Şagirdlər öz stullarında, müəllim də onlarla birlikdə dairəvi şəkildə əyləşirlər. Uşaqlar
üzərinə qalın hərflərlə adlarını yazdıqları kağız lentləri əllərində saxlayırlar. Müəllim də öz
növbəsində üzərində adı və soyadı yazılmış belə bir kağız lenti əlində saxlayır. Hər kəs növbə ilə
onun adını söyləyir. Sonra isə növbə şagirdlərin öz sinif yoldaşlarının adlarını öyrənməsinə və
yadda saxlamasına gəlib çatır. Buna müxtəlif oyunlar vasitəsilə etmək olar:
Hər bir şagird əvvəl öz adını, sonra isə solunda və sağında əyləşən yoldaşının adını
söyləyir: “Mənim adım
...-dir, solumda əyləşən
filankəs, sağımdakı isə
filankəsdir”.
Şagirdlərinizdə eyni olan cizgiləri, məsələn, onların şalvar və ya köynəklərindəki eyni bir
rəngi, yaxud onların inisiallarını və ya gözlüklərini, yaxud da saçlarının oxşar rənglərini
müəyyən edib, tapmacalar hazırlayın: “Filankəsdə, filankəsdə və filankəsdə eyni olan nə
isə var. Kim deyər, bu nədir?” Bunu müxtəlif misallarla bir neçə dəfə təkrarlayın.
Üzərində adlar yazılmış bütün kağız lentləri toplayıb qarışdırın və üzüörtülü şəkildə
düzün. Növbə ilə hər uşaq bu kağız lentlərdən birini çəkir, ancaq ona düşən adı
səsləndirmir. Sonra onlar hamısı adları nümayiş etdirirlər. Birinin adının başqasına
düşdüyü məlum olur. İndi bu qarışıqlığı kim düzəldə bilər? Məsələn, kim hər bir kağız
lent üzərində adı yazılmış uşağı müəyyən edib, həmin kağız lenti həmin uşağa verə bilər?
Avtobusa minmə: Uşaqlardan biri bu sözləri deyir: “Mənim adım Aynurdur, mən
avtobusa minirəm”. Onun yanındakı uşaq isə “Mən Səbinəyəm və mən Aynurla birgə
avtobusa minirəm”. Səbinənin yanında əyləşən uşaq eyni qaydada, əvvəlki uşaqların
adlarını təkrarlamaqla bu sözləri davam etdirir: “Mən Tofiqəm və mən Aynur və Səbinə
ilə birgə avtobusa minirəm”. Uşaqlar bir-birlərinin sözlərini bu qaydada davam
etdirərkən, onların dairəvi şəkildə əyləşdikləri ardıcıllığı gözlədiklərinə əmin olun. Bu
ardıcıllığın gözlənməsi uşaqların adları yadda saxlamasını asanlaşdırır. Sonuncu uşaq
avtobusa minənə kimi bu oyunu davam etdirin. Elə edin ki, oyun zamanı hansısa uşaq
yoldaşlarından kiminsə adını unudarkən utanmasın, imkan verin ki, uşaqlar bir-birlərinə
kömək etsinlər.
Müəllim maarifləndirmə xarakterli bir dialoqla dərsi yekunlaşdırır. Aşağıdakı suallar
şagirdləri dialoqa sövq edən stimul rolunu oynayır:
Mənim adım xoşuma gəlirmi, əgər gəlirsə, niyə?
Bəzən adlar qısaldılmış şəkildə deyilir, yaxud adama ləqəb qoyulur və ya adı tamam
dəyişdirilir. Mən öz yeni adımı bəyənirəm, yoxsa yox? Niyə?
Bəzən ada malik olmaq xüsusilə vacib olur. Əgər məktəbdə hamının eyni adı olsaydı,
yaxud heç kimin adı olmasaydı, vəziyyət necə olardı?
Dərs 2: Necə olub, mənə bu adı qoyublar?
Müəllim kağız lentlərin üzərinə aşağıdakı cümlələri yazır (əlbəttə ki, müəllim aşağıda
göstərilənlərdə istənilən dəyişikləri edə bilər – bəzilərini təxirə sala, bəzi yeni cümlələr əlavə edə
bilər və sair):
Ada sahib olmaq vacibdir.
Ad – bu, elə mən özüməm.
Biz adların köməyilə özümüzü və başqalarını tanıyırıq.
Bizim adlarımız bizə hörmət gətirir.
Uşaq ada sahib olmaqla dövlətin üzvü olur.
Valideynlər müəyyən bir adı seçərkən, çox vaxt həmin adda öz arzularını, ümidlərini və
hisslərini ifadə edirlər.
Müəllim kağız lentlər üzərindəki bu cümlələri bir-bir oxuyur və hər cümlədən sonra
uşaqlardan həmin cümləni necə başa düşdüklərini öz sözləri ilə ifadə etməyi xahiş edir.
Sonra müəllim uşaqların ev tapşırığı kimi evdə doldurmalı olduqları çalışma vərəqələrini
paylayır (aşağıya bax).
Hə bir uşağın paylanan çalışma vərəqəsindəki sualları başa düşdüyünə əmin olmaq üçün
müəllim siniflə birgə həmin sualları nəzərdən keçirir.
Mən nə vaxt anadan olmuşam?
Saat neçədə?
Həftənin hansı günü?
Mən anadan olanda hava necə imiş?
Mən harada doğulmuşam?
Doğum anında kimlər orada olub?
Doğularkən boyum və çəkim nə qədər olub?
Nəyə görə mənə məhz bu adı qoyublar?
Dərs 3 və 4: Bütün uşaqların danışmağa öz hekayəsi var!
Uşaqlar dairəvi əyləşir və valideynləri ilə söhbət etdiklərini bir-birlərinə danışırlar.
Müəllim uşaqları bəzi məsələlərdə daha dərinə varmağa həvəsləndirir.
Misal üçün, o, sinifdəki uşaqların günün hansı vaxtı anadan olduqlarını bir-bir lövhəyə
yazaraq bir siyahı tərtib edir. Bəlkə bu siyahıda maraqlı uyğunluqlar ortaya çıxdı.
Əlbəttə, hansısa uşaq sonuncu suala cavab verə bilsə, yəni valideynlərinin nə üçün ona bu
adı qoyduğunu izah edə bilsə, çox maraqlı olar.
İndi isə uşaqlara özləri haqqında fərdi qaydada plakat yaratmaq və özləri barədə
yazdıqları informasiyaları ora köçürmək tapşırılır. Müəllim yazı qabiliyyəti zəif olan şagirdlərə
kömək edə bilər.
Əgər buna imkan varsa, uşaqlar özlərinin boy ölçülərində rəsmlərini çəkirlər. Bunu
aşağıdakı kimi etmək olar: döşəməyə böyük, boy ölçüsündə kağız sərilir və uşaq həmin kağızın
üzərinə uzanaraq, müəyyən bir poza, məsələn, qaçan, yaxud qolları yana açılmış vəziyyəti alır.
Uşaqlar dördüncü dərsi də bu plakatlara həsr edir və bu dərsdə öz plakatlarını
tamamlayırlar.
Sonda onlar bu plakatları məktəb binasında necə nümayiş etdirməyin yollarını müzakirə
edirlər. Müəllim onların bir qərara gəlməsinə kömək edir.
Şagirdlər üçün çalışma vərəqəsi
Mənim adımın öz tarixçəsi var və mən onu öyrənməyə çalışacağam
Mən nə vaxt anadan olmuşam?
Saat neçədə?
Həftənin hansı günü?
Mən anadan olanda hava necə imiş?
Mən harada doğulmuşam?
Doğum anında kimlər orada olub?
Doğularkən boyum və çəkim nə qədər olub?