək qarılara dərdini deyir, müdrik qocalardan imdad diləyir. Beləliklə, Vəlicanla bu yerlərdə çox məşhur olan, varlı bir bəyin qızının eşq macərası dillərə düşür. Söz gedib bəyə çatır. Bəy Vəlicana hədə-qorxu gəlirsə də, onun təqsirini qəribliyinə bağışlayır. Vəlican cənuba, doğulduğu əyalətə qayıdıb həmin əyalətin ağasından kömək diləyir. Ağa da ona bir yaxşı at verib, yeddi nökərini də atlandırıb ona qoşur. Vəlicanın məqsədi sevdiyi bəy qızını qaçırmaq idi. Lakin Vəlican çox yubanmışdı, artıq gec idi. Qızı başqasına ərə verirdilər. Gecikdiyini başa düşən, həm də el adətinə hörmətlə yanaşan Vəlican və dostları geri dönməyi də ar eləyib, qılınclarını yerə sancıb Boyat kəndinin qonşuluğunda Ballıcalı kəndinin bünövrəsini qoyurlar.
Şair bu əfsanənin tarixi həqiqətə söykəndiyini xatırla-dır. Soltanın atası demişkən, onların kəndinin “bünövrəsi əsl məhəbbətdən, Muğana məhəbbətdən qoyulub”. Bu məhəbbəti bu yurda Vəlican gətirib, Vəlicanın davamçıları mərd yaşamalı, ondan ibrət almalıdırlar. Məqalənin sonuncu hissəsində Məmməd Araz Kür gözəlinə müraciət edərək: “Kür gözəli, dara zülfün, sal yana. Sənin gur sevgini bir gənc sinəsinə sıxıb. Ah çəkmə, Kür üstünün körpüləri çoxdur. Kür nə qədər daşır daşsın, o gəlib vədə gününə çatacaq. Əvvəlcə Kür məhəbbət, sonra gur məhəbbət, sonra da toyunuza səpilən gül məhəbbət olacaqdır” (14, 47) – deyir.
Məmməd Araz ölkənin gəzdiyi, gördüyü hər qarışının tarixini, etimologiyasını öyrənir, nağıl və rəvayətləri yazıya alır, onu bu günümüzlə əlaqələndirməyə çalışırdı. Aparılmış tədqiqatlar nəticəsində məlum olur ki, şairin eşitdiyi nağıl və əfsanələri məqalələrinin leytmotivinə çevirməsində məqsədi bu ibrətamiz əhvalatların ilk növbədə yaddaşlara köçürülməsinə vasitəçi olmaqdır. Digər tərəfdən şair hər bir əhvalatın, nağılın, əfsanənin həmin yerin toponomikasının, etnoqrafiyasının, ərazidə yaşayan toplumun genetik xüsusiyyətlərinin öyrənilməsində çox böyük əvəzsiz mənbə olmasını dərk edirdi. Bu anlamda folklor materiallarının Məmməd Araz yaradıcılığında yer alması təqdirəlayiq hadisə kimi qiymətləndirilməlidir.
1.2. Əsərlərində əfsanə süjet və motivlərinin təcəssümü
Məmməd Araz şifahi ədəbiyyatın, klassik və müasir poeziyamızın ən mütərəqqi ənənələrinin layiqli davamçısı idi. O, parlaq istedada malik olmaqla bərabər, xalqın adət-ənənəsinə diqqətlə yanaşan, folklor nümunələrini yaradıcılığında novatorcasına işlətməyi bacaran, folklora qırılmaz tellərlə bağlı sənətkar idi. Şair mövzu axtarışında folklora daim diqqət göstərmiş, bu zəngin xəzinədən öz dünyagörüşünə, ruhuna uyğun gövhərləri seçib götürmüşdür. Şair dostu “Məmməd Aslana” müraciətlə yazırdı:
“Könül ayrılmayır haça gədikdən,
Baxışı, duruşu köhnə əlikdən.
Hərdənbir xəbər ver o köhnəlikdən:
O dağlarda itən izimdən mənim” (18, 260).
