Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 201,15 Kb.
tarix14.02.2018
ölçüsü201,15 Kb.
#26976

Korrupsiyaya qarşı mübarizə haqqında
Azərbaycan Respublikasının Qanunu

Qəbul edilmişdir: 13 yanvar 2004-cü il, № 580-IIQ.

Əlavə və dəyişikliklər: 1. 1 aprel 2005-ci il, № 875-IIQD;
2. 1
sentyabr 2005-ci il, № 982-IIQD;
3.
1 oktyabr 2007-ci il, № 420-IIIQD;
4.
7 dekabr 2007-ci il, № 510-IIIQD.


Bu Qanun korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir.

Bu Qanun habelə dövlət orqanlarına əhalinin etimadının möhkəmləndirilməsi, peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında qulluğa girməyə həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşıyır.

I Fəsil
Ümumi müddəalar


Maddə 1. Korrupsiyanın anlayışı

Korrupsiya — vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.

Maddə 2. Korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri

2.1. Aşağıdakı şəxslər korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləridirlər:

2.1.1. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər;

2.1.2. xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər;

2.1.3. inzibati vəzifə tutan dövlət qulluqçuları;

2.1.4. dövlət orqanlarının müvafiq struktur vahidlərində, dövlət idarə, müəssisə və təşkilatlarında, habelə dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;

2.1.5. Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər;

2.1.6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər;

2.1.7. yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;

2.1.8. qanunla müəyyən edilmiş hallarda dövlət orqanlarının səlahiyyətlərini yerinə yetirən qeyri-dövlət orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;

2.1.9. öz nüfuzundan və ya əlaqələrindən istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək müqabilində maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə edən şəxslər;

2.1.10. vəzifəli şəxsə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif edən və ya vəd edən, yaxud verən fiziki və hüquqi şəxslər və ya belə hərəkətlərdə vasitəçilik etmiş şəxslər.

2.2. Bu Qanunun 2.1.1—2.1.8-ci maddələrində göstərilənlər bu Qanunun məqsədi üçün vəzifəli şəxs hesab edilirlər.

Maddə 3. Qanunun tətbiq dairəsi

Bu Qanun Azərbaycan Respublikasının ərazisində bütün fiziki (o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər) və hüquqi şəxslər barəsində, onun ərazisindən kənarda isə Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxslər barəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq edilir.

Maddə 4. Korrupsiyaya qarşı mübarizəni həyata keçirən orqanlar

4.1. Bütün dövlət orqanları və vəzifəli şəxslər səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizəni həyata keçirirlər. Korrupsiya ilə əlaqədar hüquqpozmaların törədilməsi inzibati və ya cinayət məsuliyyəti yaratdıqda, korrupsiyaya qarşı mübarizəni qanunvericiliklə müəyyən edilmiş qaydada hüquq-mühafizə orqanları həyata keçirirlər.

4.2. Korrupsiyanın qarşısının alınması sahəsinə ixtisaslaşmış orqan funksiyalarını Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası (bundan sonra «Komissiya») həyata keçirir.

4.3. Komissiyanın tərkibi icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanları tərəfindən təyin edilən üzvlərdən ibarətdir. Komissiyanın səlahiyyətləri qanunla təsdiq edilən Əsasnamə ilə müəyyən olunur.


II Fəsil
Korrupsiyanın qarşısının alınması


Maddə 5. Maliyyə xarakterli tələblər

5.1. Vəzifəli şəxslər komissiya tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı məlumatları təqdim etməlidirlər:

5.1.1. mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barədə;

5.1.2. vergitutma obyekti olan əmlakı barədə;

5.1.3. kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri barədə;

5.1.4. şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payı barədə;

5.1.5. şərti maliyyə vahidinin beş min misli miqdarından yuxarı olan borcu barədə;

5.1.6. şərti maliyyə vahidinin min mislindən yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə.

