Müasir Azərbaycan dili
21
Mövzu № 2 Əsas nitq hissələri
Mövzunun planı:
1.
Əsas nitq hissələri haqqında ümumi məlumat
2.
İsim əsas nitq hissəsi kimi. İsmə məxsus ümumi
qrammatik kateqoriyalar
3.
Sifət, quruluşca növləri, dərəcələri
4.
Say, onun məna növləri və quruluş xüsusiyyətləri
5.
Əvəzlik əsas nitq hissəsi kimi
6.
Fel əsas nitq hissəsi kimi
7.
Zərf əsas nitq hissəsi kimi
Əsas nitq hissələri
haqqında ümumi məlumat
Sözlər bir-birindən ifadə etdiyi müstəqil leksik mənaya
görə fərqlənir. Məsələn,
kitab, qələm, tələbə sözləri bir-birindən
təklikdə daşıdığı lüğəvi mənasına görə fərqləndirilir. Lakin bu
sözlərin hamısı üçün eyni olan cəhətlər- qrammatik mənaları
onları bir arada birləşdirməyə imkan verir. Bu sözlərin hər üçü
adlandırma funksiyasını daşıyır, tək və ya cəmdə ola bilir,
hallanır, mənsubiyyətə görə dəyişir, cümlədə əşya məzmunlu
üzv yerində durur. Qeyd olunan xüsusiyyətləri
hündür, qırmızı,
geniş, eləcə də
qaçmaq, gətirmək, yemək və s.
sözlərə də şamil
etmək olar. Beləliklə, dildə olan sözlərin bir qismi adlandırma,
bir qismi əlamət bildirmə, digər qismi hərəkət bildirməsinə görə
və s. fərqlənir. Bundan başqa, dilin lüğət tərkibində elə sözlər
də vardır ki, onlar müstəqil lüğəvi mənaya malik olmasalar da,
Gülarə Abdullayeva
22
fikrin ifadə olunması prosesində yardımçı olur, cümlədə
müəyyən qrammatik vəzifə daşıyır. Beləliklə,
dildə olan sözlər
qrammatik əlamətlərinə görə bir-birindən fərqlənərək söz
qruplarının əmələ gəlməsinə səbəb olur. Bu cür söz qrupları
nitq hissələri adlanır.
Ümumi qrammatik əlamətinə görə fərqlənən söz
qruplarına nitq hissələri deyilir.
Qeyd etdiyimiz kimi, nitq hissələri bir-birindən ümumi
qrammatik əlamətinə görə fərqlənsələr də, bəzən müxtəlif nitq
hissələri üçün ümumi olan cəhətlər ortaya çıxır. Dilimizdə olan
nitq hissələrinin bir qismi müstəqil lüğəvi mənaya malik olub
ayrılıqda suala cavab verir. Bu nitq hissələrinə daxil olan sözlər
məfhum və anlayışları, onların əlamətlərini, miqdarını, hal-
vəziyyətini, hərəkətini ifadə edir. Bu sözlər, eyni zamanda dilin
daxili imkanları hesabına sözyaratma prosesində fəal olub,
xammal rolunu oynayır. Fikrin ifadəsi üçün cümlə qurarkən bu
sözlər əsas rol oynamaqla
cümlənin bu və ya digər üzvü
yerində dayanır. Dilimizdə qeyd olunan xüsusiyyətləri daşıyan
nitq hissələri əsas nitq hissələri adlanır. Beləliklə, əsas nitq
hissələri müstəqil lüğəvi mənaya malik olan, təklikdə suala
cavab verən, cümlədə müəyyən sintaktik vəzifə daşıyan, söz
yaradıcılığı prosesində fəal iştirak edən sözlərdir. Dilimizdə
əsas nitq hissələrinə isim, sifət, say, əvəzlik, fel, zərf daxildir.
Əsas nitq hissələri özləri də qrammatik keyfiyyətləri, sintaktik
xüsusiyyətləri nəzərə alınmaqla, iki qrupa: adlar və fellər
qrupuna bölünür. Adlar qrupuna əşya ilə bağlı olub, onu
müxtəlif cəhətdən aydınlaşdıran nitq hissələri,
yəni isim və
isimləşə bilən nitq hissələri daxildir. Başqa sözlə, isim, sifət,
say, əvəzlik adlar qrupunu yaradır. Fel və zərf isə hərəkətlə
bağlı olduğu üçün əvvəlki qrupdan fərqləndirilir və ayrıca fellər
qrupunu təşkil edir. Əsas nitq hissələrinin sıralanmasında da bir
qanunauyğunluq vardır. Yaranma tarixinə görə ilk və ən qədim
nitq hissəsi hesab olunan isim bu sıralanmada birinci yerdə
durur. Əşyanın əlamətini bildirən sifət ikinci, miqdarını bildirən
Müasir Azərbaycan dili
23
say üçüncü yerdə dayanır. Bu nitq hissələrinin hər birini əvəz
edən əvəzlik onlardan sonra gəlir. Fellər qrupunu təşkil edən
nitq
hissələrindən əvvəlcə fel, sonra hərəkətin əlamətini
bildirən zərf dayanır. Beləliklə, əsas nitq hissələri isim, sifət,
say, əvəzlik, fel, zərf kimi düzülür. Bunlardan isim - ad,
sifət - əlamət, say - miqdar, sıra, fel - hərəkət, zərf isə hərəkətlə
bağlı əlaməti bildirir.
İsim əsas nitq hissəsi kimi.
İsmə məxsus ümumi qrammatik kateqoriyalar
Əşyanın adını bildirən, kim? nə? hara? suallarından
birinə cavab verən əsas nitq hissəsinə isim deyilir.
İsmin ümumi qrammatik mənası əşya bildirməkdir.
İsimlər bütün canlı və cansız, konkret-mücərrəd, hətta dini və
mifik-əfsanəvi varlıqların adlarını bildirir. Məsələn,
insan,
Cəmil, müəllim, daş, dəmir, alma, armud, səadət, mənəviyyat,
fikir, əxlaq, Allah, Peyğəmbər, cin, şeytan və s
. Məkan bildirən
müxtəlif səmavi-astronomik varlıqlar da əşyadır. Bu mənada
əşya sözü terminoloji addır və bir termin olaraq təbii ki,
müəyyən şərtiliklərə malikdir. Morfologiyada
əşya, hərfi
mənasından fərqli olaraq, bir qədər
mücərrədləşmiş şəkildə
başa düşülür. Yəni
əşya dedikdə yalnız cansız varlıqlar deyil,
canlı varlıqlar da nəzərdə tutulur. İsimləri məna növlərinə görə
üç cür təsnif etmək olar:
1.
Ümumi və xüsusi isimlər.
2.
Konkret və mücərrəd isimlər.
3.
Tək və toplu isimlər.
Eynicinsli əşyaların ümumi adlarını bildirən sözlərə
ümumi isim deyilir. Başqa sözlə, ümumu isimlər dedikdə
əşyalara ümumi şəkildə verilən adlar başa düşülür. Məsələn,
ağac, daş, insan, torpaq, uşaq, mələk və s
.
Gülarə Abdullayeva
24
Xüsusi isimlər varlığı tək olan əşyanın adını bildirir.
Başqa sözlə, xüsusi isim ümumi isimlərdən birini başqalarından
fərqləndirmək üçün ona təklikdə verilən addır. Xüsusi isimlərə
insan ad və soyadları
(Kamil Cəlilov), təxəllüs
(Füzuli, Vaqif,
Sabir), ölkə adları
(Azərbaycan), şəhər və kənd adları
(Bakı,
Maştağa), dağ, dəniz və çay adları
(Kəpəz, Xəzər, Araz), qəzet
və jurnal adları
(“Ulduz” “Tumurcuq”), planet adları
(Yer,
Mars), heyvanlara verilən adlar
(Məstan, Alabaş) və s. daxildir.
Gözlə görülməsi və əl ilə toxunulması mümkün olan,
obyektiv aləmdə, fəzada müəyyən yer tutan əşyaların adını
bildirən sözlər konkret isimlər adlanır. Məsələn,
kitab, kağız,
ot, süd, daş, ağac və s.
Gözlə görülməyən, toxunulması mümkün olmayan,
təsəvvür olunan məfhum və anlayışların adını bildirən sözlər
mücərrəd isimlər adlanır. Mücərrəd isimlər yalnız nə? sualına
cavab verir. Məsələn,
xəyal, arzu, fikir, müəllimlik, düşüncə,
gözəllik və s
.
Ümumi isimlərin bir çoxu bir məfhum olaraq təklik
bildirir. Məsələn,
insan, həkim, söz, fikir və s.
Lakin eyni
əşyadan iki və daha çox sayda olduqda, bunu saylardan istifadə
etmədən, ismin sonuna cəm şəkilçisini (-lar, -lər) artırmaqla
ifadə etmək olur:
insanlar, həkimlər, sözlər, fikirlər və s.
Bu cür
isimlər cəm isimlər adlanır.
Dilimizdə elə isimlər də var ki, cəm şəkilçisi qəbul
etmədən öz bütöv kütləsi ilə çoxluq bildirir. Formaca tək olan,
mənaca çoxluq bildirən belə isimlər toplu isimlər adlanır.
Məsələn,
sürü, camaat, xalq, ordu, qoşun, rota, el, kütlə, əhali,
naxır, ilxı və s. Bu isimlərin leksik mənasında çoxluq anlayışı
vardır. Bunlar cəm şəkilçisi ilə də işlənə bilər. Məsələn
,
sürülər, ilxılar, xalqlar, qoşunlar, kütlələr və s
. Belə hallarda
toplu isimlər ikiqat çoxluq məzmununa malik olur. Yəni toplu
ismin ifadə etdiyi məzmunda nəzərdə tutulan əşyanın deyil,
onun özünün çoxluğu başa düşülür. Məsələn,
ilxı sözü atların