16
17
MADDƏ 22
Hakimlərin seçilməsi
Razılığa gələn hər bir Yüksək Tərəf üzrə hakim Razılığa gələn
Yüksək Tərəfin təqdim etdiyi üç namizəd siyahısından,
Parlament Assambleyasının səs çoxluğu ilə seçilir.
MADDƏ 23
Səlahiyyət müddəti və vəzifədən azad edilmə
1. Hakimlər 9 il müddətinə seçilirlər. Onlar yenidən seçilə
bilməzlər.
2. Hakimlərin səlahiyyət müddəti onlar 70 yaşına çatanda
bitir.
3. Hakimlər əvəz olunanadək vəzifələrini yerinə yetirirlər.
Bununla yanaşı, onlar daha öncə icraatlarında olan işlərə, əvəz
olunandan sonra da baxmaqda davam edirlər.
4. Digər hakimlərin üçdə iki səs çoxluğu ilə hər hansı hakimin
qoyulan tələblərə cavab vermədiyi haqqında qərarı olmadan
hakim öz vəzifəsindən azad edilə bilməz.
MADDƏ 24
Katiblik və məruzəçilər
1. Məhkəmənin, fəaliyyəti və təşkili Məhkəmə Reqlamentinə
əsasən müəyyənləşdirilən Katibliyi vardır.
2. İclas tək hakimdən ibarət tərkibdə olduqda Məhkəmə
sədrinin sərəncamında fəaliyyət göstərən məruzəçilər
Məhkəməyə kömək edirlər. Onlar Məhkəmə Katibliyinin
tərkib hissəsini təşkil edirlər.
MADDƏ 25
Məhkəmənin Plenumu
Məhkəmənin Plenumu:
(a) öz Sədrini və Sədrin bir, yaxud iki müavinini üç il
müddətinə seçir; onlar yenidən seçilə bilərlər;
(b) müəyyən müddət üçün nəzərdə tutulan Palatalar
yaradır;
(c) Məhkəmə Palatalarının Sədrlərini seçir; onlar yenidən
seçilə bilərlər;
(d) Məhkəmə Reqlamentini təsdiq edir;
(e) Katibi və onun bir, yaxud bir neçə müavinini seçir;
(f) 26-cı maddənin 2-ci bəndinə əsasən hər hansı sorğu
verir.
MADDƏ 26
Tək hakimli tərkib, komitələr, Palatalar və Böyük Palata
1. Məhkəmə ona təqdim edilmiş işlərə tək hakimli tərkibdə,
üç hakimdən ibarət komitələrdə, yeddi hakimdən ibarət
Palatalarda və on yeddi hakimdən ibarət Böyük Palatada
baxır. Məhkəmənin Palataları müəyyən edilmiş müddət üçün
nəzərdə tutulan komitələr yaradır.
2. Məhkəmənin Plenumunun sorğusu ilə Nazirlər Komitəsi
yekdil qərarla və müəyyən edilmiş müddət üçün Palatalardakı
hakimlərin sayını beş nəfərə endirə bilər.
3. Tək hakimli tərkibdə işlərə baxan hakim özünün seçildiyi
Razılığa gələn Yüksək Tərəfə qarşı olan heç bir ərizəyə
baxmamalıdır.
4. İşdə tərəf olan Razılığa gələn Yüksək Tərəfdən seçilmiş
hakim Palatanın və Böyük Palatanın ex officio üzvü olur. Əgər
belə bir hakim yoxdursa və ya həmin hakim iştirak edə bilmirsə,
18
19
onda həmin Tərəfin əvvəlcədən təqdim etdiyi siyahıdan
Məhkəmə Sədri tərəfindən seçilmiş şəxs hakim rolunda çıxış
edir.
5. Böyük Palatanın tərkibinə, həmçinin Məhkəmə
Sədri, Sədrin Müavinləri, Palata Sədrləri və Məhkəmənin
Reqlamentinə əsasən təyin olunmuş digər hakimlər də
daxildir. 43-cü maddənin müddəalarına müvafiq olaraq işin
Böyük Palataya verildiyi hallarda onun iclaslarında, həmin
Palatanın Sədri və işdə tərəf olan müvafiq Razılığa gələn Yüksək
Tərəf üzrə hakim istisna olmaqla, qərar çıxaran Palatanın
hakimlərindən heç biri iştirak etməməlidir.
MADDƏ 27
Tək hakimlərin səlahiyyəti
1. Tək hakim, bu cür qərarın ərizəyə əlavə baxış olmadan
qəbul edilə biləcəyi halda, 34-cü maddəyə əsasən verilmiş
fərdi şikayət ərizəsinin qəbuledilməz elan edilməsi və ya
icraatda olan işlərin siyahısından çıxarılması barədə qərar
qəbul edə bilər.
2. Bu qərar qətidir.
3. Əgər tək hakim ərizəni qəbuledilməz elan etmirsə və
ya siyahıdan çıxarmırsa, o zaman həmin hakim onu əlavə
məhkəmə baxışı üçün komitəyə və ya Palataya göndərir.
MADDƏ 28
Komitələrin səlahiyyəti
1. 34-cü maddəyə müvafiq olaraq təqdim olunan ərizəyə
münasibətdə, komitə yekdil səslə,
(a) bu cür qərarın ərizəyə əlavə baxış olmadan qəbul
edilə biləcəyi halda, onu qəbuledilməz elan edə və ya
məhkəmə işlərinin siyahısından çıxara bilər; və ya
(b) işin Konvensiyanın və ya ona dair Protokolların
təfsiri və ya tətbiqi ilə bağlı olan əsas məsələsi artıq
Məhkəmənin qəti müəyyən edilmiş presedent
hüququnun predmeti olduğu halda, onu qəbul edilən
elan edə bilər və eyni zamanda işin mahiyyəti üzrə
qərar çıxara bilər.
2. 1-ci bənddə qeyd olunan qərardadlar və qərarlar qətidir.
3. Əgər işə tərəf olan Razılığa gələn Yüksək Tərəf üzrə
seçilmiş hakim komitənin üzvü deyilsə, o zaman komitə bütün
müvafiq amilləri, o cümlədən həmin Tərəfin 1-ci bəndin
“b” yarımbəndində nəzərdə tutulmuş prosedurun tətbiq
olunmasına etiraz edib etməməsini nəzərə alaraq, iş üzrə
məhkəmə icraatının istənilən mərhələsində həmin hakimi
komitə üzvlərinin hər hansı birini əvəz etməyə dəvət edə bilər.
MADDƏ 29
Şikayətin qəbul edilənliyi və mahiyyəti üzrə Palataların
qərarları
1. Əgər 27-ci və 28-ci maddəyə əsasən hər hansı bir qərardad
qəbul olunmayıbsa və ya 28-ci maddəyə əsasən heç bir qərar
çıxarılmayıbsa, o zaman Palata 34-cü maddəyə uyğun olaraq
təqdim edilmiş fərdi şikayətlərin qəbul edilənliyi və mahiyyəti
üzrə qərar çıxarır. Qəbul edilənlik üzrə qərardad ayrıca çıxarıla
bilər.
2. 33-cü maddənin müddəalarına müvafiq olaraq
dövlətlərarası işlərin qəbuledilənliyi və mahiyyəti üzrə baxışı
Palata keçirir. Qəbul edilənliyə dair qərardad, əgər müstəsna
hallarda Məhkəmə başqa cür qərar verməyibsə, ayrıca çıxarılır.
MADDƏ 30
Böyük Palatanın xeyrinə yurisdiksiyadan imtina
Əgər Palatanın icraatında olan iş Konvensiyanın və ya ona dair
Protokolların şərhi barədə ciddi məsələyə toxunursa yaxud