218
yumurtalardan qaz cücələri çıxırdı, su görən kimi yüyürüb özlərini tullayırdılar
suya, qırt toyuq özünü itirirdi, o yan-bu yana qaçıb bərkdən qaqqıldayırdı...».
Məclisdə olanlar güldülər.
Səmədağa Ağamalıoğlu sözünə davam etdi: «Baxın, indi biz də bu
hürriyyət yumurtalarını qoymuşuq burjuyların altına və bunlar da çırtlayıb
çıxanda qırt... qırt... qartıldayacaq, ördək təki qaçıb özlərini atacaq bizim
hürriyyət nohuruna. Qırt toyuqlar - burjuylar nə qədər qırt-qırt edib qanad
çalacaqsa, heç bir şey çıxmayacaq... Bu azərbaycanlı cavanlar gedir oxumağa,
təhsil alıb qayıdanda bizə, xalqa qulluq edəcəklər...».
Stansiyada zəng çalındı. Parovoz uzun, sürəkli xəbərdarlıq fiti verdi.
Həyəcan daha da artdı, gedənlər də, qalanlar da üzüntülü dəqiqələr
keçirirdilər, gözlərdə yaş, dodaqlarda həzin bir təbəssüm vardı. Astadan səslər
eşidilirdi: «Tezliklə məktub yaz!», «Özündən muğayat ol!», «Dərslərində
diqqətli ol!», «Qürbət eldə xoş rəftar ol!», «Həftədə çox yox, heç olmasa bir
sətir yaz!».
Tarzən birdən «Orta Mahur» çalmağa başladı, gözəl xanəndənin
ilhamı coşqun dəniz təki təlatümə gəldi.
Şəbi hicran yanar canım,
Tökər qan çeşmi kiryanım...
Oyadar xəlqi əfqanım,
Qara bəxtim oyanmazmı...
Hamı ayağa qalxdı...
Tələbələr,
qohum-əqraba,
valideynlərilə
vidalaşıb vaqonlara
doluşdular.
Musiqi təranələri altında qatar stansiyadan yavaş-yavaş ayrıldı.
Pəncərələrdən yaylıqlar göyərçin qanadları təki yellənirdi. Göz yaşları ilə
əzizlərini yad diyarlara yola salanlar da əlləri ilə, yellədikləri yaylıqlarla vida
salamı göndərir, onlara uğurlu yol diləyirdilər.
Hərbi nazirin evinin girəcəyində bomba partlayışı. Don, Terek və
Kuban baş dairəsi nümayəndələri Mixail Zazuliya, Nikolay Baqiyev və Pyotr
Kovalyov Azərbaycan Cümhuriyyətinin hökumət başçıları ilə görüşmək üçün
Tiflisdən Bakıya gəlmişdilər.
Onlar Azərbaycanın hərbi naziri tam topçu generalı Səmədbəy
Mehmandarovu ziyarət məqsədilə Sahil (Neftçilər) küçəsində yaşadığı 51
nömrəli evə gəlirlər.
Bir saatlıq söhbətdən sonra binadan çıxıb, faytona əyləşəndə
gözlənilmədən faytonun arxasında çox güclü bomba partlayır. Zazuliya özünü
kənara birinci tullayır, onun dalınca Kovalyov düşəndə faytonun kənarına ilişib
yıxılır, Baqiyev sıçrayanda ikinci bomba eyni şiddətlə partlayır. Yan-yörəyə
219
səpələnən qəlpələrdən Kovalyovun sol əli, hərbi nazirin qapısı ağzında növbədə
olan Qulu Məmməd oğlunun üzü yaralanır. İkinci növbətçi Rəsul Mikayıl oğlu
bombanı atıb qaçan üç nəfər sui-qəsdçiyə tapançadan atəş açır, lakin güllələr
hədəfə dəymir.
Hərbi nazir Mehmandarov partlayış səsinə küçəyə, hadisə yerinə gəlir,
tələsdiyindən papağını da qoymağı unudur.
Tezliklə hər şey aydınlaşır.
İçərişəhərdə bir dükanda naməlum bir şəxs yaxalanır - qara paltoda,
başında kepka, cibindən çıxan iki pasportdan onun şəxsiyyəti müəyyənləşir:
Filipp Fenoqenoviç Novıkov. Onun üstündə 2 bomba, tapança, 9 dənə patron,
275 manat Azərbaycan pulu varmış.
Novikovu liman polis şöbəsinə gətirirlər. Daxili işlər naziri və onun
iki müavini, ədliyyə nazirinin müavini, general qubernator Tlexas, qalabəyi
Yusifov, şəhər komendantı general-mayor Firidunbəy Vəzirov, polismeyster
Mirzəyev və məhkəmə palatası prokuroru Nəzərov hadisə yerinə gəlirlər.
Polis şöbəsinə dəvət edilmiş nümayəndələri sorğu-sual etdikdə, yağış
olduğundan sui-qəsdçiləri görmədiklərini, tanıya bilmədiklərini söyləyirlər.
Hərbi nazirin mühafizəçiləri üç nəfər bomba atanın birisi Novikovun
olduğunu təsdiq edir. Təsadüfən, yoldan keçən 14 yaşlı gimnaziya şagirdi
Baraşvili də Novikovu geyimindən tanıyır və deyir ki, bomba atanlardandır.
Novikov sərxoş olduğundan əvvəl diş texniki olduğunu, Bakıda
işlədiyini, hadisə yerinə təsadüfən gəlib çıxdığını, bomba tullamadığını
söyləyir. Üstündə tapılan bombaları ona tanımadığı, naməlum gürcünün
verdiyini deyir.
Novikovu polismeyster Rüstəmbəy Mirzəyevin iştirakilə təkrar
dindirəndə deyir ki, Batumda «Amur» gəmisində ocaqçı işləyib, içki
məclisində gürcü yoldaşları onu şirnikdirib Bakıya gətiriblər, «Astrabad» hərb
gəmisinə işə düzəldəcəklər. Onun üçün təfavütü yoxdur, hara olursa-olsun, təki
araq, şərab olsun. Bu ilin (1920) fevral ayının 7-də Bakıya gəlib. Hər iki
pasportu da gürcülər ona verib, saxta pasportları da ona gürcülər düzəldib.
Novikov əvvəlcə Nobel qardaşlarının 172-ci mədənində işə düzəlir,
amma bir həftədən sonra oradan çıxır. Balaxanı küçəsində Yakov, ya da ki, Əli
adlı tatarın otağında yaşayıb. Bekar-bekar veyillənirmiş. Bakıda Qriqori adlı bir
gürcü ilə tanış olur. Axır günlərdə Parapetin yaxınlığında, zirzəmidəki
meyxanada gürcülərlə içib kef eləyirmiş. Martın 11-də səhər saat 8-dən 11-ə
qədər onu bərk içirdiblər; meyxana yiyəsi də onlarla içirmiş. Gürcülərdən biri
bomba doldurulmuş bir karzinka gətirir; ona iki dənə bomba, bir də
«Parabellyum» markalı tapança verirlər. Bulvara göndərirlər. Gürcülər özləri
isə, içərisində 12 bomba olan karzinka ilə «Metropol» mehmanxanasına
gedirlər; dediklərinə görə orda tanışları var imiş. Novikov bulvara gedəndə
yolüstü İçərişəhərdəki örtülü bazara girib, orada da onu tutublar.
220
Prokuror, polismeyster və digər vəzifə sahibləri Parapetin
yaxınlığındakı şərab anbarı və «Qruziya» meyxanası olan zirzəmiyə yollanırlar.
Axtarış zamanı heç nə tapa bilməyirlər. «Qruziya» meyxanasının sahibi Qriqori
Davidoviç Paridzeni çəkməçi dükanında tapırlar. Çəkməçi emalatxanasının
yiyəsi Lavrenti Stepanoviç Sikulyadır. Bunlar Novikovun dediyi gürcülər idi.
Onların yanındakı ucaboy, cüssəli naməlum gürcü Novikova iki bomba və bir
tapança verib. Gürcülər həbsə alınır, evləri axtarılır, heç nə tapılmır,
Təzədən istintaqa başlayanda Novikov deyir ki, 8-ci polis şöbəsinin
əməkdaşı Tatarenko da zirzəmidə idi. Yoxlayış nəticəsində məlum olmuşdur
ki, Tatarenko martın 12-də səhərdən polis şöbəsində növbətçi olub, heç yerə
getməyib, verilən telefonoqramları qeyd dəftərinə yazıb, 8-ci şöbənin pristavına
xidmət raportu verib.
Mixaylovsk xəstəxanasının aşpazı Ağa Hacı oğlunu gətirib sorğu-
suala başlayıblar. O, valideynləri getdiyinə görə elan yazıb pəncərəyə asıbmış
ki, tək, subay adama otaq kirayəyə verir. Novikov gəlib otağı kirayələyib,
dostunu da yanına gətirib. Sakit dolanırdılar, tez-tez harasa gedirdilər. Novikov
arabir içib sərxoş olurdu. Yanlarına şübhəli adamlar gəlmirdi.
20 gündən sonra kirayə pulunu vermədiyinə görə Ağa Hacı oğlu onları
qovur. Ondan sonra rastlaşmayıblar.
Hər ikisi ev dəftərinə qeyd edilib, sonra da pozulub.
Hərbi nazirin yaşadığı ikimərtəbəli mülkün üst mərtəbəsindəki
pəncərələrin şüşələri sınıb. Növbətçilərin hər iki budkası zədələnib, sağ
tərəfdəki isə yerindən tərpənib, taxtalar çatdayıb. Partlayış yerində girdə çuqun
və qurğuşun qəlpələr səpələnib, hər bombanın ağırlığı 5-6 girvənkəyə
bərabərdir. Bombalar əldə qayrılmadır. Forma və görkəmləri yarım silindrikdi.
İş hərbi səhra məhkəməsinə verilir. Mart ayının 19-da Novikov əlavə
məlumat verir: «28 yaşım var. Orlov quberniyasındanam. Baltik donanmasında
«Amur» kreyserində matros olmuşam. Axır vaxtlarda Tiflisdə və Bakıda
yaşayırdım.
Mən, İvan Levin və Razin tapşırığa görə Don, Terek və Kuban baş
dairələrinin nümayəndələrini öldürməli idik. Dallarınca Aleksandropol şəhərinə
getmişdik. Fikrimizdən daşınıb Tiflisə qayıtmalı olduq. Sonra həmin
nümayəndələrlə bir qatarda Bakıya gəldik. İstəyirdik stansiyada onlara bomba
ataq, adam çox idi. Günahsız adamların yersiz ölümünə səbəb olmaq istəmədik,
həm də polis məmurlarının orada hərlənməsi mane oldu.
Nümayəndələrin «Metropol»da yerləşdiklərini bizə bildirdilər.
Marşrutları öyrənib izləməyə başladıq. «Metropol»dan çıxanda istədik bomba
ataq, yenə qələbəlik mane oldu. Faytonda hərbi nazirin evi olan yerə gəldik.
Münasib yerdə dayanıb, nümayəndələrin çıxmağını gözləyirdik.
Şəxsən mən mühafizlərdən birinə (üzündən yaralanana) yaxınlaşıb, rus dilində
xəbərdar etdim ki, uzaqlaş, indi burada partlayış olacaq, buradan çıx get.
Dostları ilə paylaş: |