52
Vaqif Yusifli
"Xaqani Hassın şeirləri"
Xaqani Hassın şeirlərini çoxdan oxuyuram. İlk dəfə «Sənət qəzeti»ndə bu şeirlərin poetik
ovqatına köklənmək istədim. İndi eşidirəm ki, kitabı da çıxıb. Amma mən o kitabla tanış
deyiləm. Bu qeydlərim isə öncə oxuduğum şeirləri barədədir. Amma şairin ŞAİRLİYİNİ təsdiq
edə biləcək bircə şeiri də kifayət edər.
Xaqani mənim bölgümə görə «ikiminincilər»dəndir. Sonuncu poetik nəslin yaradıcılığına diqqət
yetirəndə heç şübhəsiz, həyatımızdan, ömrümüzdən keçən illərin əks-sədası ilə də qarşılaşırıq.
Onların şeirlərində həyatda, gerçəklikdə baş verən ictimai-siyasi hadisələr, olaylar bu və ya digər
dərəcədə öz əksini tapır. Lakin bunu onların yaradıcılığı üçün stimul saymaq olarmı? Sovet
poeziyasının acı təcrübəsindən də məlumdur ki, cəmiyyətdə baş verən hadisələr axın-axın şeir
məmulatlarının, əksəriyyəti yazıldığı illərin zaman sərhəddini aşa bilməyən minlərlə nəzm
nümunələri kimi çox keçmədən yaddaşlardan silindi. O dövrün poeziyasında gözəl şeirlərin,
poetik nümunələrin yarandığını və o əsərlərin indinin özündə də bədii təravətini itirmədiyini də
inkar eləmək olmaz, ancaq bir həqiqət indi gün kimi aydındır ki, şairlərimiz Sözə, bədii dilin
yaradıcı qüdrətinə deyil, daha çox və daha artıq Məzmuna, nəyi demək məsələsinə diqqət
yetirilirdi. Necə yazmaq, Sözün potensial imkanlarını aşkara çıxarmaq məsələsi bir qədər arxa
plana keçirilmişdi.
Mən sonuncu poetik nəslin yaradıcılığında Sözə münasibətin yeni çalarlarını hiss edirəm. Bu
fikri söyləyərkən heç də iddia etmirəm ki, onlar sözün poetik ifadəsində tam bir inqilab
yaradırlar. Amma hər halda hiss olunur ki, sözlə yaxşı mənada «oyun» oynamaq, fikri, deyəcəyin
mətləbi bu «oyun»un çərçivəsinə sığışdıra bilmək maraqlı alınır. Burada Söz fikirlə eyni
dərəcədə qaynayıb-qovuşur, nəticədə ŞEİR YARANIR.Bax belə:
sözləri gecəyə
musiqisi payıza məxsus
bir qadın eşidilir qatarın kupesində
mandolinada ifa olunur qadın
heyif ki
mandolina çalmağı bacarmıram
Bu balaca şeirin müəllifi Xaqani Hassdır. Bu yaxınlarda «Yazar» qəzetində Zahir Əzəmətin
Xaqani Hassın «Böyüməyə Prolegomena» şeirlər kitabı haqqında qeydlərini oxudum. Həmin
yazıda Z.Əzəmət Xaqanidən belə bir sitat gətirir: «Şeir mənimçün dildir; o, duyumların,
anlamların plüralizmindən yaranır, dilin çoxmənalılığından doğur, meydana gəlir. Mənim üçün
«şeir nədir» sualı «dil nədir» sualına bərabərdir». Bu fikri Xaqani Hassın şeirlərində onun bir şair
kimi başlıca missiyası kimi duydum.
Yuxarıda misal gətirdiyim şeirdə də Xaqani həm «şeir nədir», həm də «dil nədir» suallarına
cavab verir. Şeir dildə ifadə olunan fikirdir, hissdir, duyğudur, dil isə şeirdə ifadə olunmuş və
özünü tapmış sözlərin, ifadələrin parlaq kommunikasiyasıdır. Xaqani Hassın başqa bir şeiri:
yatmısan, yuxu görürsən
yuxunda göy üzü var
əllərin göy üzünə gəzməyə gedib
53
səni oyandırmağa qıymıram
oyansan əllərin yox olar
mənimsə misram qalmadı
içinə sığmağa
üstəlik göy üzünün yuxusuyam
oyansa yox olaram
Bu şeiri izah eləməyə, onun «mənasını açmağa» heç bir ehtiyac duymuram. Əsl şeir özü-özünü
izah edir və ümumiyyətlə, hər hansı şeiri yozmağa nə ehtiyac? Əgər söhbət lap Füzuli
qəzəllərindən getsə belə… Mən müasir oxucunu şeir «müşgüllərini» ram edə bilən bir şəxs hesab
edirəm.
Xaqani Hassın şeirlərinin başlıca məziyyəti təkcə sözə münasibətinin dəqiqliyi və sözlə rəftarının
incəliyində deyil, həm də yeni bədii təsvir vasitələrinə üz tutmasıdır. Bir misal gətirim: İçərişəhər
haqqında çox şeirlər yazılıb. Bu şeirlərdə İçərişəhər nələrlə təşbeh edilib?
Fikrət Qocada:
Qobustan qayaları kimi binalar
çiyin-çiyinə yatır İçərişəhərdə…
Şəhər saldıq küləkdöyəndə,
küləklər az qala Bakını alıb atacaqdı belədən-belə.
Qız qalasıyla şəhəri mıxladıq sahilə.
İsa İsmayılzadədə:
İçəri şəhər, İçəri şəhər!
Ulu nağıl, daş krosvord.
Bakıda bir boxça var, adı –İçəri şəhər.
İçində iç-içə açılan dalanlar,
göz-gözə dayanan döngələr.
Ələkbər Salahzadədə:
İçəri şəhərli şeirsən Bakı.
Çingiz Əlioğluda:
Balıqçı toru kimi nazik küçələrdən toxunub bu şəhər.
Misalların sayını artıra da bilərik. Xaqani Hassın təfsirində isə:
Qabaqcadan
qapını döyürəm keçmişin açır
nə vaxtdır evdə yoxsan
küçələrin qocalar evinə getmisən-
İçərişəhərə.
«Küçələrin qocalar evi» – zənnimcə, İçərişəhəri belə səciyyələndirmək orijinal bir təşbehin
yaranmasına səbəb olub. Şeirdə bir insan taleyinin təkliyə, tənhalığa sürüklənməyi və
ümumiyyətlə, bu boyda dünyada və bu boyda şəhərdə kimsəsiz qalması bədii düşüncənin
predmetinə çevrilir.
54
hansı avtobusa minsəm
son dayanacağı dünya olacaq.
qapını döyürəm keçmişin açır…
getməyə yeri olmayanda adamın
ölməyə də yeri olmur.
Xaqani Hassın şeirlərində XXI əsrin mürəkkəb, təzadlı, dünəni bugünündən, bugünü dünənindən
boz, bəzən ilıq, bəzən dumanlı, bəzən tamam mənasız, bəzən də doğrumu-yalançımı bir ümidə
boylanan anlarının hirsini, qəzəbini, acığını hiss edirəm. Zaman onun içinə, hissinə, duyğularına
təsirsiz qalmır və onun içindəki Zaman da o Zamanla barışmır. İçindəki Zamandan boylanan
Xaqani Hass siqaret söndürülən nəlbəkidə dünyanın dünənki və bugünkü «mənzərəsini» rəsm
edir. O, beləcə istənilən bir əşyanı qarşısına qoyub bu əşyadan beləcə dünyanı, keçmişi seyr edə
bilər, bugünün mənzərəsini yarada bilər.
Mən hər hansı bir şairin (xüsusilə cavan şairlərin) adı qarşısında bir «izm» qoymağı sevmirəm.
Amma Xaqani Hassın adının qarşısında məmnuniyyətlə bir «sürrealist» kəlməsini işlədərdim.
Bizdə sürrealizmə meyil və ondan təsirlənən şairlər az deyil. Adil Mirseyidin, Rasim Qaracanın
bir çox şeirlərində bunun şahidi olmuşam. Rasimin «Qırılmış düymələrin vətəni», «Ağ köynəkli»
və Adilin çox şeirində bir-birindən təcrid olunmuş təsadüfi ünsürlər arasındakı «əlaqə» məhz
sürrealizmdən gəlir. Xaqaninin şeirlərinin əksəriyyəti məhz sürrealist pozada yazılıb. Ancaq
mənim fikrimcə, Xaqaninin şeirlərinə termin və nəzəriyyələrlə yanaşmaq və nəyisə «kəşf» etmək
nə səmərə verəcək? Elə bilirəm, Xaqani Hass -heç üzünü görmədiyim bu cavan şair təmiz
Azərbaycan şeiri yazırsa və… yazacaqsa …bu, poeziyada yeni bir Səsin, Nəfəsin varlığına sübut
olacaq.
Əlbəttə, Xaqaninin şeirlərində də «şeirin dil», «dilin şeir» olmadığı məqamlar var. Məsələn,
«dilin şeir»ə çevrilməsində «təbəssümdə senzuralanır insan», «yaşılın bərisində gül açanlara»,
«indi bütün dillərdə aksentli danışıram» və s. kimi şeiriyyətdən uzaq misralar, ayrı-ayrı nahamar,
şeirdə öz yerini tapmayan sözlər, ifadələr gərək işlənməsin. Vəssalam. Xaqaninin şeirləri barədə
təəssüratım bu kiçik qeydlərdən ibarətdir və güman edirəm, haçansa onun kitabıyla da tanış
olaram.
Qaynaq:
HU
http://xariciedebiyyat.azeriblog.com/2009/04/03/vaqif-yusifli-xaqani-hassin-sheirleri
U
Dostları ilə paylaş: |