İqtisadi fikirlərin tədqiqi zamanı həm iqtisad, həm də tarix elminin metod və
əsaslandırılmış tədqiqat metodlarından (ing.
research methods
) istifadə olunması son dərəcə
vacibdir.
Metod
(lat.
methodus – meta – arasında, yaxud sonra, hodus – yol – tədqiqat yolu
)
tədqiqat üsulu sayılır.
Hər bir elm öz predmetini tədqiq etmək üçün metod adlanan müəyyən üsul və vasitələrdən
istifadə edir. Hər bir elm sahəsinin özünə məxsus dili və düşüncə tərzi vardır. Riyaziyyatçılar
aksiomlar, inteqrallar və vektor sahələri barəsində; psixoloqlar eqo, şəxsiyyət və xarakter
barəsində; hüquqşünaslar isə məhkəmə yeri, mülki cinayət və verilmiş vəd əsasında etiraz
hüququndan məhrum edilmə barəsində danışırlar.
İqtisadi nəzəriyyə də bu baxımdan digər elmlərdən heç də fərqli deyil. Təklif, tələb,
elastiklik, nisbi üstünlük, alternativ xərclər, inflyasiya, işsizlik, rifah və bu kimi terminlər iqtisadi
nəzəriyyənin ayrılmaz hissələridir. İqtisadçılar öz öyrəndikləri iqtisadiyyata alim obyektivliyi ilə
yanaşmağa çalışırlar. İqtisadçıların iqtisadiyyatı öyrənmə tərzi fiziklərin maddəni və bioloqların
həyatı öyrənmə tərzinə bənzərdir: Onlar fərziyyələr irəli sürür, məlumatlar toplayır və öz
nəzəriyyələrini təsdiq və ya inkar etmək üçün məlumatları təhlil edirlər.
Bir sıra başqa elmlərdən fərqli olaraq, iqtisadi nəzəriyyə elminin predmetinin xüsusiyyəti
elədir ki, onun problemlərini laboratoriya və texniki vasitələrlə öyrənmək mümkün deyildir. Çünki
iqtisadiyyat ictimai elmdir və onun predmeti insan davranışlarıdır.
Ümumilikdə metodlar iki qrupa bölünür: ümumi metodlar (metodologiya) və xüsusi tədqiqat
metodları.
Xüsusi tədqiqat metodlarına ən əsas universal metodlar aiddir: formal məntiq qaydaları; elmi
abstraksiya (əql ilə mücərrədləşdirmə); təhlil (analiz) və tərkib (sintez) induksiya (yönəlmə);
deduksiya (hasiletmə); analogiya (müqayisə); müşahidə (hiss üzvləri ilə görmək); təcrübə
(eksperiment). İqtisadi fikir tarixinin özünə məxsus spesifik metodlarına misal kimi isə tarixi-
məntiqi, mətnlərin təhlili, tarixi-genetik, tarixi-müqayisəli, tarixi-tipoloji və tarixi-sistemli və s.
metodlar göstərilə bilər.
Dostları ilə paylaş: