Vilayət bağçası yeddİncİ cİld


Tələbə mühitinin təhdidləri3



Yüklə 0,79 Mb.
səhifə2/21
tarix04.11.2017
ölçüsü0,79 Mb.
#8435
1   2   3   4   5   6   7   8   9   ...   21

Tələbə mühitinin təhdidləri3

Bismillahir-Rəhmanir-Rəhim.


Çox şirin, gözəl və ürəkaçan bir məclisdir. Şirazın özü tarix boyu elm ocağı olmuşdur. Şirazda universitet isə elm ocağında elm ocağı, elm mərkəzinin ürəyində bir elm mərkəzi deməkdir. Bundan əlavə, buraya təşrif buyurmuş rəngarəng tələbə qrupları, həmçinin sizin aranızda iştirak edən möhtərəm müəllimlər məclisi əsl mənada elmi, ictimai və siyasi bir məkana çevirmişdir. Mən də gənclərin, xüsusən də tələbə gənclərin məclislərində gənclik hissi keçirirəm. Bütün qocalar belədirlər: gənclərin arasında olanda gənclik və həvəskarlıq hissi keçirirlər. Buna əsasən, mən tələbə əzizlərin - istər elmi nümunələrin, istər birlik nümayəndələrinin çıxışlarını dinləməkdən əsla yorulmuram; sizinlə danışmaqdan da həmçinin. Bu məclisin yeganə nöqsanı odur ki, mühit açıqdır və Şirazın may ayının isti günəşinə dözmək bir qədər çətindir. Mən kölgədə otursam da havanın isti olduğunu hiss edirəm, sizsə günəşin altındasınız. Xüsusən əziz xanımların başlarında cadra da var və onlara isti olduğuna görə narahatam.
Qərar vermək yox, qərara sövq etmək

Burada qərara sövq etmək və qərar vermək bacarığından danışıldı. Mən bu barədə fikrimi bildirim. Qərara sövq etmək bacarığı çox yaxşı haldır, qərar vermək isə problemlərdən biridir; əgər tələbə mühitinə daxil olsa, gözəl və düzgün normaların çoxunu pozar. Bunu bizim təcrübəmiz deyir. Qoyaq tələbə öz düşüncəsi, dili, özünün az asılılığı, sözü və əməli ilə qərara sövq etsin. Qərar vermək işini məsuliyyət və cavabdehlik daşıyan adam görsün. Buna əsasən, tələbə mühitinin hərəkətə qərar verən mühit olmasına çalışmayaq. Bu nə tələbənin xeyrinədir, nə də o hərəkətin. Tələbə mühitinin qərara sövq edən olmasına çalışaq. Çalışın gündəm yaradın. Baxın, mən Proqramlaşdırma hərəkatını irəli sürmək istəyəndə hamıdan əvvəl universitetdə tələbələrlə paylaşdım; təxminən on il öncə. Nə nazirliklərlə söhbət etmişdim, nə ozamankı prezidentlə, nə də hətta müəllimlərlə. Bu fikri ilk dəfə Əmir Kəbir Universitetində söylədim. Siz bu gün görürsünüz ki, bu, aktual bir müzakirə mövzusu, ümumi bir tələb, ölkənin bütün universitetlərinin istəyidir. Mən haraya gedirəmsə, tələbənin dilindən bu tələbi, başqa bir mərhələdə müəllimin və rektorun dilindən icrasını eşidirəm və icra olunmaqdadır. Bugünkü çoxsaylı elmi yeniliklər özlərinin maraq və bacarıqlarının bir hissəsini bu devizdən almışlar. Qərara sövq edin, vacib məsələni gündəmə gətirin. Bu, icraçı məmuru uyğun qərara sövq edəcək, qərar verəcəklər və əməl olunacaq.

Doktorantura pilləsindən olan tələbə qızın sözlərindəki bir məqam da maraqlı idi. Çünki tibb tələbəsi fundamental elmlər tələbələrini müdafiə edirdi. Təsadüfən, həm də düzgündür. Fundamental elmlərə diqqət mənim bu bir neçə ildə dəfələrlə məmurlara təkidli tövsiyələrimdə yer alıb. Həmişə demişik ki, fundamental elmlər xəzinə kimidir, tətbiqi elmlər isə pul kimi; cibimizə qoyur və xərcləyirik. Əgər fundamental elmlər olmasa, bu xərclik bir gün bitər. Bu məqam çox lazımlıdır və mən bu tələbə qızın verdiyi dərsi hamıya tövsiyə edirəm: tələbələr məsələlərə təbəqə, universitet və fənn çərçivəsində yanaşmasınlar, həqiqətən, ölkənin ehtiyacına baxsınlar. Bu tibb tələbəsi özü fundamental elmlər üzrə təhsil alan tələbələri müdafiə edir. Mənim fikrimcə, bu, yaxşı haldır.
Ədalətsevərliyin müzakirə prdmeti olması

Şiraz Universitetinin İslam birliklərinin nümayəndəsinin çıxışında çox yaxşı sözlər deyildi. Bunlar bizim ürək sözlərimizdir. Mən burada bu sözə də fikrimi bildirim. Baxın, siz deyirisiniz ki, biz ədalət şüarı veririk, tələbəni tuturlar, amma ədalətə zərbə vuran şəxsi tutmurlar; Ali Məhkəmə belə, yaxud məsuliyyətli orqan elə. Yaxşı, burada siz gərək zirəklik edəsiniz. Ədalətsevərlikdən bir an da geri çəkilməyin; bunu sizin mövqeyiniz tələb edir. Gəncin, tələbənin və möminin mövqeyi tələb edir ki, ədaləti istəsin. Bu fikrin arxasında da bütün vücudumla özüm dururam və bu gün Allaha şükür olsun ki, quruluş var. Əlbəttə, qanun pozuntularının baş verməsi də mümkündür. Sizin zirəkliyiniz bu olsun: Ədalət barədə fəryad çəkin, lakin konkret bir şəxsi tənqid edib real nümunə göstərməyin. Siz bir nümunə üzərində dayandıqda əvvəla, səhv etmək ehtimalı var. Mən görürəm, universitetdə yox, müxtəlif ictimai qruplarda xüsusi bir nümunə üzərində dayanırlar; ya fəsad olaraq, ya siyasi əyrilik olaraq, ya səhv xətt olaraq. Mənim də təsadüfən, məsələdən xəbərim var və görürəm ki, belə deyil və bu sözü danışan şəxsin məsələdən xəbəri yoxdur. Buna əsasən, siz bir şəxsin və real nümunənin üzərində dayandıqda həm səhv ehtimalı var, həm də qanunu bilən və qanunu pozan o zirək adama - mən demişəm ki, qanunu bilən qanunpozanlar təhlükəlidirlər - öz əleyhinizə əsas verirsiniz. Sizin prokurorluqdan nə gileyiniz ola bilər?! Əgər bir nəfər bir şəxsi böhtançı kimi göstərsə və şikayət etsə, məsələnin mahiyyətini araşdırmaq o hakimin işi deyil. Əgər bu iftira vurulsa, qanunun müəyyən maddəsi o hakimi müəyyən bir işə vadar edəcək. Buna görə ondan gileylənə bilmərik. Siz bayrağı ucaldın. Bayrağı ucaltdığınızda icraçı olan, icra mühitində işləmək istəyən şəxslər mesajlarını götürəcəklər. Bu bayrağın məzmunu barədə fəryad ucaldan şəxs də ümidvar olacaq və iş irəliləyəcək. Buna əsasən, mənim fikrimcə, sizin işinizdə problem yoxdur. Siz mömin gənclərsiniz və sizdən gözlənilən də budur. Verilən hər bir yaxşı şüar bütün ürəklərin, dillərin və iradələrin sahibi olan Böyük Allaha arxalanmaqdan sonra siz gənclərə arxalanır, siz gənclərə ümid olunur; bunu bilin. Şeirini oxuduğunuz yerliniz deyir:

Vəfa qılaq, qınanaq və razı olaq,

Çünki bizim təriqətimizdə incimək kafirlikdir.


Yorulmazlıq

İnciməyin, işi davam etdirin. Bu sözü eynilə İslam cəmiyyətinin nümayəndəsi kimi çox mətanətli və səlis çıxış edən o əziz qardaşa da ünvanlayıram. Bu sözlər bizim ürək sözlərimizdir. Lakin bizimlə sizin fərqiniz budur ki, biz təcrübəyə görə anlamışıq ki, insan bir qədər dözməli və səbir etməlidir. Sizsə gənc, aktiv və hövsələsizsiniz. Səbirsizlikdən başqa hər şeyiniz yaxşıdır. Əlbəttə, bunun da çarəsi var; demək istəmirəm ki, çarəsi çoxdur. Xeyr, biz özümüz də sizin bu dövrünüzü keçirmişik və necə olduğunu bilirik. Lakin hər halda, sizin dediyiniz və bu ölkədə şüarı verilən bütün bu məsələlər Allahın gücü, qüvvəsi və izni ilə həyata keçəcək.


Məmurlar və tələbə tələbləri

Bu əziz tələbə qız Nur sözü universitetindən şikayət elədi. Məsul şəxslərin ona diqqət yetirməsi yerinə düşərdi. Əgər həqiqətən, köməyə ehtiyac varsa, kömək olunsun.

Bir məqamı da Azad universitetin nümunəvi tələbəsi olan o əziz qardaş dedi. O da düz sözdür: hökumətin icra nəzəriyyələrini sınaq və səhv mərhələsindən öncə universitetlərdə və tədqiqat mərkəzlərində ortaya qoymaq. Bu, çox yaxşıdır. Əlbəttə, mən sizə deyim ki, dövlət məmurları və möhtərəm prezident çox zaman bu işi gördüklərini deyirlər. Demək olmaz ki, əsla görmürlər. Mən bu məsələni dəfələrlə məmurlara, o cümlədən, çox işgüzar, zəhmətkeş və səmimi prezidentimizə demişəm. O da deyir ki, biz bunu edirik; universitetdə müzakirə etdik, yaxud filan tədqiqat qrupu işlədi. Amma hər halda, yaxşı ideyadır. O, Azad universitetdə ayrıseçkilik və bu kimi məsələlər haqda danışdı. Mikrofonla söhbət etmək fürsəti olmayan digər tələbə gənc gəlib burada uca səslə mənə dedi. Mən eşitdim ki, o da həmin sözlərin əksini bəyan edir. Yəni iki tələbə o universitetə aid məsələlərdə fərqli fikirlərə malikdirlər.
İslam inqilabına ümumi baxış

Mənim burada siz əzizlərə demək istədiyim birinci gün xalqla ümumi görüşdə dediyim sözün bir qədər geniş formasıdır. Bu, inqilaba ümumi və yekun baxış haqdadır. Biz dördüncü onilliyə daxil olmaqdayıq, otuz ilə yaxın vaxt ötüb. Adətən, belə bir dövrdə böyük inqilab kimi bir hadisəyə baxış görülmüş işlər barədə mühakimə ilə yanaşı olur; baxmayaraq ki otuzilliyində inqilab hələ gənclik dövründədir; buna şübhə yoxdur. Allaha şükür olsun ki, inqilabın, xüsusən də bu inqilabın qüvvəsi olduqca çoxdur. Lakin eyni zamanda insan otuzillik dövrə baxdıqda görülmüş işlərə, nailiyyətlərə və işgüzarlığa dair onda bir mühakimə yaranır. Biz bu mühakimədə səhv etməməliyik və bu da yalnız ümumi baxışla mümkündür. Mən bu sahədə bəzi məsələlərə toxunacağam. Əlbəttə, ürəyim istəyirdi ki, daha artıq təfsilatla xırdalıqlarını deyim. Lakin havanın vəziyyəti və günəş məni bir qədər incidir. Demək istədiyimi də siz əziz gənclər bilirsiniz. Siz məni tanıyırsınız. Mən dəfələrlə demişəm ki, dediyim sözlər ayə nazil etmək deyil. Güman etməyin ki, bizim dediklərimiz nazil olmuş vəhydir. Xeyr, mən fikrimi bildirir və bunların tələbələr arasında müzakirə olunmasını istəyirəm. Mənim əsas fikrim indi deyiləndir. Ola bilsin, məclisin axırında yekun nəticə də çıxarmayım. Məqsədim budur ki, yekun nəticəni siz çıxarasınız; istər birliklərdə, istər tələbə təşkilatlatında, istər öz-özlüyünüzdə. Əgər bir inqilaba və İslam Respublikasının yaranma hadisəsinə ümumi nəzər salsaq, məhdud baxışlar bizi azdıra bilməz. Bəzən məhdud baxış və əvvəldən sona qədər bütün yola baxmamaq insanı azdırır. Hətta bəzən insan yolu, məqsədi itirir. Demək istəmirik ki, ayrı-ayrı işlərə baxmayaq. Ayrı-ayrı işlərə baxmaq proqram hazırlamaq üçün lazımdır. Biz bunu inkar etmirik. Proqram hazırlamaq, müxtəlif dönəm və hissələrə baxmaq lazımdır. Demək istəyirik ki, bu baxış bizim kompleks baxışdan uzaqlaşmağımıza səbəb olmasın.


