27
SÖZÜM HAQQI – DÖZÜM HAQQI
Deyirlər ki, Allah öz bəndələrini xəlq etməmişdən çox-çox əvvəl SÖZÜ
yaratdı, insanları digər canlılardan fərqləndirib ali varlıq kimi dünya-
ya bəxş etdi. Söz, can cismi tapana qədər ağrılardan, sonu görünməyən
əzablardan keçdi, çünki sözün özünün də canı var idi və bu can sonra-
lar insan canı ilə qovuşdu, onunla əbədi yolun yolçuna döndü… Əslində
sözün həyatı əbədidir. Bu həyat sözün bir bədəndən digərinə keçməsiylə
öz davamını tapır, çünki sudan, qandan və ətdən ibarət olan bədən təbiətdə
olan canlılar kimi ona ayrılmış müddət bitdiyi məqamlara az qalmış öz
ölçüsünü, çəkisini, görünüşünü dəyişməyə başlayır və istər-istəməz bu
dünyanı tərk etməli olur. Deməli, canın tapındığı cisim sıradan çıxır, daha
doğrusu, öz ömrünü başa vurur. Söz isə ruh mərtəbəsində qalır yenidən
hansısa bir bədəndə həyatın davamı üçün… Ruhlar da xeyir və şər ol-
maqla iki yerə bölünür. Necə ki, təbiətdə soyuq-isti, külək, meh, qasırğa,
yağış-gurşad, qar, zəlzələ, vulkan və sair var. Onlar arasında daimi iğtişaş
gedir. Elə bu dünyada da təbiət qüvvələri arasında iğtişaş getdiyi kimi,
insan dediyimiz varlıqda bərqərar olan xeyir-şər arasında mübarizə ge-
dir. Bu mübarizə çox vaxt bütünlüklə dünyanın məhv olmasına aparıb
çıxarır, sanki Allah insanı haqq yolunu azdığına görə doğrudan da ca-
hana günahlardan təmizlənmək üçün göndərib. Sözü də Adəmə şərin və
xeyirin çarpışmasında bir vasitə kimi ərməğan edib. Ruhun təmizliyinə
qovuşmaq istəyənlər, mənəvi dünyanın möcüzəsinə səcdə edənlər Tanrının
ona bəxş etdiyi Təb adlı gözəgörünməz ilahi xilqətin əsirinə çevrilir. Təb
isə sözün bir sevdalı mələyidir. O insanı həm şər tərəfə, həm xeyir tərəfə
çəkə bilər, çünki söz həm şərin, həm də xeyirin əsiri ola bilər. O baxır
insan ağlına, düşüncəsinə, düşdüyü mühitə və onun mənliyinin tutumuna
ki, söz onu hansı tərəfə çəkir… Kaş, söz aşiqi olan insana qələmini xeyirə
çalmaq qismət olaydı! Əgər belə olsaydı cahanda bu qədər zülm, didişmə,
mərəkə, qan-qırğın olmazdı və insanlar da o biri dünyanın cəhənnəm
əzabıyla hədələnməzdilər. Bu dünya gülüstanlıq olardı və bəşər övladı bu
gülüstanlıqda bəxtiyarlıqla ömür sürərdi…
Yalnız sözdən keçir insanın insana məhəbbəti də, nifrəti də, döyüşü də,
yürüşü də, ülfəti də, səadəti də! Bu ali məqamın təmizliyini duyanlar sözü
xeyirlə sevdaladılar, ona tapındılar, ona ehya etdilər, onun haqqa üz tutan
karvanına qoşuldular, zirvələrə doğru getdilər – Nizami kimi, Füzuli kimi,