Şairin səmimi olaraq tərənnüm etdiyi o köhnəlik, əslində həmişə təzə-tər olan xalq yaradıcılığı idi. Bu baxımdan Məmməd Araz poeziyasının xalq yaradıcılığından qidalandığını tədqiqatçı Aytək Abdullayeva “Məmməd Araz poeziyasında folklor” məqaləsində belə mənalandırmışdır: “Xalq sənətindən yaradıcı surətdə bəhrələnən, bu həmişəsərin bulaqdan su içən şairlərdən biri Məmməd Arazdır” (5, 184). Göründüyü kimi, köhnəliyin, qədim adət-ənənələrin yaşadılmasının, xalqın həyatının, məişətinin, işinin onun folklor yaradılıcığı ilə birlikdə öyrənilməsini arzulayırdı. Məmməd Araz həmişə xalqın içərisində olmuş, babalardan bizə əmanət qalan nağılları, dastanları, hikmətli sözləri şərəflə yaşatmağa çalışmışdır. Xalqın həyat, yaşayış, məişət tərzini dərindən öyrənən və təbliğ edən Məmməd Arazın yaradıcılığı xalqın taleyi ilə qoşa addımlayırdı. Şair həm şeirlərində, həm də publisist yazılarında bu ənənəyə sədaqətli qalmış, yeri gəldikcə foklor süjetlərindən istifadə etmiş, diqqətəlayiq mövzuları gündəmə gətirmiş, müasirlərinə keçmişdən “ibrət dərsi alın” deməyə çalışmışdır.
Məmməd Araz uşaqlıq çağlarından iliyinə işləyən xalq yaradıcılığına olan istək və marağını öz poeziyasında dəfələrlə nümayiş etdirmişdir. Əfsanə süjetləri əsasında yazdığı “Ərim gəldi” qayası” (18, 101), “Altı qızın biri Pəri” (18, 110), “Görüşməmiş dostlar” (17, 34) şeirləri və “Yeddi bulaq əfsanəsi” (20, 38) poeması və s. bu cəhətdən xarakterikdir.
Məmməd Araz gözəl Qarabağın ən səfalı guşəsi olan Şuşaya gəlmiş, “Ərim gəldi” qayasını görüb xəyala dalmışdır. Şair “Ərim gəldi” qayası haqqında olan rəvayəti eşidib, nənəsini xatırlamış, qayanın ətrafında olan daşları ərini gözləyən gəlinlərə bənzətmişdir.
“Ərim gəldi” qayası Şuşada çox da hündür olmayan, dik bir yerdir. Rəvayətə görə, ərləri uzaq məmləkətlərə səfərə çıxan və ya çörək dalınca gedən qadınlar bu dikə qalxıb buradan uzaqlara baxar, ərlərinin yolunu gözləyərmişlər. Uzaqdan bir adam gəldiyini görəndə “ərim gəldi, ərim gəldi” - deyib sevinən gəlinlər gələnin əri olmadığını biləndə bu qayanın ətrafında gözləyə-gözləyə daşa dönüblər. Müəllif bu daşlaşmış gəlinləri səsləyib danışdırmış, onları sorğu-suala tutmuş, Azərbaycan qızlarının acı taleyinə acıyıb, onlara hayan olmaq, sirdaş olmaq, dərddaş olmaq, qardaş olmaq istəmişdir:
“Bir əlləmə tulazlamaq istəyirəm,
Qədim daşlar aləminə.
Bəlkə də daş sualımdan daşlar dinə:
- Ərin hara, gedib bacı?
Ərin niyə gedib, bacı?” (18, 102)
Aydın olur ki, kiminin əri “xan qızına lələk üçün”, kiminin əri “Kəbəyə bir dilək üçün”, biri “Qəsri-Qacarın” küncünü qızdırmağa, biri qan batırmağa, biri də Həcərin harayına gedibdir və bu gəlinlər də onların yolunu gözləyə-gözləyə daşa dönüblər:
Daşlar dinir acı-acı...
Həyatımda mən ilk dəfə,
Daş xoruna qulaq asdım,
Daş xorunun naləsini lentə yazdım:
- Ərim gedib: ehtiyac bir yola gələ!
- Ərim gedib: qanlı köynək ola gələ!
- Ərim gedib: xan qızına lələk üçün!
- Ərim gedib: Kəbəyə bir dilək üçün! (18, 102)
Bu gəlinlər hər səhər “ərim gəldi” - deyib o dik qayanın yanına qaçırdılar, amma heç biri “ərin gəldi!” harayını eşitmədi. Qisməti, taleyi daşa dönmüş, nahaq döyüşlərdə ərləri həlak olan, ərini gözləyə-gözləyə qarıyan Azərbaycan qızlarının acınaqlı taleyi şairi narahat edirdi. Şair fikirləşirdi ki, bu, “tarixin utancı” olmalıdır. Çox qəribə, təzadlı bir səhnə ilə rastlaşırıq. “Ərim gedib” deyən daş gəlinlərin heç biri “ərim gəldi” deyə bilməsələr də, bu dik qayanın adı “ərim gəldi” qayası adlanır. Daş gəlinlər yüz illərdir yol gözləyirlər, bəlkə nə vaxtsa ərləri gələ bildi...
