42
bağışlayır, qaçanı qovmurdular. Dastanda döyüş meydanında kişi kimi döyüşmək
tələb olunur. Qaçanı öldürmək, yatanı vurmaq, xəbərsiz hücum etmək pislənilir. Türk
qəhrəmanlarının hansı birinin mübarizə yoluna baxsaq, onların tarixdə kişilik,
mərdlik ənənəsi qoyub getdiyini görürük. Oğuzlar mərdi-mərdanə döyüşmüşlər. Bu
mənada dastanda deyilir ki, Qazan xan qaçanı qovmadı, aman deyəni öldürmədi.
Qəhrəmanlıq səhnələri ilə zəngin olan dastanda xalq təfəkkürünün elimizin
qəhrəmanlığına, ailəyə, qadına, bəyə, ozana, düşmənə münasibətləri əsasında özünü
göstərir. At belində ərənlərdən geri qalmayan, köç yollarında oğul doğub böyüdən
oğuz qadınları kişilərdən geri qalmır. Sərt mübarizə yolları oğuz qadınlarını
mətinləşdirmiş, ərənlər də özləri kimi qəhrəman, dəyanətli həyat yoldaşı seçirlər.
Dastanda ad vermə mərasimi qəhrəmanlıq, igidliklə bağlı olub, böyük tərbiyəvi
əhəmiyyət daşıyır. Burada oğuz adətinə görə oğlan uşaqları doğularkən deyil, haq
etdikləri işinə görə, qəhrəmanlığına görə ad verilir. Bu cəhətdən oğuz elində yaxşı ad
qazanmaq üçün yaxşı işlər görmək lazımdır. Dirsə xan oğlu Buğac xan hekayəsində
Dədə Qorqudun Buğac xana ad verməsi də bu qəbildəndir: “...Bu oğlan Bayandır
xanın meydanında vuruşmuşdur. Sənin oğlun bir buğa öldürmüş, adı Buğac olmuşdur.
Adını mən verdim, yaşını Allah versin”- deyə Qorqud Dədə deyir (25,20).
Dastanda gənclərə döyüşmək qaydaları, döyüş, zəfər taktikası öyrədilir.
Dastanda göstərilir ki, Bayandır xanın bir buğası bir də buğrası vardı. Bir yazda, bir
payızda onları meydana buraxırdılar. Bayandır xan oğuz bəyləri ilə tamaşaya baxırdı.
Bu, əslində sadəcə “tamaşa”, “əyləncə” deyildi, əvvəlcədən düşünülmüş, təşkil
edilmiş bir məşğələ idi. Oğuz ərənlərini, xüsusilə gəncliyi yetişdirmək, güclü,
qüdrətli etmək üçün təlim, tərbiyə növlərindən biri idi.
Dastanda qadınlar da kişilər qədər mübarizdir. Dastanda Beyrəyin evlənmək
vaxtı çatanda deyir ki, “Ata, mənə elə qız al ki, mən yerimdən durmamış o dursun,
mən ata minməmiş o minmiş olsun. Mən düşmənin üstünə gedənə qədər, o, mənə baş
gətirsin”. Qadın həm də evin dirəyi, nəsil artıran, incə məlahətli, gözəl nəvazişli,
yüksək mənəviyyatlı xanım kimi təsvir edilir.
Dastanda oğuzlar həyatın bütün sahələrində əxlaqi davranış və rəftarlarında
igidlik, qorxmazlıq, cəsurluq və düzlük nümayiş etdirirlər. Belə ki, böyük miqdarda
silahlı düşmən Qaraca Çobanın üzərinə gəldikdə o qorxmur, özünü itirmir.
43
O,düşməni görərkən dərhal qərar çıxarır; vəziyyətin çox qorxulu olmasına
baxmayaraq, düşmənlə çarpışmağı qərara alır.
“Kitabi-Dədə Qorqud”un hər bir boyu elə-obaya, ata-anaya, qardaş-bacıya ülvi
məhəbbətin canlı salnaməsidir. Burada ailə şərəfini, namusunu qorumaq, ocağa dərin
bağlılıq, ana və qadın ləyaqətinə dərin hörmət, ata ehtiramını saxlamaq, ailə tərbiyəsi
ilə bağlı çox qiymətli, ibrətamiz nümunələr və ifadələr vardır. Dastanda “Ana haqqı”
– “Tanrı haqqı” kimi qəbul olunur. Bu da Məhəmməd Peyğəmbərin (s.ə.s) “cənnət
anaların ayaqları altındadır” kəlamı ilə səsləşir. Oğuzlarda anaya məhəbbət tərbiyəsi
ən müqəddəs iş hesab edilmişdir. Dastanın boylarında ana haqqı tanrı haqqı ilə
bərabər tutulur. Qadınlar qəhrəmanlıq göstərərək ərlərinin, qızlar isə nişanlılarının
yolunda fədakarlıqlar göstərərdilər.
Qazan xanın evi yağmalanır, var dövləti talan edilir, anası, arvadı Burla xatun,
oğlu Uruz əsir aparılır. Qazan xan döyüşmədən əvvəl Şöklü Məliyə müraciət edərək
belə deyir:
Qırx incə belli qızla Burla xatunu gətirmisən sənə əsir olsun?
Qırx igidlə oğlum Uruzu gətirib gəlmisən sənin olsun!
Qoca ananı gətirmisən, ay kafir, anamı ver mənə!
Savaşmadan, vuruşmadan qayıdıb, geri dönüb gedim.
Salur Qazan var-dövlətini, sərvətini düşmənlərə verdiyi halda, anasını, arvadını,
oğlunu, bütövlüklə bütün adamları almağa özünə müqəddəs borc hesab edir və belə
edilərsə, günahsız qanların tökülməsinə də razı olmur. Salur Qazan sülh,
əminamanlıq istəyir. Burada oğulun anasına olan ülvi, sonsuz məhəbbətin, ana
müqəddəsliyinin nümunəsini görürük.
“Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”da oğuzlarda ata-oğul
münasibətinin gözəl və təsirli nümunəsi verilmişdir. Kef məclisində oturan Qazan
xan sağ yanında oturan qardaşı Qarangünəyə, sol yanında oturan dayısı Aruza baxır,
qəh-qəh gülüb sevinir. Qarşısında duran oğlu Uruza baxıb ağlayır. Bunun səbəbini
atasından soruşduqda o cavab verir ki, 16 yaşına çatmısan, bu vaxtadək baş
kəsməyibsən, qan tökməyibsən, bir mükafat almamısan. Fikirləşdim ki, mən öləndən
sonra taxt-tacımı sənə verməzlər, ona görə də ağladım. Burada birinci növbədə,
cəmiyyət üçün çox böyük əhəmiyyəti olan bir xüsusiyyətə diqqət yetirmək lazımdır
44
ki, oğuzlarda övlad bəyzadə alsa da igid deyilsə, ona məmləkət həvalə edilə bilməz.
Uruz həmişəki kimi atasına müraciət edərək – “qara başım qurban olsun, atam (ağam),
sənə” – deyir və atasının nöqsanını çəkinmədən, sanki bir dostuna söyləyərək belə
deyir: “Sən məni haçan götürüb kafir sərhəddinə çıxardın, qılınc çalıb baş kəsdim?
Mən səndən nə gördüm ki, nə öyrənim?”- dedi. Qazan bəy oğlunun bu sözlərindən
heç də qəzəblənmir, onu səmimi qəbul edir və gülür. Oğlunu götürüb bəylərlə dağlara
ova çıxır. Kafirlərlə qarşılaşırlar, Qazan xan oğlu Uruza döyüşməyə girməyə icazə
verməsə də Uruz döyüşə girir, düşmənləri qırıb, tökür.
Dastanda ailə münasibətləri, qohumluq əlaqələri yüksək əxlaqi keyfiyyətlər
əsasında qurulur. Oğuz gəlinləri bir övlad kimi qayınataya, qayınanaya çox böyük
hörmət və ehtiramla yanaşır, onları öz valideynlərindən də yüksək tuturlar. Qardaşını
axtarmaq üçün səfərə çıxan Səyrəyi bu yoldan çəkindirmək üçün Qazan xanın
məsləhəti ilə evləndirirlər – ayağına ət tuşağı (buxov) vururlar. Oğlan fikrindən
dönmür, qardaşını tapmayınca gərdəyə girmir. Gəlin onu yolundan saxlaya
bilməyəcəyini başa düşür və öz-özünə deyir: “Mənə qədəmi uğursuz gəlin deyincə,
utanmaz, arsız gəlin desinlər. Qayınatama, qayınanama xəbər verim gərək” –
söyləmiş, qız demişdir:
Atamdan yaxşı qayınata!
Anamdan yaxşı qayınana!
Ala gözlü oğlun qardaşını anıb gedir (23,54).
Burada həm də qardaş məhəbbəti, qardaş borcu, qardaş məhəbbəti, qardaş
yolunda xoşbəxtliyini, canını qurban verməyə hazır olmaq fədakarlığı tərənnüm edilir.
Oğuz elində qadına həmişə yüksək məhəbbət bəslənmiş, onu evin dirəyi, nəsil
artıran adlandırmışlar. Dirsə xan qadını “başının baxtı, evimin taxtı”, “sərv boylum”,
“qara saçlım, çatma qaşlım, al yanaqlım”, “qadının-dayağım” adlandırır, ona sonsuz
məhəbbətini bildirir. Qadın ailəni quran, yüksəldən, onu dağılmaqdan qoruyan, bu
yolda qəhrəmanlıqlar göstərən, əxlaqi dəyərləri, ərinə sədaqəti və məhəbbəti ilə
böyük tanrını güzəştə getməyə razı salan həyat yoldaşıdır, anadır... Dastanda ər-arvad
məhəbbəti, valideyn-övlad münasibətindən də üstün verilmişdir. Domrulun atası,
anası öz həyatlarını oğullarına qıymadıqları halda, onun həyat yoldaşı öz canını
verməyə hazırdır və tanrıya yalvarır ki:
Dostları ilə paylaş: |