İnqilabın məqsədi

Birinci məsələ budur ki, inqilabın məqsədi nə idi? İnqilabın məqsədi aşağıdakı xüsusiyyətlərə malik bir İran qurmaqdan ibarət idi: müstəqil, azad, sərvətli, təhlükəsiz, dindar, mənəviyyatlı, əxlaqlı, elmdə və digər nailiyyətlərdə öncül və bütün mənalarda azad. Azadlıq yalnız ictimai azadlıqdan ibarət deyil; baxmayaraq ki, ictimai azadlıq onun mühüm şaxələrindən biridir. Həm ictimai azadlıq nəzərdə tutulur, həm sərbəst və asudə olmaq, ölkənin əcnəbilərin əluzunluğundan və istilasından azad olması. Bəzən ölkə zahirən müstəqil, lakin əslində, təsir altında olur. Burada həm də mənəvi azadlıq nəzərdə tutulur; yəni insanın qurtuluşu, əxlaqi və mənəvi yüksəlişi. Daha üstün məqsəd budur. Bütün işlər insanın təkamülü və yüksəlişi üçündür. Bu, İslam cəmiyyətində özünü göstərməlidir.

İnqilabın idealı bu xüsusiyyətlərə malik İran idi. Siz soruşun ki, bu xüsusiyyətlər inqilabın hansı cəhətindən başa düşülür, harada yazılmışdır? Mən deyirəm ki, "İslam" sözündən başa düşülür. İslam ümumiyyətlə, bunlardır. İslam haqda bundan qeyrisini düşünən şəxs İslamı tanımamışdır. İslamın yalnız mənəvi cəhətlərlə, özü də mənəvi cəhətlərin xüsusi izah və təsəvvürü ilə - ibadət, oruc, zahidlik, zikr və bu kimi işlərlə məşğul olduğunu təsəvvür edən, xalqın dünyasına, ləzzətlərinə, bəşəri istəklərinə diqqət yetirmədiyini düşünən şəxs İslamı düzgün tanımamışdır. İslam belə deyil. Dediyimiz bütün bu məsələlər - həm cəmiyyətin dünyəvi məsələlərinə aid olanlar, məsələn, ədalət, təhlükəsizlik, rifah, sərvət, azadlıq və istiqaliyyət, həm də axirət məsələlərinə aid olanlar, məsələn, qurtuluş, təqva, iman, əxlaqi inkişaf, insanın mənəvi təkamülü İslam sözündə mövcuddur.
İman və təqva

Quran ayəsi bizə buyurur: “Əgər bu yerlərin əhalisi iman gətirib təqvalı olsaydılar (pis əməllərdən çəkinsəydilər), sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq”. İman və təqva olsa, səmanın və yerin bərəkətləri axar. Səmanın bərəkətləri mənəvi faydalardır, ilahi rəhmətdir, Allaha yaxınlaşmaqdır, səma mələklərinin və ərşin daşıyıcılarının yer üzündəki Allah bəndələri üçün bağışlanmaq istəyidir. Yerin bərəkətləri insanın yer həyatı ilə əlaqədar olanlardır; yəni azadlıq, rifah, müstəqillik, təhlükəsizlik, ruzi bolluğu, fiziki sağlamlıq və bu qəbildən olan məsələlər. Əgər iman və təqva olsa, həm o bərəkətlər olar, həm bu bərəkətlər. Bu, İslamdır. Deməli, “İslam inqilabı” dedikdə mənası bunlardır.


Həyata keçəsi örnək

Biz bu xüsusiyyətlərə malik bir İran qurmaq istəyirik. Bunun bir əlavəsi var. O da budur ki, məsələ yalnız İran deyildi. İran birinci növbədə İslam cəmiyyətləri və sonra bütün bəşəriyyət üçün bir örnək olaraq nəzərdə tutulmuşdu. Biz - yəni İran xalqı, İran inqilabı, İranın inqilabçıları istəyirdik ki, bu xüsusiyyətlərə malik olan cəmiyyət quraq, onu insanlara və İslam ümmətinə göstərək. Onlar bunun həm İslamın istədiyi, həm də bu dövrün xalqı üçün mümkün olduğunu görsünlər; düşünməsinlər ki, bəli, yaxşıdır, amma mümkün deyil. İslam hərəkatının mübarizə çağında bunu deyirdilər. Bəzi xoşməramlı insanlar deyirdilər ki, nə üçün əbəs yerə zəhmət çəkirsiniz, faydası yoxdur; bəli, sizin sözləriniz düzdür, lakin olası deyil. İnqilab İslam dünyasının hər bir nöqtəsində olan bütün insanlara göstərmək istəyirdi ki, bu örnək həyata keçəsi və olasıdır; bu da nümunəsi. İnqilabın məqsədi bu idi. Bu məqsəd əvvəldən vardı. Sizə deyim ki, bu gün də həmin məqsəd var, gələcəkdə də olacaq. Bu, dəyişməz məqsəddir.



İnqilab yolunun maneələri

Söhbətin ikinci məsələsi budur ki, biz boşluqda yaşamırıq. Biz bir reallıqda yaşamaqdayıq. Bu reallıqlar bu məqsədlərə çatmaq üçün nə qədər kömək etdi, yaxud maneə yaratdı. Şübhəsiz, indi sayacağım əngəllər olmasaydı, bu məqsədə çatmaq çox zaman tələb etməzdi. Bəlkə də beş il, on il ərzində güclü mütəşəkkil bir qrup bu məqsədləri təmin edə bilərdi. Lakin insan yolunda maneələr mövcuddur. Ümumiyyətlə, maneə insanın çalışmasına məna və mənəvi həqiqət bəxş edir, adı olur cihad. Əgər maneə olmasaydı, cihadın mənası olmazdı. Cihad - zəhmət və əngəllərlə dolu çalışmadır.