5.2. Bu Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş və müvafiq dövlət orqanlana təqdim olunan məlumatlar kommersiya və ya bank sirri hesab olunur. Bu məlumatların yayılması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Göstərilən məlumatlar yalnız korrupsiya ilə əlaqədar hüquqpozma törədilməsi ilə əlaqədar komissiya təfindən və ya belə hüquqpozmalara görə cinayət təqibi üzrə cinayət prosesini həyata keçirən orqanlar tərəfindən tələb edilə bilər. Bu hallarda göstərilən məlumatlar yalnız məhnin qərarı əsasında verilir. Bu Qanunun 5.1-ci maddəsində göstərilən məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada tələb edilə bilər.

Maddə 6. Maliyyə xarakterli tələblərin pozulmasına görə məsuliyyət

6.1. Vəzifəli şəxslər və ya vəzifə tutmaq istəyən şəxslər bu Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş tələblər və bu tələblərə əməl olunmamasının hüquqi nəticələri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilirlər.

6.2. Bu Qanunun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl olunmasına nəzarətin həyata keçirilməsi qaydaları qanunvericiliklə müəyyən edilir.

6.3. Vəzifəli şəxslər tərəfindən bu Qanunun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl olunmaması, yəni bu maddədə nəzərdə tutulmuş məlumatların üzrsüz səbəbdən vaxtında təqdim edilməməsi və ya qəsdən natamam, yaxud təhrif edilmiş məlumatların təqdim olunması həmin şəxslərin intizam məsuliyyətinə cəlb olunmasına səbəb ola bilər. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə barələrində intizam məsuliyyətinə cəlb olunmanın xüsusi qaydası nəzərdə tutulmuş şəxslər intizam məsuliyyətinə həmin qaydalara riayət edilməklə cəlb oluna bilərlər.

6.4. Komissiya bu Qanunun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etməyən şəxslər barəsində rəsmi dövlət qəzetində məlumat dərc etdirə bilər.

Maddə 7. Yaxın qohumların birgə işləməsinə yol verilməməsi

7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.

7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.

7.3. Bu Qanunun 7.2-ci maddəsində göstərilən əsaslar üzrə vəzifədən azad olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər.



Maddə 8. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər

8.1. Vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar dəyəri şərti maliyyə vahidinin əlli mislindən yuxarı olan hədiyyələr şəxsin xidməti vəzifəsini (səlahiyyətlərini) həyata keçirdiyi dövlət orqanına və ya yerli özünüidarəetmə orqanına məxsus hesab edilir. Alınmış hədiyyə şəxsi istifadə üçün nəzərdə tutulmuşdursa, hədiyyə alan şəxs onun dəyərinin göstərilən həddən artıq hissəsini xidməti vəzifəsini (səlahiyyətlərini) həyata keçirdiyi dövlət orqanına və ya yerli özünüidarəetmə orqanına ödəmək şərti ilə bu hədiyyəni əldə edə bilər.

8.2. Fiziki və hüquqi şəxslərlə mülki-hüquqi əqdlərin bağlanması və ya onların icrası zamanı vəzifəli şəxslər tərəfindən xidməti fəaliyyəti ilə əlaqədar olaraq hər hansı güzəştlərin və ya imtiyazların əldə edilməsi qadağan olunur.

8.3. Bu Qanunun 8.1—8.2-ci maddələrində göstərilən qaydaların pozulması bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Maddə 8. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər

8.1. Vəzifəli şəxs xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda xidməti vəzifələrinin qərəzsiz icrasına təsir etməmək şərtilə bu Qanunun 8.2-ci maddəsində nəzərdə tutulan kiçik hədiyyələrin qəbul edilməsi və sadə qonaqpərvərlikdən istifadə hallarına şamil olunmur.

8.2. Vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli beş manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz. Həmin məbləğdən yuxarı olan hədiyyələr şəxsin xidməti vəzifəsini həyata keçirdiyi dövlət orqanına və ya yerli özünüidarəetmə orqanına məxsus hesab edilir.

8.3. Vəzifəli şəxs hədiyyənin qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.

8.4. Fiziki və hüquqi şəxslərlə mülki-hüquqi əqdlərin bağlanması və ya onların icrası zamanı vəzifəli şəxslər tərəfindən xidməti fəaliyyəti ilə əlaqədar olaraq hər hansı güzəştlərin və ya imtiyazların əldə edilməsi qadağan olunur.

8.5. Vəzifəli şəxsə qanunsuz maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, vəzifəli şəxs onlardan imtina etməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsə ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsin işlədiyi dövlət orqanına akt üzrə təhvil verilməlidir.

III Fəsil
Korrupsiya ilə əlaqədar hüquqpozmalar
və bu hüquqpozmalara görə məsuliyyət


Maddə 9. Korrupsiya ilə əlaqədar hüquqpozmalar

9.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalar bilavasitə korrupsiya hüquqpozmalarından və korrupsiyaya şərait yaradan hüquqpozmalardan ibarətdir.

9.2. Korrupsiya hüquqpozmaları aşağıdakılardır:

9.2.1. vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər tələb etməsi, əldə etməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifi və ya vədi qəbul etməsi;

9.2.2. xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün fiziki və ya hüquqi şəxs tərəfindən birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunması, vəd edilməsi və ya verilməsi;

9.2.3. vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində qanunsuz olaraq alınmış əmlakdan özü və ya üçüncü şəxslər üçün mənfəət əldə etmək məqsədi ilə istifadə edilməsi;

9.2.4. vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar maddi və sair nemətləri, imtiyazları və ya güzəştləri haqqı ödənilmədən və ya bazar qiymətlərindən və ya dövlət tərəfindən tənzimlənən qiymətlərdən aşağı qiymətə (tarifə) əldə edilməsi;

9.2.5. vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan, royaltidən və ya icarədən Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq gəlir götürməsi;

9.2.6. müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək imkanına malik olduğunu bildirən hər hansı şəxsə birbaşa və ya dolayı yolla maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin təklif olunması, vəd edilməsi və ya verilməsi;

9.2.7. müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək imkanına malik olduğunu bildirən şəxs tərəfindən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qəbul edilməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifin və ya vədin qəbul edilməsi.

9.3. Vəzifəli şəxsin aşağıdakı hərəkətləri korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır:

9.3.1. xidməti vəzifəsini (səlahiyyətlərini) icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü ilə məşğul olmaq;

9.3.2. statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsi məqsədi ilə fiziki və hüquqi şəxslərə sahibkarlıq fəaliyyətini həyata keçirməkdə, eləcə də subsidiyalar, subvensiyalar, dotasiyalar, kreditlər və digər güzəştlər alınmasında qanunsuz kömək etmək;

9.3.3. bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, əvəzçilik üzrə işləmək (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), habelə sahibkarlıq fəaliyyətini həyata keçirən təsərrüfat subyektlərinin və maliyyə-kredit müəssisələrinin icra orqanlarının tərkibinə daxil olmaq;

9.3.4. statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə onun səlahiyyət dairəsinə daxil olmayan məsələlər üzrə digər dövlət orqanlarının fəaliyyətinə qanunsuz müdaxilə etmək;

9.3.5. statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etmək;

9.3.6. normativ hüquqi aktların və digər qərarların qəbul edilməsi zamanı fiziki və ya hüquqi şəxslərə onların təyinatına uyğun olmayan üstünlüklər vermək;

9.3.7. vəzifə tutduğu və ya ona tabe olan onun nəzarətində olan, habelə ona hesabat verən orqanların işi üzrə fiziki və ya hüquqi şəxslərin nümayəndəsi qismində iştirak etmək;

9.3.8. qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmuş məlumatların fiziki və ya hüquqi şəxslərə verilməsindən əsassız imtina etmək, belə məlumatların verilməsini gecikdirmək və yaxud natamam və ya təhrif olunmuş məlumatlar vermək;

9.3.9. qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmayan məlumatları və sənədləri fiziki və hüquqi şəxslərdən tələb etmək;