Belə yazılardan biri də xalq ədəbiyyatından qaynaqlanan “Altı qızın biri Pəri...” (18, 110) şeiridir. Erkən gənclik çağlarından Pəri haqqında eşitdiyi əfsanələr, mahnılar şairi rahat buraxmamış, onun qulaqlarında cingildəyib yolunu dəyişdirmiş, xatirələr bulağına aparmışdır. Bulaq su dodağı ilə pıçıldamışdır ki, Pərinin gülüşləri, öpüşləri məndə qalıbdır. Şair xatirə dəftərini vərəqləyib, qırıq-qırıq sətirləri yadına salmağa çalışmışdır. Şeirin lirik qəhrəmanının ilk dəfə gördüyü, arxasınca at çapdığı, lakin yarı yolda itirdiyi Pəri özgəsinə qismət olmuşdur. Lirik qəhrəman bir də Pərini görəndə artıq Pəri o Pəri deyildi, sınıxmışdı, solmuşdu:
Altı qızın biri Pəri
Heyif, onu atıb əri.
Altı qızın biri nədi,
Pəri nədi, əri nədi...
O zamandan yas tutmuşam,
Neçə kərə
ağlamışam bu nəğməyə.
Qulağımı
bağlamışam bu nəğməyə (18, 111).
Lirik qəhrəman indi nə qədər ağlasa, qulaqlarını bu nəğməyə bağlasa da, vicdanının səsini eşitməyə bilmir, çünki insanın içərisində bir bəsirət gözü vardır ki, gözlərini yumsan da, görə bilirsən, qulağını tutsan da, eşidə bilirsən. O səsin sədaları, o işığın şüaları heç vaxt səni rahat buraxmaz, tutar, silkələyər, ömrünün sonuna qədər yandırıb yaxar.
“Altı qızın biri Pəri” şeiri tamamilə xalq yaradıcılığından qidalanaraq yazılmışdır. Fikrimizcə, bu mənbələrdən də birinin “Əsli və Kərəm” dastanında altı qızla bağlı söylənən əhvalat olduğuna şübhə yeri qalmır. Dastanda göstərilir ki, Kərəm Əslinin ardınca diyarbədiyar gəzərək gəlib Qeysəriyyə şəhərinə çıxır. Burada Qeysəriyyə sultanının bacısı Hüsniyə xanım tərəfindən Kərəm imtahana çəkilir. Hüsniyə xanım Kərəmə üz tutaraq deyir ki, “İndi sənin gözlərini bağlayıb qarşından hamısı bir boyda olan altı qız keçirəcəyəm, onları tanıya bilsən, doğrudan da, haqq aşığı olduğuna inanaram.” Belə də olur. Kərəm sazı götürüb qızları bir-bir nişan verir:
Altı qızın biri Banı,
Altı qızlar, altı qızlar!
Bizə məhəbbətin hanı?
Altı qızlar, altı qızlar!
Altı qızın biri İnci,
Gözəllikdə lap birinci.
Qoynunda iki turuncu,
Altı qızlar, altı qızlar!
Altı qızın biri Püstə,
Dərdinnən olmuşam xəstə.
Qoy qədəmin sinəm üstə,
Altı qızlar, altı qızlar!
Altı qızın biri Ceyran,
Olum gözlərinə heyran.
Sizlə kaş sürəydim dövran,
Altı qızlar, altı qızlar!
Altı qızın biri Xədcə,
Qəddi əlif, beli incə.
Gözəl görməmişəm səncə,
Altı qızlar, altı qızlar!
Altı qızın biri Bəsdi,
Gözləri canımın qəsdi.
Bu dərdlər Kərəmə bəsdi,
Altı qızlar, altı qızlar” (57, 153-154).
Kərəmin qarşısında Pəri adlı qız keçirilməsə də, amma altı qız keçirilir. Digər bir xalq nəğməsində isə altı qızdan birinin adı Pəridir, qalan beş qız; Gözəl, Göyçək, Bahar, Fatma, Nisədir. Hər iki nümunədə altı rəqəmi xüsusi olaraq vurğulanır, amma Pərinin adı keçən bənddə isə Pəri adı daha da mühüm mahiyyət daşıyır, nəqarət rolunu oynayır:
Altı qızın biri Gözəl,
Könlüm onu sevdi əzəl.
Ellər gülün dərib getdi,
Bizə qaldı quru xəzəl.
Altı qızın biri Bahar,
Özü bahar, sözü bahar.
Oğrun-oğrun baxışları,
Ürəyimi oda yaxar.
Altı qızın biri Fatma,
Qaşları var çatma-çatma.
Bu sevdaya tutulandan,
Mən yatmıram, sən də yatma,
Altı qızın biri Pəri,
Qulac-qulac hörükləri.
Bulaq üstə sabah-sabah,
Canım alar işvələri.
Altı qızın biri Göyçək,
Yanağında yumru birçək.
Nə müddətdir görüşmürük,
Həsrət bizi öldürəcək.
Altı qızın biri Nisə,
Neyləmişəm məndən küsə?