Bu maneələr hansılar idi? Bizdə iki növ maneə vardı: biri daxili maneələr, biri xarici maneələr.
Daxili maneələr: Düşüncə və məntiq zəiflikləri

Daxili maneələr hansılardır? Yəni biz insanların daxilində olanlar; istər bizim qərar verənlərimizin, istər adi camaatımızın, istər mübarizə və inqilab çuxurundan bayırda olan müşahidəçilərin. Bunlar daxili maneələrdir. Daxili maneələr zəifliklərdir - düşüncə zəiflikləri, məntiqi zəifliklər, rahatçılığa, asanlığa təmayül, asan hesab etməkdir. Bunun özü bəzən onun həyata keçməsinin maneələrindən biri olur. İşə və işin problemlərinə dair hesab və dəyərləndirmə reallığa uyğun, ən azı, yaxın olmalıdır. Asan saymaq da səhlənkarlıq kimi bir şeydir; o da yolun maneələrindən biridir. Problemdən qaçmaq da bizim daxili zəifliklərimizdəndir. Yəni rahatlıq istəyində olmaq, problemlərlə üzləşməyi pis və bəyənilməz saymaq, problemlərlə üzləşməyə hazır olmamaq. Bunlar bizim daxilil zəfiliklərimizdir.


İctimai tərbiyə və tarixi adətlər

Daxili zəifliklərdən başqa birisi mövcud ictimai tərbiyələrdən və tarixi adətlərdən ibarətdir. Bunlar inqilabın əvvəlində biz İran xalqında vardı. Siz gənclərin inqilabın qələbə çaldığı zaman bizim psixoloji halətlərimiz və tarixi tərbiyələrimiz barədə bəlkə də düzgün təsəvvürünüz yoxdur. Bu gün görürük ki, hamıda “biz bacarırıq” düşüncəsi var. Əgər "dünyanın ən dəqiq və ən zərif sənaye sahiblərini keçə bilərsinizmi?" - desələr, siz deyərsiniz ki, bəli, iradə ilə çalışsaq, bacararıq. İslam Respublikasında alim və müsəlman gənc özünü hər bir işə qadir bilir. İnqilabın əvvəlində isə belə deyildi. Öncəki tərbiyələr buna tam zidd idi. Hansı işi görmək lazım olurdusa, deyirdilər ki, biz bacarmarıq. "Cənab, filan şeyi düzəldin!" Deyirdilər ki, biz bacarmarıq. Cənab, filan şeyi düzəldin! Deyirdilər ki, biz bacarmarıq. Dünyada filan səhv şüarla mübarizə aparın! Deyirdilər bizim gücümüz çatmaz, biz bacarmarıq. Bugünkü “biz bacarırıq” şüarının yerinə o zaman “biz bacarmırıq” şüarı vardı. Bu, keşmişdən qalan əxlaqi və tarixi tərbiyədir. Başıqapazlılıq, zorakılıq eşitmək, cəmiyyətin ədalət, insaf və paklıq gözlədiyi şəxslərdə azğınlıq görmək adət olmuşdu. Yəni inqilabdan öncə xalqa desəydilər ki, ölkənin filan yüksək rütbəli məmuru, şahın özü, yaxud nazirlər və ya məmurlar filan əyyaşlığı etdilər, filan azğınlığı etdilər, filan çirkin və pis əməli törətdilər, xalq təəccüblənməzdi; deyirdilər bəli, təbiidir. Təmiz və iffətli olmalı məmurları hamı natəmiz və çirkab içində görməyə adət etmişdi. Biz təəccüb edirdik ki, necə olur İslamın erkən çağında bir sərxoş xəlifə sübh namazına imamlıq edib. Bunu həm xəlifə haqqında demişlər, həm də xəlifə tərəfindən təyin olunmuş əmirlərdən biri haqqında. Bu, İslam tarixində var, məşhur və qətidir. Sübh namazı iki rəkətdir, amma o, kefli olduğuna görə altı rəkət qıldı. Dedilər ki, sübh namazını çox qıldın. Dedi ki, bəli, halım yaxşıdır, istəyirsən, daha çox qılım. Bu, tarixdə olmuşdur. O zaman xalq görürdü ki, xəlifə belə bir günah edir, amma dözürdülər və laqeydliklə məsələnin yanından keçirdilər. Bizim dövrümüzdə - tağut dövründə də belə idi. Xalq İslam ölkəsinin padşahının fasiqlik və günah etməsinə, şərab içməsinə, mənasız işlər görməsinə təəccüb etmirdi. Bəlkə də öncə demişəm ki, atamın müəllimi olmuş və mənim də gördüyüm böyük Təbriz alimlərindən biri çox elmli, lakin çox sadə bir qoca idi. Mən bir dəfə Təbrizə getmişdim. Şagirdləri və onu sevən dostları danışırdılar ki, Məhəmmədrza gənc olarkən bir dəfə Təbrizə gəlib bu ağanın yanına getmiş, ona hörmət bildirmiş və dərs dediyi mədrəsəyə baş çəkmişdi. Məhəmmədrza gedəndən sonra elmli, təqvalı, lakin sadəlövh olan bu alimdə şaha rəğbət yaranmışdı və onu tərifləyirdi. Dostlar demişdilər ki, ağa, siz bu adamı tərifləyirsiniz, amma o, filan pis işləri görür; o alimə çox böyük gəlməli işlərdən biri bu idi ki, misal üçün, şərab içir. Demişdi ki, bəli, şahdır da, deyirsən şərab içməsin?! Demişdilər ki, məsələn, qumar oynayır. Demişdi şahdır da, bəs nə oynasın?! Adət belə idi ki, şah olduğuna, nazir olduğuna görə fasiqlik, günah və natəmizlik etməlidir. Bu, bizim cəmiyyətimizdə mövcud adətlərdən idi. Bunlar sözügedən daxili maneələrdir. Bunlar uca məqsədə çatmaq qarşısında maneçilik törədən amillərdir. Cilovsuz və tərbiyə olunmamış qəzəb və ehtiraslar, keçmişdən miras qalmış xurafatçı etiqad və adətlər və dinin sözünü pis anlamaq daxili zəifliklərdəndir.
Mehdilik bayrağı

