23
Anadolu türkcəsində bizə məlum olan ən əski sufi şeirləri XIII yüzildə
yaşamış Əhməd Fəqihə aiddir. Onun “Çərxnamə” məsnəvisi Anadolu
türkcəsində elmə bəlli olan ilk təsəvvüf əsəridir. Qeyd olunan əsəri ilk dəfə
1926-cı ildə Fuad Köprülü, 1956-cı ildə isə Mecdut Mansuroğlu tədqiq
etmişlər.
Əhməd Fəqihlə eyni əsrdə yaşamış Şəyyad Həmzənin əruzla yazdığı
əsərləri bədiilik baxımından zəif şeirlər olsa da, o, türk ədəbiyyatında ilk
eşq məsnəvisi yaratmış mütəsəvvüf sənətkarı kimi tanınır.
Dövrün, türk və İslam aləminin ən tanınmış sufi şairi isə, heç şübhəsiz
ki, Cəlaləddin Rumidir. Yaradıcılığı boyu o, müstəqil düşüncəyə böyük
önəm vermiş, insanın ən dəyərli varlıq olduğunu qeyd etmiş, türk olması ilə
qürur duymuşdur. Onu da qeyd edək ki, o dövrdə fars dili ədəbi dil olaraq
geniş yayılmışdı, hətta Səlcuqilər türk əsilli olsalar da, saray dili və ədəbi
dil farsca idi. Əlbəttə, Orta əsrlər islam dünyasında, xüsusilə təsəvvüf
aləmində irqi və mili fərqlər önəmli deyildi. Rumi kimi böyük sufi
şəxsiyyəti üçün insanlıq hər şeydən yüksəkdə dayanırdı. Mövlana türk,
ərəb, fars və yunan dillərini bilən ensiklopedik mütəfəkkir idi. Əsərlərində
zamanının fəlsəfi, riyazi, sosioloji, tarixi, məntiqi məsələləri öz əksini
tapmış, əsərləri və düşüncələri dünya ədəbiyyatı korifeylərinə təsir
göstərmişdir.
Mövlana Anadolu coğrafiyasında poeziyanın çox dəbdə olduğunu və
yazdıqlarını bu yerin torpaq ətirli insanlarına ithaf etdiyini vurğulamışdır.
O, düşüncə, duyğu, təxəyyül, mürəkkəb məcaz dolu şeir sisteminə dəyər
vermişdir. Ən məşhur əsəri 25.700 beytdən ibarət, “failatün, failatün,
failün” (bahri-remel) təfiləsində yazılmış “Mesnevi” əsəridir. Bütün Şərq
və Türk islam təsəvvüf ədəbiyyatının Qurani-Kərim və hədisdən sonra əsas
ilham qaynağı sayılan “Mesnevi” əsərindəki iqtibas edilmiş ayələr,
hədislər, qissələr, mənzumələr, hikmətli sözlər, deyimlər həmişə dəyərli
qaynaq kimi tanınır. Bundan başqa, “Divan-i Kebir” (40.380 beyt), “Fihi
ma fihi”, “Mektubat” və “Mecalis-i Seba” adlı əsərləri də eyni ustalıqla
yazılmış və müəllifinin ədəbi şöhrətini daha da yüksəltmişdir. Şəms
Təbriziyə həsr etdiyi divanında toplanan qəzəllərin böyük qismi səma
məclislərində ifa üçün yazılmışdır.
Türk mütəsəvvüfləri arasında adı hörmətlə çəkilən ədiblərdən biri də
Sultan Vələddir. Mövləvilik təriqətinin qurucusu hesab olunur. Atası
Mövlanə Cəlaləddin Rumidən fərqli olaraq, o, türk dilində daha çox əsər
yazmışdır. Türkcə şeirlərində sadə Anadolu türkcəsini işlətmişdir:
24
Ölmegi ol denizde görmeyesin,
Göresin ne ki varsa sormayasın.
Anda sözler yerinde görmekdir,
An kim göz göre ne sormaktır.
Sultan Vələd öz “Vələdnamə” əsəriylə məhşurlaşmışdır. Bu kitab üç
mənzum əsərdən ibərətdir: “İbtidanamə”, “Ribabnamə”, “İntihanamə”.
Sultan Vələd bu əsərini atasının təsəvvüfi nəzəriyyəsinin incələnməsinə,
onun həyat və yaradıcılığına həsr etmişdir. Maraqlı məqamlardan biri də,
əsərin “İbtidanamə” və “İntihanamə” hissələrinin sonunda müəllifin türkcə
şeirlərə, “Ribab-namə”nin sonunda türkcədən başqa, yunanca da şeirlərə
yer verməsidir.
Mübaliğəsiz qeyd etmək olar ki, Anadolu türklüyünün möhtəşəm ruh
dünyasının ilk sırasında mütəsəvvüf şair Yunus Əmrə gəlir. Yunusa görə,
təsəvvüf, ilahi əxlaqi keyfiyyətlərə yiyələnmək, hər cür pisliklərdən
təmizlənmək, ruhun paklanması və insanın kamilləşməsidir. Yunus Əmrə
coşğun ilahi eşqin təsiri altında yazıb yaratmışdır. O, dünyəvi eşqdən
yüksələrək ilahi eşqə yönələ bilmişdir:
Dört kitabın manisin okudum ezber itdüm,
Aşka gelince gördüm bür uzun hece imiş.
Yunus Əmrə xalq danışıq dilini duyğu dolu bir biçimdə və bənzərsiz
şəkildə, daha çox heca ölçüsündə, arabir də əruz vəznində özünəməxsus
tərzdə ifadə etmişdir. Bu baxımdan o, türk milli ədəbiyyatının banilərindən
biri sayılır. Yunus Əmrə hər zümrədən olan insana, hər irqdən olan adama
eyni dərəcədə sevgi bəsləmiş, onlar arasında ayrıseçkilik göstərməmişdir.
Onun şeirlərində bütünlükdə bəşəriyyətə sevgi hissləri hakimdir. Kin,
ədavət, qisasçılıq, həsəd, dedi-qodu Yunus Əmrə düşüncəsinə yaddır və
sanki sevgi ilə bütün bəşəri qardaşlaşdırmaq istəmişdir. Demək olar ki,
Orta Asiyada Əhməd Yəsəvi ilə başlayan türk sufi poeziyası Anadoluda
Yunus Əmrənin simasında özünün zirvə nöqtəsinə çatmışdır. Tərki-
dünyalığı, faniliyi, zəhmətin boşluğunu, pessimizmi, nihilist görüşləri əks
etdirən şairlərdən fərqli olaraq, Yunus Əmrə son nəfəsədək ümidlə
yaşamağın, çalışqanlığın, hər şeyin mümkünlüyünə inamın, qardaşlığın
carçısı olmuşdur. İnamla qeyd etmək olar ki, bu cəhətinə görə təkkə
ədəbiyyatı nümayəndələri arasında indiyə qədər ondan üstün şair
yetişməmişdir:
Gelin tanış olalım,
İşi kolay kılalım.
25
Sevelim, sevilelim
Dünya kimseye kalmaz...
Bu yarımfəsildə XIII-XIV əsrlərdə Anadoluda yaşayıb yaratmış ən
tanınmış mütəsəvvüflərindən Aşıq Paşanın yaradıcılığı, xüsusən ən yayğın
əsəri 1329-cu ildə qələmə aldığı 12000 beytdən və on hissədən ibarət
“Qəribnamə” əsəri geniş təhlil edilir. Qeyd olunur ki, ərəb-fars dillərinin
türklər arasında yayıldığı və “elm və şeir dili” olaraq qəbul edildiyi bir
zamanda Aşıq Paşa “saf türkcə” əsərlər yazmağa üstünlük vermiş və bu
cəhdləri uğurlu olmuşdur:
Türk diline kimseler bakmaz idi,
Türklere hergiz günül akmaz idi.
Türk dahi bilmez idi bu dilleri,
İnce yolu, ol ulu menzilleri.
Bu yarımfəsildə dövrün tanınmış sənətkarı Mustafa Darir (Mustafa
Zərir), XV əsr Anadolu türk ədəbiyyatının ən məşhur “Mövlud” şairi
Süleyman Çelebi və onun “Vəsiltün-nicat” adlı mənzuməsi, eləcə də XV
əsrin görkəmli sənətkarları Kaygusuz Abdal, Hacı Bayram Veli, Mehmet
Yazıcıoğlu, Emir Sultan, Akşemseddin, Eşrefoğlu Rumi, Rövşeni,
Əhmədi, Mehri Hatun, Şeyxi, Zeynəb Hatun, Ahmed Paşa, Necati,
Mercimek Ahmed, eləcə də dövrün II Sultan Murad, Fatih Sultan Mehmed,
II Sultan Beyazid və Cem Sultan kimi şair-hökmdar və şahzadələrinin türk
divan poeziyası və sufi ədəbiyyatının inkişafındakı xidmətləri təhlil
süzgəcindən keçirilir.
Dissertasiyanın III fəsli “Türk divan poeziyasının quruluşu və
janrları” adlanır. Fəslin “ Divan”ın tərtib prinsipləri” adlı ilk bölümündə
Şərq ədəbiyyatı tarixində ənənə şəklini almış “Divan” tərtibinin ən mühüm
xüsusiyyətləri izah edilir. Qeyd olunur ki, formalaşmış ənənəyə görə,
divana müəyyən qaydalar əsasında və mövzularda yazılmış 150-200 şeir
daxil edilirdi. Mükəmməl (mürəttəb) Divanda tövhid, münacat, nət,
mədhiyyə məzmunlu qəsidələr, qəzəllər, müsəmmətlər, tərcibəndlər,
tərkibbəndlər, rübailər və s. şeir növləri ardıcıl sırayla yer alır. Divanların
sonunda isə lüğəzlər, müləmmələr, azadələr verilir. Tam olmayan Divan
Şərq ədəbiyyatında “divança” adlandırılırdı. Divançaların tərtibi və
mövzuları eyni mürəttəb divanlardakı kimi olmaqla yanaşı, divançada
sırayla gələn bölümlərdən biri əksik olur.
Divan şairlərinin bəziləri yaratdıqları divanlarına müxtəlif adlar
versələr də (məsələn, Xəzani-asar, Bahari-əfkar), ümumilikdə divanlar
Dostları ilə paylaş: |