9.3.10. dövlət orqanları və ya yerli özünüidarəetmə orqanlarının maddi və maliyyə vəsaitlərini qanunsuz olaraq namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının, referendum üzrə təşəbbüs qruplarının seçki fonduna vermək;

9.3.11. qanunvericiliklə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət fondlarına, dövlət orqanlarının və ya yerli özünüidarətemə orqanlarının təsərrüfat subyektlərinə məxsus olan maddi və maliyyə ehtiyatlarını qeyri-dövlət strukturlarına vermək;

9.3.12. fiziki və ya hüquqi şəxslərə hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində süni maneələr yaratmaq;

9.3.13. sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı səlahiyyətləri belə fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslərə qanunsuz olaraq vermək.

9.4. Bu Qanunda nəzərdə tutulan hallardan başqa, vəzifəli şəxslərin fəaliyyətini tənzimləyən və ya statusunu müəyyən edən qanunvericilik aktlarında korrupsiya ilə əlaqədar digər hüquqpozmalar müəyyən edilə bilər.

Maddə 10. Korrupsiya ilə əlaqədar hüquqpozmalara görə vəzifəli şəxslərin məsuliyyəti

10.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.

10.2. Vəzifəli şəxs tərəfindən bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş hüquqpozmaların törədilməsi mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaratdıqda, vəzifəli şəxsin məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir.

10.3. Korrupsiya ilə əlaqədar hüquqpozmalara görə intizam məsuliyyəti tədbirləri bu qanunla və digər qanunvericilik aktları ilə tənzimlənir.

10.4. Bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş hüquqpozmaların törədilməsi inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda, aşağıdakı xüsusi hallara riayət edilməklə qanunvericiliklə müəyyən edilmiş qaydada intizam məsuliyyətinə səbəb olur:

10.4.1. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş şəxslər bu Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan bu barədə vəzifəli şəxsin seçildiyi dövlət orqanına məlumat verir;

10.4.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər bu Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan bu barədə müvafiq seçki komissiyasına məlumat verir. Həmin seçki komissiyası isə bu barədə materiallar ona daxil olduğu gündən beş gün ərzində şəxsin yol verdiyi hüquqpozma barədə onun seçildiyi yerli özünüidarəetmə orqanına məlumat verir;

10.4.3. Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər bu Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə, onlar barəsində Azərbaycan Respublikası Seçki Məcəlləsində nəzərdə tutulmuş tədbirlər görülür;

10.4.4. Hakimlər bu Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan Azərbaycan Respublikası Ali Məhkəməsinin intizam kollegiyasında baxılması və intizam tədbirlərinin görülməsi üçün bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə məlumat verir.

10.4.4. Hakimlər bu qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan intizam tənbehinin tətbiqi məsələsinə baxılması üçün bu barədə Məhkəmə-Hüquq Şurasına məlumat verir.

Maddə 11. Korrupsiya hüquqpozmalarına görə fiziki və ya hüquqi şəxslərin məsuliyyəti

11.1. Qanunvericiliklə müəyyən edilmiş korrupsiya hüquqpozmalarını törətmiş fiziki şəxslərin hərəkətləri cinayət tərkibi yaratmadıqda, onlar inzibati qaydada cərimə edilirlər.

11.2. Qanunvericiliklə müəyyən edilmiş korrupsiya hüquqpozmalarını törətmiş hüquqi şəxslər, qanunvericiliklə müəyyən edilmiş qaydada cərimə edilir və ya onların fəaliyyətinə xitam verilir.


IV Fəsil
Korrupsiya ilə əlaqədar hüquqpozmaların
nəticələrinin aradan qaldırılması


Maddə 12. Qanunsuz əldə edilmiş əmlakın götürülməsi və qanunsuz əldə edilmiş imtiyaz və ya güzəştlərin dəyərinin ödənilməsi

12.1. Vəzifəli şəxslər tərəfindən qanunsuz əldə edilmiş əmlak və qanunsuz əldə edilmiş imtiyazlar və ya güzəştlərin dəyəri könüllü olaraq dövlət nəfinə ödənilir. Vəzifəli şəxslər qanunsuz əldə edilmiş əmlakı könüllü olaraq qaytarmaqdan və ya onun dəyərini, habelə qanunsuz əldə edilmiş imtiyaz və ya güzəştlərin dəyərini könüllü olaraq ödəməkdən imtina etdikdə, qanunsuz əldə edilmiş əmlak və ya onun dəyəri, qanunsuz əldə edilmiş güzəşt və ya imtiyazların dəyəri müvafiq dövlət orqanlarının iddiası əsasında məhkəmə tərəfindən dövlətin nəfinə ödənilir.