Bəzi adamlar çox şeyləri anlamırlar. Mübarizə zamanı bəziləri həzrət Mehdinin (ə) bayrağından öncə ucalan hər bir bayrağın odda olmasına dair hədislərə istinad edərək mübarizəyə qarşı çıxırdılar. Deyirdilər ki, siz həzrət Sahibəzzamandan (ə) öncə mübarizəyə başlamaq istəyirsiniz?! Ucaltdığınız bu mübarizə bayrağı oddadır. Hədisin mənasını anlamırdılar. Erkən İslam çağında və imamların dövründə insanlar Mehdinin (ə) zühur edib dünyanı ədalətlə dolduracağını eşitmişdilər. Buna görə də, bəziləri mehdilik iddiası edirdilər, hətta bəzən özləri də çaş-baş qalırdılar. Bilməniz pis deyil ki, həm Bəni-Üməyyədə mehdilik iddiası vardı, həm Bəni-Abbasda, həm də sonrakılarda. Bəli, kim mehdilik bayrağı ucaltsa, oddadır. Bunun mənası o deyil ki, xalq zülmlə mübarizə aparmasın, ilahi və İslam cəmiyyəti, Əli (ə) cəmiyyəti qurmaq üçün mübarizə aparmasın və qiyam etməsin. Bu, dini pis anlamaqdır. Görürsünüz ki, bunların hamısı daxili maneələrdir. İnqilab qələbə çalandan sonra biz İran xalqı belə bir vəziyyətdə ölkəni o məqsədlərə sarı aparmaq istəyirdik. Bunların hər biri bir maneə idi. Sözsüz ki, bunları aradan qaldırmaq mümkün idi, qeyri-mümkün deyildi, çoxu da maarifləndirmə ilə aradan qalxdı. Odur ki, İslam mübarizələrində maarifləndirmənin böyük rolu var. Mən bunu məsuliyyət hissi keçirən siz əziz gənclərə mötərizə arasında deyirəm ki, maarifləndirmə çox önəmlidir. İslam mübarizələrində istənilən halda maarifləndirmənin - həqiqəti söyləməyin, çatdırmağın və təbliğ etməyin böyük əhəmiyyəti var və bunu əldən vermək olmaz. O zaman geniş yayılmış marksist təfəkkür isə buna inanmırdı. Onlar deyirdilər ki, mübarizə bir ənənədir, həyata keçəcək; istər istəyəsiniz, istər istəməyəsiniz; istər deyəsiniz, istər deməyəsiniz. Yəni onların izah etdiyi dialektikanın nəticəsi olaraq, mübarizənin maarifləndirməyə ehtiyacı yox idi. 1970-ci ildə Məşhəddə bizimlə tanış və o zaman yenicə baş qaldırmış qruplaşmalardan birinə bağlı olan kommunist bir gənc bir dəfə mənimlə görüşdü. Dedi ki, filan işləri görmək istəyirik. Mən dedim ki, belə ictimai şəraitdə olmaz, bir qədər xalqla söhbət edin, məsələni açıqlayın, danışın, xalqa nə iş görmək istədiyinizi başa salın. Çox etinasızlıqla dedi ki, bu, İslamın üsuludur. Bəli, İslamın üsulu budur. İslam açıqlamağın, maarifləndirmənin tərəfdarıdır. Həmin açıqlamalar İslam inqilabının bu tarixi şəraitin və səhv tərbiyələrin bir çoxuna qalib gəlməsinə bais oldu. Əlbəttə, bəzilərində hələ də qalib gəlməmişik. Bunun digər səbəbləri var; burada deyilən istehlakçılıq, israfçılıq və digər bu kimi amillər kimi. Bunlar bizim qədim irslərimizdəndir. Təəssüf ki, bunları saxlamışıq. Biz İran xalqı bu yöndəmsiz, qeyri-uyğun və çirkli libası əynimizdən çıxarmalıyıq. Biz çox israfçıyıq. Bunu həll etməliyik. Hamı əl-ələ verib bu məsələni həll etməlidir. Sözsüz ki, radio və televiziyanın da rolu var. Bunlar daxili amillər idi.


İnqilabın xarici maneələri

Xarici maneələr isə nə qədər istəsəniz, var. İnqilabdan, yaxud inqilabın məqsədlərindən hər hansı bir formada zərər çəkən bütün şəxslər inqilabın qarşısında dayandılar; bir qrup təhlükəsizlikdən zərər çəkir, bir qrup ədalətdən, bir qrup tağut hakimiyyətinin devrilməsindən, bir qrup əcnəbi istismarının ləğvindən, bir qrup da istibdadın yoxluğundan. Siz bilirsiniz ki, ədalətdən, müstəqillikdən, azadlıqdan və digər bu kimi məsələlərdən kimlər zərər çəkirlər; izah lazım deyil. Bunların hamısı inqilabın qarşısında düzülmüşlər. Bu düzülüş indiyə qədər davam edir.

Siz gənclər inqilabın əvvəlini xatırlamırsınız. İnqilabın birinci ilində ölkənin təxminən dörd tərəfində - Bəlucistanda, Kürdüstanda, Türkmənsəhrada və müxtəlif bölgələrdə millətçilik bəhanəsi ilə qarşıdurmalar yarandı. İş aparırdılar, görürdülər ki, bu millətlərin heç birinin İslamla və İslam inqilabı ilə problemi yoxdur. Mənim özüm Bəlucistanda yaşamışdım, sürgündə olmuşdum, bəlucları tanıyırdım, bilirdim ki, bunların inqilabla ən kiçik problemləri belə yoxdur. Lakin bir dəstə adam bəluc adı altında və hiyləgərliklə inqilaba qarşı çıxırdılar. Həmin məsələ eynilə Kürdüstanda və Türkmənsəhrada da baş verdi. Sonra onların haradan təhrik edilmələri bəlli oldu. Bunlar inqilabın önünü kəsən maneələr idi, yol heç də hamar deyildi.
Təhdidlər ən yaxşı fürsətlər kimi

Millətçilik məsələsindən sonra bizim bir-birimizlə nəfsi çəkişmələrimiz qarşıya çıxdı. Onun da acı, pis və dərdli macərası var. Sonra məcburi müharibə başladı; səkkiz il. Bizim xalqımız düşmənlə mübarizə üçün çox böyük qüvvə sərf edib düşməni diz çökdürə bildi. Yalnız Səddam yox, Səddamın arxasında dayanan güclər də İslam inqilabı qarşısında diz çökdülər. Siz görün bu enerji İslam Respublikasının abadlığına və quruculuğuna sərf olunsaydı, nə qədər iş görülərdi! Əlbəttə, biz müharibədən fayda götürdük. Biz bu təhdiddən ən yaxşı fürsət kimi istifadə etdik. İran xalqı bu təhdidi sözün həqiqi mənasında böyük bir fürsətə, böyük bir sınağa çevirdi; böyük bir təcrübə meydanı oldu və çoxlu faydalar əldə edildi. Lakin müharibə ölkəyə problemlər yaradır. Buna əsasən, dünya inhisarçıları bir tərəfdən, daxili quldurlar bir tərəfdən, supergüclərin təxribatları bir tərəfdən, İrandan və İslam inqilabından əli kəsilmiş supergücün - yəni ABŞ-ın bu günə qədər davam edən aldadıcı media, siyasi və iqtisadi əli də bir tərəfdən İran xalqının bu böyük hərəkəti ilə qarşı-qarşıya dayandılar. İndi bu maneələrlə yanaşı dəyərləndirin, görün İslam inqilabının və İslam Respublikasının o məqsədlərə sarı hərəkəti necə olmuşdur. Mən dəyərləndirmək istəsəm, görülmüş işləri çox yaxşı bilərəm. İslam Respublikasının və İslam inqilabının gördüyü işlərin qiyməti çox yaxşıdır. Məgər bütün bu problemlər qarşısında taqət gətirərlər?! Bizim dövrümüzdə Afrikada, Asiyada və çoxlu yerlərdə hakimiyyət dəyişikliyi baş verib, ancaq heç biri taqət gətirməyib. Bizdən öncə də dünyanın böyük inqilabları - məsələn, Böyük Fransa İnqilabı, Sovet Oktyabr İnqilabı bu müxtəlif hadisələr qarşısında taqət gətirmədilər, əvvəldən yayındılar.


Bugünkü gəncin amalçılıq xisləti

Xalqçılıq, islamçılıq, amalçılıq xisləti, bugünkü inqilabçı gəncin otuz ildən sonra burada qalxıb inqilab amallarını öz arzu və tələbləri kimi ortaya qoyması və uca səslə söyləməsi inqilab üçün böyük səadətdir. Digər inqilablarda heç zaman belə olmayıb. On səkkizinci əsrin sonunda Böyük Fransa İnqilabı baş verib. Siz Fransanın on doqquzuncu əsrdəki ədəbi əsərlərinə baxın. On doqquzuncu əsrin əvvəllərində Napoleon hakimiyyətə gəldi. Siz əsrin ortalarının, məsələn, 1830-1840-cı illərin çoxsaylı əsərlərinə - həm şeirinə, həm romanına baxın. Onlar inqilablarından otuz il sonra çox bərbad durumda idilər: mütləq istibdad, fəsad, çox dəhşətli diskriminasiya. Halbuki orada da ədalət, bərabərlik, antiavtoritorizm şüarları vardı. İslam inqilabının bu uğuru misilsizdir. Sovet Oktyabr İnqilabı ondan da pis idi. Bizim zamanımızda da bu hadisələr baş verdi. Onların adı inqilab, əksəri isə çevriliş idi, bəzisində də xunta hakimiyyətə gəlmişdi; Kuba və digər yerlər kimi. Onların əksəriyyəti bu maneələr qarşısında tab gətirə bilmədi.


Maneələrin ilahi qanunlardan olması

Bu maneələrin hamısı ilahi qanunlardandır, təsadüfi bir şey deyil. Bunlar Allahın qanunudur. Yəni iş və hərəkət maneə ilə rastlaşır. Əks təqdirdə, cihadın mənası olmazdı: “Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar aldatmaq məqsədilə bir-birinə təmtəraqlı sözlər təlqin edərlər”. Peyğəmbərlərin bütün dəvətlərində düşmənlər - cin və insanlardan olan maneələr mövcud idi. Digər bir ayədə buyurulur: “Beləliklə, hər bir obanın günahkarlarını oranın başçıları təyin etdik ki, onlar orada bacardıqları qədər məkrlə məşğul olsunlar. Onlar yalnız özlərinə qarşı məkr edərlər”. Cəmiyyətlər daxilində fəsad və hiyləyə bais təbəqələr mövcud olmuşdur. Bu, ilahi qanunlardandır. Peyğəmbərlər heç zaman deməyiblər ki, şərait münasib olanda işə başlayacağıq. Xeyr, kəskin qarşıdurma və problem dolu şəraitlərdə çalışıblar; İslam Respublikası və İslam inqilabı kimi. Lakin qarşılıqlı olaraq ilahi qanun da budur ki, Peyğəmbərdən örnək alan bir ilahi hərəkət öz işini müntəzəm şəkildə davam etdirsə, bütün bu maneələrə üstün gələcək. Bu da ilahi qanundur. Mübarək Fəth surəsində belə göstərilir: “Əgər o kafirlər sizinlə döyüşə girişsəydilər, mütləq arxa çevirib qaçacaq, özlərinə nə dost, nə də havadar tapacaqdılar. Allahın əvvəldən qoyduğu qayda-qanun belədir. Sən Allahın qayda-qanununda heç vaxt bir dəyişiklik görə bilməzsən!” Əgər möhkəm dayansanız, müqavimət göstərsəniz, məqsədi itirməsəniz, fəaliyyəti saxlamasanız, şübhəsiz, qələbə sizinlədir. Mənim siz əziz gənclərə sözümün xülasəsi budur.


Zadəganlıq və dəbdəbə yarışması

İlk gündən bu inqilab əleyhinə başlayan düşmənliklərin hamısı bu gün də davam edir; bəzilərinin forması dəyişilib, bəziləri daha da güclənib. Bu gün təəssüf ki, bu gənclərin qeyd etdiyi kimi, istehlakçılıq, dəbdəbə, pul yarışması yeni bir təbəqə əmələ gətirmişdir. İslam quruluşu sərvətin istehsalına, sərvət yaratmağa qarşı çıxmır, hətta ona həvəsləndirir də. Əgər sərvət istehsalı olmasa, cəmiyyətin həyatı təhlükəyə düşər, cəmiyyət lazımi qüvvəsini əldən verər. Bu, bir İslam prinsipidir. Lakin xalqın zadəganlıq və dəbdəbə üçün sino getməsi çox xoşagəlməz bir haldır. Təəssüf ki, bu hal - israfçılıq və ifrat istehlakçılıq halı bizdə mövcuddur.


ABŞ-ın xarici düşmənə ehtiyacı

Xarici düşmənliklər də vardır. Bu gün ABŞ var gücü ilə İran xalqına qarşı çıxır. Bu, ABŞ-ın bütün gücüdür; informasiya, siyasi və iqtisadi gücü, beynəlxalq nüfuzu. Bəziləri elə bilirlər ki, ABŞ-ın xaricdə bir düşmənə ehtiyacı olduğu üçün İslam quruluşunu daim böyüdür, böyük bir təhlükə kimi təqdim edir. Bu, sözsüz ki, düzgündür. ABŞ rəhbərləri xalqı daxili problemlərdən, ayrıseçkilikdən, dərin təbəqə fərqlərindən yayındırmaq üçün həmişə xaricdə bir düşmən tapırlar. Bunu anlamışıq və xəbərimiz var. Lakin İranı böyütmək ABŞ-ın istismarçı siyasətiçilərinin təfəkküründə köklü bir məsələdir və həqiqəti əks etdirir. Onların varlığı təcavüzkarlığa, istismarçılığa və dünyanın müxtəlif yerlərinə əl uzatmalarına bağlıdır. Hökumətləri qane, xalqları da sakit etmişlər. Onların qarşısında möhkəm dayanan yeganə qüvvə İslam Respublikasının hökuməti və xalqıdır. Bütün xalq və hökumət - prezident və digər dövlət məmurları təqiyyə etmədən zülmü, ayrıseçkiliyi, istismarçılığı inkar edirlər. Bu, özünü milli hasarları daxilində məhdud etməyən supergüc üçün böyük təhlükədir. Çünki bu xalqın fəryadı və qiyamı digər xalqları da oyadır, xəbərdar edir. Necə ki, indiyədək belə olmuş və oyanış yaranmışdır. Onlar təhlükə hiss edir, bütün çabalarını göstərirlər. Lakin İran xalqı, siz gənclər və tələbələr onların qarşısında duruş gətirib hamısına qələbə çala bilərsiniz. Amma bunun şərtləri var. Biz bu gün 20-30 il öncədən çox irəlidəyik, təcrübəmiz çox, idarəçiliyimiz güclüdür. Bizim elmi bacarıqlarımız dəfələrlə inkişaf edib. İqtisadi fəaliyyət gücümüz o zamandan dəfələrlə artıqdır, o zamana nisbətən inkişaf haqda təsəvvürlərimiz çox yaxşıdır.


Solçu Şərq sosialist təfəkkürü

İlk onillikdə çoxlu inqilabçılar inkişafı səksəninci illərin solçu örnəyində, yəni sosializmə təmayüldə görürdülər. Kim də qarşı çıxsaydı, ona sarı bir ittiham və ləkə yönəldirdilər. İslam Respublikasında məmurların, məsul şəxslərin və ictimai-siyasi fəalların bir qrupu dövlətin hakimiyyəti və ümumi mülkiyyət tərəfdarı idilər. Bəli, bu baxış səhv idi; ölkənin inkişafına solçu Şərq sosialist təfəkkürü prizmasından baxış sayılırdı. Bunun səhv olması çox tez anlaşıldı. Hətta o zaman bu baxışın təbliğatçıları birdən-birə fikirlərini 180 dərəcə dəyişdirdilər, ozamankı ifratçılıq indiki təfritçiliyə çevrildi.


Qərbin inkişaf planının rəddi

Bir dönəmdə inkişafa baxış Qərb baxışı idi; yəni filan ölkənin, misal üçün, ABŞ-ın təqlidçisi və Qərb blokuna tabe olan Cənubi Koreyanın getdiyi yolla getsinlər. Fikirləri bu idi. Özlərini İngiltərə, Fransa və Almaniya həddində görmürdülər, Cənubi Koreya kimi ölkələrin həddində görürdülər. Bu da rədd olundu. Bu gün məmurların zehnində, fikrində və ümumi bir müzakirə mövzusu formasında elmi şəxsiyyətlərin və ziyalıların beynində ölkənin Qərb inkişaf planı rədd olunmuş, səhv çıxmışdır. Səbəbi də budur ki, Qərb modelli inkişaf planının tənqidi bu gün Şərq xalqlarına - bizə məxsus deyil, bunu Qərb mütəfəkkirlərinin və Qərb alimlərinin özləri tənqid edirlər; həm iqtisadi, həm əxlaqi, həm də siyasi sahələrdə. Onların fəxr etdikləri liberal-demokratiya bu gün tənqidə məruz qalır. Deməli, bu da inkişaf planı deyil. Bu gün biz bunları bilirik.


İslam-İran inkişaf planı

İslam-İran inkişaf planı nədir? Bu, yazılmalı, işıqlandırılmalı, müxtəlif cəhət və tərəfləri müəyyənləşdirilməlidir. Bu iş tam şəkildə görülməmişdir və görülməlidir. Lakin bizim İslam-İran planına qayıtmalı olduğumuzu anlamağımızın özü böyük uğurdur. Bu gün biz bu uğura nail olmuşuq.

Bu, inkişaf yoludur. İnkişaf yolu Qərbin yolu deyil, keçmiş Şərq düşərgəsinin sıradan çıxmış və qüvvədən düşmüş yolu da deyil. Qərbdə baş verən böhranlar bizim gözlərimiz önündədir. Bilirik ki, bu böhranlar o yolla gedən hər bir ölkədə yaranacaq. Deməli, biz özümüzün bəlli İslam-İran yolunu öndə tutub münasib sürətlə hərəkət etməliyik.
Humanitar elmlərdə nəzəriyyə yürütməyin zəruriliyi

Bu hazırlıqlar əsasında mövcud olan həll yolunu siz tapmalısınız. Siz nəticə əldə etməli, yekun rəyə çatmalısınız. Ümumi tövsiyə və strategiya kimi mənim sizə deyə biləcəyim müntəzəm gənc fəaliyyəti və mübarizliyidir. Siz universitetdəsiniz, fəaliyyətiniz universitet fəaliyyətidir. Dərs oxumalı, araşdırmalı və nəzəriyyə yürütməlisiniz. Qərb nəzəriyyələrindən qeyd-şərtsiz örnək götürməyi və tərcüməçilik üslubunu səhv və təhlükəli bilin. Bizim humanitar elmlərdə nəzəriyyə yürütməyə ehtiyacımız var. Dünyanın çoxlu hadisələri hətta iqtisadi, siyasi və digər sahələrdə humanitar elmlərin mütəxəssislərinin nəzəriyyələrinə məhkumdur; sosiologiyada, psixologiyada, fəlsəfədə. Meyarları təyin edən onlardır. Biz bu sahələrdə nəzəriyyə yürütməli, işləməli və çalışmalıyıq. Tələbə çalışmalıdır. Tələbə və universitetin inqilabın məqsədlərinə kompleks baxışı olmalı, onların adınca getməlidir. Ehtiyatlı olun ki, düşmən universitetdən, tələbə və müəllimdən istifadə edə bilməsin. Mən bunun üzərində təkid göstərmək istəyirəm. Görürsünüz kiçik bir hadisə baş verir. Öz universitetinizdə bir qrup bəlkə də bir məsələyə etirazçıdırlar. Görürsünüz ki, dünyada dərhal onu şərh, təhlil edirlər; o tələbənin bu hərəkəti etdiyi, bu addımı atdığı istiqamətdə yox, o istiqamətin tam əksinə. Bu vasitələrlə hakimiyyəti, dövləti və İslamı sual altına salırlar. Ayıq olmaq lazımdır. Bu ayıqlıq universitetə digər yerlərdən daha vacibdir.


