Mənim elektron hökumətim



Yüklə 23,43 Kb.
tarix06.02.2018
ölçüsü23,43 Kb.
#25966

Mənim elektron hökumətim

Elektron hökumət - əvvəlcə hər iki sözün ayrılıqda mənasını izah edək. “Elektron” yunan sözü olub mənası maddənin mənfi elektrik yükü olan ən kiçik zərrəciyi deməkdir. “Hökumət” ərəb dilindən alınma söz olub, mənası dövlət hakimiyyətinin, dövləti bilavasitə idarə edən icraedici və sərəncamverici orqanı deməkdir. Bu iki sözün ayrılıqda izahlı lüğətdəki mənasını yazmağının səbəbi var. Hər iki söz və ya sözlərdən biri ayrılıqda bizim üçün o qədər də məna kəsb etməyə bilər. Amma “güc birlikdədir” məsəli nahaq deyilməyib, Elektron hökumət - bu gün bu ifadə hər kəs üçün çox vacib anlama çevrilmişdir. Elektron hökumət məfhumunun mənimçün sadə tərif aşağıdakı şəkildə olardı: Elektron hökumət idarəedənlərlə idarə olunanlar arasındakı əlaqənin rəqəmsal aləmdə davamlı və etibarlı şəkildə qurulmasıdır.



Elektron hökumət nədir?

Elektron hökumət - bəzən elektron dövlət kimi də səciyyələndirilən bu anlayış dövlət və vətəndaş münasibətlərinin rahatlıq, operativlik və şəffaflıq prinsipləri əsasında yeni bir mühitdə formalaşdırılması deməkdir. Elektron hökumətin mövcud olması və işləməsi üçün yüksək informasiya kommunikasiya texnologiyalarından istifadə edən əhalinin kifayət qədər təbəqəsinin olması da vacibdir. Elektron hökumətin əsas ünsürlərini elektron təşkilatlar, şirkətlər və vətəndaşlar təşkil edir. Bu sferada əlaqələr elektron təşkilat – elektron təşkilat, elektron təşkilat –elektron vətəndaş, elektron təşkilat – elektron şirkət arasında dövr edir. Bundan başqa real dövlətin malik olduğu bütün sahələr də bura aiddir: elektron ticarət, elektron təhsil və s.

Elektron hökumətin faydaları nədir?

  • Elektron hökumət ilk növbədə imkan verir ki, saatlarla növbə gözləmədən bir neçə dəqiqəyə lazım olan informasiyanı əldə edə və eyni zamanda ötürə bilərik;

  • Vətəndaşın hər hansı bir təklif, şikayətinin baxılması və yaxud ona xidmətin göstərilməsi üçün dövlətin effektiv, təsirli fəaliyyətini təmin edir;

  • Vaxtdan düzgün istifadə etməklə hər iki tərəfin (hökumət və vətəndaşın) daha az maliyyə xərclərindən istifadəsi üçün imkan yaradır;

  • Eyni vaxtda vətəndaş bir neçə təşkilata sorğu göndərməklə yanaşı, hökumət də minlərlə vətəndaşın sual və təkliflərini qəbul edə bilir;

  • Vətəndaş qısa müddətdə lazım olan xidmətlə bağlı elektron xidmətdən yararlanmaqla dövlətə olan etibarı və inamı daha da artır;

  • Həmçinin ayrılıqda vətəndaşın rahat həyat, fərdi inkişafını artırır.

  • Vətəndaşların dövlət idarəçiliyi prosesinə cəlb olunması sürətlənir.

Biz elektron vətəndaş kimi elektron dövlətin hansı xidmətlərindən istifadə edirik?

Əslində müxtəlif elektron xidmətlərdən vaxtaşırı istifadə edirik. Məsələn, Gəlir vergisi, iş axtarmaq (müəssisələrdə vakansiyalar, sənədlərin verilməsi (pasport və sürücülük vəsiqəsi), vətəndaşların qeydiyyat aktları (doğum, ölüm, nikah), avtomobillərin qeydiyyatı, “Onlayn” ərizə (ali məktəbə daxil olmaq, tikinti aparmağa razılıq almaq, layihələrin qeydiyyatı, pensiya, müavinət və s. haqqında), yaşayış yerində qeydiyyat, səhiyyə xidmətləri, sosial fondlara ödəmələr, yeni şirkətlərin qeydiyyatı, gömrük bəyannamələri, arayışların verilməsi,və s.

 "Elektron hökumət" portalının (e-gov.az) hansı xidmətləri var?

Siz bu portala www.e-gov.az linki ilə daxil ola bilərsiniz. Portalda 382 xidmət var, dövlət saytlarında olan xidmətlər isə 475-dir. Xidmətlərin 446-sı təsdiq olunmuş, 296-sı portala inteqrasiya olunmuşdur. Bəzi xidmətlərdən istifadə etmək üçün portalda qeydiyyatdan keçmək tələb olunur, bəzi xidmətlər isə qeydiyyatsızdır. Qeydiyyatsız xidmətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sosial Müdafiə Fondu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mərkəzi Seçki Komissiyası, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Azərenerji ASC, Azərsu ASC, Əmlak Məsələləri Dövlət Komitəsi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Diasporlarla İş üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi, Satınalmalar üzrə Dövlət Agentliyinə məxsusdur və hər kəs portalda qeydiyyatdan keçmədən bu orqanların elektron xidmətlərindən istifadə edə bilər. Portalın “A-dan Z-yə e-xidmətlər” bölməsində əlifba sırası ilə nizamlanan orqanların elektron xidmətlərini tapmaq mümkündür. “Onlayn e-imza” bölməsi isə Elektron imza sertifikatı almaq üçün e-ərizə ilə müraciət edərək yarana biləcək növbələrdə vaxt itirməmək və rahatlıq məqsədilə Qeydiyyat Mərkəzlərinə getmədən birbaşa internet üzərindən müraciət edə bilmək üçün nəzərdə tutulmuşdur.

Elektron Azərbaycan dövlət proqramı

“E-hökumət” layihəsi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” əsasən işlənib hazırlanmışdır və “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir

2010-cu ildə ölkədə ikinci “Elektron Azərbaycan” dövlət proqramı qəbul edilmişdir. 2011-ci il mayın 23-də “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. Fərmana əsasən, dövlət orqanları öz fəaliyyət istiqamətlərinə uyğun olaraq bütün sahələrdə elektron xidmətlər təşkil etmişlər. Elektron hökumətin inkişafı və təkmilləşdirilməsi sahəsində Prezident İlham Əliyev tərəfindən 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı təsdiqlənmişdir. Milli Fəaliyyət Planı Azərbaycan Respublikasında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi əsas prinsiplərdir. Dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədi ilə 2007-2011-ci illərdə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” icra edilmişdir. Strategiyada həmçinin açıq hökumət prinsiplərinin tətbiqi üzrə mühüm tədbirlər müəyyən edilmişdir. Azərbaycan Respublikası düzgün idarəçiliyin təşviqi üzrə bütün beynəlxalq təşəbbüslərə qoşulmuşdur. Dövlət orqanları tərəfindən əhaliyə bütün xidmətlərin vahid məkandan, daha keyfiyyətli və rahat həyata keçirilməsi məqsədi ilə 2012-ci ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təsis edilmişdir və onun nəzdində “ASAN” Xidmət Mərkəzləri fəaliyyət göstərir.
ASAN” Azərbaycan

ASAN - Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə 13 iyul 2012-ci il tarixli, 685 nömrəli Fərmanla Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin himayəsi altında yaradılmışdır. "ASAN xidmət" mərkəzi müxtəlif dövlət orqanlarının nümayəndələrinin cəmləşdiyi vahid məkandır. Bu tez-tez bir qapı və ya bir dam yanaşması kimi təsvir olunur. "ASAN xidmət" Azərbaycan məhsulu, Azərbaycan ixtirası və Azərbaycan brendi olaraq dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsini təmin edən orqanlardır və "ASAN" xidmət mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur. “ASAN xidmət" mərkəzləri 10 dövlət orqanın standartlaşdırılmış 30 qrup hüquqi xidmətini həyata keçirir. Ümumilikdə özəl şirkət və müəssisələrin funksional yardımçı xidmətləri ilə birlikdə göstərilən xidmətlərin sayı 220-dən çoxdur. Buradakı xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilir.

Vətəndaş məmnunluğu

Bu gün 23 yaşlı müstəqil gənc Azərbaycanda elektron hökumət və ASAN-laşdırılmış dövlət xidmətlərinin həyata keçirilməsi, ümumilikdə bu istiqamətdə atılmış hər bir addım vətəndaşların rahatlığına, onların həyat çətinliklərinin aradan qaldırılmasına hədəflənmişdir. Vətəndaşların məmnunluğuna qaldıqda isə, həqiqətən də məsafələri qısaldan, vaxtın səmərəli yönəldilməsinə imkan verən, insanlar arasındakı əlaqəni asanlaşdıran və ən əsası dövlətlə vətəndaş arasındakı sədləri yox edən Elektron Hökumət Azərbaycanın sürətli inkişafı üçün böyük bir töhfədir.



Könül Kərimova

Məqalə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Mənim elektron hökumətim” müsabiqəsi üçün hazırlamışdır.
Yüklə 23,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə