25
sarayına yol tapa bilmişdilər. Təhmasibin səltənətinin sonlarına doğru Xosrov Qəzvini adın da bir
dərviş Qəzvin nöqtəvilərinin rəhbəri idi. Dərviş Xosrov II İsmayıl və Sultan Məhəmməd
Xudabəndə zamanında da fəaliyyətini sürdürdü. Rəsmi dövlət xidmətində olan və nöqtəvilərə heç
də yaxşı münasibət bəsləməyən İskəndər bəy Münşi yazırdı: «Dərviş Xosrov atalarının sənətini tərk
edərək qələndərlik və dərvişlik libası geyindi. Uzunmüddət səyahətlərdə oldu, nöqtəvilərlə
qaynayıb-qarışdı. Öz yoluna can-başla davam etdi və içkiyə aludə oldu. Qəzvinə dönüb bir
məscidin kənarında özünə yer tutdu. Yanına bir dəstə dərviş gəlib-gedirdi. Dərviş Xosrov mərifəf
dükanı açaraq, orada qızğın «alver» etməyə başladı. Üləma və möhtəsiblər onun
hərəkətlərini inkara
başlayıb, məscidə girməsini qadağan etdilər»(8, s .801)
Şiəlik ehkamlarının bütün sahələrdə ardıcıl müdafiəçisi olan, öz hakimiyyəti üçün təhlükə
törədən müxalif qüvvələri, əks düşüncəyə malik hərəkat nümayəndələrini də din düşməni damğası
ilə təqib etdirib amansız tərzdə cəzalandıran I Şah Abbasın dövründə (1587-1629-cu illər) vəziyyət
kəskinləşdi, nöqtəvilik dini və hüquqi cəhətdən zərərli təlim və hərəkat sayılaraq, amansız təqiblərə
məruz qaldı. Dini-siyasi çağırışı çox vaxt üstüörtülü, simvolik vasitələrlə nəzərə çatdıran, bu yolla
həm «öz təlimlərinə daha sirli, anlaşılmaz bir don geyindirən» (7, s.98), həm də rəsmi və dini
dairələrin təqiblərindən qorunmağa çalışan nöqtəviləri hakimiyyət özünə təhlükə sayırdı.
Nöqtəvilər hesab edirdilər ki, dünyada hər şey daimidir. Əgər bir şey məhv olursa, o, başqa
şəkildə yenidən meydana çıxır. Buna görə də onlar nə Səfəvi hakimlərinin cəza tədbirlərindən, nə
də ölümdən qorxmurdular və belə düşünürdülər ki, öldükdən sonra yenə diriləcəklər. Yusif
Tərkeşduzun edamından sonra Dərviş Kiçik Qələndərin dediyi bu sözlər isə məhz həmin inamın və
nöqtəviliyin mübarizə yolunun davam edəcəyi fikrinin ifadəsi idi: «Getdik ki, başqa bir vaxt gələk»
(8, s.805). Bu isə nöqtəvilərdə mənəvi hökmranlıqdan real hökmranlığa çatmaq arzusunu
qüvvətləndirdiyindən, onlar hökumət əleyhinə qiyam edirdilər.
Şah Abbas hakimiyyətinin yeddinci ilində baş verən hadisələrdən bəhs edən İ. Münşi əvvəlcə
nöqtə vilik təliminin ən məşhur rəhbərlərindən olan Dərviş Xosrov Qəzvininin və onun bir sıra əsas
müridlərinin hakim dairələr tərəfindən öldürülməsini diqqət mərkəzinə çəkmişdir. Qeyd olunurdu
ki, güclənən təhlükələri hiss edən Dərviş Xosrov özünün nöqtəvi əqidəsini büruzə verməyib
qorunmaq üçün üləmalarla əlaqə qurmuş, zahirdə fiqhi, yəni dini hüquq elmini öyrənməyə
başlamışdır. Şah Abbas onunla görüşüb əqidəsini yerli-yataqlı
öyrənmək istəsə də, Dərviş
məharətlə
öz düşüncələrini gizlədə bilmiş, lakin şagirdləri Ustad Yusifi Tərkeşduz və Dərviş Kiçik Qələndər
siyasi-ideoloji iddialarını, insanların mənəvi azadlıqları barədəki təlimlərini açıq ortaya
qoymuşdular. Az sonra Şah Abbas Dərviş Xosrovun həbsinə fərman vermişdi. İ.Münşi bu barədə
yazırdı: «Vaxtının çoxunu küçə və məhəllələri seyr edib müxtəlif təbəqələrdən olan əhali ilə tanışlıq
edən əlahəzrət hərdən bir dərvişin də yanına gedib onunla söhbət edirdi. O bəzən dərvişin əqidəsini
öyrənmək üçün onunla bir söz sahibi kimi məntiqi danışıqlar edir, dərvişanə tərzdə allahşünaslığı
onun nəzərində cilvələndirməyə çalışırdı. Dərviş isə şah ilə olduqca ehtiyatla davranır, şəriətin
xilafına danışmırdı. Amma, onun təkyəsində bir dəstə dərviş, xüsusiylə Ustad Yusifi Tərkeşdüz və
Dərviş Kiçik Qələndər böyük iddia və yüksək çıxışla Dərviş Xosrovun boş əqidəsini çəkinmədən o
həzrətə söyləyirdilər. Onların dinsiz olmaları ali məqamlı şahın xoşuna gəlmirdi. Buna görə də,
həmin adamların dəf olmaları və parlaq şəriət rəsmlərinin icrası şəriətpərvər
padşah tərəfindən vacib
bilindi. Şah Luristan səfərində olan vaxt Xosrov Dərvişin və yoldaşlarının tutulmaları haqda əmr
etdi. (8, s.803)
Nöqtəviləri ciddi siyasi qüvvə sayan Şah Abbas mübarizəni axıradək davam etdirir və son
nəticədə onları tam zərərsizləşdirir. Dərviş Xosrovun nöqtəvi olması Şah Abbas tərəfindən sübuta
yetirilir və o da Qəzvində edam olunur.
İ.Münşi hadisəni belə təsvir etmişdir:«Dərviş Xosrovu hüzuruna çağırdı, üləmaları topladı,
onun haqqında məlumat toplamağa başladılar. Dərvişin təkyəsində şərab küpləri tapıldı. Məlum
oldu ki, o, çox şərab içdiyi üçün şəriət qaydalarına etiqad etmir. Onun nöqtəvi olması şahın mübarək
batini məhkəməsində sübuta yetdi, o, işıqlı şəriətin rəvacı üçün dərvişin qətl olunması üçün hökm
verdi: Onu dəvənin boynundan asıb Qəzvin şəhərinin bütün yerlərində dolandırdılar» (8, s.805).
İ.Münşi Yusifi Tərkeşduzun da aqibətini qələmə almışdır. Münəccimlərin göydə ulduzların
toqquşması nəticəsində Şahı gözləyən təhlükədən xəbər verməsi və bunun qarşısını almaq üçün bir
26
ziyanlı adamı müvəqqəti taxta çıxarmağın vacibliyi barədəki təklifləri öz təsirini göstərir. Yusifi
taxta çıxarırlar, üç gün sonra isə bir bəhanə ilə edam edirlər. Beləcə, hakimiyyət üçün təhlükə
törədən nöqtəvilik təliminin əsas simalarından biri aradan götürülür. İ.Münşinin bir qeydi göstərir
ki, əslində Yusifi Tərkeşduz bütün bunların hakim dairələr tərəfindən qurulmuş oyun olduğunu,
nöqtəvilərin aradan götürülməsinə yönəldiyini anlamışdır. Əsərdə oxuyuruq: «Mövlana Yusif at
sürərkən Mövlana Cəlaləddin münəccimi görüb demişdi: «Ey həzrət molla, nə üçün mənim qanımın
tökülməsini istəyirsən?» (8, s.803).
O da maraq doğurur ki, İ. Münşi bir təlim və hərəkat səviyyəsində nöqtəviliyin güclü bir
qüvvə olması, Yusifin edamı ilə sarsılmaması, əksinə, insanların kamilləşməsi, xoşbəxt bir
cəmiyyətdə yaşamalarını arzulayan nöqtəvilərin siyasi-hüquqi mübarizə əzminin daha da
qüvvətlənməsi barədə də qısa işarələr vermişdir: Məna aləminin tərki-dünya adamlarının və batini
aləmlərdən xəbərdar olanların nəzərində elə bir parıltı göründü ki, belə bəlanın aradan götürülməsi
şəhriyarın iqbal köməyi olmadan mümkün ola bilməzdi» (8, s.804).
İ.Münşinin əsərindən məlum olur ki, tanınmış nöqtəvi dərvişləri xalq içərisində o qədər
nüfuza malik ililər ki, hakim dairələr onları birbaşa edam etməkdən çəkinirdilər. Məsələn, tanınmış
nöqtəvi alimi Mövlana Süleyman Təbib Savecinin qətlinə birbaşa fərman verməkdən ehtiyat edən
hakimiyyət əvvəlcə onu həbs etmiş, ara sakitləşdikdən sonra öldürmüşdülər. İ.Münşi bu barədə
yazırdı: «Onlardan biri də o təbəqənin alimlərdən olan Mövlana Süleyman Təbib Savəcidir ki,
məşhur adam idi. Onu da tutub gətirdilər. Nəvvab şah onun işinə baxılmasını üləmalara tapşırdı.
Üləmalar şəriətə əməl edərək məhəllədəki cahil adamları həyacanlandırmamaqdan ötrü həbs qərarı
çıxardılar. Bir neçə gün həbsdə qaldı. Əlahəzrət etiqadı və şəriətpərvərliyi möhkəmləndirməkdən
ötrü onun qətlini məsləhət bildi və oda gedərək öz yar-yoldaşına qoşuldu»(8, s.805). Münşi habelə
Seyid Əhməd Kaşi, Dərviş Kamal Əqlidi, Dərviş Bünyani, Budaq bəy Ustaclı və başqa məşhur
nöqtəvilərin də edam olunduğunu təsvir etmişdir.
Özünün məğlubiyyətinə və bir sıra görkəmli xadimlərinin məhv edilməsinə baxmayaraq
nöqtəvilərin «despotik hakimiyyətə qarşı mübarizə aparmalam mərdlik və qəhrəmanlıq nümunəsi
idi. Göründüyü kimi nöqtəvilik sırf nəzəri cərəyan deyildi. Şəhər və kəndin yoxsul təbəqələrini,
habelə dövün tanınmış ziyalılarını ətrafına toplayan nöqtəvi liderləri feodal zülmünə və hakim
qızılbaş təriqətinə qarşı kütlələrin mübarizəsinə başçılıq edirdilər. Nöqtəvilərin siyasi-hüquqi
baxışları sonrakı zamanlarda bir çox azadlıq hərəkatlarına, o cümlədən XIX əsrdə məşhur «Babilər»
hərəkatına təsir göstərmişdi. Görkəmli Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundzadə İ.Münşinin
əsərində nöqtəviliyin tanınmış simalarından biri olan Yusif Tərkeşduz barədəki yazılanları əsas
götürərək 1857-ci ildə məşhur «Aldanmış kəvakib povestini yazmışdır.
ƏDƏBİYYAT
1. Azərbaycan tarixi. 7 cilddə. III cild. Bakı. Elm, 2007, 592 s.
2. Z. Bünyadov. Dinlər, Təriqətlər, Məzhəblər. Bakı, 1997
3. Əfəndiyev M. Siyasi və hüquqi təlimlər tarixi. Bakı, 2002.
4. Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. Bakı, 1993.
5. Fəlsəfə.
Ensiklopedik lüğət, Bakı, 1997
6. Məlikova M., Bayramov E. Azərbaycanın siyasi-hüquqi nəzəriyyələr tarixi. Bakı.1984.
7. Tağıyev Ə., İsayev N., Nuriyev S., Cəfərov A. C. Orta əsrlərin fəlsəfi və sosial-siyasi fikri.
Bakı, Çaşıoğlu, 1999, 288 s.
8. Türkman İ. M.. Dünyanı bəzəyən Abbasın tarixi. Bakı,
Şərq-Qərb, 2011, 1144 s.
9. https://az.wikipedia.org/wiki/Nöqtəvilik
10.
http://ebooks.azlibnet.az/book/DQGpUifo.pdf.