Bir sözümdən incisə də,
Könlüm yenə onu istər”(131).
Pəri sözündə bir qeyri-adilik vardır. Pəri mələk, ilahi bir gözəl anlamında geniş yayılmış məfhumdur. Adətən bəni-insandan qaçan, təsadüflər nəticəsində nağıl qəhrəmanlarının gözünə görünən su pəriləri bəzən dəryadan çıxar, günəşin ilıq şüaları altında daranardılar. Pərilərin gözəlliyi qarşısında huşunu itirən nağıl qəhrəmanları bu gözəlliyi unuda bilmirdilər. Təsadüfi deyildir ki, çox zaman gözəl qızları Pəri adlandırardılar. Beləliklə, Pəri dilimizdə insan adına çevrildi, əfsanə, nağıl, dastan qəhrəmanı oldu. “Qurbani”, “Alıxan-Pəri”, “Xan Çoban” dastanlarının da baş qəhrəmanı Pəridir. Pəri gözəllik, saflıq, təmizlik, paklıq ilahəsidir (36; 48; 51; 53; 101). Azərbaycan dilinin izahlı lüğətində “Pəri” sözünün izahı belə verilir: Pəri; 1.Əsatirlərdə cinlərin çox gözəl və cazibəli qadın şəklində təsəvvür olunan qismidir. 2.məc. mənada gözəl, məsum, xoşxasiyyət qadın və ya qız haqqında deyilir (34; 35).
“Bilmirəm mələksən, mələkzadəsən,
Yoxsa ki, bəşərsən, bəşərzadəsən.
Ver içəyim, yar, əlindən badə sən,
Ərəstun içirdi loğmana, Pəri” (117, 90).
Qurbani
Pəri adının XVIII - XX əsrlərdə yaşamış digər Azərbaycan şairlərinin yaradıcılıqlarında da tez-tez işləndiyinin şahidi oluruq:
“Boyun sürahıdır, bədənin büllur,
Gərdənin çəkilmiş minadan, Pəri.
Sən ha bir sonasan güda düşübsən,
Bir bölük yaşılbaş sonadan, Pəri (151, 45).
M.P.Vaqif
“Həcər sənin doğma qızın, Aşıq Pəri övladındır.
Nər şahinlər oğulların, gənclik sənin qanadındır”(137,67).
N.Rəfibəyli
“Şimdi sənsiz xəstə könlüm sərsəri,
Dolaşıyor durur qürbət elləri.
Ey məni bir dəfə güldürən pəri,
Ağlar neçin qoydun illərcə məni?” (75, 42)
Ə.Cavad
“Nə lüzum var dəlil, sübut bulmaya?
Mən hazıram sənin qulun olmaya.
Heç deyildir gözlərin də bəşəri;
İnandım ki, sən pərisən, sən pəri”! (75, 51)
Ə.Cavad
Türkiyə Respublikasının İstanbul Kültür Universitetinin müəllimi, professor, doktor İskəndər Palanın tərtib etdiyi “Divan şeiri sözlüyü ensiklopediyası”nda “Pəri” sözünün izahı belə verilmişdir: “Cinlərin dişilərinə verilən ad. Bunları görən olmadığı üçün çox gözəl və cəzbedici olduqlarına inanılır. Pərilər cadu ilə ortaya çıxa bilərlər. Çeşmə, bulaq, hamam kimi yerlər pərilərin yurdu sayılır. İnsanlardan qaçar və gözə görünməzlər. Bəzi insanları özlərinə aşiq etmələri və müxtəlif görüntülər ala bilmələri, bir görünüb bir qeyb olmaları və s. xüsusiyyətləri ilə sevgilinin xüsusiyyətlərini daşıyarlar” (163, 369).
“Altı qızdan biri Pəri”dən danışıq getdiyindən 6 (altı) rəqəmi haqqında da ətraflı məlumat verməyi əhəmiyyətli hesab edirik. Altı rəqəmi qeyri-adidir. Altı rəqəminin həndəsi ifadəsi heksaqramdır. İki üçbucaqlının birləşməsindən yaranan heksaqramın üçbucaqlarından biri yuxarı, digəri isə aşağı baxır. Tarixi mənbələrdən gələn bilgilərə görə, miladdan 800 il öncə yaşayan Həzrəti Davudun qalxanında heksaqramın təsviri əks olunmuşdur. Müxtəlif təbiət hadisələrində də heksaqramla rastlaşırıq. Belə ki, bal arılarının toxuduğu şanların, tək-tək yağan qar dənəciklərinin qeyri-adi formaları vardır. Bu forma heqsaqramın kənarlarının birləşdirilməsi ilə ortaya çıxan heqsaqon şəklindədir.
Heksaqram altı rəqəmini simvolizə edir. Altı isə məhəbbətin, sağlamlıq və gözəlliyin, uğurun əlaməti kimi qəbul olunmuşdur. Kainatda tarazlığın saxlanılması da altıya nisbətdə təmsil edilmişdir. Günəşin 6 (altı) şüasının olması, 6 (altı) keçməli üçbucağın mövcudluğu, 6 (altı) sivri ulduzun varlığı rəqəmin qeyri-adiliyinin göstəricilərindəndir. Gecə və gündüzün 6 (altı) dönəmi, dünyanın 6 (altı) gündə yaradıldığı Tövrat (148) və Quranda (116) bəşərə xəbər verilmişdir. Qədim türk əsatirlərində Oğuz xanın altı oğlunun iki pəridən doğulması haqqında da məlumat verilir. Oğullardan Gün, Ay, Ulduzun bu pərilərin birindən, Göy, Dağ, Dənizin isə digər pəridən doğulduğu göstərilmişdir. Oğuz xanın altı oğlunun da altı nişanlısı vardır. Dənizin nişanlısı pəridir. Dəniz ilə pərinin sevgisi reallıqda artıq qəbul edilməkdədir. Hazırda dənizlərdə su pərilərinin olması faktı elm tərəfindən təsdiq edilmişdir.
Məmməd Arazın “Altı qızın biri Pəri” şeirində gözəl Pərinin nağıl və dastanlardan fərqli olaraq qədrinin bilinməməsini, əri tərəfindən atılmasını qəbul edə bilməyən lirik qəhrəmanda Pəriyə qarşı məhəbbət oyanır və bu ülvi sevgi ilə Pəriyə pərilik məqamı geri qaytarılmış olur. Həm də şair altı qızdan birinin Pəri olmasını xüsusi olaraq vurğulayır. Altı qız seçilmişlərdəndir. Seçilmiş qızların içərisində Pərinin özünəməxsus yeri vardır. Şairin də Pəriyə qarşı qeyri-adi sevgisi əsərin ümumi ruhunda hiss olunur. Pəriyə olan bu sevgi əsərin sonunda onun yenidən hər anlamda gözəllik mücəssəməsinə çevrilməsinə, könlünə vurulmuş yaraların sağaldılmasına kömək etmək məramına yönəlmişdir. Eyni zamanda Pəriyə qarşı oxucunun qəlbində də bir sevgi hissi yaranır. Pəri vəfalı, sədaqətli, yüksək əxlaqi məziyyətləri ehtiva edən gözəllik ilahəsi olaraq unudulmur.
Məmməd Arazın əfsanə süjetləri əsasında yazdığı əsərlərindən biri də iki çobanın həyatından müəyyən fraqmentləri əks etdirən “Görüşməmiş dostlar” şeiridir. Şirin təhkiyə yolu ilə nağılvari söylənən şeir yazıldığı zamanın tələblərindən yanaşdıqda sosialist həyat tərzinin tərənnümünə həsr edilmiş minlərlə bu formalı bədii parçalar kimi ilk baxışda diqqətdən kənarda qalır. Sanki burada şair iki həyat tərzini, iki baxışı, iki ayrı-ayrı sistemləri müqayisə etməklə, Arazın sol sahilində şimal tərəfdə yaşayan Baş Çoban Əmir dayının döşündən asılan qızıl qəhrəmanlıq nişanının parıltısı ilə gözləri qamaşdırmağa çalışırdı. Belə təsəvvür yaranır ki, baş çoban şaddır, xürrəmdir, çatdığı ocaq ilə öz sevincini, şadlığını sağ sahildə - cənubdakı dostu ilə bölüşmək istəyir:
Gecə vaxtı Böyükdüzdən,
Tələsik də keçsən əgər,
Qəlbin sənə bir anlığa,
“Qəlbsiz olma, dayan”-deyər.
Yaxşı baxsan sahil boyu,
Mürgüləyən lal gecəyə.
Görərsən ki, bir vadidə,
İki ocaq salmış iki
xal gecəyə (17, 34).
Arazın sağ sahilindəki çoban da ocaq yandırıbdır, ancaq çox fikirli-xəyallıdır. Bu çobanlar dostdurlar, onlar görüşməsələr də, söhbət edə bilməsələr də, dost olublar. Baxmayaraq ki, onların yaşayışında böyük fərqlər var, bəlkə də dünyagörüşləri də fərqlidir, ancaq bir-birlərini anlayır, başa düşürlər. İki ayrı-ayrı mühitdə yaşayan çobanların dostluğunun əsasında nə dayanır? Nədir bu insanları ortaq məxrəcə gətirən, birləşdirən? Şairin iki çobanı qarşılaşdırmaqda məqsədi nədir? Şeirin folklor qaynaqları ilə bağlılığı nədir? Bu sorğuları cavablandırmaq məqsədi ilə şeirdən daha bir parçaya müraciət edək:
Bəzən yayır tütəkləri,
Araz boyu Araz kimi,
İki qəlbin nidasını.
Bəzən onlar bir çalırlar,
“Gəl, ey Bənək” havasını (17, 35).
Artıq gün kimi aydındır ki, Məmməd Arazı da, ictimai mənşəyindən asılı olmayaraq, çobanları da birləşdirən “Gəl ey Bənək!” havasıdır. Məhz “Gəl ey Bənək!” havası şairin azadlıq eşqi və amalı ilə üst-üstə düşdüyünə görə çobanların ortaq məxrəcə gətirilməsində stimula çevrilir. Əslində çobanların istək və arzuları qollarındakı buxovlardan azad olmaqdır. Məmməd Araz da bunu istəyirdi. Elə buna görə də xalq yaradıcılığına dərindən bələd olan şair bu şeirdə zahirən sovet həyat tərzini tərənnüm etsə də, bircə kəlmə ilə “Gəl ey Bənək!” deyərək əsl məqsədini, məramını oxucuya çatdırmaq istəyirdi. Qanlı sovet rejiminin hələ çox möhkəm olduğu, otuzuncu illərin yaralarının hələ təzəcə qaysaqlamağa başladığı, göz yaşlarının tamamilə qurumadığı bir dövrdə azadlıq məramını dilə gətirmək inqilabi bir hərəkata bərabər sayılırdı. Sovet rejiminin cansıxıcı çərçivəsində nəfəsi təngiyən şair elə bir ifadə seçib işlədir ki, lazım gələndə özünü müdafiə imkanları öz əlində olsun. Bu məqsədlə, hətta indinin özündə də oxucuların çoxuna qaranlıq olan “Gəl ey Bənək!” havası haqqında daha ətraflı məlumat verməyi məqsədə müvafiq hesab edirik. Arazın sağ və sol sahilində ta qədim zamanlardan məşhur olan “Gəl ey Bənək!” havası Bənək adlı çoban itinin şərəfinə yaradılmış və oxunan mahnıdır. Bənək çox güclü, qorxmaz, canavarlarla döyüşdə həmişə qalib çıxan, sahibinə sədaqətli, qoyun sürülərinə etibarlı qoruyuculuq edən bir itdir.
“Belə söyləyirlər ki, çoban Bənəyi arxacda saxlayıb heyvanları dağa qaldırır. Yağılar çobanı silahsız və Bənəksiz görüb ona hücum edirlər, çobanı öldürüb heyvanları aparmaq istəyirlər. Yerdən-göydən ümidi üzülən çoban ölüm ayağında tütəkdə bir hava çalmaq arzusunu yağılara bildirir. Yağılar xeyli gülürlər və bir az da kefləri şad olsun deyə çobanın qollarını açıb tütək çalmasına icazə verirlər. Çoban tütəkdə “Gəl ey Bənək” havasını çalır:
Gəl ey Bənək, hey Bənək,
Qardaşımdan yey Bənək!
Haramı pisdi, Bənək!
Yolları kəsdi, Bənək!
Dağları aşdı, Bənək!
Qoyunu basdı, Bənək!
Qoyunu qaytar, Bənək!
Bizi də qurtar, Bənək!..
Tütəyin səsini eşidən Bənək özünü yetirib yağılar ilə döyüşə atılır, onları qanlarına qəltan eləyir, yağılar qaçırlar, çoban sürüsü ilə birlikdə xilas olur” (131).
Bənək mifləşdirilmiş qəhrəmandır. Müxtəlif bölgələrdə Bənəyin şərəfinə çoxlu rəvayətlər və əfsanələr də söylənməkdədir. 1968-ci ildə Əhliman Axundovun toplayıb tərtib etdiyi Azərbaycan Folkloru Antologiyasının birinci kitabında bu mahnı aşağıdakı şəkildə verilmişdir: “Çoban” havası və mahnısı çobanlar tərəfindən oxunur və tütəkdə çalınır. Bu mahnı da çox qədimdir. “Çoban” mahnısı qoyunlar və çobanın sədaqətli yoldaşı it (Bənək) üçün yaradılmışdır və “Çoban və Bənək” adlanır. Bu mahnıda da söz azdır. Lakin musiqisi çox təsirlidir:
Haramı gəldi,
Qoyunu basdı,
Bənək ha, a Bənək ha,
Bənək ha, a Bənək ha… (38, 14)
1983-cü ildə Təhmasib Fərzəliyev və İsrafil Abbasovun toplayıb tərtib etdikləri “Dünya uşaq ədəbiyyatı” seriyasından olan “El çələngi” kitabında Bənək haqqında mahnı “xalq tamaşaları” bölümündə səhnələşdirilmiş, rollara ayrılmış bir formada təqdim edilmişdir. “Salam əlik, say bəylər” adlanan sayaçı oyun-tamaşasının əsas iştirakçılarından biri də Bənəkdir. Bənək onun şərəfinə oxunan mahnının musiqisinə uyğun olaraq rəqs edir. Mahnı dəstəbaşı və xor tərəfindən ifa edilir:
Bənək ha, a Bənək ha,
Bənək ha, a Bənək ha (82, 221).
Bənək haqqında rəvayətlərdən biri də folklorşünas Ramil Əliyevin 2005-ci ildə çapdan çıxmış “Mif və folklor: genezisi və poetikası” kitabında verilmişdir. Müəllifin Oğuz rayonu, Daşağıl kənd sakini Əhməd Saat oğlundan topladığı “Qara itlə Bənək” adlı mifdə deyilir: “Keçmişdə bir çoban varmış, onun bir qara iti, qara itin də Bənək adlı balası. Çoban sürüləri qara itlə Bənəyə tapşırıb yatarmış. Qoyunlar sarıdan arxeyin olan çobanın gecə yarısı sürüsünə canavar (qarabalıq) dəstəsi daraşır. Qış vaxtı, soyux, tüpürsən yerə buz parçası düşərdi. Qoyun-quzu hürküp hərəsi bir tərəfə dağılıtdı diyənə onnarı ipə yavux gətirmək olmurdu. Qara it canavarın bir-ikisini yaraladı, sora canavarrar da hücum çəkib qara iti ölümcül yaraladı. İt zingildəyəndə çobanın helə bilərsən kin, ürəyi oyulurdu. Çoban bilmirdi köməyə kimi çağırsın. Bənək arxacda yatmışdı, xəvərdən xəvəri yoxuydu. Əlacsız çoban vəfalı dostu Bənəyi həblə çağırdı:
Qara it qana düşdü!
Quyruğu yana düşdü!
Aman, Bənək, gəl yetiş.
İşim yamana düşdü” (87, 58).
Deməli, şair Bənək obrazını “Görüşməmiş dostlar” şeirində təsadüfi işlətməmişdir. Bənək xalqın təxəyyülündə mifləşmiş qəhrəmanlıq, azadlıq simvoludur. Bu səbəbdən də hər iki çoban eyni vaxtda tütəklərində “Gəl ey Bənək” havasını çalırlar. Onlar bu milləti azad edəcək, tikanlı sərhəd məftillərini qırıb, ayrı düşmüş elləri birləşdirəcək, yüz illərdir Vətənin qan axıdan yaralarını sarıya biləcək əfsanəvi ağ atlı qəhrəmanı səsləyirlər. Təbii ki, o qəhrəman Bənək olmayacaqdır, ancaq kim olacaqsa, xalqın yaddaşında əbədi olaraq yaşayacaqdır. Şairin də arzusu, amalı bu qəhrəmana yetmək, o müqəddəs günü görmək idi. Bu arzu, istəyi qəlbində yandıra-yandıra şair 1957-ci ildə yazdığı “Arazın nəğməsi” şeirində yenidən Bənəyi xatırlamışdır:
De, hansı çağlardır çıxmır yadından?
Bəzən xəyallara dalırsan, Araz!
Bəlkə Xançobanın qəlbindən qopan,
“Bənək” havasına dalırsan, Araz (17, 159).
Beləliklə də, gətirdiyimiz nümunələrdən aydınlaşır ki, Məmməd Araz sovet dövründə yaşamasına baxmayaraq, həmişə əsərlərində xalq yaradıcılığına üstünlük vermiş, müxtəlif atalar sözləri, məsəllər, əfsanə, rəvayət və nağıl motivlərindən istifadə etmişdir. Həm də qeyd etmək lazımdır ki, şairin əsərlərindəki mətinaltı mətləbləri dərk etməkdə nə qədər folklorun önəmli rolu varsa, folklorun dərkində də Məmməd Arazın əsərləri o qədər əhəmiyyətlidir.
Məmməd Araz humanist şair idi. Eşitdiyi hər nağıl, əfsanə, lətifə, söhbət onun qəlbini narahat edir, fikirlərinə hakim kəsilir, bu əhvalatları öz içindən keçirərək münasibət bildirirdi. “Yeddi bulaq əfsanəsi”ni də müəllif ürəyinin süzgəcindən keçirdib, öz dərdi edəndən sonra poeziyasına gətirmişdir:
Üzərində dayandığım,
Su içdiyim yeddi bulaq,
Deyirlər ki, yeddi qızın,
Göz yaşından yaranmış, ah (20, 39).
“Yeddi bulaq”əfsanəsində deyilir ki, qədim zamanlarda bir çobanın yeddi gözəl qızı varmış. Bu qızlar ətraf yaylaqlarda, dağlarda gəzib dolaşar, gül-çiçək yığıb dəstə bağlayardılar. Hər qızın da özünün istəklisi var idi. Bir səhər qızlar yenə ətrafdakı dağlara gəzməyə çıxırlar, xeyli gəzib dolaşdıqdan sonra yeddi çiçək dərirlər. Bu xəbər zülmkar Şahmar bəyə çatır. Özünü mütləq hakim sayan, çoxdan çobanın qızlarını ələ keçirməyə çalışan Şahmar bəy belə bir fürsətdən yararlanmaq istəyir, qızlara mümkün olmayacaq xəbər göndərir. Bəy göstəriş verir ki, dərilən çiçəklər öz yerlərində bitməlidir. Əks təqdirdə, qızlar onun hüzuruna gəlib onun olmalıdırlar, yoxsa dar ağacından asılacaqlar. Nəql olunur ki, qızlar bu ağır hökmü bildikdən sonra xeyli ağladılar. Dərilən çiçəkləri yenidən bitirmək mümkün olmadığından, yeddi gözəl, bakirə qızın özlərini dağdan atmaqdan başqa çarələri qalmadı. Şahmar bəy kimi zalım bir adamın qarşısında baş əymək, namuslarını ləkələməkdən ölüm daha yaxşı idi. Mərd, cəsarətli, şərəfli yeddi qızın atıldıqları dağın ətəyindən yeddi bulaq çağlamağa başladı. Deyilənlərə görə, həmin bulaqlar yeddi bakirə qızın göz yaşlarından yaranmışdır.
Məhsəti İsmayıl “Naxçıvan əfsanələri” kitabında “Yeddi bulaq” əfsanəsinə münasibət bildirərək qeyd edir ki, “əfsanənin ideya məzmununda qızlar öz namuslarını qorumaqdan ötrü Tanrıya yalvarır, yüksək dağa sığınaraq aman diləyir, amansız düşməndən qorunmağın yeganə yolunu özlərini dağdan atmaqda görürlər. Burada baş verən ölümlər yox olmaq deyil, daha çox çevrilmə xarakteri daşıyır. Çünki yüksək ülvilik və saflıq duyğusu ilə dolu bacıların göz yaşlarından öldükləri yerlərdə bulaqlar yaranır. Bulaq isə canlı həyatın özülü, ilkin başlanğıc olan sudur. Demək, “Yeddi bulaq” əfsanələrinin ictimai məzmunu onu mifoloji köklərindən ayırmır və əksinə bu bağlılıq ümumtürk anlayışındakı su müqəddəsliyində birləşərək ümumiləşdirilir. Belə ki, insanın təbiətindəki zülm və zalımlıq elə yenə də insanın düşüncəsində müqəddəsləşdirdiyi güclərlə dəf edilir” (106, 83).
Şair də bu aspektdən çıxış edərək yeddi qızın taleyinə acıyır, nahaq verilən fərmana qarşı çıxır, öz hiddətini bildirirdi. Doğrudan da, qızlara edilən bu zülm yerdə qalmır, el-oba ayağa qalxıb, Şahmar bəyin taxt-tacını tar-mar edir. Şair ənənəvi yolla gedərək Şahmar bəy ilə, taxt-tac ilə çobanı, yəni xalqı qarşılaşdırmışdır. Bəyin adı da, göründüyü kimi, ilan adıdır. Dilimizdə “şahmar ilan” deyilən ifadə işlədilir. Elm aləminə məlumdur ki, bu ilanlar çox qorxuludur, öldürücü zəhərə malikdirlər. Görünür, Şahmar bəyin adının seçimində xalq müdrikliyinin əsas rolu olmuşdur. Çoban və çobanın qızları isə saflığın, təmizliyin timsalıdır, sadə xalq kütləsi tərəfindən sevilir, əzizlənir. Xalqın yaratdığı, şairin də ustalıqla bəhrələndiyi bu seçim bütün zamanlarda aktual olmuş, sonda xeyirin şər, gündüzün gecə, işığın qaranlıq üzərində qələbəsi ilə nəticələnmişdir.
Poemanın sonunda Məmməd Araz əfsanəni bugünkü həyatımıza gətirmiş, müasirlərimizi düşündürən problemləri sonuclandırmağa çalışmışdır. Qeyd etməliyik ki, Məmməd Arazın yaradıcılığında hadisələri bu günlə səsləşdirmək, müasirləşdirmək meyli güclüdür. Bu da şairin birbaşa hadisələrə şəxsi düşüncəsi, fikirləri ilə nüfuz etməyinin əlamətləri kimi ortaya çıxır, oxucunu düşündürür, intizar içərisində saxlayır, hətta bir müddət onu öz aləmindən ayırır, özgə bir mühitə aparır.
Dostları ilə paylaş: |