Dindarlıq və inkişaf

Gənclərlə paylaşmaq istədiyim başqa bir məsələ dindarlıq məsələsidir. Əziz gənclər! Dindarlıq, imkan daxilində dini məsələlərə riayət etmək ilahi nəzərə, insani uğur və inkişafa bais olur. Buna əhəmiyyətsiz yanaşmayın. Mən demək istəyirəm ki, hansısa riyazi düsturu, kimyəvi elementi, yaxud ixtiranı edəndə, tapanda, həll edəndə Allahı yada salmaq sizə kömək edər. Allah-Taala insana yardım edir, işlər Onun əlindədir. Bəlkə də demişəm ki, bizim gənclərimiz kök hüceyrələri araşdırıb kəşf edəndə Royan müəssisəsinin sədri mərhum Mühəndis Kazimi həmin qrupla birgə mənim yanıma gəlib məruzə edirdi. O deyirdi ki, mən işin nə yerdə olduğunu bilmək üçün “sabah işi bitirəcəyik” deyən gənc mühəndisə zəng vurdum. Həyat yoldaşı dəstəyi götürüb dedi ki, mühəndis axırıncı məsələni tapdığına görə səcdəyə gedib ağlayır. Mərhum Mühəndis Kazimi bunu danışanda həm özünü ağlamaq tutdu, həm məclisdə iştirak edən həmin gənci. Mənəviyyat məsələsinə əhəmiyyətsiz yanaşmaq olmaz.


Dini və inqilabi təməlin gücləndirilməsi

Allaha diqqətlə, Allaha yaxınlaşmaqla, müqəddəs dərgaha təvəssüllə və ilahi nəzər altında çoxlu çətin işləri görmək olar. Siz gəncsiniz. Sizin bizimlə fərqimiz var; bunu sizə deyim. Siz bu cəhətdən bizdən çox öndəsiniz. Sizin qəlbləriniz pak, işıqlı, ləkəsiz, aydın bir güzgü kimidir; işığı dərhal əks etdirir. Bunun qədrini bilin. Namaz, müstəhəb işlər, Quran, dua, Səhifeyi-Səccadiyyə kimi vasitələrlə Allah-Taala ilə mənəvi əlaqə qurun. Səhifeyi-Səccadiyyə dini bilgilərlə doludur. Bu işlə özünüzün dini və inqilabi bünövrənizi də möhkəmləndirərsiniz. Əgər bizim gəncimizin dini bünövrəsi möhkəm olsa, sizin bu Şiraz şəhərinizdə, Fars vilayətinizdə və bütün ölkədə - mənim buradan da məlumatım var - zehinləri müxtəlif tərəflərə yayındırmağa çalışanların çoxu gəncimizin möhkəm olduğunu görsələr, kənara çəkilərlər. Bu gün sizin bu şəhərinizdə və digər yerlərdə - mən məsələni çox da açmaq istəmirəm, bəlkə də özünüz çox yaxşı bilirsiniz - mənasız və puç maddi irfanlardan tutmuş, sıradan çıxmış dinlərə, adı din, əslində isə siyasi təşkilat olan qruplara qədər fəaliyyət göstərirlər, iğtişaşla məşğuldurlar, İslamın bu izdihamlı qüvvəsini bacardıqları qədər zəiflətməyə çalışırlar. Bizim gəncimizin düşüncə və etiqad təməli möhkəm olduqda onlar da işlərini bilirlər. Etiqadi təməllərin möhkəmlənməsi bu diqqətlərlə, münacatlarla, Allaha təvəssüllə, Səhifeyi-Səccadiyyə duaları ilə əldə olunur. Bu dualar yalnız “Ya Rəbb! Ya Rəbb!” demək deyil, insan etiqadlarını dərinləşdirən İslam bilgiləri ilə doludur. Quran qiraəti də belədir. Namazın özü də belədir.


Tələbə mühitinin təhdidləri

Hər halda, bu mənim siz gənclərin hamısına tövsiyəmdir. Birliyinizi qoruyun. Birlik! İran xalqı miqyasında da birliyi qorumaq əsas amildir. Bütün ölkənin tələbə təbəqəsi miqyasında da belədir; bir şəhərin, yaxud bir vilayətin tələbələri miqyasında da həmçinin. Qoymayın üslub fərqləri sizi bir-birinizə qarşı qoysun. Bir zaman bəzilərinin maraqları tələb edirdi ki, universitetləri siyasi oyun, çəkişmə və yaxalaşma mərkəzinə çevirsinlər. Bu gün Allaha şükür olsun ki, bunlar azdır. Qoymayın tələbə birlikləri və tələbə hərəkatının müxtəlif hissələri düşmənlərə çevrilsinlər. Rəqib yaxşıdır; rəqib, müsbət rəqabət.

Qardaşların biri dedi ki, biz hazırıq, bizə tədqiqat mərkəzi verin, yaxud icazə verin filan sahədə tədqiqat mərkəzi açaq, məsələn, günəş enerjisi, yaxud başqa bir sahədə fəaliyyət göstərək. Çox gözəl. Digər tələbə qrupu da desin ki, biz də başqa bir sahədə bunlarla müsbət elmi rəqabət apararıq. Müsbət rəqabət budur; yəni qaçış yarışı: “(Ey insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa nail olmaq üçün (yaxşı əməllər etməkdə) bir-birinizi ötüb keçməyə çalışın”; xeyir işdə yarışma, istehsalda yarışma, öyrənməkdə, məlumatları həyata keçirməkdə və xalqın məişətinə kömək etməkdə yarışma. Bu yarışma çox yaxşıdır, rəqabət çox yaxşıdır, lakin yaxalaşmaq, davalaşmaq yox; özü də çox kiçik və dəyərsiz məsələlər üstündə. Xeyr, biz bunu sevmirik; nə universitetdə, nə ruhanilər arasında, nə də başqa bir yerdə.

İlahi! Deyib-eşitdiklərimizi Özün üçün və Öz yolunda hesab et!

İlahi! Bizi Sənin razılığına səbəb olan işlərdə müvəffəq et!

İlahi! Ölkəmizi günbəgün başıuca və mütərəqqi et!

İlahi! Bu əziz və pak gənclərə ölkənin gələcəyini ideal və arzu olunan formada qurmaqda uğur bəxş et!

İlahi! Bu gəncləri bu ölkəyə və bu xalqa bağışla!

İlahi! Dövrün imamının müqəddəs qəlbini bizdən razı et!

Allahın salamı və rəhməti olsun sizə!





Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə