|
Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)
47
"Rənglər" haqqında olan tənqidlərə kəmetina olmasaydı, indiyə
kimi "rəngləri" özü üçün aydınlaşdırar, müəyyənləşdirər, əslində
qatığın ağ, qurumun qara rəngdə olduğu haqda qəti fikir söyləyə
bilərdi. Məlumdur ki, həyat həqiqətlərindən uzaq, bədii
keyfiyyətlərdən məhrum olan bu "rənglər"in "çalar"larının bizim
üçün heç bir ictimai-siyasi, tərbiyəvi əhəmiyyəti yoxdur. Əksinə,
formalizm, abstraktsionizm kimi zərərli meyllər və onların müxtəlif
"çalarlar"ı lazımınca tənqid olunmasa, döyülüb ədəbi mühitdən
qovulmasa, oxucularımızda şerə, sənətə ikrah hissi doğurar, sənət
aləminə hərc-mərclik gətirər.
"Azərbaycan" jurnalı bu cür yazıları qeydsiz-şərtsiz çap
etməklə həm bu yazıların müəllifinə, həm də oxuculara çox pis
xidmət göstərmişdir.
(30 mart 1963).
6 aprel. 1963. "Şer, yoxsa tapmaca" adlı məqalədən: ...
"Rənglər"
şeri başdan-ayağa qədər bənzətmələr,
müqayisələr üzərində qurulmuşdur. Lakin bu bənzətmələr, çox
qəribə, gözlənilməz və mücərrəd görünür. Nə qədər baş
sındırsan da, "Səbir kasasını daşdıran bir damla" ilə boz
rəngin əlaqəsini, "bir aylıq balası kəsilmiş bir inəyin mələməsi"
ilə narıncı rəngin uyğunluğunu, "namərdin tövbəsi" ilə sürməyi
rəngin oxşarlığını tapa bilməzsən. Məhz hansı əlamətinə görə
gərək "ilk dərs günü" badımcanı rəngə, "Təsəllisiz dərd"
xurmayı rəngə, "sallaqxana qapısından girən qafil öküzlər" də,
"insan əməli" də sarı rəngə uyğun gəlsin? Bilmirsən niyə
"boynuburuq yetim" bənövşeyi rəngdə, amma "gözəllər" və
"qəzəllər" məhz püsteyi rəngdə olmalıdır? Bilmirsən niyə
"kiçiyin ögey qardaşı məhz kürən olmalıdırU, "bir udum su"
ancaq yaşıl rənglə tutuşdurula bilər və i. a. və s.
Müxtəlif parçalar içərsində işlənmiş "soyuq tənhalıq",
"cansız barmaqlar", "boş ürəklər", "kədər çökmüş üzlər",
"dəryalarla göz yaşı", "milyonlarla qəbir daşı", "yanmış ürək",
48
"şaxta qorxusu", "hicran qorxusu", "yanıqlı göz yaşı", "gecənin
tabutuna salınmış örtük", "buz nəfəsli qaraltı", "ömürlük
dustaq", "həsrətli gözlər", "pərişan saçlar", "titrək dodaqlar",
"nəğməsiz dağlar", "kor bulaqlar", "ovsuz ovlaqlar", "odsuz
ocaqlar" və bir sıra başqa ifadələr şerlərə bir ümidsizlik əhval-
ruhiyyəsi, qüssə və soyuqluq gətirmişdir.
Qoca Şərqin böyük mütəfəkkiri Nizami Gəncəvi əsrlərin
arxasından baxa bilsəydi, yəqin ki, müasir şerimizin bəzi
nümayəndələrinə üzünü tutaraq deyərdi: Axı, mən də, bir
zaman təbiətin hər an dəyişən gözəlliklərini, təravət və
rayihəsini həyəcanla müşahidə etmişəm, sevilməyə layiq olan
əsl insana da ürəyimdə yer vermişzm. Mən də rənglərdən
yazmışam: qara, sarı, yaşıl, qırmızı, göy, səndəli, ağ... Amma
insansız bu gözəlliklər nəyə gərəkdir? Əgər bu rənglər insanın
itirilmiş səadətindən doğan məyusluğunu, onun dərin
səmimiyyətini elmin gücü ilə tilsimləri açmaq qüdrətini, həyat
eşqini, yaxşılıq, mənəvi saflıq kimi sifətlərini aşkara çıxarmağa
kömək etmirsə nəyə lazımdır? Əgər bu rənglər xalqın böyük
həyat təcrübəsindən, müdrik sözlərindən qida almazsa necə
yaşaya bilər? (Göründüyü kimi, fərdi üslubu və düşüncə
səviyyəsi etibarilə məqalə müəllifindən fərqlənməyən Nizami
də "Rənglər" silsiləsinin fəal əleyhdarları cəbhəsindəymiş–A.).
"Bakı, 17.IV.63.
Oğlum məktubunu aldım. Sağ ol!
Doğrudur xətti oxumaq üçün nüfuzlu mütəxəssislərdən
ibarət bir komisyon düzəltməli olduq. Komisyonun işi
(komisyon üzvləri: Təranə, Fidan, Nigar və mən idim) böyük
müvəffəqiyyətlə nəticələndi; yazının demək olar ki, 60%–i üç
saata, qalan 40%-dən 5–6%-ni təxmin şəklində müəyyən etmək
mümkün oldu. Bir təsəllimiz var ki, sən də mənim xəttimi
oxumaqdan az zəhmət çəkməyəcəksən...
...Burda işlər yaxşıdır. Ev-eşik yerində, adamlar sağ–
salamat, ədəbiyyat gül, bülbül, pərvanə və kaman qaşlar
49
arasında çaşıb qalıb. Bilmir əsrin həqiqətinə inansın, kosmos
əsrinin çağırışına qulaq versin, ya hüsn-camal aləmində ilişib
qalsın, budağından üzülmüş bir yarpaq kolluqda ilişib qalan
kimi. Bu məsələnin həlli müşküldür...
...Telefona çağırdılar...
Məktubu dünən başladım, bu gün davam edirəm. Telefonda
yol. Sabit Rəhmanov idi. Bir xeyli çərənlədik, sonra da yuxum
gəldi, yatdım. Dünən bütün günü yağış yağıb. Bu gün yaxşı gün
çıxıb.
Lənkəran səfərim çox yaxşı oldu. Səni xatırladım. Əsgər
olduğun zaman görüşdüyümüz qonaq otağında qalırdıq. Bütün
həyət gül iyinə qərq olmuşdu. Bülbüllərin səsi (şerə doluşan
bülbülləri demirəm ha) adamı gecə yatmağa qoymurdu. Bir
kəndə də getdik (Volodya Qafarov və Əli Kərim də mənimlə
getmişdi). Bu kənd Dibol1 adlanır. Talışca bolluq kəndi
deməkdir. Şəkər Aslanov adlı bir cavan şair var, onların
kəndidir. O da bizimlə getmişdi.
Çay becərirlər, düyü əkirlər, mal-qara saxlayırlar. Bu il
Azərbaycanda yağan yağışlar bir təbii fəlakət halını alıb.
Deyirlər yüz ildi bu vaxt belə yağış görünməyib. Bir çox
yerlərdə çiyidi yerdə çürüdüb, cücərməyə qoymayıb. Təzədən
əkməli olublar. Bu da çəkilən ağır zəhmətə əlavədir. Görünür,
Allah ateizmin və din əleyhinə mübarizənin hayıfını bizdən
çıxır.
Təzə nə yazırsan? Televiziyaya söz verdiyim pyesi
qurtarmaq istəyirəm. Bu günlərdə Neft daşlarına gedəcəyəm.
Görək nə çıxır. Sən neyləyirsən? Nə yazmısan? "İlin son
gecəsi" necə oldu? Povest nə haldadır? İşləyə bilirsənmi?
Məktub yaz, pul lazım olsa yaz!
...Qohum-qardaş hamısı sağ-salamatdır.
Öpürəm.
Rəsul.
18/V.63".
Dostları ilə paylaş: |
|
|