13
ümumtürk yazılı ədəbiyyatının əsasını, divan ədəbiyyatının başlanğıcını və
ilk təşəkkül qaynaqlarını təşkil etdikləri elmi şəkildə əsaslandırılır. Qeyd
olunur ki, sonralar divan ədəbiyyatının əsas atributları olan əruz vəzni və
onun mürəkkəb təfilə-qəlibləri, qafiyələnmə sistemi, poetik janr və
şəkilərinin ilk nümunələri (məsnəvi, əruz, qəsidə, rübai və s.), mövzu, süjet,
didaktivlik, bəşəri ideya və əxlaqi-mənəvi dəyərlər, türk-müsəlman
düşüncəsinin dövlətçilik, idarəçilik məharəti, qayda-qanunlarla yaşamaq
kimi prinsipləri, şərq poeziyasında tez-tez rast gəlinən motivlər – ahıllıq,
etibarsız dostlar, dünyanın sonunda insanları gözləyən fəlakətlər və s. məhz
bu ümumtürk abidələrində öz əksini tapmışdır.
I fəslin “Şərq ədəbiyyatı və islami təsəvvüf” adlanan üçüncü
yarımfəslində türk divan poeziyasının yaranmasında, fars və ərəb
ədəbiyyatlarının mühüm rolu olduğuna diqqət çəkilir. Qeyd olunur ki, türk
divan ədibləri əksər poetik vəzn və janrları, üslub və ifadə tərzini, mövzu
və məzmunu fars və ərəb sənətkarlarından öyrənmiş, tərcümə, təbdil,
iqtibas, tənzir, qismən də təqlid etmişlər. Bir çox türk sənətkarları ərəbcə və
farsca əsərlərlə tanış olub, türkcə ilə yanaşı, elə həmin dillərdə də əsərlər
yazmışlar. Başqa bir qrup qələm sahibləri ərəb və fars müəlliflərinin
əsərlərini tərcümə yolu ilə türk ədəbiyyatına gətirmiş, həmin tərcümə
əsərlərini nümunə götürərək təbdil və tənzir yolu ilə yeni əsərlər ortaya
qoymuşlar. Türklər İslamı qəbul etdikdən sonra ərəb dili, ərəb mədəniyyəti
və təbii ki, ərəb ədəbiyyatı türk düşüncə tərzini və bütünlükdə türk
sivilizasiyasını öz güclü təsiri altına almışdır. Bu baxımdan Divan
ədəbiyyatının yaranmasında da ərəb ədəbiyyatının, ərəb ədəbi ənənəsinin
təsiri bariz şəkildə özünü göstərmişdir.
Bunu xüsusi vurğulamaq lazımdır ki, türk sənətkarlar ərəb
poeziyasının əruz vəznini və ədəbi janrlarının əksəriyyətini fars ədəbiyyatı
və sənətkarları vasitəsilə əxz etmişlər. Səlcuqilər sarayında fars dili hakim
olmuş, həmin dildə olan qaynaqlar türkləri özünə cəlb etmişdir və buna
görə də fars ədəbiyyatı nümunələrinin türkcəyə tərcüməsi dövrün tələbinə
çevrilmişdi. İran ədəbiyyatı da öz növbəsində islamdan sonrakı mərhələdə
bir sıra keçmiş milli ənənələri saxlasa da bütövlükdə Quran və islam
maarifi ilə zənginləşən ərəb ədəbiyyatından təsirlənmişdir. İstər fars, istərsə
də türk klassik ədəbiyyatı əruz və qafiyə ilə yanaşı, ədəbi janr və növləri,
mövzu və ideya-məzmun motivlərini, hətta obrazlar sisteminin
əksəriyyətini ərəb mədəniyyətindən götürmüşlər. Ancaq onlar bütün bunları
sadəcə mexaniki olaraq təqlid etməmiş, onların bir qismini ixtisar etmiş, bir
14
qismini dəyişərək öz ənənələri ilə uyğunlaşdırmış, bir çox hallarda isə
yeniliklər yaratmışlar. Başqa sözlə desək, bu vəziyyət heç də bəzi Qərb
müəlliflərin və onları təkrarlayan bəzi türk araşdırıcılarının iddia etdikləri
kimi, türk Divan ədəbiyyatının orijinallığını şübhə altına almağa əsas
vermir.
Bu yarımfəsildə dövrün tərcümə ədəbiyyatının müsbət və mənfi
tərəfləri ətraflı şərh edilir. Qeyd olunur ki, bir tərəfdən, tərcümələr
vasitəsilə türk dilinə yüzlərlə alınma söz keçir, türk dili zənginləşirdi. Türk
ədəbiyyatında yeni-yeni janrlar, sintaktik fiqurlar, məcazlar sistemi, estetik
ifadə metodu yaranırdı, türk ədəbiyyatında mövzu, tip, xarakter
rəngarəngliyi formalaşırdı. Digər tərəfdən, ərəb-fars sözləri türk sözlərini
yavaş-yavaş sıxışdırıb dilin lüğət tərkibindən çıxarır, ədəbiyyat və dil
tədricən milli zəmindən uzaqlaşır, yeni bir yazı dili, mürəkkəb bir üslub
yaranırdı. Yeni təzahür edən yazı dili canlı danışıq dilindən, xalq dilindən
köklü şəkildə fərqli bir dilə çevrilirdi. Onu anlamaq üçün xüsusi təhsil
almaq, mədrəsədə oxumaq zərurəti yaranırdı. Belə bir məqam xüsusi olaraq
qeyd edilir ki, Divan ədəbiyyatının meydana gəldiyi və təşəkkül tapdığı
dövrdə (XIII-XV əsrlər) türk, ərəb və fars dillərinin sintezindən ibarət olan
və osmanlıca adı ilə tanınan yazı dili hələ tam şəkildə formalaşmamışdı,
dövrün yazılı poeziya və nəsr dili, xalq ədəbiyyatı nümunələri
türkologiyada “Əski Anadolu türkcəsi” adı ilə tanınan və oğuz-qıpçaq
təməlində formalaşan türk dilində yaranırdı. Əlbəttə, bütün bunlar ictimai-
tarixi şəraitin, dilxarici və dildaxili faktorların təsirinin nəticəsi idi. XV
əsrin sonlarından, xüsusən XVI əsrdən etibarən türk Divan şairlərinin və
qismən də nasirlərin əsərlərində sadəlik və xalq tərəfindən başa düşülmək
istəyi tədricən arxa plana keçir. Şeirdə zəngin qafiyə sistemi, çoxlaylı
təşbehlər, Qurani-Kərim, islam hikməti və elmlərinə xas terminlərlə dolu,
hecadan uzaqlaşmış, əruz vəzni ilə tənzimlənən misra və beytlər, uzun-uzun
cümlələr, izafət birləşmələri, feli bağlamalar, ki (kim), və (vü) bağlayıcıları
ilə birləşdirilən nöqtəsiz-vergülsüz cümlələr, nəsrdə isə şeir kimi
düşüncədən çox bəzək-düzəkli ifadələr, səcli və qafiyəli parçalar bu dövr
ədəbi nümunələrinin başlıca məziyyətləridir.
Araşdırmalar göstərir ki, XIV əsrdə ərəb və fars dillərindən tərcümə
edilən islam tarixi, nəsihətamiz heyvan hekayələri, dövlət adamlarına
öyüd-nəsihətlər, Quran-ı Kərim və təfsirləri kimi əsaslı kitablar, müxtəlif
dini, tarixi, əfsanəvi, didaktik, folklor və tibbi məzmunlu əsərlər, “Kəlilə və
Dimnə”, “Marzibannamə”, “Qabusnamə”, “Mirsadül-İbad”, “Qisasül-