12.2. İşə məhkəmədə baxılana qədər iddianın təmin edilməsi üçün məhkəmə tərəfindən cavabdehin əmlakı barədə mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülə bilər.

Maddə 13. Korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində qəbul olunmuş aktların ləğv edilməsi

Korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində qəbul olunmuş aktlar müvafiq dövlət orqanları tərəfindən və yaxud müvafiq dövlət orqanlarının və ya digər şəxslərin müraciəti əsasında məhkəmə tərəfindən ləğv edilə bilər.

Maddə 14. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2005-ci il yanvar ayının 1-dən qüvvəyə minir.

«Korrupsiyaya qarşı mübarizə haqqında»
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


«Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. həmin Qanunun 4.3-cü maddəsində nəzərdə tutulmuş «Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya haqqında Əsasnamə»nin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.5. öz səlahiyyətləri daxilində «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi yaradılsın.

3. Azərbaycan Respublikasının Baş Prokuroru bir ay müddətində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin səlahiyyətləri, funksiyaları və fəaliyyətinin təmin edilməsi ilə əlaqədar digər məsələlər barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti aidiyyəti dövlət orqanları ilə birlikdə iki ay müddətində «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğunlaşdırmaqla «Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Proqramı»nın layihəsini təkmilləşdirib Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Məlumat azadlığı haqqında
Azərbaycan Respublikasının Qanunu

Qəbul edilmişdir: 19 iyun 1998-ci il, № 505-IQ.

Əlavə və dəyişikliklər: 1. 1 fevral 2000-ci il, № 799-IQ;
2. 25 mart 2003-cü il, № 429-IIQD;
3. 5 mart 2004-cü il, № 598-IIQD;
4. 20 oktyabr 2006-cı il, № 167-IIIQD;
5. 12 fevral 2010-cu il, № 953-IIIQD;
6. 30 dekabr 2010-cu il, № 41-IVQD.


Maddə 1. Məlumat azadlığı

Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.

Bu Qanunun məqsədləri üçün məlumat dedikdə təqdimat formasından asılı olmayaraq təbiətdə, cəmiyyətdə və dövlətdə baş vermiş hadisələr, proseslər, faktlar və şəxslər haqqında xəbərlər nəzərdə tutulur.

Maddə 2. Məlumat azadlığının təminatı

Hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır.

Məlumat azadlığının həyata keçirilməsi fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalıdır.

Məlumat azadlığının məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda yol verilir. Məlumat azadlığından istifadə edilməsi qaydası Azərbaycan Respublikasının Konstitusiyası və ona müvafiq olaraq Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilir.



Maddə 3. Qanunun təyinatı

Bu Qanun məlumat azadlığının həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.



Maddə 4. Məlumat münasibətlərinin subyektləri

Məlumat münasibətlərinin subyektləri fiziki və hüquqi şəxslərdir.



Maddə 5. Məlumat azadlığının həyata keçirilməsinin əsas prinsipləri

Məlumat azadlığının həyata keçirilməsinin əsas prinsipləri aşağıdakılardır:

məlumat azadlığının təmin edilməsi;

məlumatın açıqlığı və onun mübadilə edilməsinin azadlığı;

məlumatın obyektivliyi, tamlığı və həqiqiliyi;

məlumatın axtarılmasının, əldə edilməsinin, istifadə olunmasının, yayılmasının və qorunmasının qanuniliyi;

hər kəsin şəxsi və ailə həyatının sirrinin saxlanması;

şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunması.



Maddə 6. Məlumatın əldə edilməsi üçün təminatlar

Məlumatın əldə edilməsi aşağıdakı yollarla təmin edilir:

dövlət hakimiyyəti orqanlarının və bələdiyyələrin öz fəaliyyətləri və qəbul olunmuş qərarları barədə məlumatlar vermələri yolu ilə;

dövlət hakimiyyəti orqanlarında məlumatın əldə edilməsi üçün informasiya xidmətlərinin yaradılması ilə;

statistik məlumatlardan, kitabxanaların, arxivlərin və muzeylərin fondlarından, habelə informasiya sistemlərindən maneəsiz istifadə edilməsi ilə;

vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə əhaliyə dərhal məlumat verilməsi ilə;

dövlətin təhlükəsizliyinə xətər yaradan fövqəladə hallar barədə əhaliyə dərhal məlumat verilməsi ilə;

kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurasına yol verilməməsi ilə;

normativ hüquqi aktların qanunvericilikdə nəzərdə tutulmuş qaydada əhalinin nəzərinə çatdırılması ilə.

Maddə 7. Məlumat mənbələri

Qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatları əks etdirən sənədlər və başqa daşıyıcılar, kütləvi informasiya vasitələrinin məlumatları, açıq çıxışlar məlumat mənbələri hesab edilir.



Maddə 8. Məlumatın əldə edilməsi

Məlumatın əldə edilməsi müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada və üsullarla həyata keçirilir.

Əldə edilməsi qaydasına görə məlumat açıq məlumata və alınması məhdudlaşdırılan məlumata bölünür.

Maddə 9. Açıq məlumatın əldə edilməsi

Açıq məlumatın əldə edilməsi aşağıdakı yollarla təmin edilir:

mütəmadi rəsmi nəşrlərlə;

kütləvi informasiya vasitələrinin yayılması ilə;

fiziki və hüquqi şəxslərə təqdim edilməsi ilə.

Açıq məlumatın alınması qaydası və şərtləri bu Qanunla və ya müqavilə ilə (məlumatın verilməsi müqavilə əsasında həyata keçirilirsə) müəyyən olunur. Məlumatın verilməsi barədə müqavilə mülki qanunvericiliyə uyğun bağlanır. Dövlət hakimiyyəti orqanları, bələdiyyələr müqavilənin olmamasına görə məlumatı verməkdən imtina edə bilməzlər.

Açıq məlumatın əldə edilməsi aşağıdakı yollarla təmin edilir:

internet informasiya ehtiyatları vasitəsi ilə;

rəsmi nəşrlərlə;

kütləvi informasiya vasitələrinin yayılması ilə;

kitabxanalar, ictimai informasiya mərkəzləri, kütləvi istifadənin mümkün olduğu digər yerlərdə sənədlərlə tanış olmaq üçün şərait yaradılması yolu ilə;

fiziki və hüquqi şəxslərə təqdim edilməsi ilə;

qanunvericiliklə nəzərdə tutulan başqa üsullarla.

Açıq məlumatın alınması qaydası və şərtləri bu qanunla, «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktları və ya müqavilə ilə (məlumatın verilməsi müqavilə əsasında həyata keçirilirsə) müəyyən olunur. Məlumatın verilməsi barədə müqavilə mülki qanunvericiliyə uyğun bağlanır. Dövlət hakimiyyəti orqanları, bələdiyyələr müqavilənin olmamasına görə məlumatı verməkdən imtina edə bilməzlər.

Maddə 10. Alınması məhdudlaşdırılan məlumat

Alınması məhdudlaşdırılan məlumatlara - dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aksiyalarına aid olan məlumatlar aiddirlər. Ətraf mühitə dair informasiya müvafiq qanunvericiliklə müəyyən edilmiş hallarda alınması məhdudlaşdırılan məlumata aid edilir

Dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aksiyalarına, ətraf mühitə aid olan məlumatlarla bağlı yaranan münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir.

Maddə 11. Məlumatın əldə edilməsi barədə müraciət

Məlumatın əldə edilməsi barədə müraciətə baxılması «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Məlumatın əldə edilməsi barədə müraciət «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikasının Qanununda göstərilən müddətdə baxılması nəticəsində həmin məlumat öz əhəmiyyətini itirə bilərsə, məlumatın verilməsi barədə müraciətə dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq baxılmalıdır.

Məlumatın əldə edilməsi zəruriliyinin əsaslandırılmasının tələb olunması qadağandır.

Tələb olunan məlumat bu Qanunun 10-cu maddəsində göstərilən alınması məhdudlaşdırılan məlumata aid olduqda müraciət təmin olunmaya bilər.

Məlumatın əldə edilməsi üçün sorğunun verilməsi və məlumat əldə edilməsi haqqında sorğuya baxılması «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Maddə 12. Məlumatın əldə edilməsi ilə əlaqədar şikayət etmək hüququ

Məlumatın verilməməsi barədə məlumat sahibinin yuxarı orqanına və İnformasiya Məsələləri üzrə müvəkkilə, habelə məhkəməyə şikayət edilə bilər.

Məlumatın verilməməsinin qanuniliyinin sübuta yetirilməsi vəzifəsi cavabdehin üzərinə düşür.

Maddə 13. Şəxsiyyət haqqında məlumat (fərdi məlumat) (6)

Şəxsiyyət haqqında sənədləşdirilmiş və ya açıq elan edilmiş xəbər şəxsiyyət barədə məlumata aiddir. Şəxsiyyət haqqında sənədləşdirilmiş məlumat mənbəyi onun adına verilmiş, onun tərəfindən imzalanmış sənədlər və öz səlahiyyətləri çərçivəsində orqanlar tərəfindən şəxsiyyət haqqında toplanmış məlumatlardır. Şəxsiyyətin dini mənsubiyyəti və əqidəsi barədə məlumat yalnız onun tərəfindən könüllü təqdim edildikdə dövlət orqanları tərəfindən toplana bilər. Şəxsiyyətin siyasi partiyaya üzvlüyü və ya bitərəf olması barədə məlumat yalnız qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanlarına təqdim edilməlidir.



Maddə 14. Şəxsiyyətin onun haqqında toplanmış məlumatla tanış olmaq hüququ

Şəxsiyyət haqqında məlumat qanunla müəyyən edilmiş qaydada toplanır, işlənir və mühafizə olunur. (6) Məlumatın aldatma, hədə-qorxu və başqa qanunsuz vasitələrlə toplanması qadağandır.

Qanunla müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyəti zamanı əldə edilən məlumatlar, habelə cinayət işinin istintaqı ilə əlaqədar toplanılan məlumatlar istisna olmaqla şəxsiyyətin onun haqqında məlumatın toplanması ilə əlaqədar aşağıdakı hüquqları vardır:

onun haqqında toplanan məlumatla tanış olmaq;

məlumat toplanması vaxtı onun haqqında toplanan məlumatın hansı məqsədlə və necə, həmin məlumatın kim tərəfindən istifadə olunmasını bilmək;

məlumatda dəqiqləşdirmələr aparılmasını tələb etmək.



Şəxsiyyətin onun haqqında məlumatların toplanılması ilə bağlı «Fərdi məlumatlar haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq digər hüquqları da vardır. (6)

Qanunvericiliyə müvafiq surətdə dövlət orqanlarının topladığı məlumatların kənar şəxslər tərəfindən əldə etməsinə yol verilmir.

Şəxslər haqqında məlumatın saxlanılması qanuni məqsədlər üçün qanunvericiliklə müəyyən edilmiş zəruri olan müddətdən çox ola bilməz.

Qanunvericilikdə nəzərdə tutulmamış hallarda gizli şəkildə məlumatın alınması üçün nəzərdə tutulan texniki vasitələrdən istifadə etmək, poçt və teleqraf göndərişlərini yoxlamaq, telefon danışıqlarına qulaq asmaq qadağandır.



Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq, kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur. (5)

Maddə 15. Bu Qanunun tələblərinin pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar.
Yüklə 201,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə