“Musiqi dünyası ”.-2010.-№3 - 4.-S.152-154.
AŞIQ HAVALARININ
TƏSNİFATI MƏSƏLƏLƏRİNƏ DAİR
Maya QAFAROVA
"Azərbaycan xalqının mənəvi qüdrətini təmsil edən unikal bir mədəniyyət hadisəsi kimi aşıq sənəti"
YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilmişdir. Bu, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun Xoşməramlı Səfiri xanım Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən
geniş miqyaslı bir layihədir. Beynəlxalq əhəmiyyət daşıyan bu ictimai-mədəni hadisə aşıq sənətinin qorunmasına və
inkişafına təkan verən və bu yolda irəliyə doğru atılan mühüm bir addımdır.
Bu layihə aşıq yaradıcılığı problemlərinə yenidən və yeni elmi baxışlarla yanaşmağa sövq edir. indi bizim
əsas məqsədimiz-bu sənətin böyüklüyünü dünya xalqlarına olduğu kimi çatdırmaq, təbliğ etməkdir. İlk növbədə isə,
bunu bizim özümüzün elliklə anlamağımız və sevməyimiz gərəkdir. Alimlər tərəfindən "möhtəşəm bir fəlsəfi
sistem" (M.Qasımlı) kimi dəyərləndirilən aşıq yaradıcılığı, fikrimizcə, heç də yetərincə dərk edilməmiş və məhz
sistem halında dürüst şəkildə öyrənilməmişdir. Aşıq sənətinin dərindən dərk olunması üçün bu sənətin bütün vacib
parametrləri, eləcə də, sinkretik və sintetik qatlarının öyrənilməsi çox vacibdir. Məlum olduğu kimi, sovet
dönəmində aşıq sənəti birtərəfli araşdırılmış, sənətin bir çox mühüm aspektləri tədqiqat obyektindən kənarda
qalmışdır. Aşıq yaradıcılığı bütöv Azərbaycan konstekstində, eləcə də, sənətin türkçülük və onunla bağlı müqayisəli
təhlilləri, şamançılıq və digər qədim qaynaqları, dini, mifoloji, fəlsəfi, əxlaqi, ideoloji və bu kimi bir çox vacib
tərəfləri öyrənilməmiş və açıq olaraq qalmışdır.
Aşıq sənəti haqqında bir çox müəlliflər - ədəbiyyatşünaslar, musiqişünaslar, teatrşünaslar və bir çox
başqaları tərəfindən çox iş görülmüş, araşdırmalar aparılmış, bu sənətin əsas elmi müddəaları öyrənilmiş, qiymətli
nəticələr əldə edilmişdir. Bu əsərlərdə aşıq sənətinin genezisi problemləri də tədqiq edilmiş, bu sənət hadisəsi
çərçivəsində baş qaldıran sinkretiklik və sintez haqqında dəyərli fikirlər söylənilmişdir. Musiqi elmi sahəsində aşıq
sənətinə həsr olunmuş fundamental elmi əsərlər yaranmışdır. Ə. Eldarovanın "Azərbaycan aşıq sənəti",
T.Məmmədovun "Azərbaycan aşıqlarının ənənəvi havaları", "Koroğlu aşıq havaları", N.Bağırovun "Aşıq Qərib
dastanı", K.Dadaşzadənin "Dastanın işarə sistemi", eləcə də, Azad Ozanın (Kərimli), F.Xalıqzadə və başqalarının
müxtəlif səpkili yazıları aşıq sənətinin öyrənilməsi sahəsində böyük addımlardır.
Bütün bunlarla yanaşı, qeyd olunduğu kimi, açıq qalmış problemlər də çoxdur. Bunlardan biri də aşıq
havalarının təsnifatı məsələləridir. Fikrimizcə, son dövrlər yaranan yeni elmi baxışlar aşıq sənətinin daxili
məzmununu əsas götürərək bu məsələyə də yenidən baxılması zərurəti yaratmışdır.
Azərbaycan musiqişünaslığında, nəzəri təhlillərin nəticəsi olaraq, aşıq yaradıcılığının yaratdığı bədii
məhsulun müəyyən bir hissəsini təşkil edən musiqili-poetik nümunələr "aşıq havaları" adı altında qəbul
olunmuşdur. Çoxları tərəfindən yanlış olaraq səslənən "aşıq mahnıları" adından şüurlu şəkildə qaçılmış və elmi
cəhətdən daha dəqiq düşünülmüş və əsaslandırılmış, milli terminalogiyaya uyğun gələn ifadə seçilmişdir. Bu ad öz
rəngarəngliyi, çoxçeşidliliyi ilə seçilən musiqi nümunələrini daha dar və məhdud çərçivəyə salmaq kimi mənfi halı
aradan götürmüşdür. Doğrudan da, mövcud olan aşıq havaları mahnı deyildir və mahnı janrı hüdudlarından daha
genişdir, daha böyük məna və əhəmiyyət kəsb edir. Bu sənət nümunələrinin əksər çoxluğu iri həcmli, üç geniş
hissədən ibarət vokal-instrumental əsərlərdir və ideya-məzmun cəhətdən böyük mahiyyət daşıyan lirik, epik,
dramatik musiqili-poetik kompozisiyalardır. (Azərbaycan musiqi mədəniyyətini bütövlüklə və bütün incəliklərinə
qədər dərk edən dahi bəstəkar Ü.Hacıbəyov əbəs yerə bu möhtəşəm kompozisiyaları "aşıq dəstəsinin dəstgahı"
adlandırmamışıdır.) Bu baxımdan, "aşıq havaları" anlayışı ümumi məzmuna uyğundur və əsas gerçəkliyi əks etdirir.
Lakin, fikrimizcə, məsələnin digər bir tərəfi də vardır. Bu adın özü də ümumiləşdirici ad olaraq məqbul
sayılsa da, aşıq havalarının müxtəlifliyini üzə çıxarmır və bu havaların eyni tərkibli, yekcins olması fikrini yaradır.
Halbuki, aşıq havaları, qeyd edildiyi kimi, həm məzmun və obraz, həm forma və quruluş baxımından müxtəlifdir.
Onlar içərisində, şübhəsiz, mahnılar da vardır (bu addan, demək olar ki, imtina edilsə də). Bunu onunla izah etmək
olar ki, uzun əsrlər boyu incəsənət daşıyıcısı - peşəkar sənətkar olan aşıq bütün bayramların, toy-düyünlərin, kütləvi
tamaşa və mərasimlərin mütləq iştirakçısı olmuşdur. Aşıq - xalqa bir çox janr, növ və formaları əhatə edən müxtəlif
səpkili sənət nümunələri təqdim etmişdir. Mahnılar oxumuş, rəqs havaları çalmış, oynamış, şeirlər demiş, dastan
söyləmişdir və s. Aşığın oxuduğu bir çox havalar xalq mahnılarına çevrilmiş, başqa sənət sahələrinə də nüfuz
etmişdir. "Dərbəndi" - "Qaçaq Nəbi", "Mirzəcani - "Yaxan düymələ", "Dübeyti" - "Sarı bülbül", "Yurd yeri" - "Sarı
gül", "Gödək donu" - "Apardı sellər Saranı", "Atlandırma" - "Vağzalı", aşıq "Çoban bayatısı" - "Çoban bayatı"
muğamı, aşıq "Şikəstəsi" - "Qarabağ şikəstəsi" zərbi-muğamı və s. bu kimi transformasiyaları yada salaq. "Kitabi
Dədə Qorqud" dastanında qopuzda çalınan "Yelətmə"
1
rəqsinin adı çəkilir və toy mərasimində gəlinin qopuzun
müşayiəti ilə rəqs etdiyi bildirilir. Dastanda, həmçinin, qopuzda "Şadlıq" havasının çalındığı haqqında məlumat da
vardır. Onu da qeyd edək ki, hal-hazırda toy mərasimlərinin milli səciyyə daşıyan ən vacib atributlarından biri olan
1
Bax: M.Qasımlı. Aşıq sənəti. Bakı, 1996, s. 49-50.
"Vağzalı" rəqsi aşıq havasıdır - "Atlandırma" havasının "müasirləşdirilmiş" instrumental formasıdır.
Bütün bunlar bir daha göstərir ki, "aşıq havaları" adı altında toplanmış musiqi nümunələri müxtəlifdir və
janr, forma, tipi etibarilə bir-birindən əsaslı şəkildə fərqlənirlər. Onların içərisində başqaları ilə yanaşı mahnıların,
rəqslərin, instrumental havaların olması labüddür. Buna görə də aşıq havalarının yenidən araşdırılaraq təsnifat
verilməsi günün tələbidir.
Bu sahədə isə artıq təcrübə vardır. Aşıq musiqisinin ilk tədqiqatçısı Ə.EIdarova öz əsərlərində əhəmiyyətini
heç vaxt itirməyəcək elmi müddəalar irəli sürmüş, aşıqşünaslığın inkişafına təkan verə biləcək əhəmiyyətli və
zəngin irs qoyub getmişdir. Fikrimizcə, onun önə çəkdiyi əsas elmi-nəzəri fikirləri, tərtib etdiyi təsnifat və
qruplaşmaları əldə əsas tutaraq lazımi nəticələrə gəlmək mümkündür. Aşağıda Ə.EIdarovanın "Azərbaycan aşıq
sənəti" kitabında irəli sürdüyü aşıq havalarının qruplar üzrə bölgüsünü nəzərə çatdırırıq. O, aşıq havalarını
melodiyalarının şərhinə görə üç yerə ayırmışdır:
1.Reçitativ- deklamasiya tipli havalar;
2.Reçitativ- deklamasiya və mahnıvari havalar;
3.Mahnı xasiyyətli havalar.
Fikrimizcə, bu qruplaşma çox dəqiq və dürüstdür, onu əsas tutaraq, müxtəlif janr xüsusiyyətlərinə malik
olan çoxsaylı aşıq havalarını ümumi ad altında bir-birindən ayırmaq və fərqli xüsusiyyətlərinə görə tərtib etmək
mümkündür və məqsədəuyğundur. Aşağıda təqdim olunan təsnifatda ilk üç bənd məhz Eldarovanın yuxarıda
sadalanan müddəalarına uyğunlaşdırılmışdır:
1. Bəhrsiz aşıq havaları ("Təcnis", "Zarıncı", "Coban bayatı", "Qaraçı"("Dərvişi") və s.);
2. Qovuşuq bəhrli aşıq havaları ("Azaflı gəraylısı", "Şah Xətai divanisi" və s.);
3. Bəhrli aşıq havaları (bu bəndə aşıq mahnıları da daxildir: "Gilənar", "Dərbəndi", "Şahsevəni" və s.);
4. İnstrumental saz havaları;
5. Aşıq rəqs havaları;
Qeyd edək ki, bu təsnifatda verilən adlar işçi xarakter daşıyır və müzakirə üçün mütəxəssislərin nəzərinə
təqdim olunur. Yada salmaq istərdik ki, türk aşıq sənətində musiqi havalarına tətbiq edilən "uzun hava", "kırık
hava" kimi terminlərdən istifadə olunur və fikrimizcə, lazım gələrsə, türk aşıq terminoloji lüğətindən də
bəhrələnmək mümkündür.
Bəndlərlə bağlı olaraq bəzi açıqlamalar vermək istərdik.
1. Birinci bəndə aid olan aşıq havaları ən qədim el havaları sırasındandır. Bu havalar lirik-fəlsəfi, epik,
dramatik məzmunlu klassik sənət nümunələridir. Mürəkkəb, improvizasiyalı melodik ifadə tərzi bu qrup havaları
səciyyələndirir.
2. İkinci bəndlə əlaqədar olaraq, qeyd edək ki, bu növ havalar tərkib etibarilə bir-birindən müəyyən
dərəcədə seçilir. Belə ki, a) - havaların bir qrupunda dəqiq ölçülü melodiya və reçitativ-deklamasiya tipli bölmələr
üzvi xasiyyət daşıyır və havanın daxili məzmunu ilə bağlıdır, məhz melodiyanın özü xasiyyət etibarilə qovuşuq
bəhrlidir. Qovuşuq bəhrli havalar içərisində elə b) - havalar da vardır ki, onların melodik strukturuna daxil olan
improvizasiyalı bölmələr ifaçı tərəfindən bir qədər sərbəst şəklində - daha geniş və ya daha məhdud ölçülərdə ifadə
olunmaq imkanına malikdir. Digər qisim nümunələrdə isə, c) - hava həm improvizasiyalı, həm də improvizasiyasız
şəkildə ifa olunur, müxtəlif versiyalarda təqdim olunur.
3. Üçüncü bəndə aid olan havalar da müxtəlifdir. Bunların bəziləri əsl aşıq mahnılarıdır. Mahnı janrının
bütün tələblərinə cavab verir. İkincilər isə, mahnı tipli aşıq havalarıdır. Onu da qeyd edək ki, poetik mətnin hər dəfə
yeniləşməsi, fərqli olması xüsusiyyəti bu havalara xas olan və eyni zamanda onu mahnı janrından ayıran
xüsusiyyətdir. Bununla yanaşı, bu havaların digər parametrləri mahnılarla, demək olar ki, eynidir. Son dövrlər
Şirvan aşıqları tərəfindən yaradılan havaların çox hissəsi isə əsl mahnılardır.
4. Məlum olduğu kimi, aşıq havalarının əksəriyyəti vokal-instrumental havalardır. İnstrumental hissələr
havanın müqəddiməsi (girişi), bəndlərarası intermediya şəklində çıxış edir, vokal melodiyanı müşayiət edir, əsas
musiqili-poetik ideyanın açılmasında üzvi tərkib hissəsi kimi müstəsna əhəmiyyət daşıyır. İnstrumental partiya o
qədər mühüm məna yükünə malikdir ki, müstəqil ifadə imkanı əldə edir. Bu baxımdan demək olar ki, aşıq
havalarının instrumental bölmələri, zaman keçdikcə, inkişaf etmiş, genişlənmiş, vokal oxumadan ayrılaraq müstəqil
instrumental kompozisiyalara çevrilmişlər. Çağdaş dövrümüzdə fəaliyyət göstərən instrumentalçı-aşıqların
yaradıcılığı buna gözəl misaldır (Ədalət Nəsibov və başqaları) və bu havaların mövcudluğu artıq bu günümüzün
gerçəkliyidir. 5. Fikrimizcə, instrumental havaların içərisində və onlarla yanaşı, xalqımızın həyat və məişətinin bir
parçası olan aşıq rəqs havaları da mövcud olmuşdur və indi də yaşamaqdadır. Onları arayıb-axtarmaq, janr
xüsusiyyətlərinə əsaslanaraq tədqiq etmək, müəyyənləşdirmək alimlərin üzərinə düşən və həllini gözləyən
məsələlərdir.
Aşıqşünaslıq elmində, yuxarıda adı çəkilən problemlərlə yanaşı, təəssüf ki, növ, janr, forma, şəkil (aşıqların
istifadə etdiyi "qayda" ifadəsi) kimi mühüm anlayışlar, cığa, yedək, şırğa, güllü qafiyə və s. formayaradıcı vasitələr,
ümumilikdə isə, terminoloji problemlərdə (musiqişünaslar və ədəbiyyatşünaslar arasında) qeyri-müəyyənlik, bəzən
isə tamamilə araşdırılmamış tərəflər özünü göstərməkdədir.
Fikrimizcə, aşıq havalarının təsnifatı olduqca vacib məsələdir və onların öyrənilməsi yollarının daha
düzgün istiqamətlənməsinə şərait yaradır. Çünki, ilk növbədə, öyrənilmə obyekti dəqiq və düzgün təyin
olunmalıdır. Məhz o zaman ən doğru və həqiqəti ehtiva edən nəticəni əldə etmək olar. Əksinə, qeyri-müəyyənlik
yanlış və yayğın fikirlərin ortaya çıxmasına gətirib çıxarır, hətta elmi istiqamətləri də sapdırır, mənfi məcraya
yönəldir, tədqiqatın səmərəsini heçə endirir. Fikrimizcə, aşıqşünas alimlərin - ədəbiyyatşünaslar, musiqişünaslar və
aşıqların birgə iştirakı ilə bu məsələlərə baxmaq, fərqli yanaşmaları aradan götürmək, mühüm problemləri həll
etmək, ümumi fikirlərə gəlməyin vaxtı çatmışdır.
Bu baxımdan yanaşsaq, deyə bilərik ki, aşıq sənətini vahid bir tam olaraq dərk etmək üçün sənətin, ilk
növbədə, ən kiçik detallarından başlayaraq bütün tərkib hissələri, onların ən mühüm xüsusiyyətləri, o cümlədən
təsnifatı məsələləri cəm halında öyrənilməlidir və yalnız bundan sonra əsas ümumiləşdirici nəticələrə gəlmək
mümkündür.
Fikrimizcə, yalnız dərin, hərtərəfli və kompleks elmi yanaşmalar aşıq sənətini olduğu qədər böyük, ulu,
müqəddəs varlıq olaraq sübut edəcəkdir. Millətimizi yer üzündən ilahi aləmə qovuşduran, sazı da, sözü də, səsi də
müqəddəs olan aşıqlıq özü, bu müqəddəsliyin nə ilə bağlı olduğunu, hansı məqsədlə ötürüldüyünü (və məhz ona
ötürüldüyünü), hansı amala bağlı olduğunu xalqımıza anladacaqdır.
Dostları ilə paylaş: |